Məhkəmə qərarları › İş №2-1(103)-2656/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2656/2024

13.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2656/2024 13.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər:“ mənzil növbəsinə alınma və kirayə pulunun ödənilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X8 (sədrlik edən və məruzəçi), X5 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Aygün Ülviyyət qızı Nizamlının katibliyi, İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2232/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdehə müraciət edərək mənzil növbəsinə götürülməsini və kirayədə yaşadığı üçün kirayə haqqının kompensasiya edilməsini xahiş etmişdir.

2. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubuna əsasən iddiaçının ehtiyata və istefaya buraxılmış hərbi qulluqçuların mənzil uçotu siyahısına götürülməsi və onlara müvəqqəti mənzil kirayə haqqının ödənilməsindən imtina edilmişdir.

3. Qaraçuxur bələdiyyəsinin 325 nömrəli, xx.xx.2023-cü il tarixli arayışına əsasən İddiaçı və X4 Qaraçuxur bələdiyyəsi tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmamışdır.

4. 137 saylı MKİS-n 582 nömrəli, xx.xx.2023-cü il tarixli arayışına əsasən iddiaçı arvadı və iki uşağı ilə birlikdə Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, M.Fətəliyev küçəsində 98 nömrəli evin 86 nömrəli 1 otaqlı mənzilində yaşayır, mənzilin icarədarı iddiaçının dayısı X2r.

5. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2023-cü il tarixli arayışına əsasən iddiaçı Dövlət Sərhəd Xidmətində xidmət etdiyi müddətdə dövlət tərəfindən birdəfəlik (xüsusi) mənzil və ya torpaq sahəsi ilə təmin olunmamışdır.

6. Azərbaycan Respubikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon İdarəsinin xx.xx.2023-cü il tarixli arayışına əsasən iddiaçı xx.xx.2022-ci ildən xx.xx.2006-cı ilə qədər MTN Heydər Əliyev adına akademiyada kursant olmuşdur, xx.xx.2006-cı ildən xx.xx.2023-cü ilə qədər AR DSX-də həqiqi hərbi xidmət keçmişdir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.9-cu maddəsinə əsasən (öz arzusu ilə) AR DSXR-nin xx.xx.2023-cü il tarixli, 386 saylı əmri ilə ehtiyata buraxılmışdır.

7. AR DİN-nin ******* nömrəli arayışına əsasən iddiaçı Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, M.Fətəliyev küçəsində 98 nömrəli evin 86 nömrəli mənzilində qeydiyyatdadır; Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin xx.xx.2023-cü il tarixli arayışına əsasən iddiaçı Bakı şəhəri ərazisində mənzilə və torpaq sahəsinə malik deyildir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iddia qaldıraraq iddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində qeydiyyata alınması və iddiaçıya mənzil kirayə pulunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki,o, 2006-cı ilin avqust ayından Dövlət Sərhəd Xidmətində zabit qismində leytenant hərbi rütbəsilə xidmətə qəbul olunmuşdur.xx.xx.2023-cü ildə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin 41.0.9-cu bəndinə əsasən (öz arzusu ilə) mayor rütbəsində ehtiyata buraxılmışdır. Xidmət müddəti 20 il 8 ay təşkil edir, “Qüsursuz xidmətə görə” 3, 2 və 1-ci dərəcə medallarla, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü və 2-ci dərəcəli medallarla təltif olunmuşdur.Ailəlidir, himayəsində 3 nəfər (həyat yoldaşı və 2 övladı) vardır. Onlarla birlikdə Bakı şəhərində mənzilinin olmaması səbəbindən hər ay 450 manat pul ödənilməklə ünvan 1 ünvanında müvəqqəti kirayədə yaşayır. Cavabdehə müraciət edərək mənzil növbəsinə götürülməsini və kirayədə yaşadığı üçün kirayə haqqının kompensasiya edilməsini xahiş etsə də müraciəti təmin edilməmişdir.İddiaçı cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün hazırki iddia ilə məhkəməyə müraciət edir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

10. Cavabdeh iddia ərizəsinə etirazını təqdim etmişdir.

11. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli, 174 nömrəli “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin ödənilməsi qaydasının müəyyən edilməsi barədə” qərarda öz arzusu ilə ehtiyata və istefaya buraxılmış hərbi qulluqçuların mənzil uçotu siyahısına götürülməsi və onlara müvəqqəti mənzil kirayə haqqının ödənilməsi nəzərdə tutulmamışdır.Cavabdeh göstərilənlərə əsasən və “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli, 174 nömrəli qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş etmişdir.

12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2232/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia qismən təmin edilmişdir. İddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində qeydiyyata alınması vəzifəsinin cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinin üzərinə qoyulması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

13. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, qanunverici “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci hissəsinə görə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaşayış sahəsi və ya torpaq sahəsi almaq hüququnu təsbit edərkən, məhz hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallarda bu sosial təminatdan yaralanmasını nəzərdə tutmuşdur. Belə ki, məhz yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri ilə (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə) təmin edildiyi müəyyən edilmişdir.

14. Məhkəmə həmçinin qeyd etmişdir ki, öz arzusu səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmadığı üçün iddiaçının mənzilə görə kirayə pulunun əvəzinin ödənilməsi tələbinin təmin edilməməsi ilə ifadə olunan cavabdehin imtinası qanunvericilik tələblərinə uyğun olmaqla iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

15. İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati məhkəməsinin hakimi X3 tərəfindən İddiaçı iddia tələbi üzrə qəbul etdiyi xx.xx.2024-ci il tarixli, 2-1(112)-2232/2024 saylı qərarının iddiaçıya mənzil kirayə pulunun ödənilməsi öhdəliyinin Bakı şəhəri Suraxanı rayon icra hakimiyyətinə həvalə edilməsi hissəsində qeydiyyata alındığı gündən hesablanması tələbinin təmin edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

16. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı Silahlı Qüvvələrin ehtiyatına buraxıldıqdan sonra Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyətinə müraciət edərək mənzil növbəsinə götürülməsini və kirayədə yaşadığı üçün kirayə haqqının kompensasiya edilməsini xahiş etmişdir. Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 5-20/2-5-80-068/2023 nömrəli məktubu ilə ona imtina cavabı verilərək “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 174 nömrəli qərarında öz arzusu ilə (“J” bəndinə əsasən) ehtiyata və istefaya buraxılmış hərbi qulluqçuların mənzil uçotu siyahısına götürülməsi və onlara mənzil kiraya haqqının ödənilməsi məsələsi nəzərdə tutulmadığından müraciətdə göstərilən məsələnin həllinin rayon icra hakimiyyətinin səlahiyyətləri xaricində olduğu bildirilmişdir.İddiaçı Bakı şəhəri Suraxanı rayon icra hakimiyyətinin onun müraciətinə verdiyi cavabı əsassız və qanuna zidd hesab edir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı hüquqi qüvvəsinə görə Azərbaycan Respublikasının istənilən qanunundan üstün ola bilməz.Belə ki, hal-hazırda qüvvədə olan “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasinin Qanunun 12-ci maddəsinə əsasən “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Həmin qanuna əsasən 15 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara hüquq verilir ki, ehtiyata və ya istefaya buraxıldıqdan sonra yaşayacaqları yaşayış məntəqələrinin (əgər yaşayış məntəqələri Azərbaycan Respublikasının ərazisində yerləşirsə) mənzil-tikinti (mənzil) kooperativlərinə daxil olsunlar.Yerli icra hakimiyyəti başçıları fərdi mənzil tikintisində və ya evlər alınmasında, o cümlədən kənd yerində fərdi mənzil tikintisində və ya evlər alınmasında iştirak etmək arzusunu bildirən zabitlərə, gizirlər və miçmanlara müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına tikintidə, tikinti materialları almaqda kömək göstərməlidirlər.Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər).Azərbaycan Respublikasinin Konstitusiyasının 9-cu maddəsinə əsasən “Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir”. Bununla da belə qənaətə gəlmək olar ki, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları da silahlı qüvvələrin tərkib hissəsidir.İddiaçı müəyyən edilmiş qaydada Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyətinə müraciət edərək mənzil növbəsinə götürülməsini və kirayədə yaşadığı üçün kirayə haqqının kompensasiya edilməsini xahiş etmişdir. Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.2023-cti il tarixli 5-20/2-5-80-068/2023 nömrəli məktubu ilə ona imtina cavabı verilmişdir. Bu səbəbdən İddiaçı, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində 01 iyul 2023-cü il tarixdən qeydiyyata alınması və ona mənzil kirayə pulunun ödənilməsi öhdəliyinin Bakı şəhəri Suraxanı rayon icra hakimiyyətinə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.Məhkəmə tərəfindən cavabdehə bir neçə dəfə bildiriş göndərilməsinə baxmayaraq cavabdeh tərəf məhkəmədə iştirak etməmiş və iddiaya qarşı əsaslandırılmış formada öz etirazını bildirməmişdir.Məhkəmə iddiaçının izahat və çıxışlarını dinləyərək iş materiallarını tədqiq edərək iddia tələbinin qismən əsaslı olması qənaətinə gəlmişdir. İşə baxan məhkəmə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası qanununun 41-ci maddəsini əsas götürərək ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata buraxılmalarına səbəb olan halları iki qrupa ayıraraq; birinci qrupa - hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını; ikinci qrupa isə hərbi qulluqçunun öz hərəkətləri səbəbindən və ya öz arzusu ilə ehtiyata buraxılma hallarına aid etmişdir. Halbuki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş ehtiyata və ya istefaya buraxılmış şəxslərin mənzil sahəsi əldə edənədək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi hüququ işə baxan məhkəmə tərəfindən tanınaraq təmin edilməli idi. Eyni məzmunlu iddia üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, İş № 2-1(102)-242/2021 saylı və xx.xx.2021-ci il tarixli, İş № 2-1 (102)-1396/2021 saylı qərarlarını məhkəmə təcrübəsi hesab etmək olar.İddiaçı cavabdeh Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iddia tələbi məhkəmə tərəfindən tam şəkildə təmin edilməli idi. Lakin məhkəmə iddia tələbini qismən təmin etmişdir.

d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

e) Prosses iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, qərarın iddiaçıya mənzil kirayə pulunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində təmin edilməsini xahiş etmişdir.

19. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

20. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun:

41-ci maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqihərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); 41.0.2. yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; 41.0.3. xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; 41.0.4. ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.5. ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş əsaslara görə; 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.7. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı X1”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); 41.0.8. törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə; 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə

21. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanunu:

1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. Həmin Qanunun 12-ci maddəsinin 2-ci bəndinin 3-cü abzasına əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Qanunun 12-ci maddəsinin 2-ci bəndinin 4-cü abzasına əsasən ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər.

22. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarı:

1-ci hissəsinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində - 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda - 100 manat. 1.2. başqa şəhər və rayon mərkəzlərində -75 manat, 1.3. digər yaşayış məntəqələrində - 55 manat.

23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanun:

- 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 14.3-cü bəndinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.

24.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:

- 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. - 70.3. İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

25. İşdən göründüyü kimi, iddia qismən təmin olunsa da, iddianı təmin olunan hissəsindən iddiaçı və cavabdeh tərəfindən apellyasiya şikayəti verilmədiyindən, məhkəmə kollegiyası yalnız iddiaçının verdiyi apellyasiya şikayəti həddində qərarı – iddianın təmin olunmamış hissəsində yoxlayır.

26. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Məhkəmə kollegiyası qeyd edir ki qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur və birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

29. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə razılaşır.

30. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.

31. Məhkəmə kollegiyası işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir: Göründüyü kimi iddia tələbi iki hissədən ibarət olmuşdur:

1. İddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində qeydiyyata alınması;

2. İddiaçıya mənzil kirayə pulunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması.

32. Hazırda apellyasiya şikayəti iddia tələbinin ikinci hissəsinə münasibətdə verilmişdir.

33. Məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətində “mənzil kirayə pulunun ödənilməsi öhdəliyinin Bakı şəhəri Suraxanı rayon icra hakimiyyətinə həvalə edilməsi hissəsində qeydiyyata alındığı gündən hesablanması” ilə bağlı qeyd edir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2022-ci il tarixli Plenumunun Qərardadında qeyd edilmişdir: Beləliklə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Odur ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların mənzil kirayə xərcləri və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır və tamamilə fərqli əsaslardan irəli gələn nəticələrin fərqli qaydada tənzimlənməsi, dövlət və ictimai əhəmiyyətli bir xidmətdən ikinci qrupa aid əsaslardan dolayı ehtiyata buraxılmış hərbi qulluqçulara bu hüquqların tanınmaması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz.

34. Yuxarıda qeyd edilən qanunvericilik aktları ilə hərbi qulluqçuların konstitusion hüquqları, azadlıqları və vəzifələri konkretləşdirilmişdir. Belə ki, hərbi qulluqçuların və onların ailə üzvlərinin güzəştləri sosial iqtisadi və mədəni həyat fəaliyyətinin müxtəlif sahələrinə aiddir və onlardan asılı olaraq həmin güzəştlər əmək üzrə, təhsil sahəsində, sosial sığorta sahəsində, maliyyə, mənzil və səhiyyə sahəsində güzəştlərə bölünürlər. Həmin güzəştlər sırasında hərbi qulluqçuların həmçinin mənzillə təmin olunmaq hüququnun da qanunvericiliklə tənzimlənməsi vacib məsələlərdəndir. Qanunverici, hərbi xidmətin xüsusi xarakterini və dövlət qulluğunun digər növlərindən üstünlüyünü nəzərə alaraq nəinki həqiqi hərbi xidmətdə olan, hətta həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin də mənzil şəraitinin yaxşılaşdırılması, bu zaman güzəşt və kompensasiyalarla təmin edilməsini nəzərdə tutmuşdur.

35. Məhkəmə kollegiyası bir daha vurğulayır ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların kirayə xərclərini ödənilməsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmadığı üçün iddiaçının mənzilə görə kirayə pulunun əvəzinin ödənilməsi dair cavabdehin imtinası qanunazidd hesab edilə bilməz.

36. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, xx.xx.2023-cü ildə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin 41.0.9-cu bəndinə əsasən (öz arzusu ilə) mayor rütbəsində ehtiyata buraxılmışdır.

37. Qanunvericiliyin tələbindən göründüyü kimi, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir.

38. Azərbaycan Respublikası Ali Məhkəməsinin anoloji işlə bağlı 2-1(102)-994/2023 saylı inzibati işi üzrə xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, hazırkı qərarın “15-21“ bəndlərində qeyd olunan maddi hüquq normalarının tələblərinə görə yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını, 15 təqvim ili və daha çox xidmət etmiş müddətindən artıq xidmət hərbi qulluqçuları, azı 5 təqvim ili xidmət etmiş Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçuların mənzil kirayə haqqı ilə təmin edilməsi nəzərdə tutmuşdur. Xidmət müddəti başa çatma səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır.

39. Azərbaycan Respublikası Ali Məhkəməsinin anoloji işlə bağlı 2-1(102)-710/2023 saylı inzibati işi üzrə xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik (“Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu və “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarı) yalnız 4 (yaşa, xəstəliyə, ştatların ixtisarına və ailə vəziyyətinə görə) kateqoriyadan birinə aid olan şəxsin ilk mənzil növbəsinə götürülməli olmasını şərtləndirmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə üzrə iddiaçı öz arzusu ilə ehtiyata buraxıldığı üçün onun mənzil növbəsinin ilk sıralarına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarında da konkret olaraq ehtiyata və ya istefaya buraxılmış hansı hərbi qulluqçuların mənzil kirayə haqlarının ödənilməsi qeyd edilmişdir. Qərarda adları sadalanan hərbi qulluqçuların sırasında öz arzusu ilə ehtiyata və ya istefaya buraxılan zabitlər göstərilməmişdir.

40. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2232/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı mübahisələndirilən – iddianın təmin edilmədiyi hissədə dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası.

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2232/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı mübahisələndirilən – iddianın təmin edilmədiyi hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar