Məhkəmə qərarları › İş №2-1(103)-2667/2019

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2667/2019

07.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2667/2019 07.11.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Seyidova Səriyyə Seyid qızı və Əhmədov İlham Bayram oğlundan ibarət tərkibdə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 Bakı şəhəri Qaradağ rayon şöbəsinin nümayəndəsi X1 iştirakı ilə ünvanlı sosial yardımın təyin edilməsi vəzifəsinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1062/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh AR ƏƏSMN DSMF Qaradağ rayon şöbəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi) məhkəməyə müraciət edərək, ailəsinə ünvanlı sosial yardımın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2155/2017 nömrəli iş üzrə xx.xx.2017-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi İİK-nın 2-1(103)-2602/2017 nömrəli iş üzrə xx.xx.2017-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarla razılaşmayan cavabdeh ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İİK-nın 2-1(102)-739/2018 nömrəli iş üzrə xx.xx.2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi İİK-nın 2-1(103)-2119/2018 nömrəli iş üzrə xx.xx.2018-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ləğv edilmiş, iş mümkünlük şərtləri yoxlanılmaqla yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsinin qərardadının əsaslarına görə, iddiaçı Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin xx.xx.2016-cı il tarixli imtinasını mübahisələndirsə də, məhkəməyə xx.xx.2017-ci il tarixdə, yəni qanunvericilikdə nəzərdə tutulmuş müddəti (30 gün) ötürməklə müraciət etmişdir. Qərardadla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlollərinə görə, qərardadın əsaslandırıcı hissəsində iddiaçının iddia müddətini ötürməklə məhkəməyə müraciət etməsi əsas götürülmüşdür. Lakin inzibati işin sənədlərindən də görünür ki, onun məhkəməyə müraciəti qanunvericiliyin tələb etdiyi müddətlərdə olmuşdur. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı şikayətə uyğun izahat vermiş, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası şikayəti Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İlk olaraq, şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Mahiyyətcə şikayət əsassızdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddiaçının qəbul olunmasını tələb etdiyi ünvanlı sosial yardımın təyin edilməsi barədə qərar «İnzibati icraat haqqında» AR Qanununun 2-ci maddəsi anlamında inzibati aktdır. İPM-in 2.2.2-ci maddəsinə görə, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Bu baxımdan, məcburetmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi iddiaçının hüquqi vəziyyətini yaxşılaşdıran əlverişli inzibati aktın qəbul edilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 5. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.2, 33.1, 33.2, 35.1). İşdən müəyyən edilir ki, iddiaçının ünvanlı sosial yardımın təyin edilməsi barədə xx.xx.2016-cı il tarixli müraciətinə VEMTAS tərəfindən xx.xx.2016-cı il tarixdə imtina verilməsi mübahisəsiz haldır. İPM-in 38.2-ci maddəsinə görə, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddia ərizəsindən görünür ki, ərizə xx.xx.2017-ci il tarixdə birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Bu da o deməkdir ki, iddiaçı hazırkı iddia ilə bağlı məhkəməyə müraciət edilməsi üçün qanunla müəyyən edilmiş 30 günlük prosessual müddəti ötürmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Bundan əlavə, iddiaçının ünvanlı sosial yardımın təyin edilməsi barədə işdə olan xx.xx.2016-cı il tarixli müraciətindən imtina edilməsinə dair VEMTAS-ın ac948921e55540feb8fofe65151b4ca6 nömrəli növbəti imtinasından görünür ki, xx.xx.2016-cı il tarixli müraciət artıq iddiaçı üçün əhəmiyyət kəsb etmir. Hər iki müraciətin təmin olunmasından imtinaların səbəbi isə “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunması ilə əlaqədar olmuşdur ki, bu hallarda da müraciətə DSMF-nin yerli şöbəsinin iştirakı olmadan baxılır və VEMTAS tərəfindən dərhal imtina cavabı verilir. Bu da onu göstərir ki, hazırkı iddiada cavabdeh ƏƏSMN olmalı idi. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın: 3.3. Bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Şöbənin ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir; 3.4. Şöbənin ünvanlı sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür; 3.4.2. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır; 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 6.1. Sosial yardımın təyin olunmasına, verilməsinə və ödənişinə nəzarət Nazirlik tərəfindən həyata keçirilir. Bütün yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası bu mənada apellyasiya şikayəti ilə razılaşmır. Belə ki, qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsi hüquq məsələsi olub, yalnız bu müddətin buraxılmadığını təsdiq edən mötəbər sübutlarla həll edilə bilər. Hazırkı mübahisədə iddiaçı bu müddətin buraxılmadığını mübahisə etsə də, onun bu mülahizələri iş materialları ilə təkzib olunur. Belə olan halda, iddiaçıya müvafiq yardımın həyata keçirilməsi yolu ilə cavabdehin iddiaya cavab verməli inzibati orqan olmaması ilə bağlı mövcud çatışmazlığın aradan qaldırılması mümkün olmur. Beləliklə, inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür (İPM-35.1), apellyasiya şikayəti qərardadın ləğvinə əsas vermir. Ona görə də, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 35, 68, 80, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1062/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Səriyyə Seyidova İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar