Məhkəmə qərarları › İş №2-1(103)-2655/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2655/2024

05.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2655/2024 05.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X2 və X4 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “ölkədən çıxışa qoyulmuş qadağanın götürülməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7083/2024 saylı 15 mart 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 05 iyun 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ölkədən çıxışına qoyulmuş qadağanın götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7083/2024 saylı 15 mart 2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “ölkədən çıxışa qoyulmuş qadağanın götürülməsi” barədə iddia tələbinə dair iş baxılması üçün aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qərardadın ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Belə ki, o, Daxili İşlər Nazirliyi tərəfindən İAMAS-ın məhdudiyyət altsistemində “Çıxışı qadağan” statuslu məhdudiyyət tətbiq edildiyindən dövlət sərhədindən buraxılmayaraq ölkə ərazisinə geri qaytarılmışdır. Ölkədən çıxışına qoyulmuş qadağanın götürülməsi ilə bağlı məhkəməyə müraciət etsə də, iş aidiyyatı üzrə Naxçıvan İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmənin gəldiyi nəticə ilə razı deyil, çünki onun 68 yaşı var, Bakı şəhərində daimi yaşayı yeri (mənzili) var və səhhətindəki problemlərə görə təyyarəyə minə bilmir. Daha sonra iddiaçı apellyasiya şikayəti verdikdən sonra qeydiyyat ünvanını dəyişdiyi üçün həmin sübutun yeni sübut kimi məhkəmə tərəfindən qəbul edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli 2- 1(112)-7083/2024 nömrəli qərardadının ləğv edilməsi və işin Bakı İnzibati Məhkəməsində baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə baxılması xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və cavabdeh məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. İddiaçının nümayəndəsi və vəkili "Elektron Məhkəmə" sistemi vasitəsilə xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək, hazırki işə onların işirakı olmadan baxılmasına etirazı olmadıqlarını bildirmişdir. Bununla bağlı məhkəmə kollegiyası hazırki işə İddiaçı və cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün saymışdır. Hazırki işdən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı tələbi “ölkədən çıxışına qoyulmuş qadağanın götürülməsi” barədədir. Yəni, iddiaçının tələbi “öhdəliyin icrası haqqında” iddia növünə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri—tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi yaşayış yerini müəyyən edən sənəddir. İş materiallarında olan Babək RPŞ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Tumbul kəndində qeydiyyatdadır. Bununla bağlı birinci instansiya məhkəməsi iş üzrə iddiaçının şəxsiyyət vəsiqəsi məlumatına istinad etməklə və İPM-nin 8.1.2-ci maddəsinin tələbinə uyğun olaraq hazırki işə iddiaçının yaşayış yeri üzrə olan İnzibati Məhkəmə tərəfindən baxılması qənaətinə gəlmişdir. Həmin nəticədən narazı qalan iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verməklə yanaşı, Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışı məhkəməyə təqdim edərək, İddiaçı artıq xx.xx.2024-cü il tarixdən ünvan 3 ünvanında qeydiyyata alındığını bildirmiş və bununla bağlı birinci instansiya məhkəməsinin “aidiyyat”la bağlı qərardadının ləğv edilərək işin Bakı İnzibati Məhkəməsində baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli Qərarının 2-ci bəndinə əsasən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin və Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin ərazi yurisdiksiyasının “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci, 30-2-ci, 32-ci, 43-cü, 46-2-ci maddələri ilə müəyyən edildiyi qərara alınmışdır. Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinin 3-cü bəndinə əsasən Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhərində təşkil edilir və onun yurisdiksiyası Naxçıvan Muxtar Respublikasının bütün ərazisinə şamil edilir. İstinad olunan Qanunun tələbinə əsasən Babək rayonu Naxçıvan Muxtar Respublikasının ərazi vahidi hesab olunduğundan, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. İnzibati Prosessual Məcəllənin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəziyəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iş üzrə iddiaçının tələbinə baxılması üçün inzibati işin Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə göndərilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. O ki qaldı hazırki vəziyyətdə iddiaçının artıq qeydiyyat ünvanının dəyişməsinə, məhkəmə kollegiyası bu barədə qeyd etməyi zəruri hesab edir ki, işə birinci instansiya qaydasında baxılarkən iddiaçı Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Tumbul kəndində qeydiyyatda olmuşdur ki, bu hal da işə baxmış məhkəmə tərəfindən nəzərə alınaraq aidiyyat qaydalarına uyğun şəkildə işə iddiaçının qeydiyyatda olduğu inzibati ərazi üzrə İnzibati Məhkəmə tərəfindən baxılması qənaətinə gəlinməsi üçün yetərli olmuşdur. İddiaçının qeydiyyat ünvanının apellyasiya baxışı zamanı dəyişdirilməsi işə onun sonradan qeydiyyata alındığı ünvan üzrə İnzibati Məhkəmə tərəfindən baxılması üçün əsas ola bilməz. Kollegiya onu da qeyd edir ki, hazırki işə birinci instansiya qaydasında baxılarkən təqdim olunmuş sübutlar əsasında aidiyyat məsələsi düzgün həll edilmiş, sonradan yaşayış yeri üzrə aparılmış qeydiyyat dəyişikliyi heç bir halda birinci instansiya məhkəməsinin “aidiyyat”la bağlı gəldiyi nəticənin əsassız olması və qəbul edilmiş müvafiq “aidiyyat” qərardadının ləğv edilməsi üçün əsas verə bilməz. Əks davranış İnzibati Prosessual Məcəllənin “aidiyyat” institutunun prinsiplərinə və formalaşmış vahid məhkəmə təcrübəsinə zidd olub, aşağı instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qanuni və əsaslı məhkəmə qərardadının formal ləğvi ilə nəticələnə bilər. Odur ki, iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəmənin 2-1(112)-7083/2024 saylı 15 mart 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8, 80, 81, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası QƏRARAALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7083/2024 saylı 15 mart 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X6 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar