Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-267/2025 07.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X4, üçüncü şəxsin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı QTSC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) “daşınmaz əmlaka mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-688/2024 nömrəli, 01 may 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı QTSC cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanda yerləşən hamam kompleksinə mülkiyyət hüququnun və daimi istifadəsində olan 0,26 ha təyinatı yaşayış məntəqələrinin torpaqlarına aid olan torpaq sahəsi üzərində daimi (müddətsiz) istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanda yerləşən hamam kompleksinin və daimi istifadəsində olan 0,26 ha təyinatı yaşayış məntəqələrinin torpaqlarına aid olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1990-ci il tarixli icarə müqaviləsi ilə icarəyə verən Nizami Rayonu Mənzil Kommunal Təssərüfat İdarəsi, icarəçi X9 Kooperativi Nizami rayonunda yerləşən 78 saylı Hamamı, mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə (1989-1992-ci illərdə) qüvvədə olmuş “İcarə və icarə münasibətləri haqqında” SSRİ-nin Qanununa əsasən icarəyə verilmişdir. Həmin müqavilənin 2 saylı əlavəsində Əmlakın Özəlləşdirməsi Qaydası müəyyən edilmişdir. Həmin Qaydaya əsasın təqdim edilmiş xx.xx.1990-cı il tarixli 19 saylı hesab faktura X9 Kooperativi tərəfindən ödənilmiş və xx.xx.1990 tarixli Təhvil-Təslim Aktı ilə 78 saylı Hamam və ona aid əşyalar və istifadəsində olan torpaq 0.336 ha (yaşıllıqlarla birgə) sahəsi balansdan X9 Kooperativin balansına təqdim edilmişdir. Azərbaycan Respublikasında ilk dəfə özəlləşdirmə proseduru 1989-cu ildə qəbul edilmiş “İcarə və icarə münasibətləri haqqında" SSRİ-nin Qanunu olmuş və bundan sonra 1993-2000-ci illərdə “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Qanunu qüvvədə olmuşdur. Sonralar Hamam təssərüfatları Rayon İcra Hakimiyyətlərinin balansından Bakı Şəhər İcra Hakimiyyətinin hamam kompleksləri Hamamlar Birliyinə təhvil verildiyindən, sonuncu tərəfindən Azərbaycan Resbuplikası Dövlət Arbitraj Məhkəməsində göstərilən 78 saylı hamam Əmlakın Özəlləşdirməsi mübahisələndirilmişdir. Azərbaycan Respublikası Dövlət Arbitraj Məhkəməsin xx.xx.1991-ci il yarixli 5.286 saylı Qərarı ilə ünvan 1 ünvanda yerləşən 78 saylı Hamamın SSRİ-nin İcarə haqqında qanunun 10-cu maddəsi əsasında qanuni şəkildə dəyəri ödənilməklə özəlləşdirildiyi və özəlləşmənin tam qanuna uyğun olaraq həyata keçirildiyi müəyyən edilmişdir. Bundan sonra X9 X6 Cəmiyyətinə çevrilmiş və Məhsəti küçəsi, 3 ünvanda yerləşən 78 saylı X2 məqsədi ilə Bakı şəhər İcra Hakiyyəti Başçısının X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən texniki pasport tərtib edilmişdir. 01 mart 1965-ci ildən qüvvəyə minmiş Azərbaycan SSR-nin Mülki Məcəlləsinin 126-ci maddəsinə əsasən müqavilə üzrə əmlak əldə edənin mülkiyyət hüququ qanun və ya müqavilə ilə sair hal nəzərdə tutulmayıbsa, şeyin verildiyi vaxtdan əmələ gəlir. 78 saylı Hamama aid Torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən 32.496 sayı 01 sentyabr 1972-ci il tarixli Sərəncamla müddətsiz istifadəyə verilmiş və 152 saylı ayrıc aktı ilə yerində cizgi çəkməklə 0.26 ha torpaq sahəsi təqdim edilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Səlma Salahova) 2-1(112)-688/2024 nömrəli, 01 may 2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı QTSC cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanda yerləşən hamam kompleksinə mülkiyyət hüququnun və daimi istifadəsində olan 0,26 ha təyinatı yaşayış məntəqələrinin torpaqlarına aid olan torpaq sahəsi üzərində daimi (müddətsiz) istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanda yerləşən hamam kompleksinin və daimi istifadəsində olan 0,26 ha təyinatı yaşayış məntəqələrinin torpaqlarına aid olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərar onunla əsaslandırılmışdır ki, “mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə (1993-2000-ci illərdə) qüvvədə olmuş “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən dövlət mülkiyyətinin özəlləşdirilməsi həmin mülkiyyətin bu Qanunda müəyyən edilən qaydada xüsusi mülkiyyətə verilməsini nəzərdə tutur. Həmin Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsini Azərbaycan Respublikası Prezidentinə tabe olan dövlət əmlakını idarə edən orqan həyata keçirir. Mübahisə predmeti olan əmlak kompleksinin isə dövlət əmlakının Registrində qeydiyyata alınması üçün balanssaxlayıcı tərəfindən məlumat təqdim edilməmişdir. Hazırkı iş üzrə mübahisəli daşınmaz əmlakın iddiaçının balansına ayrılması ilə bağlı Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinin səlahiyyəti olmamış, dövlət əmlakı mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əməl edilmədən iddiaçıya ayrılmışdır. Halbuki, qeyd edilən dövlət əmlakı yalnız dövlət mülkiyyətinin özəlləşdirilməsini tənzimləyən qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada özgəninkiləşdirilə bilərdi. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan, iddia tələbi təmin olunmamalıdır.” Qərarda hüquq münasibətlərinin yarandığı 1990-cı il tarix yanlış olaraq 1993-cü il kimi müəyyən edilmiş və bu səbəbdən Qərarda maddi hüquq normalarının zamana görə tətbiqində səhvə yol verilmişdir. Belə ki, mübahisəli hüquq münasibətlərinin yarandığı dövr 1993-2000-ci illərdə olmuşdur. Bakı şəhəri Nizami rayon kommunal təsərrüfatı idarəsi (icarəyə verən) və İddiaçı elmi istehsalat kooperativi (icarədar) arasında 01 iyul 1990-cı il tarixdə bağlanmış icarə müqaviləsindən görünür ki, icarəyə verən 78 nömrəli hamam kompleksinin içindəki bütün avadanlıq və əşyaları icarədara verməyi, icarədar isə müqaviləilə nəzərdə tutumuş dəyəri icarəyə verənə ödəməyi öz öhdəsinə götürmüşdür. 78 nömrəli hamamın icarə müqaviləsinə dair 2 saylı əlavədən görünür ki, xx.xx.1990-cı il tarixli akta əsasən İddiaçı EİK binanın, az qiymətli inventarın və əlaqədar malların qalıq dəyərini Bakı şəhəri, Nizami rayonu KMİİ-nin hesablaşma hesabına köçürür, əsaslı təmir üçün Stroybanka hesab açır və KMİİ tərəfindən mənimsəmə çıxıldıqda, əsaslı təmir üçün amortizasiya hesablamalarının məbləğini həmin hesaba köçürür, müqavilənin qalan müddəti üçün icarə haqqının məbləğini Nizami rayon KMİİ-nin hesablaşma hesabına köçürür. xx.xx.1990-cı il tarixli aktdan görünür ki, Nizami rayon KMİİ 78 nömrəli hamamı Eksiton EİK-yə təhvil vermişdir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1992-ci ilin noyabr ayında tərtib olunmuş Qeyri yaşayış fonduna daxil olan dövlət binalarının və özəl obyektlərin texniki pasportuna əsasən İddiaçı Səhmdar Cəmiyyəti Sağlamlıq Komplesinin adına ünvan 3 ünvanda yerləşən əmlakın tikinti sahəsi 491,22 kv.m, əsas sahəsi 621,2 kv.m, köməkçi sahəsi 115,2 kv.m təşkil edir. Beləliklə, mübahisəsiz olaraq iş materiallarında, cavabdehin mövqeyindən və məhkəmə tərəfindən qərarın təsviri hissəsində müəyyən olunmuşdur ki, mübahisəli münasibətlərin yarandığı tarix xx.xx.1990cı il olmuşdur və bu səbəbdən məhkəmənin 1993-cü ildən sonra yaranmış normativ hüquqi aktlara istinad etməsi düzgün olmamışdır. Mübahisə predmeti olan əmlak kompleksinin isə dövlət əmlakının registrində qeydiyyata alınması üçün balans saxlayıcı tərəfindən məlumat təqdim edilməmişdir. Cavabdehin məhkəməyə verdiyi etirafdan, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən aşkar olunur ki, 1990-ci ildən, yəni Dövlət Əmlakın Registiri hələ yaranmadığı bir tarixdə mübahisəli əmlak iddiaçının balansında olmuşdur. Mübahisəli daşınmaz əmlakın iddiaçının balansına verilməsinin tam qanuni olması ilk öncə Azərbaycan Respublikası Dövlət Arbitraj Məhkəməsinin xx.xx.1991-ci il tarixli 5.286 saylı Qərarı ilə müəyyən edilmişdir. Həmin məhkəmə qərarında mübahisəli 78 saylı Hamamın SSRİ-nin “İcarə Haqqında” Qanunun 10-cu maddəsi əsasında qanuni şəkildə dəyəri ödənilməklə özəlləşdirildiyi, özəlləşmənin tam qanuna uyğun olaraq həyata keçirildiyi müəyyən edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli cavab məktubu ilə M.Gəncəvi 3 ünvanda yerləşən 78 saylı hamam kompleksinin Bakı şəhər, XDSİK-nin xx.xx.1972-ci il tarixli, 32/496 nömrəli qərarı və ayrıc aktı əsasında Nizami rayon İK-nin Rayon Kommunal Müəssisələri İstehsalat İdarəsinə ayrıldığı 0,26 ha torpaq sahəsində inşa olunduğunu, sonradan hamam kompleksinin İddiaçı müəssisəsi icarəyə götürüldüyünü və xx.xx.1990-cı il tarixində balans qalığı ödənilərək müəssisənin balansına verildiyini bildirmişdir. Hamam kompleksi istismara yararlı hesab edildiyi üçün icarəyə verilmiş, eyni zamanda özəlləşdirilməyə təqdim edilməklə müəssisənin balansına verilmişdir. Beləliklə, cavabdeh məhkəməyə ünvanladığı məktubla etiraf edir ki, hamam kompleksi İddiaçı müəssisəsinin 1990-cu ildə balansına verilmişdir və iddiaçının daşınmaz əmlaka hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublıkası Qanununun qəbul edildiyi xx.xx.2004-cü il tarixindən öncə yaranmışdır. Cavabdehin məhkəmənin sorğusuna xx.xx.2023-cü il tarixli cavab məktubundan aşkar olur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublıkası Qanununun 8.0.8-ci maddəsində nəzərdə tutulan sənədlər cavabdehə təqdim edilmişdir. Bu səbəbdən cavabdehin imtina məktubunda “Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim olunmamışdır” ifadəsi tam əsassızdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 155.1. Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. 155.2. Fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir. 155.3. Dövlət büdcəsinin vəsaiti Azərbaycan Respublikasının mülkiyyətidir. 155.4. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunda nəzərdə tutulmuş qaydada dövlət öz mülkiyyətində olan əmlakı fiziki və hüquqi şəxslərin mülkiyyətinə verə bilər. 203.4. Dövlət mülkiyyətində olan əmlak özəlləşdirmə haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada fiziki və hüquqi şəxslərin mülkiyyətinə özgəninkiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1. dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir. 15.1. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilir. 15.2. Özələşdirmə haqqında qərarda obyektin özəlləşdirilməsinin məqsədəuyğunluğu əsaslandırılır və üsulları göstərilir. Müəyyən səhm zərfinin dövlət mülkiyyətində saxlanılması məqsədəuyğun hesab edildiyi halda, bu barədə həmin qərarda qeyd olunur. 15.3. Özəlləşdirmə obyekti barədə qərar çıxarılarkən, ölkənin müdafiəsini və dövlətin təhlükəsizliyini təmin etmək baxımından obyektin əhəmiyyəti, ölkənin iqtisadi maraqları, obyektin sahə xüsusiyyətləri və yerli əhəmiyyəti nəzərə alınır. 15.4. Dövlət əmlakının özəlləşdirilməsi barədə qərar qəbul edildikdən sonra qanunvericiliyə uyğun olaraq özəlləşdirmə komissiyası yaradılır. 15.5. Özəlləşdirmə komissiyası ən geci üç ay müddətində müəssisənin (obyektin) özəlləşdirilməsi planını işləyib hazırlamalıdır. 15.6. Özəlləşdirmə komissiyası öz işinə müstəqil ekspertləri və auditorları cəlb edə bilər. 15.7. Özəlləşdirmə planında özəlləşdirilən müəssisənin (obyektin) satışı qaydası və üsulu, satış müddəti, obyektin ilkin (start) qiyməti göstərilir. Özəlləşdirmə planı dövlət əmlakının satıcısı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli, 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında” Əsasnamə:
2. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır və həmin əmlak barəsində bağlanmış əqdlər qeydə alınır.
3. Azərbaycan Respublikasında dövlət əmlakının Registri respublikanın informasiya sisteminin ümumi prinsiplərinə əsaslanan daşınmaz dövlət əmlakının (binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər) qeydiyyatı, onun barəsində bağlanmış əqdlər (icarəyə və ya istifadəyə verilməsi, girov qoyulması və s.) haqqında məlumatların məcmusu olan informasiya sistemidir. İş materiallarında olan sənədlər və işin faktiki halları birinci instansiya məhkəməsi tərəfindən qərarda ətraflı qeyd edilmişdir. Bu səbəbdən həmin halların təkrar sadalanmasına zərurət qalmır. İddia tələbindən görünür ki, iddiaçı ünvan 1 ünvanda yerləşən hamam kompleksinin və 0,26 ha təyinatı yaşayış məntəqələrinin torpaqlarına aid olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş edir. Bununla əlaqədar iddiaçı cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli, 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında” Əsasnaməsinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır və həmin əmlak barəsində bağlanmış əqdlər qeydə alınır. Mübahisə predmeti olan əmlak kompleksinin isə dövlət əmlakının Registrində qeydiyyata alınması üçün balans saxlayıcı tərəfindən məlumat təqdim edilməmişdir. Lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, mübahisələndirilən torpaq sahəsi və onun üzərində olan əmlak elektron kadastr məlumat bazasında dövlət əmlakı kimi qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 12 fevral 1996-cı il tarixli, 438 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi haqqında” Əsasnamənin birinci bəndinə əsasən Dövlət Əmlak Komitəsi Azərbaycan Respublikasında dövlət əmlakını idarəetməyə vəkil edilmiş orqandır. Əsasnamənin birinci bəndinin ikinci abzasına əsasən Dövlət Əmlak Komitəsi respublika ərazisində və onun hüdudlarından kənarda yerləşən, Azərbaycan Respublika məxsus olan əmlak barəsində sərəncam vermək səlahiyyətini həyata keçirir. Həmin Əsasnamənin üçüncü bəndinin beşinci abzasına əsasən müəyyən olunmuş qaydada dövlət mülkiyyətində olan obyektlərin balansdan balansa verilməsi barədə rəy bildirmək Komitənin hüququdur. Hazırkı iş üzrə mübahisəli daşınmaz əmlakın iddiaçının balansına ayrılması ilə bağlı Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinin səlahiyyəti olmamış, dövlət əmlakı mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əməl edilmədən iddiaçıya ayrılmışdır. Halbuki, qeyd edilən dövlət əmlakı yalnız dövlət mülkiyyətinin özəlləşdirilməsini tənzimləyən qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada özgəninkiləşdirilə bilərdi. İddiaçı tərəfindən təqdim edilən icarə müqaviləsi isə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənəd qismində çıxış edə bilməz. Bundan başqa, iş materiallarında olan Bakı şəhər X3 İcraiyyə Komitəsinin 01 sentyabr 1972-ci il tarixli, 32/496 nömrəli qərarından görünür ki, qeyd olunan 78 saylı hamam kompleksinin yerləşdiyi 0,25 ha torpaq sahəsi Bakı Kommunal Təsərrüfatına ayrılmışdır. İddiaçının iddia etdiyi torpaq sahəsi və onun üzərində olan qeyriyaşayış sahəsinə hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan hər hansı biri məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Bu səbəbdən də iddia tələbi əsassızdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı:
İddiaçı QTSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-688/2024 nömrəli, 01 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.