Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2669/2023 30.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-911/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, pensiya təyin olunduqdan sonra, sonrakı dövr üzrə 6 il və daha çox işləyərək qazandığı və fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış sığorta pensiya kapitalına əsasən onun əmək pensiyasının qulluq stajına görə əlavələrin məbləği azaldılmamaqla yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir (i.v.67). İddianın əsaslarına görə, iddiaçıya xx.xx.2007-ci ildən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmiş, lakin pensiya təyin edildikdən sonra da o, 6 ildən çox işləmiş, fərdi hesabının sığorta hissəsində pensiya kapitalı toplanmışdır. Həmin pensiya kapitalı nəzərə alınmaqla pensiyasının yenidən hesablanması üçün cavabdehə müraciət etmiş, lakin sonuncu tərəfindən onun müraciəti əsasında onun hesabında olan 40889,05 manat pensiya kapitalına görə Əmək pensialrı haqqında” Qanunun 37.3.1 və 29.2-ci maddələrinə uyğun hesablamala aparıldığını bildirmişdir. Cavabdeh iddia ərizəsinə dair yazılı etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 44162,09 manat pensiya sığorta kapitalı qeydə alınıb. Qeyd olunanları nəzərə alaraq, 44162,09 manat pensiya sığorta kapitalının “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 137 (44162,09:137 (65 il-59 il 7 ay=65 ay+(144 ay-72 ay) = 322,35 manat) aya bölünərək əmək pensiyasının sığorta hissəsinin (260,76+322,35 manat) üzərinə əlavə olunmaqla pensiyasının sığorta hissəsi 583,11 (260,76 +322,35) manat müəyyən edilib. Eyni zamanda sözügedən Qanunun 29.2ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavəsinin məbləği (809,06 manat) həmin artım qədər (322,35 manat) azaldılıb. Nəticədə, hazırda əmək pensiyasının sığorta hissəsi 583,11 manat, qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği isə 486,71 (809,06-322,35) manat təşkil etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-911/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsi tətbiq edilməməklə və 37.3.1-ci maddəsinə uyğun olaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən İddiaçı təyin olunmuş əmək pensiyasının yenidən hesablanaraq artırılması və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən hüquq normalarının pozuntularına yol verilmişdir. Belə ki, “iddiaçıya Mərkəzi Filial tərəfindən 8 sentyabr 2007-ci il tarixindən xidmət illərinə görə pensiya təyin edilib və DSMF Xüsusi Şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən sonrakı artımlar da nəzərə alınmaqla, 1069,82 manat məbləğində əmək pensiyası 44162,09 manat pensiya sığorta kapitalı "Əmək pensiyaları haqqında" Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 137 (44162,09:137 (65 il-59 il 7 ay=65 ay+(144 ay-72 ay)=322,35 manat) aya bölünərək əmək pensiyası sığorta hissəsinin (260,76 manat) üzərinə əlavə olunmaqla yenidən hesablanmış və pensiyasının sığorta hissisi 583,11 (260,76+322,35) manat müəyyən olunmuşdur. Eyni zamanda, Qanunun 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavəsinin məbləği (809,06 manat) həmin artım qədər (322,35 manat) azaldılıb. Nəticədə, hazırda əmək pensiyasının sığorta hissəsi 583,11 manat, qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği isə 486,71 (809,06-322,35) manat təşkil edir.” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunmasını, iddiaçının nümayəndəsi isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslarla cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.6-ci maddəsi nəzərdə tutur ki, “hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 2 fevral 2022-ci il tarixli Qərarında qeyd etmişdir ki: 1.Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onlar hərbi xidmətdən ilk dəfə tərxis olunarkən son təminat xərcliyinə əsasən müəyyən olunur. 2.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir. İş materiallarına (əmək kitabçasına, pensiya işindən çıxarışlar, və sosial arayışa, iddiaçının fərdi hesabından çıxarışa, iddia ərizəsinə və cavabdehin apellyasiya şikayətinə və pensya işinə dair sair sənədlərə) əsasən müəyyən olunur ki, iddiaçıya 8 sentyabr 2007ci il tarixdən hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi yaşa görə əmək pensiyası təyin olunmuş, lakin o, pensiyaya çıxdıqdan sonra da müxtəlif təşkilatlarda 6 ildən də çox çalışmış və onun fərdi hesabının sığorta hissəsində 2008-iyul-2023-cü il iyun tarixlərinə qeydə alınmmış məlumata əsasən 57785,04 manat pensiya kapitalı qeydə alınmışdır. Konkret halda işin mübahisələndirilən hallarından göründüyü kimi, iddiaçı fərdi hesabında yığılmış pensiya kapitalı nəzərə alınmaqla, əmək pensiyasının yenidən hesablanmasını xahiş etmiş, lakin cavabdehin iddia ərizəsinə etirazı və apellyasiyaiya şikayətinin dəlillərindən göründüyü kimi, onun əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1, 45-ci və 29.2-ci maddələrinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyası tətbiq olunmaqla, pensiya kapitalına müvafiq artırıılıb həmin miqdarda da azaldılmışıdr. Başqa sözlə, iddiaçının pensiyasında heç bir artım baş verməmişdir. Məhkəmə kollegiyası aşağıdakılara görə hesab edir ki, cavabdehin qeyd olunan mövqeyi əsassızdır. “Əmək pensiyaları haqqında” Qanunun 6.3-cü maddəsinə əsasən əmək pensiyasının yığım hissəsinin müəyyən edilməsi və ödənilməsi sığortaolunan fərdi hesabının yığım hissəsində müvafiq vəsait olduğu halda həyata keçirilir. Həmin Qanunun 37.3.1-ci, 37.3.2-1 və 29.1-1-ci maddəsinnin hazırda qüvvədə olan redaksiyasına əsasən: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır (maddənin bu yeni redaksiyası 29 iyun 2022-ci il tarixdə qüvvəyə minmişdir); 37.3.2-1. Bu Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında bu Qanuna uyğun olaraq həyata keçirilir (maddəyə edilən bu əlavə 29 iyun 2022-ci il tarixdə qüvvəyə minmişdir); ...;
45. Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. ( maddəyə əlavə edilən bu əlavə 29 iyun 2022-ci il il tarixən qüvvəyə minmişdir).” Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 149cu maddəsinin Vİİ hissəsi baxımından, “Əmək pensiyaları haqqında” Qanunun iddiaçının vəziyyətini yaxşılaşdıran qeyd olunan normaları ona münasibətdə tətbiq edilməklə, pensiyası fərdi hesabında yığılmış pensiya kapitalına görə yenidən hesablanmalıdır. Ən azından ,pensiya qanunvericiliyinin qeyd olunan maddi hüquq normaları on deməyə əsas verir ki, pensiyaya çıxmış şəxslərə, onların sonrakı əmək fəaliyyətləri nəticəsində ödədikləri məcburi sosial sığorta haqlarını əmək pensiyasına əlavələr şəklində özlərinə qaytarmaq üçün hüquqi imkan yaradılmışdır. Konkret halda isə cavabdeh “Əmək pensiyaları haqqında” Qanunun 15 dekabr 2022-ci il tarixdən artıq qüvvədən düşmüş 29.2-ci maddəsinin köhnə redaksiyasını tətbiq etməklə, iddiaçının pensiyasını sığorta kapitalına müvafiq artırıb, həmin miqdarda da azaltmaqla, faktiki olaraq onun fərdi hesabında yığılmış sığorta kapitalını silərək sıfırlamış olur ki, bu da onun qanunla qorunan pensiya hüququnun, cavabdehin isə iddiaçının pensiyasının onun sığorta kapitalına görə pensiyasını yenidən hesablamaq öhdəliyinin pozulmasıdır. Belə olan halda, İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin olunmasını işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin həmin qərarın qanunsuz və əsassız olduğunu, maddi hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-911/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 32, 14, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı:
Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-911/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.