Məhkəmə qərarları › İş №2-1(103)-267/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-267/2023

10.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-267/2023 10.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı (VÖEN **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1827/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (VÖEN **********) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya 2020-ci ilin 3-cü rübü əsas götürülməklə muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 4429 (dörd min dörd yüz iyirmi doqquz) manat 90 (doxsan) qəpik, faizlər üzrə 1046 (bir min qırx altı) manat 05 (beş) qəpik olmaqla, cəmi 5475 (beş min dörd yüz yetmiş beş) manat 90 (doxsan) qəpik məbləğində hesablanmış borcunun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********709500 saylı qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı kiçik sahibkarlıqla məşğul olmaqla vergi ödəyicisi kimi xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmış, Bakı şəhəri, Xəzər rayonu, Binə ŞTQ, Sahə B2000/130 ünvanında yerləşən tikiş sexində fəaliyyət göstərir. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixli, **********9 nömrəli “Muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair” göndərilmiş elektron bildirişdən müəyyən olmuşdur ki, ona 2020-ci ilin 3-cü rübü əsas götürülməklə muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 4429 (dörd min dörd yüz iyirmi doqquz) manat 90 (doxsan) qəpik, faizlər üzrə 1046 (bir min qırx altı) manat 05 (beş) qəpik olmaqla, cəmi 5475 (beş min dörd yüz yetmiş beş) manat 90 (doxsan) qəpik məbləğində borc hesablanmışdır. Bununla bağlı qeyd edir ki, 2020-ci ilin 3cü rübü (avqust, sentyabr, oktyabr) ərzində ölkə ərazisində karantin rejiminin mövcudluğu ilə əlaqədar olaraq tikiş sexi fəaliyyət göstərməmiş və heç bir gəlir əldə edilməmişdir. Bununla bağlı tərəfindən 2020-ci ilin 3-cü rübü üzrə cavabdehə bəyannamə (hesabat) verilmiş, həmin bəyannamələrin (hesabatların) qəbul edilməsi haqqında iddiaçıya bildiriş ünvanlanmışdır. Həmçinin, xx.xx.2020-ci il tarixdə tərəfindən cavabdehə “Covid-19" virusu ilə bağlı pandemiya ilə əlaqədar olaraq 2020-ci ilin 3-cü rübü üzrə işləmədiyi, ona görə də işçilərə əmək haqqı köçürülmədiyi və icarə haqqı hesablanmadığı barədə məktub ünvanlanmışdır. Belə olan halda, cavabdeh tərəfindən vergi borcunun hesablanması qanunsuz və əsassızdır. Cavabdeh orqanın iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişləri” bazasından alınmış məlumata əsasən fiziki şəxs İddiaçı 2020-ci ilin iyul ayı üzrə 27 nəfər, avqust və sentyabr ayı üzrə isə 19 nəfər fiziki şəxslə aktiv əmək müqaviləsinin olduğu müəyyən edilmişdir. İddiaçı 2020-ci ilin 3-cü rübü üzrə təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələrində (hesabatlarında) iyul-sentyabr aylarında muzdlu işçilərinin olmadığını və buna uyğun olaraq ümumi əmək haqqı fondunun 0 manat olduğunu qeyd etmiş və bu hal kənarlaşmaların yaranmasına səbəb olmuşdur. Yuxarıda qeyd edilmiş kənarlaşmalar barədə vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********299600 nömrəli bildiriş göndərilərək müvafiq təsdiqedici sənədlərini, ətraflı izahat məktubunu və dəqiqləşdirilmiş bəyannamələrini vergi orqanına təqdim etməklə kənarlaşmaların aradan qaldırılması tələb olunmuşdur. Tələb olunan sənədlər təqdim edilmədiyindən, kameral vergi yoxlaması ilə vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********709500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarla 2020-ci ilin 3-cü rübü üzrə 3988,40 manat (15340x26%) əlavə sığorta haqqı məbləği hesablanmışdır. Qeyd olunan məbləğin 3835 manatı məcburi dövlət sosial sığorta haqqı üzrə, 153,40 manatı isə işsizlikdən sığorta haqqı üzrə hesablanmışdır. İddiaçının ərizəsində qeyd etdiyi xx.xx.2021-ci il tarixli **********9 nömrəli “Muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair borc bildirişi”ndə qeyd olunan 4429,90 manat məbləğin 407,40 manatı 2019-cu ilin 3-cü rübü üzrə, 3835 manatı 2020-ci ilin 3-cü rübü üzrə, 187,50 manatı isə 2021-ci ilin 1-ci rübü üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə hesablanmış borc məbləğləridir. Yəni iddia ərizəsində qeyd olunan 4429,90 manat borc məbləği sadəcə 2020-ci ilin 3-cü rübünü əhatə etməmişdir. 2019-cu ilin 3-cü rübü və 2021-ci ilin 1-ci rübü üzrə olan borc vergi ödəyicisinin təqdim etdiyi hesabatlara əsasən yaranmışdır və həmin dövrlər üzrə vergi orqanı tərəfindən hər hansı hesablama aparılmamışdır. Sonda cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1827/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı (hakim: M.Qarayeva) ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, vergi orqanının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişləri” bazasının məlumatlarına əsasən 2020-ci ilin 3-cü rübü (iyul, avqust və sentyabr ayları) ərzində iddiaçı tərəfindən işə götürülən şəxslərlə bağlanılmış əmək müqavilələrinin qüvvədə olmasına, muzdlu işdən və muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edilməsinə baxmayaraq, bu dövr üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) iddiaçı tərəfindən düzgün təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin müddəalarına əsasən iddiaçının vergi öhdəliklərinin yenidən hesablamaq hüququ yaranmışdır. Çünki “Əmək müqaviləsi bildirişləri” bazasından alınmış məlumata əsasən iddiaçının 2020-ci ilin iyul ayı üzrə 27 nəfər, avqust və sentyabr ayı üzrə isə 19 nəfər fiziki şəxslə aktiv əmək müqaviləsinin olduğu müəyyən edilmişdir. İddiaçı 2020-ci ilin 3-cü rübü üzrə təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələrində (hesabatlarında) iyul-sentyabr aylarında muzdlu işçilərinin olmadığını və buna uyğun olaraq ümumi əmək haqqı fondunun 0 manat olduğunu qeyd etmiş və bu hal kənarlaşmaların yaranmasına səbəb olmuşdur. Yuxarıda qeyd edilmiş kənarlaşmalar barədə vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********299600 nömrəli bildiriş göndərilərək müvafiq təsdiqedici sənədlərini, ətraflı izahat məktubunu və dəqiqləşdirilmiş bəyannamələrini vergi orqanına təqdim etməklə kənarlaşmaların aradan qaldırılması tələb olunmuşdur. Tələb olunan sənədlər təqdim edilmədiyindən, kameral vergi yoxlaması ilə vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********709500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarla 2020-ci ilin 3-cü rübü üzrə 3988,40 manat (15340x26%) əlavə sığorta haqqı məbləği hesablanmışdır. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilib, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə ətraflı və obyektiv araşdırma aparmamış, nəticədə qanunsuz və əsassız qərar qəbul edilmişdir. İddiaçı kiçik sahibkarlıqla məşğul olmaqla fiziki şəxs olan vergi ödəyicisi kimi xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmış və bu barədə AR VN tərəfindən fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamə (VÖEN **********) verilmişdir. Onun Bakı şəhəri, Xəzər rayonu, Binə ŞTQ, Sahə B2000/130 ünvanında yerləşən tikiş sexi fəaliyyət göstərir. İddiaçı tikiş sexində işləyən şəxslərin müvafiq ödənişləri üzrə vergiləri və digər ödənişləri hər rübə uyğun ödəmiş və bu barədə bəyannamə vermişdir. Cavabdeh AR İN yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən İddiaçı 2020-ci ilin 3-cü rübü üzrə 3988,40 manat məbləğində əlavə sığorta haqqı (3835 manat məcburi dövlət sosial sığorta haqqı, 153,40 manat işsizlikdən sığorta haqqı) hesablanmışdır. Belə ki, cavabdeh AR İN yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin rəisi X2 tərəfindən İddiaçı xx.xx.2021-ci il tarixli, **********9 nömrəli “Muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair” elektron bildiriş göndərilmişdir. 2020-ci ilin 3-cü rübü (avqust, sentyabr, oktyabr) ərzində ölkə ərazisində karantin rejiminin mövcudluğu ilə əlaqədar olaraq tikiş sexi fəaliyyət göstərməmiş və heç bir gəlir əldə edilməmiş, bununla bağlı İddiaçı tərəfindən 2020-ci ilin 3-cü rübü üzrə cavabdehə bəyannamə (hesabat) verilmiş, həmin bəyannamələrin (hesabatların) qəbul edilməsi haqqında iddiaçıya bildiriş ünvanlanmışdır. Həmin bəyannamədən göründüyü kimi iddiaçının 2020-ci ilin 3-cü rübü (avqust, sentyabr, oktyabr) ərzində gəliri olmamışdır. Həmçinin xx.xx.2020-ci il tarixdə İddiaçı tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə “Covid-19” virusu ilə bağlı pandemiya ilə əlaqədar olaraq 2020-ci ilin 3-cü rübü üzrə işləmədiyi, ona görə də işçilərə əmək haqqı köçürülmədiyi və icarə haqqı» hesablanmadığı barədə məktub ünvanlanmışdır. Belə olan halda, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən iddiaçıya 2020-ci ilin 3-cü rübü əsas götürülməklə 3988,40 manat məbləğində əlavə sığorta haqqının (3835 manat məcburi dövlət sosial sığorta haqqı, 153,40 manat işsizlikdən sığorta haqqı) hesablanması qanunsuz və əsassızdır. Lakin iddia tələbini araşdıran birinci instansiya məhkəməsi iddiaçı tərəfindən cavabdehə qeyd olunan dövrdə işləmədiyi, heç bir gəlir əldə etmədiyi barədə məlumat verməsinə baxmayaraq cavabdeh tərəfindən iddiaçıya aktiv əmək müqavilələrinin olması əsası ilə 2020-ci ilin 3-cü rübü əsas götürülməklə 3988,40 manat məbləğində əlavə sığorta haqqını (3835 manat məcburi dövlət sosial sığorta haqqı, 153,40 manat işsizlikdən sığorta haqqı) hesablaması barədə cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********709500 nömrəli qərarının qəbul edilməsinin qanuniliyi yoxlanılmamışdır. Hazırki iş üzrə isə cavabdeh tərəfindən qəbul edilmiş qərarın qanuniliyi öz təsdiqini tapmır. Göründüyü kimi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin rəisi Vüsal Qarayev tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020ci il tarixli, **********709500 №-li qərarı qanunsuzdur və ləğv edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Nadim Yadigarov və nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini xahiş etmişlər. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi Orxan Heydərli apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsini xahiş edir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır, iddiaçı həmin aktın qəbul edilməsi əsaslarını mübahisələndirir. Kollegiya hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslıdır. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. -16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. - Məcəlləyə əsasən vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək. 23.1.5. Qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüququdur. -37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. -37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. -37.4-cü maddəsinə əsasən kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. -62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. -94.0 maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. “Sosial sığorta haqqında” Qanunun: -11-ci maddəsinə əsasən sosial sığorta haqqını vaxtında ödəmək sığortaolunanların vəzifəsidir. -14.3.1-ci maddəsinə əsasən sığortaedən tərəfindən ödənilən sığorta haqqı hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi dərəcəsi ilə ödənilir. -18-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. -21-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanları sığortaedənlər barəsində maliyyə sanksiyaları tətbiq etmək hüququna malikdirlər. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: İşin araşdırılması zamanı müəyyən edilir ki, iddiaçı kiçik sahibkarlıqla məşğul olmaqla fiziki şəxs olan vergi ödəyicisi kimi xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır və bu barədə AR Vergilər Nazirliyi tərəfindən fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamə verilmişdir. (VÖEN **********) cavabdehin **********709500 saylı xx.xx.2020ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” qərarı ilə iddiaçıya 2020-ci ilin 3-cü rübü üçün iddiaçıya 2020-ci ilin 3-cü rübü üçün vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 3988,40 manat (15340x26%) əlavə sığorta haqqı məbləği hesablanmışdır. Qeyd olunan məbləğin 3835 manatı məcburi dövlət sosial sığorta haqqı üzrə, 153,40 manatı isə işsizlikdən sığorta haqqı üzrə hesablanmışdır. İddiaçı həmin qərarı qanunsuz hesab edərək, mübahisələndirmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş, mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı məcburi dövlət sosial sığorta haqları üzrə öhdəliklərini vaxtında icra etmədiyindən onun məcburi dövlət sosial sığorta haqqı borcu yaranmışdır. İddiaçı vergi orqanı tərəfindən qəbul edilmiş həmin qərarla hesablanmış məbləğin qanunsuz və çox olduğunu bildirsə də, qanunsuzluğun nədən ibarət olmasını əsaslandıra bilməmişdir. Həmçinin, məhkəmə tərəfindən müvafiq dəqiqləşdirilmiş bəyannamənin cavabdehə təqdim edilməsi və ya təqdim etdiyi bəyannamənin həqiqəti əks etdirməsi ilə bağlı sübutun məhkəməyə təqdim edilməsi iddiaçıya təklif olunsa da, iddiaçı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Buna görə də, cavabdehin qərarı qanuni və əsaslı olmuşdur. İddiaçı iddia tələbində və apellyasiya şikayətində o hallara istinad etmişdir ki, 2020ci ilin 3-cü rübü (avqust, sentyabr, oktyabr) ölkə ərazisində karantin rejiminin mövcudluğu ilə əlaqədar tikiş sexi fəaliyyət göstərməmiş və heç bir gəlir əldə edilməmişdir, həmçinin həmin dövrdə sex fəaliyyət göstərmədiyindən işçilərə əmək haqqı ödənilməmiş və bu barədə cavabdeh inzibati orqana məktub ünvanlanmışdır. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız, apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir. Belə ki, iş materiallarından görünür ki, cavabdeh AR İN yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən İddiaçı xx.xx.2021-ci il tarixli, **********9 nömrəli “Muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair” elektron bildiriş göndərilmişdir. İş materiallarından həmçinin görünür ki, 2020-ci ilin 3-cü rübü (avqust, sentyabr, oktyabr) ərzində ölkə ərazisində karantin rejiminin mövcudluğu ilə əlaqədar olaraq tikiş sexi fəaliyyət göstərməmiş və heç bir gəlir əldə edilməmiş, bununla bağlı İddiaçı tərəfindən 2020-ci ilin 3-cü rübü üzrə cavabdehə bəyannamə (hesabat) verilmiş, həmin bəyannamələrin (hesabatların) qəbul edilməsi haqqında iddiaçıya bildiriş ünvanlanmışdır. Həmin bəyannamədən göründüyü kimi iddiaçının 2020-ci ilin 3-cü rübü ərzində gəliri olmamışdır. Bu hal vergi orqanı tərəfindən də mübahisələndirilməmişdir. Həmçinin xx.xx.2020-ci il tarixdə İddiaçı tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə “Covid-19” virusu ilə bağlı pandemiya ilə əlaqədar olaraq 2020-ci ilin 3-cü rübü üzrə işləmədiyi, ona görə də işçilərə əmək haqqı köçürülmədiyi və icarə haqqı» hesablanmadığı barədə məktub ünvanlanmışdır. Belə olan halda, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən iddiaçıya 2020-ci ilin 3cü rübü əsas götürülməklə 3988,40 manat məbləğində əlavə sığorta haqqının (3835 manat məcburi dövlət sosial sığorta haqqı, 153,40 manat işsizlikdən sığorta haqqı) hesablanması qanunsuz və əsassızdır. Lakin iddia tələbini araşdıran birinci instansiya məhkəməsi iddiaçı tərəfindən cavabdehə qeyd olunan dövrdə işləmədiyi, heç bir gəlir əldə etmədiyi barədə məlumat verməsinə baxmayaraq cavabdeh tərəfindən iddiaçıya aktiv əmək müqavilələrinin olması əsası ilə 2020-ci ilin 3-cü rübü əsas götürülməklə 3988,40 manat məbləğində əlavə sığorta haqqını (3835 manat məcburi dövlət sosial sığorta haqqı, 153,40 manat işsizlikdən sığorta haqqı) hesablaması barədə cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********709500 nömrəli qərarının qəbul edilməsinin qanuniliyi yoxlanılmamışdır. Halbuki Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir.Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Apellyasiya instansiya məhkəməsində icraat zamanı işin obyektiv araşdırılması məqsədilə AR İN yanında Dövlət Vergi Xidmətinə iddiaçı tərəfindən 2020-ci ilin 3-cü rübü ərzində işçilərə əmək haqlarının ödənilib-ödənilməməsinə dair hesabatların təqdim edilibedilməməsi barədə məlumat əldə edilməsi üçün sorğu ünvanlanmış, Bakı Apellyasiya Məhkəməsinin sorğusuna AR İN yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavab məktubunda qeyd edilmişdir ki, 2020-ci ilin iyul-sentyabr ayları üzrə uçot baza məlumatlarına əsasən fiziki şəxs İddiaçı muzdlu işçilərə əmək haqlarının ödənildiyi barədə məlumat müəyyən edilməmişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, ümumiyyətlə sosial sığorta institunun əsas məqsədi fiziki şəxslərin itirilmiş əməkhaqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsi, habelə itirilməsinin qarşısının alınmasıdır, bu məqsədilə işəgötürənlər tərəfindən ödənilən məcburi dövlət sosial sığortası işçilərin əməkhaqqlarından tutulur və gələcəkdə işçilərə əmək pensiyasının hər hansı növü üzrə pensiya təyin edilərkən məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi müddət onların sosial sığorta stajına hesablanır, yəni göründüyü kimi sosial sığorta haqlarının əmək haqqından ödənilməsinin təmin edilməsinin əsas məqsədi işçilərin sosial müdafiəsinin təmin edilməsidir və işçilərin aylıq əməkhaqqlarından tutulur. İşin faktiki hallarından görünür ki, iddiaçı 2020-ci ilin 3-cü rübü üzrə sahibkar kimi fəaliyyət istiqamətlərinə uyğun fəaliyyət göstərə bilməmiş və nəticədə gəlir əldə edilmədiyindən işçilərə əməkhaqları ödənilməmişdir. “Əmək müqaviləsi bildirişləri” bazasında fiziki şəxs İddiaçı 2020-ci ilin iyul ayı üzrə 27 nəfər, avqust və sentyabr ayı üzrə isə 19 nəfər fiziki şəxslə aktiv əmək müqaviləsinin olması onun tikiş sexi kimi fəaliyyət istiqamətlərinə uyğun fəaliyyət göstərməsinə və gəlir əldə etməsini və müvafiq olaraq işçilərə əmək haqqlarının köçürülməsini deməyə əsas vermir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsinin səsləndirdiyi “iddiaçının fəaliyyətinin xüsusi karantin rejimində icazə verilən fəaliyyət olması və işləyə bilməsi” dəlilinə münasibətdə Məhkəmə kollegiyası qeyd edir ki, hətta fiziki şəxsin fəaliyyəti icazə verilən sahələr ilə bağlı olmuş olsa belə, faktiki sözügedən dövrdə gəlir əldə etməməsi və əmək haqqı ödənişlərinin həyata keçirilməməsi məqamları mübahisələndirilən sosial sığorta haqlarının hesablanmamasına təsir etməlidir. Həmçinin, hamıya bəlli olan haldır ki, xüsusi karantin rejimi dövründə ölkə rəhbərliyinin də göstərişlərinə əsasən iş yerlərinin qorunması və işçilərin əsassız yerə işdən çıxarılmasının qarşısının alınması məqsədi ilə ciddi tədbirlər keçirilirdi. Mübahisələndirilən dövr xüsusi karantin rejimi tətbiq olunan dövr olduğundan, həmçinin, sahibkarın həmin dövr üzrə gəlirlərinin və əmək haqqı ödənişlərinin 0 olması bəyan olunduğundan və vergi orqanı buna baxmayaraq, yəni gəlirlərinin 0 bəyan edilməsi ilə bağlı hər hansı bir yoxlama açmadan, bunu qəbul edərək mövcud əmək müqavilələri üzrə sosial sığorta haqlarının ödənilməməsi əsası ilə hesablama həyata keçirmişdir. Bundan əlavə apellyasiya baxışı zamanı iddiaçı pandemiyadan zərərçəkmiş sahibkar kimi ona müvafiq maddi yardımın edilməsi ilə bağlı hesabdan çıxarışı təqdim etmişdir. Yuxarıda qeyd edilənlərə məcmu halda qiymət verərək məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin rəisi Vüsal Qarayev tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********709500 №-li qərarı qanunsuzdur və ləğv edilməlidir. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan Məhkəmə kollegiyası, hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, qərar ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1827/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********709500 saylı qərarı ləğv edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar