Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2658/2023 08.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), X2 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1352/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivi, 10-cu Cənub küçəsində yerləşən “174” saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun illər “Çapçı” bağçılıq yoldaşlıq birliyinin üzvü olmuşdur. Həmin birlikdən iddiaçıya Pirallahı rayonu, Dübəndi bağ sahəsində “26 Bakı Komissarları” adına mətbəənin “Çapçı” bağ sahəsinin 10-cu cənub küçəsində yerləşən “174” saylı torpaq sahəsi verilmişdir. 3098 saylı, xx.xx.1990-cı il tarixli ödəniş qəbzinə əsasən iddiaçı həmin bağ sahəsi üçün 164 manat 54 qəpik ödəniş etmişdir. “Çapçı” bağçılıq yoldaşlıq birliyinin sədri S.Ə.Əhədovun imzaladığı protokolla təsdiq olunmuş siyahının 12-ci sıra nömrəsinə əsasən həmin bağ sahəsinin iddiaçının adına qeydə alındığı göstərilmişdir. Uzun illərdir torpaq sahəsi iddiaçının istifadəsində olmaqla, ona qulluq edir, ətrafına hasar çəkib içinə müxtəlif ağaclar əkmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivi, 10-cu Cənub küçəsində yerləşən “174” saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etmiş, lakin müraciətinə xx.xx.2022-ci il tarixli, **********25 nömrəli məktubla imtina verilərək göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.7-ci maddəsində qeyd edilən sənədlər təqdim edilməmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, “Çapçı” bağçılıq yoldaşlıq birliyindən iddiaçının adına verilmiş Pirallahı rayonu, Dübəndi bağ sahəsində “26 Bakı Komissarları" adına mətbəənin “Çapçı" bağ sahəsinin 10-cu cənub küçəsində yerləşən “174" saylı torpaq sahəsi üçün ödənilmiş qəbzin surəti, orderin surəti, “Çapçı" bağçılıq yoldaşlıq birliyinin sədri tərəfindən tərtib olunub imzalanmış protokol mövcuddur. Digər sənədlərin (üzvlük kitabçası) iddiaçıda olmaması mülkiyyət hüquqlarının qeydiyyata alınmaması üçün əsas ola bilməz. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1352/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hakim öz Qərarında «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0-8.0.7.-ci maddələrinə əsaslanmaqla səhv nəticəyə gəlmişdir. Belə ki, qanunverici həmin maddətdə hüququn qeydiyyata alınması üçün zəruri olan sənədləri sadalayarkən göstərir ki, icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Yəni qanunverici qeydiyyat üçün tələb olunan sənədlərin siyahısında üzvlərin iclas protokolundan çıxarışa və üzvlük kitabçasına bərabər münasibət göstərməklə, qeyd olunan iki sənəddən hər hansı birinin mövcüd olmasını daşınmaz əmlak üzərində mülkiyyət hüquqularının dövlət qeydiyyatı üçün məqbul hesab edib. Yuxarıdan göründüyü kimi işə baxan hakim istinad etdiyi qanun normasını düzgün təfsir etməmiş, ona görə də səhv nəticəyə gələrək iddiaçının qanunu və əsaslı iddia tələbini rədd edilməsi barədə qanunsuz və əsassız Qərar qəbul çıxarmışdır. Belə ki, mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün tələb olunan müvafiq sənədlər iş materiallarına əlavə edilmişdir. Bakı İnzibati Məhkəməsi xx.xx.2023-cü il tarixli 2-l(112)- 1352/2023 saylı Qərarının əsaslandırıcı hissədində qeyd etmişdir: “26 Bakı Komissarları” adına mətbəənin üzvlərinin siyahısında olsa da onun iddia etdiyi konkret torpaq sahəsinə dair, yəni məhz “ 174” saylı bag sahəsinin ölçüsünə dair hər hansı sənəd təqdim etməmişdir”. Halbuki, məhkəmənin sorğusu əsasında 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim olunmuş xx.xx.2023-ci il tarixli **********81 saylı mütəxəssis rəyində göstərilmişdir ki, torpaq sahəsi sənəd üzrə 500,0 kv.m olsa da, faktiki olaraq 496,0 kv.m təşkil edir. Torpaq sahəsinin sərhədləri iki cərgə, döngə nöqtələri beş cərgə mişar daşı ilə hörülmüşdür (sahənin üzərində tikili yoxdur). Sözügedən torpaq sahəsinin faktiki naturada yerləşmə vəziyyətini və koordinatlarını əks etdirən sxem əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi qeydiyyatdan keçmiş 166,168,170 nömrəli bağların sıralanma ardıcılığına uyğun gəlir. Tərəflərin izahatları Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Apelyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İşin hallarından görünür ki, iddiaçı uzun illər “Çapçı” bağçılıq yoldaşlıq birliyinin üzvü olduğunu, həmin birlikdən iddiaçıya Pirallahı rayonu, Dübəndi bağ sahəsində “26 Bakı Komissarları” adına mətbəənin “Çapçı” bağ sahəsinin 10-cu cənub küçəsində yerləşən “174” saylı torpaq sahəsinin verildiyini iddia edir. Bu səbəbdən də cavabdehə müraciət edərək qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, cavabdeh tərəfindən tələbi təmin olunmadıqda isə hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Mübahisəli məsələ yuxarda qeyd edilən şəkildə həll edilmişdir. Birinci instansiya məhkəməsi öz qərarını əsaslandırarkən qeyd etmişdir ki, “ hazırkı iş üzrə torpaq sahəsinin iddiaçıya ayrılması iddia edilsə də, iddiaçı tərəfindən hər hansı hüquqmüəyyənedici sənəd məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, məhkəmə tərəfindən də işin tam və hərtərəfli araşdırılmasını təmin etmək məqsədilə aparılan araşdırma zamanı iddiaçının adına iddia etdiyi torpaq sahəsinə dair, yəni məhz “174” saylı bağ sahəsinin və hansı ölçüdə ona ayrılmasına dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7.-ci maddəsində göstərilən hər hansı sənəd aşkar edilməmişdir”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmadığından yanlış nəticəyə gəlinmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; əsas hesab olunur. Göründüyü kimi, qeyd edilən normada hansı sənədlərin olmasının qeydiyyat üçün əsas hesab olunması qeyd edilmişdir. İş materiallarında olan “26 Bakı Komissarları” adına mətbəənin üzvlərinin siyahısından görünür ki, iddiaçının adı 214-cü sırada göstərilmişdir İddiaçının nümayəndəsi və vəkili tərəfindən təqdim edilmiş protokoldan çıxarışdan görünür ki, İddiaçı Eyyub oğluna “Çapçı” bağçılıq yoldaşlıq birliyi tərəfindən “174” saylı bağ sahəsi ayrılmışdır. Həmçinin iş materiallarında olan “order” adlı sənəddən görünür ki, iddiaçı 1990-cı ildə mübahisəli bağ sahəsi üçün 164 manat 54 qəpik ödəniş etmişdir. Göründüyü kimi, iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasına əsas olacaq hüquqmüəyyənedici sənəd (kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlərin iclas protokolundan çıxarış) mövcud olsa da, birinci instansiya məhkəməsi işin hallarını ətraflı araşdırmadan qərar qəbul etmişdir. Digər tərəfdən iş materiallarında olan cavabdehin xx.xx.2023-ci il tarixli **********81 saylı məktubu ilə göndərilmiş mütəxəssis rəyində bildirilmişdir ki, göstərilən torpaq sahəsi sənəd üzrə 500,0 kv.m olsa da, faktiki olaraq 496,0 kv.m təşkil edir. Torpaq sahəsinin sərhədləri iki cərgə, döngə nöqtələri beş cərgə mişar daşı ilə hörülmüşdür (sahənin üzərində tikili yoxdur). Sözügedən torpaq sahəsinin faktiki naturada yerləşmə vəziyyətini və koordinatlarını əks etdirən sxem əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi qeydiyyatdan keçmiş 166,168,170 nömrəli bağların sıralanma ardıcılığına uyğun gəlir. Arxivdə “26 Bakı Komissarı adına mətbəənin Çapçı” bağçılıq yoldaşlıq birliyinin bölgü sxemi aşkar olunmadı. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşməsinə dair ərizə təqdim edərək, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivi, 10-cu Cənub küçəsində yerləşən 496,0 kv.m olan “174” saylı bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsini xahiş etmişdir. Kollegiya qeyd edir ki, məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçının iddia tələbini təmin etməmələrinin əsas səbəbi kimi onu göstərmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən hüquqmüəyyənedici sənədlər ərizə ilə İdarəyə müraciət edilən zaman təqdim edilməmişdir. Kollegiya qeyd edir ki, cavabdehin bildirdiyi kimi olsa belə cavabdeh inzibati orqan məhkəmə araşdırması zamanı mövcud vəziyyətdən xəbərdar olmuş və buna uyğun olaraqda məhkəmə gedişində inzibati icraat apara bilərdi. Digər tərəfdən iddiaçı hələ məhkəməyə müraciət etməmişdən əvvəl ərizə ilə İdarəyə müraciət edən zaman, daha ətraflı inzibati icraat apararaq ərizəçini dəvət edərək izahatını ala və yaxud ona zəruri sənədlərin təqdim edilməsini təklif edə bilərdi. İnzibati İcraat Haqqında Qanunun: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Qeyd olunanları nəzərə alan Kollegiya cavabdehin imtinası əsaslı hesab etmir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə"nin 3.0.11, 3.0.23 və 3.0.24-cü bəndlərinə əsasən: hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifəsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2016-cı il tarixli qərarında göstərtilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmiş, əksinə iddiaçının istifadəsində olan torpaq sahəsinin dövlət qeydiyyatına alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində sadalanan əsaslar mövcud olmuşdur. Qeyd olunanalara əsasasən Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İzibati Мəhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarı ləğv edilərək, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1352/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivi, 10-cu Cənub küçəsində yerləşən 496,0 kv.m olan “174” saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2658/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2658/2023
08.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver