Məhkəmə qərarları › İş №2-1(103)-2660/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2660/2024

21.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2660/2024 21.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “riskli vergi ödəyicisi siyahısından çıxarılma və əməliyyatların aparılması üçün AVİS proqramına yaradılmış maneənin (ədv depozit hesabında əməliyyatların aparılmasına yaradılmış maneə) əsassız hesab edilməsi və maneələrin ortadan qaldırılması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-926/2024 nömrəli, 29 fevral 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMCnin riskli vergi ödəyicilərinin siyahısından çıxarılması və əməliyyatların aparılması üçün AVİS proqramına yaradılmış maneənin (ədv depozit hesabında əməliyyatların aparılmasına yaradılmış maneə) əsassız hesab edilməsi və maneənin ortadan qaldırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Abdullayeva) e-2-1(112)-926/2024 nömrəli, 29 fevral 2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin riskli vergi ödəyicilərinin siyahısından çıxarılması və əməliyyatların aparılması üçün AVİS proqramına yaradılmış maneənin (ədv depozit hesabında əməliyyatların aparılmasına yaradılmış maneə) əsassız hesab edilməsi və maneənin ortadan qaldırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-926/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-926/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı tamamilə əsassızdır. Belə ki, iddiaçının ƏDV depozit hesabı cavabdeh tərəfindən bloklanmış və iddiaçının əməliyyatlar aparılmasına məhdudiyyət yaradılmışdır. Cavabdeh ilə əlaqə saxlayan zaman iddiaçının riskli vergi ödəyicisi siyahısına daxil olduğu və əmtəəsiz dövrüyyə apardığı üçün iddiaçının hesabına məhdudiyyət qoyulduğu bildirilmişdir. Bununla bağlı cavabdehdən inzibati aktı tələb etsələr də, inzibati akt iddiaçıya təqdim edilməmişdir. Bundan sonra iddiaçı hər hansı bir əməliyyat həyata keçirə bilmədiyindən, eləcə də şirkətin fəaliyyətinin dayandırılması təhlükəsi yarandığı üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmin maneə bu gün də mövcuddur. Lakin cavabdeh tərəfindən iddiaya etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı MMC cavabdeh tərəfindən riskli vergi ödəyicisi siyahısına daxil edilməmişdir və iddiaçının adı həmin siyahıda yoxdur. İddiaçı MMC inzibati orqanın hüquqa zidd inzibati akt olmadan məhdudiyyət qoyacağını düşünə bilməmişdir. Belə ki, inzibati orqanların bütün hərəkətləri inzibati aktlar vasitəsilə tənzimlənir. İnzibati orqan hər hansı bir məhdudiyyət qoyarkən inzibati akt qəbul etməli idi. İddiaçı isə belə bir aktın olduğunu düşünürdü. Lakin cavabdeh tərəfin inzibati aktın olmaması barədə məlumatını məhkəmə qəbul edərkən iddiaçının iddia tələbini dəqiqləşdirmə hüququnu nəzərə almamışdır. X2 Məcəllənin 13-cü maddəsi məhkəmənin tərəflərə yardım etmək məsələsini birbaşa tənzimləyir. Belə ki, məhkəmə sözügedən qərardadda iddiaçıya hüquqi yardım məktubu göndərilmiş və qeyd edilən halların aradan qaldırılması və xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında Cəmiyyətin qanuni nümayəndəsinin və ya mühasibinin (Cəmiyyətin adından “Asan imza” sertifikatı ilə imza etmək səlahiyyəti olan şəxsin) iştirakını (“Asan imza” sertifikatının istifadəsi mümkün olan müvafiq kompüter təchizatı ilə birlikdə) təmin edilməsi təklif edilsə də, həmin məktubun icrası iddiaçı və onun səlahiyyətli nümayəndəsi və vəkili tərəfindən həyata keçirilmədiyinin qeyd edildiyini bildirmişdir. Lakin bir neçə dəfə məhkəmə iclaslarında iştirak edən zaman məhkəmə tərəfindən iddiaçıya bununla bağlı heç bir hüquqi yardım göstərilməmiş, ümumiyyətlə iddiaçıya bu məsələ ilə bağlı hüquqi yardım məktubu göndərilməmişdir. Bu səbəbdən də məhkəmənin həmin qərardadı ləğv edilməli və iddia mümkün sayılaraq icraat təzələnərək işə baxılması davam etdirilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qərardad ləğv edilməli, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İş materiallarından görünür ki, iddiaçı ƏDV depozit hesabının bloklandığını, iddiaçının əməliyyatlar aparılmasına məhdudiyyət yaradıldığını, iddiaçının əməliyyatlar aparılmasında problemlər olduğunu bildirir. İddia tələbi də iki hissədən ibarətdir: 1. İddiaçı MMC-nin riskli vergi ödəyicilərinin siyahısından çıxarılması; 2. Əməliyyatların aparılması üçün AVİS proqramına yaradılmış maneənin (ədv depozit hesabında əməliyyatların aparılmasına yaradılmış maneə) əsassız hesab edilməsi və maneənin ortadan qaldırılması. Birinci instansiya məhkəməsi VÖEN-in altsistemə daxil edilməsi ilə iddiaçının riskli vergi ödəyiciləri siyasınında olmamasını, qanunvericilikdə ƏDV depoziti üzrə vəsaitlərin hərəkətinə vergi orqanı tərəfindən hər hansı məhdudiyyətin qoyulması imkanının nəzərdə tutulmadığını, bununla bağlı Dövlət Vergi Xidməti tərəfindən hər hansı bir hərəkətin edilməsi, bu barədə hər hansı bir inzibati akt qəbul edilməsinin müəyyən edilməməsini qeyd etməklə kifayətlənmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının barəsində riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi barəsində qərarın olub-olmaması, olmuşdursa bu qərarın Dövlət Vergi Xidmətinin hansı qurumu tərəfindən qəbul edilməsi, iddiaçının ədv depozit hesabında əməliyyatların aparılmasına maneələrin olub-olmaması, onun əsasları və səbəbləri (texniki və ya belə maneənin cavabdeh tərəfindən yaradılması), qeyd olunan tələblərə birlikdə baxılmasının mümkün olub-olmaması kimi məsələlər araşdırılmamış, iddia tələblərinin iddiaçının hüquqi marağına uyğunluğu müəyyən edilməmişdir. Bununla əlaqədar olaraq iddiaçının hüquqi marağı müəyyən edilərək iddia tələblərinin dəqiqləşdirilməsində birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya hüquqi yardım edilməli idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən iddia tələblərinin dəqiqləşdirilməsində, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında iddiaçıya hüquqi yardım edilməmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilir: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 3.5. Apellyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyi-nəzərindən qiymətləndirməlidirlər. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Göründüyü kimi, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Apellyasiya instansiyası məhkəməsi isə iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyi-nəzərindən qiymətləndirməlidir. Lakin birinci instansiyası məhkəməsi iddia tələblərinin dəqiqləşdirilməsində, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında iddiaçıya hüquqi yardım etməmiş, yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qərardad ləğv olunmalı, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13, 82, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-926/2024 nömrəli, 29 fevral 2024-cü il tarixli qərardadı ləğv edilsin və inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar