Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2651/2025 22.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Cavabdehnə “mənzil növbəsinə götürülmə” tələbinə dair iş üzrə Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə İbrahimova Nəzrin Ramiz qızının katibliyi ilə, İddiaçı, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzil növbəsinə götürülmə” iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4559/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ APARİLAN İCRAAT:
1. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı yaşayış yeri üzrə güzəştli mənzil növbəsinə alınması vəzifəsinin Cavabdehnə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İİ Qarabağ müharibəsi əlilidir. 2020ci ilin sentyabr ayının 27-dən başlayan Vətən müharibəsində Füzuli, Cəbrayıl və Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmişdir və yaralanmışdır. xx.xx.2021-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və hərbi-həkim komissiyasının qərarı ilə "mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli emosional-labil pozuntu, postkommotsion sindrom, davamlı baş ağrıları, əhval-ruhiyyənin pozulmaları, yuxu və koqnitiv defisit ilə ..." diaqnozu qoyulmuşdur. Həmin qərarda bunun hərbi travma olması və Azərbaycan Respublikasının müdafiəsi zamanı aldındığı qeyd edilmişdir. Daha sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə üçüncü dərəcə əlillik təyin edilmişdir. Vətən müharibəsində göstərdiyi xidmətlərinə görə "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilmişdir. Yaşayış yeri üzrə güzəştli mənzil növbəsinə alınmaq üçün əvvəlcə qeydiyyatda olduğu Qusar rayonunda İcra Hakimiyyətinə müraciət etmişdir. İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 19 nömrəli Qərarı ilə yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi uçota götürülmüş və növbəlilik əsasında mənzil sahəsi ilə təmin edilməsi hüququna malik vətəndaşların siyahısına daxil edilmişdir. Səhhəti ilə əlaqədar Bakı şəhərinə gəlməli olmuşdur. Belə ki, müharibədən sonra psixoloji problemləri yarandığına görə (tək qalmaq istədiyinə görə) və Qusar rayonunun soyuq hava şəraitinə orqanizminin dözə bilməməsinə görə yaşayış yerini dəyişmək məcburiyyətində qalmışdır. Yaşayış yeri üzrə güzəştli mənzil növbəsinə alınmaq üçün cavabdeh Bakı şəhəri Cavabdehnə müraciət etdi. Müraciətinə cavab olaraq xx.xx.2024-cü il tarixində verilmiş imtina məktubunda bildirilmişdir ki, mövcud mənzil qanunvericiliyinə əsasən son beş il ərzində Yasamal rayonu ərazisində qeydiyyatda olmadığına görə müraciətinin təmin edilməsi mümkün deyildir. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Belə ki, tamamilə formal əsaslarla mənzil növbəsinə götürülməyindən imtina edilmişdir. Həmçinin, Bakı şəhərində son 5 il ərzində daimi qeydiyyatda olmaq məsələsi Müharibə əlillərinə şamil olunmamalıdır. Ona görə də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir və hesab edir ki, iddia tələbi məhkəmə tərəfindən təmin edilməlidir.
3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4559/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir.
4. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
5. Apelyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda tərtib edilmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, işin faktiki hallarından müəyyən edilir ki, iddiaçının səhhətində olan problemlər kəskinləşdikdən sonra Bakı şəhərində mənzil təminatı üçün müraciət etmişdir. Həmin dövrə qədər Qusar rayonunda İcra Hakimiyyətinə müraciət edərək mənzil növbəsində olan şəxslərin sırasında idi. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, iddiaçının Bakı şəhərinə köçmək zərurətinin səbəbi yalnız səhhəti ilə bağlıdır. Tərəflərin izahatları
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın əsassız olduğunu, bu səbəbdən də ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi.
7. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmiş və bunun hər hansı üzürlü səbəblə əlaqəli olub-olmadığı barədə məhkəməyə hər hansı məlumat verməmişdir.
8. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir.
İŞİN HALLARİ:
9. Bakı şəhəri Cavabdeh imtina məktubunda bildirilmişdir ki, “mövcud mənzil qanunvericiliyinə əsasən siz son beş il ərzində yaşayış yeriniz üzrə Yasamal rayonu ərazisində qeydiyyatda olmadığınızdan xahişinizin yerinə yetirilməsi mümkün deyildir. Müvafiq qanunvericiliyə əsasən göstərilən tarixdən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə bilərsiniz..”
10. Qusar Rayon İcra Hakimiyyəti Başçısının 19 nömrəli xx.xx.2023-cü il tarixli sərəncamından çıxarışa əsasən İİ Qarabağ müharibəsi əlili, Qusar şəhəri, Axundov küçəsi 2 saylı evdə qeydiyyatda olan İddiaçı yaşayış yeri üzrə imtiyazlı şəxs qismində mənzil növbəsinə götürülmüş və növbəlik əsasında mənzil sahəsi ilə təmin edilməsi hüququna malik vətəndaşların siyahısına daxil edilmişdir.
11. CMS-AZEMİS elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən xx.xx.1997-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Vəsiqənin verilmə tarixi xx.xx.2022-ci ildir.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə, habelə qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa); 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.7-ci maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
13. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu (xx.xx.2018-ci ilədək qüvvədə olan):
43. əlillər dövlətin hesabına mənzillə təmin edilirlər. İ qrup əlillərə, sağlamlıq imkanları məhdud uşağın ailələrinə mənzillər növbədənkənar verilir. Əlillərin, sağlamlıq imkanları məhdud uşağın ailələrinin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər hesab edilməsinin əsasları, onlara mənzil verilməsinin növbəliyi Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə müəyyən edilir. Bu zaman İ qrup əlillər, sağlamlıq imkanları məhdud uşağın ailələri, habelə İİ və İİİ qrup müharibə əlilləri ailədə adambaşına 9 kvadratmetr və daha az yaşayış sahəsi ilə təmin edilmiş olduqda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər sayılırlar.
14. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 27.0-ci maddəsinə əsasən dövlət əlilliyi olan şəxslərin və onların ailələrinin qidalanma, geyim və yaşayış yeri daxil edilməklə layiqli həyat səviyyəsinin, həyat şəraitinin yaxşılaşdırılmasının təmin və təşviq edilməsi üçün aşağıdakı tədbirləri həyata keçirir: 27.0.1. əlilliyi olan şəxslərin əlilliklə bağlı ehtiyaclarının ödənilməsi üçün köməklik göstərir; 27.0.2. əlilliyi olan şəxslərin sosial müdafiə və yoxsulluğun azaldılması üzrə dövlət proqramlarından istifadə etmək imkanlarını təmin edir; 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir.
15. “Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə: 4.6.9-cu bəndinə əsasən əlilliyi olan şəxslərin yaşayış səviyyəsinin yaxşılaşdırılması sahəsində tədbirlər görmək, onların bərpa müəssisələrinin fəaliyyətinə və inkişafına, əlilliyi olan şəxslərin reabilitasiya proqramlarının icrasına və əlilliyi olan şəxslərin həyat fəaliyyəti üçün əlverişli mühitin yaradılmasına dəstək vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aid edilmişdir. 6.8-ci bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyri-normativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir.
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir.
18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
19. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır.
20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
21. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
22. Belə ki, iş materiallarında olan Bakı şəhəri Cavabdeh xx.xx.2024-cü il tarixli, 5- 21/2-M-311-068/24 nömrəli imtina məktubunda bildirilmişdir ki, “mövcud mənzil qanunvericiliyinə əsasən siz son beş il ərzində yaşayış yeriniz üzrə Yasamal rayonu ərazisində qeydiyyatda olmadığınızdan xahişinizin yerinə yetirilməsi mümkün deyildir. Müvafiq qanunvericiliyə əsasən göstərilən tarixdən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə bilərsiniz.”
23. Bundan sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməməsi ilə yekunlaşmışdır.
24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi yekun nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir.
25. Azərbaycan Respublikası Konstitusiyasının Keçid Müddəalarının 6-cı bəndinə görə Azərbaycan Respublikasının qanunvericiliyi yerli xalq deputatları sovetlərinə aid edilmiş səlahiyyətləri yerli icra hakimiyyəti orqanları həyata keçirir.
26. Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiyasının 8 aprel 1988-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 7-ci bəndində Bakı şəhərində daimi yaşayan mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların kateqoriyaları sadalanmışdır.
27. Həmin Qaydaların 8-ci bəndinə əsasən, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yerində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bu şərtlə götürülürlər ki, azı son beş il ərzində Bakı şəhərində yaşamış olsunlar və daimi pasport qeydiyyatında olsunlar. Yaşayışın müddəti Bakı şəhərində pasport qeydiyyatının olması ilə müəyyən edilir. Bakı şəhərinə bu qaydalar qəbul edildikdən sonra gələn vətəndaşlar Bakı şəhərində pasport qeydiyyatının təsdiq etdiyi kimi yeddi il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülürlər.
28. Qeyd olunan normaların tələblərindən görünür ki, Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşlar azı son 5 il ərzində Bakı şəhərində yaşamış olduqları halda, bu qaydalar qəbul edildikdən sonra Bakı şəhərinə gələn vətəndaşlar isə yeddi il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülə bilərlər. Daimi yaşamağın müddəti isə Bakı şəhərində pasport qeydiyyatının tarixi ilə müəyyən edilir. 29.Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci maddəsinə görə isə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. 30.“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.
31. Həmin Qanunun 3-cü maddəsinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir.
32. İş materiallarında olan elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən xx.xx.1997-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Vəsiqənin verilmə tarixi xx.xx.2022-ci ildir.
33. Göründüyü kimi iddiaçının daimi olaraq ən azı 5 il müddətində Bakı şəhərinin Yasamal rayonu ərazisində yaşaması öz təsdiqini tapmır.
34. Bundan əlavə, iddiaçı apelyasiya şikayətində sonradan Bakı şəhərinə köçmə səbəbinin səhhətilə bağlı olduğunu qeyd etmişdir. Səhhətində olan problemin isə İİ Qarabağ müharibəsində iştirak etdiyi dövrdə aldığı xəsarətlərdən irəli gəldiyini bildirmişdir.
35. Apelyasiya şikayətinin həmin dəlilinə münasibətdə Kollegiya bildirir ki, yuxarıda da istinad olunan qanunvericilik normalarının təhlilindən göründüyü kimi yaşayış sahəsinə ehtiyacı olan şəxslərin dairəsi, habelə mənzil uçotuna götürülmə qaydaları konkret olaraq müəyyən edilmişdir və həmin normalarda şəxsin səhhətində olan problemlər səbəbilə qeydiyyat yerinin dəyişdirilməsinə dair istisnaedici hal nəzərdə tutulmamışdır.
36. Belə olan halda, kollegiya hesab edir ki, iddiaçının tələbinin təmin olunmasından cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Bu baxımdan iddiaçının iddia tələbinin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 38.Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
39. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
40. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır.
41. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq
qərara aldı:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4559/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.