Məhkəmə qərarları › İş №2-1(103)-2669/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2669/2021

30.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2669/2021 30.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili Vəkil və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «qərarın ləğv edilməsi» tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-884/2021 saylı 25.06.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin **********198355 nömrəli 16.03.2020-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, İddiaçı MMC əlavə dəyər vergisinin ödəyicisi kimi qeydiyyata alınmış, ona VÖEN və ƏDV bildirişi verilmişdir. Qurum faktiki olaraq səhiyyə sahəsində sair fəaliyyəti ilə məşğul olmuşdur, mövcud qanunvericiliklə qadağan olunmuş fəaliyyəti yoxdur. MMC-də 2006-cı ildən hal-hazıradək bir neçə dəfə səyyar vergi yoxlamaları keçirilmiş və onun sahibkarlıq fəaliyyəti dövründə heç bir vergilərin ödənilməsindən yayınma faktları aşkarlanmamışdır. Axırıncı dəfə 30.01.2019-cu il tarixdən 28.01.2020-ci il tarixədək müəssisədə sonuncu mübahisələndirilən səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama yanvar 2017 – noyabr 2018 tarixləri əhatə etmişdir. Bütün sənədlər təqdim edilməsinə baxmayaraq 29.01.2020-ci il tarixdə akt tərtib edilərək yenidən həmin dövrə əlavə vergilərin hesablanması barədə **********198355 nömrəli 16.03.2020-ci il tarixli qərar çıxarılmışdır. Yoxlanılan dövr üçün 883.842,12 manat ƏDV, 2017-ci il üçün 88.913,33 manat mənfəət vergisi, MDSS – İşəgötürənlər – muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər (0111) üzrə 2017 – 2018-ci illər üçün 203.159,62 manat, işsizlik sığortası üzrə rüblük hesabat (hüquqi şəxslər) üzrə 2018-ci il üçün 3.609,54 manat, 2017 – 2018-ci illər üçün muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi (ƏDV bəyannaməsi tərkibində) 105.637,85 manat, cəmi 1.285.162,46 manat vergilərin azaldılması müəyyən edilmiş, bütün bunlara müvafıq 642.581,25 manat maliyyə sanksiyası hesablanmışdır. Yoxlama aktı tərtib edilərkən vergi qanunvericiliyinin normalarına riayət edilməmiş, qanunsuz dövriyyə formalaşdırılmışdır, əsassız vergilər hesablanmışdır. Əlavə hesablanmış vergilər vergi orqanı tərəfindən Vergi Məcəlləsində və digər qanunvericilikdə nəzərdə tutulmamış, hüquqi əsaslara söykənməyən, müəssisəyə məxsus olmayan, müəssisədən götürülməsi təsdiq olunmayan təxəyyül cədvəl əsasında aparılmışdır ki, bu da sonda şəffaf sahibkarlıq fəaliyyəti göstərən müəssisənin ehtiyacı olan şəxslərə xidmət göstərilməsini dayandırmış, kütləvi şəkildə insanların hüquqlarını məhdudlaşdırmışdır. Hər hansı fakt olmadığından, yoxlama zamanı müəssisənin vergi öhdəlikləri üzrə vergilərin azadılması müəyyən edilməmişdir. Vergilər hesablanarkən heç bir analoji vergi ödəyicisinin göstəricilərinə və əlaqəli məlumatlara istinad edilməmişdir. Yoxlama aktında əlavə vergilərin hansı mənbəyə istinadən hesablanması öz əksini tapmamışdır. Yoxlama 12 ay ərzində aparılmış və vergilər elektron fayllarda olan məlumatlara əsasən hesablanmışdır. Bu məlumatlardan isə MMC-nin məlumatı olmamışdır. Yoxlama zamanı bütün sənədlər (mühasibat sənədləri, müəssisənin gəlir və xərclərinin, qaimə-fakturalar və s.) təqdim edilmiş, mühasibat sənədləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ciddi uçot blanklarında tərtib olunmuşdur. Maliyyə-təsərrüfat fəaliyyətini əks etdirən hesabatlar isə, vergi orqanına yoxlama gününədək təhvil verilmişdir. Sənədlər təqdim edilmədiyi halda, vergi orqanı tərəfindən AR Vergi Məcəlləsinin 42.2-ci maddəsinə əsasən akt tərtib olunmalıdır. Belə akt isə, tərtib olunmamışdır. Vergi orqanının 16.03.2020-ci il tarixli qərarında AR Vergi Məcəlləsinin 49.2-ci maddəsinin tələbinə zidd olaraq, vergi ödəyicisinə müvafiq izahat verilməmiş, pozuntunun şəraiti və s. əks olunmamışdır. Qərar səthi və formal şəkildə hazırlanmışdır. Bununla «İnzibati icraat haqqında» AR Qanununun 61-ci maddəsinin və AR Vergi Məcəlləsinin 24.0.2-ci maddəsinin tələbləri də pozulmuşdur. Qeyd olunanlar qəbul edilmiş məsuliyyət qərarının ləğv edilməsi üçün birbaşa əsasdır (Vergi Məcəlləsinin 49.5-ci maddəsinə görə). Mühasibat uçotu elektron formatda aparılmayan vergi ödəyicisindən götürülən elektron məlumat – adi excell cədvəl əsasında gəlirin müəyyən edilməsinin heç bir əsası yoxdur. Çünki, gəlirə dair elektron məlumatlar yalnız vergi ödəyicisinin elektron mühasibatlıq proqramından götürüldüyü halda, əsaslı mənbə kimi istifadə oluna bilər. Bu halda da, həmin elektron məlumat digər sənədlər ilə təsdiq olunmalıdır. Əks halda bu məlumat proqram təminatının texniki xətası kimi qəbul olunur. Vergi orqanının gəlir və xərcə birtərəfli yanaşması əsaslı hesab olunarsa, yenə də həmin məlumat qanuni sayılaraq istifadə oluna bilməz. Çünki Vergi Məcəlləsinin 43.2.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsi tərəfindən səyyar vergi yoxlaması zamanı nümunə kimi götürülən əşyalar xüsusiyyətindən asılı olaraq qablaşdırılır, zəruri hallarda isə yoxlayıcı tərəfindən möhürlənir. Həmin Məcəllənin 43.6-cı maddəsinə görə sənədlərin və nümunə kimi əşyaların götürülməsi sənədləri və əşyaları götürülən şəxslərin və (və ya) onların nümayəndələrinin, habelə müşahidəçilərinin iştirakı ilə həyata keçirilir. Zəruri hallarda sənədlərin və nümunə kimi əşyaların götürülməsində iştirak etmək üçün mütəxəssis dəvət oluna bilər. Yoxlama zamanı ekspertiza aparılmamış, mütəxəssis dəvət edilməmiş və rəy tərtib edilməmiş, həmçinin AR Vergi Məcəlləsinin 38 – 39-cu maddələrinin tələblərinə də tam olaraq riayət edilməmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunması xahiş edilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-884/2021 saylı 25.06.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir.(hakim: R.Kərimli) Həmin qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, «Səyyar vergi yoxlamasının keçirilməsi haqqında» 15.01.2019-cu il tarixli **********174292 nömrəli qərara əsasən "xxxx" MMC-də növbəti səyyar vergi yoxlaması (yoxlanılan dövr: 01.01.2017-01.12.2018) keçirilmişdir. Yoxlama ilə əhatə olunan dövr ərzində vergi ödəyicisi taktiki olaraq səhiyyə sahəsində sair fəaliyyətlə məşğul olmuşdur. Yoxlama nəticəsində vergi ödəyicisi tərəfindən yoxlanılan dövr üzrə 1.285.162,46 manat məbləğində vergilərin (o cümlədən: mənfəət vergisi üzrə 88.913,33 manat, əlavə dəyər vergisi üzrə 883.842,12 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi üzrə 105.637,85 manat, MDSS - İşəgötürənlərmuzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər (0111) üzrə 203.159,62 manat, işsizlik sığortası üzrə rüblük hesabat (hüquq şəxslər) üzrə 3.609,54 manat hesablanma) dövlət büdcəsinə ödənilməkdən yayındırılması müəyyən edilmişdir. Səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş 29.01.2020-ci il tarixli akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 16.03.2020-ci il tarixli **********198355 nömrəli qərar qəbul edilmişdir. Vergi ödəyicisinin fəaliyyətində Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət xarakterli faktlar (vergi ödəməkdən yayınma) aşkar olunduğundan, toplanmış materiallar qanunamüvafiq tədbirlərin görülməsi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilmişdir. Həmin materiallar əsasında İddiaçı MMC-də xüsusilə külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə 15.07.2020-ci il tarixdə Cinayət Məcəlləsinin 213.3cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Yoxlanılan dövrdə müəssisə mənfəət vergisinin ödəyicisi olmuşdur. Yoxlama ilə 2017ci il üzrə mənfəət vergisi bəyannaməsi əhatə edilmişdir. Müəssisə tərəfindən 2017-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin göstəriciləri aşağıdakı kimi olmuşdur: hesabat dövrü 2017, ümumi gəlirlər 84850.24, ümumi xərclər 150304.54, mənfəət - 65454.30, mənfəət vergisi 0.00. Mənfəət vergisi bəyannaməsinin düzgünlüyü yoxlanılan zaman aşağıdakılar müəyyən edilmişdir. İlk növbədə məhkəmə kollegiyasının nəzərinə çatdırmaq istəyirlər ki, son dövrlər vergi inzibatçılığı sahəsində həyata keçirilən islahatlara baxmayaraq vergitutulan əməliyyatların şəffaflaşdırılması prosesinin qarşısında duran ən böyük maneələrdən biri bəzi vergi ödəyicilərinin israrla ikili mühasibatlıq aparmaqda davam etməsidir. Bir qayda olaraq ikili mühasibatlıq aparan vergi ödəyicilərində həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı real dövriyyələri özündə əks etdirən müəyyən sənədlər aşkar edilir. “Qara mühasibatlıq” sənədləri adlandırılan bu sənədlərin mənbəyi bəlli olduğu, yəni aid olduğu vergi ödəyicisi, götürülmə şəraiti məlum olduğu üçün vergilərin hesablanmasında əlaqəli məlumat kimi həmin sənədlərdə olan məlumatlardan geniş istifadə edilir. Gözlənildiyi kimi vergidən yayınmağı əsas hədəf kimi müəyyən etmiş belə vergi ödəyiciləri “qara mühasibatlıq” sənədləri əsasında hesablanmış vergiləri məhkəmədə mübahisləndirməklə məsuliyyətdən yayınmağa cəhd edir. Lakin bu tip vergi ödəyiciləri üzrə keçirilmiş səyyar vergi yoxlamaları zamanı aşkar edilərək götürülmüş “qara mühasibatlıq” sənədlərində əks olunmuş məlumatlar əsasında büdcədən yayındırılan külli miqdarda vergilər hesablanaraq büdcəyə bərpa olunur. Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin ibtidai Araşdırılması Departamentinin 02.11,2018-ci il tarixli **********8115 nömrəli qərarına əsasən İddiaçı MMC-dən elektron daşıyıcılar və sənədlər götürülmüş və 28.11,2018-ci il tarixli "Sənədlərin təhvil verilməsi barədə" akta əsasən Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 1 qutu sənədlər, 1 ədəd noutbuk və 2 ədəd yaddaş qurğusu (fləş kart) təhvil verilmişdir. Yoxlama ilə bu elektron daşıyıcılarda (fləş kartda) səhiyyə xidmətlərinin satışının uçotunun aparılması və həmin əməliyyatların müəssisədə aparılan mühasibat uçotunda əks etdirilməməsi, həmin əməliyyatlar üzrə dövriyyələrin təqdim edilmiş vergi bəyannamələrində öz əksini tapmaması müəyyən edilmişdir. Yoxlama ilə bu elektron daşıyıcılarda (fləş kartda) olan materialların araşdırılması nəticəsində gəlir və xərclərin aylar üzrə icmal cədvəlinə əsasən müəssisənin mənfəət vergisi məqsədləri üçün ümumi gəlirinin 2017-ci il üzrə 2.667.399,81 manat təşkil etdiyi müəyyən edilmişdir. Ciddi hesabat blanklarından istifadə etməməklə göstərilmiş 2.582.549,57 manat (2.667.399,81-84.850,24) məbləğində xidmətlərin alış sənədləri təqdim edilmədiyi və VCİAD tərəfindən müəssisədən götürülmüş elektron daşıyıcılarda (fləş kart) və sənədlərin arasında belə sənədlər aşkar edilmədiyindən müəssisənin 2017-ci il üzrə mənfəətini birbaşa müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən, mənfəət vergisinə cəlb edilən mənfəət 2017-ci il üzrə Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək 88.913,33 manat (2.667.549,57/6x20%) məbləğində mənfəət vergisi hesablanmışdır. Müəssisə tərəfindən yoxlanılan dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələrində 18%-lə vergiyə cəlb edilən əməliyyatlar üzrə ümumi dövriyyə 176204,83 manat, ondan hesablanmış ƏDV 31.716,87 manat, əvəzləşdirilən ƏDV 12.199,26 manat, büdcəyə ödənilməli ƏDV 19.517,61 manat göstərilmişdir. 02.11.2018-ci il tarixli **********8115 nömrəli qərara əsasən İddiaçı MMC-dən götürülmüş və 28.11.2018-ci il tarixli "Sənədlərin təhvil verilməsi barədə" akta əsasən Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təhvil verilmiş elektron daşıyıcısında (fləş kartda) olan məlumatların araşdırılması nəticəsində gəlir və xərclərin aylar üzrə icmal cədvəlinə əsasən müəssisənin yoxlanılan dövrdə ƏDV məqsədləri üçün 18%-lə vergi hesablanan əməliyyatlar üzrə ümumi dövriyyəsinin 5.086.438,85 manat, ondan hesablanmış ƏDV-nin 915.558,99 manat, əvəzləşdirilən ƏDV-nin 12.199,26 manat, büdcəyə ödənilməli ƏDV-nin 903.359,73 manat olduğu müəyyən edilmişdir. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Lakin, müəssisə tərəfindən göstərilən xidmətlər üzrə aparılan əməliyyatların göstəriciləri mühasibat uçotuna qismən daxil edilmiş, təqdim edilmiş vergi bəyannamələrində tam məbləğdə öz əksini tapmamışdır. Beləliklə, müəssisə tərəfindən Vergi Məcəlləsinin 159.1-ci maddəsinin tələbləri pozulmaqla büdcəyə çatası ƏDV yoxlanılan dövr üzrə 883.842,12 manat (903.359,73 - 19.517,61) məbləğində azaldılmışdır. Müəssisə tərəfindən vergi orqanına təqdim edilmiş 01.01.2017-ci il tarixdən 01.12.218-ci il tarixədək olan dövr üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannamələrinə əsasən işçilərin orta siyahı sayı 53 nəfər, ümumi əmək haqqı fondu 177.313,15 manat, 1 nəfərə düşən orta aylıq əmək haqqı 144,86 manat olmaqla əmək haqqından 1.295,7 manat gəlir vergisi tutulmuşdur. 02.11.2018-ci il tarixli **********8115 nömrəli qərara əsasən İddiaçı MMC-dən götürülmüş və 28.11.2018-ci il tarixli "Sənədlərin təhvil verilməsi barədə" akta əsasən Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təhvil verilmiş elektron daşıyıcısında (fləş kartda) olan məlumatların araşdırılması nəticəsində müəssisə tərəfindən muzdlu işlə əlaqədar 2017-ci ilin yanvar ayından 2018-ci ilin noyabr ayınadək olan dövrdə 1.020.492,00 manat əmək haqqı və mükafatların hesablandığı müəyyən edilmişdir. Vergi Məcəlləsinin 17.1-ci maddəsinə əsasən vergi agenti vergini hesablamağa, onu vergi ödəyicisindən tutmağa və təyinatı üzrə köçürməyə borclu olan şəxsdir. Lakin, müəssisə tərəfindən muzdlu işlə əlaqədar ödənilən gəlir üzrə göstəricilər mühasibat uçotuna qismən daxil edilmiş, təqdim edilmiş vergi bəyannamələrində tam məbləğdə öz əksini tapmamışdır. Yoxlama ilə Vergi Məcəlləsinin 101-ci maddəsinə əsasən müəssisə tərəfindən muzdlu işlə əlaqədar ödənilən gəlirlərdən 2017-ci ilin yanvar ayından 2018-ci ilin noyabr ayınadək olan dövrdə ödəmə mənbəyində 106.883,71 manat vergi hesablanmışdır. 2018-ci ilin noyabr ayı üzrə elektron daşıyıcısında (fləş kartda) məlumatlar olmadığından kənarlaşma müəyyən edilmədi. 2018-ci ilin noyabr ayı üzrə 49,84 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində verginin hesablandığını nəzərə alaraq yoxlama ilə 106.933,55 manat vergi hesablanmışdır. Beləliklə, müəssisə tərəfindən yoxlanılan dövr üzrə 105.637,85 manat (106.933,55 - 1.295,7) məbləğində muzdlu işlə əlaqədar ödəmə mənbəyində vergi azaldılmışdır. Müəssisə tərəfindən təqdim edilmiş 2017-ci ilin 1-ci və 2018-ci ilin 3-cü rübləri üzrə “Məcburi dövlət sosial sığortası üzrə hesabatlara əsasən əmək haqqı və gəlirlər 160698,96 manat göstərilmiş və sosial sığorta haqqı 40.174,75 manat hesablanmışdır. 02.11.2018-ci il tarixli **********8115 nömrəli qərara əsasən İddiaçı MMC-dən götürülmüş və 28.11.2018-ci il tarixli "Sənədlərin təhvil verilməsi barədə" akta əsasən Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təhvil verilmiş elektron daşıyıcısında (fləş kartda) olan məlumatların araşdırılması nəticəsində müəssisə tərəfindən muzdlu işlə əlaqədar 2017-ci ilin yanvar ayından 2018-ci ilin oktyabr ayınadək olan dövrdə 973.337,48 manat əmək haqqı və mükafatların hesablandığı müəyyən edilmiş və həmin gəlirlərə yoxlama ilə 243.334,37 manat sosial sığorta haqqı hesablanmışdır. Beləliklə, müəssisə tərəfindən məcburi dövlət sosial sığortası 203.159,62 manat (243.334,37- 40.174,75) məbləğində azaldılmışdır. Müəssisə tərəfindən təqdim edilmiş 2018-ci ilin 1-ci, 2018-ci ilin 3-cü rübləri üzrə “İşsizlik sığortası üzrə hesabatlara əsasən əmək haqqı və gəlirlər 71.386,00 manat göstərilmiş və işsizlikdən sığorta haqqı 713,86 manat hesablanmışdır. Yoxlama ilə 2018-ci ilin İ - İİİ rüblərində 432.340,00 manat əmək haqqı və mükafatların hesablandığı müəyyən edildi və həmin gəlirlərə yoxlama ilə sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə - hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi və sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə işçinin əmək haqqının 0,5 faizi olmaqla cəmi 4.323,40 manat işsizlikdən sığorta haqqı hesablandı. Beləliklə, müəssisə tərəfindən işsizlikdən sığorta haqqı 3.609,54 manat (4.323,40-713,86) məbləğində azaldılmışdır. “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 15.01.2019-cu il tarixli **********174292 nömrəli qərar ilə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən təyin edilən yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilmiş (№ KY 191322897; 15.01.2019-cu il), yoxlama ilə bağlı tələb olunan bütün məlumatlar, eyni zamanda yoxlamanın keçirildiyi dövrdə yoxlama müddətinin artırılması və dayandırılması (təxirə salınması) barədə məlumatlar da reyestrə daxil edilmişdir. Qeyd etmək lazımdır ki, yoxlama müddətinin artırılması, dayandırılması (təxirə salınması) və əlavə yoxlama tədbirlərinin keçirilməsi zamanı Vergi Məcəlləsinin tələblərinə əməl olunmuş və bu barədə məlumatlar səyyar vergi yoxlaması aktının 1.1-ci bəndində və sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeyd olunmuşdur. Əlavə yoxlama tədbirlərinin keçirilməsi haqqında qərar ilə bağlı bildirilir ki, Vergi Məcəlləsinin 49.1.3-cu maddəsinə əsasən vergi orqanının rəhbəri əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilir. İddiaçı MMC-də keçirilmiş səyyar vergi yoxlaması materiallarına baxılması zamanı əlavə yoxlama tədbirlərinin keçirilməsinə zərurət yaranmış və bu səbəbdən “Əlavə vergi yoxlaması tədbirlərinin keçiriliməsi haqqında" qərar qəbul edilmişdir. Həmin qərarın qəbul edilməsi Vergi Məcəlləsinin tələblərinə uyğundur. Bildirirlər ki, “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” və “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” qərarlar əsasında aparılmış yoxlama tədbirlərinin nəticələri üzrə məlumatların səyyar vergi yoxlaması aktında ətraflı qeyd olunduğunu və həmin aktın sübut kimi inzibati işin materialları arasında olduğunu nəzərə alsaq, məhkəmənin qeyd oluna məsələ üzrə gəldiyi nəticə əsassızdır. Eyni zamanda bildirilir ki, məhkəmə tərəfindən sözügedən dəlil irəli sürülməklə inzibati icraat üzrə tərəflərin qanun və məhkəmə qarşısında bərabərlik prinsipi pozulmuşdur. Başqa sözlə desək məhkəmə tərəfindən qeyd olunan məsələlər icraat gedişində araşdırılmamış, cavabdehə öz mövqeyini müdafiə etmək və sözügedən dəlilin həqiqətə uyğun olmadığını təsdiq etmək üçün sübutların təqdim edilməsinə şərait yaratmamışdır. Bununla da İPM-nin 11.2-ci maddəsinin tələbləri pozulmuşdur. İddiaçının vergi tutulan əməliyyatlarının ilkin mühasibatlıq sənədləri ilə məqsədli olaraq rəsmiləşdirilməməsi, onu həmin əməliyyatlara görə vergi ödəmək vəzifəsindən azad edə bilməz. İddiaçının vergi tutulan əməliyyatlarının ilkin mühasibatlıq sənədlərində rəsmiləşdirməyərək, həmin əməliyyatları “qara mühasibatlıq" sənədlərində əks etdirməsi özü özlüyündə iddiaçının vergi öhdəliklərini yerinə yetirməkdən məqsədli yayındığını sübut edən faktdır. Belə ki, Vergi Məcəlləsinin 83.2.4-cü maddəsinə qeyd edilmişdir ki, vergi orqanı vergi ödəyicisinin vergi öhdəliklərini vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara əsasən hesablamaq hüququ vardır. Məcəllənin 67.1.9-cu maddəsinə əsasən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumat əlaqəli məlumat hesab olunur və onlardan vergilərin hesablanmasında bilavasitə istifadə oluna bilər. Qeyd etmək lazımdır ki, vergi qanunvericiliyi mənbəyi bəlli olan istənilən əlaqəli məlumatı vergilərin hesablanması üçün mənbə kimi qəbul edir. Başqa sözlə desək vergi qanunvericiliyi “qara mühasibatlıq” sənədləri əsasında vergilərin hesablanmasını istisna etməməklə yanaşı, həmin məlumatları mənbəyi bəlli olan məlumat kimi vergilər hesablanması üçün əlaqəli məlumat hesab edir. İddiaçıya hesablanmış vergilərin əsasını təşkil edən mənbəyi bəlli olan məlumatlar (sənədlər) cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş və işin materiallarında var. Hesab edirlər ki, həmin məlumatlar (sənədlər) əsasında hesablanmış vergilər qanuni və əsaslıdır. Lakin, sübutların qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmamış, nəticədə vergi ödəyicisinin ödəməli olduğu vergilər ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının iddiaçı "xxxx" MMC-nın cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddiası üzrə qəbul edilmiş 10.05.2017-ci il tarixli 2-1(102)- 604/2017 nömrəli qərarında Ali Məhkəmə tərəfindən vergi orqanının qəbul etdiyi qərarların formal-hüquqi baxımdan qiymətləndirilməsi ilə bağlı mövqe ifadə edilmişdir. Həmin qərarın 6-cı səhifəsində qeyd olunmuşdur ki, vergi münasibətləri üzrə artıq mövcud olmuş inzibati praktika ondan ibarətdir ki, cavabdeh qurum tərəfindən vergi ödəyicisinin məsuliyyətini müəyyən edən qərarlar yalnız cədvəl kimi və müvafiq məbləğləri və dövrləri göstərilməklə qəbul edilir, həmin qərarların qəbul edilməsinin hüquqi və faktiki əsasları daha ətraflı isə səyyar vergi yoxlaması keçirildiyi halda aktda, kameral vergi yoxlaması keçirilən zaman qismən qərar və “kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktublarda əks etdirilir. Bu isə o anlamı yaradır ki, həm vergi ödəyicisinə, həm də araşdırma aparan məhkəməyə vergilərin hesablanmasının hansı hallardan irəli gəldiyi və hansı hüquqi əsaslara söykəndiyi bəlli olur. Məhkəmə kollegiyası razılaşır ki, göstərilən inzibati praktika qanunvericiliyin tələblərinə dəqiqliklə riayət etmir, yalnız bu meyarı əsas götürülməklə vergi ödəyicisinin məsuliyyətini müəyyən edən qərarların ləğv edilməsini düzgün hesab etmir. Çünki belə yanaşma ilə cavabdehin qəbul etdiyi əksər qərarları ləğv edilməlidir ki, bu isə vergidən yayınma hallarına ehtimal yaradır. Qeyd etmək istəyirlər ki, məhkəmə məsuliyyət qərarına nəzər yetirmədən əsassız olaraq inzibati aktın yazılı şəkildə tam olaraq əsaslandırmadığını qeyd etmişdir. Məsuliyyət qərarına nəzər yetirilsə əlavə vergi məbləğlərinin hesablanması qaydası (düsturu), inzibati orqanın inzibatı aktın qəbulunu şərtləndirən hallardan doğan qənaəti aydın şəkildə öz əksini tapmışdır. Qeyd olunanlara əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının iddiaçı "xxxx" MTK-nın cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddiası üzrə qəbul edilmiş 17.05.2017-ci il tarixli 2-1 (102)-510/2017 nömrəli qərarında da vergi orqanının qərarları barədə mövqeyi Ali Məhkəmənin yuxarıda qeyd olunan qərarındakı mövqeyi ilə tam uyğundur. Beləliklə, Ali Məhkəmənin ayrı-ayrı işlər üzrə qəbul edilmiş qərarlarında qeyd edilən mövqeyindən bəlli olduğu kimi vergi orqanı tərəfindən qəbul edilən səyyar vergi yoxlamasının qərarları üzrə hesablamanın əsasları səyyar vergi yoxlaması aktında öz əksini tapır. Məhkəmənin qərarında vergi orqanının hesablamasının vergi qanunvericiliyi ilə nəzərdə tutulmayan qaydada həyata keçirildiyinin qeyd edilməsi vergi qanunvericiliyinin maddi normalarının məhkəmə tərəfindən səhv təfsir edilməklə yanlış nəticəyə gəlməsinə səbəb olmuşdur. Vergi Məcəlləsinin müvafiq maddələrinin də mahiyyətindən aydın olduğu kimi səyyar vergi yoxlaması aktına əsasən hesablama aparılması qanunvericiliyin tələbini heç bir şəkildə pozmur. Odur ki, məhkəmənin qeyd etdiyi arqumentlərin əsassızlığından, işin nəticəsi üzrə qəbul edilmiş qərarın əsassızlığı birmənalı şəkildə bəlli olur. Eyni zamanda bildiririk ki, Vergi Məcəlləsinin 3.8-ci maddəsi ümumiyyətlə vergi orqanlarına və onların apardıqları yoxlamalara tətbiq edilmir. Həmin müddəa Vergi Məcəlləsini, eləcə də bu Məcəlləyə əlavə və dəyişikliklərə edən qanunverici orqana şamil olunur və qanunvericilik prosesində riayət olunması məcburi olan normadır. Göründüyü kimi məhkəmə tərəfindən qərar qəbul edilərkən yanlış maddi hüquq norması tətbiq edilmişdir. Məhkəmə kollegiyasının nəzərinə çatdırılır ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi üçün əsas olan 19.03.2021-ci il tarixli 9/3649 nömrəli ekspert rəyi işin faktiki hallarını tam əhatə etmədiyindən iş üzrə mötəbər sübut kimi qiymətləndirilə bilməz. Bununla əlaqədar cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 18.05.2021-ci il tarixli **********591500 nömrəli ekspert rəyinə mülahizədə 19.03.2021-ci il tarixli 9/3649 nömrəli ekspert rəyinin mötəbər sübut kimi nəzərə alınmamasına əsas olan hallar dəqiq göstərilməsinə baxmayaraq, sübutların qiymətləndirilməsi zamanı cavabdehin dəlilləri nəzərə alınmamışdır. Bununla da İPM-nin 58.7-ci maddəsinin tələbləri pozulmuşdur. Göründüyü kimi, məhkəmə tərəfindən sözügedən məsələ araşdırılmadan, məhkəmə prosesində tədqiq edilmədən birbaşa olaraq yekun qərarda əsas dəlillərdən biri kimi qeyd edilməsi əsassızdır. Əlavə olaraq bildirilir ki, 19.03.2021-ci il tarixli ekspert rəyinin məzmununa nəzər saldıqda həmçinin görünür ki, ekspert tərəfindən heç bir tədqiqat aparılmadığı azmış kimi səlahiyyətlərindən kənara çıxılaraq hüquqi məsələlər barədə rəy verilmişdir. Rəyin məzmununda ekspertin hansı hesablamalar nəticəsində iddiaçının vergidən yayınmaması ilə bağlı nəticəyə gəldiyi görünmür. Başqa sözlə desək ekspert rəyinin məzmunu qanunvericiliyə aid normalar və səyyar vergi yoxlaması aktının mətninin üzdən köçürülməsindən ibarətdir. Məlum olduğu kimi, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” 18.11 1999-cu il tarixli 758-İQ nömrəli qanunun 3-cü maddəsinə əsasən məhkəmə ekspertizası fəaliyyətinin əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir. İş üzrə verilmiş rəylərdə ekspert xüsusi biliyi əsasında iş materiallarında olan sübut əhəmiyyətinə malik faktiki halları müəyyənləşdirilməli olduğu halda, öz səlahiyyətlərindən kənara çıxaraq qanunvericiliyin şərhini vermiş və yoxlama zamanı hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə münasibət bildirmişdir. Başqa sözlə desək ekspert səlahiyyətlərini və fəaliyyət dairəsini aşaraq hüquqi məsələlər barədə rəy bildirmişdir. Halbuki qanunvericilik normalarına əsaslanmaqla işin hallarına hüquqi qiymət ekspert tərəfindən deyil, yalnız məhkəmə tərəfindən verilə bilər. Təsadüfi deyil ki, iddiaçı X2 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı məhkəmə işi üzrə qəbul edilmiş 11.08.2020-ci il tarixli 2-1(102)- 1538/2020 saylı qərarın 36-38-ci hissələrində Ali Məhkəmə qeyd etmişdir ki, ekspertiza xüsusi bilik tələb olunan sualları izah etmək üçün təyin edilir. Tərəflərin hərəkətlərinin qanunauyğun olub-olmamasını qiymətləndirmək birbaşa məhkəmənin səlahiyyətidir. Göründüyü kimi, ekspertin hüquqi məsələlərə toxunaraq rəy verməsi Ali Məhkəmə tərəfindən qanunvericiliyə zidd hal olaraq qiymətləndirilmiş və həmin rəy sübut olaraq qəbul edilməmişdir. Əlavə olaraq bildirilir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.3-cü və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” 06.08.2002-ci il tarixli Qərarında qeyd olunur ki, vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədi ilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirlər həyata keçirilməlidir. Buna görə də vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Qanunda müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır. Yuxarıda qeyd olunanlara əsasən bildirirlər ki, işə baxan birinci instansiya məhkəməsi mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, maddi hüquq normalarını yanlış tətbiq etməklə qanuni və əsaslı olmayan qərar qəbul etmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X5 apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili Vəkil apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı cavabdehin **********198355 nömrəli 16.03.2020-ci il tarixli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və iş üzrə tərəflərin, o cümlədən iddianın növünə (mübahisələndirmə haqqında) görə sübutetmə yükü daşıyan cavabdeh inzibati orqanın dəlillərinə, iş üzrə tədqiq olunmuş sübutlara qanunvericiliyin sadalanan müddəalarının tələbləri baxımından qiymət verərək, mübahisələndirilən əlverişsiz inzibati aktın – “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 16.03.2020-ci il tarixli **********198355 nömrəli qərarın qəbulu üzrə inzibati icraatda müəyyən edilmiş aşağıdakı pozuntuları qeyd etmişdir: 1) Vergi orqanı səyyar vergi yoxlamasını qanunla müəyyən edilmiş müddətlərə formal şəkildə riayət olunmaqla aparmışdır. Vergi Məcəlləsinin 38-ci maddəsi səyyar vergi yoxlamasının 30 gündən artıq davam edə bilmədiyini və yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən yoxlamanın müddətinin müvafiq, yəni Məcəllənin 38.7-ci maddəsində sadalanan konkret hallarda dayandırılmasının mümkünlüyünü nəzərdə tutur. Yoxlama aktından görünür ki, cavabdeh inzibati orqan səyyar vergi yoxlamasının müddətinin dayandırılması barədə “8” dəfə qərar qəbul etsə də, həmin qərarların zəruriliyini Vergi Məcəllənin 38.7.1 – 38.7.5-ci maddələrində qeyd olunan hallar üzrə tutarlı dəlillərlə əsaslandırmamışdır. Bundan başqa, yoxlama zamanı “əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi” barədə qərar da qəbul edilməklə yoxlamanın müddəti müəyyən dövr artırılsa da, qərardan sonra hansı tədbirlərin həyata keçirilməsi və nəticələrin əldə olunması barədə hazırkı məhkəmə icraatında cavabdeh tərəf heç bir sübut təqdim etməmişdir. Belə hal isə, səyyar vergi yoxlamasının müddətinin əsassız olaraq uzadılması qənaətini yaradır; 2) Vergi qanunvericiliyinin müddəaları (VM 67-ci maddəsi) vergi ödəyicilərinə müvafiq hallarda, o cümlədən səyyar vergi yoxlaması zamanı əlavə vergi məbləğlərinin hesablanması üçün istifadə oluna bilən əlaqəli məlumatların dairəsini müəyyən edir, belə məlumatları əldə etmək mümkün olmadıqda isə, vergilərin analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanmasını nəzərdə tutur. Əlaqəli məlumatlara isə, vergi ödəyicsinin əvvəlki hesabat dövrləri üzrə vergi bəyannamələri, gəlirləri, xərcləri, mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak, istehsal və təqdim etdiyi malların (işlərin, xidmətlərin) fiziki həcmi, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər barədə rəsmi məlumatlar, aparılmış xronometraj müşahidələrin nəticələri, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar daxildir. Cavabdeh inzibati orqan isə, apardığı səyyar vergi yoxlamasında əlavə vergi məbləğlərini hesablayarkən yuxarıda sadalanan “əlaqəli məlumatlar”dan hər hansı birinə istinad etməmiş, eləcə də bu məlumatların mövcudluğuna toxunmadan, habelə xronometraj metodu ilə müşahidə aparılması və ya “mənbəyi bəlli olan” digər məlumatlara əsaslanmadan iddiaçıya müvafiq illər üzrə dövriyyə müəyyənləşdirmiş və həmin dövriyyəyə əlavə vergi məbləğləri hesablamış, maliyyə sanksiyaları tətbiq etmişdir. Cavabdehin istinad etdiyi “elektron daşıyıcı”dakı məlumatlara gəldikdə isə, bu məlumatlar rəsmi xarakterli olmadığından, Vergi Məcəlləsinin 67.1-ci maddəsində nəzərdə tutulan “əlaqəli məlumatlar” kimi qəbul edilə bilməz. Həmçinin nəzərə alınmalıdır ki, «İnzibati icraat haqqında» AR Qanununun 45.3-cü maddəsinə görə qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Bununla da, hazırkı mübahisə üzrə cavabdeh inzibati orqan 16 mart 2020-ci il tarixli **********198355 nömrəli qərarının qanuni əsaslarla qəbulunu sübut edə bilməmişdir; 3) Cavabdeh inzibati orqanın (vergi orqanının) 16 mart 2020-ci il tarixli **********198355 nömrəli qərarı – əlverişsiz inzibati aktı yazılı şəkildə tam olaraq əsaslandırmamışdır. Həmin inzibati aktın özündə yalnız Vergi Məcəlləsinin 62-ci və İPM-in 38.1-ci maddələrinə (qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad edilmiş, lakin inzibati icraatda qərar qəbul olunarkən vergi qanunvericiliyinin hansı müddəalarının pozulması və bu pozuntuya görə məsuliyyət müəyyən edən normalar, pozuntunun şəraiti, əlavə vergi məbləğlərinin hesablanması qaydası (düsturu) və bunların məcmusunda inzibati orqanın inzibati aktın qəbulunu şərtləndirən hallardan doğan qənaəti aydın şəkildə öz əksini tapmamışdır. Vergi ödəyicisinin yoxlama aktı ilə bağlı dəlillərinin təqdim edilib-edilməməsi barədə ümumiyyətlə bildirilməmişdir. Qanunvericiliklə («İnzibati icraat haqqında» AR Qanununun 61.5-ci maddəsində nəzərdə tutulmuş) inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallara gəldikdə isə, hazırkı mübahisələndirilən inzibati aktın qəbulu ilə həmin hallar uzlaşmır. Bu isə, öz növbəsində AR Vergi Məcəlləsinin 49.5-ci maddəsinin tələblərinə müvafiq olaraq vergi orqanının hazırda mübahisələndirilən 16 mart 2020-ci il tarixli **********198355 nömrəli qərarının qanunsuzluğuna dəlalət edir. Sadalananlara əsasən məhkəmə hesab etmişdir ki, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********198355 nömrəli 16 mart 2020-ci il tarixli qərarı qanuna ziddir. Həmçinin məhkəmənin qənaətinə görə mübahisələndirilən inzibati akt (**********198355 nömrəli 16 mart 2020-ci il tarixli qərar) qanuna zidd sayılmaqla yanaşı, qərarın qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun (əsas vergi borcu və maliyyə sanksiyasının) ödəmək öhdəliyi yaranır. Halbuki, AR Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19.03.2021-ci il tarixli, 9/3649 saylı ekspert rəyindən görünür ki, 29.01.2020-ci il tarixli səyyar vergi yoxlaması ilə əlavə hesablanmış vergilərin hansı vergitutma obyektinə və vergitutma bazasına əsasən hesablandığı müəyyən olunmadı. Eyni zamanda, 29.01.2020-ci il tarixli səyyar vergi yoxlaması aktında yoxlama ilə müəyyən olunmuş hesablamaların müəssisəyə aid elektron daşıyıcı (flaş kart) və müxtəlif mühasibat sənədləri əsasında aparıldığı qeyd edilmişdir. Beləliklə, rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən 29.01.2020-ci il tarixli səyyar vergi yoxlamasının əhatə etdiyi dövr üzrə 88.913,33 manat məbləğində mənfəət vergisinin, 883.842,12 manat məbləğində ƏDVnin, 105.637,85 manat məbləğində MÖVM-in, 203.159,62 manat məbləğində MDSS-in və 3.609,54 manat məbləğində işsizlik sığortasının az hesablanmasının düzgünlüyü müəyyən olunmur. Həmçinin, “fləş kart” məlumatları və ya “qara mühasibatlıq” sənədləri əsas götürülməklə əlavə hesablamaların aparılması qüvvədə olan mühasibat uçotu haqqında və vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Yəni, “fləş kart” məlumatları və “qara mühasibatlıq” sənədlərinin mötəbərliyi öz təsdiqini tapmır. Belə olan halda, Vergi Məcəlləsinin tələblərinə əsasən vergi ödəyicisinin öz hesabatları qəbul edilə bilər; 29.01.2020-ci il tarixli səyyar vergi yoxlamasının əhatə etdiyi dövr üzrə gəlirin əldə edilməsi ilə bağlı İddiaçı MMC-nin vergi ödəyiciləri tərəfindən tərtib olunmuş xərc sənədləri iş materiallarında öz əksini tapmışdır. Həmin sənədlərin adı, tarixi, rekvizitləri, məbləğləri, təsərrüfat əməliyyatının məzmunu təqdim edilmiş iş materiallarında olan sənədlərdə göstərilmişdir. Mülki Prosessual Məcəlləsinin 101.6-cı maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən, vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda, səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Həmin Məcəllənin 38.7-ci maddəsinə görə yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): (38.7.1) vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda – həmin şəxsin olduğu yer müəyyən olunana qədər; (38.7.2) səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə – əmək qabiliyyəti bərpa olunanadək; (38.7.3) vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə – mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; (38.7.4) səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda – xarici ölkədən cavab alınanadək; (38.7.5) bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda – məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Həmin Məcəllənin 67.1-ci maddəsinə görə bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri, vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar, vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar, vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar, vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar, vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar, vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar, vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Həmin Məcəllənin 67.2-ci maddəsinə görə vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı, eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi, fəaliyyət göstərilən ərazi. Həmin Məcəllənin 67.4-cü maddəsinə görə vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Həmin Məcəllənin 83.9-cu maddəsinə görə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırmalardan müəyyən olunur ki, vergi orqanı tərəfindən İddiaçı MMC-nin 2017-ci ilin yanvar ayından 2018-ci ilin dekabr ayınadək olan dövr üzrə fəaliyyətinə səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlamanın əhatə etdiyi dövrdə iddiaçı səhiyyə sahəsində sair fəaliyyətlə məşğul olmuşdur. Yoxlama zamanı sənədlər təqdim olunsa da, 02.11.2018-ci il tarixli **********8115 nömrəli Qərara əsasən Vergilər Nazirliyi yanından Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən İddiaçı MMC-dən elektron daşıyıcılardan, belə ki, 1 ədəd noutbuk və 2 ədəd yaddaş qurğusundan (flaş kart) məlumatlar götürülmüşdür. Həmin elektron daşıyıcılarda aparılmış səhiyyə xidmətlərinin satışının müəssisənin mühasibat uçotunda, eləcə də həmin əməliyyatlar üzrə dövriyyələrin vergi bəyanmamələrində əks etdirilməməsi səbəbindən, elektron daşıyıcılardakı məlumatlara istinad olunaraq müəssisənin dövriyyəsi müəyyənləşdirilmiş və qurumun həmin dövriyyə üzrə mənfəətinin birbaşa müəyyənləşdirilməsi mümkün olmadığından, AR Vergi Məcəlləsinin 83.9-cu maddəsinə, AR Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 saylı qərarını rəhbər tutaraq, müvafiq dövr üzrə iddiaçının mənfəəti müəyyən edilmişdir. Cavabdeh DVX Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC-nin yoxlamanın əhatə etdiyi dövr üzrə müəyyənləşdirilmiş mənfəəti əsasında yoxlamanın nəticələri üzrə quruma əlavə vergi məbləğlərinin hesablanması və maliyyə sanksiyasının tətbiq edilməsi barədə 16.03.2020-ci il tarixli **********198399 nömrəli qərar qəbul olunmuşdur. Sözügedən qərarla İddiaçı MMC-yə 88.913,33 manat mənfəət vergisi, 883.842,12 manat ƏDV, 105.637,85 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, 203.159,62 manat məcburi dövlət sosial sığorta haqları, 3.609,54 manat işsizlikdən sığorta haqları hesablanmış və ümumilikdə bu məbləğlərə AR Vergi Məcəlləsinin 58-ci maddəsinə uyğun maliyyə sanksiyası tətbiq edilmişdir. Göründüyü kimi cavabdeh səyyar vergi yoxlamasının nəticəsi olaraq iddiaçıya hesablanmış vergilər cinayət işinin istintaqı zamanı əldə edilmiş qara mühasibatlıq sənədlərinə əsaslanır. Ayrı-ayrı vergilər qara mühasibatlıq sənədləri iddiaçıya məxsus təsərrüfat subyektlərində baxış, axtarış və götürmə istintaq hərəkətlərinin icrası zamanı götürülmüş yaddaş qurğusundan (flaş kartdan) əldə olunmuş Vergi Məcəlləsinin müddəaları və cinayət işi üzrə əldə edilmiş sənədlər əsasında hesablanmışdır. İş üzrə çıxarılmış ekspert rəyinin tədqiqat prosesinin təsviri hissəsində göstərilmişdir ki, məhkəmə-mühasibat ekspertizası yoxlama (təftiş, audit) materialları (mühasibat sənədləri) əsasında aparılan tədqiqatdır .Rəyin təsviri hissəsində də qeyd edildiyi kimi, iş üzrə əlavə sənədlərin zəruriliyi ilə bağlı məhkəməyə 21.09.2020-ci il tarixli vəsatət (İddiaçı MMC-nin fəaliyyəti üzrə ilkin mühasibat sənədləri (alış və satışa dair VHF, qaimə faktura, ödəniş sənədləri v.s), YGB, gəlirin əldə olunması ilə bağlı digər xərc sənədləri (əmək haqqı xərci, sosial ayırmalar, enerji xərci v.s), kassa məxaric və mədaxil orderləri, bəyannamələr) göndərilmişdir. Həmin vəsatətə əsasən əlavə sənədlər ((qaimə fakturalar, VHF-lər, kassa mədaxil-məxaric orderləri, hesabdan çıxarışlar, əmək müqavilələri bildirişləri, hər bir xərc maddəsi üzrə ilkin sənədlər və s.) təqdim olunmuşdur. Lakin təqdim edilmiş mühasibat sənədlərinin tədqiqi zamanı müəyyən edildi ki, vergi orqanı tərəfindən əlavə olaraq hesablanmış vergilərə və digər əlavə haqlara (MDSS və işsizlik sığortası) görə hesablamaların aparılması üçün mühasibat sənədləri təqdim edilməmişdir. Yəni tədqiqata mühasibat sənədləri təqdim edilsə də, vergi orqanı tərəfindən əlavə olaraq hesablanmış vergilər və digər əlavə haqların (MDSS və işsizlik sığortası) müəyyən edilməsi ilə bağlı dövriyyə həmin sənədlər əsasında müəyyən olunmur. Səyyar vergi yoxlaması aktında göstərilənlərlə bağlı bildirilmişdir ki, fləş kartda olan məlumatların hansı sənəd və ya məlumat olması həmin aktda qeyd edilməmişdir. Həmçinin bildirilmişdir ki, vergi orqanının 24.09.2020-ci il tarixli, **********016500 saylı ekspertiza tədqiqatına əlavə sübutların təqdim edilməsi barədə məktubunda göstərilən suallara və iş materiallarında olan digər göstərilənlərə əsasən fləş kartda olan məlumatlar “qara mühasibatlığ"a dair sənədlərdən ibarət olmuşdur. Lakin qara mühasibat sənədlərinin hansı sənəd və ya məlumatlardan ibarət olması da səyyar vergi yoxlaması aktında qeyd olunmamışdır. Göstərilənlərdən əlavə qeyd edilmişdir ki, 2017-2018-ci illərdə məcburi dövlət sosial sığorta haqları vergi orqanı tərəfindən yoxlanılmışdır. Halbuki yoxlanılan vergi dövründə vergi qanunvericiliyində vergi orqanının məcburi dövlət sosial haqlarını (MDSS və işsizlik sığortası) yoxlamaq vəzifəsi nəzərdə tutulmamışdır. Qeyd edilmişdir ki, mühasibat uçotu- mühasibat uçotu subyektlərinin aktivləri, öhdəlikləri, kapitalı, gəlir və xərcləri barədə məlumatların yığılması, qeydiyyatı və ümumiləşdirilməsi, habelə maliyyə, vergi və digər hesabların tərtib edilməsi məqsədi ilə baş vermiş maliyyə-təsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında məlumatların analitik və sintetik uçotunun aparılmasıdır (“Mühasibat uçotu haqqında” AR Qanunu, maddə 2.1.6). İlkin uçot sənədlərinin rəsmiləşdirilməsinə dair tələblər mühasibat uçotu sahəsini tənzimləyən normativ-hüquqi aktlarda müəyyən edilmişdir. Bu sənədlər təsərrüfat əməliyyatları haqqında etibarlı məlumatları əks etdirməli və həmin əməliyyatların həyata keçirildiyi anda zəruri rekvizitlər doldurulmaqla nümunəvi formalı blanklarda tərtib edilməlidir. "Mühasibat uçotu haqqında" 29.06.2004-cü il tarixli 716-İİQ saylı Respublikası Qanununun, "Mühasibat uçotu haqqında" Azərbaycan Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası 07.02.2005-ci il tarixli 192 nömrəli Fərmanının və Azərbaycan Prezidentinin 09.02.2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə"nin tələblərinə görə mühasibat uçotu sahəsində dövlət tənzimlənməsi həyata keçirən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən 30.01.2017-ci tarixdə Q-01 nömrəli “X1 Standartlarına və Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” təsdiq edilib. Həmin sənəd 08.02.2017 tarixdə **********0001 nömrəsi ilə X6 Reyestrində qeydiyyata alınıb. Qaydaların 2.1.14-ci bəndində ilkin uçot sənədlərinin anlayışı verilib. Belə ki, ilkin uçot sənədləri - maliyyə- təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir. Qaydaların 7-ci bölməsində ilkin uçot sənədlərinin və mühasibat uçotu registrlərinin tərtibi qaydası göstərilmişdir: 7.1. Mühasibat uçotu subyektləri Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş ilkin uçot sənədlərinin və uçot registrlərinin formalarından istifadə edir. Təsərrüfat əməliyyatlarının baş verməsi faktını əks etdirən ilkin uçot sənədləri mühasibat uçotu registrlərində yazılışlar üçün əsas hesab olunur. 7.2. İlkin uçot sənədləri özündə sənədin (formanın) adı, nömrəsi, kodu, tərtib edilmə yeri, tarixi, sənədi tərtib edən mühasibat uçotu subyektinin adı, təsərrüfat əməliyyatlarının məzmunu, məsul şəxslərin vəzifələri, soyadı, adı, atasının adı, şəxsi imzaları kimi zəruri rekvizitlər əks etdirir. Əməliyyatların xarakterindən və mühasibat uçotu subyektinin fəaliyyətinin xüsusiyyətindən asılı olaraq ilkin uçot sənədlərinə digər əlavə rekvizitlərin daxil edilməsinə yol verilir. 7.3. İlkin uçot sənədləri əməliyyatların baş verdiyi anda, bu mümkün olmadıqda isə əməliyyatlar başa çatdıqdan sonra tərtib edilməlidir. 7.4. Sənədlərin keyfiyyətli tərtibatı, onların vaxtında mühasibat uçotunda əks etdirilməsi üçün müəyyən edilmiş müddətlərdə təqdim edilməsi, sənədlərdəki məlumatların doğruluğu həmin sənədləri tərtib etmiş və imzalamış şəxslər tərəfindən təmin edilir. Göründüyü kimi mühasibat uçotu haqqında qanunvericilikdə “fləş kart”a və ya “qara mühasibatlığa” dair hər hansı bir qeyd və istinad mövcud deyildir. Bununla yanaşı Vergi Məcəlləsində də qara mühasibatlıq” anlayışı verilməmişdir. O cümlədən Vergi Məcəlləsinin 67-ci (Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları) və 83-cü (Vergi orqanları tərəfindən vergilərin hesablanması) maddələrinin tələblərində də “fləş kart” məlumatları və ya "qara mühasibatlıq” sənədləri ilə bağlı hər-hansı bir qeyd və ya istinad nəzərdə tutulmamışdır. Vergilərin müəyyən edilməsinin əsas şərtləri Vergi Məcəlləsinin 12-ci maddəsində təsbit olunmuşdur. Belə ki, vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: 1.vergitutma obyekti;

2. vergitutma bazası; 3. vergi dövrü; 4. vergi dərəcəsi; 5. verginin hesablanması qaydası; 6. verginin ödənilməsi qaydası və müddəti (maddə 12.1). Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin), ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir (maddə 12.3). Vergitutma bazası - vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsidir (maddə 12.4). Buna görə də 29.01.2020-ci il tarixli, **********175426 nömrəli səyyar vergi yoxlaması ilə əlavə hesablanmış vergilərin hansı vergitutma obyektinə və vergitutma bazasına əsasən aparıldığı müəyyən olunmamışdır. Eyni zamanda, 29.01.2020-ci il tarixli, **********175426 nömrəli səyyar vergi yoxlaması aktında yoxlama ilə müəyyən olunmuş hesablamaların müəssisəyə aid elektron daşıyıcı (flaş kart) və müxtəlif mühasibat sənədləri əsasında aparıldığı qeyd edilmişdir. Beləliklə bütün yuxarıda göstərilənlərə əsasən 29.01.2020-ci il tarixli, **********175426 nömrəli Səyyar vergi yoxlamasının əhatə etdiyi dövr üzrə 88913,33 manat məbləğində mənfəət vergisinin, 883842,12 manat məbləğində ƏDV-nin, 105637,85 manat məbləğində MÖMVnin, 203159,62 manat məbləğində MDSS-in və 3609,54 manat məbləğində işsizlik sığortasının az hesablanmasının düzgünlüyü müəyyən olunmur. Həmçinin “fləş kart” məlumatları və ya “qara mühasibatlıq” sənədləri əsas götürülməklə əlavə hesablamaların aparılması qüvvədə olan mühasibat uçotu haqqında və vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Yəni, "fləş kart" məlumatları və “qara mühasibatlıq" sənədlərinin mötəbərliyi öz təsdiqini tapmır. Belə olan halda Vergi Məcəlləsinin tələblərinə əsasən vergi ödəyicisinin öz hesabatları qəbul oluna bilər. Məhkəmə kollegiyası qeyd edir ki, İPM-nin 14.1-ci maddəsi baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Cavabdeh iddiaçının “qara mühasibatlıq” sənədləri əsasında dövriyyəsinin bəyan ediləndən daha artıq olması qənaətinə gəlmiş, başqa sözlə, bu əsasla mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməyə çalışmışdır. Lakin cavabdehin istinad etdiyi sənədlərin mötəbər sübut kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, inzibati qanunvericiliyin tələbi baxımından vergi orqanının inzibati icraat zamanı (bu halda səyyar vergi yoxlamasının aparılması və müvafiq qərar qəbul edilməsi zamanı) işin hallarını obyektiv araşdırmaq hüququ vardır (“İnzibati icraat haqqında" Qanunun 24-cü maddəsi). Nəzərə alınmalıdır ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir, inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar isə yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur, inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir (“inzibati icraat haqqında” Qanunun 47.1-ci maddəsi). Cavabdeh inzibati orqan kimi yoxlama zamanı “qara mühasibatlıq” sənədləri ilə əldə etdiyi məlumatlarla kifayətlənməməli, həmin məlumatların həqiqililiyi istiqamətində əlavə araşdırma aparmalı (məs.: izahat almalı, operativ vergi nəzarəti imkanlarından istifadə etməli və s.), başqa sözlə, mötəbər, şübhədən kənar sübutlar təqdim etməli idi. Lakin, cavabdeh inzibati orqan bunu etməyərək, flaş karta istinad etməklə, əlavə araşdırma aparmadan, ekspert və mütəxəssisdən istifadə etmədən, apardığı hesablamanı əsaslandırmadan, beləliklə də, mübahisələndirilən inzibati aktın qəbul edilməsinin zəruri edən faktiki şərtləri sübuta yetirmədən qərar qəbul etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 49.5-ci maddəsinə görə vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. Bu maddədə nəzərdə tutulmuş müddəalar vergi agentlərinə də şamil edilir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərarın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-884/2021 saylı 25.06.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar