Məhkəmə qərarları › İş №2-1(103)-2662/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2662/2023

01.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2662/2023 01.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinə qarşı “sosial evlə təmin edilmə” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X3 ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinə qarşı “sosial evlə təmin edilmə” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2696/2023 saylı 13 mart 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 01 noyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində yerləşdirilmiş 2-ci qrup Qarabağ Müharibəsi əlillərinin güzəştli mənzil uçot siyahısından görünür ki, iddiaçı özü ilə birlikdə 4 nəfərdən ibarət ailə tərkibi ilə xx.xx.2008-ci il tarixdən mənzil növbəsinə götürülmüş və adı siyahıda 8-ci yerdədir. Bakı şəhəri Yasamal RHK tərəfindən tərtib olunaraq təsdiq edilən xx.xx.2008-ci il tarixli M\V №077176 saylı vəsiqədən görünür ki, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsi və Yasamal rayon Hərbi Komissarlığı tərəfindən verilən xx.xx.2009 və xx.xx.2019-cu il tarixli eyni məzmunlu arayışlardan görünür ki, ehtiyatda olan ədliyyə kapitanı İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və 2-ci qrup Qarabağ əlilidir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilən təkrar müayinədən keçən əlillər üçün SER TSE-01 seriyalı xx.xx.2013-cü il tarixli TSEK arayışından görünür ki, ona hərbi xidmət vəzifəsini yerinə yetirərkən aldığı hərbi travma nəticəsində İİ qrup müddətsiz əlillik dərəcəsi təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdfiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi 1 saylı DOST Mərkəzi tərəfindən iddiaçıya verilən xx.xx.2020-ci il, xx.xx.2022 və xx.xx.2023-cü il tarixli eyni məzmunlu arayışların mətnindən müəyyən edilir ki, arayışlar İddiaçı ondan ötrü verilmişdir ki, İddiaçı mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Nazirliyin tabelliyində DSMF-nun Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2-ci dərəcə əlilliyə görə əvvəllər 230 manat, sonradan 350 manat, hazırda isə 400 manat məbləğində Prezident təqaüdü alır. İddiaçı 2008-ci ildən Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin mənzil şöbəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar xidməti vəzifələri yerinə yetirərkən 2-ci qrup Müharibə əlili kimi mənzil növbəsinə durmağı nəzərə alınaraq, bununla bağlı Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli Sərəncamının 1-ci və 1.1-ci bəndlərinin tələblərinə əsasən sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün Bakı şəhərində mənzillə təmin olunması barədə ərizə ilə cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh qurum tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdehin xx.xx.2021-ci il tarixli məktubunda göstərilmişdi ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli, 569 nömrəli Sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında uçota alınmış bu kateqoriyadan olan şəxslərin 2014- 2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Yasamal Rayon İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuş 2014-cü il 04 mart tarixli 188/d nömrəli məktubda onun 10 oktyabr 2008-ci il tarixdən mənzil növbəsinə dayandığı qeyd edilmişdir. Həmin məktub və növbəlik siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilmişdir. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı sosial-məişət şəraitinizin yaxşılaşdırılması məsələsinə növbəlilik qaydasında baxılacaqdır. Həmin imtina məktubundan narazı qalan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərək, 2008-ci ildən Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin mənzil şöbəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar xidməti vəzifələri yerinə yetirərkən 2-ci qrup Müharibə əlili kimi mənzil növbəsinə durmağı nəzərə alınaraq, bununla bağlı Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli Sərəncamının 1-ci və 1.1-ci bəndlərinin tələblərinə əsasən sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün Bakı şəhərində mənzillə təmin olunması öhdəliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətləri Agentliyinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, 14 ildir ki, 2008-ci ilin oktyabr ayından Yasamal rayonundan Azərbaycan Respublikasının ərazi bütövlüyünün və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar xidməti vəzifələri yerinə yetirərkən 2-ci qrup Müharibə əlili olaraq Qarabağ qazisi kimi mənzil növbəsinə durmuş, həmin vaxtdan növbədə 27-ci olmuş, halhazırda 8-ci sıradadır. Lakin bu vaxtadək həmin kateqoriyadan olan şəxslər 10.000-dən artıq mənzillə təmin olunmalarına baxmayaraq, o, Sosial Xidmət Agentliyi tərəfindən mənzillə təmin olunmamışdır. 2-ci qrup Müharibə əlili kimi Qarabağ qazisi olduğu üçün 350 manat Prezident təqaüdü alır və ona ƏƏSMN tərəfindən Qarabağ əlili kimi “Nazlifan” markalı dövlət hesabına avtomobil də verilmişdir. 14 il müddət ərzində ƏƏSMN yanında Sosial Xidmətlər Agentliyinə yazılı və şifahi müraciətlər etsə də, müraciəti nəticəsiz qalmışdır. Uzun illərdir 35 kv.m. sahəsi olan mənzildə 8 nəfərlə birgə yaşayır. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan etirazında bildirmişdir ki, iddia tam əsassızdır. Belə ki, İddiaçı əlilliyi müəyyənləşdirilərkən TSEK arayışında səbəb kimi “hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar” göstərilmişdir. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında uçota alınmış bu kateqoriyadan olan şəxslərin 2014- 2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Sözügedən sərəncamla hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyi əldə etmiş şəxslər əhatə olunmur. Bu səbəbdən İddiaçı mənzillə təmin olunması ilə bağlı tələb yönəldilə bilən subyekt qismində çıxış etmir. Əlavə olaraq o da qeyd edilir ki, İddiaçı iddia ərizəsində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamına istinad edir. Lakin iddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi 2008-ci il tarixindən uçota alındığından onun mənzil məsələsinə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamı çərçivəsində baxılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2696/2023 saylı 13 mart 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlanmasına baxmayaraq iddiaçı elektron qaydada ərizə verərək, müalicədə olduğu üçün məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmiş və işə onun iştirakı olmadan baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati məhkəmə icraatının işitirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə iddiaçının iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddiasının təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia inzibati orqan tərəfindən müvafiq inzibati aktın qəbulu ilə bağlı deyil, mövcud inzibati akt istiqamətində hərəkətin edilməsi ilə bağlıdır, yəni öhdəliyin icrası haqqında iddiadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Bu növ iddialar üzrə qanunvericilikdə iddia müddəti müəyyən edilməmişdir. Bu baxımdan iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinə qarşı tələbi “sosial evlə təmin edilmə” barədədir. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında uçota alınmış bu kateqoriyadan olan şəxslərin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulduğundan və həmin sərəncamla hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyi əldə etmiş şəxslər əhatə olunmadığından iddiaçının tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamında qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində olan məsələlərdəndir. 2014-cü ilədək bu kateqoriyadan olan 4278 əlilliyi olan şəxs və şəhid ailəsi mənzillə təmin edilmiş, 5731 nəfər yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Həmin Sərəncama əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirməsi qərara alınmışdır. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nöməli Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirməsi qərara alınmışdır. 1.1. 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri. Yuxarıda qeyd edilən qanunvericilik normalarından belə bir qənaətə gəlmək olar ki, Sərəncamlar yerli icra hakimiyyətlərində yaşayış sahəsinə ehtiyacı olan qisimdə mənzil növbəsinə götürülmüş Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə şamil olunur. Məhkəmə araşdırması zaman müəyyən edilmişdir ki, iddiaçıya 09 yanvar 2013-cü il tarixdə “sol bud çanaq oynağının ankilozu ağrı sindromu ilə sol aşağı ətrafın 4 sm qısalığı” diaqnozu ilə müddətsiz İİ dərəcə əlillik verilmişdir. Səbəb kimi isə “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” göstərilmişdir. Həmçinin iddiaçının daha öncə məhkəməyə təqdim etdiyi sənədlərdə, o cümlədən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilən təkrar müayinədən keçən əlillər üçün SER TSE-01 seriyalı xx.xx.2013-cü il tarixli TSEK arayışında əlilliyinin səbəb əlaqəsi “hərbi xidmət vəzifəsini yerinə yetirərkən” kimi qeyd olunmuşdur. Lakin sonradan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsi tərəfindən iddiaçıya verilən xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, arayış İddiaçı ondan otrü verilmişdir ki, həqiqətən o, Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir və müharibə veteranıdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdfiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi 1 saylı DOST Mərkəzinin 07 fevral 2023-cü il tarixli 3-17-7/2-A-7389/2023 nömrəli məktubundan görünür ki, İddiaçı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “sosial ödənişlər” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2-ci dərəcə əlilliyə görə 400 manat məbləğində Prezident təqaüdü alır. Göründüyü kimi, iddiaçının əlilliyinin səbəb əlaqəsi ilə bağlı iş materiallarında olan sənədlər arasında ziddiyyətli məqamlar mövcud olmuşdur. Həmin ziddiyyətli məqamlara aydınlıq gətirilməsi məqsədilə birinci instansiya məhkəməsi tərəfindən müvafiq sorğular verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, “Əlillik” altsistemində olan məlumatlara əsasən İddiaçı əlillik vəziyyəti xx.xx.2013-cü il tarixdə qiymətləndirilmiş və “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” səbəbi ilə müddətsiz ikinci dərəcəli əlillik təyinatı aparılmışdır. Həmin məktuba əlavə edilmiş TSEK müayinələrinə dair Əlillik altsistemindən məlumatlardan görünür ki, 16 saylı Şəhər Poliklinikası tərəfindən verilən xx.xx.2013-cü il tarixli göndəriş əsasında xx.xx.2013-cü il tarixdə qiymətləndirilmə aparılaraq “Səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik: X1: XİX Sinif-Travmalar, əhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri=>S70-S79- Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları=>S76-Bud-çanaq oynağı və bud nahiyəsinin.; Diaqnozun mətni: Sol bud çanaq oynağının ankilozu ağrı sindromu ilə sol aşağı ətrafda 4 sm qalınlığı; Meyar: 2.2 ikinci dərəcə müddətsiz əlillik (səbəbi- Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik) dərəcəsi verilmişdir. Beləliklə, iş üzrə müəyyən olunur ki, iddiaçının müddətsiz İİ dərəcə əlilliyinin səbəb əlaqəsi “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik” olduğundan ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nöməli Sərəncamının müddəaları şamil oluna bilməz. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, adı çəkilən Sərəncam yerli icra hakimiyyətlərində yaşayış sahəsinə ehtiyacı olan qisimdə mənzil növbəsinə götürülmüş Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə şamil olunur. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali məhkəməsinin İnzibati Kollegiyasının hüquqi marağı qərarlarında belə əsaslandırılmışdır (2-1(102)-2123/2022 saylı xx.xx.2022ci il tarixli qərar) Sözügedən Sərəncamın 1.1-ci bəndində “Çernobıl AES-də qəzanın ləğvi" ifadəsindən sonra mötərizədə verilmiş “o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi” ifadəsi isə yalnız Çernobıl AES-də hərbi-xidməti vəzifələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxsləri ehtiva edir. Buna görə də digər şəraitdə hərbi xidmət vəzifəsi ilə bağlı əlilliyi müəyyən edilmiş şəxslərə həmin Sərəncamın 1.1-ci bəndi şamil edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti isə təmin edilməməlidir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bir qismi isə bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, buna görə də təmin edilməməlidir. Odur ki, məhkəmə kollegiyası iddia tələbinin təmin olunmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2696/2023 saylı 13 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2696/2023 saylı 13 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar