Məhkəmə qərarları › İş №2-1(103)-2668/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2668/2021

21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2668/2021 21.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil ("Mütəllimov və Partnyorları" Vəkil Bürosu) iştirakı ilə, İddiaçı (xx.xx.1955-ci il tarixində Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2- 1(112)-1040/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı 02.06.2020-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/468 saylı sahədə yerləşən torpaq sahəsinə dair onun mülkiyyət hüquqlarının dövlət reyestrindən çıxarışın verilməsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən torpaq sahəsinə dair vətəndaş X7 mülkiyyət hüquqları qeydə alınaraq Əzizbəyov rayon İcra Hakimiyyəti tərəfindən 27.07.1992-ci il tarixli, 615/48 saylı sərəncam verilmişdir. Həmin sərəncam Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialında mövcuddur və tərəfindən surəti əldə olunmuşdur. Həmçinin həmin sərəncam əsasında Xəzər rayonu İcra Hakimiyyəti Başçısının Mərdəkan qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən 01.10.2019-cu il tarixdə, 3/468 saylı torpaq sahəsinin cizgisi və xəritədən çıxarışı hazırlanmış və təsdiq edilmişdir. O, mərhum şəxs X7 qanun üzrə vərəsəsi İdarəyə ərizə ilə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/468 saylı sahədə yerləşən torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. Lakin İdarənin **********58 saylı, 13.03.2020-ci il tarixli cavab məktubu ilə torpaq sahəsinə dair sərəncamların qeydiyyatı kitabının 32-ci səhifəsində “vətəndaş X6” məzmunu ilə qeyd olduğunu əsas gətirərək müraciətdən imtina etmişdir. Bununla yanaşı həmin sərəncamın həqiqiliyinə dair cavabdeh orqanın şübhələri olduğu üçün Nərimanov rayon Polis İdarəsinə 17-ci Polis Şöbəsinə şikayət daxil olmuş, buna baxmayaraq bu barədə cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar qəbul olunmuşdur. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/468 saylı sahədə yerləşən torpaq sahəsinə dair hüququn X9 məxsus olması haqqında arayışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2-1(112)-1040/2021 nömrəli qərarı ilə (hakim Ş.Həsənova) iddia tələbi rədd edilmişdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2-1(112)-1040/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinini iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş yenidən mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən prosessual normaların tətbiqində səhvə yol verməklə düzgün olmayan nəticəyə gəlmişdir. İş materiallarında olan: - Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci ildə Bakı şəhərində doğulmuşdur. - AZ-İ seriyalı, 857313 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 01.04.2017-ci il tarixində ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2017-ci ilin 04-cü ayının 05-ci günündə 245 nömrə ilə qeyd edilmişdir, ölümün səbəbi-sağ böyrəküstü vəzin xərçəngi, öldüyü yer-Bakı şəhəri, qeyd edilən yer- Xəzər rayon Qeydiyyat Şöbəsi. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış 17.11.2020-ci il tarixli, 909 nömrəli məktubdan görünür ki, keçmiş Əzizbəyov RİH-nin (indiki Xəzər RİH) 27.07.1992-ci il tarixli, 615/48 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin bu sərəncam həmin ilin sərəncamlarının qeydiyyatı kitabı ilə uyğunsuzluq təşkil etdiyindən doğruluğu şübhə yaradır. Belə ki, 27.07.1992-ci il tarixli, 615/48 saylı sərəncam saxlama vahidində “Vət. X9” torpaq sahəsi ayrılması haqqında” olsa da sərəncamların qeydiyyatı kitabının 32-ci (otuz ikinci) səhifəsində “X3 Mərdəkan qəsəbəsində torpaq sahəsi ayrılması” məzmunu ilə qeydiyyata alınmışdır. Odur ki, məlumat üçün Əzizbəyov RİH-nin (indiki Xəzər RİH) arxiv fondu üzrə 27.07.1992-ci il tarixli, 615/48 saylı sərəncamının təsdiq edilmiş ksero surəti 1 (bir) vərəqdən ibarət təqdim olunur. Sərəncama heç bir sənəd əlavə edilməmişdir. - Həmin məktuba əlavə edilmiş Əzizbəyov RİH-nin (indiki Xəzər RİH) 27.07.1992-ci il tarixli, 615/48 saylı sərəncamın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Əzizbəyov Rayon İcra Hakimiyyətinin Başçısının Mərdəkan qəsəbəsindəki nümayəndəsinin 5 №-li, 22.05.1992-ci il tarixli sərəncamına baxılmış və Bakı şəhər Soveti İK-nin 27.01.89-cu il tarixli, 22/45 №-li qərarını rəhbər tutaraq Mərdəkan qəsəbəsi, Sovet küçəsi, dalan 2, ev 5-də yaşayan, 12 №-li Uşaq Xəstəxanasında sürücü işləyən, ailə tərkibi dörd nəfərdən ibarət olan X9 Mərdəkan qəsəbəsində 3/468 №-li sahədə fərdi ev tikmək üçün 750 kvm. torpaq sahəsi ayrılmışdır. - Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti Başçısı tərəfindən iddiaçıya ünvanlanmış Ə-263-091 №-li, 30.09.2019-cu il tarixli məktubundan və ona əlavə edilmiş torpaq sahəsinin cizgisindən görünür ki, Əzizbəyov RİHB-nın 615/48 saylı, 27.07.1992-ci il tarixli sərəncamı ilə Mərdəkan qəsəbəsində fərdi ev tikmək üçün mərhum X9 ayrılmış 3/468 saylı torpaq sahəsinin cizgisinin və xəritədən çıxarışının verilməsi barədə rayon İcra Hakimiyyətinə ünvanladığı ərizəyə baxılmış və ayrılmış torpaq sahəsinin cizgisi və xəritədən çıxarışı hazırlanaraq təsdiq edilmişdir. - 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontoru tərəfindən İdarəyə ünvanlanmış 841 №-li, 25.07.2017-ci il tarixli məktubdan görünür ki, İddiaçı müraciəti, miras qoyanla qohumluq əlaqəsini təsdiq edən sənəd, (yaxud vəsiyyətnamə) mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında 01 aprel 2017-ci ildə ölmüş əri X7 adına vərəsəlik işi açılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 51.11-ci maddəsinin tələbinə uyğun olaraq mərhum X9 məxsus olan əmlak barəsində daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı sorğunu təqdim etmiş şəxs vasitəsilə notariat kontoruna göndərilməsi xahiş olunmuşdur. - İdarə tərəfindən iddiaçıya ünvanlanmış **********58 №-li, 13.03.2020-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/468 saylı sahədə yerləşən torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi, dövlət reyestrindən çıxarışın və daşınmaz əmlaka ünvan verilməsi ilə bağlı ərizəsinə baxılmışdır. Bununla əlaqədar bildirilir ki, təqdim edilmiş Bakı şəhər Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş 27.07.1992-ci il tarixli, 615/48 saylı sərəncamın həqiqiliyi ilə bağlı Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına sorğu göndərilmişdir. Sorğuya cavab olaraq bildirilmişdir ki, təqdim edilən sərəncam Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin bu sərəncam həmin ilin sərəncamlarının qeydiyyatı kitabı ilə uyğunsuzluq təşkil etdiyindən doğruluğu şübhə yaradır. Belə ki, 27.07.1992-ci il tarixli, 615/43 saylı sərəncam saxlama vahidində “vət X9 fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” olsa da, sərəncamların qeydiyyatı kitabının 32-ci (otuz ikinci) səhifəsində “vət.X6" məzmunu ilə qeydiyyata alınmışdır. Həmçinin bildirilmişdir ki, sənədlə faktiki sahə arasında (sənəd üzrə 750.0 kv.m-faktiki 945.0 kv.m) perimetrik ölçü, konfiqurasiya və sahə fərqi mövcuddur. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilir. - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin təhqiqatçısı, polis mayoru X12 tərəfindən qəbul edilmiş 22.02.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən daxil olmuş şikayət ərizəsi əsasında araşdırma zamanı müəyyən olmuşdur ki, 29.01.2020-ci il tarixdə Azərbaycan Respublkası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Bakı şəhəri BPİ-nin İstintaq və Təhqiqat idarəsinə və oradan Nərimanov RPİ-nin 18-ci PŞ-nə daxil olmuş şikayət ərizəsində X7 vərəsəsi X5 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə 08.10.2020-ci il tarixdə ünvan 5 ünvanında yerləşən Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etməsi, həmin sənədlərin araşdırılması zamanı Bakı şəhəri, Xəzər rayon İcra Hakimiyyəti başçısının 27.07.1992 ci il tarixli 615/48 saylı sərəncamının həqiqiliyinə dair ciddi şübhə yaranmışdır. Bundan başqa izahatı alınmış İddiaçı bildirmişdir ki, X11 onun həyat yoldaşıdır, Mikayıl 2017-ci ildə vəfat etmişdir və onun qanur üzrə vərəsəsidir. Mikayıla 1992-ci ildə keçmiş Əzizbəyov rayon icra hakimiyyətinin sərəncamı ilə Mərdəkan qəsəbəsində 750 kv.m torpaq sahəsi verilmişdir. Təxminən 2012-ci ildə həmin sahədə ev tikib və qızı hazırda ailəsi ilə birlikdə həmin evdə yaşayır. Mikayılın sağlığında həmin sahəni özəlləşdirə bilməmiş, çünki Mikayıl sön dövrlər xəstə yatmışdır. 2020-ci ilin oktyabr ayında həmin torpaq sahəsini özəlləşdirmək məqsədilə Xəzər rayon İcra Hakimiyyətinin Mərdəkan qəsəbəsi üzrə nümayəndəliyində torpaq sahəsinin sxemin çəkdirmiş, sonra isə sənədləri çıxarış alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim etmişdir. Bir müddətdən sonra isə həmin idarədən ona bildirmişlər ki sənədlər saxlanılıb hansısa problem var. İddiaçı həmin sərəncamın vəfat etmiş həyat yoldaşı Mikayıl tərəfindən 1992-ci ildə İcra hakimiyyətinə rəsmi müraciət edərək alındığını, 1992-ci ildən həmin torpaq sahəsinin onların istifadəsində olduğunu, həmin sahə ilə bağlı heç kimin iddiasının olmadığını, X4 tanımadığını, sərəncamda olan uyğunsuzluğun səbəbini və necə yaranmasını bilmədiyini bildirmişdir. Araşdırma zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xəzər rayon Qeydiyyat Şöbəsindən alınmış ölüm haqqında şəhadətnamədən görünür ki, X11 05.04.2017-ci il tarixdə (mətnə uyğun) sağ böyrəküstü vəzin xərçəngindən vəfat etmişdir. Beləliklə aparılmış təhqiqat araşdırılması zamanı məlum olmuşdur ki, X5 barəsində Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə daxil olmuş müraciətdə 1992-ci ildə İcra hakimiyyətinə müraciət edərək sərəncamı almış X5 əri vət. X11 vəfat etdiyindən və cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən cinayət işinin başlanması rədd edilmişdir. Qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsi barədə gəldiyi nəticə ilə razılaşmayaraq, qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmamışdır. Belə ki, iş materiallarından müəyyən edilir ki, hazırkı iş üzrə iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/468 saylı sahədə yerləşən torpaq sahəsinə dair hüququn X9 məxsus olması haqqında arayışın verilməsini xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyətinin Başçısının 615/48 №-li, 27.07.1992-ci il tarixli sərəncamı ilə Mərdəkan qəsəbəsi, Sovet küçəsi, dalan 2, ev 5-də yaşayan, 12 №-li, Uşaq xəstəxanasında sürücü işləyən, ailə tərkibi 4 nəfərdən ibarət olan X9 Mərdəkan qəsəbəsində 3/468 №-li sahədə fərdi ev tikmək üçün 750 kv.m torpaq sahəsi ayrılmışdır. Lakin sərəncamların qeydiyyatı kitabının 32-ci (otuz ikinci) səhifəsində “X3 Mərdəkan qəsəbəsində torpaq sahəsi ayrılması” məzmunu ilə qeydiyyata alınmışdır. Göründüyü kimi Əzizbəyov RİH-nin (indiki Xəzər RİH) 27.07.1992-ci il tarixli, 615/48 saylı sərəncamı ilə həmin ilin sərəncamlarının qeydiyyatı kitabı ilə uyğunsuzluq mövcud olsa da, birinci instansiya məhkəməsi tərəfindən bu hal araşdırılmamış, yekun olaraq Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 615/48 №-li, 27.07.1992-ci il tarixli sərəncamının mötəbər sübut kimi qiymətləndirilə bilməməsi nəticəsinə gələrək, iddia tələbini rədd olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, işin birinci instansiya icraatı zamanı sərəncamların qeydiyyatı kitabının 32-ci səhifəsində adı qeyd edilmiş, X6 (məhkəmənin elektron sisteminə əsasən 14.10.1968-ci il tarixində Masallı rayonunda anadan olmuş, ünvan 6 ünvanında qeydiyyatdadır) eyni zamanda Bakı şəhər Xəzər İcra Hakimiyyəti, Əzizbəyov Rayon İcra Hakimiyyətinin (indiki Bakı şəhər Xəzər İcra Hakimiyyəti) Başçısının Mərdəkan qəsəbəsindəki nümayəndəliyi üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb edilməli və X1 adına sərəncamın mövcud olub-olmaması, sərəncamların eynilik təşkil edib-etməməsi, iddiaçıya və X3 ayrılmış torpaq sahəsinin ölçülərinin və yerləşdiyi sahələrin nömrələrinin üst-üstə düşüb-düşmədiyi, iddiaçıya aid olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/468 saylı sahədə yerləşən torpaq sahəsinin sərəncamda göstərilən nömrə ilə eynilik təşkil edib-etməməsi araşdırılaraq, eyni zamanda Mərdəkan qəsəbə nümayəndəliyi tərəfindən X9 münasibətdə verilmiş 05 nömrəli, 22.05.1992-ci il tarixli sərəncamı və onun verilməsinə əsas olmuş sənədlərin surətləri tələb edilməli, eyni zamanda X3 münasibətdə belə bir sərəncamın verilib-verilməməsi, verilmiş sərəncamın həmin ilin sərəncamlarının qeydiyyatı kitabı ilə nə səbəbdən uyğunsuzluq təşkil etdiyi, X1 adına daşınmaz əmlakın dövlət reyestri xidmətindən çıxarışın olub-olmaması, qeyd olunan fatiki hallar və digər zəruri araşdırmalar aparılaraq işin ziddiyyətli məqamlarına aydınlıq gətirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Yuxarıda göstərilən ziddiyyətlərin araşdırılması, əlavə sənədlərin və izahatların alınması üçün iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2-1(112)-1040/2021 nömrəli qərarı ləğv edilərək, iş mahiyyəti üzrə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2-1(112)-1040/2021 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/468 saylı sahədə yerləşən torpaq sahəsinə dair hüququn X9 məxsus olması haqqında arayışın verilməsi” tələbinə dair inzibati iş mahiyyəti üzrə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025 Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar