Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-267/2022 18.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi X2 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “İddiaçı”nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və "xxxx" Açıq Səhmdar Cəmiyyəti) “artıq ödənilmiş vergi məbləğinin geri qaytarılması barədə rəy verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2-1(112)-904/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı “İddiaçı” cavabdeh AR İN yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının faiz gəlirindən ödənilmiş 448.881.60 manat məbləğində verginin ona geri qaytarılması ilə bağlı vergi orqanı tərəfindən “Vergi ödəyicisinin büdcəyə artıq ödəmələrin qaytarılması barədə rəy”in hazırlanıb iddiaçıya və AR Maliyyə Nazirliyinin yerli bölmələrinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində bildirilmişdir ki, “İddiaçı” Almaniya Federativ Respublikasında qeydiyyatdan keçmiş kommersiya bankıdır. Qurum 2005-ci ildən etibarən "xxxx" ASC üçün layihələrin maliyyələşdirilməsi və ticarət yönümlü maliyyələşdirmə üzrə kreditor qismində çıxış edir və Azərbaycan Respublikası mənbəyindən 6.900.797,89 manata qədər faiz gəliri əldə etmişdir. AR Vergi Məcəlləsinin 125-ci maddəsinin tələblərinə uyğun olaraq “İddiaçı”nin faiz gəlirlərinin 10 faizi ödəmə mənbəyində vergiyə cəlb edilmişdir. 25 avqust 2004-ci il tarixdə Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında Saziş imzalanmışdır. Sazişin 11-ci maddəsinin 3 “a” bəndinə əsasən Azərbaycan Respublikasında yaranan və Almaniya Federativ Respublikası tərəfindən zəmanət verilmiş ixrac yaxud birbaşa xarici investisiyalarla bağlı kreditlərə (borclara) münasibətdə ödənilən yaxud Almaniya Federativ Respublikasının Hökumətinə, X4, “Kreditanştalt für Videraufbau”ya, Almaniya İnvestisiya və İnkişaf Cəmiyyətinə ödənilən faiz məbləğləri Azərbaycan vergilərindən azad olunur. “İddiaçı”nin "xxxx" ASC-yə verdiyi kreditlərə də Almaniya Federativ Respublikası tərəfindən yaradılan İdxal-İxrac agentliyi (Euler Hermes) tərəfindən zəmanət verilmişdir. Qeyd olunan dövr ərzində ödənişlərin ödəmə mənbəyində vergidən azad olunması üçün vergi orqanlarına DTA 03 forması (ərizəsi) təqdim olunmamışdır. Buna görə də "xxxx" ASC tərəfindən “İddiaçı”nin gəlirləri ödəmə mənbəyində vergiyə cəlb olunmuş və müvafiq vergi məbləği dövlət büdcəsinə köçürülmüşdür. “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları”nın 7.1-ci bəndinə əsasən beynəlxalq müqavilədə qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə etdiyi hər hansı gəlirinin vergidən azad edilməsi və ya aşağı dərəcə ilə vergiyə cəlb edilməsi ilə bağlı normanın nəzərdə tutulmasına baxmayaraq, DTA 03 ərizə forması təqdim edilmədikdə, vaxtında təqdim edilmədikdə, yaxud hər hansı digər səbəbdən qeyri-rezident beynəlxalq müqavilədə nəzərdə tutulandan artıq vergi ödədikdə, həmin qeyri-rezident müvafiq vergi orqanına elektron və ya kağız daşıyıcısında doldurulmuş “Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirindən artıq tutulmuş vergilərin geri qaytarılması haqqında” Ərizə formasını - DTA 05 forması təqdim etməklə, artıq ödənilmiş (tutulmuş) vergi məbləğlərinin geri qaytarılması ilə bağlı müraciət edə bilər. Bununla əlaqədar, “İddiaçı” AR Vergilər Nazirliyi yanında Milli Gəlirlər Baş İdarəsinə 20 dekabr 2018-ci il tarixdə DTA-05 forması ilə müraciət etmişdir. Həmin müraciətə vergi orqanı tərəfindən sözügedən Qaydaların tələbləri pozulmaqla yalnız 19 fevral 2019-cu il tarixdə cavab verilmiş, müvafiq cavab məktubunda da bir sıra sənədlər və dəqiqləşdirmələr tələb edilmişdir. Həmin Qaydaların 8-ci bəndinə əsasən daxil olmuş müraciətlərə vergi orqanı tərəfindən 20 iş günü ərzində baxılmalı olduğu halda, “İddiaçı”nin müraciəti gec cavablandırılmış, bununla da vergi orqanının qanunsuz olaraq etdiyi hərəkətsizliyi nəticəsində “İddiaçı”nin hüquqları pozulmuşdur. AR Vergilər Nazirliyinin 19 fevral 2019-cu il tarixli məktubu əsasında tələb edilən sənədlər əlavə olunaraq vergi orqanına yenidən müraciət edilsə də, vergi orqanı tərəfindən 07 aprel 2020-ci il tarixədək müraciətin cavablandırılmasından yayınmışdır. Bu müddətdə vergi orqanı tərəfindən müraciətin mahiyyətinə aid olmayan məlumatlar və sənədlər tələb edilmiş və məsələnin qısa müddət ərzində həll edilməsinə nail olmaq üçün “İddiaçı” tərəfindən qeyd olunan əlavə tələblər də dərhal icra edilmişdir. Bundan əlavə, vergi orqanı tərəfindən əsassız olaraq araşdırma müddətləri dəfələrlə uzadılmaqla bərabər həmin Qaydaların müddətlə bağlı tələbləri dəfələrlə pozulmuşdur. 29 iyul 2019-cu il və 29 avqust 2019-cu il tarixlərdə əlavə araşdırma tələb olunduğu əsas gətirilərək hər dəfə 20 gün müddətində müraciətə baxmaq üçün müddət vergi orqanı tərəfindən uzadılmışdır. Uzadılmış müddətin başa çatmasına baxmayaraq müraciətlərə cavab verilməmişdir. Hazırki iş üzrə vergi orqanı tərəfindən heç vaxt “İddiaçı”yə Qaydaların 8-ci bəndində nəzərdə tutulan bildiriş göndərilməmişdir. Beləliklə, vergi orqanının bildiriş göndərməməsi və müraciətlərə baxılma müddətinin tarixini göstərməkdən yayınması vergi orqanının Qaydalarda nəzərdə tutulan öhdəliklərinin pozulmasının göstəricisidir. Bütün bunları nəzərə alaraq, “İddiaçı” tərəfindən 19 sentyabr 2019-cu il tarixdə “Vergi orqanın hərəkətsizliyi və prosessual müddətlərin pozulmasına dair” şikayət ərizəsi ilə AR Vergilər Nazirliyinə müraciət edilmişdir. Həmin şikayət ərizəsinə verilən 14 oktyabr 2019-cu il tarixli cavab məktubunda bir daha “İddiaçı”nin gəlir məbləği, qaytarılmalı olan vergi məbləği və qeyri-rezidentin bank rekvizitlərini dəqiqləşdirərək vergi orqanına məlumat təqdim edilməsi tövsiyə edilmişdir. Vergi orqanının 14 oktyabr 2019-cu il tarixli məktubu “İddiaçı” tərəfindən nəzərə alınaraq, yenidən 6 dekabr 2019-cu il tarixli məktubla vergi orqanına müraciət edilmişdir. Həmin müraciətə baxılma müddətləri uzadılaraq sonda 7 aprel 2020-ci il tarixdə vergi orqanı tərəfindən DTA-05 formasının nəzərə alınmaması haqqında imtina məktubu göndərilmişdir. Həmin imtina məktubunda yalnız bir əsas qeyd edilmişdir: “İddiaçı” ilə "xxxx" ASC arasında bağlanmış 2005-ci il tarixli müqavilənin şərtlərinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə olunan gəlirlərin vergilər tutulmadan tam məbləğdə qeyrirezident şəxsin bank hesabına ödənildiyi və bu əməliyyatlardan yaranan vergi öhdəliyinin gəliri ödəyən şəxs tərəfindən yerinə yetirildiyi halda rezident müəssisə tərəfindən qeyrirezident şəxsə edilən ödəmələrə görə ödəmə mənbəyində tutularaq dövlət büdcəsinə ödənilən vergi məbləği qeyri-rezidentlərin gəlirini təşkil etmir və qeyri-rezidentə münasibətdə artıq ödəmə yaratmır”. Müvafiq əsaslandırmanın düzgün olmadığını, “İddiaçı”nin müraciətindən imtina edilməsinin Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olduğu hesab edilir. Vergi orqanı Azərbaycan Respublikasının qanunvericiliyində beynəlxalq müqavilələrin üstün hüquqi qüvvəyə malik olduğunu nəzərə almadan (Azərbaycan Respublikasının Konstitusiyasının 151-ci maddəsinə və Vergi Məcəlləsinin 2.5-ci maddəsinə zidd olaraq), Landesbanka imtina məktubu təqdim etməklə onun Sazişin tələblərinə uyğun olaraq vergidən azad olunma hüququnun həyata keçirilməsinə mane olmuşdur. Belə ki, Sazişin 11-ci maddəsinin 3 “a” bəndinə əsasən Azərbaycan Respublikasında yaranan və Almaniya Federativ Respublikası tərəfindən zəmanət verilmiş ixrac, yaxud birbaşa xarici investisiyalarla bağlı kreditlərə münasibətdə ödənilən faiz məbləğləri Azərbaycan vergilərindən azad olunur. Bununla da, Sazişin bu bəndinə əsasən Almaniya müstəsna vergitutma hüququna malikdir. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçının "xxxx" ASC-yə verdiyi kreditə Almaniya Federativ Respublikası tərəfindən yaradılan İdxal-İxrac agentliyi (Euler Hermes) tərəfindən zəmanət verildiyinə görə “İddiaçı”nin həmin kreditdən əldə edilən faiz gəlirləri Azərbaycanda vergiyə cəlb edilməməlidir. Müvafiq Qaydaların tələbinə əsasən qeyri-rezident Azərbaycan mənbəyindən əldə etdiyi hər hansı gəlirinin vergidən azad edilməsi üçün DTA 03 ərizə forması ilə müraciət etməlidir, əks təqdirdə qeyri-rezident tərəfindən müvafiq vergilər ödənilməlidir. Lakin Sazişə əsasən qeyri-rezidentin ikiqat vergitutmanm aradan qaldırılması üçün müraciət etmək hüququ mövcuddur. Bu hüququn reallaşdırılması Qaydaların tələbinə uyğun olaraq DTA 05 ərizə formasının vergi orqanına təqdim edilməsi yolu ilə həyata keçirilə bilər. Qeyd edildiyi kimi, “İddiaçı” tərəfindən DTA 03 ərizə forması verilmədiyinə görə "xxxx" ASC tərəfindən “İddiaçı”nin faiz gəlirlərindən 10 faiz vergi məbləği tutularaq dövlət büdcəsinə köçürülmüşdür. “İddiaçı” tərəfindən isə, artıq Almaniyada bu faiz gəlirlərindən vergi ödənildiyinə görə ikiqat vergitutmanın aradan qaldırılması hüququnu həyata keçirmək üçün DTA 05 forması ilə AR Vergilər Nazirliyinə (DVX) müraciət edilmişdir. Göründüyü kimi, vergi orqanı “İddiaçı”-yə DTA 05 ərizə formasının nəzərə alınmaması haqqında imtina məktubu verməklə “İddiaçı”nin ikiqat vergitutmaya məruz qalmasına və Sazişlə nəzərdə tutulan hüquqlarının pozulmasına səbəb olmuşdur. Bununla da, vergi orqanı öz qanunsuz hərəkətləri (hərəkətsizliyi) ilə beynəlxalq müqaviləyə əsasən Azərbaycan Respublikasının üzərinə götürdüyü öhdəliklərin həyata keçirilməsinin qarşısını almışdır. "xxxx" ASC Azərbaycan Respublikası vergi qanunvericiliyinin (AR Vergi Məcəlləsinin 125 və 150-ci maddələri) tələblərini əsas götürərək “İddiaçı” və "xxxx" ASC arasında bağlanmış müqaviləyə əsasən “İddiaçı”nin faiz gəlirindən ödəmə mənbəyində vergini tutmuş və yerdə qalan məbləği “İddiaçı”yə köçürmüşdür. Beləliklə, “İddiaçı”yə köçürülən məbləğ onun net gəlirini təşkil etmişdir. Buna baxmayaraq, vergi orqanı “LandesbankBerlin AG”nin vergi agenti kimi "xxxx" ASC tərəfindən ödənilən vergi məbləğinin “İddiaçı”nin faiz gəlirinə uyğun olaraq hesablanıb ödənildiyini nəzərə almamışdır. Bununla da, vergi orqanı “İddiaçı”nin Sazişə uyğun olaraq vergidən azad olma hüququnu pozmuşdur. Bundan əlavə, müqavilədə xalis gəlirin göstərilməsi (yəni vergi çıxılmaqla) və ya müqavilə üzrə ümumi məbləğin (vergilər daxil) göstərilməsi müqavilə tərəfinin əldə etdiyi gəlirin məbləğinə təsir etmir. Bu səbəbdən də, vergi orqanının 7 aprel 2020-ci il tarixli məktubunda rezident tərəfindən ödəmə mənbəyində ödənilən verginin qeyri-rezidentin gəlir məbləğinə daxil edilməməsi ilə bağlı yanaşması düzgün deyil. Nəzərə alınmalıdır ki, "xxxx" ASC tərəfindən dövlət büdcəsinə ödənilən 10 faiz vergi məbləği “İddiaçı”nin gəlirini təşkil etməsəydi, Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq, "xxxx" ASC-nin həmin məbləğdən vergi ödəmək öhdəliyi yaranmazdı. Bu səbəbdən də, “İddiaçı” və "xxxx" ASC arasında bağlanan müqavilədə “İddiaçı”yə ödəniləcək xalis gəlirin (vergilər çıxılmaqla) göstərilməsi, "xxxx" ASC tərəfindən ödənilən vergi məbləğinin “İddiaçı”nin gəlir məbləğinə daxil edilməməsi anlamına gəlmir. Beynəlxalq təcrübədə bu tip müqavilələrə bir çox hallarda rast gəlmək olar. Azərbaycan Respublikasında da vergi orqanı tərəfindən bu tip müqavilələrə əsasən artıq ödənilmiş vergi məbləğinin geri qaytarılması təcrübəsi olmuşdur. “İnzibati icraat haqqında” AR Qanununa əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Bu səbəbdən də, hazırki iş üzrə də inzibati orqan kimi vergi orqanı fərqli inzibati praktika tətbiq edə bilməz. Hesab edilir ki, oxşar işlər üzrə müvafiq sənədlər məhkəmə tərəfindən vergi orqanından tələb edilə bilər. “İddiaçı” tərəfindən 20 dekabr 2018-ci il tarixdən başlayaraq müraciətlər edilmiş və bütün lazımi sənədlər təqdim edilmişdir. Buna baxmayaraq, bir ildən çox müddət keçdikdən sonra vergi orqanı "xxxx" ASC tərəfindən ödənilmiş vergi məbləğinin qeyri-rezident kimi “İddiaçı”nin gəlirlərinə daxil olmama əsası ilə “İddiaçı”nin müraciətindən imtina etmişdir. Halbuki vergi orqanı “İddiaçı” və "xxxx" ASC arasında bağlanmış müvafiq müqavilədən, həmin müqavilədə olan 11-ci bənd barəsində əvvəlcədən xəbərdar olmuş və bir ildən çox müddət ərzində vergi orqanı tərəfindən yazılmış məktublarda bu məsələyə toxunulmamış, sadəcə məbləğlərlə bağlı müvafiq dəqiqləşmələr tələb edilmişdir. “İddiaçı”nin vergi orqanın verdiyi şikayət ərizəsinin cavabı olan 14 oktyabr 2020-ci il tarixli məktubuna baxdıqda da görünür ki, yalnız məbləğlərin və bank rekvizitlərinin dəqiqləşməsi barədə tələblər olmuşdur. Beləliklə, qeyd edilən hallar vergi orqanın süründürməçilik etməsini və əsassız olaraq qeyri-rezidentə vergi məbləğinin qaytarılmasından boyun qaçırdığını göstərir. Eyni zamanda, “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları” adından və mahiyyətindən də bəlli olduğu kimi sadəcə artıq ödənilmiş vergilərin geri qaytarılması və s. ilə bağlı təşkilati məsələləri, o cümlədən müraciət qaydasını, tələb edilən sənədlərin siyahısını, müraciət müddətlərini, həmçinin vergi orqanının yalnız müraciət qaydasına uyğun olaraq sənədlərin təqdim edilmədiyi təqdirdə bununla bağlı imtina vermək səlahiyyətlərini nəzərdə tutur. Lakin hal-hazırda vergi orqanı Sazişin tələblərinə zidd olaraq qeyri-rezidentin adından vergi agenti kimi "xxxx" ASC tərəfindən ödənilmiş verginin geri qaytarılmasından imtina etməklə Qaydalarda nəzərdə tutulan səlahiyyət hədlərindən kənara çıxmış olur. İddia ərizəsi birinci instansiya məhkəməsinin icraatına daxil olduqdan sonra İPM-in 13, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və hazırlıq icraatında iddiaçı yol verilmiş formal xətanı aradan qaldıraraq cavabdeh AR İN yanında Dövlət Vergi Xidmətinin həmin Xidmətin Milli Gəlirlər Baş İdarəsi ilə əvəz olunması barədə ərizə təqdim etmişdir. Məhkəmənin 27 avqust 2020-ci il tarixli qərardadı ilə inzibati məhkəmə icraatında cavabdeh AR İİN yanında Dövlət Vergi Xidməti həmin Xidmətin Milli Gəlirlər Baş İdarəsi ilə əvəz olunmuş və Azərbaycan Respublikası Maliyyə Nazirliyi icraata üçüncü şəxs qismində cəlb olunmuşdur. Cavabdeh iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, “İddiaçı”ın iddia ərizəsində qeyd olunanlar həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə zidd olduğundan, iddia rədd edilməlidir. Almaniya Federativ Respublikasının rezidenti olan olan “İddiaçı” 24 dekabr 2018-ci il tarixli “Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirindən artıq tutulmuş vergilərin geri qaytarılması haqqında” DTA 05 formasında ərizə ilə vergi orqanına müraciət etmişdir. Vergi orqanı tərəfindən ona 19 fevral 2019-cu il tarixdə cavab verilmişdir. Ərizədə göstərilmiş gəlir məbləğinin (manatla) və qaytarılmalı olan vergi məbləğinin gəlir ödəyən tərəfindən təqdim edilmiş müvafiq dövr ÖMV (ödəmə mənbəyində tutulan vergi) vergi bəyannamələrində öz əksini tapmaması, gəliri əldə edən şəxsin həmin gəlirin faktiki sahibi olduğunu müəyyən edən sənədin (pul vəsaitləri və ya digər əmlakla əlaqədar əməliyyatlardan son nəticədə iqtisadi və ya hər hansı digər fayda əldə edən fiziki şəxs (lər) haqqında müvafiq ölkənin dövlət reyestrindən çıxarış), banklar arasında bağlanan fərdi kredit müqaviləsinin (əsas müqavilə) və ona edilən bütün düzəlişlərin, faizin hesablanması metodunun (açıqlaması) təqdim edilməməsi, təqdim edilən bank sənədlərinin oxunaqlı olmaması bildirilmişdir. Həmçinin, Euler Hermes tərəfindən verilən zəmanət bəyannaməsi xarici (alman) dildə təqdim edilmiş və ərizədə qeyri-rezidentin bank rekvizitlərinin əvəzinə gəlir ödəyənin məlumatlarının qeyd edildiyi, bununla yanaşı vergidən azadolmanın Azərbaycan Respublikası Hökuməti ilə Almaniya Federativ Respublikası Hökuməti arasında bağlanan gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergiqoymanın aradan qaldırılması haqqında Sazişin 11-ci maddəsinin hansı bəndinə aid olduğunun əsaslandırılması bildirilmişdir. Müəssisənin eyni məzmunlu 1 iyul 2019-ci il tarixli DTA-05 forması barədə müraciəti 1JT2019-CU il tarixli məktubla cavablandırılmışdır. Bu məktubla qeyri-rezidentə 31 may 2019-cu il tarixli DTA- 05 formasının baxılmaqda olduğu bildirilmişdir. Bununla yanaşı, həmin DTA-05 forması ilə bağlı vergi orqanının 29 avqust 2019-cu il tarixli araşdırma müddətinin uzadılması barədə məktubu “İddiaçı” müəssisəsinə göndərilmişdir. Bu məktubla bildirilmişdir ki, müraciətlə əlaqədar digər dövlətin səlahiyyətli orqanına sorğu göndərilmişdir və müraciətə baxılma müddəti sorğuya cavab daxil olanadək uzadılmışdır. DTA-05 formasında göstərilmiş gəlir məbləğinin və qaytarılmalı olan vergi məbləğlərinin dəqiqləşdirilməsi bildirilməsinə baxmayaraq, ərizədə yenidən “İddiaçı”nin "xxxx" ASC-nin 690.079,7 manat faiz gəliri əldə etdiyi göstərilmişdir. Ərizədə göstərilən zamanda cəlb olunmuş gəlir məbləği, qaytarılmalı olan vergi məbləğini və qeyri-rezidentin bank rekvizitlərini dəqiqləşdirərək vergi orqanına bu barədə yazılı şəkildə məlumat verilməsi bir daha tövsiyyə edilmişdir. Yuxarıda qeyd olunan nöqsanlar tam aradan qaldırılmamış, həmçinin vergi orqanı tərəfindən aparılan araşdırmalar zamanı tərəflər arasında müqavilə şərtlərinə əsasən Azərbaycan mənbəyindən əldə olunan gəlirlərin vergilər tutulmadan tam məbləğdə qeyri-rezident şəxsin bank hesabına ödənilməli olduğu və bu əməliyyatlardan yaranan vergi öhdəliyinin gəliri ödəyən şəxs tərəfindən yerinə yetirilməli olduğu halda rezident müəssisə tərəfindən qeyri-rezident şəxsə edilən ödəmələrə görə ödəmə mənbəyində tutularaq dövlət büdcəsinə ödənilən vergi məbləği qeyri-rezidentlərin gəlirini təşkil etmədiyi və qeyrirezidentə münasibətdə artıq ödəmə yaratmadığı müəyyən edilmişdir. Bu səbəbdən 7 aprel 2020-ci il tarixli DTA-05 formasının nəzərə alınmaması haqqında bildiriş göndərilmişdir. İddiaçı "xxxx" ASC tərəfindən onun faiz gəlirindən 10% vergi məbləği tutularaq dövlət büdcəsinə köçürüldüyünü, Almaniyada bu faiz gəlirlərindən vergi tutularaq ödənildiyini və Azərbaycanda ödənilmiş vergilər geri qaytarılmadığından ikiqat vergitutmadan azad olunmaq hüququndan məhrum olduğunu bildirmişdir. “İddiaçı” (borc verən qismində) ilə "xxxx" ASC (borc alan qismində) arasında bağlanmış Əsas kredit müqaviləsi və digər təsdiqedici sənədlərlə müəyyən olunmuşdur ki, müqavilənin 4-cü maddəsinin müddəalarına əsasən borcalan hər Fərdi Kredit Müqaviləsi üzrə verilmiş və veriləcək istənilən məbləğə görə borc verənə faiz ödəyir. Həmin müqavilənin 11-ci maddəsinin 1-ci bəndinə əsasən Borcalanın bu müqavilə ilə və yaxud istənilən Fərdi Kredit müqaviləsi üzrə istənilən şəxsə verəcəyi bütün ödənişlər istənilən hazırkı, yaxud gələcək vergidən azaddır və bu kimi vergi tutulmur və ya bu kimi vergi hesabına olmur, istisna hal odur ki, Borcalandan verginin çıxılacağı yaxud tutulacağı bu kimi məbləğ elə həddə artırılır ki, bu kimi vergi tutulması, yaxud çıxılmasından sonra bu kimi vergi tutulması, yaxud çıxılması tələb olunmayacağı təqdirdə, alacağına bərabər miqdarda xalis məbləğ alsın və saxlansın (bu kimi vergi tutulması və ya çıxılmasına nəzərən istənilən öhdəlikdən azad məbləğ). Həmin maddənin 2-ci bəndinə əsasən Maddə 11.1-in müddəalarına zidd olmayaraq, əgər borcverəndən bu Müqavilə üzrə aldığı və ya alacağı hər hansı məbləğə nəzərən (o cümlədən, lakin bununla məhdudlaşdırılmayaraq, bu 11-ci maddə üzrə aldığı, yaxud alacağı istənilən məbləğ) vergi yaxud digər öhdəliklər hesabına (təsis olunduğu yurisdiksiya üzrə xalis gəlirinə qoyulan vergi deyil) ödəniş etmək tələb olunarsa, yaxud istənilən bu kimi ödənişə nisbətdə Borcverənin üzərinə hər hansı öhdəlik təsdiqlənmişsə, qoyulmuşsa, tutulmuşsa və ya dəyərləndirilmişdirsə, Borcalan Borcverənin tələbi ilə dərhal bu kimi ödənişi, yaxud öhdəliyi bununla əlaqədar ödəniləcək və ya qarşılanacaq istənilən faiz, cərimələr məsrəflərlə birlikdə dərhal kompensasiya edir. Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında Sazişin 11-ci bəndinin 1-ci hissəsinə əsasən Razılığa gələn Dövlətdə yaranan və Razılığa gələn digər Dövlətin rezidentinə ödənilən faizlər həmin digər Dövlətdə vergiyə cəlb oluna bilər. Göründüyü kimi, Sazişin birinci tələbinə əsasən faizlərin ödənişi həyata keçirilməlidir. İndiki halda isə, iddiaçı tərəfindən faizlərin ödənildiyini təsdiq edən sənədlər təqdim edilməmişdir. Belə olduğu təqdirdə isə, hansısa faizə görə ödəmə mənbəyində vergilərin ödənilməsini mübahisələndirmək Sazişin tələblərinə ziddir. Başqa sözlə deyilsə, faiz ödənişi olmadığı halda Sazişin tətbiqi də mümkün deyildir. Bundan başqa, Sazişin 11-ci bəndinin 5-ci hissəsinə əsasən bu maddədə istifadə olunan “faizlər” termini borcların ipoteka təminatı halları daxil olmaqla, istənilən borc tələbindən olan gəlirləri, o cümlədən dövlətin qiymətli kağızlarından və istiqrazlarından, onlarla bağlı mükafatlar və uduşlu qiymətli kağızlardan uduşlar daxil olmaqla, əldə olunan gəlirləri ifadə edir. Vaxtında aparılmayan ödənişlərə görə tətbiq edilən cərimələr bu maddənin məqsədləri üçün “faizlər” sayılmır. Həmçinin Sazişin 11-ci bəndinin 8-ci hissəsinə əsasən əgər faizlərin ödəyicisi və faizlərin faktiki sahibi arasında, yaxud onların hər biri ilə istənilən üçüncü şəxs arasında mövcud olan xüsusi münasibətlər səbəbindən borc tələbi ilə əlaqədar ödənilən faizlərin məbləği bu münasibətlər olmadığı halda faizlərin ödəyicisi və faktiki sahibi arasında razılaşdırıla bilən məbləğdən artıq olarsa, bu halda, bu maddənin müddəaları yalnız sonuncu adıçəkilən məbləğə şamil edilir. Bu halda, artıq məbləğ Razılığa gələn Dövlətlərdən hər birinin qanunvericiliyinə müvafiq olaraq və bu Sazişin digər müddəaları nəzərə alınmaqla vergiyə cəlb edilə bilər. Göründüyü kimi, Sazişin tələbinə əsasən də iki şəxs arasında fərqli münasibətləri tənzimləyən müddəaların olduğu müqavilə zamanı hər kəsin öz qanunvericiliyinə əsasən hərəkət etməli olduğu bildirilmişdir. Mübahisələndirilən halda isə, iddiaçı və "xxxx" ASC arasındakı müqavilədə bütün vergi öhdəliklərinin "xxxx" ASC tərəfindən ödəniləcəyi barədə şərti öz üzərinə götürmüşdür. Bundan başqa, araşdırma zamanı "xxxx" ASC tərəfindən iddiaçıya hər hansı faiz ödənişi olmadığı üçün iddiaçının hansı məbləğlərə ikiqat vergitutmaya məruz qaldığı aydın deyildir. Qeyd olunmalıdır ki, bu əməliyyatlar üzrə borcalan "xxxx" ASC qeyri-rezidentin yerinə vergi öhdəliklərini həyata keçirən vergi agenti olaraq deyil, öz vergi öhdəliklərini yerinə yetirən vergi ödəyicisi olaraq çıxış edir. "xxxx" ASC-nin kredit müqaviləsində nəzərdə tutulan şərtlərə uyğun olmayaraq, “İddiaçı”-yə net (xalis) məbləğ köçürməli olduğu halda, öz vergi öhdəliklərinə uyğun olaraq vergini tutub qalan hissəni borcalana köçürməli və müqavilədə nəzərdə tutulduğu kimi bu məbləği borcalana kompensasiya etməməsi halında mülki hüquq münasibətləri zəminində həll edilməli münasibətləri, artıq ödəmə iddiası ilə dövlət büdcəsindən tələb etməsi tamamilə əsassızdır. İddia ərizəsində Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı qaydaları ilə müəyyən edilmiş müddətlərə əməl edilmədiyi bildirilmişdir. İddiaçının sorğularına qanunla müəyyən edilmiş müddətlərdə cavablandırılmasını iş materiallarına əlavə edilmiş cavab məktublarından görmək olar. İddiaçı bütün hallarda müraciətinin araşdırıldığı barədə məlumatlandırılmış, mövcud sənədlər əsasında aparılan araşdırma üzrə əsaslandırılmış imtina bildirişi göndərilmiş və bütün hallarda araşdırmanın başa çatdırılması üçün tələb olunan sənədlərin tamamlanması tövsiyyə olunmuşdur. Təqdim olunmuş müraciətlərdə mövcud nöqsan və çatrışmazlıqların, o cümlədən ərizədə göstərilmiş gəlir məbləğinin (manatla) və qaytarılmalı olan vergi məbləğinin gəlir ödəyən tərəfindən təqdim edilmiş müvafiq dövr ödəmə mənbəyində tutulan vergi bəyannamələrində öz əksini tapmaması, gəliri əldə edən şəxsin həmin gəlirin faktiki sahibi olduğunu müəyyən edən sənədin (pul vəsaitləri və ya digər əmlakla əlaqədar əməliyyatlardan son nəticədə iqtisadi və ya hər hansı digər fayda əldə edən fiziki şəxs (lər) haqqında müvafiq ölkənin dövlət reyestrindən çıxarış), banklar arasında bağlanan fərdi kredit müqaviləsinin (əsas müqavilə) və ona edilən bütün düzəlişlərin, faizin hesablanması metodunun (açıqlaması), təqdim edilməməsi, Euler Hermes tərəfindən verilən zəmanət bəyannaməsi xarici (alman) dildə təqdim edilmiş və ərizədə qeyri-rezidentin bank rekvizitlərinin əvəzinə gəlir ödəyənin məlumatlarının qeyd edilməsi və digər aşkar olunmuş nöqsanlar müxtəlif cavab məktubları ilə iddiaçının nəzərinə çatdırılmışdır. Göründüyü kimi, qeyri-rezidentin müraciəti müvafiq təsdiqedici sənədlərin təqdim edilməsinə və onların dövlət dilinə tərcümə olunmasına uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmaq üçün baxılmış və araşdırmanın davam etdirilməsi barədə həm qeyrirezidentin sənədlərdə göstərilən poçt ünvanına, həm də "xxxx" ASC-yə göndərilməsi təmin edilmiş və qaydaların tələblərinə tam əməl edilmişdir. Qeyd olunan səbəblərdən ödənilmiş vergi məbləğləri qeyri-rezidentə aid olmadığından, ödənilmiş vergi məbləğlərinin geri qaytarılması barədə rəyin verilməsi tələbi tamamilə əsassızdır. Məhkəmənin 16 noyabr 2020-ci il tarixli qərardadı ilə inzibati məhkəmə icraatına "xxxx" ASC üçüncü şəxs qismində cəlb olunmuşdur. Üçüncü şəxs "xxxx" ASC-nin məhkəməyə iddia ilə bağlı 22 fevral 2021-ci il tarixli məktubunda (arayışında) bildirilmişdir ki, məlum olduğu kimi, borcalan qismində "xxxx" ASC ilə borcverən qismində qeyri-rezident “İddiaçı” arasında ticarətin maliyyələşdirilməsi təyinatı ilə 8 iyul 2005-ci il tarixdə əsas kredit müqaviləsi bağlanılmışdır. Daha sonra borcverən ilə borcalan arasında əsas kredit müqaviləsi çərçivəsində müxtəlif tarixlərdə kreditin məbləği, müddəti, faizi və maliyyəşmə tələb edən idxal müqaviləsini müəyyən edən əsas şərtləri özündə əks etdirən fərdi kredit müqavilələri imzalanmışdır. Ayrılmış kreditlərlə əlaqəli “İddiaçı”-yə "xxxx" ASC tərəfindən faizlərin hesablanaraq ödənilməsi nəzərdə tutulmuşdur. Fərdi kredit müqavilələrində “İddiaçı”-yə net şəkildə çatacaq faizlərin məbləği (xalis gəlir) müəyyən edilir. Əlavə olaraq, əsas kredit müqaviləsinin 11-ci maddəsinin tələblərinə görə “İddiaçı”nin ümumi gəlirini müəyyən etmək üçün "xxxx" ASC Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə qeyri-rezidentlərin üzərinə qoyulan vergi öhdəliklərinin yuxarıda qeyd olunan xalis gəlirin üzərinə gəlməklə hesablamalı və müvafiq vergiləri “İddiaçı”nin ümumi gəlirindən tutmalıdır. Bu tələb Vegi Məcəlləsinin tələbləri ilə üst üstə düşür. Belə ki, Vergi Məcəlləsinin qeyri-rezident hüquqi şəxslərin vergi obyektini müəyyən edən 104.3-cü maddəsinə əsasən qeyri-rezidentin daimi nümayəndəliyi ilə bağlı olmayan ümumi gəliri, həmin Məcəllənin 125-ci maddəsində nəzərdə tutulduğu hallarda xərclər çıxılmadan ödəmə mənbəyində vergiyə cəlb olunur. Vergi Məcəlləsinin 125.1-ci maddəsinə əsasən rezident tərəfindən qeyri-rezidentin, Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan faizlər üzrə 10 % dərəcəsilə vergi tutulması nəzərdə tutulmuşdur. Məlumdur ki, xalis (net) gəlir özündə gəlir əldə edənə çatan faktiki məbləği, ümumi (gross) gəlir isə xalis gəlirlə yanaşı, onun əldə olunması üçün çəkilən xərcləri (o cümlədən vergi xərcləri) də özündə ehtiva edir. Vergi Məcəlləsinin 3.2.12-ci maddəsində “gəlirin” anlayışı aşağıdakı kimi verilmişdir: malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Müqavilə üzrə “Ümumi dəyər” deyildikdə isə, burada söhbətin yalnız “xalis” gəlirdən getmədiyi, habelə “xalis” gəlirin əldə olunması üçün çəkilən əlavə xərclərin (vergi xərcləri daxil) də daxil olduğu məlum olur. Qeyd olunan kredit müqavilələri üzrə faizlərin hesablanaraq ödənilməsi zamanı yaranacaq vergi, rüsum, digər xərclərlə əlaqəli münasibətlər əsas kredit müqaviləsinin 11-ci maddəsi ilə tənzimlənmişdir. Həmin maddə ilə hesablanmış faiz ödənişlərinin hər hansı tutulma və ya çıxılmaya məruz qalması halında, həmin məbləğin belə bir çıxılma və ya tutulma edilmədiyi və ya edilməsi tələb olunmadığı təqdirdə, gəlir əldə edənin ala və saxlaya biləcəyi məbləğə bərabər xalis bir məbləğ almasını və saxlamasını təmin etmək üçün lazım olan dərəcədə Borcalan tərəfindən artırılaraq ödənilməsi razılaşdırılmışdır. Yəni, faizlərin ödənilməsi ilə bağlı məbləğin tutulmaya məruz qalacağı halında, "xxxx" ASC tərəfindən ödənilməli faiz məbləğinin miqdarının tutulma həcmində artırılması nəzərdə tutulmuşdur. Göründüyü kimi, "xxxx" ASC tərəfindən tutulması nəzərdə tutulan vergilər “İddiaçı”nin ümumi gəlirinə daxildir. Yuxarıda qeyd olunanlara uyğun olaraq 2014 – 2019-cu illər ərzində "xxxx" ASC tərəfindən vergi agenti olaraq “İddiaçı” adından onun əsas kredit müqaviləsi və fərdi kredit müqavilələrindən irəli gələn gəlirlərindən 452.659.37 manat həcmində vergi Vergi Məcəlləsinin 125-ci maddəsinin tələblərinə uyğun olaraq ödəmə mənbəyindən tutularaq dövlət büdcəsinə ödənilmişdir. Buna müvafiq olaraq 2014 – 2019-cu illər ərzində Bank tərəfindən hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə verilmişdir. Sözügedən vergilər üzrə vergi ödəyicisi “İddiaçı”dir, "xxxx" ASC isə qeyri-rezident hüquqi şəxsə gəlir ödəyən şəxs kimi vergi agenti hesab olunur. Bu səbəbdən “İddiaçı”nin adından ödənilən vergilər onun ümumi gəlirinə aid edilir. Əlavə olaraq qeyd edilir ki, “İddiaçı” tərəfindən məhkəmə qaydasında DTA-05 ərizəsi ilə tələb edilən 448.881.6 manat məbləğində vergi yuxarıda qeyd olunan 452.659,37 manat vergi məbləği ilə əhatə olunur. Bakı İnzibati Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2-1(112)-904/2021 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçı “İddiaçı”nin faiz gəlirindən ödənilmiş 448.881.60 manat məbləğində verginin ona geri qaytarılması ilə bağlı rəyin hazırlanıb iddiaçıya və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin aidiyyəti starukturuna göndərilməsi öhdəliyinin cavabdeh Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarı ləğv edib iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı “İddiaçı” onunla üçüncü şəxs "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsinin (Almaniya Federativ Respublikası tərəfindən zəmanət verilmiş birbaşa xarici investisiyalarla bağlı kreditlərlə əlaqədar) 11-ci maddəsinə və yuxarıda qeyd olunan Sazişin müddəalarına əsaslanaraq, Azərbaycan Respublikasının rezidenti kimi müqavilə tərəfi olan "xxxx" ASC tərəfindən ödənilmiş 448.881,60 manat vergi məbləğinin ona qaytarılmasını (bu barədə rəy verilməsini) tələb edir. İddiaçı “İddiaçı” ilə "xxxx" ASC arasında bağlanmış əsas kredit müqaviəsinin 11-ci maddəsində aşağıdakılar nəzərdə tutulmuşdur: Borcalan tərəfindən hazırki sənəddə və (və ya) X5 göstərilən istənilən şəxsə edilmiş ödənişlər xalis şəkildə heç bir cari və ya gələcək vergi və ya digər tutulmalar edilmədən aparılır o şərtlə ki, Borcalan tərəfindən bu cür ödənişlərdən verginin çıxılması və ya tutulması tələb edilməsin. Belə olan halda Borcalan tərəfindən ödənilməli olan məbləğ (çıxılma və ya tutulma tətbiq olunmalı hissədə) o həddə artırılmalıdır ki, tələb olunan bütün çıxılma və ya tutulma aparıldıqdan sonra bu cür çıxılmalar və ya tutulmalar aparılmasaydı və ya aparılması tələb olunmasaydı bu şəxsə çatmalı və saxlanmalı olan məbləğə barəbar olan xalis məbləğin (hər hansı tutma və ya çıxma öhdəliyindən azad şəkildə) şəxsə çatması və saxlanması təmin edilsin. 11.1-ci maddənin müddəalarına xələl gətirmədən, Borcverən tərəfindən vergi hesabına və ya başqa şəkildə (qeydiyyatdan keçdiyi yurisdiksiyanın xalis gəlirinə tətbiq edilən vergi xaricində) Borcverən tərəfindən əldə edilmiş və ya alınacaq (11-ci maddəyə əsasən əldə edilmiş və ya alınacaq olan istənilən məbləğ daxil olmaqla) hər hansı bir məbləğ üzrə ödəniş edilməsi tələb olunursa və ya Borcverəndə hər hansı bu cür ödənişlə bağlı hər hansı bir öhdəlik yaranır, qoyulur, yığılır və ya hesablanırsa, Borcverən, Borcalanın tələbinə əsasən, ona bu ödəniş və ya öhdəliyi, habelə bununla əlaqədar ödəniləcək və ya çəkilən faiz, cərimə və xərcləri dərhal kompensasiya etməlidir. İstənilən zaman hazırki sənədə və (və ya) X6 müvafiq olaraq ödəniləcək hər hansı bir məbləğdən Borcalan tərəfindən hər hansı çıxılma və ya tutulmanın edilməsi qanunla tələb olunarsa (və ya bundan sonra bu cür çıxılma və tutulmaların hesablandığı dərəcələrdə və ya qaydada hər hansı bir dəyişiklik olarsa), Borcalan Borcverəni dərhal xəbərdar etməlidir. Əgər Borcalan bu sənədə və (və ya) X6 əsasən, barəsində hər hansı çıxılma və ya tutulma tələb olunan hər hansı bir ödənişi həyata keçirərsə, çıxılma və ya tutulma üçün tələb olunan məbləği tətbiq olunan qanunvericiliyə əsasən, bu cür ödəniş üçün təyin edilən vaxt ərzində müvafiq vergi və ya digər orqana ödəməlidir və bu cür orqan tərəfindən verilmiş ödənişin təsdiq edildiyi və ya tutulmalı olan bütün məbləğlərin bu orqana ödənildiyini təsdiqləyən orijinal qəbzi (və ya təsdiq olunmuş nüsxəsini) müvafiq ödəmə aparıldıqdan sonra otuz təqvim günü ərzində Borcverənə təqdim etməlidir. İddiaçı həmin vəsaitin qaytarılması ilə bağlı hazırkı cavabdeh Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə müvafiq formalı ərizə ilə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, Sazişin tələbinə əsasən müqavilə tərəflərinə münasibətdə hər kəsin öz qanunvericiliyinə əsasən hərəkət etməli olduğu bildirilmişdir, lakin iddiaçı və "xxxx" ASC arasındakı müqavilədə bütün vergi öhdəliklərinin sonuncu tərəfindən ödəniləcəyi barədə şərti qurum öz üzərinə götürmüşdür. Bundan başqa, "xxxx" ASC tərəfindən iddiaçıya hər hansı faiz ödənişi olmadığından iddiaçının hansı məbləğlərə ikiqat vergitutmaya məruz qaldığı aydın deyildir. Bu əməliyyatlar üzrə borcalan "xxxx" ASC qeyri-rezidentin yerinə vergi öhdəliklərini həyata keçirən vergi agenti olaraq deyil, öz vergi öhdəliklərini yerinə yetirən vergi ödəyicisi olaraq çıxış edir. "xxxx" ASC-nin kredit müqaviləsində nəzərdə tutulan şərtlərə uyğun olmayaraq, iddiaçıya xalis məbləğ köçürməli olduğu halda, öz vergi öhdəliklərinə uyğun olaraq vergini tutub qalan hissəni borcalana köçürməli və müqavilə üzrə bu məbləği borcalana kompensasiya etməməsi halında mülki hüquq münasibətləri zəminində həll edilməli münasibətləri, artıq ödəmə iddiası ilə dövlət büdcəsindən tələb etməsi tamamilə əsassızdır. İddiaçının müraciətləri üzrə bütün hallarda araşdırmanın başa çatdırılması üçün tələb olunan sənədlərin tamamlanması tövsiyyə olunmuşdur, ərizədə göstərilmiş gəlir məbləği və qaytarılmalı olan vergi məbləği gəlir ödəyən tərəfindən təqdim edilmiş ÖMV bəyannamələrində öz əksini tapmamışdır, gəliri əldə edən şəxsin həmin gəlirin faktiki sahibi olduğunu müəyyən edən sənəd, faizin hesablanması metodu təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə görə Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Azərbaycan Respublikasının 1 mart 2005-ci il tarixli 836-İİQ nömrəli Qanunu ilə “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında” 2004-cü il avqustun 25-də Berlin şəhərində imzalanmış Saziş təsdiq edilmişdir. Həmin Sazişin 11-ci maddəsinə görə (1-ci bənd) Razılığa gələn Dövlətdə yaranan və Razılığa gələn digər Dövlətin rezidentinə ödənilən faizlər həmin digər Dövlətdə vergiyə cəlb oluna bilər; (2-ci bənd) Bununla belə, bu faizlər həmçinin yarandığı Razılığa gələn Dövlətdə də onun qanunvericiliyinə uyğun olaraq vergiyə cəlb oluna bilər, lakin faizlərin faktiki sahibi Razılığa gələn Dövlətin rezidentidirsə, tutulan vergi faizlərin məcmu məbləğinin 10 faizindən artıq olmamalıdır; (3-cü bənd) Bu maddənin 2-ci bəndinin müddəalarına baxmayaraq, aşağıdakı müddəalar tətbiq olunur: “a” Azərbaycan Respublikasında yaranan və Almaniya Federativ Respublikası tərəfindən zəmanət verilmiş ixrac, yaxud birbaşa xarici investisiyalarla bağlı kreditlərə (borclara) münasibətdə ödənilən, yaxud Almaniya Federativ Respublikasının Hökumətinə, X4, “Kreditanştalt für Videraufbau”ya, Almaniya İnvestisiya və İnkişaf Cəmiyyətinə ödənilən faiz məbləğləri Azərbaycan vergilərindən azad olunur. AR Vergi Məcəlləsinin 87.4-cü maddəsinə görə artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 123.1-ci maddəsinə görə rezident kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə, maliyyə lizinqini həyata keçirən rezident şəxslərə və ya qeyri-rezident bankların, maliyyə lizinqini həyata keçirən qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə kreditlər (ssudalar), depozitlər (hesablar) üzrə ödənilən faizlər istisna olmaqla, rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, bu Məcəllənin 102.1.22-ci maddəsində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Həmin Məcəllənin 125.1-ci maddəsinə görə qeyri-rezidentin, bu Məcəllənin 13.2.16cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyrirezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan aşağıdakı dərəcələrlə vergi tutulur: (125.1.2) faizlər - bu Məcəllənin 123-cü maddəsinə uyğun olaraq. Həmin Məcəllənin 125.2-ci maddəsinə görə bu maddənin məqsədləri üçün qeyrirezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi tərəfindən və ya onun adından aparılan ödəmələr rezident müəssisənin ödəmələrinə bərabər tutulur. Həmin Məcəllənin 125.3-cü maddəsinə görə Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrdə vergilərin aşağı dərəcəsi və ya vergilərdən tam azad olunma nəzərdə tutulduğu halda, ödəmə mənbəyində artıq tutulmuş vergi məbləği bu Məcəllənin 87.4-cü maddəsində müəyyən edilmiş qaydada geri qaytarılır. AR Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın 1.1-ci bəndinə görə bu Qaydalar AR Vergi Məcəlləsinin 87.4-cü maddəsinə, “Sosial sığorta haqqında” AR Qanununun 9-1.2-ci maddəsinə və “İşsizlikdən sığorta haqqında” AR Qanununun 7-1-ci maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisindən və ya sığortaedəndən düzgün tutulmamış və ya onun tərəfindən artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, hesablanmış faizlərin, habelə vergi və məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının, eyni zamanda, AR Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisinin məbləğlərinin qaytarılması qaydalarını müəyyən edir. Həmin Qaydaların 4.9-cu bəndinə görə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin və ya sığortaedənin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə 4 nüsxədə rəy tərtib edirlər. Həmin Qaydaların 5.2-ci bəndinə görə mərkəzləşdirilmiş gəlirlərin qaytarılması tələb olunan zaman yerli maliyyə orqanlarına təqdim olunmuş rəylərin bir nüsxəsi və ərizələrin surəti 5 və ya bu Qaydaların 4.8-ci bəndində nəzərdə tutulmuş hallarda 3 gün müddətində AR Maliyyə Nazirliyinə təqdim edilməlidir. AR Vergilər Nazirliyinin Kollegiyasının 12 iyun 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları”nın 1-ci bəndinə görə Qaydalar “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 4 avqust tarixli 2257 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin 14-cü hissəsinin icrasının təmin edilməsi məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikası ilə hər hansı xarici dövlət arasında imzalanmış və müvafiq dövlətdaxili prosedurlara uyğun qaydada qüvvəyə minmiş gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin icrasının təmin edilməsi qaydalarını müəyyənləşdirir Qaydaların 7.1-ci bəndinə görə beynəlxalq müqavilədə qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə etdiyi hər hansı gəlirinin vergidən azad edilməsi və ya aşağı dərəcə ilə vergiyə cəlb edilməsi nəzərdə tutulmasına baxmayaraq, bu Qaydaların 5-ci hissəsində nəzərdə tutulmuş ərizə təqdim edilmədikdə, vaxtında təqdim edilmədikdə, yaxud hər hansı digər səbəbdən qeyri-rezident beynəlxalq müqavilədə nəzərdə tutulandan artıq vergi ödədikdə, həmin qeyri-rezident müvafiq vergi orqanına elektron və ya kağız daşıyıcısında doldurulmuş “Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirindən artıq tutulmuş vergilərin geri qaytarılması haqqında” Ərizə formasını (DTA-05 forması) təqdim etməklə, artıq ödənilmiş (tutulmuş) vergi məbləğlərinin geri qaytarılması ilə bağlı müraciət edə bilər. Qaydaların 8.1-ci bəndinə görə bu Qaydaların 3.2-ci, 4.1-ci, 5.1-ci, 6.1-ci və 7.1-ci bəndlərində nəzərdə tutulmuş ərizə formaları elektron və ya kağız daşıyıcısında qəbul edildiyi zaman müraciət edən şəxsə bildiriş göndərilir. Qaydaların 8.2-ci bəndinə görə bu Qaydalara əsasən daxil olmuş müraciətlərə vergi orqanı tərəfindən 20 iş günü ərzində baxılır. “İnzibati icraat haqqında” AR Qanununun 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Göründüyü kimi, qanunvericilik Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrdə vergilərin aşağı dərəcəsi və ya vergilərdən tam azad olunma nəzərdə tutulduğu halda, ödəmə mənbəyində artıq tutulmuş vergi məbləğinin geri qaytarılmasını müəyyən etmişdir. “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında” Sazişin müddəalarında isə, Azərbaycan Respublikasında yaranan və Almaniya Federativ Respublikası tərəfindən zəmanət verilmiş birbaşa xarici investisiyalarla bağlı kreditlərə münasibətdə ödənilən, yaxud Almaniya Federativ Respublikasının Hökumətinə, X4, “Kreditanştalt für Videraufbau”ya, Almaniya İnvestisiya və İnkişaf Cəmiyyətinə ödənilən faiz məbləğləri Azərbaycan vergilərindən azad olunur. İlk növbədə qeyd olunmalıdır ki, iddiaçının təqdim etdiyi ərizədə müvafiq formaya əməl edilməməsi (lazımi qaydada doldurulmaması) qaldırılan məsələnin həllindən imtina üçün əsas ola bilməz. Bundan başqa, üçüncü şəxs "xxxx" ASC tərəfindən aparılmış ödənişlərin (bu hal bəyannamədə də təkzib olunmur) müvafiq əməliyyatlar üzrə öz öhdəliyi üzrə deyil, qeyri-rezident kimi hazırkı iddiaçının Azərbaycan mənbəyindən əldə olunan gəlirindən tutulması həm üçüncü şəxsin məhkəməyə təqdim olunmuş yazılı münasibətində əksini tapır, həm də cavabdeh orqan bu ödənişlərin "xxxx" ASC-nin özünə aid hansı vergi olmasını sübut edə bilməməsi ilə dolayısı ilə təsdiqlənir. Birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, “İddiaçı” ilə "xxxx" ASC arasında bağlanmış kredit müqaviıəsinin 11-ci maddəsi, xüsusilə də həmin maddənin 4-cü bəndində göstərilən “ödəmə aparılması barədə qəbzin 30 gün müddətində borcverənə təqdim edilməsi” müddəası özlüyündə, borcverən kimi “İddiaçı”nin bu ödəmələrdə maraqlı olduğunu və hesabatını cidd şəkildə aparıdığını bəyan edir. İddiaçının “İddiaçı”nin "xxxx" ASC-yə verdiyi kreditə Almaniya Federativ Respublikası tərəfindən yaradılan İdxal-İxrac agentliyi tərəfindən zəmanət verildiyindən (bu, işin mübahisə olunmayan hallarına aiddir), iddiaçının həmin kreditdən əldə edilən faiz gəlirləri Azərbaycanda vergiyə cəlb edilməməlidir. İddiaçı və üçüncü şəxs arasında bağlanmış müqavilənin 11-ci maddəsinin tələbləri bütövlükdə iddiaçı “İddiaçı”-yə “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında” Sazişin 11-ci maddəsinin 3 “a” bəndinə və AR Vergi Məcəlləsinin 125-ci maddəsinə əsaslanaraq, həmin Məcəllənin 87.4-cü maddəsinə uyğun şəkildə "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsi üzrə ödəmə mənbəyində tutulan vergi kimi 448.881,60 manat vəsaitin geri qaytarılmasını tələb etməyə imkan verir. Belə olan halda, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdeh Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin imtinası formal mülahizələrə əsaslanır və vergi qanunvericiliyin, inzibati icraatla bağlı qanunvericiliyin müddəalarının, o cümlədən “İnzibati icraat haqqında” AR Qanununun 13, 15, 17, 19-cu maddələrinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2-1(112)-904/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Azər Hüseynov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-267/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-267/2022
18.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver