Məhkəmə qərarları › İş №2-1(103)-2650/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2650/2025

11.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2650/2025 11.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsininə qarşı iş üzrə (Açar sözlər: təsdiqlənməmiş azalmanın təsdiq edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Mədətli Fərid İlham oğlunun və X6 ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsininə qarşı “təsdiqlənməmiş azalmanın təsdiq edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, 2-1(112)-198/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia tələbi ilə müraciət edərək, İddiaçı MMC barəsində 26314,06 manat məbləğində təsdiqlənməmiş azalmanın təsdiq edilməsi öhdəliyini cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən aparılan kameral vergi yoxlaması zamanı xx.xx.2021-ci il tarixli **********359900 nömrəli Qərari ilə İddiaçı MMC-nin şəxsi hesabında 26314,06 manat məbləğində təsdiqlənməmiş azalma saxlanılmışdır. Qeyd olunan məsələ ilə bağlı iddiaçı tərəfindən Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət olunmuş, lakin azalma təsdiqlənməmişdir. Belə ki, müəssisə fəaliyyəti dövründə və hal-hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları” 2.1.2 və 2.1.4-cü yarımbəndlərinə uyğun hər hansı bir əməliyyat icra etməmiş və hal-hazırda icra etmir. Həmçinin 2.1.2-ci bəndə əsasən aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; Müəssisə tərəfindən yuxarıda qeyd olunan yarım bəndlərdəki əmtəəsiz əməliyyatlar və fəaliyyət növünə uyğun olmayan malların alış və satışı halları baş tutmamışdır. Sözügedən Qərarda qeyd olunur ki, ALMATROS MMC-nin xx.xx.2021 tarixli ƏDV Depozit hesabına vəsaitin 38%-i metal qırıntılarının satışı müqabilində, 54%-i kariyer məhsullarının satışı müqabilində daxil olmuş və həmin vəsaitin 47% civarında hissəsini Bakı Baş Gömrük idarəsinə və 46% civarında hissəsini üçüncü şəxslərə idxal əməliyyatları ilə məşğul olan digər vergi ödəyicilərinə köçürmüşdür. Belə ki, Azərbaycan Respublikasının mövcud tarixlərdə qüvvədə olan heç bir qanunvericiliyində müəssisələrin idxal əməliyyatları etməsi və idxal əməliyyatları ilə məşğul olan müəssisələr ilə alqı-satqı əməliyyatları etməsi qadağan olunmamışdır. 26314,06 manat məbləğində olan təsdiqlənməmiş azalma tamamilə əsassızdır və qanunsuz olaraq iddiaçıdan vergi borcunun tələb olunması onun hüquqlarını pozur. Bu səbəbdən də, 26314,06 manat məbləğində olan təsdiqlənməmiş azalmanın təsdiqlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir.

3. Cavadeh tərəfindən iddiaya yazılı etiraz təqdim etmişdir.

4. Bakı İnzibati Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, 2-1(112)-198/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı MMC barəsində 26314,06 manat məbləğində təsdiqlənməmiş azalmanın təsdiq edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

5. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

6. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılan araşdırmalar zamanı vergi ödəyicisinin iki istiqamət üzrə - “karyer məhsulları” və “metal qırıntısı” istiqamətlərində fəaliyyətinin olduğu müəyyən edilmişdir. Əldə etdiyi karyer məhsullarının "xxxx" MMC-dən (VÖEN: **********) əldə olunduğu, öz növbəsində həmin müəssisənin də qeyd olunan mallarıəsasən "xxxx" MMC-dən (VÖEN: **********) əldə etdiyi (hər iki vergi ödəyicisinin də apardığı əməliyyatların əmtəəsiz olduğu müəyyən olunaraq barələrində müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********357500 və xx.xx.2021-ci il tarixli **********272700 nömrəli risk qərarları çıxarılmışdır) müəyyən olunmuşdur. Əlavə olaraq "xxxx" MMC-nin “şeben” əldə etdiyi "MERMER TTC ONSTRAKSEN" MMC-nin (VÖEN: **********) alış və idxalında “şeben” müəyyən olunmamış, barəsində xx.xx.2021-ci il tarixli **********323600 nömrəli risk qərarı çıxarılmışdır. Metal qırıntısı üzrə fəaliyyətinin araşdırılması zamanı "xxxx" MMC-nin yenə də əldə etdiyi metal qırıntılarını barəsində risk qərarı çıxarılmış "xxxx" MMC-dən əldə etdiyi məlum olur. “ADAGİO SD" MMC isə metal qırıntısını "xxxx" MMC-dən (VÖEN: **********) , "xxxx" MMC-dən (VÖEN: **********), X3 (VÖEN:**********), X1 (VÖEN: **********), X4 (VÖEN: **********), X2 (VÖEN: **********) əldə etmişdir. Qeyd olunan şəxslərdən X8, X7, X9 və X5 alış və idxalında həmin mallar müəyyən olunmamış, "xxxx" MMC tərəfindən isə qeyd edilən həcmdə metal qırıntısı əldə edilməmişdir.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

7. 09.12.2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi L.Əhmədova apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.

8. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştiraklarını təmin etməmişdir.

9. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

10. İddiaçının şəxsi hesab vərəqəsində “kameral yoxlanılmalı məbləğ” qrafasında 26.314,06 manat məbləğ əks olunmuşdur.

11. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə İddiaçı MMCnin riskli vergi ödəyicisi hesab edilməsi barədə 03 iyun 2021-ci il tarixli qərarı və qərarın qəbul olunması əsaslarına dair müvafiq məlumatlar təqdim edilmiş və bildirilmişdir ki, İddiaçı MMC-nin Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.2, 2.1.4-cü yarəmbəndlərinə əsasən riskli vergi ödəyicisi hesab edilmiş və müvafiq olaraq Baş İdarə tərəfindən xx.xx.2021-ci il tarixində **********359900 nömrəli Qərar qəbul edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

12. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

13. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.

14. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq; 13.2.69. vergi üstünlüyü – vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma; 13.2.70. vergidən yayınma sxemi – vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat; 13.2.71. vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəricisi – vergi tutulan əməliyyatın məbləği, həcmi (mal partiyasının həcmi), icra müddəti və şərtləri; 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara, habelə kommunal və rabitə xidmətləri göstərən vergi ödəyiciləri tərəfindən abunəçilər üzrə göstərilən və vergilərin hesablanmasına əsas verən xidmətlərin müddəti, həcmi, dəyəri, ödənişləri və digər iqtisadi göstəricilərini hesablayan və özündə əks etdirən, digər xidmət təminatçıları ilə qarşılıqlı hesablaşmaların aparılması üçün məlumatları saxlayan sistemlərə birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək;

24. Vergi orqanlarının vəzifələri aşağıdakılardır: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.10. vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə; 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları: 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. təqdim edilməsi müvafiq iqtisadi resurs tələb edən (təsərrüfat obyekti, işçi qüvvəsi, əsas vəsaitlər, xammal-material ehtiyatları və fəaliyyət növünün xüsusiyyətləri nəzərə alınmaqla digər iqtisadi resurslar) iş və xidmətləri bu növ resurslar mövcud olmadan və ya mövcud resursları yetərli olmadan, yaxud subpodratçı cəlb etmədən təqdim edən şəxs; 2.1.2. qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş elektron qaimə-faktura, malların alış aktı və yük gömrük bəyannamələri (idxal olunan mallara münasibətdə) əsasında əldə edilməyən malları (əvvəllər keçirilmiş operativ vergi nəzarəti və ya səyyar vergi yoxlaması zamanı sənədsiz mal kimi rəsmiləşdirilən mallar, notarial qaydada təsdiq edilmiş müqavilələr əsasında əldə edilmiş rəsmi reyestrdə qeydiyyata alınmış əmlaklar, istehsal zamanı əldə edilən (söküntüdən, hasilatdan) mallar və əsas vəsaitlər, o cümlədən nizamnamə kapitalına qoyulmuş əsas vəsaitlər istisna olmaqla) təqdim edən şəxs; 2.1.3.Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyatlar aparan şəxs.

16. İş materiallandan müəyyən edilir ki, İddiaçı MMC-nin Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.2, 2.1.4-cü yarəmbəndlərinə əsasən riskli vergi ödəyicisi hesab edilmiş və müvafiq olaraq Baş İdarə tərəfindən xx.xx.2021-ci il tarixində **********359900 nömrəli Qərar qəbul edilmişdir.

17. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı MMC-nin riskli vergi ödəyicisi qrupuna aid edilməsi onun vergi öhdəliklərinin icrası zamanı yüksək pozuntu ehtimalının mövcudluğunu göstərir və bu status vergi orqanları tərəfindən aparılan nəzarət tədbirlərinin intensivliyini şərtləndirir. Riskli qrupda olan vergi ödəyiciləri üzrə təqdim edilmiş hesabatların və bəyan edilmiş məbləğlərin etibarlılığı ilkin olaraq şübhə doğurduğundan, kameral yoxlanılmalı məbləğin avtomatik və ya şərtsiz şəkildə aradan qaldırılması məqsədəuyğun hesab edilmir.

18. Məhkəmə kollegiyası bildirir ki, riskli vergi ödəyicilərinə münasibətdə artıq ödənilmiş məbləğlər vergi ödəyicisinin fəaliyyəti üzrə vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra qaytarılır.

19. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, qanunvericiliyin tələblrini tam araşdırmamış, maddi və prosessual hüquq normalarını yanlış tətbiq etməklə iddia tələbinin təmin olunması üzrə qanuni və əsaslı olmayan qərar qəbul etmişdir.

20. Beləliklə, birinci instansiya məhkəməsinin qərarı İPM-in 12.1 və 58.7-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.

21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, 2-1(112)-198/2025 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Fərid Mədətli Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar