Məhkəmə qərarları › İş №2-1(103)-2653/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2653/2022

14.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2653/2022 14.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı kirayə müqaviləsi bağlanması barədə sərəncam verilməsi öhdəliyinin qoyulması tələbinə dair inzibati iş üzrə (açar sözlər: kirayə müqaviləsi bağlanması barədə sərəncam verilməsi öhdəliyinin qoyulması) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nümayəndəsi X2 işitrakı ilə İddiaçı kirayə müqaviləsi bağlanması barədə sərəncam verilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-95/2022 nömrəli iş üzrə 19 aprel 2022-ci il tarixli qərarından iddiaçının apellyasiyasına əsasən inzibati işə аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı ünvan 1 ünvanda qeydiyyatdadır.

2. Bakı "xxxx" İB-nin xx.xx.2006-cı il tarixli 0247 nömrəli orderinə görə, Bakı şəhəri Xətai rayonu Cavanşir küçəsi yataqxana ev 4, 67 nömrəli mənzil Bakı "xxxx" İB müdiriyyəti və Həmkarlar İttifaqı Komitəsinin 68 nömrəli protokolu ilə rəsmiləşdirilmiş xx.xx.2006-cı il tarixli birgə qərarına əsasən iddiaçıya verilmişdir.

3. Bakı "xxxx" İB müdiriyyəti və Həmkarlar İttifaqı Komitəsi tərəfindən təsdiqlənmiş ünvan 3 ünvanda yerləşən yataqxanada mənzilləri zəbt olunmuş sakinlərin xx.xx.2006-cı ilin siyahısının 26-cı bəndində iddiaçının adı qeyd edilmişdir.

4. Bakı “Radioquraşdirma” İB HİK X1 şurasının və MMK-nın birgə növbəti iclasının xx.xx.2004-cü il tarixli 41 nömrəli protokolundan çıxarışa görə, Birlik Bakı "xxxx" İB-də uzun illər işləyən fəhlə və qulluqçulara, mənzil növbəsində olanlara növbə əsasında mənzil verə bilməməsini nəzərə alıb, birliyə məxsus Ə.ünvan 4A, Məshəti küçəsi 3A, R.Quliyev küçəsi 4 və Cavanşir küçəsi 4 ünvanlarda yerləşən yataqxanalarda hazırda yaşayan fəhlə və qulluqçuların yaşadıqları otaqlara yeni mənzil nömrələrinin verilməsi, birliyin yataqxanalarında yaşayan fəhlə və qulluqçulara yaşadıqları mənzilə order verilməsi və ordərdə göstərilmiş mənzil nömrəsinə əsasən pasport qeydiyyatına salınması, uzun illər mənzil və yataqxana növbəsində olan və yataqxanada yaşayan ailə üzvlərinə görə mənzil sahəsi az olan fəhlə və qulluqçulara da qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillərin verilməsi, birliyə məxsus yataqxanalarda hazırda yaşayan qaçqın və məcburi köçkün ailələrinə torpaqları alınarkən və ya məcburi köçkün ailələrinə mənzil verilən vaxt zəbt etdikləri mənzillərdən köçürüldükdən sonra, yataqxanalarda boşalacaq mənzillərin qeydşərtsiz həmin mənzillərə order verilmiş fəhlə və qulluqçulara verilməsi qərara alınmışdır.

5. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Sosial xidmətlər idarəsinin Bakı şəhəri Xətai rayonunda yerləşən 4 nömrəli Mənzil İstismar Sahəsinin balansında olan mənzil fondunun (yataqxanaların) əmlakı ilə birlikdə Bakı ŞİH Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilməsi barədə xx.xx.2014-cü il tarixli təhvil-qəbul aktına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 131 nömrəli sərəncamına, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 294 nömrəli sərəncamına, Departamentin xx.xx.2013-cü il tarixli 122 nömrəli sərəncamına, 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2013-cü il tarixli 16 nömrəli əmrinə, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin xx.xx.2013-cü il tarixli 01- 1/984 nömrəli məktubuna və Müdafiə Sənayesi Nazirliyi Sosial xidmətlər idarəsinin xx.xx.2013-cü il tarixli 15 nömrəli əmrinə əsasən AR MSN "xxxx" MMC-nin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən ünvan 5 ünvanda yerləşən yataqxana binası Departamentin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilmişdir.

6. Bakı ŞİH MKTD 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfati Birliyinin xx.xx.2019-cu il tarixli 68/30-Ç nömrəli məktubundan görünür ki, ünvan 5 yataqxana binasının 67 nömrəli otağında 1992-ci ildən Laçın rayonundan məcburi köçkün kimi X6, arvadı X4, qızı Nuranə Əlişzadə və oğlu Fərid Əlişzadə məskunlaşmış, həmin məcburi köçkün ailəsi AR Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşdür.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5766/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərardadı ilə iddiaçı Bakı ŞİH Mənzil Kommunal Təsərrüfatı Departamentinin cavabdeh İddiaçı qarşı orderin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılmışdır.

8. Həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10847/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmış, şikayət təmin edilməmişdir.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

9. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayonu Cavanşir küçəsi yataqxana ev 4 mənzil 67-yə dair onunla kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

10. İddianın əsaslarına görə, iddiaçı uzun illər "xxxx" İB-də işləyərək mənzil növbəsində olmuş, lakin işlədiyi birlik iddiaçını mənzillə təmin edə bilmədiyi üçün mənzil növbəsində olduğu mənzil əvəzi olaraq, yaşadığı yataqxananın Cavanşir küçəsi ev 4, 67 nömrəli mənzili order əsasında iddiaçıya verərək pasport qeydiyyatına alınmışdır. Belə ki, Bakı "xxxx" İB-nin Həmkarlar İttifaqı Komitəsinin və X1 Şurasının və MMK-nin birgə iclasının xx.xx.2004-cü il tarixli 41 nömrəli iclasının qərarı ilə Birlik tərəfindən "xxxx" İB-də uzun illər işləyən fəhlə və qulluqçularına birlikdə mənzil növbəsində olanlara növbə əsasında mənzil verə bilməməsini nəzərə alaraq, Birliyə məxsus olan S.Ə.ünvan 4A, Məshəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalarda hazırda yaşayan fəhlə və qulluqçuların yaşadıqları otaqlara yeni mənzil nömrələrinin verilməsi, habelə birliyin yataqxanalarda yaşayan fəhlə və qulluqçularına yaşadıqları mənzilə dair orderin verilməsi və orderdə göstərilmiş mənzil nömrəsinə əsasən pasport qeydiyyatına salınması, birlikdə yataqxana və mənzil növbəsində olan fəhlə və qulluqçulara, məcburi qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillərin təklif olunması və razılığa əsasən sənədləşdirilməsi, birlikdə işləyib uzun illər mənzil və yataqxana növbəsində olan və yataqxanada yaşayan ailə üzvlərinə görə mənzil sahəsi az olan fəhlə və qulluqçulara da qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillərin verilməsi, birliyə məxsus S.Ə.ünvan 4A, Məshəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarda yerləşən yataqxanalarda hazırda yaşayan qaçqın və məcburi köçkün ailələrinə torpaqları alınarkən və ya məcburi köçkün ailələrinə mənzil verilən vaxt zəbt etdikləri mənzillərdən köçürüldükdən sonra, yataqxanalarda boşalacaq mənzillərin qeyd-şərtsiz həmin mənzillərə order verilmiş fəhlə və qulluqçulara verilməsi qərara alınmışdır. Daha sonra Bakı "xxxx" İB-nin Həmkarlar İttifaqı Komitəsinin və X1 Şurasının və MMK-nin birgə iclasının xx.xx.2006-cı il tarixli 68 nömrəli iclasının qərarı ilə birliyə məxsus olan Bakı şəhəri Xətai rayonu Cavanşir küçəsi yataqxana ev 4, 67 nömrəli mənzilin iddiaçıya verilməsi qərara alınmışdır. Eyni zamanda qeyd olunan qərarda yataqxanaların hər hansı qurumun və təşkilatın balansına verilməsindən asılı olmayaraq birliyin orderi əsasında fəhlə və qulluqçulara verilmiş mənzillərin həmin orderdə göstərilmiş vətəndaşa məxsus olması qərara alınmışdır. Göstərilən qərar əsasında həmin mənzilə dair iddiaçının adına order verilmişdir. İddiaçının mənzili uzun illər məskunlaşmış qaçqınlara görə istifadəsində olmasa da, həmin mənzil üzrə bütün kommunal xidmət haqları vaxtlı-vaxtında iddiaçı ödəmişdir. Daha sonra xx.xx.2014-cü il tarixdə AR Müafiə Sənayesi Nazirliyi Sosial xidmətlər idarəsi və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamenti təsdiq edilmiş təhvil-qəbul aktı ilə S.Ə.ünvan 4A, Məshəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarda yerləşən yataqxanalar Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 Saylı Xüsusi Təyinatlı Mənzil Təsərrüfat Birliyinin balansına verilmişdir. Bütün bunlardan sonra 2018-ci il tarixdə yataqxanalarda məskunlaşmış məcburi köçkünlərə və qaçqınlara yeni mənzillər verilmiş, iddiaçı isə mənzilə köçürülmüşdür. Bundan sonra mənzil əvəzi order əsasında iddiaçıya verilmiş mənzilinə kirayə müqaviləsinin bağlanması üçün cavabdehə müraciət etsə də, bu günə qədər müraciətinə cavab verilməmişdir. xx.xx.2009-cu ilə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd, xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Qeyd olunan maddi hüquq normalarının tələbindən göründüyü kimi rayon, şəhər, şəhərdə rayon xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa orderi dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərarı əsasında verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin icarə müqaviləsi isə kirayədarlara mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssiə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmçinin, qanunverici xidməti yaşayış sahəsinin anlayışını verərək əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçün olduğunu, yaşayış sahəsinin xidməti yaşayış sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edildiyini tənzimləmişdir. Bundan əlavə qanunverici xidməti yaşayış sahəsi vermiş müəssisədə, idarədə, təşkilatda azı on il işləmiş şəxslər digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıla bilməməsini də tənzimləmişdir.

11. Cavabdehin iddiaya qarşı yazılı etirazının əsaslarına görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 131s nömrəli sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli 294 nömrəli sərəncamı ilə AR Müdafiə Sənayesi Nazirliyinin "xxxx" MMC-nin balansında olan sosial-mədəni və məişətkommunal təyinatlı obyektlər, o cümlədən Xətai rayonu Cavanşir küçəsi 4 nömrəli ünvanda yerləşən yataqxana binası balansa qəbul edilmişdir. Göstərilən bina balansa qəbul edilərkən məcburi köçkünlərin məskunlaşdığı yaşayış sahələrinə ayrı-ayrı şəxslərin adına orderlərin verilməsinə dair heç bir sənəd təhvil verilməmişdir. Yataqxana binası balansa qəbul edilən vaxt tam məskunlaşdırılmışdır. Bina uzun müddət təmirsiz istismar olunduğundan, aşınmaya məruz qalmış və qüvvədə olan sanitar-texniki normaların pozulması ilə yanaşı binanın əlavə konstruktiv yüklənməsinə və istismar müddətinin azalmasına səbəb olmuşdur. Belə ki, binanın divarlarındakı hörgü daşlarında çoxlu sayda çatların yaranması, üzlük daşlarının tökülməsi, bütün mərtəbələrində mətbəxt və sanitar qovşaqlarının bir çoxunda boşluqlu tavaların armaturlarının ciddi korroziyaya uğrayaraq beton mühafizə qatının dağılması, panellərdə əyintilərin əmələ gəlməsi, eləcə də bütün eyvan tavalarının yükgötürmə qabiliyətlərini itirməsi və bu kimi digər halların mövcud olması müşahidə olunmuşdur. Binanın təcili olaraq yuklüyünün azaldılmasına ciddi ehtiyac vardır. Bundan əlavə, binada dövlət vəsaiti hesabına bərpa və gücləndirmə işlərinin aparılması iqtisadi cəhətdən səmərəsizdir. Bu səbəbdən də, orada yaşayan sakinlər müxtəlif dövlət orqanlarına kollektiv müraciətlər edərək, mənzil şəraitlərinin yaxşılaşdırılması üçün yeni mənzillərlə təmin olunmalarını xahiş etmişlər. Azərbaycan Respublikası Prezidentinin “Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” xx.xx.2011-ci il tarixli 1346 nömrəli sərəncamı ilə təsdiq edilmiş müvafiq X3 nəzərdə tutulmuş tədbirlər çərçivəsində qeyd edilən yataqxanada müvəqqəti məskunlaşmış 63 məcburi köçkün ailəsindən 57 ailə aidiyyəti dövlət qurumları tərəfindən yeni mənzillərə köçürülmüş, 6 ailə isə müxtəlif səbəblərdən köçmədiklərinə görə faktiki olaraq həmin ünvanda yaşayırlar. Göründüyü kimi, qeyd edilən yataqxanada məskunlaşmış 63 məcburi köçkün ailəsi 1992-1993-cü illərdə aidiyyəti dövlət orqanları tərəfindən məlum məsələlərə görə müvafiq şəhər və rayon icra hakimiyyəti orqanlarının təşkil etdiyi komissiyaların qərarı və nəzarəti ilə həmin ünvanda yerləşən xüsusi təyinatlı mənzil fonduna aid yaşayış sahələrində məskunlaşdırılmışlar və yataqxanada otaqlar yaşamaq üçün onların istifadəsinə verilmişdir. Müəyyən edilmişdir ki, ünvan 5 yataqxana binasının 67 nömrəli otağında 1992ci ildən Laçın rayonundan məcburi köçkün kimi X6, arvadı X4, qızı Nuranə Əlişzadə və oğlu Fərid Əlişzadə məskunlaşmış, həmin məcburi köçkün ailəsi Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşdür. Bundan istifadə edən İddiaçı 67 nömrəli (3 yerlik) otağı əldə etmək məqsədilə qapısını bağlamışdır. Qanunsuz hərəkətini onunla əsaslandırmışdır ki, məcburi köçkün ailəsi yaşadığı halda guya “Üfüq” İstehsalat Birliyi "xxxx" İstehsalat Zavodunun xx.xx.2006-cı il tarixli 0247 nömrəli müvəqqəti yaşamaq üçün verilmiş yataqxana orderi ilə faktiki olaraq məcburi köçkün yaşadığı boş olmayan 67 nömrəli otaq onun istifadəsinə verilmişdir. Hazırda iddiaçı Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon 1B nömrəli evin 3 otaqdan ibarət 15 nömrəli mənzilində qeydiyyatda olmaqla yaşayır. Qeyd edilən order isə "xxxx" İB-nin müdiriyyəti tərəfindən möhürlə təsdiq edilməmiş, həmçinin mənzil sahəsinin verilməsi barədə adıçəkilən təşkilatın müdiriyyəti və həmkarlar komitəsinin birgə qərarı olmamışdır. Əldə olan protokolların surəti isə şablon xarakterli olmaqla həqiqəti əks etdirmir. Odur ki, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən xx.xx.2019cu il tarixli 48 nömrəli məktubla “Üfüq” İstehsalat Birliyi "xxxx" zavodu MMC-yə müraciət edilərək məcburi köçkünlərin məskunlaşdığı yaşayış sahələrinə hansı əsaslarla orderlərin verildiyi və ona əsas verən sənədlərin təqdim olunması xahiş edilmişdir. “Üfüq” İB "xxxx" zavodu MMC tərəfindən xx.xx.2019-cu il tarixli 02/47 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, ünvan 5 yataqxana binası xx.xx.2007-ci il tarixdən MSN "xxxx" MMC-nin balansına verildiyindən həmin dövrdən məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisə ilə əmək münasibətlərində olan işçilərinin heç birinə order verilməmişdir. Əvvəlki dövrlərdə yataqxanada məskunlaşmaq üçün verilmiş orderlərlə bağlı məlumatın verilməsi mümkün olmamışdır. Göründüyü kimi, məcburi köçkün ailəsinin məskunlaşdığı boş olmayan 67 nömrəli otağa dair iddiaçıya verilmiş xx.xx.2006-cı il tarixli 0247 nömrəli orderin hüquqi əsası olmamış və bununla bağlı zavodun arxivində heç bir sənəd aşkarlanmamışdır. Belə ki, “Üfüq” İB "xxxx" zavodu MMC tərəfindən həmin müəssisədə bir gün də olsun işləməyən iddiaçının adına orderin verilməsi təsdiq olunmadığından, həmin order mənzil qanunvericiliyinin tələblərinə zidd olaraq əldə edilmişdir. Ona görə də, iddiaçının adına yazılmış həmin order etibarsızdır. Mövcud mənzil qanunvericiliyinə uyğun olaraq sosial kirayə müqavilələrinə əsasən yaşayış sahələri, yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış aztəminatlı vətəndaşlara verilməsi müəyyən edilmişdir.

12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-95/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.

13. Qərarın əsaslarına görə, “İşdə olan sənədlərdən məlum olur ki, iddiaçıya Bakı şəhəri Xətai rayonu Cavanşir küçəsi yataqxana ev 4, 67 nömrəli mənzilə dair Bakı "xxxx" İB müdiriyyəti və Həmkarlar İttifaqı Komitəsinin 68 nömrəli protokolu ilə rəsmiləşdirilmiş xx.xx.2006-cı il tarixli birgə qərarına əsasən xx.xx.2006-cı il tarixli 0247 nömrəli order verilmişdir. Bakı “Radioquraşdirma” İB-nin HİK-nin X1 şurasının və MMK-nın birgə növbəti iclasının xx.xx.2004-cü il tarixli 41 nömrəli protokolundan çıxarışa görə Birlik Bakı "xxxx" İstehsalat Birliyində uzun illər işləyən fəhlə və qulluqçularına, mənzil növbəsində olanlara növbə əsasında mənzil verə bilməməsini nəzərə alıb, birliyə məxsus yataqxanalarda yaşayan fəhlə və qulluqçulara yaşadıqları mənzilə order verilməsi, yataqxanalarda yaşayan qaçqın və məcburi köçkün ailələrinə torpaqları alınarkən və ya məcburi köçkün ailələrinə mənzil verilən vaxt zəbt etdikləri mənzillərdən köçürüldükdən sonra, yataqxanalarda boşalacaq mənzillərin qeyri-şərtsiz həmin mənzillərə order verilmiş fəhlə və qulluqçulara verilməsi qərara alınmışdır. İddiaçı orderə əsaslanmaqla onunla mənzilə dair kirayə müqaviləsinin bağlanması tələbi barədə ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh isə ərizəni təmin etmkdən imtina etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya verilmiş order iş dövründə əməkdaşlara yaşaması üçün yataqxanadan istifadə etmək məqsədilə verilən order olsa da, iddiaçı ümumiyyətlə həmin təşkilatda işləməmişdir. Orderdə həmçinin iddiaçıya mənzilin Bakı "xxxx" İB müdiriyyəti və Həmkarlar İttifaqı Komitəsinin 68 nömrəli protokolu ilə rəsmiləşdirilmiş xx.xx.2006-cı il tarixli birgə qərarına əsasən verildiyi qeyd olunsa da, Mənzil Təsərrüfatı Şöbəsinin möhürünün vurulması və tarixinin xx.xx.2006-cı il tarixi, yəni bazar günü - istirahət günü göstərilməsi özü-özlüyündə sənədin ziddiyyətli olduguna dəlalət edir. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006cı il tarxli 462 nömrəli Fərmanına əsasən Bakı "xxxx" İB, “Mühəndis Texnikası” İB-nin "xxxx" zavodu adlandırılmışdır. Belə olan halda sözügedən orderin xx.xx.2006-cı il tarixdə Bakı "xxxx" İstehsalat Birliyinin adından verilməsi şübhə doğurur. Hazırki mübahisədə həmin orderin məhz yaşayış fonduna aid olan mənzilə dair cavabdehlə kirayə müqaviləsinin bağlanmasına dair sərəncamın verilməsi üçün hüquqi münasibətlərin yaranmasına əsas olub-olmamasına məhkəmə tərəfindən qiymət verilir. Belə ki, iddiaçının təqdim etdiyi order etibarlı sənəd sayılsa belə, həmin order xidməti yataqxanada müvvəqqəti olaraq yaşayış sahəsini tutmaq məqsədilə verilmiş sənəd hesab edilməlidir. Çünki, həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə görə (yuxarıda qeyd olunan MM, maddələr 107, 108.) yataqxanada mənzil sahəsi vətəndaşlara iş və ya təhsil dövründə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilirdi, mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada yaşayış sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilirdi və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər iş ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalı idilər. Bu hal baş verməsə də, mənzil sahəsi istəyi olan vətəndaş (hazırki halda bu subyektiv hüququn daşıyıcısı müəssisəsə işləmiş iddiaçının anası ola bilərdi) Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1983-cü il tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçota alınmasının və Azərbaycan SSR ərazisindəki yaşayış evlərinin bölüşdürülməsinin Nümunəvi qaydaları”nın 14-cü bəndinə görə, iş yerində uçota götürülmək haqqında ərizə verməli, daha sonra isə mənzil-məişət komissiyasının apardığı yoxlamanın materiallarına müəssisə, idarə, təşkilat müdiriyyəti və həmkarlar ittifaqı komitəsi tərəfindən baxılmalı və birgə qərar çıxarılmalı idi. Növbəti addım olaraq isə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna müdiriyyətin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə götürülənlərin siyahısına daxil edilərək uçot işi müdiriyyət və həmkarlar ittifaqı komitəsi tərəfindən yerli xalq deputatları Soveti İcraiyyə Komitəsinin təsdiqinə verilməli idi. Həmçinin də “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 21-ci bəndinə müvafiq olaraq vətəndaşların iş yerində mənzil növbəsinə uçota götürülməsi qaydalarının 32-ci bəndinin tələbinə görə, idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə verildi. Hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin də tələbinə görə sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir (m 51.1). Göründüyü kimi həm işdə olan orderin verildiyi dövrdə qüvvədə olan, həm də mövcud mənzil qanunvericiliyinə uyğun olaraq sosial kirayə müqavilələrinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış aztəminatlı vətəndaşlara verilməsi müəyyən edilmişdir. Lakin iş materiallarında, həmçinin məhkəmə araşdırılması zamanı da iddiaçının (və ya anasının) qanunvericiliklə müəyyən edilmiş qaydada mənzil uçotuna alınması faktı öz təsdiqini tapmır. Bununla da iddiaçı ilə cavabdeh arasında kirayə müqaviləsinin bağlanması ilə əlaqədar hüquq münasibətləri yarana bilməzdi.”

14. Məhkəmə gəldiyi nəticəni xx.xx.2009-cu ilədək qüvvədə olmuş AR Mənzil Məcəlləsinin 4, 31, 33, 48, 51.1, 52, 84, 106, 107, 108-ci maddələrinə, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1983-cü il tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçota alınmasının və Azərbaycan SSR ərazisindəki yaşayış evlərinin bölüşdürülməsinin Nümunəvi qaydaları”nın 14, 32-ci bəndlərinə istinadla əsaslandırmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

15. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir.

16. Şikayətin dəlillərinə görə, iş materiallarından göründüyü kimi mübahisə predmeti olan mənzilə dair order 2006-cı ildə verilmişdir. İddiaçı isə 2018-ci ildən isə faktiki olaraq həmin mənzildə yaşayır, yəni həmin mənzil 16 ildir ki, ona məxsusdur. Həmin mənzilə dair hüquqlarının yarandığı vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin 49-cu maddəsini tələblərinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün və ya təşkilatların hüququnun pozulduğu, yaşayış sahəsinin verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi verilməsi qaydasının və şərtlərinin pozulduğu hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında etibarsız hesab oluna bilər. Orderin etibarsız hesab ediməsi haqqında tələb orderin verildiyi gündən 3 il ərzində verilə bilər. Məhkəmə iş materiallarına qanunun bu normasına münasibətdə hüquqi qiymət verməli ildi. Məhkəmə işi tam, hərtərəfli, obyektiv araşdırmamış, qüvvədən düşmüş və hazırda qüvvədə olan Mənzil Məcəllələrinə və digər qanunvericilik aktlarına istinad etməklə “digər yaşayış sahəsi verilmədən çıxarılmalı olmağı”, ’’qanunvericiliklə müəyyən edilmiş qaydada mənzil uçotuna alınmamağı”, “ümumiyyətlə həmin təşkilatda işləməməyi” və.s. əsaslarla mənzil kirayə müqaviləsinin bağlanılmasından imtina edilməsinin qanuna zidd olmadığını, imtinanın əsaslı olduğunu sübut etməyə çalışmış, tərəfin mövqeyindən çıxış etmişdir Bundan başqa, iş materiallarından göründüyü kimi, Bakı ŞİH Mənzil Kommunal Təsərrüfatı Departamentinin iddiaçıya qarşı “orderin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi barədə yuxarı instansiya məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı vardır. “Azərbaycan Respublikasında Mənzil Fondunun özəlləşdirilməsi haqqında” Qanununun 1-ci maddəsinin tələblərinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlanmış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin qanunun 6-cı maddəsinin tələblərinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kiirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyib, təmin edilməməsini xahiş etmişdir.

19. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılıb, iş üzrə qərar qəbul edilməsi mümkün hesab edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 31. Mənzil fondu olan və mənzil tikən yaxud mənzil tikintisində pay vəsaiti ilə iştirak edən müəssisələrdə, idarələrdə, təşkilatlarda işləyən və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar həm iş yerində, həm də öz arzularına görə yaşayış yerində uçota götürülürlər. Pensiyaya çıxması ilə əlaqədar həmin müəssisələrdən, idarələrdən, təşkilatlardan getmiş vətəndaşlar da onlarla bərabər surətdə uçota götürülürlər; Maddə 33. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər; Maddə 48. Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər; Maddə 106. Fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər; Maddə 107. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada yaşayış sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir; Maddə 108. İşi dayandırmış mövsümi, müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər, habelə məktəblərdə oxumuş və oradan getmiş şəxslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar.

21. Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1983-cü il tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçota alınmasının və Azərbaycan SSR ərazisindəki yaşayış evlərinin bölüşdürülməsinin Nümunəvi qaydaları”: - 14. İş yerində uçota götürülmək haqqında vətəndaşların ərizələrinə və mənzilməişət komissiyalarının apardığı yoxlamanın materiallarına müəssisə, idarə, təşkilat müdiriyyəti və həmkarlar ittifaqı komitəsi tərəfindən ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır və birgə qərar çıxarırlar. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna müdiriyyətin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə götürülmüş vətəndaşların siyahıları (2 nömrəli əlavə) və onların uçot işləri qərarın qəbul edildiyi vaxtdan 10 gündən çox olmayaraq, müdiriyyət və həmkarlar ittifaqı komitəsi tərəfindən yerli xalq deputatları Soveti İcraiyyə Komitəsinin təsdiqinə verilir; - 32. İdarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalş deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə verilir.

22. “İnzibati icraat haqqında” AR Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır; Maddə 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır; Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; Maddə 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz; Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

23. İPM: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür; Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər; Maddə 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur; Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinin qərarının ləğvi tələb edildiyindən, məhkəmə aktı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).

26. Şikayət mahiyyətcə əsassızdır.

27. İşdə olan mötəbər sübutlarla təsdiq olunur ki, iddiaçı heç vaxt "xxxx" İB-də işləməmişdir. Bu da o deməkdir ki, iddiaçının “uzun illər "xxxx" İB-də işləyərək mənzil növbəsində olması” barədə iddia ərizəsində qeyd etdiyi mülahizənin məqsədi Məhkəməni yanıltmaqdır.

28. İddiaçı əvvəlki Mənzil Məcəlləsinin 31-ci maddəsinin tələbinə zidd olaraq mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaş kimi uçota da götürülməmişdir.

29. Onun iddianın faktiki əsası kimi istinad etdiyi order də iş yerinin möhürü ilə təsdiq olunmamışdır. Belə ki, yataqxanada mənzil sahəsi verilməsi haqqında qərar əsasında yaşayış sahəsini tutmaq üçün order müdiriyyət tərəfindən verilirdi.

30. Orderin mötəbər olduğu fərz olunsa, o halda həmin sənəd iddiaçıya məhz "xxxx" İB-də işlədiyi dövrdə orada yaşaması üçün verilə bilərdi. Lakin qeyd olunduğu kimi, iddiaçı adıçəkilən müəssisədə işləməmişdir.

31. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır.

32. Şikayətdən görünür ki, şikayətin əsas dəlili xx.xx.2006-cı il tarixli 0247 nömrəli orderin etibarsız hesab edilməsi tələbi üzrə iddianın rədd edilməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktlarının olması, eyni zamanda orderin etibarsızlığı ilə bağlı müddətin ötürülməsi ilə bağlıdır.

33. Bu dəlillə bağlı qeyd olunmalıdır ki, işdə olan məhkəmə aktlarından müəyyən olunduğu kimi, iddiaçı Bakı ŞİH Mənzil Kommunal Təsərrüfatı Departamentinin sözügedən orderin etibarsız hesab edilməsi tələbi barədə iddia ərizəsi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə geri qaytarılmış, həmin qərardad Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmış, qərardad qanuni qüvvəsini almış, bununla da orderin etibarlılığı məsələsinə mahiyyəti üzrə hüquqi qiymət verilməmişdir.

34. Apellyasiya şikayətinin “Azərbaycan Respublikasında Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna istinad edən dəlili də əsaslı sayılmamalıdır. Belə ki, həmin Qanun “... mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının ... yaşadıqları mənzilləri (evləri) ... əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ ...” ilə bağlı məsələləri tənzimləyir, iddiaçı isə mənzil fondunun mülkiyyətçisi (yataqxana balansında olan hüquq subyekti) ilə belə bir mənzil kirayə müqaviləsi bağlamamışdır.

35. İPM-in 1.2-ci maddəsindən göndərişlə AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

36. Beləliklə də, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM-in 14.3-cü maddəsi), cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış (İPM-in 73.1-ci maddəsi), imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Qanunun 13.2 və 17-ci maddələri).

37. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması hallarına yol verilmədiyi, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəldiyi üçün, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

38. Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı İnzibati Məhkəməsinin 2-1(112)-95/2022 nömrəli iş üzrə 19 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar