Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2666/2025 26.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və 34 saylı şəhər poliklinikasına qarşı iş üzrə (Açar sözlər: əlilliyin təyin edilməsi; iddianın mümkünsüzlüyü) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və X2 ibarət tərkibdə, X3 qızının katibliyi katibliyi ilə, İddiaçı, onun nümayəndəsi-vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və 34 saylı şəhər poliklinikasına qarşı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 06 mart 2025-ci il tarixli, 2-(112)-2577/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və 34 saylı şəhər poliklinikasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının sosial hüquqlarının bərpa olunması üçün TSEK tərəfindən sonuncu Forma 88-ə əsasən düzgün qərar qəbul etməsi, yaşa görə əmək pensiyası almağını əsas götürərək "Əlilliyin müəyyən olunmasına dair Əsasnamə”nin 4.3- cü bəndinə əsasən ona əlillik müddət göstərilmədən təyin edilməsi, Travmatologiya institunun rəyinin nəzərə alınması, aldığı travmanın nəticələri əlillik təyin edilərkən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olmasının qeyd oluması, əks təqdirdə müstəqil ekspertizanın təyin olunması, 34 saylı şəhər poliklinikasının rəhbərliyinin cəzalandırılması və dəymiş maddi-mənəvi zərərin qismən də olsa ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 06 mart 2025-ci il tarixli, 2-(112)-2577/2025 nömrəli qərardadı ilə iddia tələbi mümkünsüz hesab edilmişdir.
3. Qərardaddan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddianın mümkün hesab edilərək işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
6. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmışdır.
TƏRƏFLƏRİN İZAHATLARİ:
7. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının nümayəndəsi-vəkili Nümayəndə apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
8. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iş üzrə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirakıını təmin etməmişdir.
9. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
10. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
11. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
12. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
13. Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.
14. X4 həmçinin qeyd edilmişdir ki, İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (4.1, 5.1, 5.2, 6.1 və 6.2-ci bəndlər).
15. İPM-in 2.2.4-cü maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Həmin Məcəllənin 34.3cü maddəsinə əsasən, qəbul edilməsi gözlənilən inzibati akta qarşı qabaqlayıcı (preventiv) iddianın qaldırılmasına yalnız obyektiv səbəblərdən irəli gələn müstəsna hallarda (şəxsin hüquqlarına və qanunla qorunan maraqlarına müdaxilənin qarşısını almağın xüsusilə zəruri olduğu hallarda) yol verilir.
16. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.
17. İddia ərizəsindən görünür ki, iddiaçı sonuncu Forma 88-ə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyin təyin edilməsini xahiş edir.
18. Məhkəmə araşdırılması nəticəsində müəyyən edildi ki, iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, xx.xx.2023-cü il tarixdə aparılmış qiymətləndirilmə nəticəsində ümumi xəstəlik səbəbilə 2 il müddətinə (xx.xx.2025ci il tarixinədək) orqanizmin funksiyalarının 80 faiz pozulması müəyyən edilmişdir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir; 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir; 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya AR Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən «Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri»nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır; 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat «Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri»nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; 2.4. TSEK 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 iş gününədək uzadıla bilər.
20. Göründüyü kimi mövcud qanunvericilik şəxsin əlilliyinin qiymətləndirilməsini müvafiq tibb müəssisəsi tərəfindən onun barəsində tərtib olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş” əsasında aparılmasını nəzərdə tutur. İddiaçıya dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli X00132081MNM saylı tibbi göndəriş (Forma 88) mövcuddur və onun əsasında əlillik təyin edilmişdir.
21. Beləliklə, iddiaçının əlilliyi hazırda qüvvədədir, sonuncu əlillik təyinatından sonra Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının 3-17-4/3-3-383/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə xx.xx.2025-ci ildə əyani müayinədən keçən iddiaçının ümumi xəstəlik səbəbilə 2 il müddətinə (xx.xx.2025-ci il tarixinədək) orqanizmin funksiyalarının 80 faiz pozulması barədə Komissiya tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar qüvvədə saxlanılmışdır.
22. Digər tərəfdən iddiaçının tələbini təmin etmək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətlərinə aid deyil. Belə ki, yuxarıda göstərilən qanunvericilik normalarından da göründüyü kimi, göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirilməsi, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir.
23. İPM-in 13 və 48-ci maddələrinə əsasən işin hərtərəfli, tam və obyektiv araşdırılması, yol verilən formal xətaların aradan qaldırılması, iddiaçının hüquqi maraqlarına uyğun iddia tələbinin dəqiqləşdirilməsi məqsədilə keçirilmiş məhkəmə iclaslarında (xx.xx.2024, xx.xx.2024-cü il tarixli) iştirak edən iddiaçıya qaldırdığı iddiaya cavab verməli olan inzibati orqanın (Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin) qeyd edilərək məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət etməsi, eyni zamanda həmin cavabdeh orqana müvafiq tələb (əlilliyə dair sonuncu qiymətləndirilmə barədə qərarın ləğvi) ilə müraciətin və müraciətin çatmasını təsdiq edən sənədin və ya imtina məktubunun məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. Buna baxmayaraq, məhkəmənin təklifi nəzərə alınmamış və müvafiq sənədlər məhkəməyə təqdim edilməmiş, iddia tələbi dəqiqləşdirilməsindən imtina edilmişdir.
24. Göründüyü kimi, məhkəmə tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi, yol verilən çatışmazlıqların aradan qaldırılması məqsədilə iclas təyin olunmuş, nöqsanlar müzakirə olunmuş, lakin iddiaçı tərəfindən həmin nöqsanlar aradan qaldırılmamışdır.
25. Beləliklə, birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia lazımi qaydada qaldırılmadığından inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyil.
26. İddiaçıya izah olunmuşdur ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbisosial ekspert komissiyasının sonuncü müayinəyə dair qərarından şikayət verərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlillik təyin olunması üçün tibbi sosial ekspert komissiyasına müraciət edə bilər.
27. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. 28.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 06 mart 2025-ci il tarixli, 2-(112)-2577/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Sədrlik edən Günel Abbasova Hakimlər Aytən Oruczadə Elvin Əliyev