Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2650/2022 04.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, X3 qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5091/2022 saylı, 06 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 127 nömrəli sərəncamına uyğun olaraq ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka dair İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-5091/2022 saylı, 06 aprel 2022ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilən zaman göstərilən mənzildə yenidənqurma işləri aparılaraq əlavə sahə inşa edilmişdir. Həmin əlavə sahə binada birdən artıq sahəyə xidmət üçün nəzərdə tutulan, ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus sahələrdir. Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi, 106/44a (Yeni qaydalarla: AZ 1052, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 59.09 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Qeyri-yaşayış sahəsinin ümumi ölçüsü faktiki olaraq 149,4 kv.m təşkil edir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra - çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İşdə olan: - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi, ev 106/44a (Yeni qaydalarla: AZ 1052, ünvan 3 İddiaçı xüsusi mülkiyyətindədir - Nərimanov Rayon İcra Hakimiyyəti məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2022-ci il tarixli 1/113 nömrəli məktubla Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 127 №-li xx.xx.2021-ci il tarixli sərəncamının və sərəncamın verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətini məhkəməyə göndərmişdir. - Nərimanov Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Mənzil-Məişət Məsələləri üzrə İdarələrarası Komissiyasının Texniki Rəyində göstərilmişdir: “Komissiya üzvləri tərəfindən ünvanda aparılan ölçmə zamanı aşkar edilmişdir ki, sözügedən mənzilin mövcud vəziyyətdə təqdim olunmuş eskiz layihəsinə uyğun olaraq faktiki ümumi sahəsi 150,0 kv.m təşkil edir. Ümumi sahədəki fərq, mənzildə aparılmış təmir-tikinti və rekonstruksiya işləri səbəbindən yaranmışdır. Hal hazırda mənzildən qeyri-yaşayış sahəsi kimi istifadə olunur və qonşu mənzillərdən təcrid olunmuş ayrıca giriş-çıxışı vardır. Bakı Şəhər Nərimanov RİH nəzdində fəaliyyət göstərən Mənzil-məişət məsələləri üzrə İdarələrarası Komissiya yuxarıdakıları nəzərə alaraq qərara alır: Komissiya, vətəndaşın xahişini, təqdim edilmiş sənədləri və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 20 və 21-ci maddələrini nəzərə alaraq, vətəndaş İddiaçı məxsus Y.V.Çəmənzəminli küçəsi 106/44a №-li evin 2 №- li mənzilinin, ümumi sahəsi 150,0 kv.m ölçülər daxilində qeyriyaşayış sahəsinə keçirilməsini məqsədəuyğun hesab edir.” - Nərimanov Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Mənzil-Məişət Məsələləri üzrə İdarələrarası Komissiyasının xx.xx.2021-ci il tarixli Qəbul Aktında göstərilmişdir: “Komissiya, vətəndaşın xahişini, təqdim edilmiş sənədləri və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 20 və 21-ci maddələrini nəzərə alaraq, vətəndaş İddiaçı məxsus Y.V.Çəmənzəminli küçəsi 106/44a №-li evin 2 №-li mənzilinin, ümumi sahəsi 150,0 kv.m. ölçülər daxilində qeyri-yaşayış sahəsinə keçirilməsini məqsədəuyğun hesab edir.” - Nərimanov Rayonu İcra Hakimiyyəti başçısının 127 nömrəli xx.xx.2021-ci il tarixli Sərəncamında Nərimanov RİH-in nəzdində fəaliyyət göstərən Mənzil-Məişət Məsələləri üzrə idarələrarası Komissiyanın rəyi təsdiq edilərək, vət. İddiaçı məxsus, Y.V.Çəmənzəminli küçəsi 106/44a №-li evin 85 №-li mənzilinin ümumi sahəsi 150,0 kv.m. hesab edilərək qeyri-yaşayış sahəsinə keçirilməsi göstərilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyətinin İddiaçı ünvanladığı bildirişdən görünür ki, Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən Y.V.Çəmənzəminli küçəsi 106/44a №-li evin 85 №-li mənzilində yerləşən, ümumi sahəsi 150,0 kv.m olan yaşayış sahəsinin qeyriyaşayış sahəsi kimi istifadə olunması məqsədi ilə təyinatın dəyişdirilməsi barədə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş sənədlərə baxılaraq, sahənin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi barədə xx.xx.2021-ci il tarixli 127 saylı sərəncam qəbul edilmişdir. Hazırki iddia tələbi üzrə iddiaçı qeyd edilən sərəncama uyğun olaraq ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka dair onun mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdeh qurumun üzərinə qoyulmasını tələb edir. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına düzgün qiymət verilməmişdir. AR İPM-in 12.1-ci madddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Birinci instansiya məhkəməsi AR MM-in 20, 21-ci maddələrinə istinad edərək nəticəsini onunla əsaslandırmışdır ki, “... Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəminzəminli küçəsi, ev 106/44 a ünvanında İddiaçı məxsus 85 saylı mənzilin qeyri-yaşayış sahəsinə keçirilən sahədə (mənzildə) yenidənqurma və ya yenidən planlaşdırma işlərinin görülməsinə icazə verilməsinə dair səlahiyyətli orqanın qərarının, eləcə də həmin işlərin təsdiq edilməsinə dair sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktının mövcud olması, həmin mənzilin yaşayış sahəsindən qeyriyaşayış sahəsinə keçirilməsi haqqında Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2021ci il tarixli 127 nömrəli Sərəncamının mövcud olması, həmçinin Mənzil Məcəlləsinin 20.2-ci maddəsində sadalanmış yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilməyən halların hazırkı iş üzrə mövcud olmaması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, hazırkı iddia tələbi əsaslıdır və təmin edilməlidir.” Kollegiya bildirir ki, məhkəmə maddi hüquq normalarının tələbləri baxımından işin hallarına hərtərəfli yanaşmamışdır. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnaməyə görə, Xidmət aşağıdakı vəzifələri yerinə yetirir: 3.0.19. yaşayış fondundan qeyri-yaşayış fonduna və ya əksinə keçirilmiş daşınmaz əmlak obyektləri barədə məlumatları dövlət reyestrinə daxil etmək; Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti haqqında Əsasnaməyə görə, Xidmətin vəzifələri aşağıdakılardır: 3.0.18. daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.19. daşınmaz əmlakın kadastr uçotuna alınmasını təmin etmək, daşınmaz əmlakın vahid dövlət kadastrını, dövlət torpaq kadastrını və onun tərkib hissəsi olan torpaq reyestrini tərtib etmək və aparmaq, daşınmaz əmlakın kadastr qiymətinin müəyyən edilməsi sahəsində tədbirlər görmək; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; ... AR Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. İşdən aydındır ki, Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəminzəminli küçəsi, ev 106/44 a ünvanında yerləşən ümumi sahəsi 59,9 kv.m olan 85 №li mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İddiaçının müvafiq müraciətindən sonra Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti nəzdində fəaliyyətdə olan mənzil məsələləri üzrə komissiyanın üzvləri tərəfindən mübahisəli mənzilə yerində baxış keçirilərkən mənzildə yenidənqurma işlərinin aparılması, qonşu mənzillərdən təcrid olunmuş ayrıca girişçıxışının olması müəyyən edilmiş, komissiya mənzilin mövcud vəziyyətdə qeyri-yaşayış sahəsinə keçirilməsini mümkün hesab edərək texniki rəy vermişdir. Həmin rəyə əsasən Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti başçısı tərəfindən iddiaçıya məxsus mübahisəli mənzildə aparılmış yenidənqurma işləri və sözügedən mənzildən qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün texniki şəraitin mövcud olmasını nəzərə alınaraq, mövcud ölçülərdə sənədləşdirilməsi və mənzilin 150 kv.m ölçüdə qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncam verilmişdir. Bundan sonra iddiaçı yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncama uyğun olaraq hüququn qeydə alınması və çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə həm ilkin imtina məktubunda, həm də apelyasiya şikayətində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin əsası kimi 2 halı qeyd etmişdir: mənzildə yenidənqurma işləri aparılaraq inşa edilən əlavə sahəyə dair hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir; həmin sahənin binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus sahədə yerləşir. Cavabdeh orqan imtinasında hüququn qeydə alınmamasının faktiki əsasını bildirmiş, lakin birinci instansiya məhkəməsi cavabdehin dəlili ilə bağlı araşdırma aparmamış, iddiaçının təqdim etdiyi rayon icra hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 127 nömrəli sərəncamının məzmununa münasibət bildirməmişdir. 127 nömrəli sərəncamda iddiaçının mülkiyyətində olan xx.xx.2021-ci il tarixli çıxarışa əsasən ümumi sahəsi 59,9 kv.m olaraq qeydiyyata alınmış 85 saylı mənzilin faktiki sahəsi 150 kv.m. hesab edilərək qeyri-yaşayış sahəsinə keçirilməsi, ümumi sahədəki fərqin mənzildə aparılmış təmir-bərpa və rekonstruksiya işləri səbəbindən yaranması, mənzilin ümumi sahəsinin 150 kv.m ölçülər daxilində qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədəuyğun hesab edilməsi qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xüsusi mülkiyyətində olan 85 saylı mənzilin Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəminzəminli küçəsi, ev 106/44 a (indiki ünvan 3 saylı 5 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşməsi və hazırda həmin mənzilin qeydiyyata alınmış 59,9 kv.m sahəsindən əlavə 90,1 kv.m sahənin də qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınmasının tələb edildiyi işin faktiki halıdır. Kollegiya bildirir ki, çıxarışda əks olunan 59,9 kv.m ilə hazırda qeydiyyatı tələb olunan 150 kv.m-in fərqi, yəni 90,1 kv.m sahənin əvvəlcə kimə, hansı hüquqi əsaslarla məxsus olması və kimdən, hansı qaydada, hansı əsasla əldə olunmasını və yaxud mövcud qanunvericiliyin tələblərunə uyğun inşa edilməsini təsdiq edən hüquqi sənəd təqdim olunmalıdır ki, bu sənədlər də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi ilə tənzimlənmişdir. İddiaçı həmin sahəyə dair hüquq müəyyənedici sənəd kimi Nəsimi RİH başçısının xx.xx.2021-ci il tarixli 127 nömrəli sərəncamına istinad edir ki, həmin inzibati aktda 90,1 kv.m sahə fərqinin hüquqi əsasları göstərilməmişdir. Göründüyü kimi qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Lakin işdən görünür ki, sözügedən qeyri-yaşayış sahəsinə münasibətdə istinad edilən Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud deyil və iddiaçı cavabdeh inzibati orqana müraciət edərkən belə əsaslardan heç birini təqdim etməmişdir. İddiaçı hazırkı məzmunda iddiasının təmin olunması üçün yenidənqurma və rekonstruksiya işlərinin aparılması üçün müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihəni, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarını, qeyri-yaşayış sahəsinin istismara qəbul aktını təqdim etməli olduğu halda bunu etməmişdir. İddiaçının təqdim etdiyi sərəncam və qəbul aktı (mənzillərin ölcülərinin dəqiqləşdirilməsinə dair) isə hüquqi təbiətinə görə yuxarıda sadalanan hüquqmüəyyənedici sənədləri əvəz edə bilməz. Bundan əlavə, mübahisənin mühüm məqamı ondan ibarətdir ki, iddiaçının hüquq əldə tmək istədiyi sahənin bir hissəsi birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus sahədə yerləşir. Birinci instansiyası məhkəməsi isə iddia tələbinin təmin edərkən, İPM-in 12 və 58-ci maddələrinin tələblərinə uyğun olaraq 90,1 kv.m sahənin əvvəllər dövlətə, yaxud hər hansı digər şəxslərə məxsus olmasını müəyyən etməmiş, həmin sahənin binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus olmasını nəzərə almamış, bununla bağlı işin faktiki halına hüquqi qiymət verməmişdir. Bunun əksinə, işə apelyasiya qaydasında baxılarkən aparılan məhkəmə araşdırması zamanı, həm tərəflərin izahatlarından, həm də işdə olan mübahisəli sahənin əvvəlki və faktiki halına dair tərtib edilmiş planından (texniki paport, müayina aktına əlavə edilmiş tikinti planı) aydın görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan 59,9 kv.m mənzildən əlavə, hazırda adına qeydiyyata alınmasını tələb etdiyi 90,1 kv.m. sahə 5 mərtəbəli yaşayış binasının sakinlərinin ümumi paylı mülkiyyətindədir. AR MM-in 35.2-ci maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. 35.3-cü maddəsinə əsasən, çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir. 35.4-cü maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərara əsasən çoxmənzilli binada ümumi mülkiyyət obyektləri digər şəxslərin istifadəsinə verilə bilər, bu şərtlə ki, belə qərar vətəndaşların və hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmasın. Mübahisəli işin hazırki hallarından isə ümumi paylı mülkiyyətdə olan 90,1 kv.m. sahənin yuxarıda qeyd edilən normaların tələblərinə uyğun olaraq istər iddiaçının, istəsə də digər şəxsin adına hər hansı qaydada özgəninkiləşdiirlməsi müəyyən edilmir. Belə olan halda, məhkəmə kollegiyası qeyd edilən sahənin lazımi hüquq müəyyənedici sənədlər olmadan iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair iddia tələbinin təmin edilməsini çoxmərtəbəli yaşayış binasının digər sakinlərinin ümumi paylı mülkiyyət hüququnun pozulması halı kimi qiymətləndirir. Göründüyü kimi, birinci instansiya məhkəməsi işin mübahisə üzrə tətbiq edilməli olan maddi hüuquq normalarının tələblərini nəzərə almamış, işin qeyd edilən faktiki halına dair araşdırma aparmamış və mübahisə üzrə yalnış qiymətləndirmə etmişdir. AR İPM-in 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsaslı olduğundan şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı ləğv edilərək, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5091/2022 saylı, 06 aprel 2022-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 127 nömrəli sərəncamına uyğun olaraq ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka dair İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” barədə iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Vüsalə Baxışova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-2650/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2650/2022
04.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver