Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2658/2022 11.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müəssisənin dövlət reyestrindən çıxarışında dəyişiklik edilməsi” tələbinə dair X1 Baxışovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadə və Vidadi Məmməd oğlu Məmmədovdan ibarət tərkibdə, Nigar Vahid qızı Həşimlinin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi qarşı dövlət reyestrindən çıxarışda dəyişiklik edilməsinin cavabdehə həvalə edilməsinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1091/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1.İş materiallarından görünür ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 351 saylı, xx.xx.1997-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3066cı məhəllədə "xxxx" şirkətinə ofis və məişət xidməti binasının tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Sərəncamda ayrılmış torpağın sahəsi qeyd edilməmişdir. Sərəncam əsasında xx.xx.1997-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyəti Aparatının Baş Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən torpaq sahəsinin cizgisi tərtib edilmiş, cizgidə torpağın sahəsi 0,13 ha göstərilmişdir. (iş mat. 144-cü vərəq) 2.Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 200/113 №-li 2000-ci il tarixli ayrıc aktından görünür ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 351 saylı, xx.xx.1997-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3066-cı məhəllədə "xxxx" şirkətinə ofis və məişət xidməti binasının tikintisi üçün 0,3799 hektar torpaq sahəsi ayrılmış, 2014-cü il tarixli dəqiqləşdirilmiş ayrıc aktı ilə əvvəl ayrılmış torpağın sahəsi 0,5868 hektaradək artırılmışdır. 3.JN-0820 saylı 00100003 kodlu xx.xx.2002-ci il tarixli torpaqdan daimi istifadə hüququna dair dövlət aktından görünür ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 351 saylı, xx.xx.1997-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3066-cı məhəllədə "xxxx" şirkətinə ofis və məişət xidməti binasının tikintisi üçün 0.3459 hektar torpaq sahəsi ayrılmışdır.
4. DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli çıxarışdan görünür ki, ünvan 1 ünvanında 0.13806 hektar torpaq sahəsində yerləşən sahəsi 3243.9 kv.m əmlak kompleksi kimi müəssisə üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Çıxarışda daşınmaz əmlakın yerləşdiyi 0.13806 hektar torpağın dövlət mülkiyyətində olduğu, iddiaçının istifadəsində olduğu qeyd edilmişdir
5. DƏDRX tərəfindən xx.xx.2017-ci il tarixdə tərtib edilmiş reyestr nömrəsi **********41-12301 olan texniki pasportdan görünür ki, ünvan 1 ünvanda yerləşən əmlak kompleksinin torpaq sahəsinin faktiki sahəsi 0.5868 ha, əsas tikili altında 0.13806 ha, digər tikili və qurğular altında 0.0.1432 ha-dır.
6. Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2014-cü il tarixli 18/03-8/2953 saylı məktubu ilə bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli, 351 saylı sərəncamına dair xx.xx.2014-cü il tarixli, 14/229 saylı dəqiqləşdirilmiş Ayrıc aktı,10135 saylı inşaat pasportuna tikilməsi üçün sizə göndərilir və xx.xx.2000-ci il tarixli, 113 saylı və xx.xx.2006-cı il tarixli, 18 saylı Ayrıc aktları qüvvədən düşmüş hesab edilir”. 7.Cavabdehin xx.xx.2021-ci il tarixli **********59 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, ünvan 2 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəyə dair dövlət reyestrində cari dəyişikliklərin aparılması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2021ci il tarixli ərizəyə baxılmışdır. Qeyd olunan əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsi ilə bağlı icarə müqaviləsi təqdim edilmədiyindən ərizənin icrasından imtina edilmişdir.
Birinci instansiya məhkəməsində icraat 8.İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdə tələbə dəqiqləşmə verilərək ünvan 3 ünvanında yerləşən "xxxx" Şirkəti əmlak kompleksi kimi müəsssisəyə dair xx.xx.2017-ci il tarixdə (seriya RX №1158935) verilmiş çıxarışda 0,13806 ha torpaq sahəsinin ölçüsünə aid hissədə düzəliş edilməsi və istifadədə olan torpaq sahəsinin ölçüsünün 0,5868 hektar qeyd olunaraq bununla bağlı yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. 9.İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 351 saylı, xx.xx.1997-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3066-cı məhəllədə "xxxx" şirkətinə ofis və məişət xidməti binasının tikintisi üçün 0,3799 hektar torpaq sahəsi ayrılmış, torpaq sahəsinin 0,3459 hektarının özəlləşdirilməsi üçün 71.947.200 manat (14.389,44 AZN) pul vəsaiti ödənilmiş və 22 mart 2002-ci ildə "xxxx" şirkətinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaqdan daimi istifadə hüququna dair dövlət aktı verilmişdir. 2017-ci ildə xx.xx.2017-ci ildə "xxxx" şirkətinə ******* saylı, **********41-2301 reyestr nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport verilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda torpaq sahəsinin mülkiyyət növü dövlət mülkiyyəti kimi (istifadədə) qeyd edilmişdir. Texniki pasporta əsasən iddiaçının istifadəsində 0,5868 hektar torpaq sahəsi vardır. Torpaq sahəsinin 0,3459 hektar hissəsində mülkiyyətdə (özəl), digər hissəsində isə istifadədə qeyd edilməli idi. Bu qeyri-dəqiqliyi aradan qaldırmaq və mülkiyyət hüququnun müdafiəsi üçün əmlak kompleksi kimi müəssisənin dövlət reyestrindən çıxarışında cari dəyişikliyin edilməsinə və yeni çıxarışın verilməsinə dair xx.xx.2021-ci ildə cavabdehə müraciət edilmiş, lakin cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş **********59 saylı bildirişlə dövlət reyestrindən çıxarışın verilməsindən imtina edilmişdir. İmtina bildirişində qeyd edilmişdir ki, əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsi ilə bağlı icarə müqaviləsi təqdim edildiyi təqdirdə ərizəyə qanunamüvafıq qaydada baxılacaqdır. Cavabdehin imtina bildirişi əsassızdır, formal xarakter daşıyır. Cavabdehə sənədlər təqdim edilən zaman xx.xx.2002-ci il tarixli torpaqdan daimi istifadə hüququna dair dövlət aktının, şirkətə məxsus texniki pasportun surəti əlavə edilmişdir. İddiaçı 24 ildir ki, qeyd edilən torpaq sahəsindən istifadə edilir və hər il torpaq vergisi dövlət büdcəsinə ödənilir. Yuxarıda qeyd olunduğu kimi, torpaq sahəsinin 0,3459 hektarının özəlləşdirilməsi üçün 71.947.200 manat (14.389,44 AZN) pul vəsaiti iddiaçı tərəfindən ödənilmiş və ona torpaqdan daimi istifadə hüququna dair dövlət aktı verilmişdir. Cavabdeh isə iddiaçının mülkiyyətində olan torpaq sahəsi üçün icarə müqaviləsini tələb edir. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. 10.Bakı İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2-1(112)-1091/2022 saylı qərarı ilə (hakim Mehriban Qarayeva) iddia tələbi təmin edilmişdir. 11.Məhkəmə işdəki sübutlara əsasən müəyyən etmişdir ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 351 saylı, xx.xx.1997-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3066-cı məhəllədə iddiaçı "xxxx" şirkətinə ofis və məişət xidməti binasının tikintisi üçün 0,3799 hektar torpaq sahəsi ayrılmış, sərəncamın icrası məqsədilə Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 200/113 №-li 2000-ci il tarixli ayrıc aktı tərtib edilərək 0,3799 hektar torpaq sahəsi ayrılmış, JN-0820 saylı 00100003 kodlu xx.xx.2002-ci il tarixli torpaqdan daimi istifadə hüququna dair dövlət aktı ilə 0.3459 hektar torpaq sahəsi iddiaçının adına qeydiyyata alınmışdır. Daha sonra iddiaçının müraciətinə əsasən Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 14/229 saylı 2014-cü il tarixli dəqiqləşdirilmiş ayrıc aktı verilərək binanın tikintisi üçün ayrılmış torpaq sahəsinin ölçüsü 0,5868 hektar göstərilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına əsasən ünvan 1 ünvanında 0.13806 hektar torpaq sahəsində yerləşən 3243.9 kv.m əmlak kompleksi kimi müəssisə üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin DƏDRX tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* qeydiyyat nömrəli çıxarışda torpaq sahəsinin ölçüsü yanlışlıqla 0.13806 hektar göstərilmişdir. Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2017-ci il tarixdə tərtib edilmiş reyestr nömrəsi **********41- 12301 olan texniki pasportda əmlak kompleksinin torpaq sahəsinin faktiki sahəsi isə düzgün olaraq 0.5868 ha qeydiyyata alınmışdır. Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 14/229 saylı 2014-cü il tarixli dəqiqləşdirilmiş ayrıc aktı ilə binanın tikintisi üçün 0,5868 hektar torpaq sahəsi ayrıldıgı və əmlak kompleksinin texniki pasportunda qeyd olunduguna baxmayaraq çıxarışda qeyd olunan uygunsuzlugun aradan qaldırılması məqsədilə iddiaçı müəssisəyə dair dövlət reyestrində cari dəyişikliklərin aparılması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli ərizə ilə cavabdehə müraciət etsə də, qeyd olunan əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsi ilə bağlı icarə müqaviləsi təqdim edilmədiyi səbəbi ilə ərizəsinin icrasından imtina edilmişdir. 12.İddiaçı torpaq sahəsinın sahəsinin artırılması barədə dəqiqləşdirilmiş ayrıc aktını cavabdeh inzibati orqana təqdim etməsinə baxmayaraq, cavabdeh iddiaçının ərizəsi əsasında inzibati icraat başlamaq əvəzinə heç bir araşdırma aparmadan ərizəni təmin etməmiş, iddiaçı tərəfindən riayət edilməli olan prosedur qaydaları sadalamamışdır. 13.Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus daşınmaz əmlak üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarkən Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 14/229 saylı 2014-cü il tarixli dəqiqləşdirilmiş ayrıc aktı ilə binanın tikintisi üçün 0,5868 hektar torpaq sahəsi ayrıldıgı və qeydiyyat orqanının özü tərəfindən tərtib edilmiş texniki pasportda torpaq sahəsinin ölçüsü 0,5868 hektar qeyd olundugu halda, yanlış olaraq çıxarışda ölçüsü 0.13806 hektar göstərilmişdir. Halbuki, qeydiyyat orqanının vəzifəli şəxsləri dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Əmlak üzərində hüquqların qeydiyyatı iddiaçının təqdim etdiyi sənədlərə əsasən aparılmalı idi. Buna riayət edilmədiyinə görə iddiaçı həmin texniki səhvin aradan qaldırılması üçün cavabdehə müraciət etsə də, cavabdeh ərizənin təmin edilməsindən imtina etmişdir. Lakin cavabdeh inzibati orqan iddiaçının iddia tələbi ilə bağlı tələbin icrasından yayınsa da, bu barədə məhkəməyə hər hansı sübut (dəlil) təqdim edilməmişdir. 14.İddiaçının təqdim etdiyi sübutlar əsasında 0,5868 hektar torpaq sahəsinin onun qanuni istifadəsində olduğu təsdiqləndiyindən cavabdehin iddiaçının ərizəsinin təmin edilməsindən imtinası əsaslı olmamışdır.
Apellyasiya şikayətinin dəlilləri:
15.Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilib iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, aparılmış araşdırmalar nəticəsində qeyd olunan 0.5868 ha torpaq sahəsinə dair istifadə hüququnun qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 10 aprel 1997-ci il tarixli 351 saylı sərəncamı əsasında JN: 0820 nömrəli torpaqdan istifadə hüququna dair dövlət aktında torpaq sahəsinin ölçüsü 0.3459 ha kimi qeyd olunmuşdur. Həmçinin torpaq sahəsi ilə bağlı iddiaçının Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə müraciət etməyi məqsədəmüvafiqdir. Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış və nəticədə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Müvafiq işin düzgün və ədalətli araşdırılması məqsədi ilə Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində tərəf kimi cəlb edilməlidir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
17.Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
18. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
19. Tətbiq edilən hüquq
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna əsasən: 1.0.4. qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 4.3. 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatlar hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 16.1-1. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. 23.3. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20.Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. 21.Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1091/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. 22.Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1382 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin bazasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi yarandığından və Xidmətin ərazi idarələri onun tərkibinə verildiyindən xx.xx.2022-ci il tarixli məhkəmə iclasında cavabdeh prosessual hüquq varisi ilə əvəz edilmişdir. 23.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır ki, iddiaçıya dövlət tərəfindən istifadə üçün ayrılmış torpaq sahəsinin ölçüsü 0,5868 hektar olduğundan, xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrində iddiaçının mülkiyyət hüququ qeydə alınarkən istifadədə olan torpaq sahəsinin ölçüsü düzgün qeydə alınmadığından iddiaçının tələbi əsaslıdır. 24.Apellyasiya şikayətində cavabdeh qeyd edir ki, 0.5868 ha torpaq sahəsinə dair iddiaçının istifadə hüququnun qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. 25.Cavabdeh iddiaçının təqdim etdiyi Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 351 saylı, xx.xx.1997-ci il tarixli sərəncamını və dəqiqləşdirilmiş ayrıc aktlarını hansı səbəbdən mötəbər sübut kimi qəbul etmədiyini əsaslandırmamışdır. 26.Məhkəmə kollegiyası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 351 saylı, xx.xx.1997-ci il tarixli sərəncamında iddiaçıya ayrılmış torpaq sahəsinin ölçüsünün qeyd edilmədiyini, ayrılan torpaq sahəsinin ölçüsünün Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmiş ayrıc aktlarında qeyd edildiyini və sonuncu ayrıc aktında sahənin ölçüsünün 0,5868 hektaradək artırıldığını nəzərə alaraq hesab edir ki, bu sübutlar iddiaçının tələbinin təmin edilməsi üçün kifayət edən mötəbər sübut kimi qəbul edilməlidir. Göstərilənlərə əsasən apellyasiya şikayəti əsassız hesab edilir. 27.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
Nəticə hissə: 28.Məhkəmə qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1091/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Cavbdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2-1(112)-1091/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.