Məhkəmə qərarları › İş №2-1(103)-2662/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2662/2022

16.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2662/2022 16.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı «xüsusi karantin rejiminin tətbiq olunduğu dövr üzrə aylıq birdəfəlik ödəmənin verilməsi» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 2-1(112)-1194/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 X12 20 saylı ərazi Məşğulluq Mərkəzi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona verilən hər ay 190 manat olmaqla 4 ayının pulunu alınıb ona verilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, uzun müddətdir işsizdir, heç bir növ pensiya almır. 29 sentyabr 2019-cu il tarixdə sağ gözündən, 12 mart 2021-ci il tarixdə isə sol gözündən əməliyyat olunmuşdur. Onun adına nə kənd təsərrüfatı üçün torpaq, nə də avtomobil yoxdur. Qanunla pandemiya ilə əlaqədar dövlət tərəfindən verilən 190 manat müavinət ona düşsə də, cavabdeh tərəfindən müavinət ona verilməmişdir. O, subaydır, adına ev yoxdur, ata evində vərəsədir. Kiçik qardaşları pensiya alsa da, ona aidiyyəti yoxdur. O, pandemiyaya görə 190 manat birdəfəlik müavinət üçün X5 müraciət etmiş, oranın işçiləri onu aldadıb evə göndərmişlər ki, ona SMS gələcək, ona pul verəcəklər, ancaq həmin pulu da vermədilər. O, dəfələrlə yuxarı instansiyalara müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddianın dəyişdirilməsi ilə bağlı əlavə ərizə təqdim etmiş və ərizəsində cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini qeyd etmiş və tələb kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar ödənilən birdəfəlik ödəmə qismində 2020-ci ilin aprel, may, iyun, avqust və dekabr ayları üçün 190 manat məbləğində birdəfəlik ödəmənin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Bakı İnzibati Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 2-1(112)-1194/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir. (hakim: P.Hüseynov) Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, Koronavirus (COVİD-19) xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, onun Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədi ilə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” xx.xx.2020-ci il tarixində 1950 nömrəli Sərəncam imzalanmışdır. Həmin Sərəncamın icrası olaraq, “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş X6 Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı (bundan sonra -Qərar) ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası” təsdiq edilmişdir. Həmin qaydaya əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Qərarla təsdiq edilmiş Qaydanın 3.8-ci bəndinə əsasən birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin həmin Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının (qurumlarının) informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur. Həmin sistemlərdən əldə olunmuş məlumatlar insan faktoru olmadan avtomatlaşdırılmış şəkildə emal olunaraq, hüququ müəyyən edilmiş şəxslərə işsiz şəxslərə birdəfəlik ödəmələr üzrə təyinatlar aparılmışdır. Qeyd olunmalıdır ki, hazırda birdəfəlik ödəmənin verilməsi proqramı başa çatdırılaraq, icrası müddəti bitmiş və bir aydan az müddət ərzində 600 min şəxsə bu ödəmə təyin olunaraq, ödənişlər həyata keçirilmişdir. Göründüyü kimi bu sosial müdafiə tədbirinə cəlb etmə müddəti və cəlb olunan şəxslərin sayı üzrə konkret çərçivə müəyyən edilmişdir. Bu məqsədlə birdəfəlik şəkildə dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə vəsait ayrılmış və həmin dövrdə təyinatı üzrə istifadə olunmuşdur. Təsadüfi deyildir ki, Qərarın 1.2-ci bəndində açıq şəkildə göstərilmişdir ki, birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. Müasir dövrdə ilk dəfə baş vermiş qlobal pandemiyanın ilkin dövrlərində (2020-ci ilin aprel-may ayları) digər sahələrdə olduğu kimi əhalinin məşğulluğunun yeni çağırışlara uyğun tənzimlənməsi ilə bağlı qeyrimüəyyənliklər yaransa da, hazırki məhkəmə işinə baxıldığı dövrdə, habelə iddia ərizəsi ilə məhkəməyə müraciət ünvanladığı zaman X4 tərəfindən işsiz şəxslərin aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi üçün xeyli məhdudiyyətlər aradan qalxmışdır. Hamıya məlumdur ki, koronavirus pandemiyasının milli iqtisadiyyata, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması, mövcud şəraitdə sosial rifahın dəstəklənməsi üçün genişmiqyaslı, təsirli və məqsədəuyğun tədbirlər yalnız 190 manat birdəfəlik ödəmə ilə sonlanmamış, işsiz şəxslərin müvəqqəti məşğulluğu təmin edilməsi məqsədilə 50 min haqqı ödənilən ictimai iş yeri (əmək haqqı 250 manat) yaradılmışdır. Digər tərəfdən 2020-ci il ərzində 10.000 nəfərdən artıq işsiz şəxsin özünüməşğulluğuna kömək məqsədilə bütün zəruri addımlar atılmışdır. Bir məsələ də vurğulanmalıdır ki, Nazirliyin “Məşğulluq” Alt sistemində (bundan sonra - MAS) Vakansiya Bankı formalaşmış və həmin bankda 10 minlərlə vakant vəzifələr vardır. İşsiz şəxs “e-sosial.az” internet portalındakı şəxsi kabinetinə daxil olaraq MAS-da mövcud olan vakansiyaları mütəmadi izləmək, həmin vəzifələrə göndərişlərin formalaşdırılması imkanlarına malikdir. Nəzərə alınmalıdır ki, yuxarıda sözügedən birdəfəlik ödəmə həyata keçirilməmiş şəxs MAS-da işsiz kimi qeydiyyatda saxlanılır və bu şəxsin istəyi və müraciəti olduğu halda onun məşğulluğunun təmin olunması məsələsinə Qanuna müvafiq olaraq baxılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, onun tabeliyində olan X4 kütləvi informasiya vasitələri ilə, habelə işsiz şəxslərə birbaşa məktublar, telefon zəngləri, sms-lər ünvanlamaqla həmin şəxslərin sosial rifahının təmin edilməsi, dayanıqlı və aktiv məşğulluq fəaliyyəti ilə məşğul olması üçün müraciətlər etmişdir. Qanunun 1.1.6-cı maddəsinə, habelə X2 konvensiyalarına əsasən işsiz şəxs - işi və qazancı olmayan, işə başlamağa hazır olub, MAS-da işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir. Göstərilənlərdən belə aydın olur ki, mümkün olduğu halda dayanıqlı məşğulluq tədbirlərindən imtina edən, yalnız passiv şəkildə ödəmə almaq niyyətində olan şəxs işsiz anlayışına uyğun gəlmir. Hazırda Qanuna uyğun olaraq X4 tərəfindən işsiz şəxslərə onların işə düzəlməsinə və əmək bazarına qaytarılmasına kömək məqsədi ilə hazırlanan aktiv məşğulluq tədbirlərinin konkret həcmini, növünü və icra müddətini müəyyən edən elektron sənəd olan fərdi məşğulluq proqramının tərtibi məqsədilə sms-lər göndərilir. Fərdi məşğulluq proqramını təsdiq etmiş işsiz şəxslə Məşğulluq Mərkəzi iş aparır, onun daimi işlə təmin edilməsi üçün vakansiyalara göndəriş verir və ya fərdi təsərrüfatının təşkili məqsədilə özünüməşğulluğa cəlb edir. Bundan başqa “Mediasiya haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən məhkəmə prosesinin istənilən mərhələsində məhkəmə işin hallarını nəzərə alaraq öz təşəbbüsü və tərəflərin razılığı ilə, yaxud tərəflərdən birinin müraciəti və digər tərəfin razılığı ilə onlara mübahisənin mediasiya vasitəsilə həllini təklif edə bilər. Belə halda məhkəmə icraatı barışıq sazişi və mediasiya prosesinin nəticələri barədə protokol təqdim edilənədək dayandırılır. Lakin məhkəmə qanunvericiliyin bu imkanından istifadə etməyərək, dövlətin, o cümlədən dövlət büdcəsinin əlavə maliyyə yükünə səbəb olur. Göründüyü kimi, məhkəmə işi hərtərəfli, tam və obyektiv araşdırmamış, işin həlli üçün zəruri olan halları müəyyən etmədən qərar qəbul etmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X7 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə apellyasiya qaydasında baxılarkən iş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yannıda Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, vergi ödəyicilərinin dövlət reyestrində İddiaçı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində uçotda olması barədə məlumat mövcud deyildir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı adına Bakı şəhəri üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan və məktuba əlavə edilmiş çıxarışdan görünür ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına görə İddiaçı adına nəqliyyat vasitəsi qeydiyyatdan keçmir, eyni zamanda etibarnamə ilə “LUAZ 969M MİNİK” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-xx.xx.2028-ci il tarixədək İddiaçı istifadəsinə verilmiş, etibarnamələrin verilməsi X13 səlahiyyətlərinə aid deyildir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, “Elektron notariat” informasiya sistemində mülkiyyətçi X10 tərəfindən İddiaçı **-EU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair 5 saylı Bakı "ASAN xidmət” mərkəzində notariat ofisində xx.xx.2018-ci il tarixdə 40023 və mülkiyyətçi X8 tərəfindən İddiaçı **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair Qazax rayon notariat ofisində xx.xx.2020-ci il tarixdə 1460 reyestr nömrələri ilə etibarnamələrin verildiyi barədə məlumat aşkar edilmişdir. Notariat qaydasında təsdiq edilmiş etibarnamələr arxivə təhvil verilmir və məhv edilənədək rəsmiləşdirildiyi notariat ofisinin arxivində saxlanılır. İş materiallarında olan Qazax rayon notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli etibarnamənin və AF seriyalı 020737 nömrəli sürücülük vəsiqəsinin surətlərindən görünür ki, etibarnamə verilən şəxs İddiaçı xx.xx.1977-ci il təvəllüdlüdür, Qazax rayonunda doğulmuşdur, Ağstafa rayonu Poylu qəsəbəsindlə qeydiyyatdadır. İddiaçı isə xx.xx.1965-ci ildə ünvan 2 ünvanında qeydiyyatdır. İş materiallarında olan İddiaçı göndərilmiş SMS-in surətindən görünür ki, o, aztəminatlı sayılmadığı üçün 190 manat birdəfəlik ödəmə verilməsindən imtina edilmişdir. İş materiallarında olan məşğulluq alt sistemindən çıxarışlardan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə online müraciət etmiş, xx.xx.2020-ci il tarixdə işsiz kimi qeydiyyata alınmışdır. İş materiallarında olan fərdi məşğulluq vərəqindən çıxarışa əsasən İddiaçı xx.xx.2020ci il tarixdən işsiz kimi qeydiyyata alınmışdır. İş materiallarında olan Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən həmin tarixdə verilmiş 1537 saylı nikahın pozulması arayışından görünür ki, İddiaçı və X1 nikahının pozulması haqqında xx.xx.1991-ci il tarixdə 21 nömrəli akt qeydi tərtib edilmişdir. Nikah pozulduqdan sonra ərə Hüseynov, arvada Xudiyeva soyadı verilmişdir. İşdən görünür ki, iddiaçı 2020-ci ilin aprel, may, iyun, avqust və dekabr ayları üçün 190 manat məbləğində birdəfəlik ödəmənin ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2020-ci il tarixdə müraciət etmiş, xx.xx.2020-ci il tarixdə işsiz kimi qeydiyyata alınmışdır. Göründüyü kimi, qaydaların tələbinə əsasən iddiaçı pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyata alınmış şəxslər sırasına aid edilir. Həmçinin iddiaçının vergi ödəyicilərinin dövlət reyestrində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində uçotda olması barədə məlumat mövcud deyildir, onun adına daşınmaz əmlak, mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsi qeydiyyata alınmamışdır. Eyni zamanda cavabdeh inzibati orqan tərəfindən 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsindən imtinanın əsasları məhkəməyə təqdim edilə bilmədi. Cavabdeh iddiaçının aztəminatlı sayılmadığı üçün 190 manat birdəfəlik ödəmə verilməsindən imtina etsə də, bunu ümumi şəkildə qeyd etməklə iddiaçının aztəminatlı sayılmamasının əsaslarının nədən ibarət olmasını dəqiq göstərməmişdir. Göstərilənlər əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.6-cı maddəsinə əsasən işsiz şəxs - işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nın 1.1-ci bəndinə əsasən koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra – Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra - pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsistemində (bundan sonra - MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra – işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir. Həmin Qaydalara əsasən birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə və pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə ödənilir (1.2, 1.3, 1.4, 2.1 və 2.2-ci bəndləri). Həmin Qərarın 2.3-cü bəndinə əsasən Dövlət qurumlarından aşağıdakı ödənişləri alan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə (2.3.1); əmək pensiyaçılarına (2.3.2); aylıq müavinət alanlara (2.3.3.); aylıq təqaüd alanlara (2.3.4); özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə (2.3.5); işsizlikdən sığorta ödənişi alanlara (2.3.6); peşə hazırlığına görə təqaüd alanlara (2.3.7); 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə(2.3.8); əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara (2.3.9); əri və ya arvadı bu Qaydanın 2.3.1-ci - 2.3.8-ci yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə (2.3.10). Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nın təsdiq edilməsi barədə» 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarının: 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olan şəxslərə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmə verilsin. 2-1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən hallar istisna olmaqla, birdəfəlik ödəmənin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarının 2020-ci il 25 aprel tarixinə qüvvədə olan redaksiyasının 1-ci hissəsində göstərilən müddətlərə uyğun olaraq, xüsusi karantin rejiminin tətbiq edildiyi dövrü əhatə edir və cari ilin aprel və may ayları üçün ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında» 2020-ci il 23 iyun tarixli 216 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsinin birdəfəlik şəkildə həyata keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Salyan, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında» 2020-ci il 07 avqust tarixli 283 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Salyan, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsinin birdəfəlik şəkildə həyata keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikasının ərazisində koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında» 2020-ci il 23 dekabr tarixli 506 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsinin birdəfəlik şəkildə həyata keçirilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdə iddiaçının 190 manat birdəfəlik ödəmənin verilməsi ilə bağlı tələbindən imtina edən cavabdeh inzibati orqan iddiaçının aztəminatlılıq meyarına uyğun gəlmədiyini əsaslansa da, bununla bağlı hər hansı mötəbər sübutu nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına təqdim edə bilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, cavabdeh tərəfindən iddiaçının aztəminatlılıq meyarına uyğun gəlmədiyinə istinad edərək, iddiaçıya maddi yardımın ödənilməsindən imtina etməsi əsassızdır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, hazırkı məhkəmə icraatında həmçinin cavabdeh tərəfindən iddiaçıya münasibətdə işsiz kimi xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə verilməsini istisna edən digər halın mövcudluğu ilə bağlı hər hansı sübut təqdim olunmamış, dəlil bildirməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalıdır. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər iddia tələbinin mümkün sayılmamasına, eləcə də iddianın təmin edilməməsinə əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 2-1(112)-1194/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar