Məhkəmə qərarları › İş №2-1(103)-2663/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2663/2021

03.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2663/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, Ərizəçinin nümayəndəsi X1 iştirakı ilə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4368/2017 saylı iş üzrə icraatın yeni açılmış hallar üzrə təzələnməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi 2-1(82)-4368/2017 saylı 12 avqust 2021-ci il tarixli qərardaddan İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 03 noyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onun 1977-1978-ci illərdə Ucar rayonu Qazqumlaq kənd sabiq “Qafqaz” kolxozunun son hesablaşma cədvəllərinə əsasən işlədiyi illərin güzəştli iş stajı kimi 2004- 2005-ci illərin əmək haqqı nəzərə alınmaqla 06 noyabr 2009-cu il tarixdən 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və təyin edilərkən yaranmış fərqin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4368/2017 saylı 27 sentyabr 2017-ci il tarixli qərarına əsasən iddia təmin edilərək, İddiaçı 1977-1978-ci illərdə Ucar rayonu, Qazqumlaq kənd sabiq “Qafqaz” kolxozunun son hesablaşma cədvəllərinə əsasən işlədiyi illəri güzəştli iş stajı kimi nəzərə almaqla, 06 noyabr 2009-cu il tarixdən 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 2004- 2005-ci illərin əmək haqqı əsasında təyin edilərək hesablanması və pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsi apelyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4368/2017 saylı 27 sentyabr 2017-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2622/2017 saylı 08 noyabr 2017-ci il tarixli Qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4368/2017 saylı, 27 sentyabr 2017-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qərardan narazı qalan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-357/2018 saylı 31 yanvar 2018-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-2622/2017 saylı 08 noyabr 2017-ci il tarixli Qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 23.11.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə verilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, pensiya işinə əlavə olunmuş sənədlər araşdırılarkən İddiaçı tərəfindən şöbəyə 50 yaşından pensiya təyinatı barədə müraciəti və şöbə tərəfindən ona verilmiş imtina məktubu pensiya işində aşkar edilməmişdir. Qeyd edildiyi kimi, pensiya işində İddiaçı tərəfindən əvvəllər pensiya təyin olunması barədə yazılmış heç bir ərizəsi və şöbənin həmin ərizəyə verilmiş imtina məktubu aşkar olunmadığından 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27.09.2017-ci il tarixli (İş № 2- 1(82)-4368/2017) qərarında qeyd olunanlara əsasən sözügedən şəxsin şöbəyə 50 yaşdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün müraciət etdiyini, lakin şöbənin tarixi və nömrəsi olmayan imtina məktubu ilə onun işlədiyi peşə güzəştli siyahıda olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin mümkünsüzlüyü barədə məlumat verildiyi müəyyən olunmuşdur. Araşdırma zamanı aşkar edilmişdir ki, İddiaçı pensiyası ilə əlaqədar məhkəmə işlərinə pensiya təyinatından 9 ay sonra - 2017-ci ilin sentyabr ayından başlanılmışdır. İddiaçının kolxozda hansı peşələrdə işlədiyi və işlədiyi sahələrin güzəştli və ya xüsusilə zərərli və xüsusilə ağır sahələrə aid olması barədə arayışda heç bir qeydlər aparılmamışdır. Məhkəmə qərarlarından göründüyü kimi, 1977-1978-ci illər üzrə işlədiyi müddətlər nəzərə almaqla İddiaçı güzəştli şərtlərlə pensiya təyinatı barədə qərar qəbul edilmişdir. Lakin hər 3 instansiya məhkəməsində vətəndaşın istinad edilən iş yerindən onun zərərli və ağır olan işlərdə işləməsini təsdiq edən müvafiq rəsmi sənədlərin, o cümlədən güzəştli arayışın alınması təmin və tələb edilməmiş, xüsusilə zərərli və xüsusilə ağır işlərdə işləməsi və peşəsi barədə zəruri tədqiqat işləri aparılmamış, qərarlarda xüsusi vurğulanan Ucar rayonu, Qazqumlaq kənd sabiq “Qafqaz" kolxozund işlədiyi barədə əsaslı sənədlər olmadan iddia tələbi təmin edilmiş, ümumi mülahizələr əsasında qərarlar qəbul edilmişdir. Beləliklə, göstərilənlər təsdiq edir ki, məhkəmə baxışı formal olaraq keçirilmiş, məhkəmə qərarının tərtibi və rəsmiləşdirilməsi zamanı şablon mətnlərdən istifadə edilmiş, məhkəmə predmeti vətəndaşa təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin qoyulması olmuşdur. Araşdırma zamanı vətəndaşın pensiya işində olan əmək kitabçasının surətində qeyd olunmuş peşə və vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısına uyğun olmadığı müəyyən edilmişdir. Belə ki, Güzəştli siyahının 10.2-ci maddəsinə əsasən 11.05.1990-01.04.1997-ci illərdə "Neft Daşları" Neft və Qaz Çıxarma İdarəsində Neftin kompleks hazırlanması və nəqli sexinin Daxiliyanma mühərrikinin maşinisti peşəsinə görə İddiaçı güzəştli şərtlərlə pensiya hüququ 50 yaşdan deyil, 57 yaşından yaranır. Bununla belə, pensiyanın təyin edilməsi barədə qərarın rəsmiləşdirildiyi 2017-ci il tarixədək İddiaçı 8 il əvvəl, yəni 2009-cu ildən güzəştli şərtlərlə pensiya hüququ yaranmışdırsa, onun pensiya təyinatı üçün aidiyyəti qurumlara müraciət etməməsi və ya hansısa səbəblərdən güzəştli şərtlərlə pensiya təyin edilməməsi onun 50 yaşdan güzəştli şərtlərlə pensiya hüququnun yaranmaması, müvafiq qanunvericiliyin tələblərinə və şərtlərinə zidd olması kimi səciyyələndirmək olar. Qüvvədə olan qanunvericiliyə əsasən vətəndaşın pensiyası 2004-2005-ci illərin əməkhaqqına əsasən hesablana bilməz və İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası qanunvericiliyə müvafiq olaraq 06.11.2016-cı il tarixdən düzgün təyin olunmuşdur. Eyni zamanda, İddiaçı yazılı müraciəti və Qanunun 37-ci maddəsinin şərtlərinə görə 6 illik pensiya kapitalı əsasında onun pensiyası 01.12.2022-ci il tarixdən yenidən hesablana bilər. Beləliklə, şöbə tərəfindən məhkəmə qərarları əsasında İddiaçı pensiyasının yenidən hesablanılması və 01.02.2020-ci il tarixədək ödənilməsi nəticəsində plastik kart hesabına külli miqdarda əsassız məbləğ köçürülmüşdür. Araşdırma ilə əlaqədar 01.02.2020-ci il tarixdən İddiaçı təyin olunmuş pensiyanın ödənişi dayandırılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-4368/2017 saylı 12 avqust 2021-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(82)-4368/2017 saylı 12 avqust 2021-ci il tarixli qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərardadı tamamilə qanunsuz və əsassızdır. İddia ərizəsi üzrə sübutların tədqiqi başa çatmış və yekun məhkəmə aktları çıxarılmışdır. Şikayət mümkün sayılaraq icraata qəbul edilmiş və ona baxılması 03.11.2021-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdi. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə iddiaçı X2 iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı DSMF-nun XŞTMF-nın nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. İşə birinci instansiya qaydasında baxmış məhkəmə ilkin məhkəmə icraatında baxılan zaman güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında DSMF-nun rayon şöbələrinin səlahiyyətlərinə aid olduğundan, iş üzrə cavabdeh qismində məhz ƏƏSMN-nın DSMF-nun Suraxanı rayon şöbəsi çıxış etmişdir. Hazırda qanunvericiliyin tələbi üzrə Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulan şəxslərin pensiyalarının təyin edilməsi Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının səlahiyyətlərinə aid edildiyini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4368/2017 saylı 27 sentyabr 2017-ci il tarixli qərarı ilə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğundan, hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiali yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə vermək səlahiyyətinə malikdir. Birinci instansiya məhkəməsi sözügedən ərizənin rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirərək, ərizəçinin nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, birinci instansiya məhkəməsi aşağıdakılara əsasən ərizə üzrə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizədə mübahisə edilən məhkəmə qərarı haqqında məlumat, icraatın təzələnməsi üçün əsaslar, məhkəmə qərarının mübahisə edilən hissəsi və ya həcmi barədə məlumat və ərizənin bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətdə verildiyini təsdiq edən sübutetmə vasitələri haqqında məlumat göstərilməlidir. Ərizəyə yeni sübutlar və hallar barədə sənədlərin, habelə başqa müvafiq sənədlərin əsli və ya surəti əlavə olunur. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir (100, 103, 104,106). Həmin Məcəlləsinin 103.2-ci maddəsinə əsasən mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Həmin Məcəllənin 103.3-cü maddəsinə əsasən bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Sadalanan qanunvericilik normalarının məzmunundan görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının təzələnməsinə yalnız sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə yol verilir. Hazırki işdə “yeni açılmış hallarla bağlı icraatın təzələnməsi” barədə ərizənin məzmunundan görünür ki, həmin ərizədə “yeni açılmış hallar”ın əsası kimi göstərilən hallar işin mahiyyəti ilə, yəni iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına əsas verə biləcək hallarla bağlıdır, hansı ki, bu hallar əvvəlcədən də cavabdehə məlum olmuş, məhkəmə qərarının qanuni qüvvəyə minməsindən sonra yaranmamış və onların ilkin icraat zamanı cavabdehdən asılı olmayan səbəblərdən təqdim olunmadığı müəyyən olunmur, cavabdeh bu halı təsdiq edən hər hansı sübutu ərizəsinə əlavə etməmişdir. Odur ki, ərizəçinin göstərdiyi hallar işin icraatının təzələnməsi üçün əsas verə biləcək yeni açılmış hallar kimi qəbul edilə bilməz. Bununla yanaşı, Kollegiya nəzərə alır ki, hazırki iş üzrə iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunarkən bunun üçün qanunla müəyyən edilmiş şərtlərin ödənilib-ödənilməməsi məsələsi məhkəmələr tərəfindən yoxlanılmışdır və iddiaçının pensiya işində onun bu iddia tələbi ilə bağlı inzibati orqana müraciətinin və bu müraciətdən imtinanın mövcud olmaması, yaxud da iddiaçının işlədiyi peşələrin ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı əvəzinə məhkəmənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıya istinad etməsi məhkəmə qərarından sonra yeni açılmış hallar kimi qiymətləndirilə bilməz. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, ərizədəki dəlillər qanunvericiliyin tələblərinə görə qanuni qüvvədə olan məhkəmə qərarının yeni açılmış hal üzrə icraat qaydasında ləğv edilməsi üçün əsas yaratmır. İş üzrə birinci instansiya məhkəməsi qeyd olunan halları nəzərə almadan “yeni açılmış hallar” barədə ərizəni təmin edib, qanuni qüvvəsini almış məhkəmə qərarını ləğv etməklə icraatın təzələnməsi barədə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin 12.08.2021-ci il tarixli qərardadı ləğv edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-4368/2017 saylı 12 avqust 2021-ci il tarixli qərardadı ləğv edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş “yeni açılmış hallar üzrə icraatın təzələnməsi” barədə ərizə təmin edilməsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar