Məhkəmə qərarları › İş №2-1(103)-2648/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2648/2022

30.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2648/2022 30.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüququna dair arayışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X18 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı və onun vəkili İddiaçı, Cavabdehin nümayəndələri X7 və X8 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsi üzərində mülkiyyət hüququna dair arayışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7227/2022 saylı 28 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 30 noyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli, 1425 saylı sərəmcamından çıxarışdan görünür ki, Goradildəki 1802 nömrəli bağ 58 nömrəli BTK tərkibində F.M.Əliyevin adına keçirilmişdir. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin Goradil bağlar sahəsindəki 58 nömrəli kooperativinin 27 saylı orderə əsasən Bakı İcra Hakimiyyətinin 6 noyabr 1996-cı il tarixli 1425 nömrəli qərarı ilə X14 Goradil bağlar sahəsində 58 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi ayrılmışdır. 13 may 2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçı 05 noyabr 2013-cü ildə vəfat etmiş X10 vərəsəsi hesab edilmişdir. İddiaçı sözügedən bağ sahəsinin atasının mülkiyyətində olmasına dair arayışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********30 saylı xx.xx.2018-ci il tarixli Daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə Bildirişdə göstərilmişdir ki, idarənin arxiv əsaslarında bağ sahəsinə dair orderin arxiv nüsxəsi aşkar olunmadı. Bundan başqa idarənin arxiv məlumatlarına əsasən eyni BTK nəzdində, sözügedən bağ sahəsi order ilə digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunan nöqsanlara görə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15ci maddəsinə əsasən hüquqların qeydiyyatında imtina edilmişdir. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “onun mərhum atası X10 Bakı şəhər İcra Hakimiyyəti Başçısının 06 noyabr 1996-cı il tarixli, 1425 saylı sərəncamı ilə Goradil ərazisində yerləşən 58 saylı BTK-nın nəzdində ayrılmış 27 saylı orderlə istifadəsinə verilmiş 1802 saylı bağ sahəsi üzərində mülkiyyət hüququna dair arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 1425 saylı 06 noyabr 1996-cı il tarixli sərəncamı ilə Goradildəki 1802 saylı bağ 58 saylı BTK tərkibində həmin vaxt Azərbaycan Respublikası Nazirlər Kabinetində çalışan onun atası X13 adına keçirilmişdir. Bu sərəncama əsasən atası F.Əliyevə həmin bağ sahəsinə dair 27 saylı order verilmiş, 26 noyabr 2013-cü ildə atası vəfat etmişdir. O, bağ sahəsinə getdikdə müəyyən etmişdir ki, mərhum atasının tikdirdiyi daş hasar durur, lakin darvazanın qıfılı dəyişdirilmişdir. O, Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmiş, sonuncunun 12 mart 2018-ci il tarixli, Ə-136-112 saylı məktubu ilə təsdiq olunmuşdur ki, Goradildəki 1802 saylı bağ sahəsi mərhum atasının adınadır. Bundan sonra o, hazırki tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu təəfindən onun tələbinin təmin edilməsindən imtina olunmuşdur. Digər tərəfdən, atasının adına olan order qüvvədə olduğu halda bu bağ sahəsinin hansı qaydada digər fiziki şəxsə verilməsi məlum deyil. O, cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma zamanı müəyyən olmuşdur ki, idarənin arxiv əsaslarında bağ sahəsinə dair orderin arxiv nüsxəsi aşkar olunmadı. Bundan başqa idarənin arxiv məlumatlarına əsasən eyni BTK nəzdində, sözügedən bağ sahəsi order ilə digər fiziki şəxsin (X11) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Bu səbəblərdən tərəflərindən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2018-cu il tarixli, **********30 saylı cavab məktubu unvanlanmışdır. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7227/2022 saylı 28 aprel 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı mərhum atası X10 Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 06 noyabr 1996-cı il tarixli, 1425 saylı sərəncamı ilə Goradil ərazisində yerləşən 58 saylı BTK-nın nəzdində ayrılmış 27 saylı orderlə istifadəsinə verilmiş 1802 saylı bağ sahəsi üzərində mülkiyyət hüququna dair arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubu və iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmış əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış və nəticədə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Apellyasiya şikayətinə yazılı etirazın dəlilləri: Apellyasiya şikayətinə yazılı etiraz onunla əsaslandırılmışdır ki, şikayətdə cavabdeh son 3,5 ildə ilk dəfə olaraq real sənəd, ortofoto, orada 1794-cü sahə, 1793-cü sahə, mütəxəssis ekspert rəyinə əsasən 1802-ci kimi müəyyən etdiyi sahə və 1494-cü torpaq sahəsi göstərilmişdir. Bütün qeyd olunan torpaq sahələri məhkəmə prosesində 3-cü şəxs qismində iştirak edən X9 mülkiyyəti kimi qeyd olunub. 30 iyun 1992-ci ildə təsdiq olunan Goradil bağlar sahələrin sxemində yuxarıdan aşağı, aşağıdan yuxarı və soldan sağa istiqamət üzrə torpaq sahələrin ardıcıl nömrələnməsi aydın şəkildə göstərilir. Amma realda fərqli mənzərə görünür. 1793-cü və 1794-cü torpaq sahələri sxemdə göstərilən yerə uyğun gəlmir və ümumiyyətlə bu massivdən 1 km cənubda yerləşməli olan 1494-cü sahə qəribə şəkildə bu ərazidə qeydə alınıb. DƏDRX tərəfindən təqdim olunan apellyasiya şikayətində ortofoto sözügedən torpaq massivində real vəziyyəti əks etdirmir. Bu massivdə təxminən 1,5 ilə yaxın tikinti işləri aparılır. Odur ki, Bakı İnzibati Məhkəməsinin qərarı kifayət qədər əsaslı və düzgündür. Tərəflərin izahatları: Cavabdehin nümayəndələri X19 və X20 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişlər. İddiaçı, onun vəkili İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında 3-cü şəxslər nümayəndələrinin iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə 3-cü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə 3-cü şəxslər Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsinin, X28 oölunun və X4 iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi xx.xx.2018-ci il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən alınması iş materialları ilə müəyyən olunmur. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2019-cu-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “onun mərhum atası X10 Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 06 noyabr 1996-cı il tarixli 1425 saylı sərəncamı ilə Goradil ərazisində yerləşən 58 saylı BTKnın nəzdində ayrılmış 27 saylı orderlə istifadəsinə verilmiş 1802 saylı bağ sahəsi üzərində mülkiyyət hüququna dair arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən “idarənin arxiv əsaslarında bağ sahəsinə dair orderin arxiv nüsxəsinin aşkar olunmaması, eyni BTK nəzdində, sözügedən bağ sahəsinin order ilə digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi” əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə cavabdeh inzibati orqan tərəfindən etirazın dəlili olaraq məhkəməyə hər hansı mötəbər sübutun təqdim edilməməsinə, iddiaçının təqdim etdiyi sənədlərin sübut kimi mötəbər qiymətləndirilməsinə və iddiaçının həmin torpaq sahəsinin qanuni istifadəçisi olmasının təsdiq edilməsinə istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən bu Qanunun 5.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrindən arayışı əldə etmək üçün qeydiyyat orqanına ərizə ilə müraciət etmiş fiziki şəxs şəxsiyyətini təsdiq edən sənədi, hüquqi şəxs isə onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surətini və nümayəndəsinin səlahiyyətini təsdiq edən etibarnaməni təqdim etməlidir. Dövlət reyestrindən arayış əldə etmək məqsədi ilə elektron müraciətlər dövlət orqanları tərəfindən elektron xidmətlər göstərilməsini tənzimləyən normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla həyata keçirilir. İş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən mərhum atasına məxsus olduğunu iddia etdiyi bağ sahəsi ilə bağlı reyestrdən arayışın verilməsi üçün tələb olunan bütün sənədlər təqdim olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********32 nömrəli xx.xx.2019-cu il tarixli məktubla bildirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ sahəsi ünvanında yerləşən 1802 saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsinə dair məlumat aşkar edilməmişdir. Həmçinin Binəqədi rayonu, Goradil bağ sahəsi ünvanında yerləşən 1802 saylı bağ sahəsinə dair order İdarənin arxivində aşkar edilməmişdir. Vətəndaş tərəfindən göstərilən sahə **********54 reyestr nömrəsi ilə Göradil bağlar sahəsi ünvanında yerləşən 1794 saylı bağ sahəsi kimi xx.xx.2015-ci il tarixdə X9 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Həmin məktuba qoşma olaraq əlavə edilmiş X9 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas olmuş sənədlərindən görünür ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti X3 İnkişafı və X16 bağlar sahəsindəki 58 nömrəli kooperativinin 85 nömrəli orderi ilə Bakı İcra Hakimiyyətinin 25 dekabr 1992-ci il tarixli 2217 nömrəli qərarına əsasən X6 Goradil bağlar sahəsində 58 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 1794 saylı bağ ayrılmışdır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2007-ci il qeydiyyat tarixli çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 1794 saylı 0,12 ha olan bağ sahəsi X5 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Torpaq sahəsinin planı və ölçüsünə əsasən X6 Bakı İcra Hakimiyyətinin 25 dekabr 1992-ci il tarixli, 2217 nömrəli qərarla BTİ və İB-nin 85 saylı orderi ilə ayrılmış Goradildəki 1794 saylı 1200 kv.m. bağ sahəsinin planı və ölçüsü X24 kitabında xx.xx.2007-ci il tarixdə 3579 nömrə ilə uçota alınmışdır. AN-İ seriyalı ******* saylı 14 mart 2018-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən X11 Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 1794 saylı bağ sahəsi ünvanında yerləşən 1200 kv.m. olan torpaq sahəsini X2. 23 avqust 2015-ci il tarixli AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən X21 Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 1794 saylı bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsini X1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 1794 saylı 0,12 ha olan bağ sahəsi X9 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən X9 xüsusi mülkiyyətinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 1794 saylı 0,12 ha olan bağ sahəsinin plan və ölçüsü xx.xx.2015-ci il tarixdə tərtib edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Göradil baglar massivinin 58 nömrəli bagçılıq kooperativinin sxematik xəritəsi təqdim edilmişdir. Bakı şəhəri 34 saylı Xüsusi Notariat Ofisi tərəfindən 06 may 2019-cu il tarixli 05 nömrəli məktubu ilə 14 mart 2018-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsinin surəti təqdim edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********767 nömrəli, xx.xx.2019-cu il tarixli məktubunda bildirilmişdir ki, tədqiqat obyektinə texniki baxış keçirilmişdir. Vətəndaş tərəfindən 1802 saylı bağ sahəsi kimi iddia olunan sahə hasar daxilindəki 1430,0 kv.m. olan ərazidə yerləşir. Elektron baza məlumatlarına əsasən həmin ərazinin 1200,0 kv.m. hissəsi 1794 saylı bağ kimi qeydiyyatdan keçmişdir. Qalan sahə isə həmin sahəyə bitişik qeydiyyatdan keçmişdir. Qalan sahə isə həmin sahəyə bitişik qeydiyyatdan keçmiş qonşu bağ sahəsinin bir hissəsidir. 1802 saylı bağ sahəsinə dair arxiv cizgisi olmadığından və bağ sahələrinin naturada hasarlama işləri plan üzrə (bağların bölgü sxeminə uyğun olaraq) aparılmadığından vətəndaşın faktiki iddia etdiyi sahənin 1802 saylı bağ sahəsinə aid olub-olmadığını aydınlaşdırmaq mümkün olmamışdır. Bakı Şəhər İcra Hakimiyyətinin 7-154/17 saylı xx.xx.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 1425 saylı sərəncamı ilə Göradildəki 58 nömrəli, BTK tərkibində 1802 saylı bağ sahəsi vətəndaş F.M. Əliyevin adına keçirilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 1425 saylı sərəncamına əsas olmuş sənədlər əlavə edilməmişdir. Hazırki işdən müəyyən olunur ki, cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin olunmasından imtinası “idarənin arxiv əsaslarında bağ sahəsinə dair orderin arxiv nüsxəsinin aşkar olunmaması, eyni BTK nəzdində, sözügedən bağ sahəsinin order ilə digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı olmuşdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən 26 saylı 29 mart 2021-ci il tarixli məktubu ilə verilmiş mütəxəssis rəyinə əsasən Bakı şəhəri Goradil bağ massivində yerləşən 1802 nömrəli bağ sahəsi iş materiallarında olan sxematik xəritə ilə üst-üstə düşür, həmin torpaq sahəsi iş üzrə mübahisələdirilən, üçüncü şəxs İlham Babayevin adına qeydiyyata alınmış 0,12 ha torpaq sahəsi ilə üst-üstə düşmür, bitişik olmaqla həmsərhəddir. Bakı şəhəri Goradil massivində yerləşən 1802 və 1794 nömrəli bağ sahələri eyni massivdə yerləşir. 1794 saylı bağ sahəsinin koordinatları İlham Babayevə aid DƏDRX tərəfindən tərtib edilmiş plan-ölçü sənədində qeyd edildiyi kimidir. Bakı şəhəri Goradil bağ massivində yerləşən 1802 və 1794 nömrəli bağ sahələri sxematik xəritəyə əsasən naturada (faktiki) eyni massivdə yerləşir, bitişik olmaqla həmsərhəddir. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1842 saylı 27 may 2021-ci il tarixli ekspert rəyindən görünür ki, "xxxx" MMC-nin 29 mart 2021-ci il tarixli, 26 nömrəli mütəxəssis rəyinə, Bakı şəhəri Goradil bağ massivində yerləşən 1802 nömrəli bağ sahəsi iş materiallarında olan sxematik xəritə ilə üst-üstə düşür, həmin torpaq sahəsi iş üzrə mübahisələndirilən, üçüncü şəxs İlham Babayevin adına qeydiyyata alınmış 0,12 ha torpaq sahəsi ilə üst-üstə düşmür, bitişik olmaqla həmsərhəddir. Bakı şəhəri Goradil bağ massivində yerləşən 1802 və 1794 nömrəli bağ sahələri sxematik xəritəyə əsasən naturada (faktiki) eyni massivdə yerləşir, bitişik olmaqla həmsərhəddir. Həmçinin hazırki işə apellyasiya qaydasında tam və hərtərəfli baxılması üçün İddiaçı mərhum atası X10 Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 06 noyabr 1996-cı il tarixli, 1425 saylı sərəncamı ilə Goradil ərazisində yerləşən 58 saylı BTK-nın nəzdində ayrılmış 27 saylı orderlə istifadəsinə verilmiş 1802 saylı bağ sahəsinə aid sənədlər toplusunun (qovluğu) məhkəməyə təqdim edilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə sorğusu göndərilmişdir. Həmin sorğuya cavab olaraq apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X20 tərəfindən 58 saylı BTK-nın nəzdində ayrılmış 27 saylı orderlə istifadəsinə verilmiş 1802 saylı bağ sahəsinə aid sənədlər toplusu (qovluğu) məhkəməyə təqdim edilmişdir. Kollegiya tərəfindən qovluğa baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin sənədlər tarix etibarilə 1989-cu ilə aiddir və qovluqda iddiaçının mərhum atası Famil Əliyevə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 1425 saylı xx.xx.1996-cı il tarixli sərəmcamı ilə verilmiş bağ torpaq sahəsi ilə bağlı hər hansı sənəd mövcud deyildir. İddiaçının tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqan “idarənin arxiv əsaslarında bağ sahəsinə dair orderin arxiv nüsxəsinin aşkar olunmaması, eyni BTK nəzdində, sözügedən bağ sahəsinin order ilə digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi”nə istinad etmişdi ki, bu barədə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mərhum atasının adına mövcud torpaq sahəsinin ona məxsusluğuna dair arayış verilməsini tələb etdiyi torpaq sahəsinin başqasının mülkiyyətində olması faktı məhkəmə araşdırmaları zamanı ekspert rəyi ilə də təkzib olundu. Digər tərəfdən idarənin arxiv sənədlərində sözügedən bağ sahəsinə dair orderin arxiv nüsxəsinin aşkar olunmaması vaxtilə fəaliyyət göstərən qurumun kərgüzarlıq qaydalarını düzgün aparmamasının və nəticədə sənədləri, o cümlədən bağ sahəsi verilən şəxslərin torpaq ayırma barədə olan orderlərinin arxivə təhvil verilməməsinin nəticəsidir ki, buna görə də məsuliyət iddiaçının və yaxud da onun mərhum atasının üzərinə düşmür, bu barədə təqsirlilik hazırda iddiaçının üzərinə qoyula bilməz. Nəzərə alınmalıdır ki, iddiaçının hazırki iddia tələbinin əsası kimi çıxış edən atası mərhum X17 1802 nömrəli bağın 58 nömrəli BTK tərkibində ona verilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli 1425 saylı sərəmcamı arxivdə mövcuddur və iş materiallarında həmin sərəncamdan çıxarış da vardır. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin Goradil bağlar sahəsindəki 58 nömrəli kooperativinin 27 saylı orderi də məhz adı çəkilən sənəd, yəni Bakı İcra Hakimiyyətinin 6 noyabr 1996-cı il tarixli 1425 nömrəli sərəncamı əsasında verilmişdir. Qeyd olunmalıdır ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 534 saylı 10 yanvar 1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Topaq Məcəlləsinin 46.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilik hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Əksinə, iddiaçının atası Famil Əliyevə məxsus olduğunu iddia etdiyi 0,12 ha bağ torpaq sahəsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli 1425 saylı sərəmcamı və onun əsasında verilmiş 27 saylı order yuxarıda adı çəkilən Qanunun 8.0.7-ci maddəsinin tələbləri baxımından həmin bağ sahəsinin iddiaçının mərhum atasına məxsus olmasına dair daşınmaz əmlakın dövlət reyestrindən müvafiq arayışın verilməsi üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında» Təlimatın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. Həmin Təlimatın 7.2-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Məhkəmə kollegiyası bildirir ki, cavabdehin qeyd olunan bağ sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olması barədə onun vərəsəsi iddiaçıya arayış verməkdən imtina etməsi ilə iddiaçının Azərbaycan Respublikası Konstitusiyanın 13 və 29-cu maddələrində, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuş mülkiyyət hüququ (gözlənilən) pozulmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini və ondan səmərəli istifadə edilməsinin vacibliyini nəzərə alaraq Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olubolmamasının yoxlanılmasına xüsusi diqqət yetirməlidir. İşin hallarından görünür ki, cavabdeh inzibati aktın qəbulunu istisna edən halların mövcudluğunu sübut edə bilməmiş, formal mülahizələrə əsasən iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 17.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 15.1-ci və 15.2-ci maddələrinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci və 19.2-ci maddələrinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən tədim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və (ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Nəzərə almaq lazımdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları qanunvericilikdə dəqiq təsbit edilmişdir və inzibati orqanlar yalnız həmin əsaslardan hər hansı birinin mövcud olduğu halda hüquqların dövlət qeydiyyatına alınmasından imtina etməkdə haqlı sayıla bilərlər. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir. Qeyd olunmalıdır ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarlarında hüquqi mövqeyi də belə əsaslandırılmışdır (2-1(102)- 2113/2021 saylı, 2-1(102)-207/2022 saylı və 2-1(102)-2357/2019 saylı inzibati məhkəmə işləri). Nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Bu baxımdan bağ sahəsinin iddiaçının mərhum atasına məxsus olması barədə arayışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillərə gəldikdə isə məhkəmə kollegiyası bu barədə bildirir ki, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubu və iddiaya dair yazılı etirazla eyni məzmunlu olub, bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7227/2022 saylı 28 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalı, cavabdeh inzibati orqan tərəfindən verilmiş apelyasiya şikayəti isə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7227/2022 saylı 28 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar