Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2652/2021 21.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv olunması və həmin qərar əsasında hesablanmış vergi məbləğinin silinməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-383/2021 saylı 06.07.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18.04.2019-cu il tarixli, **********184400 nömrəli “Vergilərin hesablanması barədə” qərarın ləğv edilməsi və həmin qərara əsasən hesablanmış ümumilikdə 513065.18 manat əlavə vergi məbləğinin silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, İddiaçı MMC-yə “Vergilərin hesablanması barədə” 18.04.2019-cu il tarixli, **********184400 nömrəli qərara əsasən 2017-ci ilin mənfəət vergisi üzrə 513065.18 manat əlavə vergi məbləği hesablanmışdır. Həmin qərarda hesablamaya əsas kimi cəmiyyət tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 200-cü sətrində göstərilən 16 433 523.0 manat ümumi gəlir məbləği ilə 2017-ci il üzrə təqdim edilmiş ƏDV bəyannamələrində öz əksini tapan 16 514 471.51 manat vergiyə cəlb edilən dövriyyə arasındakı fərqin olması göstərilmişdir. Aşağıda qeyd olunanlara əsasən cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş 18.04.2019-cu il tarixli, **********184400 nömrəli “Vergilərin hesablanması barədə” Qərarı qanunsuz və əsassız hesab edirlər: ilk növbədə qeyd edilər ki, mübahisələndirilən inzibati aktda hesablamaya əsas kimi 2017-ci il üzrə təqdim edilmiş ƏDV bəyannamələrində öz əksini tapan ümumi dövriyyə (********.51 manat) ilə mənfəət vergisi üzrə bəyannamədə göstərilən ümumi gəlir (********.0 manat) arasında fərqin olması göstərilmişdir. Halbuki, sadə riyazi hesablama nəticəsində hər iki göstərici arasında fərqin cəmi 80948.51 manat (1651471.51-********.0) olması müəyyən edilir ki, bu da mübahisələndirilən inzibati akta əsasən hesablanmış 513065.18 manat əlavə vergi məbləğinin hər hansı əsasının olmamsını göstərir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunması xahiş edilir. Sonradan iddiaçının nümayəndəsi-vəkili məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 05.06.2020-ci il tarixli, **********396700 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-383/2021 saylı 06.07.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: A.Abdullayeva) Həmin qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş, mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, hüququn tətbiq edilməsində səhv buraxaraq, tətbiq edilməli olan qanunu düzgün tətbiq etməmişdir. Həmçinin, məhkəmə qanunvericiliyin tələblərini və iş üçün əhəmiyyətli olan bütün faktiki halları araşdırmamış, iddia tələbi üzrə mübahisə olunan məsələlərə tam araşdırma aparmadan və müəyyən məsələləri ümumiyyətlə tədqiq etmədən hüquqi qiymət verməklə düzgün nəticəyə gəlməmiş və iş üzrə əsassız və qanunsuz qərar qəbul etmişdir. İşin mahiyyəti ilə bağlı bildirilir ki, müəssisə tərəfindən 02.04.2018-ci il tarixdə mənfəət vergisi bəyannaməsi göstəricisiz təqdim edilmişdir. Daha sonra müəssisə tərəfindən 02.08.2018, 18.03.2019 və sonda 20.04.2020-ci il tarixdə təqdim edilmiş 2017-ci ilin mənfəət vergisi üzrə dəqiqləşdirilmiş bəyannamələrdə göstəricilər aşağıdakı kimi olmuşdur: ümumi gəlir - 16.433.523,0 manat: xərclər - 15.909.303,0 manat; vergiyə cəlb olunan mənfəət - 78,680,0 manat; mənfəət vergisi - 15.736,0 manat. Kameral vergi yoxlaması ilə müəssisənin ümumi gəlirləri 15.864.035,79 manat müəyyən edilmiş, lakin xərc sənədlərinin 2.288.219,13 manat hissəsində təsdiqedici sənədlər mövcud olmadığından şərti rentabellik norması əsasında 528.801,19 manat (15.864.035,79/6x20%) mənfəət vergisi hesablanmışdır. Bildirilir ki, 2017ci ilin mənfəət vergisinə aparılmış əlavə hesablama ilə bağlı vergi ödəyicisi Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciətlər edərək (AVİS qeydiyyatı: 30.04.2020-ci il tarixli **********819400 nömrəli) və (AVİS qeydiyyatı: 16.06.2020-ci il tarixli **********207600 nömrəli) şikayətlərinin etibarsız hesab edilməsini xahiş etmişdir. Bununla bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 16.06.2020-ci il tarixli **********757600 nömrəli “İnzibati şikayətin baxılmamış saxlanılması haqqında” Qərar çıxarılmış və 16.06.2020-ci il tarixli **********785600 nömrəli məktubla vergi ödəyicisinə göndərilmişdir. Nəticə olaraq 2017-ci ilin mənfəət vergisi ilə bağlı aparılmış əlavə hesablama 05.06.2020-ci il tarixdə bərpa edilərək, 05.06.2020-ci il tarixli **********396700 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. Bildirilir ki, məhkəmənin iş materiallarını ümumiyyətlə araşdırmadığı məlum olur, belə ki, qərar qəbul edərkən iş üzrə əldə edilmiş ekspert rəyi ilə kifayətlənərək, ekspert tərəfindən istinad olunan sənədlərin iş materiallarında mövcud olub-olmamasını araşdırmadan, cavabdehin ekspert rəyinə mülahizəsini bildirməsinə şərait yaratmadan yeganə sübut kimi ekspert rəyinə istinad etmiş və bununla da kobud prosessual pozuntuya yol verərək, yekunda qanunsuz və əsassız qərar qəbul etmişdir. Məhkəmə tərəfindən aşağıda qeyd olunan maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuşdur: Əvvəla qeyd etməyi zəruri hesab edirlər ki, məhkəmə işin hallarının araşdırılması prinsipinə əməl etməmiş, belə ki, İPM-nin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Belə ki, məhkəmə qərar qəbul edərkən yeganə sübut kimi ekspert rəyinə istinad etmişdir, həmin ekspert rəyində isə iş materiallarında xərc sənədlərinin mövcudluğu və iddiaçı tərəfindən təqdim edilmiş bəyannamədə göstərilmiş bütün xərclərin öz təsdiqini tapdığı qeyd olunmuşdur. Lakin, məhkəmə ekspert tərəfindən verilmiş rəyə xüsusi inam bəsləyərək, rəydə qeyd olunan xərc sənədlərinin nəinki qanunvericilikdə müəyyən olunmuş formada təsdiqini tapmağını araşdırmış, hətta qeyd olunan sənədlərin iş materiallarında mövcud olubolmamasını belə araşdırmadan rəydə qeyd olunanları qərara köçürməklə iddianın əsaslılığını “sübuta yetirmişdir”. İstər kameral vergi yoxlaması zamanı, istərsə də iddiaçının inzibati şikayəti əsasında aparılmış inzibati icraat zamanı bir neçə dəfə vergi ödəyicisindən sənədlərin təqdim edilməsi tələb edilsə də, hər-hansı təsdiqedici əhəmiyyətə malik sənəd təqdim edilməmiş, hansı ki, ilk dəfə qeyd olunan sənədlər 03.04.2018-ci il tarixdə uyğunsuzluq məktubu ilə istənilmişdir ki, həmin müddətdən təxminən 2-3 il keçməsinə baxmayaraq hər hansı sənəd təqdim edilə bilməmişdir, lakin ekspert rəyində bütün xərc sənədlərinin öz təsdiqini tapdığı qeyd olunmuşdur, bu hal cavabdeh vergi orqanında ciddi marağa səbəb olmuşdur ki əgər həmin sənədlər mövcud idi isə kameral yoxlama zamanı hansı səbəbdən təqdim edilməmişdir. Bununla da istər məhkəmə prosesi davam edən zaman, istərsə də apelyasiya şikayətinin layihəsi hazırlanan zaman ekspertin və məhkəmənin istinad etdiyi xərc sənədlərini iş materiallarında tanış olmaq istəsələr də, həmin sənədlərin mövcud olmadığı məlum olmuşdur. Kameral vergi yoxlaması zamanı əlavə vergilərin hesablanmasının əsas səbəbi malların alışına dair xərc sənədlərin mövcud olmaması və vergi ödəyicisi tərəfindən həmin sənədlərin təqdim edilməməsi olmuşdur, lakin ekspert rəyində həmin sənədlərin xüsusliə iki tərəfli aktların iş materiallarında olduğu qeyd olunmuşdur. Ekspert tərəfindən həmin iki tərəfli aktların mövcud olması qeyd olunmağı ilə yanaşı, məhkəmə tərəfindən ekspert qarşısında qoyulmuş 8-ci suala (gəlirlərin əldə edilməsi ilə bağlı xərc sənədləri ciddi hesabat sənədləridirmi?) cavab olaraq bildirilmişdir ki, həmin sənədlər ciddi hesabat sənədləridir. Ekspert rəyində qeyd olunmuş “həmin sənədlərin tərtib olunma tarixi yanvar 2017-ci il tarixdən iyul 2017-ci il tarixədək olmuşdur..... Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”na əsasən alış aktlarının forması 17 oktyabr 2017-ci il tarixdə qüvvəyə minmişdir” fikri rəyin 8-ci sual üzrə gəldiyi nəticə, yəni bütün sənədlər ciddi hesabat sənədləridir fikrini təkzib etmiş olur. Bu zaman sual yaranır ki, əgər alış aktının forması 2017-ci ilin oktyabr ayında təsdiq edilmişdirsə, 2017-ci ilin iyun ayınadək ciddi hesabat sənədi olması necə mümkündür və ekspert bu nəticəyə necə gəlmişdir ?. Göründüyü kimi məhkəmə işə səthi yanaşaraq hər hansı araşdırma aparmadan sadəcə ekspert rəyində qeyd olunan fikirlərə istinad etməklə əsassız qərar qəbul etmişdir. Əlavə olaraq bildirilir ki, ekspertin rəyində və məhkəmənin qərarında təsdiqlədiyi digər bir ziddiyyətli məsələ “Həmçinin müəssisənin vergi ödəyiciləri tərəfindən tərtib olunmuş xərc sənədləri təqdim edilmiş iş materiallarında öz əksini tapmışdır" qeydidir. Belə ki, kameral vergi yoxlaması ilə xərclərin öz təsdiqini tapdığı hissəsi, vergi ödəyiciləri ilə apardığı əməliyyatlardan ibarət xərc sənədləridir ki, həmin sənədlər vergi orqanının əldə etdiyi məlumatlardır, təsdiqini tapmayan digər xərc sənədləri isə ekspertin rəyinə əsasən alış aktları ilə alınmış mallara dair sənədlərdir ki, bildiyimiz kimi alış aktları vergi ödəyici olmayan şəxslərdən alınmış mallara görə tərtib olunur, göründüyü kimi qeyd olunan vergi ödəyiciləri tərəfindən tərtib olunmuş xərc sənədləri iş materiallarında mövcuddur ifadəsi bir daha təsdiq edir ki, vergi ödəyicisi olmayan şəxslərdən alınmış mallara dair hər hansı sənəd iş materiallarında mövcud olmamışdır. Qeyd edilənlərlə yanaşı bildiririk ki, Bakı inzibati Məhkəməsinin qərarında məhkəmə Ekspertiza Mərkəzinin 07.04.2021-ci il tarixli 9/5090 nömrəli rəyinə istinad edilərək iddia təmin edilmişdir. Ekspert rəyində qeyd edilənlərlə bağlı ilk növbədə qeyd edirlər ki, aparılmış araşdırma zamanı ekspert rəyində qeyd olunan xərc sənədləri ödəyicinin iş qovluğunda, həmçinin hesabat axtarış sistemində müəyyən edilməmişdir. Vergi ödəyicisi tərəfindən vergi orqanına 2017-ci il ərzində təqdim edilmiş və əldə edilmiş mal, iş və xidmətlərlə bağlı bağlanmış müqavilələr, təhvil təslim aktları, alış aktları, ödəniş sənədləri, 01.01.2017-ci il və 31.12.2017-ci il tarixlərə bütün debitor və kreditorlarla olan üzləşmə aktları, nəzarət kassa aparatlarının çekləri, bank hesablarından çıxarışlar, həmçinin araşdırma üçün əhəmiyyət kəsb edən digər sənədlər təqdim edilməli olduğu halda, 02.08.2018-ci il və 03.08.2018-ci il tarixli məktublarla “bütün xərc sənədləri” adı altında yük sığorta şəhadətnamələrinin surətləri, təsdiq edilməmiş kassa ödəniş qəbzləri, icra hakimiyyəti başçısının ərazi nümayəndəsinin, icra nümayəndəsinin və bələdiyyə sədrinin kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxslərin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının cəmiyyətə təqdim etmələri barədə arayışları (bu barədə səlahiyyətlərinin olub-olmaması araşdırılmadan) təqdim edilmişdir. Bu cür “bütün xərc sənədləri” adı altında təqdim edilən sənədlər təbii ki, xərci təsdiq edən sənəd kimi qəbul edilə bilməz. Eyni zamanda qeyd edilir ki, ekspert rəyinin nəticə hissəsində xərc sənədləri ilə bağlı müddəalar ümumi formada qeyd edilmiş və ciddi hesabat blankı olduğu vurğulanmışdır. Ekspertizaya vəsatət əsasında təqdim edilmiş xərc sənədlərinin hansı ciddi hesabat blanklarından ibarət olması barədə dəqiq məlumatlar göstərilməmiş və müəyyən hissəsinin sadəcə olaraq ikitərəfli aktlardan ibarət olduğu bildirilmişdir, halbuki qeyd edilən xərc sənədləri qeyd etdikləri kimi vergi ödəyicisinin iş qovluğunda müəyyən edilməmişdir. Məhkəmənin yeganə qiymətləndirdiyi sübut ekspert rəyi olmasına baxmayaraq, cavabdehə həmin rəyə qarşı öz mülahizəsini bildirmək üçün kifayət qədər vaxt verilməmiş, bununla da proses iştirakçısının öz mülahizəsini bildirmək imkanına malik olmadığı bir sübutla qərarını əsaslandırmış və qanun və məhkəmə qarşısında bərabərlik prinsipi pozmuşdur. Məhkəmə qərarını əsaslandırarkən bir sıra maddi hüquq normalarına istinad etmişdir ki, həmin hüquq normalarının tətbiqində yanlışlığa yol vermişdir, tətbiq edilməli hüquq normalarını tətbiq etməmişdir. Belə ki, qərarda VM-nin 23.1.1-ci (vergi orqanının kameral vergi yoxlaması keçirməsi hüququ), 23.1.2-ci ( vergi orqanı tərəfindən sənədlərin tələb edilməsi hüququ), 37.1 (kameral vergi yoxlamasının keçirilməsi qaydası), 37.3-cü (əlavə sənədlərin istənilməsi tələbi), 37.4-cü (sənədlərin istənilməsi qaydası), 67-ci (sənədlər təqdim edilmədikdə vergilərin hesablanması), 78-ci maddələrinə ( vergi ödəyicisi tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsi qaydası) istinad edilmişdir. Daha sonra “inzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə istinad edərək inzibati orqanın qanunun tələblərinə riayət etməyə borclu olduğunu bildirmiş oununla vergi orqanının Vergi Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinə əməl etmədiyi fikrini yaratmağa çalışmışdır. Bundan sonra isə həmin Qanunun 24-cü maddəsinin bəndlərini qeyd edərək (işin faktiki hallarını tam və hərtərəfli araşdırmaq, maraqlı şəxsin xeyrinə olan halların araşdırlmasından imtinanın yolverilməzliyi, əlavə sübutların toplanılması, səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və s. qəbul etməkdən imtinanın yolverilməzliyi) yekunda həmin Qanunun 67.1-ci maddəsinə əsasən yuxarıda qeyd olunan inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati aktın qanunsuz olduğunu bildirmişdir. Məhkəmə qeyd etdiyi maddi hüquq normalarından belə nəticə çıxır ki, vergi orqanı Vergi Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinə əməl etməmiş, həmçinin inzibati icraat zamanı qeyd olunan qanunun 24-cü maddələrinə zidd hərəkətlər etmişdir. Bununla vergi orqanının qəbul etdiyi qərarı şübhə altına salaraq ləğv edilməsi qənaətinə gəlmişdir. Halbuki, cavabdeh vergi orqanı tərəfindən yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə ciddi əməl edilmişdir, belə ki, təqdim edilmiş bəyannamədə kənarlaşmaların mövcud olduğunu bilmiş, həmin kənarlaşmaların aradan qaldırılması üçün vergi ödəyicısinə məktub göndərmiş, əlavə sənədləri yoxlamaya təqdim edilməsini tələb etmiş, vergi ödəyicisinin sənədləri təqdim-edib etməməyindən asılı olmayaraq özü yaradılmış imkanlardan istifadə edərək, əlaqəli məlumatları araşdırmış, yekunda kifayət qədər əsası olduğundan əlavə vergilərin hesablanmasına dair qərar qəbul etmişdir. Həmçinin vergi ödəyicisinin qəbul edilmiş qərarlardan etdiyi şikayəti qəbul etmiş, inzibati icraat qaydasında araşdırma aparmış, əlavə sübutlar tələb etmiş, lakin vergi ödəyicisi tərəfindən sübut əhəmiyyəti daşıyan hər-hansı sənəd təqdim edilməmiş, daha sonra vergi ödəyicisinin özünün ərizəsinə əsasən inzibati şikayəti baxılmamış saxlamışdır. Göründüyü kimi vergi orqanı qeyd olunan bütün maddi hüquq normalarına ciddi əməl etmişdir, lakin məhkəmə həmin normaların vergi orqanı tərəfindən pozulmasını ehtiva etmiş, bununla da onun istinad etdiyi normalar məhkəmə qərarını şübhə altına salmışdır, beləliklə qanunun hüquqi müəyyənlik prinsipinə əməl edilməmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili Vəkil apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 05.06.2020-ci il tarixli, **********396700 nömrəli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və müəyyən etmişdir ki, iş materiallarında olan sənədlərə (elektron qaimələr, iki tərəfli aktlar, bank çıxarışları və s.) və məlumatlara (yük gömrük bəyannaməsi məlumatları (idxal-ixracla bağlı), mənfəət vergisi bəyannamələrinin məlumatları və s.) əsasən müəssisənin 2017-ci il üzrə mənfəət vergisi 15736.00 manat məbləğində müəyyən olunur. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamədə də, (mənfəət vergisi üzrə) dövlət büdcəsinə 15736.0 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Yəni, 2017-ci il üzrə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə əlavə olaraq ödənilməli olan mənfəət vergisi müəyyən olunmur. Həmçinin müəssisənin vergi ödəyiciləri tərəfindən tərtib olunmuş xərc sənədləri təqdim edilmiş iş materiallarında öz əksini tapmışdır. Həmin sənədlərin adı, tarixi, rekvizitləri, məbləğləri, təsərrüfat əməliyyatının məzmunu təqdim edilmiş iş materiallarında olan sənədlərdə göstərilmişdir. Bundan başqa, həmin sənədlərin müəssisənin tətbiq etdiyi metodun tələblərinə və vergi qanunvericiliyinə (hesabat dövründə qüvvədə olan) uyğunluğu müəyyən olunur. İş materiallarında həmin halları təsdiq edən ekspert rəyi də, mövcuddur ki, məhkəmə həmin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyi məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməklə tərtib edilmiş və işdəki digər sənədlərlə öz təsdiqini tapır. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab etmişdir ki, iddia əsaslı olduğundan təmin edilməli, iş üzrə mübahisəli qərarla vergi məbləğinin hesablanması zamanı cavabdeh tərəfindən işin faktiki və hüquqi halları düzgün araşdırılmayaraq, iddiaçıya münasibətdə qanunvericiliyin normaları düzgün tətbiq edilmədiyindən, mübahisəli qərar əsassız olmaqla ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarından görünür ki, 2017-ci ilin mənfəət vergisi üzrə kameral vergi yoxlaması ilə hesablanmış əlavə vergi məbləğinin azaldılması barədə "xxxx" MMC-nin Vergilər Nazirliyinə daxil olmuş 02.08.2018-ci il və 17.04.2019-cu il tarixli müraciətlərinin hərtərəfli, tam və obyektiv araşdırılması üçün əhəmiyyət kəsb edən bütün sübutların nazirliyin X3 təqdim edilməsi barədə vergi orqanı tərəfindən vergi ödəyicisinə rəsmi məktublar və vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2017-ci ilin mənfəət vergisi bəyannaməsində göstərilmiş dövriyyə məbləğinin, müvafiq dövr üçün təqdim edilmiş ƏDV bəyannamələrində göstərilmiş cəmi dövriyyə məbləğindən az olduğu müəyyən edilmiş və bununla əlaqədar vergi ödəyicisinə 03.04.2018-ci il tarixli, **********901400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən məktubda qeyd edilən izahat və təsdiqedici sənədlər təqdim olunmadığından 2017-ci ilin mənfəət vergisi üzrə 528801.19 manat əlavə vergi məbləği hesablanmış və yoxlamanın nəticəsi üzrə qəbul edilmiş “Vergilərin hesablanması barədə” 11.05.2018-ci il tarixli, **********684200 nömrəli qərar tərəflər arasında imzalanmış “Elektron sənəd mübadiləsi haqqında” 02.07.2014-cü il tarixli müqavilənin 2.2.1-ci bəndinə əsasən elektron üsulla vergi ödəyicisinə göndərilmişdir. Vergi ödəyicisi tərəfindən 02.08.2018-ci il tarixdə 2017-ci ilin mənfəət vergisi üzrə təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamə vergi orqanı tərəfindən Vergi Məcəlləsinin tələblərinə uyğun kameral qaydada yoxlanılmış, hesablanmış məbləğ qismən azaldıldıqdan sonra qeyd edilən bəyannamə nəzərə alınmayaraq, yenidən 528801.19 manat vergi hesablanmış (əlavə hesablanmış məbləğ: 513065.16 manat) və yoxlamanın nəticəsi üzrə qəbul edilmiş “Vergilərin hesablanması barədə” 13.09.2018-ci il tarixli, **********489100 nömrəli qərar vergi ödəyicisinə göndərilmişdir. Vergi ödəyicisi tərəfindən təkrarən 2017-ci ilin mənfəət vergisi üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim edilmişdir. Həmin bəyannamə yenidən vergi orqanı tərəfindən kameral qaydada yoxlanılmış və yoxlama zamanı 13.09.2018-ci il tarixli qərarla hesablanmış əlavə vergi məbləği bir daha tam təsdiq olunmuşdur. Kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergilərin hesablanması barədə” 18.04.2019-cu il tarixli, **********184400 nömrəli qərar vergi ödəyicisinə göndərilmişdir. Həmin qərarın ləğv edilməsi barədə inzibati iş üzrə məhkəmə araşdırılması aparıldığı dövrdə iddiaçı yenidən vergi orqanına dəqiqləşdirilmiş bəyannamə təqdim etmişdir. Həmin bəyannamə yenidən vergi orqanı tərəfindən kameral qaydada yoxlanılmlış və yoxlama zamanı 18.04.2019-cu il tarixli qərarla hesablanmış əlavə vergi məbləği vergi orqanı tərəfindən bir daha təsdiqlənmiş və bununla bağlı qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 05.06.2020-ci il tarixli, **********396700 nömrəli qərar vergi ödəyicisinə göndərilmişdir. İş materiallarında olan vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş 2017-ci il mənfəət vergisi üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin surətindən görünür ki, vergi ödəyicisi tərəfindən həmin bəyannamədə 242-ci və 246-cı sütunlarda 2017-ci ilin mənfəət vergisi üzrə ödənilməli olan məbləğ 15.736,00 manat göstərilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********396700 nömrəli, 05 iyun 2020-ci il tarixli qərardan görünür ki, 2017-ci ilin mənfəət vergisi üzrə 513 065.18 manat məbləğində vergi məbləği hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/5090 nömrəli, 07 aprel 2021-ci il tarixli ekspert rəyindən görünür ki, birinci, ikinci, üçüncü, dördüncü, beşinci, altıncı, yeddinci və səkkizinci suallar üzrə: rəyin tədqiqi hissəsində göstərildiyi kimi, iş materiallarında olan sənədlərə (elektron qaimələr, iki tərəfli aktlar, bank çıxarışları və s.) və məlumatlara (yük gömrük bəyannaməsi məlumatları (idxalixracla bağlı), mənfəət vergisi bəyannamələrinin məlumatları və s.) əsasən müəssisənin 2017-ci il üzrə mənfəət vergisi 15736.00 manat məbləğində müəyyən olunur. Göstərilənlərə əsasən qeyd edilir ki, iş materiallarında olan vergi ödəyicisi tərəfindən təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamədə də (mənfəət vergisi üzrə) dövlət büdcəsinə 15736.0 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Yəni 2017-ci il üzrə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə əlavə olaraq ödənilməli olan mənfəət vergisi müəyyən olunmur. Həmçinin qeyd edilir ki, müəssisənin vergi ödəyiciləri tərəfindən tərtib olunmuş xərc sənədləri təqdim edilmiş iş materiallarında öz əksini tapmışdır. Həmin sənədlərin adı, tarixi, rekvizitləri, məbləğləri, təsərrüfat əməliyyatının məzmunu təqdim edilmiş iş materiallarında olan sənədlərdə göstərilmişdir. Bundan başqa, həmin sənədlərin müəssisənin tətbiq etdiyi metodun tələblərinə və vergi qanunvericiliyinə (hesabat dövründə qüvvədə olan) uyğunluğu müəyyən olunur. Eyni zamanda qeyd edilmişdir ki, həmin sənədlər ciddi hesabat sənədləridir. Mülki Prosessual Məcəlləsinin 101.6-cı maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 23.1.2-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb edə bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən, vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən Kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırmalardan müəyyən olunur ki, tərəflər arasında mübahisənin əsasını "xxxx" MMC tərəfindən 2017-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər” bölməsinin “Malın dəyəri” adlı 221.4-cü sətrində əks etdirilən xərc məbləği təşkil edir. Belə ki, iş materiallarına əlavə edilmiş 2017-ci il üzrə Mənfəət vergisi bəyannaməsinin sözügedən sətrində xərc məbləği 15 893 866,0 manat əks etdirildiyi halda, kameral vergi yoxlamasının nəticəsinə dair vergi bəyannaməsində həmin göstərici 13 328 540,12 manat müəyyən edilmişdir. Başqa sözlə desək, cavabdeh vergi orqanı mənfəət vergisi bəyannaməsində öz əksini tapan xərclərin 2 565 325,88 manat hissəsini təsdiqedici sənəd olmadığına görə qəbul etməmiş və bu səbəbdən iddiaçıya təsdiqini tapmayan xərclərə müvafiq olaraq 513,065.18 (2 565 325.88 * 20%) manat əlavə vergi məbləği hesablamışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh vergi orqanı iddiaçıya yuxarıda qeyd olunan əsasla əlavə vergi məbləği hesablamaqla səhvə yol vermiş və ona münasibətdə qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, tərəflərin izahatlarının və iş materiallarının tədqiqi nəticəsində müəyyən edilmişdir ki, mübahisənin əsasını təşkil edən 2 565 325,88 manat xərclərə dair təsdiqedici sənəd iddiaçı tərəfindən vergi orqanında uçotda olmayan fiziki şəxslərdən 2017-ci ilin yanvar-iyun ayları ərzində alınmış kartof və soğan məhsulları ilə bağlı tərtib edilmiş və imzalanmış iki tərəfli alış aktları olmuşdur. Göstərilən iki tərəfli alış aktlarının gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd qismində qəbul edilməsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, 30.07.2017-ci il tarixədək vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınan kənd təsərrüfatı məhsullarının rəsmiləşdirilməsinə dair qanunvericilikdə təsdiq edilmiş hər hansı xüsusi sənəd forması olmadığından, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 2017-ci ilin yanvar-iyun ayları ərzində tərtib edilmiş alış aktlarının mötəbərliyini təkzib edəcək və xərc sənədi qismində qəbul edilməsini istisna edə biləcək hər hansı hal müəyyən edilmir. Belə ki, 29.11.2019-cu il tarixli Qanunla Vergi Məcəlləsinə əlavə edilmiş və 01.01.2020ci il tarixdən qüvvəyə minmiş 16.1.11-10-cu maddəyə əsasən vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktını tərtib etmək vergi ödəyicisinin vəzifəsidir. 30.11.2018-ci il tarixli Qanuna əsasən 58.8-ci maddənin yenilənmiş və 01.01.2019-cu il tarixdən qüvvəyə minmiş redaksiyasına əsasən səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş qaydada müəyyən edilən hallarda tərtib olunan alış aktları, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəllənin 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmadıqda həmin maddədə göstərilən maliyyə sanksiyalarından biri tətbiq edilir. 29.11.2019-cu il tarixli Qanunla Vergi Məcəlləsinə əlavə edilmiş və 01.01.2020-ci il tarixdən qüvvəyə minmiş 71-2.1-71-2.3-cü maddələrə əsasən bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. Elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. Vergi Məcəlləsinin 130.1-1-ci maddəsinə əsasən iqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Prezidenti) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 3.2-ci bəndinin 29.11.2019-cu il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən mallar vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda, “Malların alış aktı” tərtib edilir. “Malların alış aktı”nda satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasinin 04.04.2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının forma və rekvizitlərinə” 30.07.2017-ci il tarixli Q 08 nömrəli qərar ilə edilmiş əlavə nəticəsində “Malların alış aktı” ciddi hesabat blankı kimi qəbul edilmiş və forması təsbit edilmişdir. Sadalanan normalardan aydın olur ki, “Malların alış aktı” vergi orqanında uçotda olmayan, yəni VÖEN təqdim etməyən şəxslərdən mal alınarkən tərtib edilən xərc sənədidir və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasinin 30.07.2017-ci il tarixli qərarı ilə “Malların alış aktı”nın xüsusi forması təsbit edilərək ciddi hesabat blanklarının siyahısına daxil edilmişdir. 01.01.2020-ci il tarixdən etibarən isə alış aktlarının yalnız elektron formada tərtib edilməsinə dair qanunvericiliyə müvafiq dəyişiklik edilmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən məhkəməyə sübut qismində təqdim edilmiş alış aktları 2017-ci ilin yanvar-iyun ayları ərzində tərtib edilmişdir ki, həmin dövrdə bucür əməliyyatları rəsmiləşdirmək üçün qanunla müəyyən edilmiş hər hansı imperativ sənəd forması mövcud deyildi. Bu halı iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsinə dair tərtib edilmiş 07.04.2021-ci il tarixli 9/5090 nömrəli ekspert rəyi də təsdiq edir. Həmin ekspert reyində müəyyən edilmişdir ki, iddiaçı tərəfindən 2017-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində öz əksini tapan gəlir və xərclər dair müvafiq təsdiqedici sənədlər mövcud olduğundan, cəmiyyətin həmin il üzrə ödəməli olduğu mənfəət vergisi 15736,0 manat təşkil edir. Göstərilənlərə əsasən məhkəməyə belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən 2017-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin göstəricilərində hər hansı kənarlaşma aşkar edilmədiyindən, vergi orqanı tərəfindən kameral vergi yoxlaması nəticəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********396700 nömrəli, 05 iyun 2020-ci il tarixli qərar ləğv edilməli və həmin qərara əsasında hesablanmış 513065.18 manat əlavə vergi məbləği silinməlidir. Bundan başqa cavabdeh vergi orqanı apellyasiya şikayətində qeyd etmişdir ki, “ekpspertizaya vəsatətə əsasında təqdim edilmiş xərc sənədlərinin hansı ciddi hesabat blanklarından ibarət olması barədə dəqiq məlumatlar göstərilməmiş və müəyyən hissəsinin sadəcə olaraq iki tərəfli aktlardan ibarət olduğu bildirilmişdir, halbuki qeyd edilən xərc sənədləri qeyd etdiyimiz kimi vergi ödəyicisinin vergi orqanında olan iş qovluğunda müəyyən edilməmişdir.” Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, 07.04.2021-ci il tarixli ekspert rəyinin 3-cü səhifəsinin 3-cü paraqrafında qeyd edilir ki, vəsatətə cavab olaraq təqdim edilmiş əlavə sənədlərlə tanışlıq zamanı müəyyən olundu ki, təqdim olunmuş əlavə sənədlərin bir qismi də kənd təsərrüfatı məhsullarının alınması üçün tərtib olunmuş iki tərəfli aktlardan ibarətdir. Həmin aktların tərtib edilmə tarixləri yanvar 2017-ci il tarixdən iyul 2017-ci il tarixədək olmuşdur. Bundan başqa, iddiaçı 2017-ci ilin yanvar-iyun ayları ərzində tərtib edilmiş aktların bir nüsxəsini də 21.12.2021-ci il tarixdə sübut qismində apellyasiya insytansiyası məhkəməsinə də təqdim etmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 2017-ci il üzrə xərclərinə dair elektron formada tərtib edilmiş sənədlər (elektron vergi hesab faktura, yük gömrük bəyannamələri) vergi orqanının məlumat bazasında mövcud olsa da, kağız daşıyıcıda tərtib olunan alış aktları vergi orqanında vergi ödəyicisinə məxsus iş qovluğunda mövcud olmamışdır ki, bu da həmin sənədlərin mövcudluğunu və ya mötəbərliyini istina etmir. Məhkəmə kollegiyası qeyd edir ki, İPM-nin 14.1-ci maddəsi baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Belə ki, inzibati qanunvericiliyin tələbi baxımından vergi orqanının inzibati icraat zamanı (bu halda kameral vergi yoxlamasının aparılması və müvafiq qərar qəbul edilməsi zamanı) işin hallarını obyektiv araşdırmaq hüququ vardır (“İnzibati icraat haqqında" Qanunun 24-cü maddəsi). Nəzərə alınmalıdır ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Təqdim olunmuş sübutlar isə yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur, inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir (“inzibati icraat haqqında” Qanunun 47.1-ci maddəsi). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 49.5-ci maddəsinə görə vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. Bu maddədə nəzərdə tutulmuş müddəalar vergi agentlərinə də şamil edilir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərarın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, cavabdehin apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-383/2021 saylı 06.07.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2652/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2652/2021
21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver