Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2654/2025 08.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Eldarzadə Şirazı Elxan oğlunun katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndələri X5 və X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiya məbləğinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2092/2024 nömrəli, 02 dekabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2020xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər üzrə ödənilməmiş əmək pensiyası məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2008-ci il tarixdə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyin edildikdən sonra o, xx.xx.2020-cil il tarixədək müxtəlif fasilələrlə işləmişdir. xx.xx.2020-ci il tarixində topladığı sığorta kapitalı əsasında əmək pensiyası yenidən hesablanmışdır. 2021-ci ilin dekabr, 2022-ci ilin yanvar, fevral, aprel və may aylarında (cəmi 5 ay) iddiaçıya ümumiyyətlə pensiya ödənilməmişdir. Həmiçinin, xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı ayrı-ayrı aylar üzrə də pensiya məbləği əskik olaraq ödənilmişdir. Ümumilikdə, qeyd olunan dövrlərdə iddiaçıya ödənilməli olan pensiyanın məbləği 70.000 (yetmiş min) manatdan artıq olmuşdur. Bu məsələ ilə əlaqədar o, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına “DOST” mərkəzi vasitəsilə müraciət etdikdən sonra 31.000 (otuz bir min) manat pul vəsaiti hər ay pensiyasının üzərinə əlavə olunaraq ödənilir, ödənilməmiş pensiya məbləğinin 40.000 (qırx min) manatdan artıq hissəsi isə indiyə kimi ödənilməyib. İddiaçı cavabdehə xx.xx.2023-cü il tarixli məktubla müraciət edərək ödənilməmiş pul vəsaitinin ödənilməsini xahiş etmiş, lakin cavabdeh imtina etmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz iddiaçıya ünvanlanmış imtina məktubuna uyğun əsaslandırılmış, həmçinin qeyd olunmuşdur ki, iddiaçıya 20 dekabr 2008-ci il tarixindən Fondun Səbail rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Mərkəzi Filial tərəfindən aparılan araşdırma nəticəsində iddiaçının pensiya məbləğinin 2022-ci ilin noyabr ayından etibarən qanunvericiliyin tələblərinə uyğunlaşdırılaraq 5973,02 manat məbləğində müəyyən edilib və ona artıq pul vəsaitinin ödənildiyi aşkar edilib. Həmin artıq ödənilmiş pul vəsaiti haqqında iddiaçıya 2 fevral 2023-cü il tarixli 3-17-1/1-Q20997/2023 nömrəli məktubla ətraflı məlumat verilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınmaqla hazırda iddiaçının Mərkəzi Filiala borc məbləği yoxdur. Mərkəzi Filial tərəfindən aparılmış araşdırma nəticəsində iddiaçının əmək pensiyası 2022-ci il üzrə 1 ay, 2023-cü il üzrə isə 4 ay olmaqla, ümumilikdə ona 5 ay əmək pensiyası ödənilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddiaçıya ödənilməli olan 31586,04 manat pensiya məbləği hesablanmışdır. Həmin pensiya məbləği cari ilin aprel ayından etibarən hər ay 877,39 manat olmaqla iddiaçının əmək pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2092/2024 nömrəli, 02 dekabr 2024-cü il tarixli qərarı ilə (hakim S.Salahova) iddianın təmin edilməsi, İddiaçı əvəzləşdirilmiş (tutulmuş) 40.522,44 manat pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh inzibati orqan həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırkı işin hallarına əsasən xx.xx.2008-ci il tarixdə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2020-ci il tarixində topladığı sığorta kapitalı əsasında iddiaçının əmək pensiyası yenidən hesablanmışdır. Mərkəzi Filialda mövcud olan sənədlərdə qeyd olunanlara əsasən 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 31 il, güzəştli iş stajı isə 28 il təşkil edir. İddiaçının əmək pensiyası əmək haqqına əsasən hesablanarkən, 20 il ümumi iş stajına görə 70%, 20 ildən artıq olan 11 ilə görə 22% (11 x 2%), 10 ildən artıq olan güzəştli iş stajına görə 18% (18 x 1%) olmaqla, orta aylıq əmək haqqının 100% (100%-dən çox olmamaqla (110 % (20 il üçün 70 faiz + 20 ildən artıq 11 il üçün 22 (11 x 2) faiz + 10 ildən artıq 18 il üçün 18 (18 x 1) faiz))) miqdarında müəyyən edilmişdir. Belə ki, əmək pensiyası xx.xx.2006-cı il tarixinə orta aylıq əmək haqqına uyğun 1134,38 manat (27825,12 : 24 = 1159,38 x 100% - 25,00) hesablanaraq xx.xx.2008-ci il tarixinə indeksləşdirilərək 1433,70 manat müəyyən edilib, xx.xx.2006-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 534,24 manat sığorta kapitalına uyğun müəyyən edilmiş 3,71 manat (534,24 : 144) sığorta hissəsi və baza hissəsi (75,00 manat) əlavə edilərək xx.xx.2008-ci il tarixinə 1512,41 manat (1433,70 + 3,71 + 75,00) məbləğində əmək pensiyası ödənilməli olduğu halda (indeksləşdirilərək xx.xx.2014-cü il tarixinədək 2180,95 manat), əmək pensiyası xx.xx.2006-cı il tarixinə səhvən müəyyən edilmiş orta aylıq əmək haqqına uyğun 1240,47 manat (30371,28 : 24 = 1265,47 x 100% - 25,00) hesablanaraq xx.xx.2008-ci il tarixinə indeksləşdirilərək 1567,78 manat müəyyən edilib və üzərinə baza hissəsi (75,00 manat) əlavə edilərək xx.xx.2008-ci il tarixinə 1642,78 manat (1567,78 + 75,00) artıq əmək pensiyası təyin edilib (indeksləşdirilərək xx.xx.2014-cü il tarixinədək 2369,69 manat). Aparılmış araşdırma zamanı, xx.xx.2014-cü il tarixində iddiaçının işdən azad olunması ilə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 46914,92 manat sığorta kapitalının yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, 46914,92 manat sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 83 (144 ay - 61 ay (işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək işlədiyi ayların sayı)) aya bölünməklə (46914,92 : 83 = 565,24 manat) qanuni əmək pensiyasının (2180,95 manat) üzərinə əlavə edilərək (2180,95 + 565,24 = 2746,19 manat) iddiaçıya ödənilməli olduğu halda (indeksləşdirilərək xx.xx.2015-ci il tarixinədək 2783,24 manat), səhvən müəyyən edilmiş 46460,08 manat sığorta kapitalı 83 aya bölünərək (46460,08 : 83 = 559,76 manat) düzgün olmayan əmək pensiyasının üzərinə əlavə edilməklə (2369,69 + 559,76 = 2929,45 manat) iddiaçıya artıq əmək pensiyası ödənilib (indeksləşdirilərək xx.xx.2015-ci il tarixinədək 2969,06 manat). xx.xx.2015-ci il tarixində iddiaçının işdən azad olmağı ilə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 10651,68 manat sığorta kapitalının yenidən hesablanmasının da düzgün olmadığı müəyyən edilib. Belə ki, 10651,68 manat sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 72 (144 ay - 72 ay) aya bölünməklə (10651,68 : 72 = 147,94 manat) qanuni əmək pensiyasının (2783,24 manat) üzərinə əlavə edilərək (2783,24 + 147,94 = 2931,18 manat) iddiaçıya ödənilməli olduğu halda (indeksləşdirilərək xx.xx.2020-ci il tarixinədək 4340,88 manat), səhvən müəyyən edilmiş 11665,44 manat sığorta kapitalı 72 aya bölünərək (11665,44 : 72 = 162,02 manat) düzgün olmayan əmək pensiyanın üzərinə əlavə edilməklə (2969,06 + 162,02 = 3131,08 manat) iddiaçıya artıq əmək pensiyası ödənilib (indeksləşdirilərək xx.xx.2020-ci il tarixinədək 4637,53 manat). xx.xx.2020-ci il tarixində işdən çıxmağı ilə əlaqədar qazanılan 76013,10 manat sığorta kapitalına görə əmək pensiyası 2022-ci ilin oktyabr ayında “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 90 (65 il - 63 il 6 ay = 18 ay + (144 ay - 72 ay) aya bölünməklə (76013,10 : 90 = 844,59 manat) qanuni əmək pensiyasının (4340,88 manat) üzərinə əlavə edilərək işdən çıxdığı tarixdən 4340,88 manatdan 5185,47 manata artırılıb (indeksləşdirilərək xx.xx.2022-ci il tarixinədək 5973,02 manat). İddiaçının iddia tələbinə görə 2021-ci ilin dekabr, 2022-ci ilin yanvar, fevral, aprel və may aylarında (cəmi 5 ay) iddiaçıya ümumiyyətlə pensiya ödənilməmiş, həmçinin, xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı ayrı-ayrı aylar üzrə də pensiya məbləği əskik olaraq ödənilmişdir. Ümumilikdə, iddiaçıya ödənilməli olan pensiyanın məbləği 70000 manatdan artıq olmuş, bu məbləğdən 31000 manat pul vəsaiti hər ay iddiaçının pensiyasının üzərinə əlavə olunaraq ödənilir, ödənilməmiş pensiya məbləğinin 40000 manatdan artıq hissəsi isə indiyə kimi ödənilməyib. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, əskik verilən 72108,37 manatdan ödənilməyən, əvəzləşdirilən 72108,37 manat məbləğin ödənilməsini xahiş edir. İddiaçı bununla bağlı ilkin olaraq cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh 17 iyul 2023-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, ona 20 dekabr 2008-ci il tarixindən Fondun Səbail rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Mərkəzi Filial tərəfindən aparılan araşdırma nəticəsində pensiya məbləği 2022-ci ilin noyabr ayından etibarən qanunvericiliyin tələblərinə uyğunlaşdırılaraq 5973,02 manat məbləğində müəyyən edilib və ona artıq pul vəsaitinin ödənildiyi aşkar edilib. Həmin artıq ödənilmiş pul vəsaiti haqqında ona 2 fevral 2023-cü il tarixli 3-17-1/1-Q-20997/2023 nömrəli məktubla ətraflı məlumat verilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınmaqla hazırda Mərkəzi Filiala borc məbləği yoxdur. Mərkəzi Filial tərəfindən aparılmış araşdırma nəticəsində əmək pensiyasının 2022-ci il üzrə 1 ay, 2023-cü il üzrə isə 4 ay olmaqla, ümumilikdə 5 ay əmək pensiyası ödənilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, ona ödənilməli olan 31586,04 manat pensiya məbləği hesablanmışdır. Həmin pensiya məbləği cari ilin aprel ayından etibarən hər ay 877,39 manat olmaqla əmək pensiyanın üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. Bundan sonra iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının artıq ödənilmiş məbləğin ona ödənilməli olan pensiya ödənişindən tutulmasına razılığı yoxdur. Belə olan halda aydındır ki, qanunvericiliyə əsasən həmin vəsaitin iddiaçıdan tutulması üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olmalıdır. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilləri iddiaya etirazın dəlilləri ilə eynilik təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin olunması barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 1. yaşa görə əmək pensiyası; 2. əlilliyə görə əmək pensiyası; 3. ailə başçısını itirməyə görə əmək pensiyası. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinə əsasən: 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. 39.3. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. 39.4. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Qanunvericiliyin tələbindən göründüyü kimi, əmək pensiyaçısına artıq məbləğ ödənilmişsə, əmək pensiyaçısının razılığı olduqda pensiyanı təyin edən orqan bu barədə qərar qəbul etməklə artıq ödənilmiş məbləği əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən 20 faizinədək miqdarda tuta bilər. Əmək pensiyaçısının belə razılığı yoxdursa bu məbləğin tutulması məhkəmə qaydasında həyata keçirilr. Lakin işin hallarından göründüyü kimi, cavabdeh inzibati orqan iddiaçıya 40522,44 manat artıq vəsait ödənildiyini müəyyən etmiş, həmin məbləğin ona ödənilməli olan əmək pensiyasından tutulması ilə bağlı onun razılığının olub olmamasını araşdırmamış, iddiaçının razılığını almadan ona ödənilməli olan 72108,37 manat pensiya ödənişini artıq ödənilmiş məbləğin əvəzləşdirilməsinə aid edərək, həmin məbləği iddiaçıya ödəməmişdir. ““İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında qeyd edilir ki, “İnzibatı icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin Vergilər Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya görə vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması məhkəmənin səlahiyyətinə aid edilmiş və onun qərarı əsasında həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş prosedur vergi qanunvericiliyinin pozulmasına görə şəxsin əmlakının hərraca çıxarılmasına aid edilə bilməz.” “İnzibati icraat haqqında” Qanunun: - maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. - maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. - maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. - maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: - 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. -maddə 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. İnzibati icraat haqqında qanunvericiliyin müəyyən etdiyi ən əsas prinsiplərdən biri şəxsin inzibati orqanların inzibati praktikasına olan etimadının qanunla qorunması prinsipidir. Bu prinsip onu ehtiva edir ki, inzibati orqanın praktikası davamlı və ümumi xarakter daşımalı, maraqlı şəxs inzibati orqanın hərəkətlərini əvvəlcədən müəyyən etmək imkanına malik olmalıdır. Yəni inzibati orqan heç bir əsas olmadan öz praktikasını dəyişməməli, maraqlı şəxs inzibati orqanın məsələni inzibati praktikaya uyğun qaydada, oxşar işlərlə analoji qaydada həll ediləcəyini bilməlidir. Lakin qeyd edilməlidir ki, bu hal mütləq xarakter daşımır, yəni inzibati orqan mövcud inzibati praktikanı yeni praktika ilə dəyişdirə bilər. Lakin bu yalnız o zaman baş verə bilər ki, ictimai maraqlar bunu tələb edir. Yəni cəmiyyətdə ümumi vəziyyətin dəyişməsi, yeni dəyərlərin meydana gəlməsi, nəticədə ictimai maraqların tələb etməsi halında inzibati orqanın praktikasını dəyişdirməsi mümkündür. Qanunvericiliyə əsasən maraqlı şəxsin inzibati orqanın inzibati praktikasına etimadı o halda qorunmur ki, şəxs: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Hazırkı iş üzrə cavabdeh bu hallardan hər hansı birinin mövcud olmasını da sübuta yetirə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh inzibati orqanın apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2092/2024 nömrəli, 02 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-2654/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2654/2025
08.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver