Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-265/2022 09.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltan Həmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmədbağı qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil X8 oğlunun, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı X4 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməklə “artıq ödənilmiş vəsaitin geri qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 22-1(112)-1415/2021 saylı, 17.06.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı X7 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı X4 şəxsi hesab vərəqədə yaranmış 101.261,07 manat artıq ödənilmiş məbləğin və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğinin ödənilməsi barədə rəyin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5870/2020 saylı, 30 sentyabr 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi (iddia tələbinin həcminin azaldılması) barədə ərizə ilə müraciət edərək, iddiaçı X4 şəxsi hesab vərəqədə yaranmış 101.109 manat artıq ödənilmiş məbləğin və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğinin ödənilməsi barədə rəyin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 22-1(112)-1415/2021 saylı, 17.06.2021-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçı X4 şəxsi hesab vərəqəsində yaranmış 96.804 (doxsan altı min səkkiz yüz dörd) manat artıq ödənilmiş məbləğin və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən (05.06.2020) həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğinin ödənilməsi barədə rəyin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması qərara alınmış, iddia qalan hissədə təmin edilməmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 22-1(112)-1415/2021 saylı, 17.06.2021-ci il tarixli qərarının iddianın təmin olunmuş hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə də təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X7 tərəfindən vergi partnyorluğu sazişinin bağlanması üçün vergi orqanına 21.04.2015-ci il tarixli **********445300 nömrəli ərizə ilə müraciət olunmuş və tərəflər arasında 22.04.2015-ci il tarixli “Vergi partnyorluğu sazişi” bağlanmışdır. Lakin, təqdim edilmiş bəyannamələrdə əks etdirilmiş dövriyyə məlumatları vergi partnyorluğu sazişinə uyğun olaraq ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilməmişdir. Eyni zamanda, X4 təqdim etdiyi 04.06.2020-ci il tarixli ərizədə qeyd olunmuş 2015-ci il ərzində bəzi artıq ödəmə məbləğləri üzrə ödəmə tarixləri araşdırılarkən məlum olmuşdur ki, həmin vəsaitin qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək üçün qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. Göstərilənlərə əsasən vergi partnyorluğu sazişinə uyğun olaraq ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilməsi və dürüstləşdirilmiş ərizə ilə yenidən müraciət olunması X5 tövsiyyə olunmuşdur. Bu barədə Ə.Cəfərova 30.06.2020-ci il tarixli **********297300 nömrəli məktub göndərilmişdir. Lakin, ötən müddət ərzində vergi ödəyicisi tərəfindən kənarlaşmalar (çatışmazlıqlar) aradan qaldırılmaqla yenidən artıq ödənilmiş vergilərin qaytarılması barədə dürüstləşdirilmiş ərizə forması ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət etmədən məhkəməyə müraciət etmişdir. Bununla əlaqədar cavabdeh tərəfindən iddianın mümkün sayılmaması barədə vəsatət məhkəməyə təqdim edilməsinə baxmayaraq, vəsatət nəzərə alınmamışdır. Eyni zamanda qeyd olunmuşdur ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş vəsatətdə və etirazda qeyd edildiyi kimi, artıq ödəmənin qaytarılması barədə ərizə mahiyyət etibarilə düzgün tərtib edilmədiyi üçün vergi ödəyicisinə bu barədə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə müvafiq olaraq məlumat verilmiş və qeyd olunän çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən müraciət edəcəyi təqdirdə qaldırılan məsələyə qanunvericiliyin tələblərinə uyğun qaydada baxılacağı bildirilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya imtina verilməmişdir. Eyni zamanda, əlavə məlumata ehtiyacı olacağı təqdirdə 195 Çağrı Mərkəzinə və Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməsi vergi ödəyicisinə təklif edilmişdir. Lakin, ötən müddət ərzində X7 artıq ödənilmiş vergilərin qaytarılması barədə dürüstləşdirilmiş ərizə forması ilə yenidəh müraciət etməmişdir. Birinci instansiya məhkəməsinin iddiaçının müvafiq müraciəti üzrə cavabdeh inzibati orqanın həyata keçirdiyi inzibati icraat çərçivəsində ona ünvanlanmış məktubu imtina qismində qəbul etməsi tamamilə əsassız və qanunvericiliyin tələblərinə ziddir. Bu məktub, inzibati orqanın nəticədən asılı olmayaraq, işin düzgün və qanunvericiliyin tələblərinə uyğun araşdırılması istiqamətində hərəkətlərinə aiddir. Bundan əlavə, birinci instansiya məhkəməsində işə baxılarkən qeyd olunan məsələlər nəzərə alınmamışdır. Eyni zamanda qəbul edilmiş qərarda cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 22-1(112)-1415/2021 saylı, 17.06.2021-ci il tarixli qərarının iddianın təmin olunmuş hissəsində ləğv olunmasını, həmin hissədə də iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 22-1(112)-1415/2021 saylı, 17.06.2021-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə birinci instansiyanın qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti iddianın təmin olunmuş hissəsində ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini qismən – iddianın təmin olunmuş hissəsində yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: - “Vergi partnyorluğu Sazişi”nin bağlanması barədə bildirişdən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 19 iyul tarixli 190 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Vergi partnyorluğu Sazişinin bağlanması” haqqında Qaydalar”ın tələblərinə əsasən iddiaçı ilə 22.04.2015-ci il tarixdə “Vergi partnyorluğu Sazişi” bağlanmışdır. - X7 ilə Bakı Vergilər Departamenti arasında bağlanmış 22.04.2015-ci il tarixli, **********502100 saylı “Vergi partnyorluğu Sazişi”ndən görünür ki, Saziş vergi orqanı ilə vergi ödəyicisi arasında vergi risklərinin minimallaşdırılması məqsədi ilə könüllü şəkildə bağlanmış niyyət razılaşmasıdır. - X3 cavabdehə ünvanladığı “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizəsindən görünür ki, O, 101.109 manat məbləğində həyata keçirilmiş artıq ödəmənin qaytarılmasını xahiş edir. Artıq ödəmənin əhatə etdiyi tarixlər 2015-2019-cü illərə təsadüf edir. - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavab məktubundan görünür ki, iddiaçı X4 05.06.2020-ci il tarixli müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, tərəfindən 01.04.2015-ci il tarixindən 01.04.2016cı il tarixədək vergi partnyorluğu sazişinin bağlanması üçün vergi orqanına ərizə ilə müraciət edilmişdir. Lakin təqdim edilmiş bəyannamələrdə əks etdirilmiş dövriyyə məlumatları vergi partnyorluğu sazişinə uyğun olaraq ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilməmişdir.Eyni zamanda tərəfindən təqdim edilmiş ərizədə qeyd olunmuş 2015-ci il ərzində bəzi artıq ödəmə məbləğləri üzrə ödəmə tarixləri araşdırılmış və məlum olmuşdur ki, həmin vəsaitin qaytarılması və ya əvəzləşdirilməsini tələb etmək üçün Qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. Göstərilənlərə əsasən iddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi dövr üzrə dövriyyə məlumatlarını Vergi partnyorluğu sazişinə uyğun olaraq ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilməsi tövsiyyə olunmuşdur. - X4 şəxsi hesab vərəqəsindən görünür ki, onun 01.01.2015-05.08.2020 dövr üzrə 101.261,07 manat artıq ödəməsi olmuşdur. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Vergi Məcəlləsinin 15.1.4, 24.0.10, 85.5, 87.1, 87.4-cü maddələrini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli, 48 nömrəli Qərarı ilə təsdiq edilmiş «Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları»nın 1.1, 1.2, 8, 3.1, 3.2, 5.1.3, 5.1.4, 6.1, 6.2-ci bəndlərini, Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinə yeni məzmunda əlavə edilmiş 1.4-cü maddəsini tətbiq etməklə belə qərara gəlmişdir ki, iddiaçının şəxsi hesab vərəqəsində artıq ödəmə kimi 29.01.2015-05.08.2020-ci il dövrü üzrə 101.261,07 manat pul vəsaiti göstərilsə də, cavabdeh inzibati orqana müraciəti ərizəsində 29.01.2015-27.03.2019-cu illər üzrə cəmi 101.109 manat artıq ödəmənin geri qaytarılması barədə rəyin verilməsinı tələb etmişdir. İddiaçı həmin artıq ödəmənin qaytarılması ilə bağlı 05.06.2020-ci il tarixdə müraciət etdiyindən, ona həmin vəsait üzrə 29.01.2015; 30.03.2015; 13.04.2015; 08.05.2015 və 14.05.2015-ci il tarixlər istisna edilməklə, 16.06.2015-ci ildən sonraki ödənişlər geri qaytarılmalıdır. Həmin məbləğ isə 96.804 manat müəyyən edilmişdir (101.109 - 4.305 = 96.804). Faiz dərəcəsinə münasibətdə məhkəmə bildirir ki, həqiqətən də qanunvericilikdə artıq məbləğin geri qaytarılanadək gecikdirilən hər gün üçün vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində vəsaitin tutulması nəzərdə tutulmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının müraciət etdiyi tarixdən hər bir gün üçün 96.804 manat vəsaitin 0,1 faizi əlavə olaraq ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 15.1.4-cü maddəsinə əsasən artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququdur. Həmin Məcəllənin 24.0.10-cu maddəsinə əsasən vergi orqanları vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə borcludurlar. Həmin Məcəllənin 87.1.1-ci maddəsinə əsasən vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, inzibati cərimələr üzrə borclar istisna olmaq şərti ilə, artıq ödənilmiş məbləğlər digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir. Həmin Məcəllənin 87.1.1-ci maddəsinə əsasən vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, inzibati cərimələr üzrə borclar istisna olmaq şərti ilə, artıq ödənilmiş məbləğlər vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir. Həmin Məcəllənin 87.4-cü maddəsinə əsasən, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 85.5-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli, 48 nömrəli Qərarı ilə təsdiq edilmiş «Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları»nın 1.1-ci və 1.2-ci bəndlərinə əsasən bu Qaydalar vergi ödəyicisindən düzgün tutulmamış və ya onun tərəfindən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin (bundan sonra — büdcəyə artıq ödəmələr) qaytarılması qaydalarını müəyyən edir. Bu Qaydalarda «vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlar» dedikdə, verginin tam və vaxtında büdcəyə ödənilməsinə nəzarəti həyata keçirən orqanlar nəzərdə tutulur. Həmin Qaydaların 2-ci bəndinə görə vergi ödəyicisi düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 il ərzində tələb etmək hüququna malikdir. Həmin Qaydaların 3.1 və 3.2-ci bəndlərinə müvafiq olaraq vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət etməlidir. Ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir. Artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin qeydiyyatda olduğu vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır. Həmin Qaydaların 5.1.3 və 5.1.4-cü bəndlərinə əsasən vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlar büdcəyə artıq ödəmələrin qalan hissəsinin vergi ödəyicisinə qaytarılması üçün bu Qaydaların müddəalarına uyğun tədbirlər görürlər; Vergi Məcəlləsində başqa hallar müəyyən edilməmişdirsə, büdcəyə artıq ödəmələrin qalan məbləğlərini vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarırlar. Həmin Qaydaların 6.1-ci bəndinə əsasən vergi ödəyicisi, sığortaedən və ya sığortalı tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Bu faizlərin ödənilməsi büdcə gəlirlərinin azaldılmasına aid edilir. Həmin Qaydaların 6.2-ci bəndinə əsasən vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının artıq ödənilmiş məbləğlərinin qaytarılmasına dair vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verdiyi müddətdən 45 və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndinin və 4.8-ci bəndinin birinci cümləsi ilə müəyyən edilən halda 20 gün, 4.8-ci bəndinin ikinci cümləsi ilə müəyyən edilən halda isə 4 (dörd) ay müddətində məbləğ qaytarılarsa, vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya faiz ödənilmir. Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinə yeni məzmunda əlavə edilmiş 1.4-cü maddəsi ilə müəyyən edilmişdir ki, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Baxılan iş üzrə iddiaçı artıq ödənilmiş 101.109 manat məbləğin və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz olaraq əlavə olaraq ödənilməsi barədə rəyin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, lakin sonuncu ona yenidən dəqiqləşdirilmiş ərizə ilə müraciət etməsini bildirərək müraciətindən imtina etmişdir. Hazırki tələb artıq ödənilmiş məbləğin qaytarılması və məbləğin qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün vergi ödəyicisinə müvafiq məbləğlərin üçün 0,1 faiz məbləğində pulun ödənilməsindən ibarətdir. Yuxarıda qeyd olunan qanunvericilik normalarına əsasən müəyyən olunur ki, “artıq ödənilmiş vergilər geri qaytarılması”dedikdə vergi ödəyici tərəfindən hər hansı səbəbə görə artıq tutulmuş vergi məbləğlərinin geri qaytarılması başa düşülür. Geriqaytarmanı tələb etmək isə vergi ödəyicisinin hüququ, onu müəyyən edilmiş qaydada təmin etmək isə vergi orqanının vəzifəsidir. Bu vəzifənin icrası və hüququn həyata keçirilməsi VM-nin və “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması” Qaydalarının müddəaları ilə tənzimlənir. VM bu cür məbləğlərin digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi və ya vergi ödəyicisinin razılığı ilə sonraki öhdəliklər üzrə borcların ödəmələrin hesabına aid edilməsini mümkün sayır. Eyni zamanda, qanunvericilik artıq ödənilmiş və ya düzgün tutulmayan verginin geri qaytarılmasının gecikdirilməsinə görə 0,1 faiz məbləğində vergi orqanına faiz tətbiq edir. Müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, VM ilə başqa hallar nəzərdə tutulmamışdırsa, həmin məbləğlərin qanunvericilikdə nəzərdə tutulmuş müddətdən gec qaytarılması vergi hüquqpozuntusu sayılır. Bu əməlin təhlükəliyi bundan ibarətdir ki, vergi ödəyicisinə məxsus olan pul vəsaiti onun sərəncamına müəyyən edilmiş müddətdən gec daxil olur və onun həmin vəsaitə sərəncam vermək imkanı olmur. Pozuntunun subyekti məbləğlərin geri qaytarılması üçün məsuliyyət daşıyan vergi və maliyyə orqanları, obyekti isə məsuliyyət və vergi hüququ ilə bağlı ictimai münasibətlərdir. Bu əmələ görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər gün üçün vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilir. İş materialarına əsasən iddiaçının 27 mart 2019-cu il tarixinə kimi vergilər üzrə dövlət büdcəsinə 101.109 manat artıq ödənişinin olması öz təsdiqini tapmışdır. Bu hal təqdim olunmuş şəxsi hesab vərəqəsində də öz əksini tapmışdır. İş materiallarına əsasən iddiaçının 101.261,07 manat artıq ödəməsinin 29.01.2015- 05.08.2020-ci il dövrünü əhatə etdiyi müəyyən olunmuşdur. Qanunvericiliyə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək hüququnu müəyyən müddətə məhdudlaşdırılmış və tələb etmə müddətini 5 il müəyyən edilmişdir. İddiaçı məhkəməyə 16.06.2020-ci ildə müraciət etmişdir. 19.01.2015 - 15.06.2015-ci il tarixlərə aid olan dövr üzrə artıq ödəmələrə iddia müddəti ötmüşdür. Eyni zamanda, iddiaçı inzibati orqana müraciət edərkən 29.01.2015 - 27.03.2019-cu illər üzrə artıq ödəmənin geri qaytarılması barədə rəyin verilməsini tələb etmişdir. Ona görə 28.03.2019-05.08.2020-ci il tarixə aid artıq ödəmənin qaytarılmasına dair hissədə də iddia təmin olunmamalıdır. Qanunvericilikdə artıq məbləğin geri qaytarılanadək gecikdirilən hər gün üçün vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində vəsaitin tutulması nəzərdə tutulduğundan birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının müraciət etdiyi tarixdən hər bir gün üçün 96.804 manat vəsaitin 0,1 faizi miqdarında əlavənin ödənilməsi qərarına gəlmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 22-1(112)-1415/2021 saylı, 17.06.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-265/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-265/2022
09.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver