Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-266/2022 01.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Oruczadə Aytən Pənah qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı və vəkili Vəkil iştirakları ilə, İddiaçı (xx.xx.1960-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2- 1(112)-241/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 20.08.2019-cu il tarixində cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbə nümayəndəliyinin 04 iyun 1994-cü il tarixli 18 saylı qərarına uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 may 1991-ci il tarixli Qərarına əsasən, Maştağa qəsəbəsi "Savalan” yaşayış massivi 5-ci kvartalda 12-ci sahədə fərdi ev tikintisi üçün ayrılmış 1200 kv.m torpaq sahəsinə dair hüququn 14.11.2012-ci il tarixində vəfat etmiş X3na məxsus olması haqqında arayışın verilməsinin cavabdehə həvalə olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbə nümayəndəliyinin 04 iyun 1994-cü il tarixli, 18 saylı qərarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 may 1991- ci il tarixli Qərarına əsasən Maştağa qəsəbəsi, "Savalan” yaşayış massivi, 5-ci kvartalda kütləvi şəkildə fərdi ev tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Həmin Qərara əsasən onun həyat yoldaşı mərhum X3na da həmin məqsədlə 1200 kv.m. torpaq sahəsi ayrılmışdır. Həmin vaxtdan hamı kimi onlar da ayrılmış torpaq sahəsində mənzil tikərək uzun illərdir ki, ailə üzvləri ilə həmin mənzildə yaşayırlar. Həyat yoldaşı X3 14.11.2012-ci ildə vəfat etmişdir. Qanunvericiliyin tələbinə müvafiq olaraq Bakı şəhəri 19 saylı Notariat kontoru tərəfindən o, qanuni vərəsə kimi tanınmışdır. Bu barədə ona rəsmi sənəd də verilmişdir. Qeyd olunan ərazidə əhalinin əksər hissəsi torpaq sahəsinə çıxarış almışdır. Bu səbəbdən Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbə nümayəndəliyinin 04 iyun 1994-cü il tarixli, 18 saylı qərarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 may 1991-ci il tarixli Qərarına uyğun olaraq, Maştağa qəsəbəsi, "Savalan" yaşayış massivi, 5-ci kvartalda fərdi ev tikintisi üçün verilmiş 1200 kv.m. torpaq sahəsinə mülkiyyət hüququna dair müvafiq çıxarış verilməsi məqsədilə müvafiq İcra Hakimiyyəti orqanına müraciət etmişdir. Müvafiq İcra Hakimiyyəti, orqanı olan Azərbaycan Respublikası ƏMDX DƏDRX Bakı şəhər Ərazi İdarəsi 05 aprel 2018-ci il tarixdə **********68 saylı, 20.09.2018-ci il tarixdə **********53 saylı və nəhayət 17.10.2018ci il tarixli, **********74 saylı cavab məktubu ilə torpaq sahəsinə çıxarış və kadastr planını verməkdən imtina etdilər. Yuxarıda qeyd etdikləri aidiyyəti icra orqanları tərəfindən təsdiq edilib, onlara təqdim olunmuş Bakı şəhəri, Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbə nümayəndəliyinin 04 iyun 1994-cü il tarixli, 18 saylı qərarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 may 1991-ci il tarixli qərarına uyğun olaraq, Maştağa qəsəbəsi, "Savalan" yaşayış massivi, 5-ci kvartalda kütləvi şəkildə fərdi ev tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Həmin qərara əsasən onlara da həmin məqsədlə 1200 kv.m. torpaq sahəsinə çıxarışın və kadastr planının verilməsindən qanunsuz və əsassız imtina edilmişdir Bakı İnzibati Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2- 1(112)-241/2021 nömrəli qərarı ilə (hakim Ş.Həsənova) iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbə nümayəndəliyinin 04 iyun 1994-cü il tarixli, 18 nömrəli qərarına uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 may 1991-ci il tarixli Qərarına əsasən, Maştağa qəsəbəsi, "Savalan” yaşayış massivi, 5-ci kvartalda 12-ci sahədə fərdi ev tikintisi üçün ayrılmış 1200 kv.m. torpaq sahəsinə dair hüququn 14.11.2012-ci il tarixində vəfat etmiş X3na məxsus olması haqqında arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti vermiş, qərarın ləğv olunması və iddianın təmin olunmaması barədə yeni qərar qəbul olunması xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı müvafiq ünvanda yerləşən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı İdarəyə 19.02.2018-ci il və 20.09.2019-cu il tarixlərində poçt vasitəsilə müraciət etmişdir. Ərizəyə sənəd surətləri əlavə edilmiş, lakin sənədlərin əsilləri İdarəyə təqdim edilməmişdir. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, sözügedən torpaq sahəsi “Savalan” yaşayış massivinə ayrılmış ərazidən (ayrıc aktından) kənarda yerləşir və təqdim edilmiş Maştağa qəsəbə nümayəndəliyi tərəfindən verilmiş qərardan çıxarış mövcud qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, nə Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 18 oktyabr tarixli, 372 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə”də, nə Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də, nə də hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də qəsəbə nümayəndəliyinin torpaq sahəsinin ayrılması ilə bağlı hər hansı səlahiyyətləri qeyd edilməmişdir.Həmçinin, təqdim edilmiş yerləşmə cizgisində torpaq sahəsinə dair istinadlar və ölçülər qeyd edilməmiş və torpaq sahəsinin faktiki vəziyyətə uyğun gəlmədiyi müəyyən edilmişdir. Qeyd edilənlərdən də göründüyü kimi, müvafiq torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanında qeyd olunan sənədlərdən hər hansı biri təqdim edilməmişdir. Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Əlavə olaraq bildiririk ki, İddiaçı 2019-cu ildə də cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mərhum əri X4 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivi, 5-ci kvartalda ayrılmış torpaq sahəsinə dair reyestrdən çıxarışın və kadastr planının (plan və ölçünün) verilməsi tələbini irəli sürərək, iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 2-1(82)-485/2019 saylı, 05 fevral 2019-cu il tarixli qərardadı ilə İddiaçı iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(103)-1322/2019 saylı, 30 may 2019-cu il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-485/2019 saylı, 05 fevral 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunanlardan göründüyü kimi, müvafiq daşınmaz əmlaka dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması zamanı İdarənin hər hansı qanunsuz hərəkət və ya hərəkətsizliyi olmamış və İdarənin bununla bağlı hər hansı qanunsuz hərəkət və hərəkətsizliyinin olması nə iddiaçı, nə də məhkəmə tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı və vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdilər. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak etmiş cavabdehin nümayəndələri X19 və X6 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişlər. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdırıb belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. İş materiallarında olan: - Bakı şəhər Səadət Sarayı tərəfindən verilmiş 01.10.1993-cü il tarixli, Vİ-JQ 396014 №-li nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X11 arasında 01 oktyabr 1993-cü ildə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Nəcəfquluzadə, arvada Nəcəfquluzadə familiyası verilmişdir. - Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının 04.06.1994-cü il tarixli, 18 №-li qərarından çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 may 1991-ci il tarixli, 123 №-li və 2 sentyabr 1991-ci il tarixli, 293 №-li qərarlarına əsasən Maştağa qəsəbəsində fərdi yaşayış evləri tikintisi üçün torpaq fondu ayrılmışdır. Fərdi mənzil tikintisinə ehtiyacı olan vətəndaşlara Bakı şəhər İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş baş plana uyğun olaraq hər ailəyə 1200 kvm. həyətyanı torpaq sahəsi verilməsi nəzərdə tutulmuşdur. Həyətyanı torpağa ehtiyacı olan vətəndaşlardan bir qrupu həyətyanı torpaq sahəsi almaq üçün tələb olunan sənədləri qəsəbə üzrə SRİHN-nə təqdim etmişlər. Təqdim olunmuş sənədlər Maştağa qəsəbəsi üzrə SRİHN-nin komissiyası tərəfindən yoxlanılmışdır. Qeyd olunanları nəzərə alaraq Beşinci kvartal, 12 (on iki) №-li ünvanda X3na fərdi yaşayış evinin tikintisi üçün 1200 kvm. həyətyanı torpaq sahəsi ayrılmışdır. - Sabunçu RİHB-nın Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivi, Beşinci kvartalda ayrılmış 12 saylı torpaq sahəsinin (1200 kv/m) yerləşmə sxemi tərtib edilmişdir. (tarix göstərilməmişdir) - Bakı şəhəri, Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 23.11.2012-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 14.11.2012-ci ildə ölmüşdür - ünvan 2 ünvanlanmış 108 №-li, 12.03.2018-ci il tarixli məktubdan görünür ki, 14.11.2012-ci ildə vəfat etmiş X1 miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhər 19 saylı Notariat Kontoruna həyat yoldaşı İddiaçı tərəfindən müraciət daxil olmuşdur. X2 vəfat etməsilə əlaqədar vərəsənin ərizəsi əsasında 09.03.2018-ci il tarixdə tərəflərindən vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq sənədləşmə aparılması üçün Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, beşinci kvartalda ayrılmış 12 saylı torpaq sahəsinin 0.12 ha torpaq sahəsinə dair çıxarışın və texniki pasportun mərhumun adına verilməsi xahiş olunmuşdur. - İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 25.07.2019-cu il tarixli ərizənin surətindən görünür ki, iddiaçı cavabdehdən 04 iyun 1994-cü il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi üzrə Nümayəndəliyinin 18 saylı Qərarı əsasında Azərbaycan Respublikası NK-nin 07.05.1991-ci il tarixli 123 saylı və 02.09.1991-ci il tarixli, 293 nömrəli qərarları əsasında mərhum X3 (adına) üçün 1200 metr torpaq sahəsinin ayrılmasına dair arayış verməyi xahiş etmişdir. - İdarə tərəfindən iddiaçıya ünvanlanmış 08.08.2019-cu il tarixli, **********20 №-li məktubun surətindən görünür ki, 25.07.2019-cu il tarixli ərizəsinə baxılmışdır. Sorğu ilə əlaqədar olaraq bildirilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 12-ci sahədə 1200 kvm. torpaq sahəsinin mərhum X1 adına qeydiyyatdan keçməsi haqqında məlumat (sənəd) İdarənin arxivində aşkar edilməmişdir. - İdarə tərəfindən iddiaçıya ünvanlanmış 05.04.2018-ci il tarixli, **********69 №-li məktubun surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 12 saylı sahədə yerləşən torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi, dövlət reyestrindən çıxarışın və daşınmaz əmlaka ünvan verilməsi ilə bağlı ********** nömrəli, 19.02.2018-ci il tarixli ərizəsinə baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, sözügedən torpaq sahəsi “Savalan” yaşayış massivinə ayrılmış ərazidən (ayrıc aktından) kənarda yerləşir və təqdim edilmiş Maştağa qəsəbə nümayəndəliyi tərəfindən verilmiş qərardan çıxarış qanunvericiliyə uyğun (torpağın ayrılması səlahiyyətləri xaricindədir) deyildir. Bu səbəblərdən ərizəsinin icrası tərəflərindən mümkün olmamışdır. - -İdarə tərəfindən iddiaçıya ünvanlanmış **********16 №-li, 22.10.2019-cu il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, 20.09.2019-cu il tarixli poçt vasitəsilə daxil olmuş ərizəsinə baxılmışdır. Nəzərinə çatdırılır ki, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən torpaq sahəsi ilə bağlı ona idarə tərəfindən 05.04.2018-ci il tarixdə, **********69 nömrəli məktubla cavab verilmiş və həmin cavab məktubunda qeyd olunan iradlar aradan qaldırılmamışdır. Bundan başqa təqdim edilmiş yerləşmə cizgisində istinadların və ölçülərin qeyd olunmadığı və torpaq sahəsinin faktiki vəziyyətə uyğun gəlmədiyi müəyyən edilmişdir. Bu səbəblərdən ərizəsinin icrası tərəflərindən mümkün olmamışdır. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 02.03.2020-ci il tarixli, 181 nömrəli sorğuya cavab məktubuna əsasən qeyd edilmişdir ki, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının arxiv sənədləri, o cümlədən 04.06.1994-cü il tarixli, 18 saylı qərarı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. - Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə Nümayəndəliyinin 05.10.2020-ci il tarixli, 233 nömrəli sorğuya cavab məktubuna əsasən qeyd edilmişdir ki, 04.06.1994-cü il tarixli, 18 saylı qərarın kimin adına və hansı tarixdə verilməsinə aid qeydiyyat qəsəbə nümayəndəliyində tapılmamışdır və həmçinin bu səpkidə olan hər hansı bir sənəd arxivləşdirilməmişdir. - İdarə tərəfindən məhkəməyə ünvanlanmış **********63 №-li, 19.05.2021-ci il tarixli məktuba əlavə edilmiş sənədlərdən görünür ki, RX seriyalı, ******* №-li, 30.04.2013-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X12 adına qeydə alınmışdır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X15 verilmiş torpaq sahəsinin planı və ölçüsü Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 81 a saylı fərdi yaşayış evinin tikintisi üçün Sabunçu rayon İH Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının 08.10.1997-ci il tarixli, 10 saylı Qərarı ilə ayrılmış 600 kvm. torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. - İdarə tərəfindən məhkəməyə ünvanlanmış **********63 №-li, 19.05.2021-ci il tarixli məktuba əlavə edilmiş Maştağa qəsəbə XDS İcraiyyə Komitəsinin 31 №-li, 17 dekabr 1994-cü il tarixli qərarından çıxarışdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 1991-ci il tarixli, 293 №-li qərarına əsasən Maştağa qəsəbəsində fərdi yaşayış evləri tikintisi üçün həyətyanı torpaq fondu ayrılmışdır. Fərdi mənzil tikintisinə ehtiyacı olan vətəndaşlara Bakı şəhəri, XDS İcraiyyə Komitəsi tərəfindən tərtib edilmiş baş plana uyğun olaraq hər ailəyə 0,12 hektar həyətyanı torpaq sahəsi verilməsi nəzərdə tutulmuşdur. Həyətyanı torpaq tələb edən vətəndaşlardan bir qrupu həyatyanı torpaq almaq üçün tələb olunan sənədləri qəsəbə XDS İcraiyyə Komitəsinə təqdim etmişlər. Təqdim olunmuş sənədlər qəsəbənin deputatları və Maştağa qəsəbə XDS İcraiyyə Komitəsi tərəfindən yoxlanılmış və Beşinci kvartal, sahə № 77 ünvanındakı 0,12 hektar torpaq sahəsi X16 ayrılması və həmin torpaq sahəsində baş planda nəzərdə tutulmuş sahədə müasir tipli yaşayış evinin tikintisinə icazə verilməsi qərara alınmışdır. - Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X16 verilmiş torpaq sahəsinin planı və ölçüsündən görünür ki, torpaq sahəsinin plan və ölçüsü Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 77 saylı fərdi yaşayış evinin tikintisi üçün Sabunçu rayon Maştağa qəsəbəsi XDS İK-nin 17.12.1994-cü il tarixli, 31 saylı Qərarı ilə ayrılmış 1200 kvm. torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. - Həmin məktuba əlavə edilmiş 22.06.2012-ci il tarixli vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri, 9 saylı NK-u tərəfindən 02.10.2009-cu ildə təsdiq edilən və reyestrdə 2V/194 № ilə qeyd olunan vəsiyyətnaməyə əsasən 14 sentyabr 2011-ci ildə vəfat etmiş X13 vəsiyyətnamədə göstərilən əmlakın vərəsəsi Bakı şəhəri, Cavanşir küçəsi, ev 27 A, mənzil 52-də yaşayan X17 və X14r. - Həmin məktuba əlavə edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* №-li, 21.07.2012-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi və ümumi sahəsi 0,12 ha olan torpaq sahəsi X7 və X8 xüsusi mülkiyyətindədir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin olunması mövqeyi ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Qanunun bu normasının mənasından göründüyü kimi, hər hansı əsasla daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü halda, bu əmlak üzərində vəfat etmiş şəxsin mülkiyyət hüququna dair çıxarış tərtib olunması qanunda nəzərdə tutulmamışdır. Qanun bu vəziyyətdə belə bir tənzimləmə qaydasını müəyyən edir ki, qeydiyyat orqanı hüququn ölmüş şəxsə məxsus olması haqqında mərhumun vərəsəsinə arayış verir və bu arayış, miras qalmış daşınmaz əmlaka hüquqların vərəsənin adına dövlət qeydiyyatı (çıxarışın verilməsi) üçün əsasdır. “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın: - 1.2-ci bəndinə əsasən bu Təlimatda müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra-Xidmət) tərəfindən daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış (bundan sonra - arayış) hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. - 7.1-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması barədə arayış verilir. Arayış əmlakın növündən asılı olaraq bu Təlimata əlavə olunmuş 1-36-cı əlavələrə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. - 7.2-ci bəndinə əsasən müqavilə və ya digər əsaslara görə vəfat etmiş şəxsə məxsus olmuş və üzərində hüquqlar qeydiyyata alınmamış əmlak üzərində hüquqların rəsmiləşdirilməsi məqsədilə onun qanun və ya vəsiyyət üzrə vərəsələrindən birinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayış verilir. Bu arayış vərəsə tərəfindən qanunvericiliklə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas kimi müəyyən edilmiş sənədlər təqdim olunduqda verilir, həmin sənədlər ərazi idarəsində saxlanılır və vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş sənəd təqdim olunduqdan sonra müvafiq qaydada əmlakın qeydiyyata alınması aparılaraq sənədlər əsas kimi əlavə olunur. Arayış bu Təlimata əlavə olunmuş 37-ci əlavəyə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. Normaların məzmunundan göründüyü kimi, daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs, istər müraciət etdikdən sonra, lakin çıxarış almadan öldükdə, istərsə də, daşınmaz əmlaka hüquqa dair sənədlərlə müraciət edənədək öldükdə onun vərəsələrinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış və ya çıxarış verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - 139-1.1.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; - 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələbinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Hazırkı işin hallarından müəyyən edilir ki, Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının 04.06.1994-cü il tarixli, 18 №-li qərarı ilə Maştağa qəsəbəsi, Beşinci kvartal, 12 (on iki) №- li ünvanda X3na fərdi yaşayış evinin tikintisi üçün 1200 kvm. həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin vaxtdan həyətyanı torpaq istifadə edilməyə başlamışdır. X3 14.11.2012-ci ildə ölmüş, arvadı İddiaçı onun vərəsəsi kimi tanınmışdır. İddiaçı ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək mərhum X3 (adına) üçün 1200 metr torpaq sahəsinin ayrılmasına dair arayış verilməsini xahiş etsə də, müraciəti cavabdeh tərəfindən təmin edilməmişdir. Cavabdeh imtinalarını Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi Savalan yaşayış massivi, 12-ci sahədə 1200 kvm. torpaq sahəsinin mərhum X1 adına qeydiyyatdan keçməsi haqqında məlumatın (sənədin) İdarənin arxivində aşkar edilməməsi, torpaq sahəsinin “Savalan” yaşayış massivinə ayrılmış ərazidən (ayrıc aktından) kənarda yerləşməsi və təqdim edilmiş Maştağa qəsəbə nümayəndəliyi tərəfindən verilmiş qərardan çıxarışın qanunvericiliyə uyğun (torpağın ayrılması səlahiyyətləri xaricindədir) olmaması, təqdim edilmiş yerləşmə cizgisində istinadların və ölçülərin qeyd olunmaması və torpaq sahəsinin faktiki vəziyyətə uyğun gəlməməsinin müəyyən edilməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, hazırkı iş üzrə iddiaçının tələbinin predmetini Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbə nümayəndəliyinin aparatının 04 iyun 1994-cü il tarixli 18 saylı qərarına uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 may 1991-ci il tarixli Qərarına əsasən, Maştağa qəsəbəsi "Savalan” yaşayış massivi 5-ci kvartalda 12-ci sahədə fərdi ev tikintisi üçün ayrılmış 1200 kv.m torpaq sahəsinə dair hüququn 14.11.2012-ci il tarixində vəfat etmiş X3na məxsus olması haqqında arayış verilməsi təşkil edir. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, tələbin əsasını təşkil edən Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbə nümayəndəliyinin 04 iyun 1994-cü il tarixli 18 saylı qərarı istər həmin dövrün, istərsə də hazırkı qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 1991ci il 18 oktyabr tarixli, 372 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə”də və Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də qəsəbə nümayəndəliyinin torpaq sahəsinin ayrılması ilə bağlı hər hansı səlahiyyətləri qeyd edilməmişdir. Qeyd edilən səlahiyyətlər hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də də öz əksini tapmamışdır. Eyni zamanda qüvvədən düşmüş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 72ci maddəsinə əsasən Şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin tikinti torpaqları tikilmiş sahələrdən və mənzillərin, mədəni-məişət sənaye obyektlərinin, digər tikintilərin və qurğuların inşası üçün nəzərdə, tutulan torpaqlardan ibarətdir. Bu torpaqlar müəssisələrə, idarələrə, təşkilatlara mənzillərin, mədəni-məişət, sənaye obyektlərinin, digər tikililər və qurğuların inşası, eləcə də vətəndaşlara fərdi və kollektiv mənzil tikintisi və onların istismarı üçün verilir. Şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin torpaqları həmin məqsədlər üçün sahibliyə, istifadəyə, icarəyə, habelə müvafiq hallarda xüsusi mülkiyyətə rayon, şəhər xalq deputatları Sovetinin qərarı ilə təsdiq edilən normalara və ya layihə-texniki sənədlərə müvafiq surətdə verilir. Göründüyü kimi iddiaçının istinad etdiyi Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbə nümayəndəliyinin aparatının 04 iyun 1994-cü il tarixli 18 saylı qərarı qanunvericiliyin tələblərinə zidd olmaqla yanaşı, həmin qərar Dövlət Arxivində mövcud deyildir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, yalnız iddiaçı tərəfindən təqdim edilmiş Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbə nümayəndəliyinin aparatının 04 iyun 1994-cü il tarixli 18 saylı qərarında vizual olaraq düzəlişlərin edildiyi görünür. Məhkəmə kollegiyası iddiaçının həmin ərazidə çoxlu sayda vətəndaşlara torpaq sahəsinə dair çıxarışların verilməsini mübahisələndirməsi ilə bağlı qeyd edir ki, həmin torpaq sahələrinə çıxarışların qanunauyğun verilib-verilməməsi və ya hər iki tərəfin qarşılıqlı razılaşma əsasında verilməsi hazırkı məhkəmə araşdırmasının predmetinə aidiyyəti olmadığından iddia tələbinin təmin edilməsinə əsas ola bilməz. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbinin əsaslılığı iş materialları və işin hazırkı apellyasiya araşdırması ilə öz təsdiqini tapmadığından cavabdeh inzibati orqanın hərəkətləri qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı əssasız olduğundan ləğv edilərək, iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 87, 89, 90, 94-cü və 99-cu maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı : Cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2- 1(112)-241/2021 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbə nümayəndəliyinin aparatının 04 iyun 1994-cü il tarixli 18 saylı qərarına uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 may 1991-ci il tarixli Qərarına əsasən, Maştağa qəsəbəsi "Savalan” yaşayış massivi 5-ci kvartalda 12-ci sahədə fərdi ev tikintisi üçün ayrılmış 1200 kv.m torpaq sahəsinə dair hüququn 14.11.2012-ci il tarixində vəfat etmiş X3na məxsus olması haqqında arayış verilməsinin cavabdehə həvalə olunması” barədə iddia tələbi rədd edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər . Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-266/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-266/2022
01.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver