Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2660/2021 23.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Məmmədova Şərafət Asif qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, vəkili X6 və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi, 1 saylı Bakı “ASAN xidmət” mərkəzi) “ata adının dəyişdirilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2928/2021 saylı 02.07.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi, 1 saylı Bakı “ASAN xidmət” mərkəzi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Nəsimi rayon Qeydiyyat Şöbəsinin 23 noyabr 2018-ci il tarixli “İddiaçı ata adının Azad qızına dəyişdirilməsindən imtina edilməsi barədə” qərarının ləğv edilməsi, onun 18 sentyabr 2018-ci il tarixli ərizəsinin təmin edilməsi və onun ata adının “Robertovna”dan “Azad qızı”na dəyişdirilməsi barədə qərar qəbul etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, xx.xx.1983-cü ildə Bakı şəhərinin Xətai rayonunda anadan olmuşdur. O, doğulandan sonra atası və anası ilə birlikdə Xətai rayonunda yaşamışdır. Anası Naziyeva (Sokolova) Natalya Yuryevna Azərbaycan Respublikası vətəndaşıdır, o, milliyyətcə rusdur, 11.12.1964-cü il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. İddiaçının atası X5 29.09.1960-cı il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuş, o, milliyətcə ermənidir. 1988-ci ildə münaqişələr başladığında iddiaçının atası onları tərk edərək Rusiyaya getmiş və bir daha geri qayıtmamış, ondan sonra onun barəsində heç bir məlumat yoxdur. 2018-ci ilin aprel ayına qədər iddiaçı “Arzumanyan" soyadını daşımışdır. Münaqişələr başlayanda iddiaçının 5 yaşı var idi, soyad sonluğunun “yan” olması səbəbindən məktəbə gedə bilməmişdir. Anası onun üçün evə müəllim dəvət edirdi və o, 1989-cu ildən 1995-ci ilədək evdə təhsil almışdır. İddiaçı 1995-ci ildə Xətai rayonundan Sabunçu rayonuna köçmüşdür. 1995-2000-ci illərdə Bakı şəhəri Sabunçu rayon 67 saylı orta məktəbdə təhsil almışdır. Orada anasının soyadına uyğun olaraq "Sokolova" soyadı ilə oxuyurdu. İddiaçı 9 və 10-cu sinfi oxumaq üçün şəxsiyyət vəsiqəsi tələb olunmuşdur. 2001-ci ildə şəxsiyyəti təsdiq edən sənədlə (9 nömrəli formada arayış) təmin olunmuşdur. İddiaçının şəxsiyyətini təsdiq edən sənəddə soyadı "Arzumanyan” olduğu üçün 10 və 11-ci sinfi oxuya bilməmişdir. İddiaçının müraciəti əsasında Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsi 15.04.2018-ci il tarixdə soyadını “Arzumanyan"dan “Sokolova“ya dəyişdirmişdir. İddiaçı hal-hazırda, ünvan 1 ünvanında yaşayır. 18.09.2018-cı il tarixdə iddiaçı ata adının "Robertovna"dan "Azad qızı”na dəyişdirilməsi barədə ərizə ilə Bakı Şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Həmin ərizə barəsində cavabdeh 23.11.2018-ci il tarixdə ata adının dəyişdirilməsindən imtina edilməsi barədə qərar qəbul etmişdir. Həmin qərar iddiaçıya 25.12.2018-ci il tarixdə rəsmi olaraq təqdim edilmişdir. Cavabdeh orqan öz qərarını aşağıdakı kimi əsaslandırmışdır. İddiaçı təqdim etdiyi sənədlər yoxlama aparılması üçün Bakı şəhər Nəsimi rayon polis idarəsinə göndərilmişdir. Lakim aparılan müvafiq yoxlama nəticəsində 01.11.2018-ci il tarixdə müvafiq orqan tərəfindən ata adının dəyişdirilməsi məqsədəmüvafiq hesab edilməməsi barədə rəy verilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1213/2019 saylı 24 aprel 2019-cu il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-1772/2019 saylı 16 avqust 2019-cu il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(103)-1772/2019 saylı 24.04.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-3241/2019 saylı 17 dekabr 2019-cu il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 avqust 2019-cu il tarixli qərarı ləğv edilmiş, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-1007/2020 saylı 16 sentyabr 2020-ci il tarixli, qərarı ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunmuş, hazırkı iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1213/2019 saylı 24 aprel 2019-cu il tarixli qərarı ləğv edilmiş və işin yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2928/2021 saylı 02.07.2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: P.Hüseynov) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2928/2021 saylı 02.07.2021-ci il tarixli qərarı ilə iddiası təmin edilməmişdir. Məhkəmə öz qərarında qeyd edib ki, Nəsimi Rayon Polis İdarəsi iddiaçının ata adının dəyişdirilməsinin məqsədəmüvafiq hesab edilmədiyinə dair rəy verib və cavabdeh də həmin rəyə əsasən iddiaçının ata adının dəyişdirilməsindən imtina edib. Eyni zamanda, məhkəmə araşdırması zamanı iddiaçı ata adının dəyişdirilməsinin zəruriliyi və əsasları ilə əlaqədar yetərli sübutları məhkəməyə təqdim edə bilməyib. Polis İdarəsinin verdiyi rəydən görünür ki, onunla bağlı hər hansı nöqsan olması müəyyən edilməyib. Bunun əvəzinə Polis İdarəsi heç bir əsaslandırma aparmadan məqsədəmüvafiq saymama barədə rəy verib. Apelyasiya baxışı zamanı İddiaçı və vəkili X6 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X8 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə üçüncü şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi və 1 saylı Bakı “ASAN xidmət” mərkəzi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı Bakı şəhər Nəsimi rayon Qeydiyyat Şöbəsinin 23 noyabr 2018-ci il tarixli “İddiaçı ata adının Azad qızına dəyişdirilməsindən imtina edilməsi barədə” qərarının ləğv edilməsi, onun 18 sentyabr 2018-ci il tarixli ərizəsinin təmin edilməsi və onun ata adının “Robertovna”dan “Azad qızı”na dəyişdirilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və müəyyən etmişdir ki, X2 xx.xx.1983-cü il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X5, anası X3. 15.04.2018-ci il tarixdə X1 soyadı «Arzumanyan»dan «Sokolova»ya dəyişdirilmişdir. X9 ilə iddiaçının anası X7 07.12.1999-cu il tarixdə nikaha daxil olmuşlar. Hazırda iddiaçı ata adının “Robertovna”dan “Azad qızı”na dəyişdirilməsini tələb edir. Bununla əlaqədar olaraq iddiaçı Nəsimi rayon qeydiyyat şöbəsinə müraciət etmiş, Nəsimi rayon qeydiyyat şöbəsi təqdim edilən sənədləri yoxlama aparılması üçün Bakı şəhəri Nəsimi rayon polis idarəsinə göndərmişdir. «Ata adının dəyişdirilməsi ilə əlaqədar vətəndaş İddiaçı barədə Nəsimi rayon qeydiyyat şöbəsindən daxil olmuş sorğunun icra edilməsinə dair» Nəsim rayon Polis İdarəsinin 01.11.2018-ci il tarixli rəyinə əsasən İddiaçı ata adının dəyişdirilməsi məqsədəmüvafiq hesab edilməmişdir. İddiaçının ata adının dəyişdirilməsi məqsədəmüvafiq hesab edilmədiyi üçün Nəsimi rayon qeydiyyat şöbəsi iddiaçının ata adının dəyişdirilməsindən imtina etmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı iddiaçı ata adının dəyişdirilməsinin zəruriliyi və əsasları ilə əlaqədar yetərli sübutları məhkəməyə təqdim edə bilmədi. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan Xətai rayon qeydiyyat şöbəsi tərəfindən 11.05.2018-ci ildə verilmiş AZ-İV seriyalı 117676 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X5, anası X3, bu barədə doğum haqqında akt qeydləri kitabında 02.02.1984-cü ildə 354 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 15.04.2018-ci il tarixli soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, 15.04.2018-ci il tarixdə X1 soyadı «Arzumanyan»dan «Sokolova»ya dəyişdirilmişdir. İş materiallarında olan Nəsimi rayon qeydiyyat şöbəsinin «İddiaçı ata adının Azad qızına dəyişdirilməsindən imtina edilməsi barədə» 23.11.2018-ci il tarixli qərarında qeyd olunur: İddiaçı ata adının «Robertovna»dan «Azad qızı»na dəyişdirilməsi barədə Nəsimi rayon qeydiyyat şöbəsinə 18.09.2018-ci il tarixdə müraciət etmişdir. İddiaçı təqdim etdiyi sənədlər yoxlama aparılması üçün Bakı şəhər Nəsimi rayon polis idarəsinə göndərilmişdir. Lakin aparılan müvafiq yoxlama nəticəsində 01.11.2018-ci il tarixdə müvafiq orqan tərəfindən ata adının dəyişdirilməsi məqsədəmüvafiq hesab edilməməsi barədə rəy verilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 saylı qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi haqqında Qaydalar”ın 6.15-ci, 6.16-cı və 6.18-ci bəndlərini rəhbər tutaraq İddiaçı Robertonanın ata adının “Robertovna”dan “Azad qızı”na dəyişdirilməsi mümkün hesab edilmədiyindən imtina edilməsi barədə qərar çıxarılır. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon qeydiyyat Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 23.11.2018-ci il tarixli 1024 saylı məktubunda qeyd edilir: Ata adınız dəyişdirilməsi barədə Nəsimi rayon qeydiyyat şöbəsinə daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 79 saylı qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi haqqında Qaydalar”ın 6.15 və 6.16-cı bəndinə əsasən ərizə verən şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də adın, ata adının və soyadın dəyişdirilməsi ilə istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbiqindən yayınmasının qarşısının alınması məqsədi ilə qeydiyyat şöbəsi toplanmış sənədləri yoxlama aparılması üçün ərizə verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) polis idarəsinə (şöbəsinə) göndərir. Rayon (şəhər) polis idarəsi (şöbəsi) sənədlər daxil olduğu vaxtdan 15 gün müddətində bütün sənədləri yoxlamanın nəticələri haqqında əsaslaşdırılmış rəylə birlikdə qeydiyyat şöbəsinə qaytarır. Həmin Qaydaların 6.18-ci bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə, qeydiyyat şöbəsi imtina edilməsi barədə qərar çıxarır, bu barədə ərizə verən şəxsə məlumat verir və qeydiyyat şöbəsinə gəldiyi gün həmin qərarın bir nüsxəsini təqdim etdiyi sənədlərlə birlikdə ona qaytarılır. Yuxarıda göstərilənlərə əsasən bildiririk ki, təqdim etdiyiniz sənədlər yoxlama aparılması üçün Bakı şəhəri Nəsimi rayon polis idarəsinə göndərilmişdir. Lakin aparılan müvafiq yoxlama nəticəsində 01.11.2018-ci il tarixdə müvafiq orqan tərəfindən ata adınızın dəyişdirilməsi məqsədəmüvafiq hesab edilməməsi barədə rəy verilmişdir. Bununla bağlı qanunvericiliyə uyğun olaraq 23.11.2018-cı il tarixdə Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən ata adınız “Robertovna”dan “Azad qızı”na dəyişdirilməsindən imtina edilməsi barədə qərar çıxarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş 22.02.2021-ci il tarixli Tələbnamədən görünür ki, Sokolova (Arzumanyan) Kristina Robertovnanın əvvəllər məhkum olunmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən 07.12.1999-cu ildə verilmiş Vİİ-JQ seriyalı 370801 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 və X7 07.12.1999-cu il tarixdə nikahlarını bağlamışlar, nikah bağlandıqdan sonra ərə Naziyev, arvada Naziyeva soyadı verilmişdir, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 07.12.1999-cu ildə 783 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 05.05.2021-ci il tarixli məktubu ilə məhkəmə sorğusuna əsasən məhkəməyə təqdim edilmiş «Ata adının dəyişdirilməsi ilə əlaqədar vətəndaş İddiaçı barədə Nəsimi rayon qeydiyyat şöbəsindən daxil olmuş sorğunun icra edilməsinə dair» Nəsim rayon Polis İdarəsinin 01.11.2018-ci il tarixli rəyində qeyd olunur: "Azərbaycan Respublikası vətəndaşlarının adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları haqqında vəsatətin baxılması" barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalarının 6-cı bəndinə uyğun olaraq vətəndaş İddiaçı ata adını “Azad"a dəyişdirilməsi haqqında AR ƏN Bakı şəhəri, Nəsimi rayon Qeydiyyat Şöbəsindən daxil olmuş sənədlərə RPİ-də baxılmışdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, vətəndaş İddiaçı ata adının dəyişdirilməsi məqsədə müvafiq deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»nın 6.4-cü bəndinə əsasən ərizə verən şəxsin istəyi ilə ata adı onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilir. Həmin Qaydaların 6.15-ci bəndinə əsasən ərizə verən şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də adın, ata adının və soyadın dəyişdirilməsi ilə istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmasının qarşısının alınması məqsədi ilə qeydiyyat şöbəsi toplanmış sənədləri yoxlama aparılması üçün ərizə verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) polis idarəsinə (şöbəsinə) göndərir. Həmin Qaydaların 6.16-ci bəndinə əsasən rayon (şəhər) polis idarəsi (şöbəsi) sənədlər daxil olduğu vaxtdan 15 gün müddətində bütün sənədləri yoxlamanın nəticələri haqqında əsaslandırılmış rəylə birlikdə qeydiyyat şöbəsinə qaytarır. Həmin Qaydaların 6.17-ci bəndinə əsasən qeydiyyat şöbəsi və ya konsulluq əldə olunmuş sənədlərə əsasən ərizənin məzmununu və yoxlamanın nəticələrini nəzərə alaraq, 15 gün müddətində ərizə verən şəxsin soyadının, adının, ata adının dəyişdirilməsinin mümkünlüyünü əks etdirən rəy tərtib edir. Həmin Qaydaların 6.18-ci bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə, qeydiyyat şöbəsi və ya konsulluq bundan imtina edilməsi barədə bu Qaydaların 1.5-ci bəndində nəzərdə tutulan qərarı çıxarır, 5 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün həmin qərarın bir nüsxəsini təqdim etdiyi sənədlərlə birlikdə ona qaytarır. İş materiallarından göründüyü kimi, 15.04.2018-ci il tarixdə iddiaçı X1 soyadı «Arzumanyan»dan «Sokolova»ya dəyişdirilmişdir. Beləliklə iddiaçı qanunvericiliklə ona verilmiş potensial hüququndan istifadə etmişdir və bundan sonra iddiaçı ata adının dəyişdirilməsi tələbi ilə bağlı inzibati orqana müraciət etmişdir ki, cavabdeh Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 01.11.2018-ci il tarixli rəyinə əsasən iddiaçının ata adının dəyişdirilməsindən imtina etmişdir. Belə ki, qeyd olunan rəydən görünür ki, "Azərbaycan Respublikası vətəndaşlarının adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları haqqında vəsatətin baxılması" barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalarının 6-cı bəndinə uyğun olaraq vətəndaş İddiaçı ata adını “Azad"a dəyişdirilməsi haqqında AR ƏN Bakı şəhəri, Nəsimi rayon Qeydiyyat Şöbəsindən daxil olmuş sənədlərə RPİ-də baxılmışdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, vətəndaş İddiaçı ata adının dəyişdirilməsi məqsədə müvafiq deyil. Adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə, qeydiyyat şöbəsi və ya konsulluq bundan imtina edilməsi barədə yuxarıda qeyd olunan Qaydaların 1.5-ci bəndində nəzərdə tutulan qərarı çıxarır. Göründüyü kimi cavabdeh orqan tərəfindən ata iddiaçının adının “Robertovna”dan “Azad qızı”na dəyişdirilməsindən imtina edilməsi barədə qərar çıxarılmışdır. Məhkəmə Kollegiyası iş materiallarını nəzərdən keçirək iddiaçı ata adının dəyişdirilməsi ilə bağlı işə mötəbər sübutun əlavə edilmədiyini müəyyən etmişdir ki, iddiaçının artıq dəyişdirilmiş soyadın buna dair heç bir tutarlı əsas olmadan yenidən ata adının dəyişdirilməsi qanuni və əsaslı hesab edilə bilməz. Bu səbəbdən də Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin iddiaçının tələbinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Öhdəliyin icrası haqqında iddialara baxılması zamanı nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2928/2021 saylı 02.07.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2660/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2660/2021
23.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver