Məhkəmə qərarları › İş №2-1(103)-2657/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2657/2024

30.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2657/2024 30.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Xətai rayon İcra Hakimiyyətinə qarşı “mənzilə dair daimi kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X22 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X8 və X17 ibarət tərkibdə, X13-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “mənzilə dair daimi kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1661/2024 saylı 15 fevral 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 30 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Vİ-ЖГ seriyalı 342278 nömrəli “Doğum haqqında şəhadətnamə”yə əsasən İddiaçı xx.xx.1957-ci ildə anadan olmuş, ata qrafasında X23, ana qrafasında X2 qeyd olunmuşdur. İİİ-ЖГ seriiyalı 400768 nömrəli “Ölüm haqqında şəhadətnamə”yə əsasən X3 xx.xx.1987-ci ildə ölmüşdür. Bu barədə doğum haqqında akt qeydləri kitabında 28 aprel 1987-ci il tarixdə qeydlər aparılmışdır. İşdə olan notarial qaydada təsdiq edilmiş Bakı şəhər İcraiyyə Komitəsinin 10 sentyabr 1957-ci il tarixli 17/401 nömrəli qərarı ilə təsdiq edilmiş müqaviləyə əsasən iddiaçının mərhum anası X2 ilə Bakı şəhəri, Xətai rayonu, Mədinə Gülgün küçəsi, ev 1 ünvanında yerləşən 1 saylı, 2 otaqlı, yaşayış sahəsi 32 kv.m olan mənzilə dair kirayə müqaviləsi bağlanılmışdır. Müqavilənin müddəti 4 il, 1978-ci il tarixədək qeyd edilmişdir. İşdə olan notarial qaydada təsdiq edilmiş razılıq ərizələrinə əsasən X4, X16, X11, X5 və X6 Bakı şəhəri, Xətai rayonu, Mədinə Gülgün küçəsi, ev 1 ünvanında yerləşən 1 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə, reyestrdən çıxarışın, texniki sənədlərin və texniki pasportun verilməsinə etiraz etmirlər. İddiaçı uzun müddət adı çəkilən mənzildə yaşaması ilə bağlı onunla kirayə müqaviləsinin bağlanmasına dair cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin İcra başçısının Aparatının İddiaçı ünvanlanmış 5-11/2H-34-091/2023 saylı xx.xx.2023-cü il il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Bakı şəhər İcraiyyə Komitəsinin 10 sentyabr 1957-ci il tarixli 17/401 nömrəli qərarı ilə təsdiq edilmiş müqaviləyə əsasən qeydiyyatda olmaqla yaşadığı mənzil mərhum anası Nənəbacı Heybətovaya 1974-cü il tarixdə 4 illik müqavilə əsasında verildiyi və müqavilənin müddətinin 1978-ci ildə bitdiyi müəyyən edilmişdir. Həmin imtinadan narazı qalan İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı ünvan 3-ə dair onunla daimi kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki Bakı şəhəri, Xətai rayonu, Mədinə Gülgün küçəsi, ev 1 ünvanında yerləşən 1 saylı məzil mərhum anası X1 Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1957-ci il tarixli 17/401 saylı qərarı ilə təsdiq edilmiş müqavilə əsasında kirayə verilmişdir. Mərhum anası N.Heybətovaya həmin mənzil 1974-cü ildə rayon İcra Hakimiyyətinin balansında olan indiki mənzil kommunal təsərrüfatı birliyi tərəfindən ayrılmışdır və bununla bağlı kirayə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin maddələrinə əsasən müddəti bitdikdən sonra tərəflərin heç bir etirazı olmadığı təqdirdə və həmin daşınmaz əmlaka digər şəxslər tərəfindən tələb irəli sürülmədiyi təqdirdə müqavilənin müddəti uzadılmışdır. xx.xx.1987- ci il tarixdə anası vəfat etmişdir. Anası vəfat etdikdən indiki vaxtadək həmin ünvanda o yaşayır və faktiki olaraq ev onun sahibliyindədir. Anasının tək varisi odur. Cavabdehə ərizə ilə müraciət edərək onunla daimi kirayə müqaviləsinin bağlanmasını xahiş etsə də, cavabdeh xx.xx.2023-cü il tarixli məktubla müraciətindən imtina edərək qeyd etmişdir ki, qüvvədə olan qanunları nəzərə alaraq müraciətini təmin etmək imkan xaricindədir. Bildirir ki, 1974-cü ildən həmin mənzildə mübahisəsiz olaraq onların ailəsi yaşamışdır. Heç kəs tərəfindən qeyd olunan mənzillə bağlı hər hansı tələb irəli sürülməmişdir və hal-hazırda həmin mənzildə qeydiyyatda olaraq yaşayırlar. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair etiraz məhkəməyə təqdim olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1661/2024 saylı 15 fevral 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Xətai rayonu, Mədinə Gülgün küçəsi, ev 1 ünvanında yerləşən 1 saylı mənzilə dair daimi kirayə müaviləsinin bağlanması barədə sərəncam verilməsi öhdəliyinin Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Xətai Rayon İcra Hakimiyyəti tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xətai Rayon İcra Hakimiyyəti məhkəmənin qeyd edilən qərarı ilə razı deyil. Belə ki, Bakı şəhər İcrayyə Komitəsinin xx.xx.1957-cı il tarixli 17/401 saylı qərarı ilə təsdiq edilmiş müqavilə əsasında qeydiyyatda olmaqla yaşadığı mənzil iddiaçının mərhum anası Nənəbacı Heybətovaya 1974-cü il tarixdə 4 illik müqavilə əsasında verilmiş və müqavilənin müddəti 1978-ci ildə bitmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 62.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsinin bir tipli forması müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən təsdiq edildiyi nəzərdə tutulmuşdur (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur). Qeyd edilən forma isə hal-hazırda mövcud deyildir. Müvafiq İcra Hakimiyyəti orqanı dedikdə isə, qanunda Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur. Qeyd olunan sosial kirayə müqaviləsinin birtipli forması Nazirlər Kabineti tərəfindən təsdiq edilmədiyi ücün məsələyə baxılması mümkün deyil. Azərbaycan Respublikası adından çıxarılan məhkəmə qərarında işin ədalətli həllini şübhə altına alan və ziddiyyətlər yaradan məqamlar olmamalıdır. Bunun üçün isə məhkəmə özü müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qərarda göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə həmçinin çəkişmə prinsipinə uyğun olaraq mübahisənin mahiyyətinə dair tərəflərin bütün dəlillərini qəbul etdiyi qərarda müzakirə etməli, işdəki araşdırılmış sübutları əlaqələndirməklə və tətbiq edilməli həmin dəlilləri qəbul edibetmədiklərinə dair mövqeyini aydın şəkildə ortaya qoymalıdır. Tərəflərin izahatları: İddiaçı apellyasiya şikayətlərinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclası barədə cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2023-cü il tarixdir. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı tələbi “ünvan 3-ə dair onunla daimi kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi” barədədir. İddiaçı bu barədə ərizə ilə cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə hesab etmişdir ki, Bakı şəhəri X15 İcraiyyə Komitəsinin 10 sentyabr 1957-ci il tarixli 17/401 nömrəli qərarı ilə təsdiq edilmiş mübahisəli ünvana dair iddiaçının mərhum anası ilə bağlanmış müqavilə 1978-ci il tarixədək bağlanmış olsa da, müqavilənin müddəti bitdikdən sonra həmin mənzil iddiaçının mərhum anasından alınmamış, o, faktiki olaraq həmin müqavilə üzrə yenə icarədar kimi üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirmiş, öldükdən sonra isə mənzilin icarədarı funksiyasını icarədarın keçmiş ailə üzvü olan oğlu, yəni iddiaçı yerinə yetirmiş və bu günədək yerinə yetirməkdədir. Belə olan təqdirdə, hazırda mənzilin keçmiş icarədarının ailə üzvü olan İddiaçı ilə yeni kirayə müqaviləsi bağlanmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların da qeyd olunmasını zəruri hesab edir. İşin faktiki hallarına görə, iddiaçının kirayə müqaviləsinə dair sərəncam verilməsini tələb etdiyi Bakı şəhəri, Xətai rayonu, Mədinə Gülgün küçəsi, ev 1 ünvanında yerləşən 1 saylı, 2 otaqlı, yaşayış sahəsi 32 kv.m olan mənzil iddiaçının mərhum anası X1 Bakı şəhər İcraiyyə Komitəsinin 10 sentyabr 1957-ci il tarixli 17/401 nömrəli qərarı ilə təsdiq edilmiş müqaviləyə əsasən verilmişdir. Müqavilənin müddəti 4 il, 1978-ci il tarixədək qeyd edilmişdir. Göründüyü kimi, iddiaçının istinad etdiyi hüquq münasibətləri 2009-cu ilədək yarandığından həmin münasibətlərə o dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Azərbaycan SSR-nin 08 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin 51.1-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. Yaşayış sahəsini birtipli icarə müqaviləsini, yaşayış sahəsindən istifadə, yaşayış evini və evyanı ərazini saxlamaq qaydalarını Azərbaycan SSR Nazirlər Soveti təsdiq edir. Yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn münasibətlərə müvafiq hallarda SSR İttifaqının və Azərbaycan SSR-in mülki qanunvericiliyi qaydaları da tətbiq edilir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən icarədarın ailə üzvlərinin payına düşən mənzil sahəsi təcrid oluna bilərsə, o, həmin yaşayış sahəsindəki ailənin qalan üzvlərinin razılığı ilə onunla yaşayış sahəsini ayrıca icarə müqaviləsinin bağlanmasını tələb etmək ixtiyarına malikdir. Ayrıca icarə müqaviləsi bağlamaq tələbi ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. xx.xx.2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 6-cı maddəsinə əsasən mənzil qanunvericiliyi aşağıdakılarla bağlı münasibətləri tənzimləyir: 6.0.1. dövlət və bələdiyyə mənzil fonduna daxil olan yaşayış sahələrinə sahiblik, istifadə və sərəncam hüquqlarının əmələ gəlməsi, həyata keçirilməsi, dəyişdirilməsi və bu hüquqlara xitam verilməsi; Həmin Məcəllənin 51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların X9 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X9 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. Həmin Məcəllənin 51.5-ci maddəsinə əsasən uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Həmin Məcəllənin 51.6-cı maddəsinə əsasən uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. Həmin Məcəllənin 51.7-ci maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Həmin Məcəllənin 56.4-cü maddəsinə əsasən bu Məcəllənin tələblərinə uyğun olaraq sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar bu qərarda göstərilən müddətdə müvafiq sosial kirayə müqaviləsinin bağlanması üçün əsasdır. Həmin Məcəllənin 62.1-cı maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. Sadalanan qanunvericilik normalarının tələblərindən görünür ki, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsi üzrə icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və həmin ailə üzvləri də icarədar kimi yaşayış sahəsi ilə bağlı onunla icarə müqaviləsinin bağlanmasını tələb edə bilən şəxsdir. İşin birinci instansiya məhkəməsində icraatı zamanı məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 24 noyabr 2023cü il tarixli 3-48-2F/2-08303/2023 nömrəli məktubla Bakı şəhəri X15 İcraiyyə Komitəsinin arxiv fondu üzrə xx.xx.1957-ci il tarixli 17/401 saylı “Mənzil kirayə müqaviləsinin bağlanması haqqında” qərarı məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş həmin qərarın müvafiq bəndlərinə əsasən: şəhərlərin rayon icraiyyə komitələrinin sədrlərinə elan edilmişdir ki, Bakı və onun rayonları 1957-ci ilin birinci rübü ərzində 1958-ci ilin birinci rübü ərzində kirayəçilərlə mənzil kirayə müqavilələrinin bağlanması üçün hazırlıq işləri aparırlar. Müqavilələrin qüvvədə olma müddəti 5 il müəyyən edilmişdir. Müqavilə müddəti bitdikdən sonra orderlə birlikdə MKİS-lərə kirayə müqaviləsini bağlanması tapşırılmışdır. İşin birinci instansiya məhkəməsində icraatı zamanı məhkəməyə təqdim olunmuş 113 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş 481 nömrəli xx.xx.2023-cü il tarixli forma 2 arayışa əsasən İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. Ondan başqa aşağıdakı ailə üzvləri vardır: arvadı –X12, qızları – X4, X5, X7. Nəvə, nəticələri – X16, Kamal Kamran oğlu, Nuridə Aydın qızı, Uğur Aydın oğlu, Nərmin Nazım qızı. Həmçinin 113 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş X26 əsasən iddia olunan mənzil İddiaçı ailəsinin xx.xx.1952- ci il tarixdən istifadəsindədir. Beləliklə, iş materiallarından görünür ki, iddiaçının mərhum anası ilə bağlanmış müqavilənin müddəti bitdikdən sonra mənzilə dair order verilməklə yeni müqavilənin bağlanması aidiyyəti üzrə MKİS-lərə tapşırılmışdır. Cavabdeh inzibati orqan tərəfindən mənzildə iddiaçının uzun zamandır ki, ailə üzvləri ilə birlikdə yaşaması faktı nəzərə alınmalı və mübahisəli mənzilə dair müvafiq kirayə müqaviləsinin bağlanması iddiaçıya təklif olunmalı idi. Lakin hazırki işdən görünür ki, cavabdeh inzibati orqan tərəfindən qeyd olunanlarla bağlı araşdırma aparılmamış, bu sahədə müvafiq addımlar atılmamış və nəticədə mənzil qanunvericiliyinin tələbləri onun tərəfindən pozulmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun “inzibati icraat” adlanan İV fəsli, “kollegial inzibati orqanda inzibati icraat qaydası” adlanan V fəsli və “inzibati aktlar” adlanan Vİ fəsli mövcuddur ki, adı çəkilən fəsillərdə yer almış maddələrlə inzibati icraatın aparılmasının hüquqi əsasları, prinsipləri və prosedur qaydaları tam və müfəssəl şəkildə müəyyən edilmişdir. Həmin Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Odur ki, iddiaçı hazırki iddia ilə bağlı tələbinin təmin olunmasından cavabdeh inzibati orqan qanunsuz və əsassız olaraq imtina etdiyi üçün iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın rədd edilməsi üçün əsas yaratmır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, cavabdehin apelyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1661/2024 saylı 15 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xəyalə Cəmilova Hakimlər: Rəşid Səmədov Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar