Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2657/2025 06.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Oruczadənin sədrliyi və məruzəsi ilə, X4 və Günel Məhərrəm qızı Abbasovadan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “məlumat vərəqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3017/2025 nömrəli, 05 mart 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək AR Dövlət Gömrük Xidmətinin üzərinə iddiaçının sonuncu xidmət keçdiyi orqan kimi ona dair məlumat vərəqini müvafiq elektron informasiya sisteminə daxil edilməklə Fondun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilməsinə dair öhdəlik qoyulması; cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə ona ödənilməli olan 13 il 5 ay xidməti staj illərinə və eyni zamanda da xx.xx.2014-cü ildən bu günədək olan ödənilməmiş pensiya ödənc məbləğinin yenidən hesablanaraq ona təzmin edilməsi öhdəliyinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Süleyman oğlu (Ş/v: AZE ******** seriyalı, xx.xx.1960-cı il təvəllüdlü) Bakı şəhərində anadan olmuşdur. Hazırda işləmir və İİİ qrup əlildir. Onun ümumilikdə əmək stajı 35 il təşkil edir və bu məlumatların hamısı əmək kitabçasında qeyd olunub. Qeyd edir ki, ona 2014-cü ildə əlilliyə görə pensiya təyin edilmiş, lakin 13 il 5 ay xidmət stajı nəzərə alınmamışdır. Hazırda aylıq 363 manat İİİ qrup əllilik üzrə əmək pensiyası alır. Bu səbəblə də, xidmət stajı üzrə pensiyanın yenidən hesablanıb ona ödənilməsinə dair AR-nın X2 cənablarına xx.xx.2024-cü ildə müraciət ünvanladı. Həmin müraciətinə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X3 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ona ünvanlanan cavab məktubunda bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 saylı Qərarı ilə təsdiq edilmiş təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarının 3-cü hissəsinə əsasən, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi əmək pensiyası hüququnun yarandığı tarixdən onun müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada müvafiq elektron informasiya sisteminə daxil edilməklə Dövlət Sosial Müdafiə Fonduna ötürülür. X3 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 14 avqust 2024-cü il tarixli, 3-17-1/2-1- 193772/2024 saylı cavab məktubu qoşmaya əlavə edilir. AR-nın X2 cənablarına ünvanladığı müraciət məktubuna əsasən, xx.xx.2024-cü il tarixdə, 3-33/2-1-001708/1- 42/2024 saylı cavab məktubu ilə AR Dövlət Gömrük Komitəsi tərəfindən belə əsaslandırılmışdır ki, "Zabit heyətinə məxsus şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması" haqqında AR Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli, 631 saylı Qərarının 1-ci bəndinə əsasən, hərbi qulluqçulara xidmət illərinə görə pensiya təyin olunması üçün onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq sisilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, o cümlədən ali təhsil müəssislərinin axşam şəbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlimin bir il altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilməsi nəzərdə tutulmuşdur. Qeyd edir ki, 1981-1986-cı illər ərzində Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda aldığı 5 il təhsil müddəti 2 il 6 ay sayılmaqla, 1978-1980-ci illər ərzində 2 il həqiqi hərbi xidmətdə olduğu dövr və 16 avqust 1995-ci il tarixindən 6 iyul 2004-cü il tarixədək gömrük orqanlarında işlədiyi dövr və 16 avqust 1995ci il tarixdən 6 iyul 2004-cü il tarixədək gömrük orqanlarında işlədiyi dövr pensiya təminatına əsas olan xidmət stajına aid edilir. Onun xidmət stajı ümumilikdə 13 il 5 ay təşkil edir və lakin bütün bu əsaslara baxmayaraq həmin dövrdə qüvvədə olan qanunvericilikdə müəyyən edilmiş hərbi qulluqçu kimi pensiya təminatına əsas olan xidmət stajına malik olmadığı üçün onun pensiya hüququnun yaranmadığını qeyd etmişlər. Lakin qeyd edir ki, "Hərbi qulluqçuların pensiya təminatı haqqında" Qanunun 12-ci maddəsinin "b" bəndinə uyğun olaraq hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi şəxsin müəyyən yaş həddinə çatması, 25 təqvim ili və daha çox ümumi iş stajının olması və bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmətdə keçirməsi kimi faktlarla şərtləndirilmişdir. Odur ki, yuxarıdakılara əsasən, inzibati orqanların cavabı qanunsuz və əsassız olduğundan məhkəməyə müraciət etməli omuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı “məlumat vərəqinin müvafiq elektron informasiya siteminə daxil edilməklə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə qoyulması” barədə iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının cavabdeh qismində prosesdə iştirakına xitam verilmişdir. Cavabdeh Dövlət Gömrük Komitəsi etirazını onunla əsaslandırılmışdır ki, iddia tələbini onunla əsaslandırmışdır ki, 35 il əmək stajının olması barədə məlumatlar əmək kitabçasında qeyd olunmuşdur. 2014-cü ildə əlilliyə görə (363 manat (İİİ qrup)) pensiya təyin edilsə də onun gömrük orqanlarında 13 il 5 ay təşkil edən xidmət illəri nəzərə alınmamışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli 3- 33/2-1-001708/1-42/2024 nömrəli imtina məktubunda gömrük orqanlarında xidmət ilinin ümumilikdə 13 il 5 ay təşkil etdiyini lakin həmin dövrdə qüvvədə olan qanunvericilikdə müəyyən edilmiş hərbi qulluqçu kimi pensiya təminatına əsas olan xidmət ilinə malik olmadığından pensiya hüququnun yaranmadığı qeyd edilmişdir. "Hərbi qulluqçuların pensiya təminatı haqqında" Qanunun 12-ci maddəsinin “b” bəndinə uyğun olaraq hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi şəxsin müəyyən yaş həddinə çatması, 25 təqvim ili və daha çox ümumi ış stajının olması və bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmətdə keçməsi kimi faktlarla şərtləndirilmişdir. Aşağıda qeyd edilənlərə əsasən hesab edirik ki, iddiaçı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçının gömrük orqanlarında xidmətinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2004cü il tarixli 296Ş nömrəli əmri ilə 1999-cu il 7 dekabr tarixli 768-İQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 120-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən öz təşəbbüsü ilə xitam verilmişdir. İddiaçının xidmətinə xitam verilən zaman gömrük orqanlarında xidmət etmiş vəzifəli şəxslərin və onların ailə üzvlərinin pensiya təminatı “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 113-cü maddəsinə əsasən “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənirdi. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair 2014-cü il 27 mart tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında da qeyd olunduğu kimi xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında" Qanunda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməlidir. Həmin dövrdə qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 12-ci maddəsinin “a” bəndində xidmət illərinə görə pensiya hüququnun əldə edilməsi üçün Ümumilikdə 20 il hərbi xidmət stajı tələb olunurdu. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması” haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarının 1-ci bəndinə əsasən hərbi qulluqçulara xidmət illərinə görə pensiya təyin olunması üçün onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, o cümlədən ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilməsi nəzərdə tutulmuşdur. İddiaçının 1981-1986-cı illər ərzində Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı institutunda aldığı 5 il təhsil müddəti 2 il 6 ay sayılmaqla, 1978-1980-ci illər ərzində 2 il həqiqi hərbi xidmətdə olduğu dövr və xx.xx.1995-ci ildən xx.xx.2004-cü ilədək gömrük orqanlarında xidmət etdiyi dövr pensiya təminatına əsas olan xidmət stajına aid edilir, iddiaçının gömrük orqanlarında xidmət illəri ümumilikdə 13 il 5 ay təşkil edir və həmin dövrdə qüvvədə olan qanunvericilikdə müəyyən edilmiş hərbi qulluqçu kimi pensiya təminatına əsas olan xidmət stajına malik olmadığı üçün xidmət illərinə görə pensiya hüququ yaranmır. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 12-ci maddəsinin “b” bəndinə uyğun olaraq hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi şəxsin müəyyən yaş həddinə çatması. 25 təqvim ili və daha çox ümumi iş stajının olması və bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmətdə keçirməsi kimi faktlarla şərtləndirilmişdir. “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 27-ci maddəsinin birinci hissəsinə uyğun olaraq gömrük xidməti leytenantı xüsusi rütbəsində xidmət edən gömrük orqanının vəzifəli şəxsləri üçün xidmətdə olmanın son yaş həddi 50 yaş müəyyən edilmişdir. iddiaçının gömrük orqanlarında xidmətinə xitam verilən zaman (xx.xx.2004-cü il) gömrük xidməti leytenantı xüsusi rütbəsində olmuş və hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmamışdır. iddiaçının 1978- 1980-ci illər ərzində 2 il həqiqi hərbi xidmətdə olduğu dövr xx.xx.1995-ci ildən xx.xx.2004cü ilədək gömrük orqanlarında işlədiyi dövr ümumilikdə 10 il 11 ay təşkil edir və “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 12-ci maddəsinin “b” bəndinin hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün nəzərdə tutulan xidmət stajı tələbinə uyğun deyil. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-3017/2025 nömrəli, 5 mart 2025-ci il tarixli tarixli qərarı ilə (hakim A.Əhədova) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun yazılmış və onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin hazırki qərarında əsaslandığı məsələ odur ki, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair 2014-cü il 27 mart tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında da qeyd olunduğu kimi xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olan “Hərbi qulluqçuları pensiya təminatı haqqında” Qanunda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməlidir. Lakin məhkəmə Konstitusiyanın bu tələbini yaddan çıxarmışdır ki, fiziki şəxsin vəziyyətini ağırlaşdıran hallarda qanun geriyə şamil edilə bilməz. Çünki bütün bunlar mənim Konstitusiyanın 38-ci maddəsində təsbit olunan sosial təminat hüququnun pozulmasına gətirib çıxarır. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətində qeyd edilənlərə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbini təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Azərbaycan Respublikasının İPM-nin İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialar öhdəliyin icrası haqqında iddialara aiddir. Həmin Məcəllənin 34.1ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassızdır. Məhkəmə Kollegiyası iddia tələbinin əsaslılığına qiymət vermək üçün aşağıdakı qanunvericilik normalarına diqqət çəkir: Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən gömrük orqanlarında xidmət - Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Həmin Əsasnamənin 2-ci bəndinə əsasən gömrük orqanlarında xidmət haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və Azərbaycan Respublikasının Gömrük Məcəlləsindən, bu Əsasnamədən və gömrük orqanlarında xidmətin qaydalarını tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4- cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların: -2-ci bəndinə əsasən Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. -3-cü bəndinə görə bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir. -5-ci bəndinə görə məlumat vərəqindəki məlumatlar təsdiqləndiyi tarixdən 5 iş günü müddətində Fondun səlahiyyətli vəzifəli şəxsi tərəfindən yoxlanılır, uyğunsuzluqlar aşkar edilmədikdə qəbul olunaraq pensiya təyinatı aparılır, əks təqdirdə səbəbi qeyd olunmaqla qəbulundan imtina edilərək müvafiq informasiya sistemi vasitəsilə aidiyyəti quruma məlumat verilir. -6-cı bəndinə əsasən əmək pensiyaçısının təminat xərcliyinə daxil olan vəzifə və rütbə maaşında, vəzifə maaşından hesablanan əlavələrdə, həmçinin ərzaq payı əvəzinə verilən pul kompensasiyasında artımlar (büdcədənkənar vəsaitlər hesabına müəyyən edilən artımlar istisna olmaqla) baş verdikdə onun əmək pensiyası Fond tərəfindən yenidən hesablanır. -7-ci bəndinə görə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti bu Qaydaların 3-cü hissəsinə uyğun olaraq məlumat vərəqini (2 nömrəli əlavə) və 4-cü hissəsinə uyğun olaraq dəyişikliklər barədə məlumatları məxfi doldurmaqla kağız daşıyıcıda Fonda təqdim edirlər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9-cu və 20-ci maddələrində nəzərdə tutulan şəxslərin pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, bir növdən başqa növə keçirilməsini, ödənilməsini, hərbi qulluqçuların və Qanunun 3.3-cü maddəsinə uyğun olaraq hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxslərin dövlət sosial sığorta sistemində fərdi uçotunu və onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsini, habelə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxil olan ödənişlərin uçotunun aparılmasını mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış struktur qurumudur. İnzibati Prosessual Məcəllə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin dəllilərinə münasibət İş materiallarına əlavə edilmiş əlavə edilmiş sənədlərdən görünür ki: - Dövlət Gömrük Komitəsinin xx.xx.1995-ci il tarixli 715 nömrəli Əmri ilə İddiaçı 1960-cı il təvəllüdlü, ali təhsilli, ştat cədvəlinə müvafiq maaşla 3 aylıq sınaq müddəti ilə Xaçmaz gömrükxanası Samur gömrük postunun inspektrou vəzifəsinə təyin edilmişdir. - Dövlət Gömrük Komitəsinin xx.xx.2004-cü il tarixli 296Ş nömrəli Əmri ilə Komitənin Xaçmaz gömrükxanasının «Samur» gömrük postunun inspektoru İddiaçı Süleyman oğlu Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinə və «Gömrük orqanlarında xidmət haqqında» Əsasnamənin 120-ci maddəsinin 1-ci bəndinə əsasən öz təşəbbüsü ilə 06 iyul 2004-cü il tarixdən tutduğu vəzifəsindən azad edilmiş və onun gömrük orqanlarında xidmətinə xitam verilmişdir. İddiaçının hazırki tələbi hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə Dövlət Gömrük Komitəsi tərəfindən aidiyyəti orqana məlumat vərəqəsinin göndərilməsi ilə bağlıdır. İddiaçı öz apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, fiziki şəxsin vəziyyətini ağırlaşdıran hallarda qanun geriyə şamil edilə bilməz. Yuxarıda qeyd olunlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, şikayət əsasssızdır. iddiaçının xidmətinə xitam verilən zaman gömrük orqanlarında xidmət etmiş vəzifəli şəxslərin və onların ailə üzvlərinin pensiya təminatı “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 113-cü maddəsinə əsasən “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənirdi. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair 2014-cü il 27 mart tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında da qeyd olunduğu kimi xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməlidir. İddiaçının gömrük orqanlarında xidmətinə 2004-cü il tarixdə xitam verilmişdir. Həmin dövrdə qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 12-ci maddəsinə əsasən Xidmət illərinə görə pensiya hüququna aşağıdakılar malikdirlər: a) xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular; b) xidmətdən yaşa görə buraxılmış 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmətdə keçirmiş şəxslər; v) xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 yaşı, 25 ,təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmət keçmiş şəxslər; q) hərbi xidmətdə ,və ya orqanlarda xidmətdə 15 il iş stajı olan və Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. Göründüyü kimi, iddiaçının istinad etdiyi “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 12-ci maddəsinin “b” bəndinə uyğun olaraq hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi şəxsin müəyyən yaş həddinə çatması, 25 təqvim ili və daha çox ümumi iş stajının olması və bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmətdə keçirməsi kimi faktlarla şərtləndirilmişdir. “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 27-ci maddəsinin birinci hissəsinə uyğun olaraq gömrük xidməti leytenantı xüsusi rütbəsində xidmət edən gömrük orqanının vəzifəli şəxsləri üçün xidmətdə olmanın son yaş həddi 50 yaş müəyyən edilmişdir. İddiaçının gömrük orqanlarında xidmətinə xitam verilən zaman, yəni xx.xx.2004-cü il tarixdə gömrük xidməti leytenantı xüsusi rütbəsində olmuş və hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmamış, 44 yaşında öz arzusu ilə xidmətdən azad edilmişdir. İddiaçının 1981-1986-cı illər ərzində Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı institutunda aldığı 5 il təhsil müddəti 2 il 6 ay sayılmaqla, 1978-1980-ci illər ərzində 2 il həqiqi hərbi xidmətdə olduğu dövr və xx.xx.1995-ci ildən xx.xx.2004-cü ilədək gömrük orqanlarında xidmət etdiyi dövr pensiya təminatına əsas olan xidmət stajına aid edilməklə, iddiaçının gömrük orqanlarında xidmət illəri ümumilikdə 13 il 5 ay təşkil etsə də, xidmətdən yaşa görə buraxılmadığından onun “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 12-ci maddəsinin “b” bəndinə uyğun olaraq pensiya hüququ yaranmamışdır. Eyni zamanda iddiaçının xidmətdən buraxılanadək azı gömrük orqanlarında 20 təqvim ili xidmət stajına malik olmadığı üçün onun “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 12-ci maddəsinin “a” bəndinə uyğun olaraq da pensiya hüququ mövcud olmamışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan dəlillər əsasında hesab edir ki, iddiaçı xidmətdən azad olunan dövrdə qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 12-ci maddəsinin tələblərinə uyğun pensiya hüququ yaranmadığından cavabdeh orqanın onun barəsində pensiya təminatına əsas verəcək məlumat vərəqini təqdim etmək öhdəliyinin olmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3017/2025 nömrəli, 05 mart 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-2657/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2657/2025
06.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver