Məhkəmə qərarları › İş №2-1(103)-265/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-265/2023

02.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-265/2023 02.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə qarşı Azərbaycan Respublikası X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “dövlət qulluğu münasibətinin müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5950/2022 saylı, 25 may 2022-ci il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə (bundan sonra Komitə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində müvafiq olaraq böyük məsləhətçi və baş məsləhətçi vəzifələrində xx.xx.2008ci il tarixdən bu günə kimi dövlət qulluğunun inzibati vəzifələr üzrə iş stajının nəzərə alınaraq Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə həmin tarixlər ürə etibarlı dövlət qulluğu münasibətinin mövcudluğunun müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)-5950/2022 nömrəli qərardadı ilə Azərbaycan Respublikası X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın problemləri və gender məsələləri şöbəsində böyük məsləhətçi vəzifəsinə təyin olunmuşdur. xx.xx.2008-ci il tarixində X4 şöbəsinə keçirilərək stajçı kimi böyük məsləhətçi vəzifəsinə təyin olunmuşdur. xx.xx.2009-cu il tarixində “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 28.6-cı maddəsinə uyğun olaraq 6 ay sınaq müddətində Komitəyə qəbul edilmiş və Ailə Problemləri şöbəsinə böyük məsləhətçi vəzifəsinə təyin edilmişdir.xx.xx.2010-cu il tarixində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq daimi dövlət qulluğuna qəbul edlmiş və 6-cı təsnifatın 2-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. xx.xx.2008-ci il tarixindən xx.xx.2011-ci il tarixinədək Ailə Problemləri şöbəsində böyük məsləhətçi vəzifəsində çalışmışdır. xx.xx.2011-ci il tarixindən etibarən dövlət qulluğu yüksəliş yolu ilə X4 şöbəsinin baş məsləhətçi vəzifəsinə təyin olunmuş və bu günə kimi bu vəzifədə dövlət qulluqçusu statusunda qulluq keçir. Çalışdığı müddət zamanı, xx.xx.2010-cu il tarixində 2ci dərəcəli dövlət qulluqçusu, xx.xx.2013-cü il tarixində 1-ci dərəcəli dövlət qulluqçusu və xx.xx.2016-cı il tarixində Dövlət qulluğunun kiçik müşaviri ixtisas dərəcələri almışdır. xx.xx.2008-ci il tarixdən indiyədək tutduğu vəzifə daimi dövlət qulluğu sayılmaqla, dövlət qulluqçuları üçün qanunvericiliklə nəzərdə tutulan bütün hüquq və vəzifələr ona da aid olunmuşdur. Habelə xx.xx.2018-ci il tarixində elan edilmiş müsahibədə iştirak etmək üçün X9 (bundan sonra “DİM” kimi qeyd olunacaq) müraciət olunaraq namizədliyi təsdiq olunub və xx.xx.2019-cu il tarixində DİM tərəfindən keçirilmiş müsahibədə 12.7 bal almışdır. Lakin DİM tərəfindən xx.xx.2021-ci il tarixində təşkil olunan müsahibədə iştirak etmək üçün iddia etdiyi vakant vəzifəyə üzrə müraciətinə cavab olaraq bildirilmişdir ki, dövlət qulluğuna dair qanunvericiliyin tələbləri gözlənilmədən dövlət qulluğuna qəbul edildiyinə görə müsahibədə iştirakına imtina verilmişdir. 13 ildən artıq müddət ərzində, onun dövlət qulluqçusu kimi fəaliyyət ilə bağlı vəzifəyə təyin oıunması, vəzifədən vəzifəyə keçirilməsi, məzuniyyət, ezamiyyət və sair məzmunlu) çoxsaylı inzibati aktlar qəbul edilmişdir. Bu aktların heç biri 13 il ərzində istər Komitə, istərsə də DİM və ya bundan öncə dövlət qulluğuna qəbul ilə bağlı prosedurları yerinə yetirən orqanlar, və ya hər hansı digər orqanlar tərəfindən mübahisələndirilməmiş, həmin inzibati aktlar ləğv edilməmişdir. Əksinə onun dövlət qulluğuna qəbul olunduğu tarixdən, barəsində olan müvafiq məlumatlar, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli, 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları”na əsasən Reyestrə daxil edilmişdir. Həmin məlumatların təqdim edilməsindən sonra onların təqdim edilməsi ilə bağlı hər hansı nöqsan aşkar olunaraq mübahisələndirilməmişdir. Üçüncü şəxs X5 nümayəndəsinin məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında bildirilir ki, İddiaçı 2008-ci ildə dövlət qulluğuna dair qanunvericiliyin tələbləri pozulmaqla müsabiqədən keçmədən Azərbaycan Respublikası Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində inzibati vəzifələrin 5-ci təsnifatına aid olan böyük məsləhətçi vəzifəsinə dövlət quliuğuna qəbul edilmişdir. Azərbaycan Respublikasının X10 tərəfindən aparılan məlumat bazalarında İddiaçı dövlət qulluğuna qəbulla bağlı hər hansı müsabiqədə iştirakı qeydə alınmamışdır. İddiaçı qeyd edilən vəzifəyə müsabiqədən keçməklə təyin edilməli olduğu halda bu cür prosedurdan keçmədən birbaşa dövlət qulluğuna qəbul edilmiş, 2011-ci ildə isə əlavə olaraq müvafiq qanunvericiliyin tələbləri pozulmaqla, yəni müsabiqə və ya müsahibədə (daxili və ya ümumi müsahibə) iştirak etmədən vəzifədə irəli çəkilmiş və baş məsləhətçi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Ailə, Qadın və UşaqProblemləri üzrə Dövlət Komitəsindən inzibati dövlət qulluğu vəzifələrinə müsabiqədə iştirak etmədən qəbul edilmiş 17 nəfər şəxs müəyyən edilmiş, qanunvericilik tələblərinin pozulması hallarının aradan qaldırılması ilə bağlı məsələnin araşdırılması və müvafiq tədbirlərin görülməsi barədə Mərkəzə məlumat verilməsi xahişi 2017-ci ilin noyabr ayında dövlət orqanına bildirilmiş və sözügedən şəxslərin siyahısı dövlət orqanına təqdim edilmişdir. Eyni məsələ ilə bağlı 14 may 2018-ci il tarixli 01/xx-xx/1323 nömrəli məktubla X10 Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına müraciət etmişdir. Həmin məktubda İddiaçı məlumatları da öz əksini tapmışdır. X10 tərəfindən dövlət qlluğuna dair qanunvericiliyin tələblərinin pozulması halları barədə yenidən 18 dekabr 2018-ci il tarixli 01/xx-xx/3566 nömrəli məktubla Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına müraciət edilmişdir. Qeyd edilən məktubda dövlət qulluğuna dair qanunvericiliyin tələbi pozulmaqla dövlət qulluğuna qəbul edilmiş şəxslərin siyahısında İddiaçı dair məlumatlar yenidən öz əksini tapmışdır. “Dövlət qulluğu haqqında” Qanuna 31 may 2021-ci il tarixdə edilmiş dəyişikliklərlə qanunverici 10 avqust 2016-cı il arixdən əvvəl dövlət qulluğuna qəbul edilmiş şəxslərin hüququ statusunu müəyyən etməklə bu kateqoriyadan olan şəxsləri 2 kateqoriyaya ayırmışdır. 1-ci kateqoriyaya 2021-ci il iyulun 1-dək “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qulluğuna qəbul olunmuş, on il və daha çox qulluq stajı olan dövlət qulluqçuları, habelə əvvəllər azı on il dövlət qulluğunda çalışmış və yenidən dövlət qulluğuna qəbul olunan şəxslər daxildir. Qanunverici bu şəxsləri müddətsiz “Dövlət qulluğu sertifikatı” almış dövlət qulluqçularına bərabər tutur. 2-ci kateqoriyaya isə 10 avqust 2016-cı il tarixədək “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qulluğuna qəbul olunmuş dövlət qulluqçuları daxildir. Qanunverici həmin kateqoriyadan olan dövlət qulluqçularının daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət hüququnu həmin Qanunun 28-1-ci maddəsinə əsasən dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə sertifikat alması ilə şərtləndirir. Qanundan da göründüyü kimi qanunverici “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmadan dövlət qulluğuna qəbul olunmuş şəxslərə münasibətdə hər hansı status müəyyən etməmişdir. Yuxarıda qeyd edilənləri və İddiaçı dövlət qulluğuna dair qanunvericiliyin tələbləri pozulmaqla dövlət qulluğuna qəbul edildiyini nəzərə alaraq onun “dövlət qulluğu münasibətlərinin mövcudluğunun müəyyən edilməsi” barədə iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5950/2022 saylı, 25 may 2022-ci il tarixli qərarı ilə (hakim Ş.Həsənova) iddia təmin edilmişdir. Qərardan narazı qalan üçüncü şəxs apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya yazılı etiraza uyğun əsaslandırılaraq qeyd edilmişdir ki, məhkəmə qərarında İddiaçı ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən qəbul edilmiş inzibati aktların 13 il ərzində X10 tərəfindən mübahisələndirilmədiyi qeyd edilmişdir. Bununla bağlı qeyd edirlər ki, dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edən və bu siyasətin həyata keçirilməsini təmin edən X10 Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanına əsasən yaradılmış, 2016-cı ilin oktyabr ayında dövlət qeydiyyatına alınmış, 2017-ci ilin yanvarından fəaliyyətə başlamışdır. Eyni zamanda məhkəmə qərar qəbul edərkən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinə ünvanlanan 21 iyun 2018-ci il tarixli 1-712/18 nömrəli məktubu nəzərə almamışdır. Həmin məktubda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Komitədə çalışan 10 nəfərin, o cümlədən İddiaçı “Dövlət qulluğu haqqında” Qanunun tələbləri pozulmaqla dövlət qulluğuna qəbul edildiyini etiraf etmiş və həmin şəxslərlə bağlı lazımi tədbirlərin görülməkdə olduğunu bildirmişdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən dövlət qulluğuna dair qanunvericiliyin tələbləri pozulmaqla dövlət qulluğuna qəbul edilmiş şəxslər, o cümlədən İddiaçı barəsində müvafiq tədbirlərin görüləcəyi barədə həm Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına, həm də X9 məlumat verilsə də, İddiaçı barəsində bugünədək yol verilmiş pozuntu halının aradan qaldırılması ilə bağlı hər hansı bir tədbir görülməmişdir. Məhkəmə qərarında İddiaçı müsahibədə iştirakla bağlı müraciətinə X10 tərəfindən imtina verilməsi məsələsinə toxunsa da, məsələyə münasibət bildirilməmiş, İddiaçı vakant inzibati vəzifələrin tutulması ilə bağlı elan edilən ümumi və daxili müsahibələrdə iştirak hüququnun tanınıb-tanınmamasına dair fikir bildirilməmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.5-ci maddəsinə görə hazırkı iddia növü müəyyənetmə haqqında iddiadır. İnzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati icraat qaydasında baxılır. Müəyyənetmə haqqında iddia hər hansı bir qeyri-müəyyən hüquqi vəziyyətin hüquqi cəhətdən məcburi qüvvəyə malik olmasının aydınlaşdırılmasına xidmət edir. İPM-in 36-cı maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər (36.1). Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər (36.2). Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər (36.3). Hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır (36.4). Müəyyənetmə haqqında iddia tələb hüququnun birbaşa həyata keçirilməsinə və ya hər hansı bir inzibati hərəkətdən qorunmağa xidmət etmir. Əksinə, bu cür iddia qaldırıldıqda, ön planda hər hansı bir hüquqi vəziyyətin aydınlaşdırılması məqsədilə bu və ya digər hüquq münasibətinin müəyyən edilməsi, yaxud hüquqi statusun tanınması durur. Beləliklə, iddiaçı publik hüquq münasibətinin mövcud olub-olmamasının müəyyənləşdirilməsini tələb edə bilər. Müəyyən etmə haqqında iddianın mümkün sayılması üçün növbəti şərt iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər marağının olmasıdır. Mövcud hüquq münasibəti üzrə müəyyən etmə marağı iddiaçının hüquqi vəziyyəti barədə onda yaranmış qeyri-əminlik və ya qeyri-müəyyənliklə bağlı olmalıdır. Hazırkı iş üzrə iddiaçı müvafiq hüquqi marağının mövcudluğu onun subyektiv hüquqa malik olmasını əsaslandırmış, dövlət qulluğu münasibətlərində olduğunu iddia etdiyi qurumu cavabdeh qismində seçmişdir, eləcə də hazırkı iddianın mümkünlüyünü istisna edən hallar mövcud deyil. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Bununla bağlı da Məhkəmə kollegiyası qeyd edir ki, müəyyən etmə haqqında iddia o zaman əsaslı sayılır ki, maddi hüququn müddəalarına əsasən, hüquq münasibəti ərizədə göstərildiyi kimi mövcud olsun və ya olmasın. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: «Dövlət qulluğu haqqında» Qanunun: - 16.1-ci maddəsinə görə dövlət qulluqçusunun ixtisas dərəcəsi onun ixtisas səviyyəsini göstərir, dövlət qulluqçusuna inzibati vəzifə tutmaq, vəzifə maaşına əlavə haqq almaq və sosial təminatlardan istifadə etmək hüququ verir. - 17.1-ci maddəsinin birinci hssəsinə görə ixtisas dərəcələri bu Qanunun 16- cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Həmin maddənin üçüncü hissəsinə görə ixtisas dərəcəsi verilərkən dövlət qulluqçusunun peşəkarlığı və idarəçilik təcrübəsi nəzərə alınır. «İnzibati icraat haqqında» Qanunun: - 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. - 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. - 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. - 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. - 67.4-cü maddəsinə görə qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. - 67.5-ci maddəsinə görə maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. - 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda (67.6.1), səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda (67.6.2), inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda(67.6.3). - 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. - 67.12-ci maddəsinə görə qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Azərbaycan Respublikasaı Prezidentinin 21 iyun 2006-cı il tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları»nın: - 2-ci bəndinə görə dövlət Reyestri Azərbaycan Respublikasının dövlət qulluqçuları (o cümlədən stajçı kimi və sınaq müddətinə qəbul edilmiş və dövlət qulluğuna xitam verilmiş şəxslər də daxil olmaqla) barədə məlumatları əks etdirən və Azərbaycan dilində aparılan dövlət mərkəzləşdirilmiş məlumat bankıdır. - 3-cü bəndinə əsasən Dövlət Reyestrinin yaradılmasında məqsəd dövlət qulluqçuları haqqında məlumatları toplamaq, təzələmək və təhlil etmək, onların qulluqda yüksəliş yolu ilə seçilməsi, yerləşdirilməsi, ixtisas dərəcələrinin artırılması məsələlərinin və dövlət qulluğu ilə bağlı digər məsələlərin həllində bu məlumatlardan istifadə etmək, müvafiq hallarda bu Qaydalarla və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada dövlət orqanlarını həmin məlumatlarla təmin etməkdir. - 12-ci bəndinə görə Dövlət Reyestrinə dövlət qulluqçusu haqqında məlumatların ilk dəfə daxil edilməsinə əsas bu şəxsin stajçı kimi dövlət qulluğuna qəbul edilməsidir. Aidiyyəti dövlət orqanı bu şəxs haqqında məlumatları Dövlət Reyestrini aparan dövlət qurumuna dövlət qulluğunda vəzifəyə (o cümlədən staj müddətinə) təyin edildikdən sonra on beş gün ərzində rəsmən təqdim etməlidir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd edir ki, İddiaçı 2008-ci ildə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsində dövlət qulluğu vəzifəsinə təyin olunmasına dair qəbul edilmiş inzibati akt, yəni Komitənin 10 oktyabr 2008-ci il tarixli, 156 “k” nömrəli əmri iddiaçıya müvafiq hüquq verdiyindən, əlverişli inzibati akt hesab olunur. Həmin əmrlərə münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, İddiaçı etimadın qanunla qorunması hüququna malikdir. İddiaçı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində dövlət qulluğu vəzifəsinə təyin olunduğu vaxtdan, yəni 2008-ci ildən qanunvericilikdə dövlət qulluqçuları üçün nəzərdə tutulmuş vəzifələri yerinə yetirmiş və hüquqlardan istifadə etmişdir, həmçinin dövlət qulluqçuları üçün nəzərdə tutulmuş təminatlardan, işlədiyi dövrdə ixtisas dərəcəsinə və qulluq stajına görə vəzifə maaşına əlavələr almış, eyni zamanda dövlət qulluqçuları üçün nəzərdə tutulmuş digər təminatlardan istifadə etmişdir. Sadalananlar, həmçinin İddiaçı ixtisas səviyyəsinin, peşəkar və təcrübəli dövlət qulluqçusu olmasının əlaməti kimi qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə məcmu halında qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, 3-cü şəxsin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs Azərbaycan Respublikasının X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5950/2022 saylı, 25 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar