Məhkəmə qərarları › İş №2-1(103)-2670/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2670/2023

14.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2670/2023 14.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X1 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3139/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Şabandağ qəsəbəsi bağ massivində “Şabandağ” bağçılıqbostançılıq yoldaşlığı tərəfindən ona ayrılmış 1 saylı bağ sahəsi üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınaraq həmin bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, "Şabandağ" bağçılıq-yoldaşlıq təsərrüfatı kollektivinin üzvüdür. Bakı şəhər X2 İcraiyyə Komitəsinin 11/546 nömrəli, 07 avqust 1991-ci il tarixli qərarına əsasən 26 Bakı Komissarı adına NeftQazçıxarma İdarəsinin xahişi nəzərə alınaraq həmin İdarəyə Qaradağ rayonu LökbatanHacı Həsən yolunun qərb hissəsində kollektiv bağçılıqbostançılıq üçün torpaq sahəsi ayrılmışdır. "Bağçının üzvlük kitabçası"na əsasən o, 1991-ci ildə "Şabandağ" bağçılıq bostançılıq yoldaşlığına qəbul edilmiş, bağçılıq cəmiyyətinin xx.xx.1991-cı il tarixli, 11/546 nömrəli protokoluna əsasən onun istifadəsinə sahəsi 1200 kv.metr olan 1 saylı bağ sahəsi verilmişdir. O, 08 aprel 2022-ci ildə həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi üçün cavabdeh quruma müraciət etmiş, cavabdeh 06 may 2022-ci il tarixli, **********46 saylı bildiriş ilə müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinanın əsasları kimi ümumi əraziyə digər hüquqi şəxsin adına kadastr planının verilməsi, bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adının olmaması və 1 saylı bağ sahəsinin ərazisinə digər fiziki şəxsin müraciətinin olması göstərilmişdir. Lakin onun qanuni istifadəsində olan torpaq sahəsi X7 qeyri-qanuni yolla verilmişdir, çünki o, qeyd edilmiş torpaq sahəsi üzərində istifadə hüququnu X5 həmin torpaq sahəsi üzərində daimi istifadə hüququ əldə etməsindən 14 il əvvəl, xx.xx.1991-ci ildə əldə etmişdir. O da daxil olmaqla "Şabandağ" bağçılıqyoldaşlıq təsərrüfatı kollektivinin onlarla üzvünə torpaq sahəsinin ayrılmasına dair Bakı şəhər X2 İcraiyyə Komitəsinin 11/546 nömrəli, 07 avqust 1991-ci il tarixli qərarı və bağçılıq cəmiyyətinin xx.xx.1991-cı il tarixli, 11/546 nömrəli protokolu ləğv edilmədən həmin torpaq sahələri üzərində daimi istifadə hüququnun X7 verilməsi həm həmin dövrün qanunvericiliyinə, həm də hazırkı qanunvericiliyə ziddir. "Şabandağ" bağçılıq yoldaşlıq təsərrüfatı üzvlərinin mərhum sədri Leyla Mirəliyevanın təsdiqlədiyi 72 nəfərlik siyahıda sıra sayı ilə 1-ci yerdə, o cümlədən bağçılıqyoldaşlığın hazırkı sədri Şamil Abbasovun təsdiqlədiyi 83 nəfərlik siyahıda sıra sayı ilə 1-ci yerdə qərarlaşmışdır. 1 saylı bağ sahəsinin qonşuluğunda yerləşən digər 1 A saylı bağ sahəsi onun qardaşı X3 məxsusdur. Başqa sözlə, onlar yaxın qohum olduqlarından iki torpaq sahəsi arasında hasar vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkilməmişdir. Ümumiyyətlə isə ona məxsus torpaq sahəsinin digər torpaq sahəsi ilə ümumi hasar daxilində yerləşməsi həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas ola bilməz. İşin birinci instansiya icraatı zamanı cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz təqdim etməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3139/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab eidlmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3139/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - 26 Bakı Komissarı adına Neft-qazçıxarma İdarəsinin və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1990-cı il tarixli ümumi iclasının 10 nömrəli Protokolundan çıxarışdan görünür ki, Şabandağ ərazisində 26 Bakı Komissarı adına Neft-qazçıxarma İdarəsinin 50 nəfər üzvündən ibarət bağçılıqbostançılıq yoldaşlığı yaradılmışdır. - Bakı şəhər X2 İcraiyyə Komitəsi torpaq sahəsi ayrılması haqqında xx.xx.1991-ci il tarixli, 11/546 nömrəli qərarından görünür ki, 26 Bakı Komissarı adına Neft-Qazçıxarma İdarəsinin xahişi nəzərə alınaraq həmin İdarəyə Qaradağ rayonu, Lökbatan-Hacıhəsən yolunun qərb hissəsində kollektiv bağçılıq-bostançılıq üçün torpaq sahəsinin ayrılması qərara alınmışdır. - İddiaçı ona 1 saylı bağ sahəsinin ayrılması ilə bağlı Bağçının üzvlük kitabçasını təqdim etmiş, kitabçada iddiaçının xx.xx.1991-ci il tarixli 10 nömrəli protokoluna əsasən bağşılıq cəmiyyətinə üzv qəbul edildiyi, bağçılıq cəmiyyətinin bağından sahəsi 1200 kv.metr olan 1 nömrəli bağ sahəsinin xx.xx.1991-ci il tarixdə qeydə alınmış qərara əsasən daimi istifadə üçün verildiyi göstərilmişdir. - İddiaçı Ə.Əmirov adına NQÇİ-nin “Şabandağ” bağçılıq-bostançılıq kollektivinin üzləri ilə bağlı iki siyahı təqdim etmiş, siyahıda İddiaçı adı 1-cı sırada göstərilmiş və iddiaçıya 1 saylı bağ sahəsinin ayrıldığı bildirilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, 26 Bakı Komissarı adına Neft- Qazçıxarma İdarəsinin Həmkarlar Komitəsinin xx.xx.1991-ci il tarixli 10 nömrəli protokoluna əsasən İddiaçı ayrılmış 1 saylı bağ sahəsinə dair sənəd, həmçinin “Şabandağ” bağçılıq yoldaşlığının bölgü sxemi arxiv qovluğunda aşkar olunmamışdır. - Bakı şəhər İH başçısının xx.xx.2005-ci il tarixli, 330 sərəncamından görünür ki, Binəqədi və Qaradağ rayonlarının ərazilərində Xocasən kəndinin şərqində yerləşən Xocasən gölünün ətrafındakı torpaq sahəsinin X5 xx.xx.2005-ci il tarixli, 01/0026 saylı məktubu nəzərə alınaraq universitet kampusunun tikintisinin layihələşdirilməsi üçün həmin Fondun daimi istifadəsinə verilməsi qərara alınmışdır. - A № 319656 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bakı şəhər İH başçısının xx.xx.2005-ci il tarixli, 330 sərəncamı ilə X7 universitet kampusunun tikintisi üçün daimi istifadəyə verilən Binəqədi rayonu, Xocəsən kəndinin şərq hissəsində yerləşən Xocəsən gölünün ətrafında 17276776 kv.m sahəsi olan torpaq sahəsinin xx.xx.2011-ci il tarixdə plan və ölçüsü tərtib edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, faktiki torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin 2 iyun 2006-cı il tarixli, 142 saylı sərəncamı ilə Universitet kampusunun tikintisi üçün ayrılmış ərazidə yerləşir və həmin əraziyə ləğv edilmiş X4 Komitəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Vahid elektron kadastr bazasına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 2 iyun 2006-cı il tarixli, 142 saylı sərəncamı ilə Universitet kampusunun tikintisi üçün ayrılmış ərazinin kateqoriyası sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar olmaqla dövlət mülkiyyətində göstərilmişdir. - xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, Qaradağ rayonu, Şabandağ B/M 1 saylı bağ sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 0,12 ha olsa da, faktiki sahəsi 0,1928 ha-dır. Torpaq sahəsi metal tor ilə hasarlanmışdır. Bir tərəf yol, üç tərəf qonşulardır. Torpaq sahəsi üzərində sahəsi 40 kv.m olan köməkçi tikili var. Torpaq sahəsinin üzərindən və yaxınlığından yerüstü kommunikasiya xətləri keçmir. İddiaçı tərəfindən göstərilən torpaq sahəsi qonşu bağ sahəsi ilə bir hasar daxilində olduğu üçün ara sərhədləri müəyyənləşdirmək mümkün olmamışdır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən qeyd etmişdir ki, “İddiaçının iddia etdiyi sahənin sözügedən hüquqmüəyyənedici sənədlər əsasında X7 ayrılmış sahə ilə üst-üstə düşdüyü iş üzrə müəyyən olunduğundan, X7 torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədlər isə öz qüvvəsini saxladığından, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının hazırkı məzmunda tələbi təmin oluna bilməz.” Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Göründüyü kimi, qanunverici vətəndaşlara ayrılmış bağ sahələri üzərində hüquqların qeydə alınması əsası kimi aşağıdakı sənədlərdən birinin təqdim edilməsini müəyyən etmişdir:

1. bağ sahələrinə dair verilən icarə müqavilələri; 2. bağ sahələrinə dair verilən sərəncamlar;

3. bağ sahələrinə dair verilən orderlər;

4. kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası;

5. kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlərin iclasının protokolundan çıxarış; İddiaçı qeyd olunan sənədlərdən üzvlük kitabçasını təqdim etsə də, bu sənəd Qanunun tələblərinə müvafiq olmamışdır Belə ki, iddiaçının adı “Şabandağ” bağçılıq yoldaşlığın üzvlərinin siyahısında mövcud deyil. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 saylı Sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmişdir. Həmin Sərəncamın 2.1-ci bəndinə əsasən ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsinin təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələlərin qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. “Şabandağ” bağçılıq yoldaşlığa dair arxiv sənədlərindən görünür ki, Qaradağ neft-qaz çıxarma idarəsinin işçilərinin 50 nəfərdən ibarət siyahısı təsdiq edilmiş və iddiaçının adı həmin siyahıda qeyd olunmamışdır. İddiaçı məhkəməyə Ə.Əmirov adına Neft-qazçıxarma İdarəsinin Şabandağ bağçılıq bostançılıq kollektivinin üzvü olan işçilərinin iki fərqli siyahısını təqdim etmiş, həmin siyahıda 72 nəfər və 83 nəfərin adı qeyd olunmuş, lakin həmin siyahılar bağçılıq yoldaşlığın cavabdehə təhvil verilən arxivində aşkar edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki , işin birinci instansiya icraatı zamanı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə və “Azneft” İB Ə.C.Əmirov adına NQÇİ-nə müvafiq sorğular göndərilmiş, həmin sorğuya cavab olaraq İddiaçı Ə.C.Əmirov adına Neft və Qazçıxarma İdarəsinin “Şabandağ” kollektiv bağçılıq-tərəvəzçilik təsərrüfatında 1 saylı bağ sahəsinin ayrılmasına dair 05 mart 1990-cı il tarixli 10 nömrəli protokol və həmin protokolun qəbul edilməsinə əsas olmuş sənədlər aşkar edilmədiyi bildirilmişdir. Göründüyü kimi, iddiaçının ona torpaq sahəsinin ayrılması ilə bağlı təqdim etdiyi sənədlər nə bağçılıq yoldaşlıq cəmiyyətinin arxiv saxlayıcısı olan inzibati orqanda, nə də bağçılıq yoldaşlıq cəmiyyətinin tərkibində olduğu qurumda mövcud olmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Məhz buna görə xx.xx.2007-ci il tarixdə bağlar təsərrüfatı idarələri ləğv edilərkən onlara məxsus arxiv sənədlərinin daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını aparan və bu qeydlərin dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdeh olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Bununla dövlət yalnız mühafizə üçün verilən sənədlərə təminat verməklə, həmin qeydlərin dəqiqliyinə görə məsuliyyəti öz üzərinə götürmüş və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsində də həmin tarixədək verilmiş sənədlərə əsasən hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsbit etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının adı kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına daxil edilmədiyindən onun təqdim etdiyi üzvlük kitabçası qanunvericiliyin tələblərinə cavab verən sənəd kimi qəbul edilə və həmin sənədə əsasən onun iddiası təmin edilə bilməz. Həmçinin iddiaçının 1992-ci ildə cəmiyyətə üzv qəbul edildiyi göstərilsə də, xx.xx.1991-ci il tarixli 10 nömrəli protokola istinad edilmişdir. Həmçinin kitabça kiril qrafikalı əlifba ilə tərtib edilsə də, iddiaçı barəsində məlumatlar latın qrafikalı əlifba ilə yazılmaqla sonradan əlavə edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. İş materiallarından görünür ki, iddiaçının hüquqların dövlət qeydiyyatı üçün təqdim etdiyi sənədlər həmin qanunun 8-ci maddəsində nəzərdə tutulmuş qaydada tərtib edilmiş sənədlərə uyğun olmamışdır Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının 16 dekabr 2005-ci il tarixli 330 nömrəli Sərəncamı ilə ayrılmış və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən adına X8 kitabında 12 yanvar 2011-ci il tarixdə 23519 nömrə ilə uçota alınmış “Torpaq sahəsinin planı və ölçüsü” (kadastr nömrəsi **********00058) tərtib olunmuş X7 məxsus (universitet kampusu tikintisi üçün) torpaq sahəsi ilə üst-üstə düşür. Bu hal iddiaçı və cavabdeh tərəfindən mübahisələndirilməmişdir, habelə işdə olan ortofoto xəritəsi ilə öz təsdiqini tapır Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli torpaq sahəsinin X5 daimi istifadəsinə verilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının 16 dekabr 2005-ci il tarixli 330 nömrəli sərəncamı, eləcə də də onun əsasında verilmiş torpaq sahəsinin plan və ölçüsü sənədi iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Goründüyü kimi yuxarıda qeyd edilən hallar hazırkı iş üzrə cavabdeh inzibati orqanın imtinasının əsaslı olduğu qənaətinə gəlməyə imkan verir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3139/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3139/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar