Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2656/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh Azərbaycan Respublikası Sərhəd Xidmətinə qarşı “istifadə etmədiyi məzuniyyətə görə kompensassiyanın birdəfəlik ödənilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Həmid Üzeyir oğlu Həmidovdan ibarət tərkibdə, Aysu Əli qızı Orucovanın katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Sərhəd Xidmətinə qarşı “istifadə etmədiyi məzuniyyətə görə kompensasiyanın birdəfəlik ödənilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1331/2021 saylı 29 iyun 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 01 dekabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1973-cü il təvəllüdlüdür. O, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiya rəisinin 14 avqust 2015-ci il tarixli 0183 nömrəli əmrinə əsasən «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq sərhəd mühafizəsi kafedrasının baş müəllimi vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış, 14 avqust 2015-ci il tarixdən şəxsi heyətin siyahısından, bütün təminat növlərindən çıxarılmış və hərbi qeydiyyata götürülmək üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiya rəisinin 31 yanvar-01 fevral 2015-ci il tarixli 025 nömrəli əmrinə əsasən iddiaçı 01 fevral 2015-ci il tarixdən 15 fevral 2015-ci il tarixədək 15 (on beş) gün müddətinə, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiya rəisinin 15 iyul 2015-ci il tarixli 0159 nömrəli əmrinə əsasən 15 iyul 2015-ci il tarixdən 13 avqust 2015-ci il tarixədək 30 (otuz) gün müddətinə məzuniyyətdən istifadə etmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiya rəisinin 0183 saylı 14 avqust 2015-ci il tarixli əmrindən çıxarışın surətindən görünür ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq polkovnik-leytenant İddiaçı sərhəd mühafizəsi kafedrasının baş müəllimi vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış hesab edilmişdir. Polkovnik-leytenant İddiaçı 14 avqust 2015-ci il tarixdən şəxsi heyətin siyahısından, bütün təminat növlərindən çıxarılmış və hərbi qeydiyyata götürülmək üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsinə göndərilmişdir. Polkovnik-leytenant İddiaçı 2015- ci il üçün nəzərdə tutulmuş maddi yardımı, məzuniyyət müavinətini almış və növbəti məzuniyyətdən istifadə etmişdir. Polkovnik-leytenant İddiaçı 14 avqust 2015-ci il tarixə xidmət illəri: Təqvimi: 24 il, 00 ay, 13 gün, güzəştli: 05 il, 08 ay, 07 gün, cəmi: 29 il, 08 ay, 20 gün. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 oktyabr 1992-ci il tarixli 562 №-li qərarına müvafiq olaraq polkovnik-leytenant İddiaçı 2015-ci il yanvar ayının 01-dən avqust ayının 14-dək xidmət dövrü üçün birdəfəlik pul mükafatını 100% həcmində almağa layiqdir. Əmrin verilməsinə əsas Dövlət Sərhəd Xidmətinin rəisi-X3 1432 ş/h saylı 15 iyul 2015-ci il tarixli əmri olmuşdur. İddiaçı istifadə etmədiyi növbəti məzuniyyət günlərinə görə ona pul kompensasiyanın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən İddiaçı ünvanlanmış 10/82 saylı 21.07.2020-ci il tarixli və 10/95 saylı 29.07.2020-ci il tarixli məktublarda qeyd edilmişdir ki, onun həqiqi hərbi xidmətdə olduğu dövrün istifadə edilməmiş növbəti məzuniyyət günləri aidiyyəti üzrə araşdırılmış, onun həqiqi hərbi xidmətdə olduğu dövrün istifadə edilməmiş növbəti məzuniyyət günləri əvəzinə pul kompensasiyasına hüququ olduğu təqdirdə ödənişin müvafiq qaydada həyata keçirilməsi təmin olunacaqdır. Bundan sonra iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Sərhəd Xidmətinin onun müraciətinə verdiyi cavab məktublarından narazı qalaraq hazırki iddia ilə məhkəməyə müraciət etmiş və “Silahlı Qüvvələrin ehtiyatına buraxılarkən tərxis məsələlərini həll etmək üçün qanunvericiliklə nəzərdə tutulmuş 90 gün növbəti məzuniyyətdən istifadə etmədiyi qalan 15 günə görə pul kompensasiyasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2012-ci il tarixli 217 nömrəli Qərarına müvafiq qaydada birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi”ni xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1994-cü ildən 2015-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində zabit qismində xidmət etmiş və 2015ci ildə Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Silahlı Qüvvələrdə təqvim ili 24 il xidmət etmişdir. Ona ehtiyata buraxılarkən “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 120-ci maddəsinin 1-ci maddəsinin axırıncı abzasına və “Hərbi qulluqçuların statusu haqqında" Qanunun 11-ci maddəsinə uyğun olaraq növbəti məzuniyyət verilməmişdir. Bununla bağlı o, cavabdeh inzibati orqana ərizə təqdim etmiş, lakin bu günədək qanunvericilikdə müəyyən olunmuş müddət keçməsinə baxmayaraq ərizəsinə cavab verilməmişdir. Ona görə də o, bu faktı inzibati orqanın imtinası hesab edir. Cavabdehin etirazları: İş üzrə cavabdeh Azərbaycan Respublikası Sərhəd Xidməti tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı iddiasında Silahlı Qüvvələrdən ehtiyata buraxılarkən «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin və «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrinə istinad edərək ona növbəti məzuniyyətin verilmədiyini və buna görə də kompensasiyanın birdəfəlik ödənilməsini göstərmişdir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsində və «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin Vİİİ fəslinin (Məzuniyyətlər) 114-cü maddəsində dinc dövrdə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara aşağıdakı məzuniyyətlərin verilməsi göstərilmişdir: a) növbəti məzuniyyət; b) qısa müddətli məzuniyyət; v) xəstəliyə görə məzuniyyət; q) tədristəlimi zamanı məzuniyyət; d) hərbi təhsil müəssisəsini bitirmək ilə əlaqədar məzuniyyət; e) tədris məzuniyyəti; y) yaradıcılıq məzuniyyəti; z) qadın hərbi qulluqçulara hamiləliyinə və doğuşa görə, üç yaşı tamam olanadək uşağa qulluq etmək üçün məzuniyyətlər; i) əlavə məzuniyyət. Həmin Əsasnamənin 115-ci maddəsində göstərilmişdir ki, hərbi qulluqçulara məzuniyyət vermək hüququ hərbi hissə komandirinə (əmr vermək hüququ olan tabor (3-cü dərəcəli gəmi) komandirinin intizam hakimiyyətindən istifadə edən əlahiddə hissə komandirindən, onlara bərabər və onlardan yuxarı olanlara) aiddir. Məzuniyyətə getmək və məzuniyyətdən qayıtmaq hərbi hissə üzrə əmrlə elan olunur. Sözügedən Əsasnamənin 120-ci maddəsində növbəti məzuniyyətin aşağıdakılara verilməsi göstərilmişdir: a) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına - müddətli həqiqi hərbi xidmət ərzində bir dəfə 10 gün; b) müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına - hər təqvim ili üçün 30 gün; v) gizirlərə və miçmanlara - hər təqvim ili üçün 35 gün; q) zabitlərə - hər təqvim ili üçün 45 gün. Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş hərbi qulluqçulara (zabitlərdən başqa) 40 günlük növbəti məzuniyyət verilir. Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün məzuniyyət 3 ay müddətində verilir. Qeyd olunan Əsasnamənin 121-ci maddəsinə əsasən növbəti məzuniyyət hər bir hərbi qulluqçuya təqvim ili ərzində verilir. Ötən il ərzində müstəsna səbəblərə görə məzuniyyət verilmədikdə, xüsusi hallarda korpus (diviziya) komandiri və ona bərabər və ondan yuxarı birbaşa rəislərin icazəsi ilə ötən il üçün məzuniyyət yeni ilin birinci rübündə verilə bilər. Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. İddiaçı sabiq hərbi qulluqçu İddiaçı sonuncu xidmət yeri olan Dövlət Sərhəd Xidmətinin Akademiyasına göndərilmiş sorğuya cavab olaraq sonuncunun hərbi xidmətdən ehtiyata buraxılarkən 2015-ci ilin hesabına növbəti məzuniyyətdən istifadə etməsi, həmin təqvim ili üçün nəzərdə tutulmuş maddi yardım və məzuniyyət müavinətini alması, həmçinin ona təqvim ili ərzində birdəfəlik pul müavinətinin tam həcmdə ödənilməsi bildirilmişdir. «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununun 41-ci maddəsində həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçuların dairəsi müəyyən edilmişdir. Sabiq hərbi qulluqçu İddiaçı sözügedən qanunun 41.0.9-cu maddəsinə uyğun olaraq (öz arzusu ilə) Dövlət Sərhəd Xidməti rəisinin 15.07.2015-ci il tarixli, 1432 nömrəli əmri ilə Silahlı Qüvvələrin ehtiyatına buraxılsa da xidməti vəzifələrinin təhvil-təslimi ilə əlaqədar o, 14.08.2015-ci il tarixdə şəxsi heyətin siyahısından çıxarılmış və həmin tarixədək olan müddət onun xidmət illərinə hesablanmışdır. Bundan başqa sabiq hərbi qulluqçu İddiaçı Silahlı Qüvvələrin ehtiyatına buraxılan zaman qeyd olunan məsələ ilə əlaqədar aidiyyəti üzrə xidmət etmiş DSX Akademiyasına müraciət etməmişdir. İddiaçı Ə.X6 Xidmətinə ünvanladığı müraciətinə Maliyyə-Plan İdarəsi tərəfindən baxılmış və ona istifadə etmədiyi məzuniyyətə görə 1681,88 manat məbləğində pul kompensasiya şəklində 19.02.2021-ci il tarixdə Beynəlxalq Bankda adına olan hesab nömrəsinə köçürülmüşdür. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1331/2021 saylı 29 iyun 2021-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə qərarı maddi və hüquq normalarının pozulması ilə qəbul edilmiş və bu səbəbdən də ləğv edilməlidir. Tərəflərin izahatları: İddiaçı X2 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. 01.12.2021-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikası Sərhəd Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçı hazırki tələblə bağlı inzibati orqana müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Belə ki, cavabdehin iddiaçıya ünvanladığı 21.07.2020-ci il və 29.07.2020-ci il tarixli məktublarla həqiqi hərbi xidmətdə olduğu dövrün istifadə edilməmiş növbəti məzuniyyət günləri əvəzinə pul kompensasiyasına hüququ olduğu təqdirdə ödənişin müvafiq qaydada həyata keçirilməsinin təmin olunacağı bildirilmişdir. İddiaçı cavabdeh tərəfindən tələbi təmin olunmadığı üçün sonuncunun həmin məktublarından narazı qalaraq 05.08.2020-ci il tarixdə hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Sərhəd Xidmətinə qarşı tələbi “Silahlı Qüvvələrin ehtiyatına buraxılarkən tərxis məsələlərini həll etmək üçün qanunvericiliklə nəzərdə tutulmuş 90 gün növbəti məzuniyyətdən istifadə etmədiyi qalan 15 günə görə pul kompensasiyasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2012-ci il tarixli 217 nömrəli Qərarına müvafiq qaydada birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının 14.08.2015-ci ildən Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılarkən ona 15 gün və 30 gün olmaqla, ümumilikdə 45 gün məzuniyyətin verilməsinə, eləcə də istifadə etmədiyi 45 gün növbəti məzuniyyət günləri əvəzinə ona 1681.88 manat pul kompensasiyasının ödənilməsinə istinad edərək iddia tələbinin təmin olunmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 1-ci hissəsinin 6-cı abzasına əsasən ildə bir dəfə zabitlərə 45 günlük, gizirlərə və miçmanlara 35 günlük, müddətindən artıq xidmət hərbi qulluqçularına 30 günlük, əsgərlərə (matroslara) və çavuşlara 10 günlük növbəti məzuniyyət verilir. Həmin Qanunun 11-ci maddəsinin 1-ci hissəsinin 8-ci abzasına əsasən Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir. Həmin Qanunun 11-ci maddəsinin 1-ci hissəsinin 9-cu abzasına əsasən hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 120-ci bəndinə əsasən növbəti məzuniyyət aşağıdakılara verilir: a) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına — müddətli həqiqi hərbi xidmət ərzində — bir dəfə 10 gün; b) müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına — hər təqvim ili üçün 30 gün; v) gizirlərə və miçmanlara — hər təqvim ili üçün 35 gün; q) zabitlərə — hər təqvim ili üçün 45 gün. Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş hərbi qulluqçulara (zabitlərdən başqa) 40 günlük növbəti məzuniyyət verilir. Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir. Həmin Əsasnamənin 121-ci bəndinə əsasən növbəti məzuniyyət hər bir hərbi qulluqçuya təqvim ili ərzində verilir. Ötən il ərzində müstəsna səbəblərə görə məzuniyyət verilmədikdə, xüsusi hallarda korpus (diviziya) komandiri və ona bərabər və ondan yuxarı birbaşa rəislərin icazəsi ilə ötən il üçün məzuniyyət yeni ilin birinci rübündə verilə bilər. Təhsil almaq və xidmət müddəti müəyyən edilmiş yerlərdən dəyişilmək üçün namizədlikləri təsdiq edilmiş hərbi qulluqçulara növbəti məzuniyyət elə hesabla verilir ki, onlar yola düşənə qədər həmin məzuniyyətdən bütünlüklə istifadə edə bilsinlər. Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. İş materiallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiya rəisinin 14 avqust 2015-ci il tarixli 0183 nömrəli əmrinə əsasən «Hərbi vəzifə və hərbi xidmət haqqında» Qanunun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq sərhəd mühafizəsi kafedrasının baş müəllimi vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış, 14 avqust 2015-ci il tarixdən şəxsi heyətin siyahısından, bütün təminat növlərindən çıxarılmış və hərbi qeydiyyata götürülmək üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsinə göndərilmiş, 2015-ci il üçün nəzərdə tutulmuş maddi yardımı, məzuniyyət müavinətini almış və növbəti məzuniyyətdən istifadə etmişdir. Belə ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiya rəisinin 31 yanvar-01 fevral 2015-ci il tarixli 025 nömrəli əmrinə əsasən iddiaçı 01 fevral 2015-ci il tarixdən 15 fevral 2015-ci il tarixədək 15 (on beş) gün müddətinə, 15 iyul 2015-ci il tarixli 0159 nömrəli əmrinə əsasən isə 15 iyul 2015-ci il tarixdən 13 avqust 2015-ci il tarixədək 30 (otuz) gün müddətinə, ümumilikdə 45 gün müddətinə məzuniyyətdən istifadə etmişdir. Eyni zamanda işə birinci instansiya qaydasında baxılarkən iddiaçıya 19.02.2021-ci il tarixdə istifadə edilməmiş 45 gün növbəti məzuniyyət günləri əvəzinə 1681.88 manat pul kompensasiyası ödənilmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin arayışından görünür ki, İddiaçı 19.02.2021-ci il tarixdə istifadə edilməmiş 45 gün növbəti məzuniyyət günləri əvəzinə 1681,88 manat pul kompensasiyası – vəzifə maaşı 720,00 manat, rütbə maaşı 154,00 manat və xidmət illəri üzrə 262,20 manat (hesablanmış 1136,20 : 30,4 = 37,37 x 45 gün = 1681,88 manat) ödənilmişdir. İddiaçıya ünvanlanmış 10/9 saylı 26.02.2021-ci il tarixli məktubun məzmununda göstərilmişdi ki, onun hərbi xidmətə buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyətə görə 1681.88 manat məbləğində kompensassiya 19.02.2021-ci il tarixdə **********71989999321 nömrəli plastik kart hesabına köçürülmüşdür. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyası iddiaçıya tələbinin işə birinci instansiya qaydasında baxılarkən təmin olunduğunu bildirib, onun icraata bu əsasla xitam verilməsinə münasibəti soruşularkən iddiaçı bununla razılaşmayaraq işə mahiyyəti üzrə baxılmasında israrlı olmuşdur. Odur ki, məhkəmə kollegiyası işə mahiyyəti üzrə baxılmasını davam etdirmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, 31 yanvar-01 fevral 2015-ci il tarixli 025 nömrəli əmrlə iddiaçıya 01 fevral 2015-ci il tarixdən 15 fevral 2015-ci il tarixədək 15 (on beş) gün müddətinə, 15 iyul 2015-ci il tarixli 0159 nömrəli əmrlə 15 iyul 2015-ci il tarixdən 13 avqust 2015-ci il tarixədək 30 (otuz) gün müddətinə, ümumilikdə 45 gün müddətinə məzuniyyət verilmiş, 19.02.2021-ci il tarixdə isə istifadə edilməmiş 45 gün növbəti məzuniyyət günləri əvəzinə 1681.88 manat pul kompensasiyası ödənilmişdir ki, bununla da iddiaçının 2015-ci il üzrə qanunla nəzərdə tutulmuş 3 aylıq məzuniyyətindən istifadə etdiyi təsdiq olunur. Lakin hazırki işdə iddiaçı onun ehtiyata buraxılarkən tərxis məsələlərini həll etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş 90 gün növbəti məzuniyyətindən istifadə etmədiyi qalan 15 günə görə pul kompensasiyasını almaq hüququnun olduğunu iddia edir. Bu barədə məhkəmə kollegiyası qeyd edir ki, «Hərbi qulluqçuların statusu haqqında» Qanunun 11-ci maddəsinin 1-ci hissəsinin 8-ci abzasına və «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 120-ci bəndinə görə Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir və bu məzuniyyət adından da göründüyü kimi, “növbəti məzuniyyət” olmaqla, hər bir hərbi qulluqçuya təqvim ili ərzində bir dəfə verilir. Hazırki işdə də iddiaçının 2015-ci ildə tərxis olunduğu nəzərə alınmaqla ona 90 günlük məzuniyyətin 45 günü hissə-hissə, yəni 01 fevral 2015-ci il tarixdən 15 fevral 2015ci il tarixədək 15 (on beş) gün, 15 iyul 2015-ci il tarixdən 13 avqust 2015-ci il tarixədək isə 30 (otuz) gün olmaqla verilmiş, qalan 45 gün növbəti məzuniyyət günləri əvəzinə isə 1681.88 manat pul kompensasiyası ödənilmişdir. Beləliklə, iddiaçı ona 90 günlük növbəti məzuniyyətindən istifadə etmədiyi qalan 15 günə görə pul kompensasiyasının cavabdeh tərəfindən ödənilməli olduğunu əsaslandıra bilməmiş və bu barədə sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddiasının rədd edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassız olduğu üçün qəbul edilmir və qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1331/2021 saylı 29 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1331/2021 saylı 29 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Həmid Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-2656/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2656/2021
01.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver