Məhkəmə qərarları › İş №2-1(103)-2671/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2671/2022

07.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2671/2022 07.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Təhsildə X1rşı “diplomunun tanınması və bu barədə ekvivalentlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Ayşəm Lehsan qızı Əliyevanın katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “ona verilmiş bakalavr diplomunun tanınması və bu barədə ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1269/2022 saylı 04 may 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 07 dekabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Ukrayna Respublikasının Çerkassı Dövlət Texnologiya Universiteti tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş B17 seriyalı 230169 saylı diplomun notarial qaydada tərcümə və təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 2017-ci ildə X3 Universitetindəki təhsili üzrə tam kursu bitirmiş və ona “Maşınqayırma” istiqaməti üzrə bakalavr dərəcəsi verilmiş, diplom xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. İddiaçı Çerkassı Dövlət Texnologiya Universiteti tərəfindən ona verilmiş B17 seriyalı 230169 saylı 30 iyun 2017-ci il tarixli diplom üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh orqan tərəfindən elektron formada iddiaçıya ünvanlanmış 04 iyun 2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, müsahibə zamanı Ekspert qrupu tərəfindən onun aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə əsasən aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Təhsildə X1rşı hazırki iddia ilə məhkəməyə müraciət edərək “Ukrayna Respublikasının Çerkassı Dövlət Texnologiya Universiteti tərəfindən “maşınqayırma” ixtisası üzrə 30 iyun 2018-ci il tarixdə ona verilmiş B 17 230169 nömrəli bakalavr diplomunun tanınması (nostrifikasiyası) və bu barədə ekvivalentlik şəhadətnaməsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Ukrayna Respublikasının Çerkassı Dövlət Texnologiya Universitetinin qiyabi bölməsində “Maşınqayırma” ixtisası üzrə bakalavr təhsili almışdır. Ukrayna Respublikasının ərazisində tam təhsil proqramını mənimsəmiş və tədris planını yerinə yetirmiş, ixtisas üzrə dövlət imtahanlarını vermiş və diplom işini müdafiə etmişdir. Bu əsasla ona “Maşınqayırma və mexaniki emal” ixtisası üzrə bakalavr dərəcəsi və həmçinin B 17 230169 nömərli bakalavr diplomu verilmiş, eyni zamanda Ukrayna Elm və Təhsil Nazirliyi tərəfindən 26 iyul 2017-ci il tarixdə, A-46255-15 nömrəsi ilə təsdiq edilmişdir (apostil). Sözügedən diplomun taınınması üçün cavabdehə elektron qaydada müraciət etmiş, cavabdeh tərəfindən 29 aprel 2020- ci il tarixli məktub ilə məsələnin həllindən imtina olunmuşdur. Məktubda qeyd edilmişdir ki, X5 Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan dil biliyi qənaəbəxş deyil. Cavabdehin sözügedən imtinasını qanunsuz və əsassız hesab edir. Belə ki, diploma əlavədən görünür ki, təhsil müddətində təhsil öhdəliklərini lazımi səviyyədə yerinə yetirmiş və o,təhsilini başa vurmuşdur. Lakin, sözügedən diplomun Azərbaycan Respublikasında tanınmaması (nostirifikasiyası) onun gələcəkdə təhsilini davam etməsinə, yəni təhsilin növbəti pillələrinə (magistratura, aspirantura və s.) keçməsinə, ən önəmlisi isə ixtisası üzrə işləməsinə, əmək fəaliyyəti ilə məşğul olmasına ciddi maneə yaradır. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əgər o, tədris dilini yetərli səviyyədə bilməsəydi fənləri öyrənə bilməz, imtahanlarını və praktikasını uğurla başa vurmaz və həmin tədris müəssisəsindən ona diplom verilməzdi. Nəticə etibarilə diplom Ukrayna Elm və Təhsil Nazirliyi tərəfindən təsdiqlənməzdi. Bundan başqa, nostrifikasiya idarəsində müsahibədə olduğu zaman ekspertlər onunla rus dilində ünsiyyət qurmuş, sual-cavab etmiş və rus dilində müsahibələri uğurla nəticələnmişdir. Həmin video görüntülər məhkəmə tərəfindən tələb edilməli, məhkəmə iclası zamanı izlənilməli və həqiqətən də, dil biliyinin qənaətbəxş olub-olmadığına diqqət yetirilməlidir. Ekspertiza zamanı ekspertin şəxsi qənaətinə əsasən mənfi rəy verilmiş, “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın müvafiq bəndləri nəzərə alınmamışdır. Müsahibə zamanı isə ekspertin suallarına təhsil aldığı dildə, tam, rahat şəkildə cavab vermişdir. Müsahibənin video yazısına baxıldığı təqdirdə bunu aydın şəkildə görmək olar. Komissiya tərəfindən verilən imtina cavabı qaydalarda göstərilən hallarla uzlaşmır və onların dairəsinə daxil deyildir. Təhsil aldığı sahə üzrə kurslara getmş və həmin kursları müvəffəqiyyətlə bitirmişdir. Həmçinin oxuduğu sahə üzrə kifayət qədər iş təcrübəsi də vardır. Buna dair sertifikatları və digər sənədlərini də, məlumat üçün iddia ərizəsinə əlavə edir. Sözügedən diplom tam qanuni olaraq Ukrayna Respublikasında tanınmaqdadır. Cavabdehin qeyd etdiyi kimi dil biliyi qənaətbəxş olmasaydı, sözügedən diplom ona təqdim edilməzdi. Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli, 919-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Höküməti və Ukrayna Nazirlər Kabinetı arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş”in (“Saziş”): 1-ci maddəsinə görə bu Saziş Azərbaycan Resublikası və Ukraynada verilmiş dövlət nümunəli təhsil və elmi dərəcələr haqqında sənədləri əhatə edir; 5-ci maddəsinə əsasən Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “kiçik mütəxəssis”, “bakalavr”, “mütəxəssis” və “magistr” ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir; 6-cı maddəsinə görə bu Sazişin ali təhsilə aid olan müddəaları Azərbaycan Respublikası və Ukraynada mülkiyyət formasından asılı olmayaraq, akkreditə olunmuş (qeydiyyatdan keçmiş) bütün ali təhsil müəssisələrini əhatə edir. Bu səbəbdən də, Azərbaycan ilə Ukrayna arasında təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi məsələlərində Sazişin müddəaları tətbiq edilir. Ali təhsil haqqında sənədə əlavədə tədris olunmuş fənlər, onların həcmi, alınmış yekun qiymətlər, təcrübə, kurs və buraxılış işlərinin nəticələri və tədris prosesini təşkil edən digər göstəricilər qeyd olunmuşdur. Cavabdeh inzibati orqanın onun bilik səviyyəsini hansı meyarla yoxlamasına, bu zaman müvafiq ixtisas üzrə mütəxəssislərin cəlb olunmasına, aparılmış sual-cavabların sənədləşdirilməsinə dair hər hansı sənəd təqdim edilməmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, imtina qanuni və əsaslı olmuşdur. Belə ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının ixtisasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarına uyğun gəlmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalan”nın 3.2-ci bəndinə əsasən “ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada həyata keçirilir: 1. Ekspertizaxarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; 2. Xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi. Bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü İİ13 may tarixli, 64 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 2.2-ci bəndinə əsasən, “xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır”. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş ’’Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları, “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın İİİ. 1.2 maddəsini (Ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir), Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici kvalifikasiyaların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə yenidən işlənilmiş Tövsiyələr’’in V hissəsini (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 26-cı və 37-ci paraqraflarına əsasən iddiaçının aldığı ixtisasın Azərbaycan Respublikasının təhsil sahəsində dövlət standartlarına cavab vermədiyi müəyyən edilmişdir. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın müddəalarına əsasən, tanınmanı həyata keçirən orqan ərizəçinin spesifik fənn barədə ətraflı biliklərini; spesfik fənn üzrə araşdırma nəticələrini dərketməsini; problemi analizetmə və həll etmə qabiliyyətini; mürəkkəb məsələlər üzrə müxtəlif qruplarla şifahi və ya yazılı formada effektiv şəkildə ünsiyyət qurma qabiliyyətini; araşdırma aparma qabiliyyətini; ixtisası üzrə araşdırma nəticələrini tətbiq etmə qabiliyyətini və s. müəyyən etmək səlahiyyətinə malikdir. İddiaçının tədris dilini bilmə səviyyəsinin aşağı olması halı onun aldığı ixtisasın mənimsənilməsini şübhə altına alır. Həmin Konvensiyanın 6-cı maddəsinə əsasən, bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya disertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Konvensiya Komitəsi və Konvensiyanın tətbiqinə dair Avropa İttifaqının ekspert qrupları tərəfindən işlənib hazırlanmış “Avropa regionu üzrə Tanınma Təlimatı”nın 10-cu hissəsinə əsasən, əhəmiyyətli fərq dedikdə xarici dövlətin ali təhsilə aid kvalifikasiyanın əsas elementləri (kvalifikasiyaların səviyyələri, təlimin həcmi və/və ya yekun attestasiyasının nəticəsi, kvalifikasiyanın istiqaməti (profili) və təlimin nəticələri) ilə milli kvalifikasiyanın əsas elementləri arasında ərizəçinin təhsilini növbəti səviyyədə davam etdirməsi və (ya) müvafiq peşə istiqamətinə uyğun olaraq, əmək fəaliyyəti ilə məşğul olmaq hüququnun yaranmasına kifayət etməyən həcmdə fərq başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömür boyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”nin 2.1.48-ci bəndinə əsasən, təlimin nəticələri - təhsilalanın nələri bildiyini, mənimsədiyini və təlim prosesini bitirdikdən sonra nəyi edə biləcəyini göstərən, eləcə də bilik, bacarıq və kompetensiyaları (səriştələri) müəyyən edən göstəricilərdir. Həmin Çərçivənin 2.1.49-cü bəndinə əsasən, təlimin nəticələrinin qiymətləndirilməsi- müəyyən olunmuş meyarları (təlim nəticələri ilə bağlı gözləntilər, təlimin nəticələrinin qiymətləndirilməsi) əsas götürərək, şəxsin bilik, bacarıq və (və ya) kompetensiyalarının (səriştələrinin) qiymətləndirilməsi prosedurudur. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.43-cü maddəsinə görə təhsil sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarından göründüyü kimi, təhsilin məzmunu özündə aşağıdakıları ehtiva edir: Belə ki, “Təhsil haqqında” Qanunun 11.1.3-cü maddəsinə əsasən, təhsilalanların fasiləsiz təhsil almasını, daim yeniləşən, müasir standartlara uyğun gələn biliklərə və dünyagörüşünə yiyələnməsini, cəmiyyətin tələbatını daha səmərəli ödəməsini, şəxsiyyət kimi inkişaf etməsini və ömür boyu təhsilin hamı üçün acıq və bərabər imkanlı olmasını təmin etməkdədir Qanunun 11.1.4-cü maddəsinə görə, yüksək intellektual səviyyəyə və praktiki iş qabiliyyətinə, yeni texnologiyalara yiyələnmək, informasiya axınında çevik istiqamət tapmaq bacarığını formalaşdırmaq. “Təhsil haqqında” 11.1.5-ci maddəsinə əsasən, cəmiyyətin yüksək səviyyəli və rəqabət qabiliyyətli kadr potensialina tələbatının ödənilməsi üçün real zəmin yaratmaqdan ibarətdir. Qeyd edilən normalardan göründüyü kimi, təhsilin məzmunu hər hansı bir təhsil müəssisəsində həyata keçirilən təlim prosesinin sonunda təlim alanın əldə etməli olduğu biliklərə, bacarıqlara, vərdişlərə və formalaşdırılması nəzərdə tutulan şəxsi keyfiyyətlərə qoyulan tələblərə müəyyən edilən bir anlayışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003- cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.6-cı bəndinə görə, ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə əsas olan şərtlərdən biri də, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğudur. Sözügedən Qaydaların 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi, iddiaçının tələbində heç bir hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1269/2022 saylı 04 may 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarı əsassızdır və hüquqlarının pozulması kimi qiymətləndirilmişdir. Məhkəmə tərəfindən sübutlar tam və hərtərəfli araşdırılmamışdır. İmtinanın əsas səbəbi dillə bağlı tələblərin qarşılanmaması kimi göstərilmişdir. Bu münasibətdə Bakı İnzibati Məhkəməsinin də əsas funksiyası qaldırılmış iddia əsasında cavabdehin təqdim etməli olduğu sübutları dəyərləndirilib, bu sübutlara uyğun müvafiq qərarın qəbul edilməsi olmalı idi. Lakin onun dil biliklərinin dəyərləndirilməsi ilə əlaqədar ekspertiza materialları, həmçinin video materialla bağlı məhkəmə iclaslarında hər hansı bir faktiki dəyərləndirmə aparılmamış, işlə bağlı müvafiq materiallar ona təqdim edilməmişdir. Tərəfindən qanunvericiliyin bütün tələblərini qarşılayan sənədlərin təqdim olunmasına baxmayaraq, Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən dil biliklərinin əsassız olaraq qənaətbəxş hesab edilməməsi əsasıyla diplom üzrə ixtisasın tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsiylə bağlı müraciətinə rədd cavabları verilmişdir. Təhsildə Keyfiyyət Təminatı Agentliyi inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərt kimi dil biliklərinin kifayət olmamasına istinad etmişdir, yəni sübut etmək yükü Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərindədir. Məhkəmə işində Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən onun dil biliyinin kifayət olmaması ilə bağlı hər hansı əsaslı material təqdim edilməmişdir. Nə ekspertiza materialları, həmçinin iddia ərizəsində xüsusilə tələb etdiyi video material məhkəməyə təqdim edilməmiş və ona nümayiş etdirilməmişdir. Burada hər hansı bir sübutetmədən danışmaq rasional deyil. O, sahəsi üzrə artıq uzun müddətdir ki, peşəkar əmək fəaliyyəti ilə məşğul olur. Təhsildə Keyfiyyət Təminatı Agentliyinə tərəfindən diplom üzrə ixtisasının tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsini istəmə məqsədi müvafiq sahə üzrə magistr pilləsində öz təhsilini davam etdirmək istəyidir. Tərəflərin izahatları: İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmiş, Bakı Dövlət Universiteti tərəfindən verilmiş rəyə isə etiraz etdiyini bildirmişdir. Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, Bakı Dövlət Universiteti tərəfindən verilmiş rəyə isə etiraz etmədiyini bildirmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın elektron formada göndərilmiş imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda iddiaçı “maşınqayırma” ixtisasını bitirməsini təsdiq edən Ukrayna Respublikasının Çerkassı Dövlət Texnologiya Universiteti tərəfindən verilmiş B17 seriyalı 230169 saylı 30 iyun 2017-ci il tarixli diplom üzrə ixtisasın tanınması və bu barədə şəhadətnamənin verilməsini arzu edir. İddiaçının arzuladığı aktı qəbul etmək səlahiyyəti cavabdehə məxsusdur. Cavabdeh iddiaçının tələbinin təmin olunmasından imtina edərək ona istinad etmişdir ki, Ekspert qrupu tərəfindən iddiaçının aldığı ixtisasın mənimsınilməsi üçün onun tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Həmin imtina ilə razılaşmayan iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş, lakin onun iddiası təmin edilməmişdir. “Təhsil haqqında” Qanunun 27.4-cü maddəsinə görə xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Həmin Qanunun 29.0.21-ci maddəsinə əsasən xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nostrifikasiyasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli, 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”yə görə nazirlik xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən Qanunun 29.0.21 və 44.2-ci maddəsində (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli xx.xx.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.27- 8.28-ci bəndlərinə görə nazirlik xarici ölkələrin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyası) keçirir və xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti”nin təsdiq edilməsi haqqında 4 iyun 2010-cu il tarixli 104 saylı qərarının 1.5-ci bəndinin ikinci hissəsində qeyd edilmişdir ki, ali təhsil pilləsinin bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 ildir. Qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının 1.1-ci bəndinə əsasən bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır; Qaydaların 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının 3.2-ci bəndinə görə ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. İddiaçının ixtisas üzrə tədris dilini bilməsi “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na, “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın müddəalarına uyğun olaraq yoxlanılmış və onun tədris dilini tələb olunan səviyyədə bilməməsi müəyyən edilmişdir. Bu fakt iş materiallarına əlavə olunmuş iddiaçı ilə aparılan müsahibənin videoyazısına apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılarkən də öz təsdiqini tapdı. Azərbaycan Respublikasının 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən, bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya dissertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır. Bununla bağlı qeyd edilməlidir ki, təhsilin məzmunu hər hansı bir təhsil müəssisəsində həyata keçirilən təlim prosesinin sonunda təlim alanın əldə etməli olduğu biliklərə, bacarıqlara, vərdişlərə və formalaşdırılması nəzərdə tutulan şəxsi keyfiyyətlərə qoyulan tələblərə müəyyən edilən bir anlayışdır. İddiaçının tədris dilini tam səviyyədə bilməməsi onun aldığı ixtisası mənimsəməsini şübhə altına alır. Hazırki işə apellyasiya qaydasında baxılarkən məhkəmə tərəfindən İddiaçı verilmiş diplom üzrə “maşınqayırma” ixtisasının onun tərəfindən mənimsənilməsi üçün tədris dilini (rus dilini) bilmə səviyyəsi barədə mütəxəssis rəyinin təqdim edilməsi ilə bağlı Bakı Dövlət Universitetinə məktub göndərilmişdir. Həmin məktuba cavab olaraq xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş Bakı Dövlət Universitetinin məktubunda qeyd edilmişdir ki, İddiaçı rus dili bilmə səviyyəsini yoxlamaq üçün rus dili (humanitar fakültələr üzrə) kafedrasında komissiya təşkil olunmuş, komissiya üzvləri ona yazılı və şifahi tapşırıqlar vermiş, onunla müsahibə aparmışlar. Komissiyanın qərarına əsasən İddiaçı rus dilində şifahi və yazılı bilik səviyyəsi aşağıdır, rus dilində qrammatika ilə bağlı testləri yerinə yetirə bilmir, peşəsi ilə bağlı mətnləri Azərbaycan dilində tərcümə etməyi bacarmır, peşəsinin terminologiyasından xəbərdar deyildir. İddiaçı rus dili üzrə bilik səviyyəsi qənaətbəxş hesab edilmir. Qeyd olunmalıdır ki, təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyən edilməsi Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında yaradılmış və nostrifikasiya prosedurunun tərkib hissəsi olan Ekspert qrupu tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İPM-nin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Hazırki işdə cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin olunmasından imtina edərkən diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunduğu və diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilib, qanuni olduğu müəyyən olunur. Məhkəmə kollegyası qeyd etməyi zəruri hesab edir ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qəbul etdiyi qərarlarda da hüquqi mövqe belə əsaslandırılmışdır (2-1(102)-2060/2021 saylı xx.xx.2021-ci il tarixli qərar). Məhkəmə kollegiyası onu da nəzərə alır ki, hazırkı iddia məcburetmə haqqında iddia olduğundan inzibati aktın qəbul edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Belə olan halda hazırkı işdə iddiaçı xeyrinə müvafiq inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Lakin hazırki işdə iddiaçı həmin sübutları məhkəməyə təqdim edə bilməmiş, cavabdeh isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş faktiki hallara yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından hüquqi qiymət verərək belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın imtinası «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın tələblərinə uyğun olduğundan iddia tələbi əsassızdır və birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq rədd edilmişdir. İddiaçının apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, buna görə də təmin edilməməlidir. Odur ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğundan qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1269/2022 saylı 04 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1269/2022 saylı 04 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xəyalə Cəmilova Hakimlər: Mirzə Tağızadə İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar