Məhkəmə qərarları › İş №2-1(103)-2656/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2656/2023

12.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2656/2023 12.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «əlilliyə görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi» tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-586/2023 saylı, 02 mart 2023-cü il il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «iddiaçının işləməsi faktının müəyyən edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1 sentyabr 1988-ci il tarixdən 31 dekabr 1993-cü il tarixədək Ağdam şəhər 5 nömrəli orta məktəbdə rus dili və ədəbiyyatı üzrə müəllim vəzifəsində çalışaraq, fasiləsiz iş stajı toplamışdır. Ağdam rayonu erməni qüvvələri tərəfindən işğal olunduqdan sonra, 1993-cü il tarixdən Bakı şəhərində məskulaşmışdır. Qanunvericiliyin tələblərinə müvafiq olaraq, o, əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqan DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh tərəfindən məsələnin həllindən imtina olunmuşdur. İddiaçı 1988 – 1993-cü illərdə Ağdam şəhəri 5 nömrəli orta məktəbdə işləməsi barədə arxiv arayışının verilməsi məqsədilə X4 Filialına müraciət etmişdir. Arxiv idarəsindən ona ünvanlanan məktubda qeyd edilmişdir ki, Ağdam şəhəri 5 nömrəli orta məktəbin 1988 – 1993-cü ilə qədər olan arxiv sənədləri işğalda qaldığı üçün filialda mühafizə olunmur. Məlum olduğu kimi vətəndaşlara müəyyən halların təsdiq olunması üçün arxiv sənədlərinin toplaması zəruridir. Lakin iddaçının hazırkı vəziyyətində Respublikada baş vermiş hadisələrlə əlaqədar arxiv sənədləri əldə etmək mümkün deyildir. Onun həmin dövrdə sözügedən məktəbdə işləməsi ilə bağlı müəyyən sayda şahidlər vardır. Belə hallarda qanunvericilikdə nəzərdə tutulmuş müvafiq müddəalardan istifadə olunmalıdır. Azərbaycan Respbulikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsində qeyd edilir ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə qanunvercilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin və yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilənlərə və Mülki Prosessual Məcəllənin 149, 150, 307.1, 308-ci maddələrinə əsaslanaraq, məhkəmədən iddiaçının 1988 – 1993-cü illər ərzində Ağdam şəhər 5 nömrəli orta məktəbdə işləməsi faktının müəyyən olunması barədə qərar çıxarılması xahiş olunur. Sonradan iddiaçı məhkəməyə əlavə ərizə təqdim edərək iddianın «iddiaçının 1988 – 2017-ci illər sığorta stajına daxil edilməklə ona hüququnun yarandığı 24 dekabr 2020-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Cavabdeh tərəfindən iddiaya verilən etirazda göstərilmişdir ki, İddiaçı iddia tələbi məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının (TSEK) 24 dekabr 2020-ci il tarixli qərarı ilə əlillik səbəbi - “Ümumi xəstəlik” (xroniki böyrək xəstəliyi) olmaqla İİ dərəcəli əlillik müəyyən edilmişdir. Bundan sonra, iddiaçı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq İİ dərəcə əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Lakin cavabdehin 06 sentyabr 2021-ci il tarixli **********6 nömrəli məktubuna əsasən aşağıdakı səbəblərdən iddiaçının müraciətinin müsbət həlli mümkün olmamışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, İİ və İİİ qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün iki şərtin mövcud olması mütləqdir: 1) Ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olması; 2) Əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması. Bu şərtlərdən hər hansı birinin olmaması əlilliyə görə pensiya təyin edilməsini istisna edir. Ona görə də əlilliyə görə pensiya təyin edilməsi üçün bu şərtlərin hər ikisinin mövcudluğu araşdırılmalıdır. Adıçəkilən Qanunun 12.1-ci maddəsində göstərilən “əmək qabiliyyətli yaş dövrü” ifadəsi şəxsin qanunla əmək fəaliyyət qabiliyyətli yaşa çatdıqdan sonrakı dövrü əhatə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü hissəsinə əsasən on beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikasının 31 may 2018-ci il tarixli Qanununun 1.0.1-ci maddəsinə əsasən əlillik – müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması hesab edilir. Sözügedən Qanunun 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti TSEK tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən şəxs TSEK tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş «Tibbi-sosial ekspert komissiyaları haqqında» Əsasnaməsinin 4.26-cı bəndinə əsasən əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Bu halda iddiaçının xx xxxxxxxx 1966-cı il təvəllüdlü olması və ona 24 dekabr 2020-ci il tarixdə İİ dərəcə əlillik müəyyən edilməsi nəzərə alınmaqla, ona əlilliyə görə əmək pensiyası hüququ yaranması üçün 13 il sığorta stajı və fərdi hesabın sığorta hissəsində 22.464 manat pensiya kapitalı tələb olunur. İddiaçının təqdim etdiyi diplomun surətinə əsasən ümumi sosial sığorta stajının müddəti 18 il 09 ay olmaqla qanunla tələb olunan sığorta stajından (13 ildən) çox olmasına baxmayaraq, fərdi hesabının sığorta hissəsində qeydə alınmış 15.603,33 manat pensiya kapitalı qanunvericiliklə tələb olunan məbləğdən (22.464) azdır. Sözügedən Qanunun müvafiq normasının tələblərinə müvafiq olaraq İddiaçı münasibətdə qanunla tələb olunan sosial sığorta stajı aşağıdakı kimidir: 1) 24 dekabr 2020-ci il (İİ dərəcə əlillik təyin olunan tarix) – xx xxxxxxxx 1966 (doğum tarixi) = 54 il 03 ay 05 gün - iddiaçının əlillik tarixinə uyğun yaş həddi; 2) 58 il (yaş) – 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 39 il (əmək qabiliyyətli yaş dövrü); 3) a) 39 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 156 ay; b) 156 ay : 12 ay = 13 il - iddiaçının İİ dərəcəli əlil kimi əlilliyə görə əmək pensiyasının təyin olunması üçün tələb olunan sığorta stajı müddəti. Qeyd edilən hesablamadan da göründüyü kimi, iddiaçının pensiya hüququnun yaranması üçün tələb olunan sosial sığorta stajı 13 təşkil edir. «Əmək pensiyaları haqqında» Qanunun 13.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 11 dekabr 2017-ci il tarixli 17 saylı qərarının 4.3.4-cü bəndinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı 01 iyul 2017-ci il tarixdən sonra əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir. Sözügedən Qaydaların 4.3.5-ci bəndinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH=PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixədək qeydə alınmış pensiya kapitalıdır (Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T – gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K – sığorta davamiyyəti əmsalıdır. İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 15.603,33 manat pensiya kapitalı qanunvericiliklə tələb olunan məbləğdən (22.464) az olduğu üçün əlilliyə görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilmir. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, İddiaçı «Əmək pensiyaları haqqında» Qanununun 12-ci maddəsinin tələblərinə müvafiq olaraq ikinci dərəcəli əlillik təyinatının aparıldığı 24 dekabr 2020-ci il tarixdə qanunla ona əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb edilən sosial sığorta stajına malik olsa, da, 22.464 manat pensiya kapitalına malik olmadığından iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq, İddiaçı “İİ dərəcə əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-586/2023 saylı, 02 mart 2023-cü il il tarixli qərarı ilə (hakim R.Kərimli) iddia qismən təmin edilərək İddiaçı 1988 – 2006-cı illər üzrə iş stajı sığorta stajına daxil edilməklə 24 dekabr 2020-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin hesablanaraq ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyinin cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi iddiaçıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının (bundan sonra - “TSEK”) 24 dekabr 2020-ci il tarixli qərarı ilə əlillik səbəbi - “Ümumi xəstəlik” (xroniki böyrək xəstəliyi) olmaqla İİ dərəcəli əlillik müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, İİ və İİİ qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün iki şərtin mövcud olması mütləqdir: Ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olması; Əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması. Bu şərtlərdən hər hansı birinin olmaması əlilliyə görə pensiya təyin edilməsini istisna edir. Ona görə də əlilliyə görə pensiya təyin edilməsi üçün bu şərtlərin hər ikisinin mövcudluğu araşdırılmalıdır. Bu halda iddiaçının xx.xx.1966-cı il təvəllüdlü olması və ona xx.xx.2020-ci il tarixdə İİ dərəcə əlillik müəyyən edilməsi nəzərə alınmaqla, ona əlilliyə görə əmək pensiyası hüququ yaranması üçün 13 il sığorta stajı və fərdi hesabın sığorta hissəsində 22.464,00 manat pensiya kapitalı tələb olunur. İddiaçının təqdim etdiyi diplomun surətinə əsasən ümumi sosial sığorta stajının müddəti 18 il 09 ay olmaqla qanunla tələb olunan sığorta stajından (13 ildən) çox olmasına baxmayaraq, fərdi hesabının sığorta hissəsində qeydə alınmış 15.603,33 manat pensiya kapitalı qanunvericiliklə tələb olunan məbləğdən (22.464) azdır. Sözügedən Qanunun müvafiq normasının tələblərinə müvafiq olaraq İddiaçı münasibətdə qanunla tələb olunan sosial sığorta stajı aşağıdakı kimidir: xx.xx.2020 (İİ dərəcə əlillik təyin olunan tarix) - xx.xx.1966 (doğum tarixi) = 54 il 03 ay 05 gün - iddiaçının əlillik tarixinə uyğun yaş həddi; 54 il (yaş) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 39 il (əmək qabiliyyətli yaş dövrü) a) 39 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 156 ay b) 156 ay : 12 ay = 13 il - iddiaçının İİ dərəcəli əlil kimi əlilliyə görə əmək pensiyasının təyin olunması üçün tələb olunan sığorta stajı müddəti. Qeyd edilən hesablamadan da göründüyü kimi iddiaçının pensiya hüququnun yaranması üçün tələb olunan sosial sığorta stajı: 13 təşkil edir. İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 15.603,33 manat pensiya kapitalı qanunvericiliklə tələb olunan məbləğdən (22.464) az olduğu üçün əlilliyə görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilmir. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Qeyd edilən qanunvericilik normalarının tələbləri və isin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 12-ci maddəsinin tələblərinə müvafiq olaraq ikinci dərəcəli əlillik təyinatının aparıldığı xx.xx.2020-ci il tarixdə qanunla ona əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb edilən sosial sığorta stajına malik olsa da, 22.464 manat pensiya kapitalına malik deyildir. Beləliklə də, birinci instansiya məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilməmiş, mövcud sübutlara isə düzgün hüquqi qiymət verilməmişdir. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin 02 mart 2023-cü il tarixli 2-1(112)-586/2023 nömrəli qərarı əsassız və qanunazidd olduğundan ləğv edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza və apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-586/2023 saylı, 02 mart 2023-cü il tarixli qərarının ləğv edilib, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin hazırda qüvvədə olan tələblərinə əsasən əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81 – 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31 – 80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Həmin Qanunun 12.1-ci maddəsinin 1 iyul 2022-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (Azərbaycan Respublikasının 1 fevral 1999-cu il tarixli 618-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. «Əmək pensiyaları haqqında» Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1 – 3-cü hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə görə əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. İddiaçının ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən baxılmış və pensiya təyinatından imtina edilmişdir. Cavabdeh inzibati orqanın mövqeyinə görə iddiaçıya münasibətdə aşağıdakı şərtlərlər ödənildiyi halda, ona əlilliyə görə əmək pensiyası təyinatı aparıla bilər, lakin şərtlər ödəniməmişdir: 1) 13 il (58 yaş – 15 il = 39 il, 39 x 4/12 = 13 il) sosial sığorta stajının toplanması; 2) Sığorta stajından asılı olmayaraq, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Cavabdehin imtinanın əsası kimi qeyd etdiyi dəlillər apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə, hüquqi mövqe və istinad etdiyi qanunvericilik normaları ilə razılaşaraq qeyd edir ki, iş üzrə cavabdeh inzibati orqan DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda əmək kitabçasındakı qeydlər üzrə məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır və belə mübahisə cavabdeh inzibati orqan tərəfindən qaldırıldığından, həmin məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür (İPM-in 14.3-cü maddəsi). Çünki, «İnzibati icraat haqqında» Qanunun 15 və 19-cu maddələri müvafiq sənədlərdə, hazırkı iş üzrə əmək kitabçasında olan məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən inzibati orqan isə, öz mövqeyini əsaslandırmaq, daha dəqiqi desək sübut etmək yükü daşıyır. Bundan başqa, İddiaçı 1988 – 2005-cı illər (31 dekabr 2005-ci il tarixədək) müddətində əmək fəaliyyətinin bir hissəsi 1 yanvar 2002-ci il tarixədək dövrə aid olduğundan, həmin müddətin bu hissəsinin sığorta stajı kimi hesablanması üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti qoyula bilməz. İş fəaliyyətinin 1 yanvar 2002-ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək olan hissəsinə gəldikdə, nəzərə alınmalıdır ki, «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının 1042-VQ nömrəli 6 mart 2018-ci il tarixli Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinmişdir. İddiaçının 1988 – 2018-ci illərdə Ağdam şəhəri 5 nömrəli orta məktəbdə işləməsi ona məxsus əmək kitabçasında (diblikat olsa da) öz təsdiqini tapır. Nəzərə alınmalıdır ki, əmək kitabçasında belə qeydlərin olduğu hallar, mülki məhkəmə icraatı qaydasında ərizəçinin iş stajının hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsini istisna edir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli 181 nömrəli qərarı ilə qərara alınmışdır ki: - (1-ci bənd) Respublikanın əlaqədar nazirlik, dövlət komitələri, idarə və müəssisə rəhbərləri, yerli icra hakimiyyəti orqanları əraziləri işğal olunmuş rayonların mövcud idarəetmə strukturlarını saxlamaq və onların fəaliyyətindən bilavasitə istifadə etməklə büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlarda işləmiş məcburi köçkünlərin təcili surətdə işlə təmin edilməsi üçün qəti tədbirlər görsünlər. Məcburi köçkünlərin müvəqqəti məskunlaşmış olduqları şəhər və rayon icra hakimiyyətləri işlə təmin edilmiş köçkünlərə əmək haqlarının verilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına lazımi köməklik göstərsinlər. - (2-ci bənd) Maliyyə Nazirliyi və müvafiq icra hakimiyyəti orqanları büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlarda işləmiş, lakin özlərindən asılı olmayan səbəblərə görə işlə təmin edilməmiş məcburi köçkünlərə 2017-ci il yanvarın 1-dək orta əmək haqlarının verilməsini təmin etsinlər. Qeyd olunanlara, o cümlədən 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinin tələblərinə əsaslanaraq, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı əmək kitabçasında əks olunmuş 1988 – 2006-cı illər üzrə iş stajının sığorta stajına daxil edilməməsi qanunaziddir. «Əmək pensiyaları haqqında» Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Həmin Qanunun 29.1-1-ci maddəsinə görə sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan normaların tələblərinə əsasən, İddiaçı iş stajı 2006-cı ilə qədər mövcud olduğundan və fərdi hesabında 2006-cı il yanvar ayının 1-dən sonra pensiya kapitalı mövcud olmadığından, ona münasibətdə pensiya kapitalı Qanunun 27 və 29-cu maddələrinin tələblərinə əsasən hesablanır. Cavabdehin apelyasiya şikayətinin iddiaçının pensiyasının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 22.464 manat təşkil etməməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 15.503,33 manat qeydə alınmış pensiya kapitalının mövcudluğunu cavabdeh də təsqiqləyir və «Əmək pensiyaları haqqında» Qanunun 27.1-ci maddəsinin (müvafiq dövrün pensiya kapitalına çevrilməsi) və 29.1-1-ci maddəsinin (indeskləşdirmə aparılması) tələblərinə uyğun hesablama aparılmaqla, onun pensiya kapitalı tələb olunan 22.464 manat məbləğə çatmış olur. Məhkəmə kollegiyası cavabdehin iddiaçının müvafiq iş illəri sığorta stajına daxil edildikdə, pensiyanın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının yetərli həcmdə toplanmış olmasına qarşı konkret əks münasibət bildirməməsini nəzərə alır. İddiaçının 1988 - 2006-cı illərdəki (1 yanvar 2006-cı il tarixədək) iş fəaliyyəti ilə birlikdə müvafiq pensiya kapitalı toplanmış olur ki, (cavabdeh həmin illər nəzərə alınmadan iddiaçının 15.503,33 manat qeydə alınmış pensiya kapitalını qəbul etmişdir), bununla da «Əmək pensiyaları haqqında» Qanunun 12-ci maddəsinə görə onun 24 dekabr 2020-ci il tarixdən əlilliyə görə əmək pensiyası hüququ yaranır. İş materiallarına əsasən İddiaçı xx xxxxxxxx 1966-cı il tarixdə doğulmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdehin iddiaya etirazında və apellyasiya şikayətində göstərdiyi dəlillər tamamilə üst-üstə düşür. Bu səbəbdən də, birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-586/2023 saylı, 02 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-586/2023 saylı, 02 mart 2023-cü il il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar