Məhkəmə qərarları › İş №2-1(103)-2664/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2664/2025

24.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2664/2025 24.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X1 Asəf qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5865/2025 saylı, 18.03. 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş pensiyanın yenidən hesablanması barədə (45.2-ci maddəni tətbiq edərək) qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alır, 2007-cı ildə mülki aviasiyadan pensiyaya çıxmışdır. Pensiyaya çıxdıqdan sonra işləməyə davam edir. Hər növbəti altı ildən bir işləyən pensiyaçının pensiyası yenidən hesablanır. İddiaçının sonuncu müraciəti əsasında aparılmış yenidən hesablanma üzərindən müəyyən müddət keçdikdən sonra pensiya ödənişi həyata keçirilməmişdir və cavabdeh qurum tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi əsasında yenidən hesablanmış pensiyanın məbləğinin azaldılması aparılmışdır. Buna əsas kimi cavabdeh qurum xx.xx.2022 tarixli 530 nömrəli Qanunun 2.2-ci maddəsini rəhbər tutub. Halbuki cavabdeh qurum tərəfindən qanun səhv tətbiq edilmişdir. İddiaçı pensiyaya çıxdıqdan sonra qazandığı kapitalı 72 aya bölməkdən imtina edir. Bununla qətiyyən razı deyil, narazılığını əsaslandırır. İddiaçının təşəbbüsü ilə cavabdeh qurumun məsul şəxsləri tərəfindən keçirilmiş inzibati icraat təzələnmişdir. Nəticədə cari ilin iyun ayında pensiyanın məbləğinin azaldılması aparılmışdır, bununla bağlı İnzibati akt qəbul edilməsi haqqında iddiaçıya məktub göndərilmişdir və sonuncu altı il əmək fəaliyyəti nəticəsində qazandığı sığorta kapitalı əsasında pensiyasına daha az məbləğdə artım hesablanmışdır, çünki sığorta kapitalı 72- dən daha böyük rəqəmə bölünmüşdür. İddiaçı hesab edir ki,cavabdeh tərəfindən aparılmış hesablanma qanunaziddir, ona görə ki: “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinə xx.xx.2017-ci il tarixində 2-ci cümlə əlavə edilib, həmin cümlə 543 nömrəli qanunla əlavə edilib və həmin normanın geriyə şamil edilməsi haqqında hər hansı göstəriş 543 nömrəli qanunda yoxdur. İddiaçı isə xx.xx.2017-cı ildən əvvəl pensiyaya çıxmışdır. İddiaçıya pensiya təvin ediləndə gözlənilən pensiya ödənişi müddəti aylarının sayı 144 ay müəyyən edilib. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək “Əmək pensiyasının yenidən hesablanması haqqında” cavabdeh tərəfindən qəbul edilmiş 3-17-1/3-3-8708/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və əvvəlki pensiya məbləğinin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, İddiaçı iddia ərizəsində məhkəmədən cavabdeh tərəfindən aparılmış yenidən hesablanmanın ləğv edilməsini, “Əmək pensiyaları haqqında” Qanunun qüvvədən düşmüş 45-ci maddəsinin ikinci cümləsinin müddəaları nəzərə alınmadan Qanunun 37.3.1-ci maddəsinə əsasən pensiyanın hesablanması öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Buna əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsini rəhbər tutaraq işə dair etirazımızı təqdim edirik. Hesab edirik ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: İddiaçı əmək pensiyası 01,08.2023-cü il tarixdə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (Qanun) 37.3.1 -ci maddəsinə əsasən yenidən hesablanaraq 3041,60 manat məbləğində müəyyən edilmişdir, həmçinin əmək pensiyalarının xx.xx.2024-cü il tarixdən hesablanmaqla indeksləşdirilməsi ilə əlaqədar hazırda onun əmək pensiyasının aylıq məbləği 3382,26 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası’’nın 6.1 -ci bəndinə əsasən, əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə əmək pensiyaları yenidən hesablanır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsasdır. Bununla əlaqədar olaraq, İddiaçı barəsində inzibati icraat başlanmışdır. Həmin inzibati icraatın gedişində Mərkəzi Filial tərəfindən iddiaçının müraciəti əsasında 01,08.2023-cü il tarixdən əmək pensiyası yenidən hesablanaraq 2130,03 manat (indeksləşdirilmə nəzərə alınmaqla hazırda 2368,60 manat) məbləğində müəyyən edilməli olduğu halda, 3041,60 manat məbləğində müəyyən edildiyi aşkar olunub. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş ikinci cümləsinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılırdı. Qanunda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanununun 1.11 -ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılmışdır. Eyni zamanda, 530-VİQD nömrəli Qanunun 2.2-ci maddəsinə görə (Keçid müddəa) qeyd olunan 1.11 -ci maddənin (yəni 45-ci maddənin ikinci cümləsinin çıxarılmasının) Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməməsini nəzərdə tutmuşdur. Göründüyü kimi, əlavə olunan həmin keçid müddəa dəyişikliyin qüvvəyə mindiyi tarixədək təyin edilmiş Qanunun 9.1 -ci (əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlar), 9.2-ci (hipovizqanizm xəstəliyinə tutulan şəxslər (liliputlar), 9.3-cü (mülki aviasiya uçuş və uçuşsınaq heyətində çalışanlar), 9.5-ci (hərbi qulluqçular) və s. maddələrində nəzərdə tutulmuş şəxslərin pensiyasının yenidən hesablanması zamanı dəyişiklikdən əvvəlki müddəanın tətbiqini nəzərdə tutur. Başqa sözlə, xx.xx.2022-ci il tarixədək həmin maddələr üzrə təyin edilmiş pensiyaların yenidən hesablanması zamanı gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Lakin, həmin tarixdən sonrakı dövrdə sözügedən maddələr üzrə yeni təyinatlar üzrə hesablamalar zamanı gözlənilən pensiya ödənişi aylarının sayının artırılması istisna edilmişdir. Bu məsələ ilə bağlı nəzərə alınmalıdır ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq, sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Xüsusilə qeyd olunmalıdır ki, qanunverici pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində müstəqildir (sərbəstdir) (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1ci və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 1 dekabr 2010- cu il tarixli Qərarı). Eyni zamanda, Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair" 27 mart 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, qanunverici bu hüquqları tənzimləyərkən geniş mülahizə sərbəstliyinə malikdir. Bu mənada qeyd olunmalıdır ki, pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində, habelə bu sahədə mövcud qanunvericiliyə dəyişikliklərin edilməsində qanunverici Konstitusiyanın tələblərini nəzərə almaqla mülahizə sərbəstliyinə malikdir. Göründüyü kimi, digər hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanlarından bilavasitə asılı olduğundan bu sahədə dövlətə (o cümlədən qanunverici orqanına) geniş mülahizə sərbəstliyi verilmişdir. Məhz bu səbəbdəndir ki, sosial təminat sahəsində dəyişikliklə bağlı qanunvericilik aktlarında həmin aktların hüquqi qüvvəsini tənzimləyən keçid müddəaları əlavə olunur. Həmin Keçid müddəalarının nəzərə alınmaması isə onun deklarativ xarakter daşımasına gətirib çıxarar. Eyni zamanda, hər hansı normativ hüquqi aktın bu və ya digər norması tətbiq olunarkən həmin aktın məqsədi, hüquqi funksiyası, habelə həmin sahə üzrə ardıcıl həyata keçirilən dəyişikliklər də mütləq nəzərə alınmalıdır. Bu baxımdan, qanunverici orqan 13 may 2022-ci il tarixli Qanunun 2.2-ci maddəsinin məntiqi davamı olaraq 05 noyabr 2022-ci il tarixli Qanunun 1.13-cü maddəsində Qanunun 45-ci maddəsinə yeni məzmunda ikinci cümlə əlavə etmişdir. Beləliklə, hər iki dəyişiklik dövlətin sosial sahədə siyasətinin maliyyə yükü ilə bağlı olması müddəası ilə uzlaşmaqla Qanunun 45-ci maddəsinin ikinci cümləsinin tətbiq dairəsini müəyyənləşdirir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edilir ki, qanunverici tərəfindən “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişiklikliyin təsir dairəsi keçid müddəada müəyyənləşdirildiyindən cavabdeh inzibati orqan tərəfindən hüququn aliliyi və hüquqi müəyyənlik prinsipləri rəhbər tutulmaqla Qanunun keçid müddəasının tətbiq edilməsi qanunvericiliyə zidd hal kimi qiymətləndirilə bilməz. Əlavə olaraq qeyd edilir ki, Qanunun 37.3.1 -ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olan 45-ci maddəsinin ikinci cümləsinə əsasən bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Göstərilənlərə əsasən vurğulayırıq ki, Qanunun 45-ci maddəsinin ikinci cümləsində qeyd olunan “hesablanma” ifadəsi ümumi məna kəsb etməklə, həm pensiya təyinatı, həm də Qanunun 37.3.1-ci maddəsində qeyd olunmuş pensiyanın yenidən hesablanması zamanı əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasını ifadə edir. Həmçinin, xüsusilə qeyd edilir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalan”nın 5.3-cü bəndinə dair 48-ci misalda Qanunun 37.3.1 -ci maddəsinə əsasən pensiyanın yenidən hesablanması zamanı 45-ci maddənin ikinci cümləsi tətbiq edilməklə hesablanma aparılmış, yəni gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmışdır. Digər tərəfdən, Qanunun 45-ci maddəsinin adından da göründüyü kimi, maddə “Əmək pensiyasının gözlənilən pensiya ödənişi müddəti”nin tənzimlənməsi ilə əlaqədar olmaqla, həm əmək pensiyasının təyinatı, həm də pensiyanın yenidən hesablanması zamanı gözlənilən pensiya ödənişi müddətinin hesablanması ilə bağlıdır. Beləliklə, Qanunun 9-cu maddəsinə əsasən əmək pensiyası təyin edilən şəxslərə münasibətdə nəinki əmək pensiyasının təyinatı zamanı, həmçinin pensiyanın yenidən hesablanması zamanı Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 45-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayı artırılmalıdır. Odur ki, pensiyanın yenidən hesablanması hüququ xx.xx.2022-ci il tarixdən sonra yaranan şəxslərə həmin tarixdən əvvəl pensiya təyin edilmişdirsə, keçid müddəaya əsasən gözlənilən ödənişi müddəti aylarının sayı artırılmalıdır. İddiaçı xx.xx.2022ci il tarixdən əvvəl, yəni 01.01,2007-ci il tarixdə pensiya təyin olunmuş, əmək pensiyası yenidən hesablanarkən fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı qanunvericiliyə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 225 aya (98426,25:225 ay (65İİ-52 il 3 ay =153 ay+(144 ay-72 ay))) bölünməli olduğu halda, 72 aya bölünüb. Nəticədə iddiaçıya ümumilikdə 7057,00 manat artıq pul vəsaiti ödənilib. Göstərilənlərlə əlaqədar, iddiaçının əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada yenidən hesablanaraq 2368,60 manat məbləğində müəyyən olunması nəzərdə tutulub. “İnzibati icraat haqqında” Qanunun 21-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5865/2025 saylı, 18.03. 2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı barəsində qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli 3-17- 1/3-3-8708/2024 nömrəli qərarın ləğv edilməsi və iddiaçının müdaxilədən əvvəlki pensiya məbləğinin bərpa edilməsi qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5865/2025 saylı, 18.03. 2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Dövlət Sosial Müdafiə Fondunun Əzizbəyov rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən Komissiyanın xx.xx.2008-ci il tarixli, 3081 nömrəli Qərarına əsasən İddiaçı xx.xx.2007-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli 3-17- 1/3-3- 61259/2023 nömrəli Qərara əsasən 1696,48 manat pensiya məbləği yenidən hesablanaraq 3041,60 manat təyin edilmişdir. (37.3.1 (0-dan hesablama, 6 illik) əskikvermə xx.xx.2020xx.xx.2023 artıqvermə). - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli 3-17- 1/3-3- 8708/2024 nömrəli Qərara əsasən 3382,26 manat pensiya məbləği yenidən hesablanaraq 2368,60 manat təyin edilmişdir. (37.3.1 (0-dan hesablama, 6 illik) xx.xx.2023-dən artıqvermə, 45-ci maddə, 3-17-1/3-3-61259/2023 nömrəli qərar etibarsız hesab edilsin). - Cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş inzibati icraatın təzələnməsi və mülahizələrin öyrənilməsi haqqında xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasr’nın 6.1 -ci bəndinə əsasən, əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə əmək pensiyaları yenidən hesablanır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsasdır. Bununla əlaqədar olaraq, barənizdə inzibati icraat başlanıb. Həmin inzibati icraatın gedişində Mərkəzi Filial tərəfindən müraciətiniz əsasında 1 avqust 2023-cü il tarixindən əmək pensiyanızın yenidən hesablanaraq 2130,03 manat (indeksləşdirilmə nəzərə alınmaqla hazırda 2368,60 manat) məbləğində müəyyən edilməli olduğu halda, 3041,60 manat məbləğində müəyyən edildiyi aşkar olunub. Belə ki, Qanunun 45-ci maddəsinin xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş müddəasına əsasən Qanunun 9-cu maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılırdı. Azərbaycan Respublikasının 29 iyun 2022-ci il tarixindən qüvvəyə minmiş 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanununun 1.11-ci maddəsinə əsasən "Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılıb. Eyni zamanda, Azərbaycan Respublikasının 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanununun 2.2-ci maddəsinə əsasən, qeyd olunan 1.11-ci maddə Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. xx.xx.2022-ci il tarixindən əvvəl pensiya təyin olunmasına baxmayaraq, əmək pensiyasının yenidən hesablanarkən, fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalı qanunvericiliyə uyğun olaraq 225 aya (98426,25:225 ay (65 il-52 il 3 ay=153 ay+(144 ay-72 ay))) bölünməli olduğu halda, 72 aya bölünüb. Nəticədə, ümumilikdə 7057,00 manat artıq pul vəsaiti ödənilib. Göstərilənlərlə əlaqədar, əmək pensiyası cari aydan etibarən qanunvericiliyin tələblərinə uyğun qaydada yenidən hesablanaraq, 2368,60 manat məbləğində müəyyən edilməsi nəzərdə tutulub. “İnzibati icraat haqqında” Qanunun 21 -ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Əlavə olaraq bildirilir ki, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Qeyd edilənləri nəzərə alaraq, “İnzibati icraat haqqında” Qanunun 21-ci maddəsinə əsasən yuxarıda müəyyən edilmiş hallarla əlaqədar mülahizələrinizin dinlənilməsi üçün 25 iyun 2024-cü il tarixinədək mülahizələrinizi və eyni zamanda sizə artıq ödənilmiş 7057,00 manat vəsaitin əmək pensiyasından tutulmasına dair yazılı razılığın təqdim edilməsi xahiş olunur. Göstərilən müddət ərzində yazılı mülahizələrinizin təqdim edilməməsi barənizdə müvafiq inzibati aktın qəbul olunmasını istisna etmir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun: 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır; “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Qanunu ilə 45-ci maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir (dəyişiklik xx.xx.2017-ci ildə qüvvəyə minmişdir): Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununun 1.11-ci maddəsinə əsasən 45-ci maddənin ikinci cümləsi çıxarılmışdır. Həmin Qanunun 2-ci maddəsinə (Keçid müddəaları) əsasən: 2.1. Bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. 2.2. Bu Qanunun 1.11-ci maddəsi bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Hazırkı işin hallarından görünür ki, İddiaçı xx.xx.2007-cı il tarixindən (45-ci maddəyə yeni məzmunda ikinci cümlə qüvvəyə mindiyi xx.xx.2017-ci il tarixədək) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ olan şəxsdir. Yuxarıda qeyd edildiyi kimi iddiaçı barəsində 2023-cü ildə onun maraqlarını təmin edən qaydada (əmək pensiyası yenidən hesablanarkən sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan) əmək pensiyalarının yenidən hesablanması həyata keçirilmiş, lakin daha sonra 2024-cü ilin iyun ayında həmin qərar cavabdeh tərəfindən etibarsız hesab edilərək pensiyanın fərqli qaydada (əmək pensiyası yenidən hesablanarkən sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmaqla) hesablanması həyata keçirilmiş, nəticədə pensiya məbləği azalmışdır. Belə ki, müvafiq hesablama nəticəsində sığorta kapitalı daha böyük məbləğə bölünür ki, artımın məbləği azalmış olur. Odur ki, qeyd edilən iddiaçıya münasibətdə sonuncu mübahisələndirilən qərar ləğv edildiyi təqdirdə əvvəlki (hüquqi maraqlarını təmin edən) pensiya məbləği bərpa olunacaqdır ki, bununla da iddiaçı arzuladığı məqsədə çatmış olacaq. Cavabdeh 13 may 2022-ci il tarixli Qanunun 2.2-ci maddəsinə (Keçid müddəlarına) istinadən normanın ləğvinin (45-ci maddənin ikinci cümləsi) həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmədiyini bildirir. Odur ki, iddiaçı qeyd edilən kateqoriyadan olan şəxslər olduğu üçün onlara münasibətdə əvvəlki qanunun müddəaları tətbiq olunmalıdır. Digər tərəfdən məhkəmə hazırda mübahisələndirilən qərarla iddiaçının xeyrinə olan inzibati aktların (sərəncamların) etibarsız hesab edilməsini qanunsuz hesab edir. Belə ki, inzibati aktın etibarsız hesab edilməsinin əsasları “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinə əsasən müəyyən edilir. Hazırda cavabdehin təqdim etdiyi dəlillər əvvəllər qəbul edilmiş aktın etibarsızlığına deyil (belə ki, həmin Qanunun 65-ci maddəsinin əsasları hazırki işin hallarına əsasən müəyyən edilmir), ləğvinə əsaslanır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Odur ki, müvafiq əsaslar olduqda inzibati orqan qəbul etdiyi aktın inzibati aktı həmin Qanunun 67.2-ci maddəsinə əsasən ləğv edə bilər (etibarsız hesab edə bilməz). “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Konstitusiya Məhkəməsi öz qərarlarında qeyd etmişdir ki, Qanunun aydın və proqnozlaşdırıla bilən olması hüquqi dövlətin vacib təzahürlərindən biri olan qanunun ümumiliyini təmin etmək zərurəti ilə uzlaşmalıdır. Nəzərə almaq lazımdır ki, qanunun mətninin mütləq aydınlığı (qanunvericinin bütün mümkün ola biləcək həyati halları qanunda nəzərdə tutması) qeyri-realdır. Bu səbəbdən qanunda ümumi anlayışlardan istifadə edilməsi qaçılmazdır. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 64.9cu maddəsinə əsasən, qanunda normaların həddindən artıq detallaşdırılması Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş icra və məhkəmə hakimiyyəti orqanlarının səlahiyyətlərinə müdaxiləyə gətirib çıxarmamalıdır. Hüquqi normaların bəzən qaçılmaz olan natamamlığı və ya qeyri-müəyyənliyi isə məhz məhkəmə təcrübəsi vasitəsilə aradan qaldırılır (Konstitusiya Məhkəməsi Plenumunun R.Cəfərovun şikayəti üzrə 2012-ci il 18 may tarixli Qərarı). Bu zaman məhkəmə təcrübəsində normativ hüquqi aktların müddəaları onların konstitusiya hüquqi mənasına uyğun tətbiq olunmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2014- cü il 29 aprel tarixli Qərarı) Nəzərə alınmalıdır ki, Konstitusiyada təsbit olunmuş hər hansı hüququn, o cümlədən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququnun həyata keçirilməsinin tənzimlənməsi zamanı hüquqi müəyyənlik prinsipinə riayət olunmaması həmin hüququn pozulması ilə nəticələnə bilər (Konstitusiya Məhkəməsi Plenumunun X2 şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarı). Məhkəmə kollegiyası qeyd edilən yanaşmadan çıxış edərək 13 may 2022-ci il tarixli Qanunun 2.2-ci maddəsini (Keçid müddəlarını) konstitusiya hüquqi mənasına, digər normalarla qarşılıqlı əlaqəsinə və tənzimləmə predmetinə uyğun tətbiq edilməli olduğu qənaətindədir. İşin hallarından görünür ki, “keçid müddəaları” (ləğv edilmiş 45-ci maddənin ikinci cümləsi) cavabdeh tərəfindən ultraaktiv formada tətbiq olunaraq müvafiq hesablama qaydası iddiaçının əmək pensiyası təyin edildikdən sonra qazandıqları sığorta kapitalı əsasında pensiyalarının yenidən hesablanması hallarına da şamil edilmişdir. Məhkəmə kollegiyası normanın (qanunun) ultraaktivliyi (normanın yaşanması) ilə bağlı qeyd edir ki, bu anlayış hüquq nəzəriyyəsində və tətbiqində müəyyən qanunların və ya hüquqi normaların ləğv olunmasına baxmayaraq, əvvəlki dövr üçün qüvvədə qalması və tətbiq edilməsi vəziyyətini təsvir edir. Normanın (qanunun) yaşanması (normanın ultraaktivliyi) qanunun geriyə qüvvəsinin (retroaktivliyinin) əksinə olan hüquqi hadisədir. Əksər hallarda, qüvvədən düşmüş qanunun müəyyən norma və müddəalarının ultraaktiv təsiri onu əvəz etmək üçün nəzərdə tutulmuş yeni qanunun normaları ilə müəyyən edilir. “Köhnə” qanunun normalarının ultraaktiv təsirinin tətbiqində məqsəd bu müddəaları tənzimləyən yeni qanun qəbul edilənə qədər hüquq münasibətlərinə daxil olmuş hüquq subyektlərinin hüquq və mənafelərini qorumaqdır və məhz qeyd edilən məqsəd baxımından (həmin vəziyyəti tənzimləyən hüquq münasibətinə daxil olmuş hüquq subyektlərinin hüquq və maraqlarının qorunması) tətbiq və təfsir edilməlidir. Köhnəlmiş normativ aktın normalarının fəaliyyət prinsipi əksər hallarda davam edən hüquq münasibətlərinin tənzimlənməsinə tətbiq edilir. Hüquq normasının ultraaktivliyinin xüsusiyyətləri: - Qüvvədən düşmüş normanın tətbiqi: Hüquqi norma artıq qüvvədən düşsə də, müəyyən hüquqi münasibətləri tənzimləmək üçün istifadə olunur. Bu, adətən, normanın qüvvədə olduğu dövrdə baş vermiş hadisələrə aid olur. - Geri təsir prinsipindən fərqi: Ultraaktivlik, normanın qüvvədə olduğu dövrdə baş vermiş hadisələrə aid edilməsi ilə bağlıdır. Bu, normanın geri təsir etməsi deyil, əksinə, müəyyən dövr üçün normanın tətbiq edilməsinin davamıdır. - Məqsəd: Hüquq normasının ultraaktivliyi hüquqi sabitlik və hüquq münasibətlərinin düzgün tənzimlənməsi məqsədini daşıyır. Bu, keçmiş hüquq münasibətlərini həmin münasibətlər yaranan zaman mövcud olan normalarla tənzimləməyə imkan verir. Hüquq normasının ultraaktivliyi ilə bağlı praktiki əhəmiyyəti keçid dövrlərində hüquqi proseslərin düzgün və ədalətli həll edilməsini təmin edir, eləcə də hüquq normalarının ardıcıllığını və hüquqi münasibətlərin sabitliyini qoruyur. Bu anlayış hüququn tətbiqində əsasən keçmiş hadisələrə baxış zamanı istifadə olunur və hüquqi praktika üçün vacibdir. Bu hal “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanun qüvvəyə mindiyi vaxt 9.8-ci maddədə nəzərdə tutulmuşdur. Belə ki, “yeni” qanun özündə ancaq güzəştli şərtlərlə pensiya hüququ verən tam və zərərli əmək stajı olan şəxslərə münasibətdə (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən) “köhnə” qanunun normalarının ultraaktiv təsirini nəzərdə tutmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, norma ancaq (İ) yeni qanunda təsbit edildiyi halda ultraaktiv təsirini saxlaya bilər; (İİ) tənzimlədiyi münasibətlərə və faktlara münasibətdə yaşanan (ultraaktiv) ola bilər (yəni tənzimləmədiyi münasibətlərə və faktlara münasibətdə ultraaktiv ola (yaşana) bilməz); (İİİ) yeni qanun əvvəlki (köhnə) qanuna münasibətdə hüquq subyektləri üçün daha əlverişsiz tənzimləmə şəraiti yaratmış olmalıdır ki, “köhnə” qanunun qüvvədə olduğu dövrdə hüquq münasibətlərinə daxil olmuş (davam edən hüquq münasibətləri baxımından) subyektlərin hüquq və maraqlarını qorumuş olsun. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli Qanunun 2.2-ci maddəsinə (keçid müddəalarına) əsasən müəyyən edilmiş tənzimləmə (qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının (əmək pensiyası təyin olunduqdan sonra toplanmış pensiya kapitalı əsasında) yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməməsi) yuxarıda qeyd edilənlər əsasında təfsir və tətbiq edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsi Əmək pensiyasının gözlənilən pensiya ödənişi müddəti adlanmaqla xx.xx.2022-ci il tarixli qanunla ləğv olunan ikinci cümləsi (Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır) 10 mart 2017-ci il tarixli Qanun ilə əlavə edilmiş və Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunması qaydasını tənzimləyir. Odur ki, 10 mart 2017-ci il tarixli Qanun qüvvədə olduğu müddətdə 9-cu maddəyə əsasən yaşa görə pensiya hüququ yaranmış şəxslərə pensiya məhz qeyd edilən qaydada təyin edilməlidir və normanın (45-ci maddənin ikinci cümləsi) xx.xx.2022-ci il tarixli qanunla ləğv olunması həmin şəxslərə təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanmasına səbəb olmur. Bu qayda (artıq qeyd edilən qaydada təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanmasının yolverilməzliyi) keçid müddəalarında nəzərdə tutulmuş, lakin məhkəmə hesab edir ki, həmin müddəa keçid müddəalarında nəzərdə tutulmasa belə, hüququn ümumi prinsipləri baxımından (qanunun özündə nəzərdə tutulmuş hallar istisna olmaqla) fərqli qaydanın tətbiqi istisna olunur. Sığorta kapitalı əsasında pensiyanın yenidən hesablanmasına münasibətdə qeyd edilməlidir ki, müvafiq tənzimləmə məhz Qanunun 37.3.1-ci maddəsi ilə tənzimlənir. Belə ki, işləyən əmək pensiyaçılarına münasibətdə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud sığorta kapitalı əsasında yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır (37.3.2-1ci maddə isə Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin pensiyasının yenidən hesablanması üçün müraciəti şərtləndirir) Odur ki, ləğv olunmuş 45-ci maddənin ikinci cümləsi pensiyanın təyin edilməsini qaydasını müəyyən etdiyindən həmin normanın ləğvi ilə bağlı keçid müddəaları sığorta kapitalı əsasında pensiyanın yenidən hesablanması şərtlərini müəyyənləşdirə, yəni normanın tənzimləmədiyi münasibətlərin ulktraaktivliyini şərtləndirə bilməz. Çünki ləğv olunmuş 45-ci maddənin ikinci cümləsi qüvvədə olduğu müddətdə pensiyanın yenidən hesablanması qaydasını deyil, məhz (yalnız) pensiyanın təyin edilməsi qaydasını tənzimləyir. Pensiyanın təyin edilməsi və yenidən hesablanması isə fərqli hüquqi hallar və tənzimləmədir. Odur ki, yuxarıda qeyd edildiyi kimi norma tənzimləmədiyi münasibətlərə və faktlara münasibətdə ultraaktiv ola (yaşana) bilməz. Məhkəmənin qeyd edilən qənaəti həm də ona əsaslanır ki, iddiaçıya güzəştli şərtlərlə ilkin pensiya təyinatı da məhz 45-ci maddənin ikinci cümləsinə edilən əlavə qüvvəyə mindiyi xx.xx.2017ci il tarixədək həyata keçirilmişdir. Həmçinin məhkəmənin mövqeyi Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)- 3135/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərarında ifadə edilən hüquqi mövqeyə əsaslanır. Göründüyü kimi xx.xx.2022-ci il tarixli qanunun 2.2-ci maddəsi ilə təsbit edilmiş keçid müddəaları qeyd edilən qaydada sistemli (digər hüquq normaları ilə əlaqəli olaraq) və məqsədlər baxımından təfsir edildikdə cavabdeh inzibati orqanın hərəkətləri və iddiaçıya münasibətdə əvvəllər 2023-cü ildə qəbul edilmiş qərarın 2024-cü ildə ləğv edilməsi və Qanunun 37.3.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada hesablanmaması, işləyən əmək pensiyasıçısı kimi sığorta kapitalı əsasında pensiyanın yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayının güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılması qanunsuz olmuşdur. Odur ki, iddiaçının əmək pensiyasının yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmasına dair qayda tətbiq edilməməlidir. Hazırki iş üzrə məhkəmənin mövqeyi məhz qeyd edilən qənaətə əsaslanır və cavabdeh tərəfindən iddiaçının əvvəlki məbləğdə pensiyası bərpa edilərkən (İddiaçı münasibətdə) qeyd edilən yanaşma əsas götürülməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5865/2025 saylı, 18.03. 2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5865/2025 saylı, 18.03. 2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar