Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2666/2023 21.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “2ci dərəcəli müddətsiz əlilliyin bərpa edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1932/2023 saylı, 05 aprel 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2005-ci il tarixində 2-ci qrup hərbi xidmət dövrü ilə əlaqədar olaraq təyin olunmuş müddətsiz əlilliyinin etibarlı hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı tərəfin “İddiaçı hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz təyin edilmiş İİ qrup əlillik dərəcəsinin dayandırıldığı müddətdən bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1979-cu ildə Cəbrayıl rayonunun Mehdili kəndində anadan olmuşdur. 11 illik tam orta məktəb bitirmişdir. 11 illik tam orta məktəbin 3 ilini hərbi təmayüllü Cəmşid Naxçıvanski adına hərbi litseydə bitirmişdir. 1996- 2000-ci illərdə Bakı Ali Birləşmiş Komandirlər Məktəbində (BABKM) hərbi ali təhsil alaraq Ümumqoşun fakültəsi üzrə tam kursu bitirərək 2000-ci ildən Silahlı Qüvvəllərdə zabit kimi xidmətə başlamış və 2008-ci ildən ehtiyata tərxis olunmuşdur. Hərbi xidmət zamanı səhhətində yaranan xəstəliklərə görə xx.xx.2012-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası (MN MHHK) xəstəliklərinin səbəb əlaqəsini təyin edərək ona Qərar təqdim etdi. Bundan sonra o, həmin xəstəliklə əlaqədar olaraq xx.xx.2014-cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinə (TSEK) müraciət etdi. Xidmət ona “hərbi xidmət dövrü ilə əlaqədar, olaraq ikinci qrup hərbi əlillik dərəcəsi təyin etdi. Növbəti müayinə vaxtı 2015-ci ilin fevral ayında isə onun əlillik dərəcəsi TSEK müddətsiz əlillik kimi təyin olunmasına QƏRAR verdi. Qeyd etmək istəyir ki, hərbi xidmət dövrü ilə əlaqədar xx.xx.2014- cü ildə ona 2-ci qrup hərbi əlillik təyin edildi və lazımi sənədlərlə təmin edildi. 2022-ci ilin iyun ayında pensiya və təqaüdü qanunsuz olaraq dayandırıldı, bu zaman elektron sistemə əlillik vəziyyətinin yoxlanılması məqsədilə baxış keçirən zaman ona məlum oldu ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi -Sosial Ekspertiza və Reablitasiya Agentliyi tərəfindən əlillik vəziyyəti əsassız olaraq heç bir məlumat verilmədən etibarsız hesab edilərək pensiya və təqaüdü dayandırılmışdır. Bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi -Sosial Ekspertiza və Reablitasiya Agentliyi onun əlillik hüquqlarının əsassız olaraq pozmuşdur, bu səbəbdəndə o, məsələni məhkəmə müstəvisində həll etmək məcburiyyətində qaldı. Cavabdeh tərəf yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyəti Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC Tibbi-Sanitar Hissənin xx.xx.2014-cü il tarixli göndərişi əsasında əsasında baxılmış, “Səbəbi: Ümumi xəstəlik, X1: Xİİİ Sinif - Sümükəzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M05- M14 - lltihabi poliartropatiyalar => M06 - Digər revmatoid artritlər => M06.8 - Digər d..., Diaqnozun mətni: Revmatizm a\f.2 d.revmokardit. “Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...” səbəbi ilə bir il müddətinə verilmiş və əlillik altsisteminə daxil edilmişdir. Əlillik altsistemində İddiaçı növbəti qiymətləndirmə tarixi xx.xx.2015-ci il qeyd edilmişdir. Lakin həmin tarixdən sonra iddiaçı əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi üçün yenidən müraciət etməmişdir. Halhazırda iddiaçı əlillik dərəcəsininin müddətsiz təyin edilməsini tələb etsə də, iddiaçının tələbi qanunsuz və əsassızdır. Belə ki, “Əlilliyin qiymətləndirmə qaydası” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci N16 yanvar tarixli 11 nömrəli Qərarının 4.2-ci bəndində də göstərilmişdir ki, Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Əlillik altsistemində olan sənədlərdən də göründüyü kimi İddiaçı ilkin əlillik təyinatı Agentlik tərəfindən 1 il müddətinə İİ dərəcə əlillik dərəcəsi təyin edilmişdir. “Əlilliyin qiymətləndirmə qaydası” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarının 4.2-ci bəndinə əsasən də, iddiaçıya İİ dərəcə müddətsiz əlillik verilməsi üçün ardıcıl olaraq 10 il əlillik müddəti olduğu halda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Göründüyü kimi, hal-hazırda isə iddiaçının əlillik müddəti 1 ildir və müddətsiz təyin edilməsi üçün ardıcıl olaraq 10 il olduqdan sonra onun müddətsiz İİ dərəcə əlillik dərəcəsi verilməsi məsələsinə baxıla bilər. Bundan əlavə iddiaçının iddia ərizəsində qeyd etmiş olduğu AR Ali Məhkəməsinin 2-1(102)-344/2022, 2-1(102)- 227/2022, 2-1(102)-1759/2022 saylı qərarları hazırki iddia ilə bağlı analoji məhkəmə mübahisələri deyildir. Belə ki, iddiaçının əlilliyi Agentlik tərəfindən etibarsız edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1932/2023 saylı, 05 aprel 2023-cü il tarixli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti yazılı etiraza uyğun əsaslandırılmışdır və əlavə olaraq bildirilmişdir ki, işin faktiki hallarından görünür ki, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl ilk olaraq elektron sistem vasitəsi ilə (forma 88) müvafiq inzibati orqana göndərilməli idi. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)912/2022 nömrəli qərarına əsasən, hər bir halda əlilliyin 5 ilə və ya müddətsiz təyin edilməsində ərizəçinin müayinədən keçməsi və tələb olunan meyarlara uyğun olması şərtdir. İddiaçı ikinci dərəcə əlilliyin 10 il fasiləsiz olaraq təyin olunduğunu qeyd edərək ona ikinci dərəcə əlilliyin tibbi komissiyanın göndərişi olmadan müddətsiz müəyyən olunmasını xahiş etmişdir. Yuxarıda qeyd olunan normanın məzmununa əsasən, ikinci dərəcəli əlilliyin müddətsiz müəyyən olunması üçün əlilliyin mövcud olması labüddür. Həmçinin, məhkəmə tibbi ekspertiza təyin etməli olduğu halda təyin etməmiş inzibati orqanın diskresion səlahiyyətini mənimsəmişdir. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq iddiaçı izahatında bildirdi ki, ilk dəfə ona 2014-cü ildə bir illik əlillik dərəcəsi verilmiş, 2015-ci ildə isə müayinə nəticəsində müddətsiz əlillik təyin edilmişdir. Daha sonralar inzibati orqan tərəfindən heç bir müayinələrə cəlb edilməmiş, əlilliyə görə2015-ci ildən ömürlük pensiya təyin edilmiş, 2022-ci il tarixdə əlilliyinin dayandığı vaxtda elektron sistemə məlumatlarının daxil edilmədiyindən xəbərdar olmuşdur. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddianın mahiyyət üzrə də əsaslı olması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.2-ci maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; - 3.3-cü maddəsinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. - 3.4-cü maddəsinə uyğun olaraq, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydalarına əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbisosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 2.1-ci bəndinə əsasən Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. - 2.9-cu bəndinə görə Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. - 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. - 4.9-cu bəndinə görə bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Sadalanan normalardan müəyyən olunur ki, qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə yarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi, nəticə müsbət olmazsa, əlilliyin təyini barədə qərarın ləğv edilməsini nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-cü bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3-cü bənd. Əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4-cü bənd. Peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5-ci bənd. Əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3-cü bənd. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4-cü bənd. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İnzibati işdən görünür ki, Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2012-ci il tarixli 712 nömrəli qərarına əsasən Cəbrayıl RHK tərəfindən 1996-cı ildə hərbi xidmətə çağırılmış vətəndaş İddiaçı hərbi xidmət dövründə aldığı, xx.xx.1998-ci ildən xx.xx.1998-ci ilə kimi 6.39 saylı hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik - diaqnoz: “Kəskin dizenteriya. kolitik forma” və xx.xx.2005-ci ildən 06.2005-ci ilə kimi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu xəstəlik - diaqnoz: “Qanqrenoz appendisitə görə laparotomiya (xx.xx.2005). appendektomiyadan sonrakı vəziyyət” (Cəbrayıl rayon bölməsinin xx.xx.2012-ci ıl tarixli 1022 nömrəli məktubu, xx.xx.2012-ci il tarixli 262 nömrəli arayışı, N saylı hərbi hissədən verilmiş xx.xx.1998-cı il tarixli 1989 nömrəli xəstəlik tarixindən çıxarış epikrizi və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalın cərrahiyyə profilli hərbi-həkim-komissiyasının xx.xx.2005-ci il tarixli 769 nömrəli arayışı, MN MHHK-nın həkim mütəxəssisləri – terapevtin, cərrahın və hüquq məsləhətçisinin rəyləri ilə təsdiq edilir). “XƏSTƏLİKDİR HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR”. İddiaçının əlillik vəziyyətinə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC Tibbi-Sanitar Hissənin xx.xx.2014-cü il tarixli göndərişi əsasında əsasında baxılmış, “Səbəbi: Ümumi xəstəlik, X1: Xİİİ Sinif - Sümükəzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M05- M14 - lltihabi poliartropatiyalar => M06 - Digər revmatoid artritlər => M06.8 - Digər d..., Diaqnozun mətni: Revmatizm a\f.2 d.revmokardit. “Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...” səbəbi ilə bir il müddətinə verilmiş və əlillik altsisteminə daxil edilmişdir. 9 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının SER TSE-01 520034 nömrəli Arayışına əsasən xx.xx.2015-ci il tarixdən İddiaçı Hərbi xidmət dövrü ilə əlaqədar 2-ci dərəcə müddətsiz əlillik təyin edilmişdir. İş materiallarında olan iddiaçıya ünvanlanmış Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli məktublarında göstərilmişdir: “9 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının SER TSE-01 N 067851 mömrəli müayinə aktından çıxarışında sizə xx.xx.2014-xx.xx.2015-ci il tarixləri arasındakı dövr üzrə “hərbi xidmət dövrü ilə əlaqədar” İİ dərəcə əlillik təyin edilib. Sözügedən əlillik sənədinə uyğun olaraq, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.16.2-ci maddəsinə əsasən sizə xx.xx.2014-xx.xx.2015-ci il tarixləri arasındakı dövr üçün Mərkəzi Filial tərəfindən “hərbi xidmət dövrü ilə əlaqədar” İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilərək ödənilib. Eyni zamanda 9 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının SER TSE-01 N 520034 nömrəli müayinə aktından çıxarışında sizə xx.xx.2015-ci il tarixindən müddətsiz “hərbi xidmət dövrü ilə əlaqədar” İİ dərəcə əlillik təyin edilib. Həmin əlillik sənədinə uyğun olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 20.16.2-ci maddəsinə əsasən sizə əmək pensiyası ödənişi həyata keçirilib. Lakin müvafiq araşdırma zamanı “Əlillik” alt sistemində yalnız sizə xx.xx.2014xx.xx.2015-ci il tarixləri arasındakı (1 il müddətinə) dövr üçün ümumi xəstəlik səbəbindən İİ dərəcə əlillik təyin edildiyi aşkar edilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə əsasən hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir. Bununla əlaqədar olaraq, pensiya ödənişiniz 1 iyun 2022-ci il tarixdən dayandırılıb. Qeyd olunanlara əsasən “Əlillik” alt sistemində və əlilliyinizə dair Mərkəzi Filialda mövcud olan sənədlərdə uyğunsuzluq aşkar edildiyindən müvafiq məlumatların dəqiqləşdirilməsi ilə bağlı aidiyyəti üzrə sorğu verilmişdir.” Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş və iş materiallarına əlavə edilmiş İddiaçı pensiya işinin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2014-cü il tarixdən İddiaçı əlilliyə görə pensiya təyin edilmişdir. Pensiya işinə əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı şəhəri 9 №-li Tibbi Sosial Ekspert komissiyası tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxlsərlə İş Departamentinin direktoruna ünvanlanmış xx.xx.2015-ci il tarixli məktubdan görünür ki, xx.xx.2015-ci il tarixdən İddiaçı Hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz 2-ci dərəcə əlillik təyin edilmişdir. Bu əsasla iddiaçıya əlilliyə görə pensiya ömürlük təyin edilmişdir. Cavabdeh inzibati orqan apellyasiya şikayətində Əlillik altsistemində İddiaçı növbəti qiymətləndirmə tarixinin xx.xx.2015-ci il qeyd edilməsini, lakin həmin tarixdən sonra iddiaçının əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi üçün yenidən müraciət etməməsini qeyd etsə də, Bakı şəhəri 9 №-li Tibbi Sosial Ekspert komissiyası tərəfindən iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi və ona müddətsiz olaraq 2-ci dərəcə əlilliyin təyin edilməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı pensiya işinin təsdiq edilmiş surətindən, o cümlədən iddiaçıya ünvanlanmış məktublardan görünür ki, iddiaçıya Hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz 2-ci dərəcə əlillik təyin edilməsi səbəbi ilə İddiaçı xx.xx.2022-ci il tarixədək pensiya ödənilmişdir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin cavabdeh inzibati orqana ünvanlanmış “İddiaçı (xx.xx.1979-cu il təvəllüdlü) əlillik təyin edilməsinə və təyin edilmiş əlillik dərəcəsi ilə bağlı məlumatların Agentliyin Əlillik alt sisteminə işlənməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətinin təqdim edilməsi” ilə bağlı xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli sorğularına cavab verilməmiş və sorğuda nəzərdə tutulan sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası vurğulayır ki, iş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən araşdırma zamanı dəfələrlə sorğu verilməsinə baxmayaraq, cavabdeh inzibati orqan tərəfindən İddiaçı 2-ci dərəcə əlillik müddətsiz olaraq təyin edildiyi halda hansı əsaslarla sistemə daxil edilməməsi, hansı qərar əsasında əlilliyin müddətinin dəyişdirilərək “müddətsiz”dən “müddətli”yə keçirilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Halbuki, mövcud qanunvericiliyə (“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.1-ci maddəsinin 2022-ci il iyulun 1-dək və həmin vaxtdan sonra olan redaksiyasına) əsasən, şəxsin əlilliyinin müddəti müvafiq qərar əsasında müəyyən edilir. İddiaçının hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz ikinci dərəcə əlilliyinin müəyyən edilməsi barədə cavabdehin qəbul etdiyi inzibati aktın hüquqi qüvvəsinin olmaması və ya etibarsız sayılması ilə bağlı məhkəməyə dəlil təqdim etməmişdir. Bakı şəhəri 9 №-li Tibbi Sosial Ekspert komissiyası tərəfindən iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi və ona müddətsiz olaraq 2-ci dərəcə əlilliyin təyin edilməsi, bununla bağlı ona pensiya təyin edilməsi və xx.xx.2022-ci il tarixədək pensiyanın ödənilməsi məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Həmçinin, iddiaçının İİ dərəcəli əlilliyinin əlillik altsistemində etibarsız hesab edilməsinə (ləğv edilməsinə) və həmin əlilliyin müddətinin dəyişdirilməsinə dair hər hansı bir rəsmi qərar qərarın qəbul edildiyi iş materiallarına əsasən müəyyən edilməmiş və işin məhkəmə araşdırmaları zamanı da məhkəməyə təqdim edilməmişdır. Bundan başqa, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona əlilliyin təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM 14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) . Odur ki, iddia tələbi qeyd edilən hissədə əsaslıdır və təmin edilməlidir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, cavabdeh inzibati orqanın fəaliyyəti xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun -2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. -2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 13-cü maddəsində göstərilmişdir ki, (13.1) inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. (13.2) İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. (13.3.) Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 14-cü maddəsinə əsasən, (14.1.) inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. (14.2.) Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. (14.3.) Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. - 21.1-ci maddəsinə görə, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. - 28.1-ci maddəsi inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). - 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. - 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. - 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. - 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. - 67.8-ci maddəsinə əsasən başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. - 68.1-ci maddəsinə əsasən qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. - 68.2-ci maddəsinə əsasən qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. - 68.3-cü maddəsinə əsasən qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. - 68.4-cü maddəsinə əsasən qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Beləliklə, işin araşdırılmış hallarından aydın olduğu kimi, iddiaçı 2015-ci ildən 2-ci dərəcə müddətsiz əlil təyin olunduğu halda, inzibati orqanın elektron sistemində bu barədə qeydin olmaması iddiaçının hüquqlarını pozur. İddiaçıya müddətsiz əlilliyə dair TSEK arayışının verilməsi nəticəsində iddiaçının onun barəsində qəbul edilmiş inzibati akta, həm də cavabdehin hərəkətlərinə etimad hüququ yaranmışdır. Cavabdeh inzibati orqan da öz növbəsində hazrki vəziyyətdə sözügedən TSEK arayışına əks məzmunlu olan müayinə aktlarını, arxiv sənədlərini təqdim edə bilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, etimadın qorunması prinsipi inzibati hüququn təməl prinsiplərindəndir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Beləliklə, hazırki işdə cavabdeh inzibati orqan elektron sistemdəki məlumatlara dair inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Yuxarıda qeyd olunanlara əsasən, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1932/2023 saylı, 05 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33, 82, 85 və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1932/2023 saylı, 05 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-2666/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2666/2023
21.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver