Məhkəmə qərarları › İş №2-1(103)-2668/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2668/2023

06.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2668/2023 06.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçılar İddiaçı1 MMC-nin və İddiaçı2 cavabdeh Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə qarşı “icra sənədi üzrə icraatın dayandırılması tələbinə dair“ iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5419/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçılar İddiaçı1 MMC və İddiaçı2 cavabdeh Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-739 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə qərar qəbul etmə öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddianın əsaslarına görə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-739 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən borclu İddiaçı1 MMC-dən 1997221,05 ABŞ dolları pul tutularaq tələbkar "xxxx" ASC-yə ödənilməsi, tələbin İddiaçı1 MMC-yə məxsus “Straytlayn-600 G”, “Dino-C” markalı dondurma istehsal avadanlığına və İddiaçı2 məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-739 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Ali Məhkəmənin Mülki Kollegiyasının 16 avqust 2022-ci il tarixli 2(102)-4616/2022 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-739 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının 16 avqust 2022-ci il tarixli 2(102)-4616/2022 saylı qərarından cavabdeh İddiaçı1 MMC tərəfindən əlavə kassasiya şikayəti verilmiş və şikayət Ali Məhkəmənin Plenumu tərəfindən icraata götürülmüşdür. Qeyd olunanlar nəzərə alınaraq iddiaçılar tərəfindən “Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-739 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraatın dayandırılması” barədə ərizə ilə Xətai rayon İcra şöbəsinə müraciət olunmuş, akin sonuncu xx.xx.2022-ci xx/xx-244460/16 saylı məktubla cavab verərək icraatın dayandırılmasının mümkün olmadığını bildirmişdir. Halbuki iddiaçının əlavə kassasiya şikayəti təmin olunacağı və İddiaçı1 MMC-nin ziyanına olan məhkəmə qərarı ləğv olunacağı, həmin müddətdə artıq tələb yönəldilmiş əmlakın hərracdan satılmış olduğu halda müəssisənin və İddiaçı2 mülkiyyət hüquqlarının bərpası mümkünsüz olacaqdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5419/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı2 apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini, iddianın mümkün sayılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-739 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə ərizə ilə Xətai rayon İcra Şöbəsinə müraciət olunmuş, lakin sonuncu xx.xx.2022-ci 17/74- 244460/16 saylı məktubla cavab verərək icraatın dayandırılmasının mümkün olmadığı bildirilmişdir. Cavabdeh mövqeyini onunla əsaslandırmışdır ki, mövcud qanunvericilikdə əlavə kassasiya şikayətinin verilməsi halında icraatın məcburi qaydada dayandırılması nəzərdə tutulmamışdır.İcra məmurunun hərəkətləri qanunsuzdur. Belə ki, icra sənədinə əsasən icra tədbirləri başlanmış, Xətai rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli xx/xx-24446016 saylı sifariş məktubu ilə tələbə yönəldilmiş əmlakların hərracdan satışı üçün "xxxx" MMC-yə müraciət olunmuşdur. Hətta "xxxx" MMC tərəfindən hərrracın keçirilməsi üçün vaxt da təyin edilmişdir. İcraatın dayandırlmasının məcburi olduğu hallarda icra məmurunun qanunvericiliyin imperativ tələblərini icra etməməsi və bununla bağlı qərarı, hərəkət və ya hərəkətsizliyi inzibati idda qaydasında inzibati məhkəmə icraatında baxılmalı, icraatın dayandırılmasının mümkün olduğu hallarla bağlı isə müvafiq təqdimatla məhkəməyə müraciət etməli olduğundan iş üzrə məhkəmə qərarını qəbul etmiş məhkəməyə müraciət olnmalıdır.Məhkəmə sadalanan xüsusatlara diqqət yetirməmiş ümumilikdə icra məmurunun bütün hərəkət (hərəkətsizliyi) və qərarlarından şikayətin icra sənədi üzrə qərarı qəbul etmiş məhkəmədə baxılması olduğu qənaətinə gəlmişdir. Bununla da məhkəmə iş üzrə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş tərəflər (səlahiyyətli nümayəndələri) məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşıdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati icraat qaydasında baxılan iddia –subyektiv hüququ olan şəxs tərəfindən qanunla üzərinə müvafiq öhdəlik düşən inzibati orqana qarşı qaldırılmalı və inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmaqla, iddiaçı tərəfindən hüquq və azadlıqların pozulması (sübutlar da əlavə olunmaqla) əsaslandırmalıdır ki, iddiasının inzibati məhkəmə icraatı mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə,iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Konkret halda, hazırkı iddianın inzibati məhkəmə icraatının mümkünlüyü şərtləri öz təsdiqini tapmır. Belə ki, iddia ərizəsindən göründüyü kimi, iddiaçılar tərəfindən mülki icraat qaydasında baxılmış iş üzrə qəbul edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-739 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə icraatın dayandırılmasının cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsi xahiş etmişlər. İPM-in 1.1-ci maddəsinin tələbini nəzərə alan məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, inzibati icraat qaydasında qaldırılan iddianın ilkin mümkünlük şərti inzibati hüquq münasibətlərindən yaranması təşkil etməlidir. Konkret halda isə prosessual qanunvericiliyin bu şərti ödənilmədiyindən hazırkı iddianın inzibati məhkəmə icraatında baxılması istisna edilir. Belə ki, mülki icraat qaydasında baxılan işlər üzrə verilmiş icra sənədinə əsasən başlanılmış icra işinin iştirakçılarının narazı qaldıqları istənilən məsələyə həmin icraat çərçivəsində də məhz, baxılması davam etdirilməlidir. Çünki, «İcra haqqında» Qanunun 26-cı maddəsinin tələbinə görə icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən məhz, həm də onu nəzərdə tutur ki, tərəflər icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Digər tərəfdən «Homsbi» Yunanıstana qarşı» işdə (19 mart 1997 40-cı bənd) Avropa Məhkəməsi də məhz, qərarında qeyd etmişdir ki, «İnsan hüquqları haqqında» Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan ədalətli məhkəmə araşdırması huququ, dinləmədən sonrakı prosedurları, məsələn, məhkəmə qərarının icrası prosedurunu da əhatə edir.» Göründüyü kimi, həm daxili, həm də beynəlxalq qanunvericiliyə görə icra sənədinin icra edilməsinə nəzarəti həmin icra sənədini icra edən icra qurumunun rəhbəri və bir də həmin icra sənədini verən məhkəmənin özü tərəfindən həyata keçirilməlidir. Odur ki, məhkəmə kollegiyası, qeyd olunan icra sənədinin icrası ilə əlaqədar cavabdeh icra qurumu məmurunun hərəkət və ya hərəkəsizliyindən narazı qalan iddiaçıların nəzərinə çatdırır ki, «icra sənədi üzrə icraatın iştirakçıları (tələbkar və borclu) həmin icraatı həyata keçirən icra məmurunun hərəkət və hərəkətsizliyindən irəli gələn istənilən məsələni ayrıca inzibati məhkəmə icraatı çərçivəsində deyil, həmin mülki işin davamı olaraq mülki-prosessual qanunvericiliyin tələbləri qaydasında mübahisələndirilməlidir. Konkret halda isə məsələnin həllini həmin icraatdan kənar qaydada mübahisələndirilmişdir. Məhkəmə kollegiyası, qeyd edir ki, icra sənədinin icrası zamanı icra məmurunun hərəkətləri və ya hərəkətsizliyi inzibati hüquq sahəsinə aid olan publik xarakterli məsələlərin tənzimlənməsinə yönəlmir. Belə ki, qanuni qüvvəsini almış məhkəmə qərarının (qəradadının) icrası olaraq, kommersiya və ya mülki icraat qaydasında baxılan işlər üzrə tərəflərin həmin icraat çərçivəsində məhkəmə müdafiəsi hüquqlarının tərkib hissəsini təşkil edir və həmin işin davamı kimi qəbul edilir. Bu baxımdan da, məhz, icra orqanına (məmuruna) qarşı onun hərəkət və hərəkəsizliyindən şikayətlərə baxılması, məhz, icra sənədini vermiş və onun icrasına nəzarət edən məhkəmənin səlahiyyətinə aid edilir. Məhkəmə kollegiyası həmçinin, onu da qeyd edir ki, icra orqanı tərəfindən icra icraatından kənara çıxmalarla yol verildiyi və icraatın iştirakçıları olmayan kənar şəxslərin hüquq və azadlıqları pozulduğu hallarda yalnız, hüququ pozulmuş həmin kənar şəxslərin icra orqanının hərəkət və həkətsizliyindən və ya qərarlarından verdiyi şikayətlərin ümumi (publik) hüquq sahəsinə aid edilməsi və bu qəbildən olan mübahəsələrin inzibati məhkəmələrə aid edilərək inzibati məhkəmə icraatı çərçivəsində baxılması mümkündür. Beləliklə də göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qərardadında iddianın mümkün sayılmaması işin hallarına və prosessual hüquq normalarının tələblərinə uyğun nəticədir. Ona görə də məhkəmə kollegiyası iddaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərardadının maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5419/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutub məhkəmə kollegiyası qəraraaldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5419/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar