Məhkəmə qərarları › İş №2-1(103)-2648/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2648/2023

20.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2648/2023 20.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2816/2023 nömrəli 15 mart 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1988-ci il tarixindən bu günə qədər işlədiyi müddəti ümumi iş stajına daxil etməklə ona yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 57 yaşından, yəni xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddianın dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2816/2023 nömrəli 15 mart 2023-cü il tarixli qərarı ilə (hakim Aygün Əhədova) iddia təmin edilmiş, İddiaçı 57 yaşdan, yəni xx.xx.2022ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2816/2023 nömrəli 15 mart 2023-cü il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış işilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. "Vətəndaşların pensiya təminatı haqqında” Qanunun normalarının tətbiqi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruri hesab olunur: Əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilərin xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 il olmalı; Bu müddətin azı 12 il 06 ayını əmək şəraiti zərərli və ağır olan işlərdə çalışmalıdırlar. Qanunla tələb olunan "ümumi stajın 12 il 06 ayını əmək şəraiti zərərli və ağır işlərdə işləməli" tələbinə münasibətdə qeyd edilməlidir ki, mübahisələndirilən dövrlər iddiaçının sosial sığorta stajına daxil edilsə belə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiqlənmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına 2 nömrəli Əlavənin (Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı) tələblərinə uyğun olaraq “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının tərəfindən pensiya mübahisələrinə dair bəzi işlər təhlil edilərək inzibati məhkəmələrə ünvanlanmış 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməndir. Eləcə də həmin icmal məktubda qeyd olunur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının Nəqliyyat bölməsinin (21) Metropolitenlər bəndində (21.5) bütün adlarda ustalar (böyük ustalar, ustaların köməkçiləri) vəzifələri nəzərdə tutulmuşdur. Məhkəmənin sorğusu əsasında iş materiallarına əlavə ediimiş "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli 40N-10/3-1265 nömrəli arayışına əsasən, İddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.2009-cu ii tarixədək yol ustası vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi İddiaçı işlədiyi yol ustası vəzifəsi ilə sözügedən Siyahının istinad olunan bəndində (21.5) nəzərdə tutulmuş bütün adlarda ustalar (böyük ustalar, ustaların köməkçiləri) vəzifəsi uyğunluq təşkil etmir. Bu halda İddiaçı qanunvericiliklə tələb olunan “ümumi stajın 12 il 06 ayını əmək şəraiti zərərli və ağır işlərdə işləməli” tələbi ödənilmir. Göründüyü kimi, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusuna, işdəki sübutların isə qiymətləndirilməsində səhvə yol vermişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan NZ seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1984-cü ildən xx.xx.1987-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan JT № 014980 nömrəli diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1980-ci ildən xx.xx.1984-cü ilədək Bakı Dəmiryol Nəqliyyatı Texnikumunda ”tikinti və dəmiryol nəqliyyatı yol təsərrüfatının istismarı” ixtisası üzrə təhsil almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin xx.xx.2022-ci il tarixli, 164 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən 1980-ci ildə Bakı Dəmiryol Nəqliyyatı Texnikumuna qəbul olmuş, 1984-cü ildə həmin texnikumun “tikinti və dəmiryol nəqliyyatı yol təsərrüfatının istismarı” ixtisası üzrə əyani şöbəsini bitirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********4 nömrəli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubda qeyd olunur: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların penşiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə Sizin xx.xx.1988-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" QSC-nin Yol xidmətində yol ustası vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. İşlədiyiniz yol ustası vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən də Sizin güzəştli iş stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. İş materiallarında olan iddiaçıya məxsus xx.xx.1987-ci il tarixli, İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1984-cü ildən xx.xx.1987-ci ilədək həqiqi hərbi xidmət keçmiş, xx.xx.1987-ci ildə 3-cü dərəcə yol montyoru vəzifəsinə qəbul edilmiş, xx.xx.1988-ci ildə 4-cü dərəcəli yol montyoru vəzifəsinə keçirilmiş, xx.xx.1988-ci ildə işdən azad edilmişdir, xx.xx.1988-ci ildə Bakı Metropolitenində yol və tunel xidmətində 3-cü dərəcə yol montyoru vəzifəsinə qəbul edilmiş, xx.xx.1988-ci ildə usta köməkçisi vəzifəsinə keçirilmiş, gecə vaxtı yalnız tuneldə, xx.xx.1993-cü ildə usta vəzifəsinə keçirilmiş, xx.xx.2003-cü ildə 10-cu dərəcə verilmiş, xx.xx.2009-cu ildə 1 saylı yol hissəsinə 11-ci dərəcə ilə böyük yol ustası təyin edilmiş, xx.xx.2014-cü ildə "xxxx" QSC Yol Xidməti 1 saylı Yol hissəsinə 11-ci dərəcəli böyük yol ustası vəzifəsinə təyin edilmiş, hal-hazırda (xx.xx.2022-ci il tarixli qeyd) həmin peşədə işləyir. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli A/106 nömrəli arayışından görünür ki, İddiaçı Bakı Metropoliteninin Yol xidmətində xx.xx.1988-ci il tarixindən xx.xx.2009-cu il tarixinədək yol ustası, xx.xx.2009-cu il tarixindən xx.xx.2014-cü il tarixinədək böyük yol ustası vəzifəsində çalışmışdır (yalnız gecə işi (iş saatı 23:00-dan 05:30-dək), 24% xüsusi zərərli əmək şəraiti). xx.xx.2014-cü il tarixindən hal-hazıradək "xxxx" QSC-nin Yol Xidmətində böyük yol ustası (yalnız gecə işi (iş saatı 23:00-dan 05:30-dək), 24% xüsusi zərərli əmək şəraiti) vəzifəsində işləyir. Qeyd: Gecə saatlarına görə (30 saatlıq 2 istirahət günü olan iş həftəsi, yalnız gecə vaxtı 5 gecə 23:00dan 05:30-dək). İddiaçı əmək haqqına 40% (qırx), xüsusi zərərli iş şəraitində işlədiyinə görə 24% (iyirmi dörd) əlavə ödəniş hesablanır, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 (altı) təqvim günü verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" QSC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur: İddiaçı Bakı Metropoliteninin Yol xidmətində xx.xx.1988-ci il tarixindən xx.xx.2009-cu il tarixinədək yol ustası, xx.xx.2009-cu il tarixindən xx.xx.2014-cü il tarixinədək böyük yol ustası vəzifəsində çalışmışdır (yalnız gecə işi (iş saatı 23:00-dan 05:30- dək), 24% xüsusi zərərli əmək şəraiti). xx.xx.2014-cü il tarixindən hal-hazıradək "xxxx" QSC-nin Yol Xidmətində böyük yol ustası (yalnız gecə işi (iş saatı 23:00-dan 05:30-dək), 24% xüsusi zərərli əmək şəraiti) vəzifəsində işləyir. İddiaçı xüsusi zərərli əmək şəraitində çalışdığı vəzifələr üzrə əmək stajı 34 il 03 ay 21 gün (otuz dörd il üç ay iyirmi bir gün) (xx.xx.2022-ci il tarixinə) təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.Nəqliyyat maddəsinin 21.5. Metropolitenlər bəndinə (bütün adlarda ustalar (böyük ustalar, ustaların köməkçiləri)) aiddir ki, bu da qüvvədən düşmüş xx.xx.1993-cü il tarixli 320 saylı Qərarın 23000000 XXVİİİ. Nəqliyyat 23002000 2. Metropolitenlər bölməsinin 2300200b-23186 bəndi ilə tənzimlənir. Qeyd: Gecə saatlarına görə (30 saatlıq 2 istirahət günü olan iş həftəsi, yalnız gecə vaxtı 5 gecə 23:00-dan 05:30-dək). İddiaçı əmək haqqına 40% (qırx), xüsusi zərərli iş şəraitində işlədiyinə görə 24% (iyirmi dörd) əlavə ödəniş hesablanır, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 (altı) təqvim günü verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" QSC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur: İddiaçı Bakı Metropoliteninin Yol xidmətində xx.xx.1988-ci il tarixindən xx.xx.2009-cu il tarixinədək yol ustası (yalnız gecə işi (iş saatı 23:00-dan 05:30-dək), 24% xüsusi zərərli əmək şəraiti), xx.xx.2009-cu il tarixindən xx.xx.2014-cü il tarixinədək böyük yol ustası (yalnız gecə işi (iş saatı 23:00-dan 05:30-dək), 24% xüsusi zərərli əmək şəraiti), xx.xx.2014-cü il tarixindən hal-hazıradək "xxxx" QSC-nin Yol Xidmətində böyük yol ustası (yalnız gecə işi (iş saatı 23:00-dan 05:30dək), 24% xüsusi zərərli əmək şəraiti) vəzifəsində işləyir. İddiaçı xüsusi zərərli əmək şəraitində çalışdığı peşələr üzrə əmək stajı 34 il 05 ay 19 gün (otuz dörd il beş ay on doqquz gün) (xx.xx.2022-ci il tarixinə) təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.Nəqliyyat maddəsinin 21.5. Metropolitenlər bəndinə (bütün adlarda ustalar (böyük ustalar, ustaların köməkçiləri)) aiddir ki, bu da qüvvədən düşmüş xx.xx.1993-cü il tarixli 320 saylı Qərarın 23000000 XXVİİİ. Nəqliyyat 23002000 2. Metropolitenlər bölməsinin 2300200b-23186 bəndi ilə tənzimlənir. Yol ustası müntəzəm olaraq əvvəlcədən tərtib olunmuş cədvələ uyğun olaraq texniki baxış və təmir işləri keçirməklə metropolitenin istismarında olan yolların və yol ayıncılarının texniki cəhətdən saz vəziyyətdə saxlanılmasını təşkil edir, yoldəyişdiricilərin yağlanmasına və təmizliyinə mütəmadi otaraq nəzarət edir, metro xətlərinin təmir prosesini düzgün, vaxtında və hərəkətin təhlükəsizliyinin təminatı ilə yerinə yetirir, metro xətlərinin təmirinə cəlb edilən yol montyorlarını əməyin mühafizəsi, təhlükəsizlik texnikası və hərəkətin təhlükəsizliyi qaydalarının, o cümlədən yanğından mühafizənin norma və qaydalarının izahı üzrə iş öncəsi təlimatlandırır. Bundan başqa o, yollarda aparılan cari və əsaslı təmir işlərinin (epür (fiqur proyeksiyalarının düz səth üzərində çertyoju) üzrə şpalların və əksqaçıcıların yerləşdirilməsi, relslərdə deşiklərin açılması və relslərin kəsilməsi, şpalların təmir edilməsi) yerinə yetirilməsi, yolun üst quruluşu elementlərinin yüklənməsi və boşaldılmasına nəzarət edir. Böyük yol ustası sadalananlardan əlavə distansiyanın yol ustası və yol montyorlarının işinə nəzarət edir, peşə ixtisasının artırılması istiqamətində onlarla texniki məşğələlər keçirir. Qeyd: Gecə saatlarına görə (30 saatlıq 2 istirahət günü olan iş həftəsi, yalnız gecə vaxtı 5 gecə 23:00dan 05:30-dək). İddiaçı əmək haqqına 40% (qırx), xüsusi zərərli iş şəraitində işlədiyinə görə 24% (iyirmi dörd) əlavə ödəniş hesablanır, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 (altı) təqvim günü verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur: N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 279 №-li əmrində (əsas: §-2, sıra-8, əmrdə adı "Məmmədşah” yazılmışdır) Yasamal RHK-nın xx.xx.1993-cü il tarixli adlı siyahısına əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, 1965-ci il təvəllüdlü, baş matros X3 hərbi hissənin şəxsi heyətinin siyahısına salınması və bütün növ təminatlarla təmin olunması barəsində məlumat vardır. N №-li hərbi hissə komandirinin N №-li əmrində (əsas: §-1, əmrin verilmə tarixi yazılmamışdır, ondan əvvəl xx.xx.1993-cü il tarixdə 281 №-li əmr verilmişdir) bir qrup şəxsi heyətin N №-li hərbi hissəyə göndərilməsi barədə məlumat vardır. Lakin N №-li hərbi hissəyə göndərilən şəxsi heyətin adlı siyahısı əmrə əlavə olunmamışdır. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli N №-li əmrində (əsas: §-14, səh-405, sıra-32, əmrdə adı “Məmmədiyə”, hərbi rütbəsi “çavuş” yazılmışdır) N №-li hərbi hissədən göndərilmiş, toplanışa gəlmiş, 1965-ci il təvəllüdlü, çavuş X4 hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınaraq 5-ci MAT-a təyin olunması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 73 №-li əmrində (əsas: §-14, səh-32, sıra- 35, əmrdə adı “Məmmədiyə”, atasının adı “Məmmədbəyli”, hərbi rütbəsi “sıravi” yazılmışdır) 5-ci MAT-ın hərbi qulluqçusu, sıravi X1 xidmətini davam etdirmək üçün 2-ci MAT-a keçirilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 129 №-li əmrində (əsas: §- 6, səh-137, sıra-42, əmrdə adı “Məmmədiyə”, hərbi rütbəsi “sıravi” yazılmışdır, atasının adı yazılmamışdır) hərbi hissəni özbaşına tərk etdiyinə görə, 2-ci MAT-ın hərbi qulluqçusu, sıravi Məmmədiyə Vəliyevin xx.xx.1994-cü il tarixdən qazan təminatından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: səh-41, sıra-17, məlumatda adı “Məmmədiyar” yazılmışdır) N №-li hərbi hissədən gəlmiş, Yasamal RHK-nın çağırışçısı, xx.xx.1965-ci il təvəllüdlü X2 hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması və Müdafiə nazirinin xx.xx.1995-ci il tarixli 0127 №-li əmrilə yaş hədinə görə, ehtiyata tərxis olunması (komandirin əmrinin nömrəsi və tarixi qeyd olunmamışdır) barədə məlumat vardır. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin xx.xx.1994-xx.xx.1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və sentyabr 1995-ci il tarixli nizami hissə üzrə əmrlərində ehtiyata tərxis olunması barədə məlumat aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi Rayon İdarəsinin xx.xx.2022-ci il tarixli, 196 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1984-cü il tarixindən xx.xx.1987-ci il tarixinədək müddətli həqiqi hərbi xidmət, xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Döyüşən ordunun tərkibində Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Müharibə veteranıdır. Veteranlar üçün nəzərdə tutulmuş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İşin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.1965-ci il təvəllüdlüdür, xx.xx.2022-ci il tarixində onun 57 yaşı tamam olmuşdur. İddiaçı ona 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etmişdir. Cavabdeh onun müraciətini təmin etməkdən imtina etmiş, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün güzəştli iş stajının olmadığını qeyd etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir və ona 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. İddiaçının əmək kitabçasında qeyd edilən xx.xx.1988-xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti dövrünün bir hissəsi - xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək hərbi xidmət keçdiyi dövr ilə üst-üstə düşür. Əmək fəaliyyətinin hərbi xidmətlə üst-üstə düşən hissəsindən yalnız biri ümumi iş stajına hesablanmalıdır. Hazırki halda xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək olan dövrün ayrıca ümumi iş stajına hesablanması əsaslı sayılır, həmin dövrlə üst-üstə düşən əmək fəaliyyəti dövrü əlavə olaraq (təkrarən) ümumi iş stajına daxil edilmir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iş stajının hesablanmasında güzəştləri nəzərdə tutan 68-ci maddəsinin birinci hissəsinin ikinci abzasına əsasən hərbi qulluqçuların döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövrü (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) - ikiqat ölçüdə iş stajına daxil edilir. Hazırkı iş üzrə iddiaçının Azərbaycan Silahlı Qüvvələrində xidmət etdiyi dövrün bir hissəsi döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövrünə təsadüf edir. Belə ki, məhkəmə sorğusu ilə Müdafiə Nazirliyindən əldə edilmiş hərbi xidmətkeçmə ilə əlaqədar arayışdan görünür ki, iddiaçının xx.xx.1993-xx.xx.1994-cü ilədək (702 saylı hərbi hissə tərkibində iştirak) hərbi xidmət dövrü bilavasitə döyüş şəraitində aktiv döyüş əməliyyatlarında iştirak dövrüdür. Belə olan halda xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək 20 gün və xx.xx.1994-cü ildən xx.xx.1995-ci il tarixədək olan 01 il 04 ay 06 gün birqat olaraq, xx.xx.1993-xx.xx.1994-cü il tarixədək olan döyüş şəraitində döyüş əməliyyatlarında iştirak etdiyi dövr isə ikiqat ölçüdə, yəni 08 ay 22 gün (04 ay 11 gün x2) ümumi iş stajına hesablanmalıdır. Belə olan halda iş materiallarında olan əmək kitabçası və digər sənədlərə əsasən iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajı mövcuddur. Belə ki, iddiaçının ümumi iş stajı: - xx.xx.1980-xx.xx.1984-cü il ali təhsil dövrü; - xx.xx.1984xx.xx.1987-ci il Azərbaycan SSR dövründə hərbi xidmət dövrü; - xx.xx.1987- xx.xx.1988-ci il əmək fəaliyyəti dövrü; - xx.xx.1988-xx.xx.1993-cü il əmək fəaliyyəti dövrü; - xx.xx.1993xx.xx.1993-cü il və xx.xx.1994-xx.xx.1995-ci il hərbi xidmət dövrü; - xx.xx.1993xx.xx.1994-cü il 2 qat ölçüdə hərbi xidmət (döyüş əməliyyatlarında iştirak) dövrü; xx.xx.1995-xx.xx.2006-cı il əmək fəaliyyəti dövrü daxil olmaqla, cəmi 25 il 01 ay 04 gün təşkil edir. Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.1988-ci ildən xx.xx.1993-cü ilədək və xx.xx.1995-ci ilən xx.xx.2006-cı ilədək işlədiyi usta köməkçisi və usta vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda nəzərdə tutulmuşdur: XXVİİİ. Nəqliyyat; 2. Metropolitenlər; kod 2300200b— 23186 bütün adlarda ustalar (böyük ustalar, ustaların köməkçiləri). Göründüyü kimi, iddiaçının işlədiyi həmin sahə və vəzifələr qeyd olunan Siyahıya uyğundur və xx.xx.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 12 il 6 aydan çoxdur (15 il 09 ay 01 gün). İddiaçı tərəfindən təqdim edilmiş ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışında da iddiaçının işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan dövrlər güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır. Beləliklə, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 6 aydan artıq müddətini güzəştli şərtlərlə pensiya hüququ verən sahə və vəzifələrdə işlədiyinə görə onun 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Qeyd olunan Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2816/2023 nömrəli 15 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar