Məhkəmə qərarları › İş №2-1(103)-2654/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2654/2024

13.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2654/2024 13.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “qeydiyyata alınma”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Aygün Ülviyyət qızı Nizamlının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5418/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından iddiaçıların nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıların şəxsi vəsaitləri hesabına inşa etdikləri və 1989-cu ildən bu günədək yaşadıqları yeganə yaşayış yerləri olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, T.Hacıbababəyov küçəsi, dalan 1, 8 saylı evə qeydiyyata alınmalarına dair müraciət etmişlər.

2. Cavabdeh imtina məktubunda “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR Qanunun 5-ci maddəsinə istinad edərək yaşayış sahəsinə köçmək üçün əsas verən (daşınmaz əmlakın dövlət reyestrində adıma qeydə alınmasına dair çıxarışın, icarə və kirayə müqaviləsinin) sənədin olmamasına istinad edilmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək yaşadıqları ünvan 1 evə qeydiyyata alınmaları öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişlər.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların şəxsi vəsaitləri hesabına inşa etdikləri və 1989-cu ildən bu günədək yaşadıqları yeganə yaşayış yerləri olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, T.Hacıbababəyov küçəsi, dalan 1, 8 saylı evə qeydiyyata alınmalarına dair müraciətləri təmin edilməmiş, əsas olaraq da cavabdeh “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR Qanunun 5-ci maddəsinə istinad edərək yaşayış sahəsinə köçmək üçün əsas verən (daşınmaz əmlakın dövlət reyestrində adıma qeydə alınmasına dair çıxarışın ,icarə və kirayə müqaviləsinin) sənədin olmamasına istinad edilmişdir. İddiaçılar cavabdehin qeyd edilmiş məktubu ilə razılaşmırlar və hesab edirlər ki, aşağıda göstərilmiş əsaslara və qanunvericiliyin tələblərinə görə iddianın təmin edilməsi haqda qərar qəbul edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş rəsmi sənədlərdən göründüyü kimi iddiaçılardan İddiaçı1 və İddiaçı2 xx.xx.1986-cı ildə rəsmi nikaha girməklə ailə həyatı qurduqdan sonra özlərinə aid yaşayış sahəsi olmadığından 1989-cu ildə ünvan 1 ünvanda iki otaqlı özbaşına yaşayış sahəsi inşa edərək həmin evdə yaşamağa başlamışlar. Вirgə nikah münasibətlərindən həmin evdə də xx.xx.1993-cü il təvəllüdlü qızları iş üzrə İddiaçı3 anadan olmuş və o vaxtdan da bu günədək qeyd edilmiş ünvanda birgə təsərrüfat aparmaqla уaşayırlar. İddiaçıların qeyd edilmiş evdən başqa yaşayış yeri və evi yoxdur. Qeyd edilmiş hallar iddia ərizəsinə əlavə edilmiş qonşular adından tərtib edilmiş və notariat qaydasında təstiq edilmiş xx.xx.2023-cü il tarixli ərizədən, Bakı şəhəri Xətai RİHB-in Əhmədli inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 967 saylı arayışı və əmlak vergi ödəyicisi olaraq Əhmədli Bələdiyyəsi tərəfindən verilmiş şəhadətnamə və xx.xx.2023-cü il tarixli 01/140 saylı arayışı ilə təstiq olunur. Həmin sənədlərdən də görünür ki, həqiqətən də iddiaçılar 1989-cu ildən şəxsi vəsaitləri hesabına inşa etdikləri ünvan 1 evdə qeydiyyatsız yaşayırlar. Eyni zamanda iddia ərizəsinə əlavə edilmiş DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2- 45996/2023- **********96 saylı məktubu ilə təstiq olunur ki, reyestr xidmətində 1989-cu il tarixdən yaşadıqları Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, T.Hacıbababəyov küçəsi, dalan 1, 8 saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsinə dair heç bir məlumat aşkar edilməmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5418/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir

6. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, qeydiyyat iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olduqda və ya bu yaşayış sahəsini vermək hüququ olan şəxsin iradə ifadəsi olduqda. Hazırkı iş üzrə məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçıların qeydiyyata alınmaq istədikləri fərdi yaşayış evi dövlət qeydiyyatına alınmamış, həmçinin onlar, yuxarıda istinad edilən Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş sənədlərdən heç birini nə inzibati orqana, nə də məhkəməyə təqdim etməmişlər. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

7. İddiaçıların nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(112)-5418/2024 saylı qərarın ləğv edilməsi, onların ünvan 1 evə qeydiyyata alınması öhdəliyin cavabdehin üzərinə qoyulması haqda qərar qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələblərinin təmin edilməməsi haqda qərar qəbul edərkən“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR Qanununa istinad edərək 1989-cu ildən bu günədək yaşadıqları fərdi yaşayış evinin dövlət qeydiyyatına alınmadığını,nə inzibati orqana,nə də ki,məhkəməyə həmin Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş sənədlərdən heç birini təqdim etmədiklərindən, bu əsasla da cavabdeh qeyd edilmiş Qanunun 8-ci maddəsinin tələblərinə uyğun olaraq şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından edilmiş imtinanın əsaslı olduğuna istinad etmişdir. Məhkəmə məlum nəticəyə gələrkən işin həqiqi hallarına əhəmiyyət verməmiş və aşağıda istinad edilmiş maddi hüquq normaların tələblərini düzgün tətbiq etməmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”AR Qanunun 5-ci maddəsinin tələblərinə görə şəxsin yaşayış sahəsinə köçmək üçün əsas daşınmaz əmlakın onun adına dövlət reyestrində qeydə alınmasına dair çıxarışın, icarə və kirayə müqaviləsinin olması və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsinin mövcud olması nəzərdə tutulmuşdur.Göründüyü kimi qeyd edilmiş Qanunun 5-ci maddəsində istinad edilmiş əsaslar yalnız yaşayış sahəsinə köçmək niyyətində olan vətəndaşlara münasibətdə tətbiq edilə bilər.Hazırki mübahisə ilə bağlı cavabdehə müraciət etmələrinin əsası isə 1989-cu ildə şəxsi vəsaitləri hesabına inşa etdikləri və 34 il ərzində yaşadıqları,vergi və kommunal xərclərin ödəyicisi kimi qeydiyyatda olduqları evə qeydiyyata alınmasını xahiş etmələri olmuş,yəni həmin yaşayış sahəsinə köçmək və ya köçürülməsi üçün qeydiyyata alınmasını xahiş etmək olmamışdır. Eyni zamanda cavabdehə və məhkəməyə təqdim edilmiş rəsmi sənədlərlə müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.1986-cı ildə rəsmi nikaha girməklə ailə həyatı qurmuş,3 il kirayə evdə yaşadıqdan sonra özülərinə 1989-cu ildə ünvan 2 ünvanda üç otaqlı,ümümi sahəsi 85,3 kv.m olan özbaşına yaşayış sahəsi inşa edib həmin evdə yaşamağa başlamışlar.Birgə nikah münasibətlərindən həmin evdə də xx.xx.1993-cü il təvəllüdlü qızılaı iş üzrə üçüncü İddiaçı3 anadan olmuş və o vaxtdan da bu günədək qeyd edilmiş ünvanda birgə təsərrufat aparmaqla yaşayırlar.Onların qeyd edilmiş evdən başqa yaşayış yeri və evləri yoxdur. Qeyd edilmiş hallar iddia ərizəsinə əlavə edilmiş qonşular adından tərtib edilmiş və notariat qaydasında təstiq edilmiş xx.xx.2023-cü il tarixli ərizədən,Bakı şəhəri Xətai RİHB-nın Əhmədli inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli,967 saylı arayışı və əmlak vergi ödəyicisi olaraq Əhmədli Bələdiyyəsi tərəfindən verilmiş şəhadətnamə və xx.xx.2023-cü il tarixli 01/140 saylı arayışı ilə təstiq olunur.Həmin sənədlərdən də görünür ki,həqiqətən də biz 1989-cu ildən şəxsi vəsaitləri hesabına inşa etdikləri ünvan 2 evdə qeydiyyatsız yaşayırlar. Məhkəməyə təqdim edilmiş DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2023-cü il tarixli,3-21-3-30/2- 45996/2023- **********96 saylı məktubu ilə təsdiq olunur ki,reyestr xidmətində 1989-cu il tarixdə yaşadıqları Bakı şəhəri,Xətai rayonu,Əhmədli qəsəbəsi, T,Hacıbababəyov küçəsi,dalan 1,8 saylı fərdi yaşayış evin dövlət reyestrində qeydiyyatdan keçməsinə dair heç bir məlumat aşkar edilməmişdir. Məhkəməyə təqdim edilmiş Bakı şəhəri,Xətai rayonu,Əhmədli qəsəbəsi, T,Hacıbababəyov küçəsi,dalan 1,8 saylı fərdi yaşayış evin lahiyyə sənədindən görünür ki,ev ümümi sahəsi 85,3 kv.m olan üç otaqdan ibarətdir. AR Mülki Məcəlləsinin 27.1 və 27.2-ci maddlərinin tələblərinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayışyeri sayılır.Göründüyü kimi məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki,onların yaşayış yerləri 34 il ərzində şəxsi vəsaitləri hesabına inşa etdikləri və bu günədək yaşadıqları ünvan 2 evdir. Məlum məsələdir ki,yaşadıqları evə dair mülkiyyət hüquqları dövlət reyestrində qeydə alınmasa da 34 il ərzində şəxsi vəsaitləri hesabına inşa etməklə yaşadıqları evə qeydiyyata alınmasına dair tələbi AR MM-nin 27.1 və 27.2-ci maddələrinin tələblərinə uyğun əsaslı sayılmalı olduğu halda birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən bu hallara diqqət yetirməmiş və maddi hüquq normalarına zidd olan qərar qəbul etmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdiyini bildirmiş və qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Bundan əlavə iddiaçıların 1989-cu ildən həmin ünvanda yaşadıqlarını, birinci instansiya məhkəməsinin “Yaşayış yeri haqqında” Qanunun 5-ci maddəsinə istinad etdiyini, lakin iddiaçıların tələbinin onların həmin ünvana köçürülməsi ilə bağlı olmadığını, iddiaçıların tələbinin 35 il yaşadıqları ünvana qeydiyyata düşmələri ilə bağlı olduğunu və Mülki Məcəllənin 27-ci maddəsində qeyd edildiyi üzrə şəxsin yaşadığı yerə qeydiyyata düşməsini tələb etdiklərini bildirmişdir.

11. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

12. Azərbaycan Respublikası Konstitusiyası:

Maddə 72 Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər.

13. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun:

- 5-ci maddəsinin 2-ci bəndinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. - 8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından aşağıdakı hallarda imtina edir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə; 2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; 3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; 4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 55s nömrəli Sərəncamı ilə yaşayış yeri olmayan Azərbaycan Respublikası vətəndaşlarının Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyatdan keçirilməsi və onlara şəxsiyyət vəsiqəsi fərdiləşdirilərkən şəxsiyyət vəsiqəsinin “yaşayış yeri” bölməsində həmin ünvanın şərti olaraq göstərilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifi qəbul edilmişdir.

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1.İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

18. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Məhkəmə kollegiyası qeyd edir ki qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur və birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

21. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

22. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.

23. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir:

24. İddiaçılar özləri apellyasiya şikayətində qeyd edirlər ki, “yaşadıqları evə dair mülkiyyət hüquqları dövlət reyestrində qeydə alınmasa da 34 il ərzində şəxsi vəsaitləri hesabına inşa etməklə yaşadıqları evə qeydiyyata alınmamışdır”.

25. İddiaçıların iddia ərizəsində qeyd etdiyi ünvana, yaşayış yeri üzrə qeydiyyata alınmalarını tələb etsələr də, həmin ünvanda yerləşən yaşayış sahəsinə dair «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulan sənədləri təqdim edə bilmədiyindən, sözügedən normanın şərtləri onun tərəfindən yerinə yetirilmədiyindən iddia tələbi təmin edilə bilməz.

26. Belə ki, qanunun qeyd olunan maddəsinin imperativ tələbindən aydın görünür ki, istər yaşayış yeri üzrə qeydiyyatı olmayan, istərsə də, yaşayış yerini dəyişdirən vətəndaş tərəfindən qeydiyyata düşmək istədiyi müvafiq yaşayış sahəsinə dair: order, icarə və ya kirayə müqaviləsi, mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir.

27. Lakin işin mübahisələndirilməyən hallarından isə göründüyü kimi, iddiaçılar məhkəməyə faktiki yaşadıqları evə dair qanunda sadlanan sənədlərdən hər hansı biri - o cümlədən, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd təqdim etmək iqtidarında deyildir.

28. Çünki, yaşadıqları ev özbaşına tikilidir, nə evə, nə də onun yerləşdiyi torpaq sahəsinə dair hüquq müəyyən edici sənədləri mövcud deyil.

29. Beləliklə, qeyd olunanlar onu deməyə əsas verir ki, yalnız qanuni əsaslarla yaşayış hüququ əldə edildikdə, şəxsin həmin yaşayış yerinə qeydiyyata alınma hüququ yaranmış olur.

30. İddiaçılar apellyasiya şikayətində qeyd edir ki, kommunal xərclərin ödəyicisi kimi qeydiyyatda olduqlarını bildirirlər, lakin iddiaçıların ünvanda yaşaması, kommunal, işıq, qaz və su xidmətlərinə dair müqavilələrin olması və həmin xidmətlərdən istifadəyə görə çəkdiyi xərcləri ödəməsi mübahisəli ünvana qeydiyyata alınma üçün əsas verə bilməz. Qeyd olunmalıdır ki, onun kommunal xidmətlərlə bağlı bağladığı müqavilələr üzrə öhdəliklərinə gəldikdə, bütün bunlar qarşı tərəfin ona göstərdiyi xidmətlərə görə həyata keçirilən əvəzli ödənişlərdir. Ödənişləri ehtiva edən sənədlər evin qanunla müəyyən edilmiş qaydada hüquqi qeydiyyatdan keçməsini əks etdirən hüquqmüəyyənedici sənəd formasını özündə əks etdirmir

31. İş materiallarına əsasən iddiaçılar tərəfindən cavabdeh orqana yaşadığı ünvana dair qeyd olunan hüquqmüəyyənedici sənədlərdən hər hansı biri təqdim olunmamışdır. Yəni, mübahisəli ünvanda yerləşən fərdi yaşayış evinə istifadə, icarə və mülkiyyət hüququnu təsdiq edən hər hansı hüquq müəyyənedici sənəd mövcud olmadığından iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının, mülkiyyətçi hüququnu qoruyan normalarına istinad olunan dəlilləri ilə razılaşmaq mümkün deyil.

32. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2580/2023 saylı oxşar qərarında qeyd edilmişdir ki, onun yaşadığı ev özbaşına inşa edilmiş olan bir tikilidir və həmin tikiliyə olan hüququ rəsmiləşdirilməmiş və onun daşınmaz əmlakın dövlət reyestrində qeyd alınmış olan hər hansı bir hüququna dair hüquqmüəyyənedici sənədi mövcud deyildir.

33. Qeyd olunanlar onu deməyə əsas verir ki, yalnız qanuni əsaslarla yaşayış hüququ əldə edildikdə, şəxsin həmin yaşayış yerinə qeydiyyata alınma hüququ yaranmış olur.

34. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5418/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası.

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5418/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar