Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2651/2021 17.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Tağızadə Mirzə Nəsib oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil ("AAA" Vəkil Bürosu) iştirakı ilə, İddiaçı MMC-nin (VÖEN**********, hüquqi ünvan- AZ1073, Bakı şəhəri, Yasamal rayonu, B.Ağayev küçəsi, ev 115, qanuni təmsilçi-X3, dövlət qeydiyyatına alındığı tarix- 15.02.2005-ci il) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2-1(112)- 589/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı MMC 28.01.2020-ci il tarixində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin 27 sentyabr 2019-cu il tarixli, **********175432 saylı səyyar vergi yoxlaması aktının və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 01 noyabr 2019-cu il tarixli, **********192561 saylı qərarının qanunsuz (etibarsız) hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (Vergilər Nazirliyinin) Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 15 yanvar 2019-cu il tarixli, **********174290 saylı qərarı ilə "Unikal-A” Məhdud Məsuliyyətli Cəmiyyətində 01 sentyabr 2016-cı ildən, 01 dekabr 2018-ci ilədək olan dövr əhatə edilməklə növbəti səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama 30 yanvar 2019-cu ildə başlamış, onun başa çatma tarixi isə məlum deyildir, cavabdeh tərəfindən səyyar vergi yoxlamasının gedişatı və yekunlaşması barədə Cəmiyyətə hərhansı məlumat verilməmişdir. İddiaçındə aparılan səyyar vergi yoxlamasının yekunlaşdırıldığından yalnız cavabdehin 28 oktyabr 2019-cu il tarixli, **********308300 saylı məktubunu aldıqdan sonra məlumatları olmuşdur. Həmin məktubda Lokal Gəlirlər Baş İdarəsinin 15 yanvar 2019-cu il tarixli qərarı ilə Cəmiyyətdə aparılmış növbəti səyyar vergi yoxlamasının 27 sentyabr 2019-cu il tarixli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirildiyi və vergi qanunvericiliyinin pozulması hallarına, müvafiq sanksiyanın tətbiq edilməsi məsələsinə 30 oktyabr 2019-cu ildə baxılacağı göstərilmişdir. 30 oktyabr 2019-cu ildə tərəflərindən göndərilmiş cavab məktubunda səyyar vergi yoxlaması aktının onlara təqdim olunmadığı və yoxlama aktı ilə tanış olmaq, ona münasibət bildirmək hüququndan məhrum edildikləri göstərilmişdir. Cavabdeh bu məktublarını aldıqdan sonra 27 sentyabr 2019-cu il tarixli yoxlama aktının nüsxəsini 40 günə yaxın vaxt keçdikdən sonra - 05 noyabr 2019-cu ildə Cəmiyyətə təqdim etmişdir. 05 noyabr 2019-cu ildə həm də, 01 noyabr 2019-cu il tarixli, **********192561 saylı "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar Cəmiyyətin ünvanına göndərilmişdir. Qərarla heç bir əsaslandırma olmadan İddiaçı MMC-nə 2016-cı il mənfəət vergisi hesabat dövrü üzrə 36417.35 manat əlavə vergi məbləği və 18208.68 manat maliyyə sanksiyası, 2016-cı il əlavə dəyər vergisi hesabat dövrü üzrə 160752.57 manat əlavə vergi məbləği və 60070.89 manat maliyyə sanksiyası, 2017-ci il mənfəət vergisi hesabat dövrü üzrə 104483.81 manat əlavə vergi məbləği və 52241.91 manat maliyyə sanksiyası, 2017-ci il əlavə dəyər vergisi hesabat dövrü üzrə 525984.89 manat əlavə vergi məbləği və 262992.45 manat maliyyə sanksiyası, 2018-ci il əlavə dəyər vergisi hesabat dövrü üzrə 510702.22 manat əlavə vergi məbləği və 255351.11 manat maliyyə sanksiyası olmaqla cəmi 1 338 340.84 manat əlavə vergi məbləği və 648 865.04 manat maliyyə sanksiyası hesablanmışdır. Bu qərarın və səyyar vergi yoxlamasının nəticələri üzrə 27 sentyabr 2019-cu il tarixli aktın ləğv olunmasına, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulmasının təmin olunmasına dair tərəflərindən 18 noyabr 2019-cu ildə cavabdehə inzibati şikayətlə müraciət olunmuşdur. İnzibati şikayətdə cavabdehin yol verdiyi aşağıda sadalanan çoxsaylı qanun pozuntuları ətraflı və geniş şəkildə göstərilmişdir. Cavabdeh tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələbinə görə vergi orqanı səyyar vergi yoxlamasını 30 gün ərzində başa çatdırmalı olduğu və yalnız müstəsna hallarda yoxlamanın keçirilmə müddətini yuxarı vergi orqanının qərarı əsasında 90 günə qədər artırıla biləcəyi halda, cavabdeh səyyar vergi yoxlamasını 7 aydan artıq müddətə aparmış və yoxlama müddətinin uzadılması barədə Cəmiyyətə hər-hansı qərar təqdim etməmişdir. Cavabdeh Vergi Məcəlləsinin 39-cu maddəsinin də, tələblərini kobud şəkildə pozaraq nə apardığı səyyar vergi yoxlamasının nəticəsi üzrə aktı tərtib edərkən onları məlumatlandırmamış və iştiraklarını təmin etməmiş,nə də, tərtib etdiyi aktı cəmiyyətə təqdim etməmişdir. Vergi yoxlaması artıq yekunlaşdırıldığından və nəticəsi üzrə 27 sentyabr 2019-cu il tarixli, **********175432 saylı aktı tərtib olunduğundan 30 gün keçdikdən sonra – cavabdehin 28 oktyabr 2019-cu il tarixli, **********308300 saylı “səyyar vergi yoxlamasının nəticələri üzrə akta müvafiq olaraq maliyyə sanksiyasının tətbiq edilməsi məsələsinə baxılması”na dair məktubu aldıqdan sonra məlumatı olmuşdur. Müraciətlərindən sonra 27 sentyabr 2019-cu il tarixli yoxlama aktı 05 noyabr 2019-cu ildə Cəmiyyətə təqdim olunmuşdur. Halbuki, Vergi Məcəlləsinin 39.4-cü maddəsinə görə vergi yoxlaması aktının bir nüsxəsi, tərtib edildiyi vaxtdan 5 gündən gec olmayaraq, vergi ödəyicisinə təqdim olunmalıdır. Cavabdeh yoxlama aktını onlara verməkdən yayınmaqla Cəmiyyəti akta və pozulduğunu iddia etdiyi vergi qanunvericiliyinə dair izahat, etiraz və rəy vermək hüququndan məhrum etmişdir. Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun “Vergi qanunvericiliyinin iqtisadi məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 27 noyabr 2003-cü il tarixli qərarında göstərilmişdir ki, vergi yoxlaması zamanı – vergi münasibətlərində bilavasitə vergi ödəyicisinin özünün və ya onun nümayəndəsinin iştirak etməsi, onların vergi yoxlamasına dair aktının məzmununa yazılı izahatlarının alınması, vergi yoxlamasının qanunvericiliyin tələblərinə tam uyğun aparılması, vergi ödəyicilərinə vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması üçün imkan verilməsi məsələlərinə diqqətlə yanaşılmalıdır. Aktın Cəmiyyətə təqdim olunmadığı barədə cavabdehə 30 oktyabr 2019-cu il tarixli məktubla məlumat vermələrinə baxmayaraq, iştirakları olmadan, yoxlama aktı əsasında Cəmiyyət barəsində 01 noyabr 2019-cu il tarixli, **********192561 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Bununla da, cavabdeh tərəfindən bilərəkdən Vergi Məcəlləsinin 39-cu maddəsinin tələbləri kobud surətdə pozulmuşdur. Yoxlama aktında uydurma məlumatlar qeyd olunmuşdur. Aktın 1.9.4-cü bəndində “Ekspertizanın təyin edilməsi haqqında” 28 iyun 2019-cu ildə qərar qəbul edildiyi, ancaq ekspert tərəfindən tələb edilən sənədlərin Cəmiyyət tərəfindən təqdim edilmədiyi səbəbi ilə ekspertizanın keçirilməsinin imkan xaricində olduğu göstərilmişdir. Halbuki, Vergi Məcəlləsinin 44.6-cı 44.7-ci və 44.9-cu maddələrinin tələblərinə görə vergi ödəyicisinə ekspertizanın təyin olunması haqqında qərar təqdim olunmalı halda, ödəyicinin ekspertiza keçirilməsində iştirak etmək, suallar siyahısı təqdim etmək, ekspert rəyi ilə tanış olmaq hüquqlarının olmasına və vergi orqanı tərəfindən bu hüquqların realizə olunmalı olmasına baxmayaraq, cavabdeh bunların heç birini etməmiş və ekspertizanın aparılması üçün zəruri olan sənədlərin ekspert tərəfindən tələb edilməsinə dair hər hansı müraciət, sorğu və tələb də nə ekspert tərəfindən, nə də cavabdeh tərəfindən Cəmiyyətə təqdim olunmamışdır. Sənədlərə gəldikdə isə yoxlama başlayarkən cavabdehə bütün zəruri sənədlər təqdim olunmuşdu. Aktın 1.9.5-ci bəndində 24 aprel 2019-cu il tarixli "Mütəxəssisin dəvət edilməsi haqqında” qərar qəbul edildiyi, yoxlama gedişatında isə qeyd edilən məsələlər üzrə mütəxəssis rəyinin alınmasına zərurət olmadığının müəyyən olunduğu göstərilmişdir. Ancaq nə mütəxəssisin dəvət edilməsi haqqında aktda adı çəkilən qərar, nə də mütəxəssis rəyinin alınmasına zərurət olmaması ilə bağlı sonradan qəbul edilmiş qərar heç vaxt Cəmiyyətə təqdim olunmamış və bu barədə onlara hər hansı məlumat verilməmişdir. 27 sentyabr 2019-cu il tarixli yoxlama aktında cavabdeh tərəfindən əvvəlki yoxlamanın nəticələri göstərilərək, əlaqəli məlumatlar əsasında Sentyabr 2016-Noyabr 2018 dövrü üzrə 1 338 340.84 manat əlavə vergi məbləği hesablandığı qeyd olunmuşdur. Ancaq əvvəlki yoxlama aktı ilə müqayisədə bu fərqləndirmənin metodikası və mahiyyəti müəmmalıdır. Vergi orqanı tərəfindən Cəmiyyətdə xronometraj metodu ilə aparılan müşahidə nəticəsində 2018-ci ilin oktyabr ayı üzrə orta günlük istehsal həcmi və satış, dövriyyəsi 668.82 manat, 01 noyabr 2018-ci ildən 08 noyabr 2018 tarixədək orta günlük istehsal həcmi və satış dövriyyəsi 572.30 manat müəyyən olunmuşdur. Odur ki, Vergi Məcəlləsinin 67.1.8-ci maddəsinə əsasən əlaqəli məlumatlardan biri hesab olunan xronometraj müşahidəsi nəticəsində hesablanmış dövriyyə ilə cavabdehin 27 sentyabr 2019-cu il tarixli akt ilə hesabladığı məbləğ arasındakı fərq fantastik xarakter daşıyır. Bu nəticə, səyyar vergi yoxlaması aktı ilə hesablanmış vergi məbləğinin heç bir faktiki əsası olmadığını və bu hesablanmanın cavabdehin tamamilə subyektiv və absurd mülahizələrinin məhsulu olduğunu büruzə verir. Bu sadalanan qanun pozuntularını inzibati şikayətlərində dəqiqliklə göstərmələrinə baxmayaraq, Dövlət Vergi Xidməti (Vergilər Nazirliyi) etinasızlıq nümayiş etdirərək və qanunun tələblərini pozaraq, şikayətlərinə baxmaqdan və lazımi araşdırma aparmaqdan yayınmış, bununla da, cavabdehin Cəmiyyətə münasibətdə qanunsuz hərəkətlərini davam etdirməsinə şərait yaratmışdır. İnzibati şikayətləri icraatda olduğu dövrdə - 09 dekabr 2019-cu ildə cavabdeh **********453200 saylı məktubla Cəmiyyətə müraciət edərək, hesabladığı vergi borcunun ödənilməməsi ilə əlaqədar Cəmiyyətin əmlaklarının siyahıya alınması haqqında qərar qəbul etdiyini göstərmiş və "Vergi ödəyicisinin aktivləri barədə məlumat formasının doldurulmasını Cəmiyyətdən tələb etmişdir. Lakin, nə vergi borcunun ödənilməsi barədə bildiriş, nə də əmlakın siyahıya alınması haqqında cavabdehin qərarı Cəmiyyətə təqdim olunmamışdır. Bununla bağlı, tərəflərindən 19 dekabr 2019-cu ildə cavabdehə müraciət olunaraq, Cəmiyyətə məxsus əmlakın siyahıya alınmasına dair qəbul edilmiş qərar Cəmiyyətə təqdim olunduqdan sonra vergi ödəyicisinin aktivləri barədə məlumat formasının doldurulması məsələsinə baxılmasının mümkün olacağı bildirilmişdir. Ancaq, bu müraciətinə də, baxılmamış və əmlakın siyahıya alınması haqqında cavabdehin qərarı bu günədək Cəmiyyətə təqdim olunmadığı halda, aktivlər barədə məlumatın verilməməsi əsası ilə Cəmiyyət barəsində 100 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdehin qanunsuz hərəkətlərini davam etdirməsi nəticəsində 30 dekabr 2019-cu ildə "inzibati şikayətə əlavə” ilə yenidən vergi orqanına müraciət etmişlər. 10 yanvar 2020-ci ildə Dövlət Vergi Xidmətinin (Vergilər Nazirliyinin) sənədlərlə iş və müraciətlərə baxılması baş idarəsinin rəisi, baş vergi xidməti müşaviri Nigar Alimova tərəfindən Cəmiyyətə göndərilmiş “Müraciətlərə baxılması barədə” məktubda Cəmiyyətə qarşı cinayət işinin başlanıldığı və hazırda cinayət işi üzrə istintaq davam etdiyindən, inzibati şikayətlərinə vergi orqanında baxılmasının mümkünsüz olduğu göstərilmişdir. Şikayətə baxılmasının imtina səbəbi olaraq göstərilmiş bu "əsas”ın heç bir hüquqi istinadı yoxdur və bu hərəkət vergi orqanının Cəmiyyətə qarşı açıq-aşkar büruzə verdiyi qərəzli münasibətinin təzahürüdür. Sonradan iddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 01 noyabr 2019-cu il tarixli, **********192561 saylı qərarının qanunsuz hesab edilməklə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş ərizə icraata qəbul edilmişdir. Məhkəmənin 2-1(112)-2836/2021 saylı, 10.11.2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Bakı İnzibati Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2-1(112)-589/2021 nömrəli qərarı ilə (hakim A.Abdullayeva) iddia tələbi təmin edilmiş, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 01 noyabr 2019cu il tarixli, **********192561 saylı qərarı ləğv edilmiş, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 145 manat məbləğində pul İddiaçındən Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab АZ41 NABZ********************4, SFİFTBİK CTREAZ22) xeyrinə tutulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki , ekspert rəyində onun qarşısında qoyulmuş suallar üzrə rəydə gəlinən nəticə ümumiyyətlə absurd olmaqla, müəyyən edilməli olan heç bir hal aydınlaşdırılmamışdır. Göründüyü kimi mötəbərliliyi mübahisəli olan ekspert rəyinə istinad edən məhkəmə ekspert rəyində qeyd edilənləri köçürməklə kifayətlənmişdir. 17.09.2021-ci il və 25.10.2021-ci il tarixlərində cavabdeh tərəfindən məhkəməyə daxil olmuş apellyasiya şikayətinə dair əlavələrdə Bakı İnzibati Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2-1(112)-589/2021 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2-1(112)- 589/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 15.01.2019-cu il tarixli, **********174290 saylı Qərarına əsasən İddiaçındə 01 sentyabr 2016-cı ildən 01 dekabr 2018-ci ilədək olan dövr əhatə edilməklə növbəti səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama 30 yanvar 2019cu il tarixdə başlamışdır. - 11.03.2019-cu il tarixli, **********178538 nömrəli qərarla səyyar vergi yoxlamasının müddəti yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də, bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunduğu üçün 30 (otuz) iş günü artırılmışdır. - 30.04.2019-cu il tarixli, **********182035 nömrəli qərarla vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi ilə əlaqədar səyyar vergi yoxlamasının müddəti 30.04.2019-cu il tarixdən 30.05.2019-cu il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır (təxirə salınmışdır). - 30.05.2019-cu il tarixli, **********184021 nömrəli qərarla vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi ilə əlaqədar səyyar vergi yoxlamasının müddəti 30.05.2019-cu il tarixdən 27.06.2019-cu il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır (təxirə salınmışdır). - 28.06.2019-cu il tarixli, **********185900 nömrəli qərarla səyyar vergi yoxlamasının aparılması zamanı yaranan sualların (məsələlərin) aydınlaşdırılması üçün Daşınmaz əmlakın icarə haqları sahəsində xüsusi biliklərə malik olan ekspertlərin cəlb olunması ilə əlaqədar daşınmaz əmlakın icarə haqları üçün ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi üçün Azərekspertiza İdarəsinin nümayəndəsi X2 ekspert qismində dəvət edilmişdir. Ekspert qarşısında 11.09.2016-cı il tarixdən 01.12.2018-ci il tarixədək olan dövr üzrə müəssisə tərəfindən icarəyə götürülmüş qeyri-yaşayış sahəsinin orta bazar qiymətlərinin müəyyən edilməsi barədə sual qoyulmuşdur - P-053 nömrəli, 03.07.2019-cu il tarixli “Ekspertizanın keçirilməsi haqqında qərarla tanış olma”nın protokolundan görünür ki, ekspertizanın keçirilməsi haqqında 28.06.2019-cu il tarixli, **********185900 nömrəli qərarla Cəmiyyətin direktoru X3 və ekspert X2 tanış edilmişdir. - 26.07.2019-cu il tarixli, **********187546 nömrəli qərarla vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi ilə əlaqədar səyyar vergi yoxlamasının müddəti 26.07.2019-cu il tarixdən, 26.08.2019-cu il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır (təxirə salınmışdır). - 26.08.2019-cu il tarixli, **********188999 nömrəli qərarla vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirilməsi ilə əlaqədar səyyar vergi yoxlamasının müddəti 26.08.2019-cu il tarixdən, 26.09.2019-cu il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır (təxirə salınmışdır). - 27.09.2019-cu il tarixdə, **********175432 nömrəli “Səyyar vergi yoxlaması aktı” tərtib edilərək 02.10.2019-cu il tarixdə poçt rabitəsi vasitəsi ilə "xxxx" MMC-yə göndərilmiş, Cəmiyyət tərəfindən sözügedən akt 03.10.2019-cu il tarixdə qəbul edilmişdir. - 28.10.2019-cu il tarixli, **********308300 nömrəli məktubla Vergilər Nazirliyi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC-nin direktoruna “Keçirilmiş səyyar vergi yoxlamasının nəticələrinin rəsmiləşdirilməsi barədə” məktub ünvanlanaraq bildirilmişdir ki, Baş İdarənin səyyar vergi yoxlamasının keçirilməsi haqqında 15.01.2019-cu il tarixli, **********174290 nömrəli Qərarı ilə İddiaçı MMC-də (VÖEN **********) növbəti səyyar vergi yoxlaması (yoxlanılan dövr: 01.09.2016-01.12.2018) keçirilmiş və nəticəsi 25.09.2019-cu il tarixli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 39.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisinin yoxlama aktını imzalamamaq və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etmək hüququ vardır. Vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına, onların aradan qaldırılması və müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə 30.10.2019-cu il tarixdə, saat 12:00da baxılacaqdır. Göstərilənlərlə əlaqədar onun və ya nümayəndəsinin şəxsiyyətini təsdiq edən vəsiqənin surəti və səlahiyyətlərini təsdiq edən etibarnamə ilə Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə gələrək, iştirakının təmin edilməsi xahiş olunur, əgər üzürlü səbəb olmadan iştirakı təmin edilməsə, yoxlamanın materiallarına və digər sənədlərə iştirakları olmadan baxılacaqdır. - İddiaçı MMC tərəfindən Vergilər Nazirliyi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 30.10.2019-cu il tarixdə məktubla müraciət edilərək, Baş İdarənin 28.10.2019-cu il tarixli, **********308300 saylı məktubuna cavab olaraq bildirilmişdir ki, İddiaçı MMC-yə növbəti səyyar vergi yoxlaması üzrə tərtib olunmuş akt tanışlıq və baxılması üçün onlara təqdim edilməmiş və tərəfindən imzalanmamışdır. Ona görə də, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 39.5-ci maddəsinə əsasən vergi ödəyicisi kimi yoxlama aktı ilə tanış olmadıqlarından münasibət bildirmək mümkünsüzdür. - 01.11.2019-cu il tarixli, **********192561 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarına əsasən İddiaçı MMC üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında 27.09.2019-cu il tarixli, **********175432 nömrəli aktına və 28.10.2019-cu il tarixli **********308300 nömrəli sənədə baxıb müəyyən edilmişdir ki, mənfəət vergisi və əlavə dəyər vergisi azaldılmışdır. Əmlak vergisi artıq hesablanmışdır. Vergi ödəyicisinin özünü müdafiəsi üçün gətirdiyi dəlillər və digər sənədlər yoxdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü və 49-cu maddələrini əsas tutaraq, qərara alınmışdır ki, 2016-cı il mənfəət vergisi hesabat dövrü üzrə 36417.35 manat əlavə vergi məbləği və 18208.68 manat maliyyə sanksiyası, 2016-cı il əlavə dəyər vergisi hesabat dövrü üzrə 160752.57 manat əlavə vergi məbləği və 60070.89 manat maliyyə sanksiyası, 2017-ci il mənfəət vergisi hesabat dövrü üzrə 104483.81 manat əlavə vergi məbləği və 52241.91 manat maliyyə sanksiyası, 2017-ci il əlavə dəyər vergisi hesabat dövrü üzrə 525984.89 manat əlavə vergi məbləği və 262992.45 manat maliyyə sanksiyası, 2018-ci il əlavə dəyər vergisi hesabat dövrü üzrə 510702.22 manat əlavə vergi məbləği və 255351.11 manat maliyyə sanksiyası olmaqla, cəmi 1 338 340.84 manat əlavə vergi məbləği və 648 865.04 manat maliyyə sanksiyası olmaqla vergi məsuliyyətinə cəlb edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəmənin sözügedən qərardadının icrası ilə əlaqədar olaraq 9/533 nömrəli, 26 may 2021-ci il tarixli ekspert rəyi təqdim edilərək, rəyin nəticə hissəsində göstərilmişdir ki, birinci və dördüncü suallar üzrə: rəyin tədqiqi hissəsində göstərildiyi kimi, 27.09.2019-cu il tarixli, **********175432 nömrəli səyyar vergi yoxlaması ilə aparılmış əlavə hesablamalara əsas olmuş və yuxarıda göstərilən normativ-hüquqi aktların tələblərinə cavab verən mühasibat sənədləri təqdim edilmiş iş materiallarında tam şəkildə olmadığından həmin əlavə hesablamaların düzgünlüyünü müəyyən etmək mümkün deyildir. Eyni zamanda bildirilir ki, İddiaçı MMC tərəfindən ekspertizaya təqdim edilmiş sənədlər Azərbaycan Respublikası vergi qanunvericiliyinə əsasən, Cəmiyyətin 01 sentyabr 2016-cı ildən 01 dekabr 2018-ci ilədək olan dövr üzrə vergitutma bazasının müəyyən edilməsinə və vergilərin hesablanmasına kifayət edir. Beləliklə, bütün yuxarıda qeyd olunanlara əsasən 27.09.2019-cu il tarixli, **********175432 nömrəli səyyar vergi yoxlaması aktı ilə İddiaçınə səyyar vergi yoxlamasının əhatə etdiyi dövr üzrə əlavə olaraq 140.901,16 manat məbləğində mənfəət vergisinin və 1.197.439.68 manat məbləğində ƏDV-nin hesablanmasının düzgünlüyü müəyyən olunmur. Həmçinin qeyd edilir ki, hazırkı tədqiqata təqdim edilmiş sənədlərlə vergi ödəyicisinin hesabat məlumatları arasında kənarlaşmanın olmaması müəyyən olundu. Yəni vergi ödəyicisi tərəfindən dövlət büdcəsinə ödənilməli olan vergi məbləğləri həmin vergi ödəyicisinin hesabatlarında öz əksini tapmışdır. Beşinci-səkkizinci suallar üzrə: rəyin tədqiqi hissəsində göstərildiyi kimi, təqdim edilmiş iş materiallarında İddiaçı ayrı-ayrı vergi ödəyiciləri ilə apardığı əməliyyatlara dair gəlirin əldə edilməsi ilə bağlı xərc sənədləri (bank sənədləri, kassa sənədləri, qaimə-fakturalar, VHF-lər və s.) mövcuddur ki, həmin sənədlərin ciddi hesabat sənədləri olması və həmçinin həmin sənədlərin vergi qanunvericiliyinin tələblərinə uyğun olması müəyyən olunur. Bununla yanaşı qeyd edilir ki, xərc sənədlərinin hər birinin növü, adı və rekvizitləri (tarixi, seriyası və nömrəsi) və hər birində əks olunmuş məbləğləri təqdim edilmiş iş materiallarında öz əksini tapmışdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 23.1.2-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb edə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinin tələblərinə əsasən növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: - (38.3.5) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə. Həmin Məcəllənin 49.2-ci maddəsinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Həmin Məcəllənin 49.5-ci maddəsinə görə vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» AR Qanununun 3-cü maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-ci maddəsinə görə sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.5-ci bəndinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Məhkəmə Kollegiyası ilk növbədə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən inzibat icraat zamanı maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, cavabdeh tərəfindən «Unikal-A” MMC üzrə 15.01.2019-cu il tarixli, **********174290 saylı, “səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarla avqust 2016 – noyabr 2018 vergi dövrü üzrə səyyar vergi yoxlaması təyin edilmiş və yoxlama 27.09.2019-cu il tarixli səyyar vergi yoxlaması aktı ilə başa çatmışdır. Cavabdeh səyyar vergi yoxlaması aktında səyyar vergi yoxlamasının müvəqqəti dayandırma və müddət uzadılması barədə qərarların olmasını göstərmiş, həmin qərarların surətləri məhkəməyə təqdim etsə də, səyyar vergi yoxlamasının müddətinin dayandırılması və müddət uzadılması barədə qərarların əsaslı olmasını, yəni iş üzrə müstəsna halların olmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh 30.04.2019-cu il tarixli, 30.05.2019-cu il tarixli və 26.07.2019-cu il tarixli qərarlarda səyyar vergi yoxlamasının müddətinin uzadılmasının əsası kimi vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi göstərilsə də, həmin qərarların icrası ilə əlaqədar hər-hansı bir mütəxəssisin dəvət edilməsini və ya ekspertizasının keçirilməsini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda qeyd edilməlidir ki, iddia tələbinin əsaslığı işin birinci instansiya icraatı zamanı təqdim edilmiş 9/533 nömrəli, 26 may 2021-ci il tarixli ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Belə ki, ekspert rəyinə əsasən İddiaçı MMC tərəfindən ekspertizaya təqdim edilmiş sənədlər Azərbaycan Respublikası vergi qanunvericiliyinə əsasən, Cəmiyyətin 01 sentyabr 2016-cı ildən 01 dekabr 2018-ci ilədək olan dövr üzrə vergitutma bazasının müəyyən edilməsinə və vergilərin hesablanmasına kifayət edir. Beləliklə, bütün yuxarıda qeyd olunanlara əsasən 27.09.2019-cu il tarixli, **********175432 nömrəli səyyar vergi yoxlaması aktı ilə İddiaçınə səyyar vergi yoxlamasının əhatə etdiyi dövr üzrə əlavə olaraq 140.901,16 manat məbləğində mənfəət vergisinin və 1.197.439.68 manat məbləğində ƏDV-nin hesablanmasının düzgünlüyü müəyyən olunmur. Həmçinin hazırkı tədqiqata təqdim edilmiş sənədlərlə vergi ödəyicisinin hesabat məlumatları arasında kənarlaşmanın olmaması müəyyən olunmuşdur. Yəni vergi ödəyicisi tərəfindən dövlət büdcəsinə ödənilməli olan vergi məbləğləri həmin vergi ödəyicisinin hesabatlarında öz əksini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, səyyar vergi yoxlaması aktında və mübahisələndirilən qərarda iddiaçı tərəfindən vergi qanunvericiliyinin pozulması faktı əsaslandırılmadığından və iddiaçının təqsiri sübuta yetirilmədiyindən, eləcə də işin birinci instansiya və apellyasiya icraatları zamanı cavabdeh tərəfindən hər hansı sənəd-sübut təqdim edilmədiyindən, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini təmin etmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməklə tərtib edilmiş və işdəki digər sənədlərlə öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2-1(112)-589/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2-1(112)-589/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-2651/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2651/2021
17.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver