Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2652/2025 05.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi” iddia tələbinə dair işi üzrə Açar sözlər: (mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olmasına dair arayış) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X7 və X1 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi” iddia tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli, 2-1(112)-111/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsindəki “255g” saylı bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh inzibati orqan xx.xx.2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavab məktubunda bildirilmişdir ki, göstərilən bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmayıb. Həmçinin, qeyd edilən ərazinin arxiv cizgisi ilə uyğunsuzluq təşkil etdiyi və bağ sahənin bir hissəsinin Novxanı-Pirşağı magistral yolunun mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. Bundan əlavə, təqdim edilən müqavilənin tarixi xx.xx.2005-ci il qeyd edilsədə, idarədə mövcud olan arxiv nüsxəsində xx.xx.2005-ci il tarixi qeyd olunduğu aşkar edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə müraciət edərək, Binəqədi rayonu, Görədil ərazisindəki 35710 saylı müqavilə ilə 255 ”g” nömrəli 12 sot bağ torpaq sahəsinə dair iddiaçıya reyestrdən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamenti Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi tərəfindən xx.xx.2005-ci il tarixli, 35710 saylı müqavilə əsasında verilmiş Binəqədi rayonu, Görədil ərazisindəki 0.12 ha, 255 “g” nömrəli bağ torpaq sahəsinə dair hüququn torpaq üzərində mülkiyyət hüquqlarını qeydiyyata almadan vəfat etmiş X5 məxus olması barədə arayışın verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamenti Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi Binəqədi rayonu, Görədil ərazisindəki 255 ”g” nömrəli 12 sot bağ torpaq sahəsini 27 Avqust 2005-ci il tarixli 35710 saylı müqavilə əsasında X4, yəni iddiaçının həyat yoldaşının istifadəsinə vermişdir. Qeyd olunan torpaq sahəsi X4 adına ayrıldıqdan sonra həmin əraziyə daş, qum tökdürmüş, abadlıq işləri aparmış və daima hhəmin ərazini bağ sahəsi kimi istifadə etmiş və müntəzəm olaraq həmin torpağın vergisi özü və sonralar iddiaçı, yəni onun arvadı olan İddiaçı tərəfindən ödənilmişdir. X8 vəfat etmiş və xx.xx.2021-ci ildə adına vərəsəlik işi açılmışdır. Bağ qonşuları tərəfindən həmin torpağa sahiblik hüquqları qanuni olaraq tanınmış və heç bir fiziki və yaxud hüquqi şəxs tərəfindən, yəni dövlət və bələdiyyə orqanları tərəfindən bağ sahəsinə hər hansı bir mübahisə yaranmamışdır. Bağ sahəsi 2005-ci ildən bu günə kimi daima istifadələrindədir. Məsələyə aydınlıq gətirilməsi məqsədi ilə dəfələrlə caavbdehə müraciət etsə də, müraciətləri cavabsız qalmış və məsələyə dair heç bir aydınlıq gətirilməmişdir. Binəqədi rayonu Goradil massivi üzrə bağ torpaq sahələrinə dair verilmiş müqavilələr bağ-sıra nömrələri həmin ərazi və ünvan üzrə 255 rəqəmlər və həriflər üzrə ardıcıl davam edir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında imtina məktubunda göstərilənlərə istinad etmiş və qeyd etmişdir ki, göstərilən bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmamışdır. Həmçinin, qeyd edilən ərazinin arxiv cizgisi ilə uyğunsuzluq təşkil etdiyi və bağ sahənin bir hissəsinin Novxanı-Pirşağı magistral yolunun mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. Bundan əlavə, təqdim edilən icarə müqaviləsinin tarixi xx.xx.2005-ci il qeyd edilsə də, idarədə mövcud olan arxiv nüsxəsində xx.xx.2005-ci il tarixi qeyd olunduğu aşkar edilmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********40 saylı xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin 06 dekabr 2024-cü-ci il tarixli, 2-1(112)-111/2024 nömrəli qərarı ilə (hakim Səlma Salahova) iddia tələbi təmin edilərək, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 0,12 ha sahəsi olan 255g saylı bağ sahəsinə mülkiyyət hüququnun vəfat etmiş mərhum X5 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 06 dekabr 2024-cü-ci il tarixli, 2-1(112)- 111/2024 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi apellyasiya şikayətində qeyd etmişdir ki, göstərilən bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmamışdır. Həmçinin, qeyd edilən ərazinin arxiv cizgisi ilə uyğunsuzluq təşkil etdiyi və bağ sahənin bir hissəsinin Novxanı-Pirşağımagistral yolunun mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. Bundan əlavə, təqdim edilən icarə müqaviləsinin tarixi xx.xx.2005-ci il qeyd edilsədə, idarədə mövcud olan arxiv nüsxəsində xx.xx.2005-ci il tarixi qeyd olunduğu aşkar edilmişdir. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edib şikayətin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin 06 dekabr 2024cü-ci il tarixli, 2-1(112)-111/2024 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... Maddə 10.2. Qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 22.2-ci maddəsinə görə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçının hüquqi marağı Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamenti Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi tərəfindən xx.xx.2005-ci il tarixli, 35710 saylı müqavilə əsasında verilmiş Binəqədi rayonu, Görədil ərazisindəki 0.12 ha, 255 “g” nömrəli bağ torpaq sahəsinə dair hüququn torpaq üzərində mülkiyyət hüquqlarını qeydiyyata almadan vəfat etmiş X5 məxus olması barədə arayışın verilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 255g saylı bağ sahəsinin F.Məmmədova ayrılması barədə müvafiq dövlət qurumuna təhvil verilmiş etibarlı sənədləri mövcuddur. Belə ki, Bakı şəhər icra Hakimiyyəti tərəfindən iddiaçıya bağ sahəsinin ayrılması barədə protokol və sərəncamdan çıxarışı, cavabdeh isə icarə müqaviləsinin surətini məhkəməyə təqdim etmişdir. 255g saylı bağ sahəsi iddiaçının ərizəsi, üç bağ qonşusu və Bağlar təsərrüfatı birliyinin mühəndislərinin aktı və Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı əsasında iddiaçının adına rəsmiləşdirilmişdir və bu sənədlər hazırda qüvvədədir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı ona ayrılmış bağ sahəsi ilə bağlı hüquqlarının qeydə alınmasını tələb etməkdə haqlı olmuşdur. Cavabdeh tərəfindən verilən apellyasiya şikayətinin dəlilləri iddiaya etirazın dəlilləri ilə eynilik təşkil etməklə aşağıdakılardan ibarətdir:
1. bağ sahəsinin nömrəsinin bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmaması;
2. qeyd edilən ərazinin arxiv cizgisi ilə uyğunsuzluq təşkil etməsi;
3. bağ sahənin bir hissəsinin Novxanı-Pirşağı magistral yolunun mühafizə zolağında yerləşməsi;
4. iddiaçı tərəfindən təqdim edilən müqavilənin tarixi xx.xx.2005-ci il qeyd edilsə də, idarədə mövcud olan arxiv nüsxəsində xx.xx.2005-ci il tarixi qeyd olunduğuna istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Belə ki, bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritədə əks olunmaması iddiaçının hüquqlarının qeydə alınmaması üçün əsas kimi qəbul edilə bilməz. Çünki hamıya bəlli olan haldır ki, cavabdehin istinad etdiyi sxematik xəritə iddiaçıya bağ sahəsi ayrılan vaxtdan xeyli əvvəl tərtib edilmiş, həmin dövrlərdə bağ sahələrinin 0,25 ha ayrılması nəzərdə tutulmuş, sonradan həmin sahələr bölünərək digər vətəndaşlara verilmiş, bu zaman yeni verilmiş bağları fərqləndirmək üçün bağ sahələrinin nömrələrinə müvafiq hərflər əlavə edilmişdir. Sonradan bölünmüş, yaxud yeni nömrə əsasında digər bir vətəndaşa verilmiş həmin bağların sxematik xəritəsini tərtib etmək, yaxud mövcud sxematik xəritəni həmin vəziyyətə uyğunlaşdırmaq isə iddiaçının deyil, müvafiq səlahiyyətli dövlət orqanlarının məsuliyyətində olmuşdur. Apellyasiya şikayətinin ikinci dəlilinə münasibətdə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən ərazinin arxiv cizgisi ilə uyğunsuzluq təşkil etməsi nəzərə alınaraq, cavabdehə həmin ərazinin hansı nömrəli bağın ərazisinə uyğun gəlməsi barədə sorğu verilmiş, cavabdeh xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində göstərmişdir ki, bağların bölgüsünə dair sxematik xəritəsində göstərilən hissədə bağ nömrəsi qeyd olunmamışdır, sonradan ayrılan bağ sahələrinin olması istisna deyil. Üçüncü dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, işdə olan Azərbaycan Avtomobil Yolları X3 Yollarının Mühafizə Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, sözügedən torpaq sahəsi Novxanı-Pirşağı avtomobil yolunun km 04 + 500 hissəsində sağ tərəfdə yerləşir. Qeyd olunan avtomobil yolu funksional təyinatına görə İİ texniki dərəcəyə malik olmaqla təhkim zolağının (torpaq yatağının) eni 15,0 metr müəyyən edilmişdir. Mövcud yolun qeyd olunan torpaq sahəsi yolun hərəkət istiqaməti mərkəzindən 12 5 metr aralı məsafədə olmaqla, yolun təhkim zolağından kənarda yerləşir. Sonuncu dəlilə münasibətdə məhkəmə kollegiyası bildirir ki, həmin sənədlər iddiaçı deyil, bağ sahəsini ayıran qurum tərəfindən tərtib edilmişdir, buna görə də texniki səhvə yol verilməsi iddiaçının təqsiri kimi müəyyən edilə bilməz. Bundan əlavə, bağ sahəsinin F.Məmmədova ayırılması barədə təkcə müqavilə deyil, həmçinin səlahiyyətli qurumun qüvvədə olan qərarı təqdim edilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə müvafiq Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olmadığından iddiaçı qüvvədə olan hüquqmüəyyənedici sənədləri təqdim etməklə istifadəsində olan bağ sahəsinin vəfat etmiş X5 məxus olması barədə arayışın verilməsini tələb etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə
Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin 06 dekabr 2024-cü-ci il tarixli 2-1(112)-111/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.