Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2666/2024 06.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ("xxxx" MMC üçüncü şəxs) “reyestr qeydinin ləğv edilməsi və daşınmaz əmlak üzərində hüquqların qeydə alınması” tələbinə dair iş üzrə QƏRARDADİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (məruzəçi), Məmmədova Şərafət Asif qızı və X2 ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ("xxxx" MMC üçüncü şəxs) “reyestr qeydinin ləğv edilməsi və daşınmaz əmlak üzərində hüquqların qeydə alınması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3130/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanına dair "xxxx" MMC-nin adına RX seriyalı, №1246594 saylı, xx.xx.2018-ci il tarixli çıxarışın verilməsinə əsas olmuş qeydin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmənin qərardadı ilə "xxxx" MMC iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
3. Sonradan iddiaçı tərəf iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək ünvan 1 ünvanında yerləşən 860 kv.m-lik hissənin xx.xx.2030-cu ilədək iddiaçıya icarəyə verilməsinə dair Keşlə bələdiyyəsi ilə bağlanmış olan xx.xx.2005-ci il tarixli icarə müqaviləsi üzrə iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi, ünvan 1 ünvanına dair "xxxx" MMC-nin adına RX seriyalı, №1246594 saylı, xx.xx.2018-ci il tarixli çıxarışın verilməsinə əsas olmuş qeydin qanunsuz hesab edilərək ləğv edilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
Birinci instansiya məhkəməsində icraat:
4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3130/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim T.Məlikov) Keşlə bələdiyyəsinin İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “reyestr qeydinin ləğv edilməsi və daşınmaz əmlak üzərində hüquqların qeydə alınması” tələbinə dair inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsindən imtina edilməsi qərara alınmışdır.
5. İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3130/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ:
a. Apellyasiya şikayətinin dəlilləri
6. İş üzrə çıxarılacaq məhkəmə qərarı birbaşa olaraq Keşlə bələdiyyəsi ilə əlaqədardır və dolayısı ilə də bu işdə onun maraqları mövcuddur.
7. Hazırki iddianın predmetini məhz bələdiyyə ilə iddiaçı arasında bağlanmış olan icarə müqaviləsi üzrə hüquqların qeydə alınması təşkil edir.
8. Məhkəmə yalnız çıxarılacaq qərarın Keşlə bələdiyyəsinin maraqlarına toxunmadığını əsaslandırmağa çalışmışdır. Lakin məhkəmə unutmuşdur ki, bələdiyyə ilə iddiaçı arasında bağlanmış olan icarə müqaviləsi üzrə bələdiyyənin icarə haqqı almaq səlahiyyəti müəyyən edilmiş və müqavilənin müddəti 2030-cu il tarixədək müəyyən edilmişdir. Göründüyü kimi çıxarılacaq olan qərarda Keşlə Bələdiyyəsinin marağı mövcuddur. b. apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin iştirakı:
10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə baxılmasının məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı, onun nümayəndəsi (vəkili) və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər, iddiaçının vəkili başqa işdə iştirakı ilə bağlı məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının, onun vəkilinin və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 28. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. 28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. 28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 29. İnzibati məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxslərin prosessual hüquqları 29.1. Üçüncü şəxslər tərəflərdən birinin tələbi daxilində öz maraqlarını qorumaq məqsədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər. 29.2. Yalnız zəruri cəlbetmə qaydasında prosesə cəlb olunmuş üçüncü şəxslər tərəflərin tələbləri daxilində fərqli tələblər irəli sürə bilərlər. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 01/2022 nömrəli, 17 fevral 2022-ci il tarixli Qərardadı
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
14. Apellyasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
MƏHKƏMƏNİN MÖVQEYİ
15. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edilərkən prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Qərardadın ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
16. Belə ki, hazırki yuxarıda sadalanan prosessual hüquq normalarının tələblərindən göründüyü kimi, adi və ya zəruri cəlbetmə qaydasında qoşulmanın baş tuta bilməsi üçün bir neçə şərtin birlikdə mövcud olması tələb olunur. Həmin şərtlərin bəziləri hər iki cəlbetməyə münasibətdə eyni olsa da, bəziləri cəlbetmənin növündən asılı olaraq fərqlənir.
17. Ali Məhkəmənin İnzibati Kollegiyasının 17 fevral 2022-ci il tarixli, 01/2022 nömrəli “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Qərardadında da qeyd edildiyi kimi, cəlbetmə üçün həlledici olan məsələlərdən biri də qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisə tərəfləri olmayan digər şəxslərin qanunla qorunan maraqlarına toxunma halını yaratmasıdır. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılmasından sonra yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir. Cəlbetmə üçün həlledici məqam cəlb edilən şəxslə tərəf arasındakı mövcud hüquq münasibəti deyil, hüquqi mübahisə ilə bağlı məhkəmənin qəbul edəcəyi qərarın potensial təsiridir.
18. İşin faktiki hallarından görünür ki, iddiaçı 3-cü şəxsin adına aparılmış mülkiyyət hüququna dair qeydiyyatın ləğv edilməsi və həmin əmlak üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir.
19. İddiaçı məhkəməyə vəsatət təqdim edərək, Keşlə bələdiyyəsinin 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
20. Vəsatət və apellyasiya şikayətinin dəlilləri eyniməzmunlu olmaqla onunla əsaslandırılmışdır ki, “iş üzrə çıxarılacaq məhkəmə qərarı birbaşa olaraq Keşlə bələdiyyəsi ilə əlaqədardır və dolayısı ilə də bu işdə onun maraqları mövcuddur. Hazırki iddianın predmetini məhz bələdiyyə ilə iddiaçı arasında bağlanmış olan icarə müqaviləsi üzrə hüquqların qeydə alınması təşkil edir. Məhkəmə yalnız çıxarılacaq qərarın Keşlə bələdiyyəsinin maraqlarına toxunmadığını əsaslandırmağa çalışmışdır. Lakin məhkəmə unutmuşdur ki, bələdiyyə ilə iddiaçı arasında bağlanmış olan icarə müqaviləsi üzrə bələdiyyənin icarə haqqı almaq səlahiyyəti müəyyən edilmiş və müqavilənin müddəti 2030-cu il tarixədək müəyyən edilmişdir. Göründüyü kimi çıxarılacaq olan qərarda Keşlə Bələdiyyəsinin marağı mövcuddur.”
21. Kollegiya qeyd edir ki, hazırki iş üzrə iddia tələbinin faktiki və hüquqi əsasları da, torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının ləğvi və qeydiyyata alınmasından ibarətdir ki, bununla bağlı məsələ də Keşlə bələdiyyəsinin maraqlarına toxunmur, iddiaçının və ya cavabdehin xeyrinə məhkəmə qərarının qəbul edilməsi nəticəsində üçüncü şəxsin hüquqi vəziyyətinin yaxşılaşdırılması, yaxud pisləşməsinin baş vermə ehtimalı yoxdur.
22. Həmçinin də qeyd olunmalıdır ki, iş materiallarında olan Keşlə bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubundan göründüyü kimi iddiaçı ilə Keşlə bələdiyyəsi arasında bağlanmış icarə müqaviləsi öz qüvvəsini itirmişdir.
23. Göründüyü kimi, inzibati iş üzrə qəbul ediləcək qərarla Keşlə bələdiyyəsinin 3-cü şəxs qismində maraqlarına toxunma məqamı hazırki mərhələdə müəyyən edilmədiyindən birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
24. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qərardadın ləğvinə əsas vermir.
25. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
26. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3130/2024 nömrəli 02 aprel 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mehriban Qarayeva Hakimlər: Şərafət Məmmədova Pərviz Hüseynov