Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2661/2021 23.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, nümayəndəsi-vəkili X3 və cavabdehin nümayəndəsi-vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4354/2021 saylı 16.07.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona 55 yaşdan, yəni 10 iyul 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, 1982-ci ildən əmək fəaliyyətinə başlamışdır. 05.02.1991-ci il tarixdən MTİ-nin “Sumqayıt kauçuktəmir-tikinti”-də işə qəbul olunmuş və hal-hazıradək həmin müəssisədə işləyir. Artıq onun 38 il iş və sığorta stajı varki, onun 29 ilini həmin müəssisədə çalışır. İşlədiyi müəssisə müvafiq icra hakimiyyəti orqanı tərəfindən tərtib və təsdiq edilmiş siyahıya əsasən ‘‘əmək şəraiti xüsusilə zərərli və ağır olan müəssisələr” sırasına aiddir. 55 yaşı tamam olması ilə əlaqədar zərərli və ağır əmək şəraiti olan müəssisədə fasiləsiz olaraq 38 il işlədiyinə görə ona yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədi ilə tələb olunan sənədlərlə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Dövlət Sosial müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 27.08.2020-ci il tarixli, **********7 saylı müraciətinə cavab olaraq bildirmişdir ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 45600.00 manat hesablandığı halda, fərdi hesabımın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 32373,84 manat təşkil etdiyi nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün olmadığına görə ona yaşa görə əmək pensiyasının təyinatından imtina edilmişdir.İmtinanı qəbul etmir və hesab edir ki, ona yaşa görə əmək pensiyası təyin olunmalıdır. Bir daha bildirir ki, o, 1991-ci ildən həmin müəssisədə əmək şəraiti zərərli və ağır olan işlərdə çalışmışdır və 2006-cı ilədək onun həmin müəssisədə artıq 25 il əmək stajı olmuşdur və o onun günahı deyil ki, həmin illərdə müəssisənin günahı və ya başqa səbəblərə görə əmək haqqı və ona hesablanmış sosial sığorta haqqı az olmuşdur. Göründüyü kimi, fərdi hesabında ona pensiya kapitalı onun günahı ucbatından yaranmamışdır. Lakin bütün bunlara cavabdeh yuxarıda göstərdiyi işin həqiqi hallarını ətraflı araşdırmamış və əsaslandıraraq nəzərə almamışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 1(112)-4354/2021 saylı 16.07.2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.(hakim: O.Həsənov) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə faktları dərindən araşdırmamış və yarımçıq, keyfiyyətsiz və qeyri-obyektiv məhkəmə baxışları ilə qanunsuz qərar çıxartmışdır. Qərar qəbul edilərkən işin faktiki halları hərtərəfli araşdırılmamış, sübutlar yanlış olaraq cavabdehin xeyrinə şərh edilmişdir. Məhkəmə hazırki iş üzrə qərarı kobud maddi və prosessual hüquq pozuntuları ilə qəbul etmiş, heç bir qanuni əsas olmadan iddiasını rədd etmişdir ki, belə bir qərar qüvvədə saxlanıla bilməz. Çünki, Azərbaycan Respublikası İPM-nin müvafiq maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası İPM-nin müvafiq maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş hesab edilir. Həmin maddədə isə göstərilmişdir ki, maddi hüquq normaları o halda pozulmuş və düzgün tətbiq edilməmiş hesab edilir ki, 1-ci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin, Bu işdə də həmin maddə də, göstərilən bütün səhvlərə yol verilmişdir. Azərbaycan Respublikası “Əmək Pensiyaları haqqında” Qanunun 31.1-ci, 32.1-ci, 37.7-ci, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən, Azərbaycan Respublikası Prezidentinin 01.05.2017-ci il tarixli 1352 saylı Fərmanı ilə “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, ona işlədiyi müddətin ümumi iş stajı kimi sosial sığorta stajına daxil edərək ona yaşa görə əmək pensiyası təyin edilməsi barədə qərar qəbul edillməlidir. “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması Qaydaları”nın 2.5-ci bəndinə əsasən, əmək fəaliyyəti barəsində sənədləri üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların sosial sığorta stajı təqdim edilmiş sənədlər əsasında müəyyən edilir. Məhkəmə qərarı əsassız və mövcud qanunvericilik normalarına ziddir, tərəflərin məhkəmə prosesində iştirakları lazımınca təmin edilməmişdir. Belə ki, məhkəmə bu prosesdə onların bir tərəf kimi iştiraklarını təmin etməyərək işə baxaraq birtərəfli və qərəzli qərar çıxararaq Avropa Konvensiyasının 6-cı maddəsinin-ədalətli məhkəmə araşdırması hüquqlarını kobud şəkildə pozmuşdur. Apelyasiya baxışı zamanı İddiaçı və nümayəndəsi-vəkili X3 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi-vəkili X2 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı 55 yaşdan, yəni 10 iyul 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qeyd etmişdir ki, iddiaçıya 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş yaş, ümumi və güzəştli iş stajları ilə bağlı nəzərdə tutulan şərtlər ödənilsə də, fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalı ilə bağlı şərt ödənilməmişdir. Belə ki, cavabdeh tərəfindən verilən imtina məktubundan, həmçinin də, məhkəməyə təqdim olunmuş etiraz ərizəsindən görünür ki, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 32.373,84 manat təşkil edir. Məhkəmə hesab etmişdir ki, iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş qaydada fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı 45.600 manat təşkil etməli olduğu halda, onun qeydə alınmış pensiya kapitalı 7.533,32 manat fərq ilə 38.066,68 manat təşkil etmişdir. Bu hal isə birmənalı ona əsas verir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində göstərilən şərtlərdən biri ödənilməmişdir. Əlavə olaraq məhkəmə bildirmişdir ki, cavabdeh tərəfindən imtina məktubunda iddiaçının pensiya kapitalının 32.373,84 manat olması göstərilsə də, həmin pensiya kapitalının hesablama qaydası məhkəməyə təqdim olunmamışdır. Bununla bağlı qeyd olunur ki, pensiya kapitalına istehlak qiymətləri indeksinin 2020-ci il üzrə illik səviyyəsi dərəcəsi tətbiq edilməsə belə, Z.Hüseynovnanın 27.08.2020-ci il tarixinə (imtina məktubunun tarixinə) pensiya kapitalı 35.830,05 manat təşkil edir ki, bu da göstərilən 32.373,84 manat məbləğ ilə üst-üstə düşmür. Məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab etmişdir ki, İddiaçı nə 01.08.1997-ci il tarixədək, nə də 01.01.2006-cı il tarixədək güzəştli şərtlərlə pensiya hüququ verən sahədə nəzərdə tutulan iş stajını toplamamış, onun “Əmək pensiyaları haqqında” və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunlarında nəzərdə tutulmuş yaş və staj ilə bağlı şərtlər ödənilmədiyindən, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması mümkün deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-cı il tarixdə doğulmuşdur. İş materiallarında olan iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı 10.08.1982-ci il tarixdən 23.01.1991-ci il tarixədək “Nax.MSSR-nin 50 illiyi” üzümçülük sovxozunda fəhlə vəzifəsində, 05.02.1991-ci il tarixdən 15.01.1993-cü il tarixədək MTİ Trest “Sumqayıt kauçuktəmir-tikinti” Dəmir yollarının təmiri sahəsinə 2-ci dərəcəli fəhlə vəzifəsində işləmiş, 10.02.1993-cü il tarixdə Sumqayıt “Sintezkauçuk” MTTİİ-nin mexanizasiya və yolların təmiri sexinə 2 dərəcəli fəhlə vəzifəsinə qəbul olunmuş, 01.02.1994-cü il tarixdə həmin sexə iqtisadçı vəzifəsinə keçirilmiş, 02.01.1995-ci il tarixdə D-1 A sexinə iqtisadçı vəzifəsinə keçirilmiş, 07.02.2001-ci il tarixdə Yeni butadien sexinin D3-5 şöbəsinə 5-ci dərəcəli aparatçı keçirilmiş, 24.09.2002-ci il tarixdə həmin sexdə D-4 A şöbəsinə Xt-170, Xt-175, kalonları üzrə 5 dərəcəli aparatçı vəzifəsinə keçirilmiş, 03.06.2009-cu il tarixdə həmin sexdə tabelçi vəzifəsinə keçirilmiş, 29.06.2010-cu il tarixdə 15 nömrəli yeni butadien sexinə 3-cü dərəcəli qovma aparatçısı vəzifəsinə keçirilmiş, 21.09.2011-ci il tarixdə Piroqazın və suyun hazırlanması sexinə xammalın hazırlanması və yarım fabrikat hazır məhsulun 3-cü dərəcəli buraxılması aparatçısı vəzifəsinə keçirilmiş və 05.11.2013-cü il tarixdə işdən azad edilmiş; 28.11.2013cü il tarixdə 01 saylı Abadlaşdırma sahəsinə 5-ci dərəcəli abadlaşdırma üzrə fəhlə peşəsinə qəbul edilmiş, 07.05.2014-cü il tarixdə 02 saylı izolyasiya sahəsinə 3-cü dərəcəli izoləedici plyonkacı peşəsinə keçirilmiş və hazırda həmin peşə üzrə əmək qabiliyyətini davam etdirir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 27.08.2020-ci il tarixli, **********7 saylı imtina məktubundan görünür ki, iddiaçının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 45600,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 32373,84 manat olduğundan iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi qeyd edilmişdir. İş materiallarında olan sığortaolunan haqqında məlumatdan görünür ki, İddiaçı 2006 yanvar – 2020 sentyabr dövrü üzrə pensiya kapitalı 16.210,53 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanununun 31-ci maddəsinin 31.1 bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Məhkəmə kollegiyası qeyd edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün pensiya təyin olunmasına əsas verən sığorta stajının və xüsusi sahələrdə işlədiyi illərinin nə qədər təşkil etdiyi və fərdi sığorta hesabında toplanmış pensiya kapitalı müəyyən edilməlidir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı" təsdiq edilmişdir. Şərh olunan normaların tələblərindən görünür ki, iddiaçıya 55 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 4 element mövcud olmalıdır: a)İddiaçının 55 yaşına çatması; b)İddiaçının azı 20 il ümumi iş stajının mövcud olması; c)İddiaçının azı 10 il güzəştli iş stajının mövcud olması d)Fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verməsidir. Məhkəmə kollegiyası tərəfindən bu istiqamətdə aparılmış araşdırmalardan müəyyən olunur ki, iddiaçı yaş və ümumi stajla ilə bağlı şərtləri ödəmişdir. Belə ki, iddiaçı xx.xx.1965ci il tarixdə anadan olmuş və onun 55 yaşı 10.07.2020-ci il tarixdə tamam olmuşdur. İddiaçı 10.08.1982-ci il tarixdən 23.01.1991-ci il tarixədək “Nax.MSSR-nin 50 illiyi” üzümçülük sovxozunda fəhlə vəzifəsində (8 il 5 ay 13 gün), 05.02.1991-ci il tarixdən 15.01.1993-cü il tarixədək MTİ Trest “Sumqayıt kauçuktəmir-tikinti” Dəmir yollarının təmiri sahəsinə 2-ci dərəcəli fəhlə vəzifəsində (1 il 11 ay 10 gün), 10.02.1993-cü il tarixdən 05.11.2013-cü il tarixədək “Sintezkauçuk” MTTİİ-də fəhlə, iqtisadçı, aparatçı, tabelçi vəzifələrində (20 il 08 ay 25 gün), 28.11.2013-cü il tarixdən hal-hazıradək 01 saylı Abadlaşdırma sahəsinə 5-ci dərəcəli plyonkacı vəzifəsində işləyir (10.07.2020-ci il tarixədək 6 il 07 ay 12 gün). Göründüyü kimi iddiaçının 55 yaşı tamam olduğu 10.07.2020-ci il tarixədək 37 il 09 ay ümumi iş stajı mövcud olmuşdur. Məhkəmə kollegiyası iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı ilə əlaqədar isə qeyd edir ki, “Azərkimya”İstehsalat Birliyi “Etilen-Polietilen” X6 tərəfindən təqdim olunmuş güzəştli arayışlardan görünür ki, iddiaçı 07.02.2001-31.12.2005ci ilə qədər “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun yeni butadien sexində aparatçı, 01.01.2006-31.12.2006-cı ilə qədər “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” Zavodunun yeni butadien sexində aparatçı vəzifəsində, 21.09.2011- 05.11.2013-cü ilə qədər “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” Zavodunun piroqazın və suyun hazırlanması sexində aparatçı və 07.05.2014-10.07.2020-ci il tarixədək “Azərkimya” İstehsalat Birliyinin TəmirTikinti İdarəsinin 2 saylı İzolyasiya sahəsində izoledici-plyonkaçı vəzifəsində işləmişdir. Sözügedən peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 8 bölməsinin 8.1.1 bəndində və XXİX bölməsinin a bəndində göstərilmişdir. (10.07.2020-ci il tarixədək 14 il 02 ay 10 gün) Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 45600,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 38066,68 manat təşkil edir. Göründüyü kimi, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı qanunvericiliyə uyğun olaraq hesablanmış pensiya kapitalından az təşkil edir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçının 55 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün ümumi və xüsusi stajla yanaşı fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. İddiaçının 55 yaşının 10.07.2020-ci il tarixdə tamam olduğunu nəzərə alsaq, iddiaçı həmin tarixədək ümumi və xüsusi stajı toplasa da onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olduğundan onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. Bu səbəblərdən də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Öhdəliyin icrası haqqında iddialara baxılması zamanı nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4354/2021 saylı 16.07.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2661/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2661/2021
23.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver