Məhkəmə qərarları › İş №2-1(103)-2662/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2662/2021

23.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2662/2021 23.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “10 noyabr 2017-ci il tarixdən əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-742/2021 saylı 17.08.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əlilliyinin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, uzun müddət ikinci tip ağır formalı şəkərli diabet (insulindən asılı şəkərli diabet), böyrəklərin zədələnməsi ilə bağlı diabet proteinurik nefropatiya, gözlərin zədələnməsi ilə diabetik retionapatiya, perifetik qan dövranının pozğunluğu ilə diapetik anqiopatiya, durğunluq ürək çatmamazlığı üç İİİ f.s, ürəyin aterosklerotik xəstəliyi, uix aterosklerotik kardioskleroz, ürək çatmamazlığı ilə müşayiət olunan əsasən ürəyin zədələnməsi ilə hipertenziv xəstəlik, hipertoniya İİİ dərəcəli xəstəliklərdən əziyyət çəkmişdir. O əlillik dərəcəsinin müəyyən olunması üçün Qobustan Rayon Xəstəxanasına müraciət etmiş, uzun müddət xəstə olsa da, 10 noyabr 2017-ci ildən həmin xəstəxanada qeydiyyatda olmuşdur. Qobustan rayon Xəstəxanası Səhiyyə Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasına ümumi xəstəlik üzrə 0242003AACRD saylı göndəriş göndərmişdir. Lakin cavabdeh heç bir qanuni əsas olmadan və onu müayinə etmədən əlilliyinin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən imtina etmişdir. Səbəb də bunu göstərib ki, guya göndərişdəki diaqnoz və ağırlaşmalar instrumental və labarator müayinələrlə öz təsdiqini tapmayır. Bu səbəbdən o, əlilliyinin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin üzərinə Qobustan Rayon Xəstəxanası ümumi xəstəlik üzrə 0242003AACRD saylı göndərişinin göndərildiyi 10.11.2017-ci il tarixdən onun əlilliyinin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi vəzifəsinin qoyulması və cavabdehdən 100000 manat mənəvi zərərin alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-742/2021 saylı 17.08.2021-ci il tarixli qərardadı ilə iddia tələbi “cavabdehdən 100000 manat mənəvi zərərin alınaraq ona ödənilməsi” hissəsində mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-742/2021 saylı 17.08.2021-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “10 noyabr 2017-ci il tarixdən əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. (hakim: A.Oruczadə) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, cavabdeh heç bir qanuni əsas olmadan və onu müayinə etmədən əlilliyinin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən imtina edib. **********1 nömrəli 23.01.2020-ci il tarixli məktubla göstərib ki, guya göndərişdəki diaqnoz və ağırlaşmalar instrumental və labarator müayinələrlə öz təsdiqini tapmayıb. Lakin cavabdehin yazdıqları həqiqətə uyğun deyil. Belə ki, Qobustan Rayon Xəstəxanası 0242003AACRD saylı göndərişi göndərildikdən sonra onun vəziyyəti daha da ağırlaşıb, buna görə də sol qıçı 24.11.2020-ci il tarixdə bud nahiyədən kəsilib, hər iki əlinin barmaqları hərəkətsizdir. Sağ ayağında dabanaltı nahiyədə də yara açılıb, sağ qıçı da amputasiya edilməlidir. Hal-hazırda həyatla ölüm arasında mücadilə edir. Onun əlilliyi xəstəliyinin ağırlaşdığı 10.11.2017-ci il tarixli 0242003AACRD saylı göndərişin cavabdeh tərəfindən alındığı vaxtdan təsdiq olunmalıdır. Qobustan Rayon Xəstəxanası növbəti 0242003AADZY saylı göndərişi 29.03.2021-ci il tarixdə göndərib və əlilliyi də 2021-ci il aprel ayından təsdiq olunub. Əlilliyi heç qıçının amputasiyası olunduğu 24.11.2020-ci il tarixdən də təsdiq olunmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamənin 3.1.1-ci bəndinə əsasən əlilliyi qiymətləndirmək Tibbi-sosial ekspert komissiyasının (TSEK-in) vəzifəsidir. Həmin Əsasnamənin 4.16-cı bəndi: TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. Əlilliyin qiymətləndirilməsi vəzifəsini daşıyan cavabdehin heç bir əsas olmadan, süni maneələrlə əlilliyini vaxtında təsdiq etməməsi bu səbəbdən də əlilliyə görə 3 ildən artıq müddətdə pensiya ala bilməməyi onu dərin mənəvi sarsıntıya məruz qoyub, ağır psixoloji gərginlik içərisindədir. Ona dəyən mənəvi zərəri 100000 (bir yüz min) manat qiymətləndirir. Buna görə də iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə Qobustan Rayon Xəstəxanası ümumi xəstəlik üzrə 0242003AACRD saylı göndərişinin göndərildiyi 10.11.2017-ci il tarixdən onun əlilliyinin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi vəzifəsinin qoyulması və cavabdehdən 100000 (bir yüz min) manat mənəvi zərərin alınaraq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişəm. Bakı İnzibati Məhkəməsi 2-1(112)-742/2021 saylı 17.08.2021-ci il tarixli qərarı ilə cavabdehin üzərinə 10.11.2017-ci il tarixdən onun əlilliyinin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi vəzifəsinin qoyulması tələbini təmin etməyib, həmin tarixli qərardadı ilə cavabdehdən 100000 manat mənəvi zərərin alınaraq ona ödənilməsi tələbini mümkünsüz sayıb. Sonradan məhkəmə 2-1(112)-742/2021 saylı 17.08.2021-ci il tarixli qərarı portalda yerləşdirsə də, qərardadı portalda yerləşdirməyib və ona göndərməyib. Aşağıdakılara görə birinci instansiya məhkəməsinin həmin qərarını əsassız və qanunsuz hesab edir. Məhkəmə heç bir ekspert və mütəxəssis rəyinə istinad etmədən hesab edib ki, guya cavabdeh 0242003AACRD saylı göndərişi 03.04.2019-cu ildə qiymətləndirib və guya diaqnoz öz təsdiqini tapmayıb. Lakin məhkəmə nəzərə almayıb ki, 0242003AACRD saylı göndəriş 03.04.2019-cu ildə cavabdeh tərəfindən düzgün qiymətləndirilməyib. Cavabdeh onu, görmədən, müayinə etmədən əlilliyinin və sağlamlıq imkanlarımın məhdudluğunun müəyyən edilməsindən imtina edib. **********1 23.01.2020-ci il tarixli məktubla göstərib ki, guya göndərişdəki diaqnoz və ağırlaşmalar instrumental və labarator müayinələrlə öz təsdiqini tapmaylb. Cavabdehin **********1 23.01.2020-ci il tarixli məktubla guya göndərişdəki diaqnoz və ağırlaşmaların instrumental və labarator müayinələrlə öz təsdiqini tapmaması barədə bəhanəsi həqiqətdən uzaqdır. Əgər 0242003AACRD saylı göndərişdəki diaqnoz və ağırlaşmalar öz təsdiqini tapmamışdısa da niyə məhz həmin ağırlaşmalardan 24.11.2020-cı ildə onun qıçının biri dizdən yuxarı amputasiya olunurdu? Məhkəmə 1 il 6 ay uzanan məhkəmə araşdırması ərzində həqiqətə nail olmaq və xəstəxananın 0242003AACRD saylı göndərışindəki diaqnoz və ağırlaşmaların dəqiqləşdirilməsi üçün onun sağlamlıq imkanlarını ekspert və mütəxəssis tərəfindən yoxlatdırmalı olduğu halda bunu etməyib. O, qıçının biri amputasiya olunarkən Bakıda xəstəxanada stasionar şəraitdə müalicə almışdır. Məhkəmə müalicə olunduğu xəstəxanadan da zəruri sənədləri tələb edib diaqnoz və ağırlaşmaların dəqiqləşdirilməsi üçün ekspert və ya mütəxəssisə təqdim etməli olduğu halda bunu etməyib. Digər tərəfdən onun qıçının birinin amputasiya olunması, digər ayağında da artıq qanqrenə prosesinin getməsi, əl barmaqlarımın hərəkətsiz qalması göndərişdəki diaqnozu və ağırlaşmaları bilavasitə təsdiq edir. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı əlilliyinin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qeyd etmişdir ki, qanunvericiliyin normalarının təhlilindən görünür ki, əlillik yalnız bu barədə qəbul edilmiş TSEK qərarı ilə müəyyən edilir və əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Bu mənada, iddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin 19.03.2021-ci il tarixli 0242003AADZY nömrəli göndərişi əsasında 29.03.2021-cu il tarixdə TSEK qərarı ilə müəyyən olunduğundan, iddiaçıya 10.11.2017-ci il tarixdən əlilliyin verilməsi tələbi əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının 42003AACRD saylı göndərişdən görünür ki, iddiaçının əsas xəstəlik kimi “İnsulindən asılı şəkərli diabet, Şəkərli diabet İİ tip ağır forma” diaqnozu, ağırlaşma kimi “İnsulindən asılı şəkərli diabet, Böyrəklərin zədələnməsi ilə, diabetik proteinurik nefropatiya, İnsulindən asılı şəkərli diabet, gözlərin zədələnməsi ilə, diabetik retinopatiya. İnsulindən asılı şəkərli diabet. Periferik qan dövranının pozğunluğu ilə diabetik anqiopatiya. Durğunluq ürək çatmamazlığı, ÜÇ İİİ f.s xəstəlikləri göstərilmişdir. Yanaşı xəstəlik kimi “Ürəyin aterosklerotik xəstəliyi, ÜİX Aterosklerotik kardioskleroz. “Durğunluq” ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv xəstəlik. Hipertoniya xəstəliyi İİİ dərəcə xəstəliyi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 23 yanvar 2020-ci il tarixli, **********1 saylı məktubdan görünür ki, İddiaçı müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, iddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0242003AACRD saylı göndərişi əsasında 03.04.2019-cu il tarixdə qiymətləndirilmiş və diaqnozun təsdiqini tapmaması qərarı verilmişdir. İddiaçı səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə edildikdən sonra xəstəliyin ağırlaşmaları göstərilməklə yeni göndəriş (forma 088) rəsmiləşdirdiyi halda, Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarına uyğun olaraq, əlillik vəziyyəti iddiaçının iştirakı olmadan adsızlaşdırılmış sənədlər əsasında qiymətləndirilib müvafiq qərar veriləcəkdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən məhkəməyə ünvanlanmış **********7 saylı 16.06.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı əlillik vəziyyəti “Qobustan Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nın 0242003AADZY nömrəli göndərişi əsasında 29.03.2021-ci il tarixdə qiymətləndirilmiş və “İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet İİ tip ağır forma Ağırlaşma Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Sol budun aşağı 1/3 hissədən amputasiyası əməliyyatı icra edilmiş, (24.11.2020) ağırlaşma E10.2 İnsulindən asılı şəkərli diabet, Böyrəklərin zədələnməsi ilə, Diabetik proteinurik nefropatiya” diaqnozu ilə “ümumi xəstəlik” səbəbi ilə müddətsiz ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Hazırda həmin qərarın qüvvədə olduğu bildirilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 maddəsinə əsasən, əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq hesab edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.3-cü bəndinə əsasən TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Həmin Qaydanın 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Həmin Qaydanın 1.7 bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qaydanın 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Həmin Qaydanın 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Həmin Qaydanın 2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Həmin Qaydanın 2.6-cı bəndinə əsasən Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.02.2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyalar haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. Əsasnamənin 1.6-cı bəndinə əsasən, TSEK tərəfindən ümumi xəstəlik, əmək zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar, 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, keçmiş SSRİ-nin müdafiəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbləri müəyyən edilir. Əsasnamənin 4.26-cı bəndinə əsasən, əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Qanunvericiliyin tələbindən də göründüyü kimi əlillik yalnız bu barədə qəbul edilmiş TSEK qərarı ilə müəyyən edilir və əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. İş materialları ilə müəyyən olunur ki, iddiaçıya ilkin olaraq iddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0242003AACRD saylı göndərişi əsasında 03.04.2019-cu ildə qiymətləndirilmiş və diaqnoz öz təsdiqini tapmaması barədə qərar verilmişdir. Sonradan iddiaçının əlillik vəziyyəti “Qobustan Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nın 0242003AADZY nömrəli göndərişi əsasında 29.03.2021-ci il tarixdə qiymətləndirilmiş və “İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet İİ tip ağır forma Ağırlaşma Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Sol budun aşağı 1/3 hissədən amputasiyası əməliyyatı icra edilmiş, (24.11.2020) ağırlaşma E10.2 İnsulindən asılı şəkərli diabet, Böyrəklərin zədələnməsi ilə, Diabetik proteinurik nefropatiya” diaqnozu ilə “ümumi xəstəlik” səbəbi ilə müddətsiz ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçıya TSEK qərarı ilə 29.03.2021-cu il tarixdə əlillik təyin edildiyindən, ona təyin edilən əlliliyin 10.11.2017-ci il tarixdən hesablanması barədə iddiası yuxarıda sadalanan qanunvericiliyin tələbi baxımından əsaslı deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Öhdəliyin icrası haqqında iddialara baxılması zamanı nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-742/2021 saylı 17.08.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar