Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2669/2022 05.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş pensiya məbləğinin qaytarılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Ayşəm Lehsan qızı Əliyevanın katibliyi ilə, İddiaçının nümayəndəsi X3, Cavabdeh nümayəndəsi (oğlu) X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş pensiya məbləğinin qaytarılması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-563/2022 saylı 21 aprel 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə 05 oktyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İş materiallarında olan pensiyaçının 113706 saylı uçot vərəqəsindən görünür ki, cavabdehə xx.xx.2016-cı il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Əzizbəyov (hazırda Xəzər) rayon şöbəsi tərəfindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin sonradan cavabdeh inzibati orqan ona ödənilmiş pensiya məbləğinin geri qaytarılmasını tələb etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” məktubda qeyd olunmuşdur ki, Cavabdeh Dövlət Sosial X6 rayon Şöbəsi tərəfindən 1 avqust 2016-cı il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 385,00 manat, qulluq stajına görə əlavəsi 23,26 manat, ixtisas dərəcəsinə görə əlavəsi 35,00 manat və mükafatlarla müavinətlərə görə əlavəsi 155,60 manat olmaqla orta aylıq əmək haqqı 598,86 manat təşkil etmişdir. Bununla əlaqədar ona ödənilməli olan əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən 5 il 5 ay 19 gün qulluq stajına uyğun (xx.xx.2011- xx.xx.2016-cı il tarixləri arasındakı dövr müddəti) olaraq orta aylıq əmək haqqının (598,86 manat) 45 faizi-269,49 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2016-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində ona hər ay 488,17 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində ona 4154,92 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 5 il 5 ay 19 gün dövlət qulluğu stajına görə əmək pensiyasının hesablanılması üçün vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 18,06 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 430,00 manat, qulluq stajına görə əlavəsi 25,98 manat, ixtisas dərəcəsinə görə əlavəsi 35,00 manat və mükafatlarla müavinətlərə görə əlavəsi 173,79 manat olmaqla orta aylıq əmək haqqının 664,77 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqı (598,86 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (664,77 manat) arasındakı fərq məbləğinin (65,91 manat) 18,06 faizi - 11,90 manat 1 mart 2018-ci il tarixinədək hesablanılmış pensiyanın (269,49 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 281,39 manat müəyyən edilmişdir. Lakin, xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində cavabdehə hər ay 574,32 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də, həmin dövr müddətində ona 5272,74 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşının 645,00 manat, qulluq stajına görə əlavəsi 38,97 manat, ixtisas dərəcəsinə görə əlavəsi 35,00 manat və mükafatlarla müavinətlərə görə əlavəni 260,69 manat olmaqla orta aylıq əmək haqqı 979,66 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqı (664,77 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (979,66 manat) arasındakı fərq məbləğinin (314,89 manat) 18,06 faizi - 56,87 manat 1 mart 2018- ci il tarixinədək hesablanılmış pensiyanın (281,39 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 338,26 manat müəyyən edilmişdir. Lakin xx.xx.2019-xx.xx.2020-cı il tarixləri arasındakı dövr ərzində cavabdehə hər ay 781,28 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində ona 4873,22 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən ona xx.xx.2016- xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində 14300,88 manat məbləğində artıq pulvəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş vəsaitin qaytarılması ilə əlaqədar “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin tələblərinə uyğun qaydada yazılı razılığın qısa müddət ərzində Mərkəzi Filiala təqdim edilməsi xahiş olunmuş, əks halda həmin maddəyə uyğun olaraq əmək pensiyasından tutulmanın aparılması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məlumat üçün bildirilmişdir ki, Mərkəzi Filial tərəfindən cari ilin avqust ayından etibarən əmək pensiyası 338,26 manat müəyyən edilməklə cavabdehin müvafiq kart hesabına köçürülür. Hazırda iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, “cavabdehə artıq ödənilmiş 14300,88 manat pensiya məbləğinin ondan tutularaq iddiaçının hesabına ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş edir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, vətəndaş Cavabdeh Dövlət Sosial X6 rayon Şöbəsi tərəfindən 1 avqust 2016-cı il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azəbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 385,00 manat, qulluq stajına görə əlavəsi 23,26 manat, ixtisas dərəcəsinə görə əlavəsi 35,00 manat və mükafatlarla müavinətlərə görə əlavəsi 155,60 manat olmaqla orta aylıq əmək haqqı 598,86 manat təşkil etmişdir. Bununla əlaqədar cavabdehə ödənilməli olan əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən 5 il 5 ay 19 gün qulluq stajına uyğun (xx.xx.2011- xx.xx.2016-cı il tarixləri arasındakı dövr müddəti) olaraq orta aylıq əmək haqqının (598,86 manat) 45 faizi- 269,49 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2016-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində cavabdehə hər ay 488,17 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində ona 4154,92 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 26.3- cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1 -ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 5 il 5 ay 19 gün dövlət qulluğu stajına görə əmək pensiyasının hesablanılması üçün vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 18,06 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 430,00 manat, qulluq stajına görə əlavəsi 25,98 manat, ixtisas dərəcəsinə görə əlavəsi 35,00 manat və mükafatlarla müavinətlərə görə əlavəsi 173,79 manat olmaqla orta aylıq əmək haqqının 664,77 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının (598,86 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqının (664,77 manat) arasındakı fərq məbləğinin (65,91 manat) 18,06 faizi - 11,90 manat 1 mart 2018-ci il tarixinədək hesablanılmış pensiyanın (269,49 manat) üzərinə əlavə olunmaqla əmək pensiyanın məbləği 281,39 manat müəyyən edilmişdir. Lakin, xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində cavabdehə hər ay 574,32 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də, həmin dövr müddətində ona 5272,74 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşının 645,00 manat, qulluq stajına görə əlavəsi 38,97 manat, ixtisas dərəcəsinə görə əlavəsi 35,00 manat və mükafatlarla müavinətlərə görə əlavəni 260,69 manat olmaqla olmaqla orta aylıq əmək haqqı 979,66 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqı (664,77 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (979,66 manat) arasındakı fərq məbləğinin (314,89 manat) 18,06 faizi - 56,87 manat 1 mart 2018- ci il tarixinədək hesablanılmış pensiyanın (281,39 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 338,26 manat müəyyən edilmişdir. Lakin xx.xx.2019-xx.xx.2020-ci ıl tarixləri arasındakı dövr ərzində cavabdehə hər ay 781,28 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində ona 4873,22 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən cavabdehə xx.xx.2016- xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində 14300,88 manat məbləğində artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Məlumat üçün bildiririk ki, Mərkəzi Filial tərəfindən cari ilin avqust ayından etibarən əmək pensiyası 338,26 manat müəyyən edilməklə cavabdehin müvafiq kart hesabına köçürülür. Həmin artıq ödənilmiş vəsaitin qaytarılması ilə əlaqədar “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin tələblərinə uyğun qaydada yazılı razılığının Mərkəzi Filiala təqdim edilməsi barədə iddiaçıya tərəflərindən xx.xx.2020-ci il tarixli **********5 nömrəli məktubla müraciət edilmiş, əks halda həmin maddəyə uyğun olaraq əmək pensiyasından tutulmanın aparılması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Yuxarıda qeyd edilənlər nəzərə alınaraq, Cavabdeh artıq ödənilmiş 14300,88 manat pensiya məbləğinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdehin etirazları: Сavabdehin iddiaya dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, DSMF hesab etmişdir ki, 2017-ci ildən əvvəl pensiyaya çıxdığı üçün Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 saylı Fərmanı ilə təsdiq edilmiş “2017-ci ilin iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”na əsasən, 1 mart 2018-ci il tarixədək olan pensiya məbləği, yəni 269,49 manat məbləği 11.90 manat məbləğində artırılaraq, 1 mart 2018-ci il tarixdə pensiyası 281.39 manat olmalı idi. Ona isə 281.9 manat əvəzinə 01 mart 2018-ci il tarixdən 31 avqust 2019-cu il tarixədək 574.32 manat məbləğində pensiya ödənilib. Bunun da nəticəsində DSMF hesab etmişdir ki, ona 5274.74 manat məbləğində artıq vəsait ödənilib. Hesab edir ki, DSMF-nin iddia ərizəsində qeyd edilən hesablama tamamilə yanlışdır və bu səbəbdən iddia ərizəsi təmin edilməməlidir. DSMF-nin əmək pensiyasını hesablayarkən yalnız Əmək pensiyaları haqqında qanunun 20.11.1-ci maddəsinə istinad etməsi tamamilə yanlışdır. DSMF-nin pensiyanın məbləğini müəyyən etmək üçün istinad etdiyi qanunun 20-ci maddəsi pensiyanın özünün deyil, sadəcə qulluq stajına görə əlavənin məbləğini müəyyən edir. Pensiyaya çıxdığı zaman əmək pensiyasına əlavənin məbləği 269.49 manat təşkil etmişdir. Bu əlavə məbləğ isə ona ödənilməli olan pensiya məbləğinin üzərinə gəlinməli idi. Əmək pensiyaları haqqında qanun 2006-cı ildə qüvvəyə minib. 2006-cı ilədək isə 1967-ci ildən hesablanmaqla 39 il ümumi iş stajı olmuşdur. Əmək pensiyaları haqqında qanunun 27.1-ci maddəsinə əsasən, 39 illik stajının hər bir ili üçün 170 manat hesablanılsa, bu, 6630 manat edir. Deməli, 2006-cı ilədək onun pensiya kapitalı 6630 manat məbləğində hesablanmışdır. Ona pensiya 2016-cı ildə təyin edildiyi üçün 2006-cı ildə 6630 manat olan məbləğ 2016-cı il tarixdə indeksləşdirilərək nəzərə alınmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında qanunun 29.2-ci maddəsinin 10 mart 2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən, əmək pensiyasının sığorta hissəsi (o cümlədən bu Qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi) və fərdi hesabın sığorta hisəsində toplanan pensiya kapitalı ildə bir dəfədən az olmamaqla və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinini illik səviyyəsinə uyğun indeksləşdirilir. DSMF tərəfindən ilkin olaraq ona 01 avqust 2016-cı il tarixdə 488.17 manat məbləğində pensiya təyin edilmişdir. Onun pensiyasının sığorta hissəsini təxmini hesabladığı rəqəmlə pensiya məbləği 545.62 manat alınır. Buradan da göründüyü kimi pensiyası DSMF-nin ilkin olaraq təyin etdiyi 488.17 rəqəmindən az ola bilməzdi. Ona ilk dəfə yaşa görə pensiya 2008-ci ildə 57 yaşında təyin edilib və bu zaman ona təyin edilmiş pensiyanın məbləği 269 manat olub. O daha sonra 8 il işləmiş və dövlət qulluqçusu olaraq pensiyaya çıxmışdır. Pensiya məbləğinin artırılması və indeksasiya nəticəsində sonuncu dəfə ona təyin edilmiş pensiya məbləği 780 manat olsa da, 2020-ci ilin avqust ayından başlayaraq, hər ay 780 manat əvəzinə, həmin məbləğdən 442 manat daha az məbləğdə pensiya, yəni 338 manat məbləğində pensiya alır. Lakin bugünədək bunun səbəbləri haqqında DSMF-ə sorğu versə də, bu sorğu da bugünədək cavablandırılmayıb. Onun əmək pensiyasından tutulmanın aparılmasına dair hər hansı razılığı və eləcə də tutulmanın aparılması ilə bağlı hər hansı qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud deyil. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-563/2022 saylı 21 aprel 2022-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinə etirazın dəlilləri: Apellyasiya şikayətinə etirazın məzmunu ilə iddiaya dair etirazın məzmunu eynilik təşkil edir. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi Vüqar Əhmədov apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və məhkəmə qərarının ləğv edilərək iddianın təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi (oğlu) Samir Balayev apellyasiya şikayətini qəbul etməyərək onun təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının tələbi üzrə iddia müddəti mübahisələndirilmədiyindən iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı tələbi “artıq ödənilmiş 14300,88 manat pensiya məbləğinin cavabdehdən tutularaq inzibati orqanın hesabına ödənilməsi” barədədir. Bununla bağlı iddiaçı inzibati orqan tərəfindən cavabdehə məktub göndərilmiş və orada artıq ödənilmş pul vəsaitinin könüllü büdcəyə ödənilməsi xahiş edilmişdir. Lakin cavabdeh həmin məbləğin geri qaytarılması ilə razılaşmamış və nəticədə iddiaçı orqan hazırki iddia ilə məhkəməyə müraciət etmiş, onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi qeyd olunan məbləğin cavabdehdən alınaraq, iddiaçıya geri qaytarılmalı olması barədə iddiaçının dəlillərinin əsassız olmasına, həmçinin pensiyanın müəyyən edilməsi zamanı hesablamaların səhv olmasına görə vətəndaşın (pensiya təyin olunmuş və ya pensiyası yenidən hesablanmış şəxs) məsuliyyət daşıya bilməməsinə istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin qərarında qeyd olunanlarla razılaşaraq aşağıdakıların da diqqətə çəkilməsini zəruri hesab edir. Belə ki, iş materiallarında olan pensiyaçının 113706 saylı uçot vərəqəsindən görünür ki, cavabdehə xx.xx.2016-cı il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Əzizbəyov (hazırda Xəzər) rayon şöbəsi tərəfindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin sonradan cavabdeh inzibati orqan ona ödənilmiş pensiya məbləğinin geri qaytarılmasını tələb etmişdir. Belə ki, iddiaçının cavabdehə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəyə cavab olaraq yazılan məktubundan görünür ki, cavabdehə DSMF Əzizbəyov rayon şöbəsi tərəfindən təyin edilmiş yaşa görə əmək pensiyasının aparılan araşdırmalar nəticəsində artıq ödənildiyi müəyyən olunmuş və buna görə də cavabdehdən 14300,88 manat məbləğində artıq pul vəsaitinin geri qaytarılması tələb olunmuşdur. Göründüyü kimi, inzibati orqan tərəfindən cavabdehə xx.xx.2016-cı il tarixdən təyin edilmiş pensiyanın məbləğində artıq ödəmələrin aparılması ilə bağlı araşdırma iddiaçının öz təşəbbüsü ilə həyata keçirilmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Hazırki işdə pensiyanın yenidən hesablanmasından öncə, iddiaçı tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni cavabdehə təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə iddiaçının istinad etdiyi hallara dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda cavabdehin iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, cavabdehə xx.xx.2016-cı il tarixdən sabiq dövlət qulluqçusu kimi yaşa görə təyin edilmiş pensiya bu barədə cavabdehin xeyrinə əlverişli inzibati aktın (pensiya təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq, inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi- cavabdehi inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, məzmununa etimad göstərdiyi pensiya təyinatı ilə bağlı inzibati aktı ləğv etmədən, həmin inzibati akt qüvvədə ola-ola pensiyanın yenidən hesablanması barədə inzibati akt qəbul edərkən hüquq normalarını pozaraq bu barədə iddiaçıya sadəcə məktubla məlumat verməklə kifayətlənmiş, bununla da cavabdehin qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Qeyd edilən qayda artıq ödənilmiş əmək pensiyası məbləğinin şəxsdən geri tələb olunması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır. Əlavə olaraq qeyd olunmalıdır ki, cavabdeh orqan iddiaçının xx.xx.2020-ci il tarixdə daxil olmuş ərizəsinə cavab olaraq “əmək pensiyasının yenidən hesablanması haqqında” məktubunda cavabdehə təyin edilmiş pensiya ilə bağlı artıq ödəmələrin həyata keçirildiyini bildirmiş və bununla bağlı həmin 14300,88 manat artıq ödəmənin geri qaytarılmasını tələb etməklə kifayətlənmişdir. Kollegiya onu da qeyd edir ki, cavabdehə ünvanlanmış “əmək pensiyasının yenidən hesablanması haqqında” adı çəkilən məktub (i.v.10-11) əslində, cavabdeh barəsində qanun çərçivəsində həyata keçirilə bilən inzibati icraatın nəticəsi olaraq qəbul edilmiş inzibati aktla bağlı artıq ödənilmiş pensiya məbləğinin qaytarılması barədə göndərilə biləcək “tələbnamə” qismində çıxış edir, çünki həmin məktub “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulan “inzibati akt” anlayışına və meyarlarına cavab vermir. Digər tərəfdən inzibati orqan artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması ilə bağlı cavabdehə məktub göndərsə də, bu barədə ayrıca inzibati akt qəbul etməmiş və həmin məsələ ilə bağlı tələb olunan 14300,8 manat artıq pul vəsaitinin hansı hesablama qaydasında hesablandığını əsaslandırmamışdır. Həmçinin belə artıq ödəmələrin cavabdehin təqsiri üzündən aparılması faktı da iş materialları ilə müəyyən olunmur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının “artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması” barədə iddiasının təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı inzibati orqanın apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-563/2022 saylı 21 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-2669/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2669/2022
05.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver