Məhkəmə qərarları › İş №2-1(103)-2649/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2649/2024

20.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2649/2024 20.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, cavabdehin nümayəndələri X3 və X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə (üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi) qarşı «iddiaçının ölkə hüdudlarından girişçıxışına qoyulmuş məhdudiyyətin qanunsuz sayılması və məhdudiyyətin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair» inzibati iş üzrə məhkəmənin qanuni qüvvəsini almış qərarının icrasına dair məsələ üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1976/2022 saylı xx.xx.2024-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (Bakı şəhəri,Z.Xəlilov küçəsi, 540-cı məhəllə) binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İ. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1976/2022 saylı iş üzrə 31 yanvar 2022-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı «iddiaçının ölkə hüdudlarından giriş-çıxışına qoyulmuş məhdudiyyətin qanunsuz sayılması və məhdudiyyətin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair» iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1795/2022 saylı iş üzrə 5 oktyabr 2022-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1976/2022 saylı iş üzrə 31 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-386/2023 saylı iş üzrə 1 mart 2023-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1795/2022 saylı iş üzrə 5 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qarşı iddia mümkün sayılmamış və cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı tələb üzrə iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə təkrar apellyasiya qaydasında baxılarkən, iddiaçının ərizəsinə əsasən iddia tələbi «iddiaçının ölkə hüquqlarından giriş-çıxışına qoyulmuş məhdudiyyətin qanunsuz sayılması və məhdudiyyətin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dəyişdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2286/2023 saylı iş üzrə 31 avqust 2023cü il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1976/2022 saylı iş üzrə 31 yanvar 2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilmiş, İddiaçı Azərbaycan Respublikasının hüdudlarından girişçıxışına qoyulmuş məhdudiyyət qanunsuz hesab edilmiş və məhdudiyyətin götürülməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulmuşdur. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin həmin qərarından qanunla müəyyən edilmiş müddətdə şikayət verimədiyindən qanuni qüvvəsini almış və qərar, İPM-in 116.2-ci maddəsinə müvafiq olaraq, icra edilməsi üçün birinci instansiya məhkməsinə göndərilmişdir. xx.xx.2023-cü iddiaçı ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2286/2023 saylı iş üzrə 31 avqust 2023- cü il tarixli qərarının icra olunmadığını bildirərək yardımçı olmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsi 13 dekabr 2023-cü il tarixli məktubu ilə, təkrarən qərarın icra edilməsi üçün 15 gün müddət təyin olunmaqla, icrası cavabdehdən tələb olunsa da, həmin müddət ərzində qərar icra edilməmişdir. Məhkəmə tərəfindən cavabdehə 22 yanvar 2024-cü il tarixdə yenidən məktubla müraciət olunaraq Bakı Apellyasiya Məhkəməsinin 31 avqust 2023-cü il tarixli qərarının icra olunmadığı halda, İPM-in 120-ci maddəsinin tələblərinə uyğun cərimə olunacağı barədə xəbərdarlıq verilmiş, lakin cavabdeh məhkəmənin həmin xəbərdarlığına da məhəl qoymamış, Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış qərarını icra etməmişdir. Qeyd edilənləri nəzərə alan Bakı İnzibati Məhkəməsi 2-1(112)-1976/2022 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin 500 (beş yüz) manat miqdarında cərimə edilməsi və həmin qurumdan tutulan cərimənin dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddiaçının ərizəsinin təmin edilməməsi barədə yeni qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “Bakı İnzibati Məhkəməsinin qərardadı aşağıdakılara görə əsassızdır. İddiaçı ölkədən getmək hüququna dair məhdudiyyətin qoyulması ilə bağlı şikayətçinin ərizəsində göstərdiyi hallar məhkəmə araşdırması zamanı mötəbər sübutlarla öz əksini tapmadığından İddiaçı AR-dan getməsi ilə bağlı hərəkətin (qərarın) qanunsuz hesab edilməsi hissəsində şikayət təmin edilməmişdir. Həmin qərardan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6(103)- 212/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı təmin edilməmiş və qərar qanuni qüvvəsini almışdır. Daha sonra iddiaçı hər iki cavabdehə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edən zaman Məhkəmə tərəfindən bu hal (artıq bir dəfə eyni tərəflər arasında eyni iddia ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qərarının olması) araşdırılmamış ümumiyyətlə Dövlət Sərhəd Xidmətinin hazırkı iddia tələbində cavabdeh kimi iştirak edibetməməsi halına hüquqi qiymət verilməmişdir. Məhkəmə yekunda sadəcə qeyd etmişdir ki, “Digər cavabdeh Azərbaycan Respublikası Sərhəd Xidmətinin hərəkətlərinə gəldikdə isə, “Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə İddiaçı barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıq Mübarizə İdarəsi tərəfindən müvafiq məlumat daxil olduğundan, iddiaçının ölkə hüdudlarından çıxışına cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin də məhdudiyyət qoyması qanunsuz sayılmamalıdır. Həmçinin bu hal Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat zamanı da nəzərə alınmamış və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsində ikinci icraat zamanı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 avqust 2023-cü il tarixli, 2-1(103)-2286/2023 №-li qərarına əsasən, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2-1(112)-1976/2022 nömrəli qərarı ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikasının hüdudlarından giriş-çıxışına qoyulmuş məhdudiyyət qanunsuz hesab edilməsi və məhdudiyyətin götürülməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulması qərara alınmışdır. Apellyasiya Məhkəməsi Ali Məhkəmənin aşağıda qeyd edilən hüquqi mövqeyini nəzərə alaraq qərar qəbul etmişdir. Cavabdeh tərəfindən Miqrasiya Məcəlləsinin və “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında” Əsasnamənin tələblərinə əməl edilib-edilməməsinin araşdırılması; İddiaçının öllkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına əsas olan halların hər hansı birinin mövcud olmasının müəyyən edilməsi; DİN Baş Mütəşəkkil Cinayətkarlıq Mübarizə İdarəsi tərəfindən qərar qəbul edilməsinin yoxlanılması; Apellyasiya Məhkəməsinin qərarında istinad etdiyi sənədlərdən də açıq şəkildə bəlli olur ki, məhkəmə işin obyektiv araşdırılması məqsədilə AR DİN-^ə; ARİDİN Baş Mütəşəkkil Cinayətkarlıq Mübarizə İdarəsinə sorğu ünvanlayaraq 04.10.198Ö-CHİTəvəllüdlüİddiaçı barəsində ölkədən çıxışına məhdudiyyətin (qadağanın) qoyulub-qoyulmaması qoyulmuşdursa, məhdudiyyət qoyulmasına əsas olan halların mövcudluğu barədə icraat materiallarının təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsini xahiş etmiş.Həmçinin eyni məzmunlu sorğunu DSX-yə də ünvanlamışdır. Məhkəmənin həmin sorğusu sadəcə DSX tərəfindən icra edilərək, Məhkəməyə “İddiaçı barəsində DSX tərəfindən heç bir məhdudiyyətin qovulmamasını sadəcə xx.xx.2018-ci il tarixdə Daxili İşlər Nazirliyi tərəfindən “çıxışı qadağandır” statusunun tətbiq edildiyindən sərhədi keçməsinə icazə verilməmiş və geri qaytarılmışdır” cavabı verilmişdir. Lakin Məhkəmə qərar çıxararkən əsas təşəbbüskar olan orqanların sorğulara cavab verməsini gözləməmiş, isi tam və hərtərəfli araşdırmadan qərar qəbul etmişdir. “Giriş-çıxış və qeydiyyat” İAMAS haqqında Əsasnamə”yə görə axtarışda olan, barəsində tutulma haqqında qərar qəbul edilən, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən, barəsində qətimkan tədbiri seçilən şəxslər haqqında məlumatların "Sərhədkeçməyə məhdudiyyət siyahısfna daxil edilməsi və və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunun dəyişdirilməsi öz səlahiyyətləri həddində istintaq və təhqiqat aparan orqanlara DİN, DSX, FHN, DTX, ƏN, VN, Dövlət Gömrük Komitəsi, Prokurorluq və sair dövlət orqanlarının vəzifələrinə daxildir. "Sərhədkeçməyə məhdudiyyət sivahısı,,na daxil edilmə” hər iki dövlət orqanının da vəzifələrinə aid edilmişdir.Lakin DSX-nin vəzifələrinə digər dövlət orqanı tərəfindən qəbul edilmiş məhdudiyyət qərarının olub-olmamasını yoxlamaq, habelə digər dövlət orqanı tərəfindən sistemə daxil edilmiş məlumatlara hər hansı dəyişiklik, əlavə və sair edilməsi vəzifələri aid deyildir. Qoşmaya əlavə edilmiş Dövlət Sərhəd Xidmətinin N №-li hərbi hissəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” İAMAS haqqında Əsasnamənin 12.6.1.2-ci bəndinin (şəxsin sərhədkeçməsinə icazə verilməməsi və qaytarılması) icrası ilə bağlı qanunvericiliklə müəyyən olunmuş qaydada aidiyyəti üzrə dövlət orqanları tərəfindən məhdudiyyət qoyulan şəxslərin sərhədkeçməsinə icazə verilmir. Bundan əlavə AR NK-nin xx.xx.2012-ci il tarixli 5 №-li Qərarının 6.7.1-ci maddəsinin (Azərbaycan Respublikasına gəlməsinə və Azərbaycan Respublikasından getməsinə məhdudiyyət qoyulan şəxslər barədə aşağıda göstərilən məlumatlar İAMAS vasitəsilə elektron formada yaradılır və yalnız Əsasnamə ilə səlahiyyət verilmiş dövlət orqanları tərəfindən və onların sistemdaxili səlahiyyət bölgüsünə uyğun istifadə olunur, müvafiq əsaslar aradan qalxdıqda aktiv statusu dəyişdirilir) və xx.xx.2012-ci tarixli 5 №-li Qərarla təsdiq olunmuş 2 nömrəli əlavəsinin (“Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi) tələblərinə əsasən dövlət orqanları sistemdaxili səlahiyyət bölgüsünə uyğun sistemdən istifadə edir və dövlət orqanlarına səlahiyyət verilmir ki, digər dövlət orqanlarının məhdudiyyət statusunu dəyişdirsin. Həmçinin bu texniki cəhətdən də mümkün deyil.Bu da müvafiq qərarın DSX tərəfindən icra edilməsini mümkünsüz edir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin (“İPM”) 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan cavabdehin şikayətinə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası cavabdehin nümayəndələrini dinləyib, iş materiallarını araşıdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti aşağıdakılara görə təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmin Məcəllənin 117.1.1-ci maddəsinə əsasən icra qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 120-ci maddəsinə görə bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Həmin Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Prosessual qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə qərarı proses iştirakçısı, o cümlədən, konkret halda, cavabdeh inzibati orqan üçün məcburidir. İşin yuxarıda qeyd olunan hallarından isə göründüyü kimi, Bakı İnzibati Məhkəməsi tərəfindən prosessual qanunvericiliyin qeyd olunan tələblərinə tam riayət edilməklə, Bakı Apellyasiya Məhkəməsinin qərarı icra edilməsi üçün 15 gün müddət təyin edilməklə, cavabdeh orqana göndərilmiş, lakin sonuncu tərəfindən həmin müddət ərzində qərar icra edilməmiş, daha sonra ona cərimə oluncağı barədə xəbərdarlıq məktubu göndərilmiş, lakin məhkəmənin bu xəbərdarılığına da məhəl qoyulmamışdır. Beləliklə də, 6 aydan da çox keçən müddət ərzində məhkəmənin qərarı icra olunmamış vəziyyətdə qalmış və məhkəmə cavabdehə cərimə tətbiq etmək məcburiyyətində qalimışdır. Cavabdehin hazırkı apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə qərarından narazılığı ifadə olunur. Hesab edir ki, iddiaçının ölkədən çıxışına və girişinə məhdudiyyət onun tərəfindən qoyulmamış, məhdudiyyəti qoyan orqan da həmin məhdudiyyəti götürməlidir. Belə çıxır ki, məhkəmə qərarı olmadan istənilən orqan həmin sistemə istənilən şəxsin ölkəyə girişi-çıxışını məhdudlaşdıra bilər, sərhəd keçidinə nəzarət edən orqan isə bütün bunlara göz yummalıdır. Halbuki, onu da qəbul edir ki, müvafiq elektron sistemə nəzarəti həyata keçirən orqan məhz Dövlət Sərhəd Xidmətidir. Məhkəmə kollegiyası İPM-in 1.2-ci maddəsii baxımından qeyd edir ki, MPM-in 15.2-ci maddəsinin tələbinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərardadı ilə cavabdehə 500 manat məbləğində cərimə tətbiq olunmasını işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin qərardadın əsassız olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1976/2022 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənləri və İPM-in 80, 89, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1976/2022 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar