Məhkəmə qərarları › İş №2-1(103)-265/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-265/2025

14.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-265/2025 14.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X6 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və işə bərpa olunma” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, 2-1(112)-480/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək işdən azad edilməyi barədə Azərbaycan Respublikasının Cavabdeh 1286/ş nömrəli, xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsi və işə bərpa edilməyi barədə qərar qəbul edilməsi tələbini irəli sürmüşdür. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2020-ci il tarixindən FHN-nin X3 və X7 Xidmətinin “Qızılqum” sularda xilasetmə məntəqəsinin matros-xilasedici daxili xidmət çavuşu kimi xidmətə başlamışdır. Xidmət etdiyi 1 il 8 ay müddətində heç bir nöqsana yol verməmiş və hər hansısa zərərli vərdişi (siqaret çəkmək, içki içmək, narkotik vasitələrdən istifadə və s.) olmamışdır. xx.xx.2021-ci il tarixində FHN-nin və idarənin bir qrup əməkdaşı xidmət etdiyi kollektivin narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinəsini keçirdilər. İddiaçı da kollektivlə birlikdə analiz verdi. Daha sonra Daxili Təhqiqat İdarəsinin əməkdaşı onun narkotik vasitədən istifadə etdiyi bildirdi. Lakin iddiaçı bu nəticə ilə razılaşmadığı üçün təkrar müayinənin keçirilməsini xahiş etmişdir. İddiaçı qeyd edir ki, xx.xx.2021-ci il tarixində Daxili Təhqiqat İdarəsinin əməkdaşı mayor Bayramov İlkin onu Patoloji Anatomiya Bürosuna apardı və Mətanət adlı şöbə rəisi ilə otaqda 10-15 dəqiqə danışdıqdan sonra ondan təkrar analiz götürdülər. Həmin vaxt iddiaçı şöbə rəisinə həm allergiya, həm də uroloji müalicə aldığını bildirdi. Bununla yanaşı qəbul etdiyi dərmanların adını qeyd edərək reseptin şəklini də göstərdi. Onlar verdiyi testin cavabının 10 gün müddətində çıxacağını bildirdilər və iddiaçı 10 gündən sonra cavabı öyrənmək üçün Patoloji Anatomiya Bürosuna yaxınlaşdı. Lakin hələ testin cavabının çıxmadığı, cavab çıxdığı zaman özlərinin göndərəcəyini qeyd etdilər. Bundan 44 gün sonra, yəni xx.xx.2021-ci il tarixində iddiaçını FHN-nin Daxili Təhqiqat İdarəsinin əməkdaşı Zalov Zaur dəvət etdi və analizin cavabında metamfetamin aşkar olunduğunu bildirdi. İddiaçı çıxan cavabla razılaşmayaraq etiraz etdi və yenidən tibbi müayinədən keçmək qərarına gəldi. xx.xx.2021-ci ildə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi”-nə, xx.xx.2021-ci ildə isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Bakı Şəhər Narkoloji Mərkəzi”nə müraciət edərək, tibbi müayinədən keçdi. Narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında müvafiq olaraq 2904 və 896 nömrəli aktlara əsasən heç bir narkotik vasitə və psixotrop maddə aşkarlanmadı. Lakin buna baxmayaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X9 13 avqust 2021-ci il tarixli, 1286/ş nömrəli əmri ilə iddiaçı fövqəladə hallar orqanlarından xaric edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, İddiaçı 17 yanvar 2020-ci il tarixdə daxili xidmət kiçik çavuşu rütbəsi verilməklə Cavabdeh X3 və X7 Xidmətinin “Qızılqum” sularda xilasetmə məntəqəsinin matros- xilasedicisi vəzifəsinə təyin edilmişdir. "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikasının Qanununun (bundan sonra-qanun) 24.3-cü maddəsinə əsasən peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 sentyabr tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti”nin 10-cu hissəsinə əsasən müdafiə, təhlükəsizlik, məhkəmə və hüquq mühafizə orqanlarında bütün növ peşə və vəzifələrdə çalışanlar nəzərdə tutulur. Göstərilənlərə əsasən, İddiaçı 27 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikasının Cavabdeh Tibb Xidmətinin Tibb Mərkəzində dövrü tibbi müayinədən keçirilmiş, müayinənin nəticələrinə əsasən onun ifrazat nümunəsində “Metamfetamin” narkotik maddəsi aşkar edilmişdir. Qeyd olunan müayinənin nəticələrinin yoxlanılması məqsədilə qanunamüvafiq olaraq, İddiaçı ixtisaslaşmış tibb müəssisəsində müayinəsinin təşkil edilməsi məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X12 28 iyul 2021-ci il tarixdə Nazirlik tərəfindən müraciət edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X10 həyata keçirilmiş yoxlamanın nəticəsində iddiaçıdan götürülmüş qan və ifrazat nümunəsinin tərkibində ifrazatında “Metamfetamin” narkotik maddəsi aşkar edilmişdir. Bununla da, Nazirlik tərəfindən keçirilmiş ilkin yoxlamanın nəticəsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X9 həyata keçirilmiş yoxlamanın nəticələrini özündə əks etdirən 13 avqust 2021-ci il tarixli 2219/K saylı məhkəmə-kimyəvi akt əsasında İddiaçı Azərbaycan Respublikası Cavabdeh 20 sentyabr 2021-ci il tarixli 1286/Ş nömrəli əmrinə əsasən fövqəladə hallar orqanlarından xaric edilmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 11 sentyabr 2021ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi”nə və 11 oktyabr 2021-ci il tarixdə isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Bakı Şəhər Narkoloji Mərkəzin”nə müraciət edərək narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının müəyyən edilməsi məqsədilə tibbi müayinədən keçmiş və onda heç bir narkotik vasitə və psixotrop maddə aşkarlanmamışdır. Lakin qeyd edilir ki, iddiaçı müayinədən həmin gün deyil, həmin tarixdən, yəni 28 iyul 2021-ci il tarixdən bir və iki ay sonra müayinədən keçmişdir. Bu da, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X13 tərəfindən həyata keçirilmiş yoxlamanın 13 avqust 2021-ci il tarixli nəticələrini mübahisələndirməyə əsas vermir. Bundan əlavə bildirilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin b) bəndinə əsasən işçi tərəfindən alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Qanunun 6.7-ci maddəsinə əsasən əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə narkoloji xəstələr üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olmağa məhdudiyyətlər qoyulur. Belə peşə növlərinin və vəzifələrin siyahısı və məhdudiyyətin müddəti Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 sentyabr tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti”nin 10-cu hissəsinə əsasən narkotik vasitə istifadəçilərinin müdafiə, təhlükəsizlik, məhkəmə və hüquq mühafizə orqanlarında bütün növ peşə və vəzifələrdə çalışmalarına yol verilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı iddiasının təmin edilməməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, 2-1(112)-480/2023 saylı qərarı ilə (hakim G.Sevdimalıyeva) iddianın təmin edilməsi, Nazirliyin X3 və X7 Xidmətinin “Qızılqum” sularda xilasetmə məntəqənin matros-xilasedicisi, daxili xidmət çavuşu İddiaçı fövqəladə hallar orqanlarından xaric edilməsi barədə Azərbaycan Respublikasının Cavabdeh üzrə 1286/ş nömrəli, xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsi və İddiaçı xidmətə bərpa edilməsi qərara alınmışdır Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı 27 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikasının Cavabdeh Tibb Xidmətinin Tibb Mərkəzində dövrü tibbi müayinədən keçirilmiş, müayinənin nəticələrinə əsasən onun sidiyində “Metamfetamin” narkotik maddəsi aşkar edilmişdir (bu barədə İddiaçı oqlu müayinənin nəticəsi ilə tanış olmuş və imza etmişdir). Qeyd olunan müayinənin nəticələrinin yoxlanılması məqsədilə qanunamüvafiq olaraq, İddiaçı ixtisaslaşmış tibb müəssisəsində müayinəsinin təşkil edilməsi məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X12 28 iyul 2021-ci il tarixdə Nazirlik tərəfindən müraciət edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X10 həyata keçirilmiş yoxlamanın nəticəsində iddiaçıdan götürülmüş qan və sidik nümunəsinin tərkibində sidikdə “Metamfetamin” narkotik maddəsi aşkar edilmişdir. Bununla da, Nazirlik tərəfindən keçirilmiş ilkin yoxlamanın nəticəsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X9 həyata keçirilmiş yoxlamanın nəticələrini özündə əks etdirən 13 avqust 2021-ci il tarixli 2219/K saylı məhkəmə-kimyəvi akt əsasında İddiaçı Azərbaycan Respublikası Cavabdeh 20 sentyabr 2021-ci il tarixli 1286/Ş nömrəli əmrinə əsasən fövqəladə hallar orqanlarından xaric edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Cavabdeh 20 sentyabr 2021-ci il tarixli 1286/Ş nömrəli əmri tam qanuni və əsaslıdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2024-cü il tarixli, 2- 1(103)-620/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh inzibati orqan həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1452/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2024-cü il tarixli, 2-1(103)-620/2024 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi, cavabdehin kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə etirazlarını bildirərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, Ali Məhkəmənin qərarında əksini tapmış müvafiq göstərişləri nəzərə alaraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan; -Azərbaycan Respublikası Cavabdeh Tibb Xidməti Mərkəzi tərəfindən xx.xx.2021-ci il tarixdə keçirilmiş ifrazatında narkotestlərin təyini analizinə əsasən, İddiaçı tərəfindən metamfetamin (MET) istifadə olunması aşkar olunmuşdur. -Əmrin verilməsi üçün əsas olan sənəd qismində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X13 tərəfindən hazırlanmış aktdan görünür ki, xx.xx.2021-ci il tarixli 12/xx-xx/02519 №li göndərişə əsasən xidməti zərurətlə əlaqədar Cavabdeh X3 və X7 Xidmətinin “Qızılqum” sularda xilasetmə məntəqəsinin matrosxilsedici, daxili xidmət siravisi İddiaçı müayinədən keçirtməklə qan və sidik nümunələrində narkotik vasitə, psixotrop, uyuşdurucu və kefləndirici maddələr olub-olmaması yoxlanılmışdır. Məhkəmə-kimyəvi ekspertizasının nəticəsinə əsasən, İddiaçı götürülmüş qan və ifrazat nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan “Metamfetamin” aşkar edilmişdir. -İddiaçı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X13 tərəfindən hazırlanmış aktla tanış olmuş və məhkəmə-kimyəvi ekspertizanın nəticəsilə razı olmadığını bildirmişdir. -Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş “Narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında” 2904 nömrəli Akta əsasən, İddiaçı OPİ, MET, AMP, MTD, COC, TUC, EDD, BZO, BAR, PCP, TML aşkar edilməmişdir. -Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Bakı Şəhər Narkoloji Mərkəzi” tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında” 896 nömrəli Akta əsasən, İddiaçı AMP (-), COC (-), TUC (-), OPİ (-), BZO (-), BAR (-), MET (-), MTD (-) mənfi aşkar olunmuşdur. -Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(112)-11570/21 saylı sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X13 tərəfindən məhkəməyə ünvanlanan məktubda qeyd olunur ki, narkotik maddələrin orqanizmdən xaric olma müddəti bir çox faktorlardan asılıdır (yaş, çəki, piy qatı, fiziki hərəkət). Ən başlıca faktor isə şəxsin nə qədər uzun müddət narkotik vasitələrdən istifadə etməsidir. Çünki bir çox narkotik vasitələr insan orqanizmində (qaraciyər və piy toxumalarında) yığılma xüsusiyyətlərinə malikdir. İnsan orqanizmin fəaliyyəti nəticəsində qaraciyərdən və piy toxumasından depoya yığılan maddələr vaxtaşırı qana buraxılır. Qanın vasitəsilə bu maddələr bədənin ifrazat sisteminə daxil olaraq orqanizmindən xaric olurlar. Bu proses isə narkotik vasitələri şəxs qəbul etməyi dayandırdıqdan sonra da davam edir. Bu prosesin müddəti hər bir orqanizm üçün fərdidir. -Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)-3220/22 saylı sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış məktubda qeyd olunur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş istifadə təlimatına əsasən, Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş “Kenasef", “Lebel”, “Flukonazol”, “Lavomaks” və “Trixapol” adlı dərman vasitələrinin istifadəsi nəticəsində qanda “metamfetamin” maddəsinin yaranması mümkün hesab olunmur. -İddiaçının vəsatəti əsasında verilmiş məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)- 3220/22 saylı sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış məktubda qeyd olunur ki, Noref - təqdim olunan istifadə üzrə təlimat və qablaşma eskizi üzərində olan ilkin məlumata əsasən məhsul həzm sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan bioloji fəallığa malik qida əlavəsidir. Həmin məhsulun real tərkibi istifadə üzrə təlimat və qablaşma eskizi üzərində göstərilən məlumatlar kimidirsə, istifadə nəticəsində qanda “metafetamin” maddəsinin yaranması mümkün deyil. Məktubda qeyd olunan 7 adda dərman vasitəsi barəsində internet resursları vasitəsi ilə elmi ədəbiyyatlardan əldə olunmuş məlumatlar əsasında nəticə; 1. Fenibuttablet- istifadə nəticəsində qanda “metamfetamin” maddəsi yaranmır. 2. Amitriptilin tablet - istifadə nəticəsində qanda “metamfetamin" maddəsi yaranmır. 3. Dorepam tablet - istifadə nəticəsində qanda “metamfetamin” maddəsi yaranmır. 4. Milqamma tablet - istifadə nəticəsində qanda “metamfetamin” maddəsi yaranmır. 5. Maqne B6 tablet - istifadə nəticəsində qanda “metamfetamin” maddəsi yaranmır. 6. Bisoqamma tablet - istifadə nəticəsində qanda “metamfetamin” maddəsi yaranmır. 7. Ornazar tablet istifadə nəticəsində qanda “metamfetamin” maddəsi yaranmır. -Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı narkotik vasitədən istifadə edib-etməməsinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizasının həyata keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Elmi-Təcrübi və Tədris Birliyinin ekspertlərinə həvalə edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2” X9 xx.xx.2022-ci il tarixli, 3627/K saylı məhkəmə-kimyəvi Rəyində qeyd olunur ki, “İddiaçı götürülmüş qan və ifrazat nümunələrinə aid ekspert qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakılar bildirilmişdir: “xx.xx.1999-cu il təvəllüdlü İddiaçı qan və idrar nümunələrinin narkotik, psixotrop, uyuşdurucu və kefləndirici maddələrdən meyilliyinin yoxlanması. - Sualınıza cavab olaraq bildirirəm ki, narkotik, psixotrop, uyuşdurucu və kefləndirici maddələrin təyini üçün göndərilmiş qan və ifrazat nümunələri məhkəmə-kimyəvi tədqiqat başa çatdıqdan sonra Əsasnaməyə əsasən müəyyən edilmiş müddət ərzində məhkəmə kimya şöbəsinin arxivində saxlanılır. Saxlama müddəti bitdikdən sonra qan və sidik nümunələri aktlaşdırılaraq məhv edilir. Narkotik, psixotrop, uyuşdurucu və kefləndirici maddələrin meyilliyinin yoxlanılması üçün vətəndaş İddiaçı götürülmüş qan və sidik nümunələrinin götürülmə tarixindən (xx.xx.2021-ci il saat 10:39) 1 il 2 ay keçdiyindən maddi sübutlar aktlaşdırılaraq məhv edilmişdir. Bu səbəbdən də vətəndaş İddiaçı götürülmüş qan və ifrazat nümunələrində yenidən məhkəmə-kimyəvi tədqiqat aparmaq mümkün deyil. - xx.xx.1999-cu il təvəllüdlü İddiaçı xx.xx.2020-ci il tarixindən sonrakı dövr üçün narkotik vasitələrdən istifadə etməsinin müəyyənləşdirilməsi mümkündürmü? Əgər mümkündürsə, istifadə etmişdirmi? - Sualınıza cavab olaraq bildirirəm ki, narkotik vasitə, psixotrop, uyuşdurucu və kefləndirici maddələrin təyininin yoxlanılması üçün vətəndaş İddiaçı xx.xx.2021-ci il tarixdə məhkəmə-kimya şöbəsində götürülmüş qan və ifrazat nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan metamfetamin aşkar edilmişdir. Fenilalkilamin qrupunun törəməsi olan metamfetamin insan orqanizminə intranazal, inqalyasiya, peroral və inyeksiya yolu ilə daxil olduqdan dərhal sonra qana sorulur və qəbuldan 3-6 saat sonra pik həddə çatır. Metamfetaminin istifadə faktını qanda 8-12 saatdan sonra təsdiqləmək olar. Qəbul edilən metamfetaminin təxminən 70%-i birinci sutkada, 90%-i isə 4 sutka ərzində sidik ilə ifraz olunur. Metamfetaminin izlərini sidikdə bir həftə ərzində aşkar etmək olar. xx.xx.2020-ci il tarixindən sonrakı dövr üçün narkotik vasitələrdən istifadə etməsinin müəyyənləşdirilməsi kimyaçı-ekspertin səlahiyyətində olmaması səbəbindən cavablandırmaq mümkün deyil. Ən başlıca faktor isə şəxsin nə qədər uzun müddət narkotik vasitələrdən istifadə etməsidir. Çünki bir çox narkotik vasitələr insan orqanizmində (qaraciyər və piy toxumalarında) yığılma xüsusiyyətlərinə malikdir. İnsan orqanizmin fəaliyyəti nəticəsində qaraciyərdən və piy toxumasından depoya yığılan maddələr vaxtaşırı qana buraxılır. Qanin vasitəsilə bu maddələr bədənin ifrazat sisteminə daxil olaraq orqanizmindən xaric olurlar. Bu proses isə narkotik vasitələri şəxs qəbul etməyi dayandırdıqdan sonra da davam edir. Bu prosesin müddəti hər bir orqanizm üçün fərdidir. - xx.xx.1999-cu il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixində narkotik vasitə istifadə etdiyi halda xx.xx.2021-ci il tarixə və ya xx.xx.2021-ci il tarixədək orqanizimdən narkotik maddələrin xaric olması mümkündürmü? - Sualınıza cavab olaraq bildirirəm ki, İddiaçı xx.xx.2021-ci il tarixində narkotik vasitə istifadə etdiyi halda xx.xx.2021-ci il tarixə və ya xx.xx.2021-ci il tarixədək orqanizimdən narkotik maddələrin xaric olması istifadə etdiyi narkotik maddənin növündən və epizodik və mütəmadi istifadədən asılıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2” X9 xx.xx.2023-cü il tarixli, 1224/K saylı məhkəmə-kimyəvi Rəyində qeyd olunur ki, İddiaçı götürülmüş qan və sidik nümunələrində barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. İşin faktiki hallarından məlum olur ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı işdən azad edilməyi barədə Azərbaycan Respublikasının Cavabdeh 1286/ş nömrəli, xx.xx.2021ci il tarixli əmrinin ləğv edilməsi və işə bərpa edilməsinə yönəlmişdir. İddiaçı 27 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikasının Cavabdeh Tibb Xidmətinin Tibb Mərkəzində dövrü tibbi müayinədən keçərkən, müayinənin nəticələrinə əsasən onun analizlərində “Metamfetamin” narkotik maddəsi aşkar edilmiş və o həmin nəticə ilə tanış olaraq imza etmiş, lakin analizin cavabı ilə razı olmadığını qeyd etmişdir. Bundan sonra, iddiaçıdan 28 iyul 2021-ci il tarixdə yenidən analiz nümunəsi götürülmüş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi-Ekspertiza və X4” X13 tərəfindən keçirilmiş ekspertiza nəticəsində yenidən “Metamfetamin” aşkar edilmişdir. Bu barədə müvafiq akt tərtib olunmuş və xx.xx.2021-ci ildə iddiaçıya göndərilmiş, iddiaçı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X13 tərəfindən hazırlanmış aktla tanış olmuş və məhkəmə-kimyəvi ekspertizanın nəticəsilə razı olmadığını bildirmişdir. Hazırda mübahisələndirilən əmrin verilməsi üçün əsas yuxarıda qeyd olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X13 tərəfindən hazırlanmış akt çıxış edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2021-ci il tarixində götürülmüş analizin nəticələri ilə xx.xx.2021-ci il tarixdə tanış olmuşdur. Qeyd olunan tarixlər arasındakı dövrdə iddiaçının analizlərdə narkotik vasitənin aşkar olunduğundan məlumatı olmadığı üçün müvafiq müdafiə vasitələrindən dərhal (“isti izlərlə”) istifadə etmək imkanı da olmamışdır. İddiaçı nəticələrlə tanış olduqdan sonra isə dərhal təkrar müayinələrdən keçmiş (xx.xx.2021-ci il tarixdə, daha sonra təkrarən xx.xx.2021-ci il tarixdə) və müayinələrdə narkotik vasitənin aşkar olunmadığı müəyyən edilmişdir. Bundan əlavə, qeyd edilmişdir ki, məhkəmənin xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli qərardadları əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X13 tərəfindən keçirilmiş məhkəmə-tibbi ekspertizalarının nəticələrinə əsasən də iddiaçıdan götürülmüş nümunələrdə narkotik vasitə aşkar edilməmişdir. “Fövqəladə hallar orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 31.5-ci maddəsində fövqəladə hallar orqanlarından xaric etmə intizam tənbehinin tətbiqinin konkret əsasları: - vəzifələrin icrası zamanı qanunvericiliyə uyğun olaraq kobud pozuntulara, - habelə bu Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş, xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilməsi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, həmin halların mövcudluğu mübahisələndirilən qərarda əsaslandırılmamışdır. Belə ki, müvafiq qərarla qurumda fəaliyyət məhdudiyyəti məhz narkoloji xəstələr üçün müəyyən edilmiş, iddiaçının narkoloji xəstə, yəni narkomanlıq və ya toksikomanlıq diaqnozu təyin edilmiş şəxs olması müəyyən edilməmiş, eləcə də iddiaçı fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinədən keçməkdən imtina etməmişdir. Əksinə, sonradan qeyd edilən halın təkzibi üçün dəfələrlə müayinədən keçmiş, eləcə də həmin hal məhkəmə tərəfindən keçirilmiş məhkəmə-tibb ekspertizasının rəyi ilə də təkzib olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1452/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının 35-42-ci bəndlərində qeyd edilmişdir ki; - 35. Azərbaycan Respublikası Cavabdeh Tibb Xidməti Mərkəzi tərəfindən xx.xx.2021-ci il tarixdə keçirilmiş narkotestlərin nəticəsində iddiaçı tərəfindən metamfetamin (MET) istifadə olunması aşkar olunmuşdur. İddiaçı dərhal həmin nəticə ilə tanış olmuş, lakin analizin cavabı ilə razı olmadığını qeyd edərək aktın nəticəsini imzalamışdır. -36. Göründüyü kimi, iddiaçı artıq xx.xx.2021-ci il tarixdə ilk analizində narkotik vasitənin aşkar edilməsi barədə məlumatı olmuşdur. -37. Bu səbəbdən apellyasiya məhkəməsinin iddiaçının müdafiə vasitələrindən dərhal (“isti izlərlə”) istifadə etmək imkanının olmaması barədə dəlili əsaslı hesab edilə bilməz. -38. Bundan əlavə, iddiaçı tələbinin əsası kimi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” tərəfindən xx.xx.2021-ci il tarixdə və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Bakı Şəhər Narkoloji Mərkəzi” tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş Aktlara istinad edərək qeyd etmişdir ki, həmin aktlara əsasən onda heç bir narkoloji və psixotrop vasitə aşkar edilməmişdir. -39. Bununla bağlı qeyd edilməlidir ki, işə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2” X9 xx.xx.2022-ci il tarixli, ekspert rəyində qeyd edilmişdir ki, “Fenilalkilamin qrupunun törəməsi olan metamfetamin insan orqanizminə intranazal, inqalyasiya, peroral və inyeksiya yolu ilə daxil olduqdan dərhal sonra qana sorulur və qəbulundan 3-6 saat sonra pik həddə çatır. Metamfetaminin istifadə faktını qanda 8-12 saatdan sonra təsdiqləmək olar. Qəbul edilən metamfetaminin təxminən 70%-i birinci sutkada, 90%-i isə 4 sutka ərzində sidik ilə ifraz olunur. Metamfetaminin izlərini sidikdə bir həftə ərzində aşkar etmək olar.” -40. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixdə olan analiz nəticələrində narkotik vasitənin aşkar edilməməsi onun xx.xx.2021-ci il tarixdən, yəni onda narkotik vasitənin aşkar edilməsindən sonra narkotik vasitədən istifadə etməməsi anlamına gələ bilər, lakin bu hal onun xx.xx.2021-ci il tarixədək narkotik vasitədən istifadə etməsini istisna etmir. -41. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi yuxarıda qeyd edilən nəticəyə gələrkən işin araşdırılması üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda, bunu etməmiş, bununla da hazırkı qərarın 26 (a) bəndində göstərilən prosessual hüquq normalarının tələblərini pozmuşdur. - 42. Bu səbəbdən apellyasiya məhkəməsinin 18 yanvar 2024-cü il tarixli qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Cavabdeh Tibb Xidməti Mərkəzi tərəfindən xx.xx.2021-ci il tarixdə təyin edilmiş narkotestlərin nəticəsinə sübut kimi qiymət verməli və bundan sonra qanuni və əsaslı qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cavabdeh Tibb Xidməti Mərkəzi tərəfindən xx.xx.2021-ci il tarixdə keçirilmiş ifrazatında narkotestlərin təyini analizinə əsasən, İddiaçı tərəfindən metamfetamin (MET) istifadə olunması aşkar olunmuşdur. İddiaçının dərhal deyil, bundan kifayət qədər uzun müddət keçəndən sonra xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixlərdə olan analiz nəticələrində narkotik vasitənin aşkar edilməməsi onun xx.xx.2021-ci il tarixədək narkotik vasitədən istifadə etməsini istisna etmir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyini nəzərə alıb, işin hallarına qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərək mübahisələndirilən əmri ləğv edərkən yanlış nəticəyə gəlmişdir. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanun: Maddə 10. Fövqəladə hallar orqanları əməkdaşlarının vəzifələri 10.0. Fövqəladə hallar orqanları əməkdaşları aşağıdakı vəzifələri yerinə yetirməyə borcludurlar: ... 10.0.3. fövqəladə hallar orqanlarının digər işçilərinin işini çətinləşdirən, yaxud fövqəladə hallar orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməyə; ... 10.0.10. etik davranış və intizam qaydalarına əməl etməyə; Maddə 31.1. Fövqəladə hallar orqanlarının əməkdaşı bu Qanunun 10-cu və 11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: ... 31.1.8. fövqəladə hallar orqanlarından xaric etmə; “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının xx.xx.2001-ci il tarixli 161-İİQ nömrəli Qanunu: Maddə 1.0. Bu Qanunda aşağıdakı anlayışlardan istifadə edilir: 1.0.4. Narkoloji xəstə - insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsi nəticəsində inkişaf etmiş asılılıq vəziyyətində olan və ya şüur pozuntusu, o cümlədən psixi və davranış pozuntuları ilə müşahidə olunan, barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada alkoqolizm, narkomanlıq və ya toksikomanlıq diaqnozu təyin edilmiş şəxsdir; 1.0.11. Narkoloji tibb müəssisəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yaradılmış və narkoloji yardım sahəsində fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisəsidir; Maddə 10. Tibbi yoxlama (narkoloji xəstəliyin diaqnozunun müəyyən edilməsi) 10.1. Tibbi yoxlama şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada narkoloji tibb müəssisələrində həyata keçirilir. 10.2. Tibbi yoxlamanın aparılması üçün şəxs könüllü olaraq müraciət etdikdə narkoloji xəstəliyin diaqnozu həkim-narkoloq tərəfindən müəyyən olunur. Tibbi yoxlama təhqiqat, istintaq orqanlarının və ya məhkəmənin qərarı əsasında aparıldıqda narkoloji xəstəliyin diaqnozu həkim-məsləhət komissiyası tərəfindən müəyyən edilir. 10.3. Şəxsin tibbi yoxlamadan keçməsi haqqında həkim-məsləhət komissiyasının tərtib etdiyi rəydə onun narkoloji xəstəliyə düçar olub-olmaması, düçar olduğu halda xəstəliyin növü, mərhələsi və bununla əlaqədar müalicəyə ehtiyac dərəcəsi əks etdirilməlidir. 10.4. Təhqiqat, istintaq orqanları və ya məhkəmənin qərarı əsasında aparılan tibbi yoxlamanın xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. 10.5. Narkoloji xəstəliyin diaqnozunun müəyyən edilməsi məqsədilə aparılan müayinə nəticəsində şəxsin narkotik vasitələri və psixotrop maddələri istehlak etməsi müəyyən edildikdə bu barədə məlumat narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə dair ümummilli məlumat bankına verilməlidir. 10.6. Tibbi yoxlamanın aparılması qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 24. Narkoloji nəzarətin təmin edilməsinə yönəldilmiş xüsusi tədbirlər 24.3. Əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər (bu Qanunun 24.4-cü maddəsində göstərilən şəxslər istisna olmaqla) işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər. Bu şəxslərin müayinədən keçməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi” Qaydası

1. Əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər (“Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 24.4-cü maddəsində göstərilən şəxslər istisna olmaqla) işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər.

2. Göstərilən şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçirilmələri aidiyyəti idarə və ya müəssisələrin rəhbərləri tərəfindən təmin olunmalıdır.

3. Göstərilən şəxslərin tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi üçün aidiyyəti idarə və ya müəssisə rəhbərinin göstərişi əsasdır.

5. Dövlət narkoloji tibb müəssisəsi tərəfindən tibbi müayinə (tibb yoxlama) haqqında rəy tərtib edilməli, onun əsli isə işə götürən idarəyə və ya müəssisəyə göndərilməli və işçinin şəxsi işinə tikilməlidir. İşçinin vaxtlı-vaxtında tibbi müayinə (tibi yoxlama) keçməsi təmin olunmalıdır.

6. Dövlət narkoloji tibb müəssisəsi tərəfindən tibbi müayinə (tibbi yoxlama) haqqında verilən rəydə şəxsin narkoloji xəstəliyə düçar olub-olmaması və ya insan psixikasına təsir edən maddələrin qəbulu faktının aşkar olunması, zərurət olduqda isə laborator tədqiqatlarının nəticələri əsasında həmin maddələrin növü barədə məlumatlar əks olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasında düzgün olaraq həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipi pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, mövcud vəziyyətdə cavabdeh kimi göstərilən inzibati orqanın hərəkətlərində hər hansı qanunsuzluq olmamış, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hər hansı hüquqları və qanunla qorunan mənafeləri pozulmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, 2-1(112)-480/2023 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.

Nəticəvi hissə:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, 2-1(112)-480/2023 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və işə bərpa olunma” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar