Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2667/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “əlavə bir otaqlı mənzil verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Həmid Üzeyir oğlu Həmidovdan ibarət tərkibdə, Aysu Əli qızı Orucovanın katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “bir otaqlı mənzil verilməsi” tələbinə iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3966/2021 saylı 02 avqust 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 01 dekabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı 28.01.2010-cu il tarixdən İİ qrup əlildir. Nizami rayon İcra Hakimiyyəti başçısının 369 saylı 28.06.2000-ci il tarixli sərəncamından görünür ki, İddiaçı 4 nəfər ailə tərkibi ilə mənzil şəraitinin yaxşılaşdırılması üçün mənzil növbəsinə alınmışdır. 24.12.2019-cu il tarixdə İddiaçı Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, 2399-cu məhəllədə 12 mərtəbəli binada iki otaqlı mənzillə təmin edilmişdir. Lakin İddiaçı ona verilmiş mənzilin otaqlarının sayının az olması, qanunvericiliklə ona düşəcək otaq sayının 2 deyil, 3 olması ilə bağlı cavabeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin edilməsindən imtina etmişdir. Belə ki, cavabdeh inzibati orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun iddiaçıya ünvanlanmış 11.03.2020-ci il tarixli sonuncu imtina məktubunda qeyd edilmişdr ki, iddiaçı qanunvericiliyə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 24.12.2019-cu il tarixdə Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, 2399-cu məhəllədə 12 mərtəbəli binada iki otaqlı mənzillə təmin edilmişdir. Mənzillərin imtiyazlı şəxslər arasında bölgüsü püşk atma ilə həyata keçirilir. Nəzərə alınması xahiş edilmişdir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “bir otaqlı mənzil verilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırmışdır ki, o, 28 iyun 2000-ci il tarixdən mənzil şəraitinin yaxşılaşdırılması üçün Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətində ev növbəsinə alınmışdır. 2005-ci ildə maddi vəziyyəti ağır olduğundan, arvadı X1 adına olan Nizami rayonu, Nəsimi küçəsi, 22 saylı evin 27 kv.m ölçüsü olan 2 saylı mənzili satmış və ailəsi ilə birlikdə kirayədə qalmalı olmuşdur. 24 dekabr 2019-cu il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, 2399 məhəlləsində yerləşən şəhid ailələri və Qarabağ əlillərinə ölkə başçısının iştirakı ilə mənzillər paylanmış, 26 dekabr 2019-cu il tarixdə ona həmin ünvanda iki otaqlı ev verilmişdir. Onun ailəsi 4 nəfərdən ibarətdir: özü, arvadı, 1991-ci il təvəllüdlü qızı Telli Süleymanova və 1989-cu il təvvüdlü oğlu Sənan Süleymanov. İki otaqlı evə razı olmadığı üçün bununla bağlı müraciət etmişdir. Fevral ayına qədər qeyd olunan mənzilə köçməmişdir. Bakı şəhəri Nizami RİH Maliyyə şöbəsinin rəisi onunla telefon əlaqəsi saxlayaraq mənzillə təmin olunduğundan, hər ay verilən kirayə pulunun dayandırıldığını bildirmişdir. Bu səbəbdən o, məcbur qalıb yeni mənzilə köçmüşdür. Bundan əvvəl Dövlət Sosial Müdafiə Fondunun ev məsələləri üzrə şöbəsinin rəhbərinin qəbuluna yazılmışdır. 10 yanvar 2020-ci ildə şöbənin əməkdaşları onu qəbul etmişlər. Ona məsələnin araşdırılacağı və məlumat veriləcəyi bildirilmişdir. Lakin indiyədək heç bir məlumat verilməmişdir. O, ƏƏSMN nazirinə müraciət etmişdir. Ona cavab olaraq bildirilmişdir ki, ƏƏSM Nazirliyi tərəfindən qanunvericiliyə uyğun olaraq mənzillə təmin olunmuşdur. Mənzillər növbəlilik əsasında paylanmalıdır. Lakin ondan sonra 2004-cü ildən növbədə olan evi ola-ola üç otaqlı ev almışdır. Ona 2018-ci il Lökbatan qəsəbəsində Dövlət Sosial Müdafiə Fondu tərəfindən üç otaqlı mənzil təklif olunmuşdur. Lakin indi ona iki otaqlı mənzil verilmişdir. Onun ailə üzvlərinin adına heç bir mülk yoxdur, onlar polis orqanında qeydiyyatdadırlar. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, Azərbaycan Respublikasında əlil və şəhid ailələrinin mənzillə təmin edilməsi məsələsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Nazirlik dövlət büdcəsindən ayrılan vəsait hesabına mənzil tikintisinə dair sifarişlər verir. Mənzillər tikildikdən sonra yerli icra hakimiyyətlərində mövcud olan siyahı əsasında mənzillərin paylanılması həyata keçirilir. Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq 16 kv.m. müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3966/2021 saylı 02 avqust 2021-ci il tarixli qərarı ilə iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbindən kənara çıxmışdır. Onun iddia tələbi uçot norması ilə bağlı deyildir. Cavabdeh tərəf mənzillərin Bakı şəhəri Nizami rayonu Bəkr Çobanzadə küçəsi 2399 məhəllədə yerləşən binada 3 otaqlı mənzillərin mövcud olduğunu və aidiyyəti şəxslərə verildiyini inkar etmir. Apellyasiya şikayətinə əlavənin dəlilləri: Apellyasiya şikayətinə əlavə onunla əsaslandırılışdır ki, o, 2000-ci ildə mənzil qeydiyyatına alınmışdır. Əlavədə göstərilmiş siyahıda ondan sonra qeydiyyata düşən və ailə tərkibi az olan şəxslər üç otaqlı mənzillə təmin olunduqları halda o, iki otaqlı mənzillə təmin olunmuşdur. Tərəflərin izahatları: İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək bildirmişdir ki, mənzillər paylanılan zaman qanunsuzluğa yol verilərək, mənzillərin növbəlilik əsasında paylanması aparılmamışdır. Belə ki, ondan sonra növbəyə dayananlara üç otaqlı mənzillər verilmişdir. Bununla bağlı iddiaçı apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında iddiaçıya sahəsi çox olan mənzilin verildiyini, onun mənzil növbəsinə duran zaman hansı kv.m sahəli mənzil verilməsini tələb etməsinin qeyd edilmədiyini, iddiaçının ailə tərkibi nəzərə alınmaqla ümumi əsaslarla mənzil növbəsinə götürüldüyünü bildirmişdir. Bununla bağlı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi 11.03.2020-ci il tarixdir. İddiaçı iddia ilə məhkəməyə 28.04.2020-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2, 62.2 və 62.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı tələbi “bir otaqlı mənzil verilməsi” barədədir. Qeyd olunan tələblə bağlı iddiaçı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun sahəsi 84.17 kv.m olan iki otaqlı mənzillə təmin edilməsinə istinad edərək tələbin təmin olunmasından imtina etmişdir. Bununla bağlı iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. Belə ki, işə birinci instansiya qaydasında baxmış məhkəmə cavabdeh inzibati orqan tərəfindən iddiaçının mənzil növbəsinə alınarkən qeydə alınmış 4 nəfər ailə tərkibinə uyğun olaraq adambaşına düşən uçot normasının (16 kv.m.) nəzərə alınaraq ona ümumi sahəsi 64 kv.m-dən artıq ölçüdə 2 otaqdan ibarət mənzil sahəsinin verildiyinə, nəticədə də iddiaçıya əlavə 1 otaqlı mənzilin verilməsi ilə bağlı orqanın öhdəliyinin olmasının müəyyən edilməməsinə istinad edərək istinad edərək iddia tələbinin təmin olunmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 1.1-ci maddəsinə əsasən mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. Həmin Məcəllənin 4.0 və 4.0.2-ci maddələrinə əsasən dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir. Mənzil Məcəlləsinin 50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar. Mənzil Məcəlləsinin 49.4-cü maddəsinə əsasən yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. Həmin Məcəllənin 49.5-ci maddəsinə əsasən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bilməz. Həmin Məcəllənin 50.2-ci maddəsinə əsasən vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. Həmin Məcəllənin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 27 avqust 2009-cu il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.3-cü bəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsinə “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Sadalanan maddi hüquq normalarının tələblərinə görə yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan hesab edilir və vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına, yəni yerli icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 56.5-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi ilə yaşayış sahəsi vətəndaşlara onların yaşayış yeri üzrə (müvafiq yaşayış məntəqəsinin hüdudlarında) adambaşına düşən ümumi sahəsi ayrılma normasından az olmamaqla verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli, 459 saylı “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Qərarına əsasən sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir. İş materiallarından müəyyən olunur ki, İddiaçı 22.06.2000-ci il tarixdə müvafiq icra hakimiyyəti orqanında mənzil qeydiyyatına alınan zaman onun ailə tərkibi özü də daxil olmaqla 4 nəfərdən ibarət olmuşdur. Ona ayrılmış mənzilin ümumi sahəsi 84.17 kv.m olmaqla 2 otaqdan ibarətdir. Göründüyü kimi, iddiaçının hər bir ailə üzvünə düşən sahə uçot normasından (16 kv.m.-dən) artıqdır. Buna baxmayaraq iddiaçı ona verilmiş mənzilin otaqlarının sayından narazı qalaraq cavabdehdən ona əlavə 1 otaqlı mənzilin verilməsini tələb edir. İş mateiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin **********8 saylı 05.08.2021-ci il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış bu kateqoriyadan olan şəxslərin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Bildirilmişdi ki, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuş 3 mart 2014-cü il tarixli 03/123 nömrəli məktubda 28 iyun 2000-ci il tarixindən 4 (dörd) nəfər ailə tərkibi ilə mənzil növbəsinə dayandığı qeyd edilən İddiaçı Nazirlik tərəfindən qanunvericiliyə uyğun 26 dekabr 2019-cu il tarixində Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, 2399-cu məhəllədə inşa edilmiş 12 mərtəbəli, 96 mənzilli yaşayış binasının 1-ci giriş, 12-ci mərtəbəsində ikiotaqlı ümumi sahəsi 84.17 kvadratmetr olan 35 nömrəli mənzil ilə təmin edilmişdir. 96 mənzilli binanın hər bir mənzili imtiyazlı şəxslərə təqdim edilmişdir. Bir otaqlı mənzillərin sayının 36, ikiotaqlı mənzillərin sayının 48, üçotaqlı mənzillərin sayının 12 ədəd olduğu nəzərə alınaraq ailə tərkibləri 4 nəfər olan vətəndaşlara ikiotaqlı mənzil verilməsi məqsədəuyğun hesab edilmişdir. Qeyd olunan yaşayış binasında mövcud olan ikiotaqlı mənzillərin ümumi sahəsi 81.92, 83.03, 84.17, 91.03 kvadratmetr, üçotaqlı mənzillərin ümumi sahəsi isə müvafiq olaraq 105, 110.91, 111.07 və 121.73 kvadratmetrdir. Hazırki işdə iddiaçı ona cavabdeh tərəfindən əlavə olaraq bir otaqlı mənzilin verilməsi ilə bağlı qərar qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmir. Əksinə, cavabdeh inzibati orqan tərəfindən iddiaçının mənzil növbəsinə durarkən qeydə alınmış 4 nəfər ailə tərkibinə uyğun olaraq adambaşına düşən uçot normasının (16 kv.m.) nəzərə alındığı, bu səbəbdən də sahəsi 84.17 kv.m olan 2 otaqlı mənzilin verildiyi, əlavə olaraq birotaqlı mənzilin də verilməsi ilə bağlı orqanın öhdəliyinin olmadığı sübuta yetirilir. Məhkəmə kollegiyası hazırki işdə iddiaçıya 4 nəfərdən ibarət ailə tərkibinə uyğun olaraq iki otaqlı mənzilin verilməsi zamanı hər bir ailə üzvünə düşən sahənin uçot normasından (16 kv.m.-dən) artıq olduğunu (cəmi 84.17 kv.m.) nəzərə alaraq hesab edir ki, iddiaçının ona yenidən bir otaqlı mənzilin verilməsi barədə iddiası əsassızdır və təmin edilə bilməz. Buna görə də birinci instansiya məhkəməsi tərəfindən həmin iddia düzgün olaraq təmin edilməmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillərə bu qərarın əsaslandırıcı hissəsində qiymət verildiyindən bu barədə əlavə apellyasiya araşdırılmasına zərurət yoxdur. Odur ki, məhkəmə kollegiyası iddia tələbinin rədd olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3966/2021 saylı 02 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3966/2021 saylı 02 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Həmid Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-2667/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2667/2021
01.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver