Məhkəmə qərarları › İş №2-1(103)-2666/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2666/2021

11.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2666/2021 11.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Elmira Eyvaz qızı Nağıyeva və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “arxiv arayışının verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5522/2021 saylı, 09 iyun 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.12.1992-ci il tarixdən 12.05.1994-cü il tarixinədək elan olunan atəşkəsə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan torpaqların müdafiəsi uğrunda döyüş əməliyyatları aparan 850, N və N saylı hərbi hissələrdə bütün xidmətlərini hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırılması nəticəsi barədə Qərar qəbul edilməsi, qəbul edilmiş Qərarın araşdırılmanın nəticəsi olaraq 01.12.1992ci il tarixdən 12.05.1994-cu il tarixinədək elan olunan atəşkəsə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan 850, N və N saylı hərbi hissələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməyi barəsində qərardan irəli gələn ehtiyata buraxılmasının arxiv arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 2-1(112)-5522/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 2-1(112)-5522/2021 saylı qərardadının ləğv edilməsini və işə Bakı İnzibati Məhkəməsi tərəfindən yenidən baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən Bakı İnzibati Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 2-1(112)-5522/2021 saylı qərardadı 14.06.2021-ci il tarixdə alınsa da, apellyasiya şikayəti Bakı İnzibati Məhkəməsinə 20.09.2021-ci il tarixdə daxil olmuşdur. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün məhkəmə iclası təyin etmiş və icraatın iştirakçılarının dinlənilmə hüququnun təmin edilməsi üçün iddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmişdir. İddiaçıya göndərilmiş məhkəmə bildirişində məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsində təsbit olunmuş məhkəmənin yardım etmək vəzifəsini yerinə yetirərək cavabdehə apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə məhkəməyə ərizə, sənəd və sübutlar təqdim edilməsini təklif etmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti mümkün sayılmamalı və həmin qərara dair apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. İş materiallarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “arxiv arayışının verilməsi” tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 2-1(112)-5522/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmənin qeyd olunan qərardadı 14.06.2021-ci il tarixdə məhkəmə xəbərnaməsinə imza etməklə iddiaçı tərəfindən qəbul edilmiş, apellyasiya şikayəti 20.09.2021-ci ildə apellyasiya şikayəti verilməsi üçün müəyyən olunmuş prosessual müddət 03 (üç) ay buraxılmaqla verilmişdir. İddiaçı apellyasiya şikayətinin verilmə müddətinin üzürlü səbəbdən buraxıldığını təsdiq edən hər hansı bir sənəd və ya sübut növünü məhkəmə təqdim etməmişdir. Bundan əlavə iddiaçı apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair məhkəməyə ərizə də təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiyanın mümkünlüyü barədə kollegiya iclası keçirilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş, apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddəti buraxmadığı barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, məhkəmə bildirişində məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsində təsbit olunmuş məhkəmənin yardım etmək vəzifəsini yerinə yetirərək iddiaçıya apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə məhkəməyə ərizə təqdim edilməsini təklif etməsinə baxmayaraq, iddiaçı məhkəməyə heç bir ərizə təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinin tələbinə əsasən Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.2-87.4-cü maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qanunla müəyyən olunmuş vaxtda verilmədiyi üçün apellyasiyanın mümkünlüyü üçün prosessual əsaslar mövcud deyildir. Buna görə də iddiaçının qərardaddan verdiyi apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 2-1(112)-5522/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh., Yusif Səfərov küç. 14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar