Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2664/2021 15.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Quluzadə Arzu İsrafil qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyası) əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1436/2021 saylı, 29 iyun 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyası) iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Daxili İşlər Nazirliyinin Tibbi İdarəsinə bilavasitə tabe olan 1 nömrəli X2 Komissiyasının 13.01.2020-ci il tarixli, ******* AAAGN nömrəli bildirişinə əsasən tibbi sənədlərdə qeyd edilmiş xəstəliyin onda olması ilə əlaqədar əlilliyin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-645/2020 saylı, 19 iyun 2020-ci il tarixli qərardadına əsasən iş aidiyyatı üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1985-ci ildə Belarusiya Respublikasının Mogilyov şəhərində yerləşən Milis məktəbinə daxil olmuşdur. 1986-cı ildə Mogilyov şəhər Milis məktəbinin rəhbərliyi tərəfindən 30 gün müddətinə Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması işlərinə cəlb edilmişdir. 30 gün müddətində orada xidmət aparmış və bu müddət ərzində şüalanmaya məruz qalmışdır. 1982-ci ildən Rusiya Federasiyasının Voronej şəhərində DİO-na qəbul olunmuşdur. 1992ci il tarixdən etibarən Azərbaycan Respublikası DİO-da müxtəlif qurumlarda xidmət etmişdir. 19.09.2015-ci il tarixdə təqaüdə çıxmışdır. 10 sentyabr 1991-ci il tarixdə Çernobıl AES-də baş vermiş qəzanın aradan qaldırılmasında iştirak etməsi barədə vəsiqə, radioaktiv şüalanma barədə 29.11.1986-cı il tarixli qeydiyyat vəsiqəsi və Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etməsi barədə isə Azərbaycan Respublikası Çernobıl İttifaqı tərəfindən vəsiqə verilmişdir. Səhhətində olan problemlərlə əlaqədar 29.06.2017-ci il tarixdən 17.07.2017-ci il tarixə qədər, 16.11.2019-cu il tarixdən 27.11.2019-cu il tarixə qədər olan müddət ərzində DİN-nin A.Heydərov adına Respublika Hospitalında müalicə olunmuşdur. Ona “Toksiki ensefalopatiya Postradison ensefalopatiya, Kəskin ifadə olunmuş asteno-nevrotik sindrom. Postradision mielopatiya. Aşağı ətrafın paraparezi” rəyi verilmiş və bunların DİO-da xidmət vəzifələrinin icrası zamanı alınması, əsas olaraq xəstəliklərinin səbəbini və əlilliyin peşə xarakterinin Çernobıl AES-də baş vermiş qəzanın ləğvi işləri ilə əlaqələndirilməsi üzrə Respublika İdarələrarası Ekspert Şurasının ekspert rəyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyasının 16.07.2018-ci il tarixli, 231 nömrəli protokolu olması göstərilmişdir. 10 dekabr 2019-cu il tarixdə, 13.01.2020-ci il tarixdə Həkim Məsələhət Komissiyası tərəfindən qeyd edilmiş şüalanma ilə əlaqədar xəstəliklərin onda olması qeyd edilmiş, əlilliyin verilməsi üçün aidiyyatı üzrə göndərilmişdir. Bundan əvvəl də dəfələrlə göndəriş verilmiş, lakin cavabdeh təşkilat əlilliyi verməkdən imtina etmişdir. Lakin 15.01.2020-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası “Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkim rəyi: 1986-cı ildən xəstə olmasına baxmayaraq, son illərə qədər xəstəliyi təsdiq edən ambulator və stasionar müraciətlər qeyd edilməmişdir” deyə əlilliyi verməkdən imtina etmişdir. Halbuki “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərərçəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 06 dekabr 1993-cü il tarixli Qanununun 8-ci maddəsinə əsasən bu Qanununun 5-ci maddəsinin 1-ci bəndinin “a”, “b” və “v” yarımbəndlərində və 2-ci bəndində göstərilən şəxslərə Çernobıl AES-də qəzanın nəticələrinin ləğvi iştirakçılarının vəsiqələri verilir. Qanunun 5-ci maddəsinin 3-cü bəndində göstərilmiş şəxslərə isə Slavutiç şəhərinin tikintisində iştirak etmiş və şüadan müəyyən qədər zərərçəkmiş digər şəxslərin vəsiqəsi verilir. Həmin vəsiqələr Qanunda nəzərdə tutulmuş güzəşt hüquqlarını təsdiq edən sənəddir. Hesab edir ki, cavabdehin ona əlilliyin verilməməsi barədə rəyi qanuni və əsaslı hesab edilə bilməz və qeyd edilmiş xəstəliklə əlaqədar ona əlilliyin verilməsi öhdəliyi onun üzərinə qoyulmalıdır. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək onunla əsaslandırmışdır ki, İddiaçı əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AAD8T saylı göndərişi əsasında 31.08.2018-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən göndərişin təhlili göstərmişdir ki, xəstəlik 26.04.1986-cı il tarixdə başlanmışdır. Əsas diaqnoz kimi “Baş beynin digər zədələnmələri, Postradiasion ensefalopatiya. Kəskin ifadə olunmuş astenonevrotik sindrom” xəstəliyi, ağırlaşma kimi “Kəskin ifadə olunmuş asteno-nevrotik sindrom” xəstəliyi göstərilmişdir. Yanaşı xəstəlik kimi isə “Serebral ateroskleroz, Qasıq yırtığı, Prostat vəzinin hipertrofiyası. Essensial (birinci) hipertenziya, Hipertoniya xəstəliyi İİ dərəcə. Birtərəfli və ya dəqiqləşdirilməmiş qasıq yırtığı, keçməməzlik və ya qanqrena olmadan, sol tərəfli qasıq yırtığı.” xəstəlikləri qeyd edilmişdir. Qeyd edilmiş diaqnoz və ağırlaşmalar Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq əlilliyin təyininə əsas vermir. Buna görə də əlillik təyinatının aparılması mümkün olmamış və əsaslı olaraq əlavə müalicəyə ehtiyacı olması barədə qərar verilmişdir. Belə ki, “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.9-cu bəndinə uyğun olaraq “qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri” ikinci dərəcəli əlilliyin təyininə əsas verir. Səhiyyə müəssisəsinin göndərişində İddiaçı olan sinir sisteminin xəstəliyi kimi göstərilmiş “Baş beynin digər zədələnmələri, Postradiasion ensefalopatiya. Kəskin ifadə olunmuş asteno-nevrotik sindrom” xəstəliyi, ağırlaşma kimi “Kəskin ifadə olunmuş asteno-nevrotik sindrom” xəstəliyinin 2.2.9-cu bəndinə uyğun əlilliyin təyininə əsas verən ağırlaşmalar qeyd edilməyib. Həmçinin xəstəliyin başladığı dövrdən dinamikası və aparılmış müalicələr barədə heç bir məlumat qeyd edilməmişdir. Buna görə də əlillik təyinatının aparılması mümkün olmamış və əsaslı olaraq əlavə müalicəyə ehtiyacının olması barədə qərar verilmişdir. İddiaçı əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 439900AAAGG saylı göndərişi əsasında 06.12.2019-cu il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən göndərişin təhlili göstərmişdir ki, xəstəlik 26.04.1986-cı il tarixdə başlamışdır. Əsas xəstəlik “Toksiki ensefalopatiya, Postradiasion ensefalopatiya. Kəskin ifadə olunmuş asteno-nevrotik sindrom. Postradiasion mielopatiya. Aşağı ətrafların paraparezi”, ağırlaşma kimi isə “Paraplegiya və tetraplegiya, Aşağı ətrafların paraparezi. Postradiasion mielopatiya. Digər neqativ pozğunluqlar, kəskin ifadə olunmuş astenonevrotik sindrom” diaqnozu göstərilmişdir. Yanaşı xəstəlik kimi isə “Prostat vəzinin hiperplaziyası, prostat vəzin hiperplaziyası. Hipertenziv ensefalopatiya, dissrkulyator ensefalopatiya. Postradision ensefalopatiya. Essensial (birincili) hipertenziya, Hipertoniya xəstəliyi İİ mərhələ.” xəstəliyi qeyd edilmişdir. Əvvəlki göndərişdə qeyd edilməyən ağırlaşma olan “Aşağı ətrafların paraparezi” xəstəliyi heç bir müayinə ilə təsdiq edilmir. Digər ağırlaşmalar isə yuxarıda qeyd edildiyi kimi əlilliyin təyininə əsas vermir. Bu göndərişdə də xəstəliyin başladığı dövrdən dinamikası və aparılmış müalicələr barədə heç bir məlumat qeyd edilməmişdir. Buna görə də bu göndəriş əsasında əlilliyin təyini mümkün olmamış və əsaslı olaraq göndərişin natamam doldurulması barədə qərar verilmişdir. İddiaçı əlillik vəziyyətinin sonuncu dəfə Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4399003AAAGN saylı göndərişi əsasında 29.12.2019-cu il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Qiymətləndirilməyə əsas verən göndərişin təhlili göstərdi ki, xəstəlik 26.04.1986-cı il tarixdə başlamışdır. Əsas xəstəlik və ağırlaşmaları, eləcə də yanaşı xəstəliklər əvvəlki göndərişdə olduğu kimi təkrarən qeyd edilmişdir. Yenə də ağırlaşma kimi qeyd edilmiş “Aşağı ətrafın paraparezi” xəstəliyi heç bir müayinə ilə təsdiq edilmir. Digər ağırlaşmalar isə yuxarıda qeyd edildiyi kimi əlilliyin təyininə əsas vermir. Bu göndərişdə də xəstəliyin başladığı dövrdən dinamikası və aparılmış müalicələr barədə heç bir məlumat qeyd edilməmişdir. Buna görə də bu göndəriş əsasında əlilliyin təyini mümkün olmamış və əsaslı olaraq göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə TSERAS üzərində qiymətləndirilməklə müəyyən edilir, qərar elektron imza ilə imzalanmaqla rəsmiləşdirilir. Həmin Əsasnamənin 4.2-ci bəndinə əsasən göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır”. Əsasnamənin 4.7-ci bəndinə əsasən səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar.” İddiaçı oğluna səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişlərdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostika müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmamış, əlilliyin təyininə əsas verən ağırlaşmalar qeyd edilməmişdir. Buna görə də əlillik təyinatının aparılması mümkün olmamış və əsaslı olaraq imtina qərarları verilmişdir. İddiaçı əlilliyin təyini istiqamətində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti və tabeli tibbi-sosial ekspert komissiyaları tərəfindən hər hansı qanuna zidd hərəkətlərə və ya hərəkətsizliyə yol verilməmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyası birinci instansiya məhkəməsinə ünvanladığı 03 mart 2020-ci il tarixli, 029/XHK-07 saylı məktubla iddiaya yazılı münasibətində göstərmişdir ki, İddiaçı Xüsusi Həkim Komissiyası tərəfindən 16.07.2018-ci il tarixində “Postradision ensefalopatiya. Kəskin ifadə olunmuş asteno-nevrotik sindrom” diaqnozu ilə “DİO-da xidməti vəzifələrinin icrası zamanı alınmışdır” məzmununda qərar verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1436/2021 saylı, 29 iyun 2021-ci il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. İddiaçı apelyasiya şikayəti verərək apellyasiya şikayətini iddia ərizəsinə uyğun əsaslandırmış və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahat verərək apellyasiya şikayətini müdafə etdiyini bildirdi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuni qaydada məlumat verilmiş üçüncü şəxs öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan: - 12.02.2010-cu il tarixdə verilmiş vəsiqədən görünür ki, İddiaçı 1986-cı il tarixdə Çernobıl AES-də baş vermiş qəzanın aradan qaldırılmasında iştirak etmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyasının 31 saylı, 16 iyul 2018-ci il tarixli qərarından görünür ki, İddiaçı, Xəstəlik: “Postradision ensefalopatiya. Kəskin ifadə olunmuş asteno-nevrotik sindrom”. Bəli, DİO-da xidməti vəzifələrin icrası zamanı alınmışdır. Əsas: Xəstəliklərin səbəbini və əlilliyin peşə xarakterinin Çernobıl AES-də baş vermiş qəzanın ləğvi işləri ilə əlaqələndirilməsi üzrə Respublika İdarələrarası Ekspert Şurasının ekspert rəyi, Xüsusi Həkim Komissiyasının 16.07.2018-ci il tarixli protokolu. - Xəstəliklərin səbəbinin və əlilliyin peşə xarakterinin Çernobıl AES-də baş vermiş qəzanın ləğvi işləri ilə əlaqələndirilməsi üzrə Respublika İdarələrarası Ekspert Şurasının ekspert rəyindən görünür ki, İddiaçı xəstəlik və əlilliyin xarakterinin Çernobıl AES-də baş vermiş qəzanın ləğvi işləri əlaqəsinə dair təqdim edilən sənədlərinə əsasən: Diaqnoz: Postradiasion ensefalopatiya. Kəskin ifadə olunmuş astenonevrotik sindrom. Rəy: Xəstəlik Çernobıl AES-də baş vermiş qəzanın ləğvi işlərində radioaktiv şüalanma ilə əlaqədardır. - Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatından görünür ki, 4399003AAAGN saylı Forma 88 arayış üzrə əlilliyin təyin olunmasında imtina edilmişdir. İmtinaya səbəb olaraq dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: 1986-cı ildən xəstə olmasına baxmayaraq, son illərə qədər xəstəliyi təsdiq edən ambulator və stasionar müalicələr qeyd edilməyib. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş Tibbi Sosial Ekspertiza və X1 məlumatlardan görünür ki, iddiaçının əlilliyinin qiymətləndirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə bilavasitə tabe olan 1 nömrəli Poliklinikası tərəfindən göndərilmiş 4399003AAAGN saylı Forma 88 arayışda ona əlilliyin təyin edilməsi üçün əsas diaqnoz olaraq “Toksiki ensefalopatiya, Postradiasion ensefalopatiya. Kəskin ifadə olunmuş asteno-nevrotik sindrom. Postradiasion mielopatiya. Aşağı ətrafların paraparezi. DİO-da xidməti vəzifələrin icrası zamanı alınmışdır. Əsas: Xəstəliklərin səbəbini və əlilliyin peşə xarakterinin Çernobıl AES-də baş vermiş qəzanın ləğvi işləri ilə əlaqələndirilməsi üzrə Respublika İdarələrarası Ekspert Şurasının ekspert rəyi, Azərbaycan Respublikası DİN-in Xüsusi Həkim Komissiyasının 16.07.2018-ci il tarixli, 231 nömrəli protokolu. Ağırlaşma: Paraplegiya və tetraplegiya, aşağı ətrafların paraparezi. Pastradision mielopatiya. Nevrasteniya, kəskin ifadə olunmuş asteno-nevrotik sindrom. Yanaşı xəstəliklər: prostat vəzinin hiperplaziyası, prostat vəzin hiperplaziyası. Essensial (birincili) hipertenziya, hipertoniya xəstəliyi İİ mərhələ. Hipertenziv ensefalopatiya, Dissrkulyator ensefalopatiya. Postradiasion ensefalopatiya diaqnozları göstərilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və hesab etmişdir ki, cavabdeh tərəfindən hər hansı qanunazidd hərəkətə yol verilməsi, maddi-hüquq normalarının düzgün tətbiq edilməməsi məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən, bununla da, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İddiaçının əlilliyinin qiymətləndirildiyi dövr qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbisosial ekspert komissiyaları” haqqında Əsasnamənin 4.3-cü bəndinə əsasən göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkimməsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir. Həmin Əsasnamənin 4.2-ci bəndinə əsasən göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır. Həmin Əsasnamənin 4.6-cı bəndinə əsasən göndərişlər rəsmiləşdirildiyi tarixdən 1 (bir) ay müddətində qüvvədə olur. Həmin Əsasnamənin 4.7-ci bəndinə əsasən səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar. Həmin Əsasnamənin 4.9-cu bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3 Sosial Ekspertiza və X6 (bundan sonra - TSERAS) ötürülür. Həmin Əsasnamənin 4.9-1-ci bəndinə əsasən TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. Həmin Əsasnamənin 4.16-cı bəndinə əsasən TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. Həmin Əsasnamənin 4.17-ci bəndinə əsasən qəbul edilmiş qərar və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti qeydiyyatçı tərəfindən gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil edilir və TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir (1 nömrəli əlavə). Həmin Əsasnamənin 4.19-cu bəndinə əsasən hər iş gününün sonunda TSEK tərəfindən gün ərzində aparılmış əlilliyin qiymətləndirilməsi hallarını özündə əks etdirən protokol tərtib olunur və hər bir komissiya üzvü tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək TSERAS-a daxil edilir. Həmin Əsasnamənin 4.26-cı bəndinə əsasən əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Göstərilənlərdə aydın olur ki, həmin dövr qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə bilavasitə tabe olan 1 nömrəli Poliklinikası tərəfindən verilmiş 4399003AAAGN saylı Forma 88 göndərişi müayinə olunması üçün TSERAS-a daxil edilmiş, həmin göndəriş əsasında onun əlilliyi qiymətləndirilmiş və ona əlilliyin təyin edilməsindən dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulması, 1986-cı ildən xəstə olmasına baxmayaraq, son illərə qədər xəstəliyi təsdiq edən ambulator və stasionar müalicələr qeyd edilmədiyi əsası ilə imtina edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə bilavasitə tabe olan 1 nömrəli Poliklinikası tərəfindən göndərilmiş 4399003AAAGN saylı Forma 88 arayışda iddiaçıya əlilliyin təyin edilməsi üçün əsas diaqnoz olaraq “Toksiki ensefalopatiya, Postradiasion ensefalopatiya. Kəskin ifadə olunmuş asteno-nevrotik sindrom. Postradiasion mielopatiya” göstərilmiş və həmin diaqnozun təyin edilməsinə əsas olaraq xəstəliklərin səbəbini və əlilliyin peşə xarakterinin Çernobıl AES-də baş vermiş qəzanın ləğvi işləri ilə əlaqələndirilməsi üzrə Respublika İdarələrarası Ekspert Şurasının ekspert rəyi, Azərbaycan Respublikası DİN-in Xüsusi Həkim Komissiyasının 16.07.2018-ci il tarixli, 231 nömrəli protokolu göstərilmişdir. Həmçinin həmin göndərişdə xəstəliyin xroniki gedişli olmaqla, 26 aprel 1986-cı il tarixdən başlanması göstərilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə sorğu göndərilərək İddiaçı əvvəlki 10 il ərzində tibbi müayinələrinin nəticələri barədə məlumat verilməsi xahiş edilmişdir. Sorğuya cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən verilmiş 21 dekabr 2020-ci il tarixli, 029-3320-1220 saylı məktubdan görünür ki, İddiaçı 29.06.2017-ci il tarixdən DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan 1 saylı poliklinikada tibbi qeydiyyatdadır. İddiaçı 29.06.2017-17.07.2017-ci il tarixlərdə “Sol tərəfli qasıq yırtığı. Dissirkulyator ensefalopatiya. Serebral ateroskleroz. Hipertoniya xəstəliyi İİ dərəcə. Prostat vəzinin hiperplaziyası” diaqnozu ilə poliklinikaya müraciət etmiş, 16.11.2019-27.11.2019-cu il tarixlərdə “Hipertenziv ensefalopatiya. Postradision ensefalopatiya. Kəskin astenonevrotik vəziyyət. Hipertiniya xəstəliyi İİ mərhələ. Prostat vəzin hiperplaziyası” diaqnozu əsasında DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalında stasionar müalicədə olmuş, 13.11.2019-cu il tarixdə instrumental (EKQ-Diaqnoz:“Hiss dəstəsinin sol ayaqcığın ön şaxə blokadası”. Rentgen – Diaqnoz: “Ürəyin sol beli hamarlaşıb”) və 17.11.2020-ci il tarixdə laborator müayinələrdən keçmişdir. Həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə bilavasitə tabe olan 1 nömrəli Poliklinikasının 4399003AAAGN saylı göndərişində “stasionar müalicə aldığı müəssisə” qrafasında iddiaçının “toksiki ensefalopatiya” diaqnozu ilə 29.06.2017-ci il tarixdən 17.07.2017-ci il tarixədək, 16.11.2019-cu il tarixdən 27.11.2019-cu il tarixədək A.N.Heydərov adına Respublika Hospitalında stasionar müalicədə olması qeyd edilmişdir. Aparılmış müvafiq qeyd iş materiallarında olan xəstəlik tarixindək çıxarışlarla (epikrizlər) təsdiq olunmuşdur. Məhkəməyə kollegiyası qeyd edir ki, iddiaçıya təyin olunmuş diaqnoz üzrə xəstəliyin 26 aprel 1986-cı il tarixdən başlanması və xroniki gedişi olması göstərilsə də, lakin ona təyin olunmuş diaqnozlar üzrə xəstəliyin əvvəlki dövrlər üzrə davam etmə dinamikası və aparılmış müalicələr barədə hər hansı məlumat öz əksini tapmamışdır. Həmçinin araşdırma nəticəsində iddiaçının 26 aprel 1986-cı il tarixdən 29.06.2017-ci il tarixədək, yəni onun DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan 1 saylı poliklinikada tibbi qeydiyyatına alındığı tarixədək xəstəliyi üzrə səhhətini əks etdirən hər hansı məlumat, müayinələr və aparılmış müalicə tədbirləri barədə hər hansı sübutun mövcud olması müəyyən edilməmişdir. Bu da cavabdeh tərəfindən iddiaçının 1986-cı ildən xəstə olmasına baxmayaraq, son illərə qədər xəstəliyi təsdiq edən ambulator və stasionar müalicələrin qeyd edilmədiyi barədə gəldiyi nəticənin əsaslı olmasına dəlalət edir. Həmçinin Azərbaycan Respublikası DİN-in Xüsusi Həkim Komissiyası məhkəməyə ünvanladığı 03 mart 2020-ci il tarixli məktubunda İddiaçı Xüsusi Həkim Komissiyası tərəfindən 16.07.2018-ci il tarixində “Postradision ensefalopatiya. Kəskin ifadə olunmuş asteno-nevrotik sindrom” diaqnozu ilə “DİO-da xidməti vəzifələrinin icrası zamanı alınmışdır” məzmununda qərar verilməsinə əsas olmuş sənədləri birinci instansiya məhkəməsinə təqdim etmişdir. Həmin qərarın verilməsinə əsas olaraq iddiaçının 29.06.2017-ci il tarixdən 17.07.2017-ci il tarixədək, A.N.Heydərov adına Respublika Hospitalında stasionar müalicədə olması barədə 3884 saylı xəstəlik tarixindən çıxarış, Xəstəliklərin səbəbinin və əlilliyin peşə xarakterinin Çernobıl AES-də baş vermiş qəzanın ləğvi işləri ilə əlaqələndirilməsi üzrə Respublika İdarələrarası Ekspert Şurasının ekspert rəyi, iddiaçının 1986-cı il tarixdə Çernobıl AES-də baş vermiş qəzanın aradan qaldırılmasında iştirak etməsi barədə vəsiqə əsas olaraq göstərilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası DİN-in Xüsusi Həkim Komissiyası tərəfindən qərar qəbul edilən zaman iddiaçının xəstəliyin əvvəlki dövrlər üzrə davam etmə dinamikası və aparılmış müalicələri barədə hər hansı sənədə istinad olunmamışdır. Digər tərəfdən iddiaçının istər iddiaçının əlilliyinin qiymətləndirilməsi zamanı, istərsə də hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olma ona əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi üçün əsasdır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında iddiaçının eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olması iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmamışdır. İddiaçının 29.06.2017-ci il tarixdən 17.07.2017- ci il tarixədək, 16.11.2019-cu il tarixdən 27.11.2019-cu il tarixədək stasionar müalicədə, 13.11.2019-cu il və 17.11.2020-ci il tarixdə laborator müayinələrdən keçməsi müəyyən edilmişdir, bu isə qeyd edilən tələblərə cavab vermir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, 16 yanvar 2020-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 mart tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydalarının 1.3.1-ci bəndinə əsasən şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması göndəriş verilməsi üçün əsasdır. Həmçinin hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020- ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasının 1.5.1-ci bəndinə əsasən şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması göndəriş verilməsi üçün əsasdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilməsi barədə sonuncu müayinə zamanı cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmiş, iddiaçının əlilliyinin qiymətləndirilməsinə əsas olmuş səhiyyə müəssisəsinin 4399003AAAGN nömrəli göndərişi əsasında ona əlilliyin təyin edilməsi mümkün olmadığından cavabdehin imtinası əsaslı və qanunidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilməmiş, lakin, cavabdeh inzibati orqan tərəfindən iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirildiyindən apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1436/2021 saylı, 29 iyun 2021ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2664/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2664/2021
15.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver