Məhkəmə qərarları › İş №2-1(103)-2660/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2660/2022

03.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2660/2022 03.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə Aslanova Gülnar Faiq qızının katibliyi ilə, iddiaçı X8, 3-cü şəxs X9 iştirakı ilə, İddiaçı X3 cavabdeh Bakı Şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı (X6, X13 3-cü şəxslər qismində cəlb edilməklə) “çəkilmiş xətlərin əvvəlki vəziyyətinə qaytarılması, icazəsiz quraşdırılmış kombilərin ləğv edilməsi və inzibati protokollar tərtib edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6151/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı X3 cavabdeh Bakı Şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1 b saylı binanın 48 və 52 saylı mənzillərdəki özbaşına edilmiş dəyişikliklər, yəni tayinatı dəyişdirilmiş otaqıların, qanunsuz çəkilmiş su və kanalizasiya xattlərinin ilkin layihəyə uyğun olaraq əvvəlki vəziyyətinə qaytarılması, asılı balkonlarda qapalı(şüşəbənd) şəraitdə icazəsiz quraşdırılmış real təhlükə (dayaqsızasılı balkonların əlavə yüklənməsi) yaradan kombilərin lağv edilməsi və sakinlərin inzibati məsuliyyət yaradan əməlləri barədə inzibati protokollar tərtib edilməsi vəzifəsi, cavabdeh Binəqadi RİH-nin başçısının üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6151 saylı, xx.xx.3033-ci il tarixli qərardadı ilə X7 və X13 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6151/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümükün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6151/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsini, iddia tələbinin mümkün sayılması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddianın dəlillərinə uyğun əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçın şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qəraradının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs X13 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh və 3-cü şəxs X1 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, kollegiya iclasında iştirak etmirlər və gəlməmə səbəbləri barədə məhkəməyə heç bir mlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdeh və 3-cü şəxs X6 iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6151/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 866/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X4 cavabdehlər X5 və X10 qarşı (Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nazarəti Xidmətinin 1 saylı Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi, Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı Filialı və "Azariqaz" İstehsalat Birliyinin Bakı X16 Departamenti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qisminda işə cəlb edilməklə) "mənzildə olan otaqların yerinin layihəyə uyğun bərpa edilməsi, qanunsuz çəkilmiş qaz xəttlərinin və quraşdırılmış istilik sisteminin ləğv edilməsi" tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh X2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi, ev İB, 48 saylı mənzildə özbaşına (layihədən kanar və aidiyyati səlahiyyətli qurumların icazəsi olmadan) çəkilmiş daxili va xarici qaz xəttlərinin ləğv edilməsi və həmin mənzildə olan qaz xəttlərinin mövcud layihəyə uyğun şəkildə bərpa edilməsi vəzifəsi cavabdeh Cabarov Zülfüqar Ədaİət oğlunun üzərinə qoyulmuşdur. Cavabdeh X9 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi, ev İB, 52 saylı mənzildə özbaşına (layihədən kanar va aidiyyəti salahiyyatli qurumların icazəsi olmadan) çəkilmiş daxili va xarici qaz xəttlari ləğv edilməsi və həmin mənzildə olan qaz xəttlərinin mövcud layihəyə uyğun şəkildə bərpa edilməsi vəzifəsi cavabdeh X9 üzərinə qoyulmuşdur. İddia qalan hissədə rədd edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 11637/2021 saylı, xx.xx.2021-ci il tarixli Qətnaməsi ilə, İddiaçı X4 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-866/2021 saylı, 11 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 461 saylı, xx.xx.2022-ci il tarixli məktubla məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 435 s nömrəli, Sərəncamının icrası haqqında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 25.01.201-ci il tarixli, 029 saylı Sərəncamı ilə Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən ünvan 1 ünvanında yerləşən yaşayış binası 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilmiş və hal-hazırda həmin Birliyin balansındadır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 35.1-ci maddəsinin tələbinə görə Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normaları mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia-inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırılmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda isə hazırki iddianın inzibati məhkəmə icraatının mümkünlüyü şərtləri öz təsdiqini tapmır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 8.1-8.4-cü bəndlərində qeyd edilir ki, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiada göstərilən tələb əsl cavabdehə yönəlmədiyindən, iddia mümkünsüz sayılmalıdır Beləliklə, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın mümkün sayılmaması qərarına gəlmişdir. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X8 tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6151/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar